(Ruhani ömür hesabatı)
Ocaq Günsırası ilə 18 Qar Ayı, 47-ci ildə (yanvar, 2026) Soylu Atalı – Ocaqda 35 il Ruhani ömür hesabatı törəni keçirildi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə edərək sözünə başladı:

Ürəyinizdə Ata Günəşi olsun! Zəhmət çəkib bu soyuq havada gəlmisiniz. Bu, mənə, Ocağa dəyər verməkdir. Çünkü bu gün mənim üçün özəl bir gündür. Mənim Ocaqda olmağımın 35 ilidir. 35 il mənim 60 yaşımla üst-üstə düşdüyünə görə Ocaq qarşısında genel bir hesabat vermək istədim. İstəyirəm dostlarımız bilsin, bu, yubiley deyil, yubileydən artıq bir hesabatdır. Yubiley – yubileyi keçirilən şəxsi yalançı diriltmək məqsədi daşıyır. Yalançı təsəlli verilir. Birinin 50, 60, 70 yaşında toplaşırlar, boş, anlamsız sözlər deyilir, yeyirlər-içirlər, dağılırlar. Özünü aldatmaq! Buna insanın gərəyi olmamalıdır. Filankəsin filan sayda kitabı var, elmi məqalələri var, orda tanınıb, burda tanınıb… Halbuki onun kitabı da, elmi məqalələri də özündən başqa heç kimə gərək olmur. 99 faiz belədir. Zamanında şəxsin ömrü, yaradıcılığı bilinməyə bilər, ancaq gələcəyə söz deyilməlidir. Əgər şəxs öz çağına söz deyə bilmirsə, onun dediyi söz gələcəyə gedə bilməz. Çünkü bütün çabalar, bütün yaradıcılıqlar formal xarakter daşıyır, ömrü yola vermək xarakteri daşıyır. Yaşanmır, ömür olmur, qurulmur.
Dedim, mənim üçün bu gün özəl gündür. Çünkü mən şüurlu həyatımı Asif Atanın yanında, yolunda keçirmişəm. Onu deyim ki, “İnam Sorağında” adlı avtobioqrafik kitab yazmışam. Bu kitabda ömür yolumu ümumi cizgilərlə deməyə çalışmışam. Asif Atanı tanıyana qədər kimliyim özümə bəlli olmayıb, sadəcə həyatımda təbiətlə kənd ciddi rol oynayıb. Təbiət, sonradan mənə gərək olan, duyğularımı yaradıb. Kənd mənim təbiətə bağlı duyğularımı bəsləyib. Yəni varlığımda sonrakı dönəmlərə ötürülə biləcək xatirə izləri filan.
Asif Atanı ilk çağlar dinləyəndə anlamırdım. Nə deyir, nə istəyir, fərqinə vara bilmirdim. Sadəcə, Azərbaycanla bağlı danışırdı, bunu bilirdim. Azərbaycanla bağlı olduğu üçün sözü, varlığı cəlb edirdi məni. Söz yox, gənclik şöhrətsevərliyim də vardı. Asif Atanı hələ tanımırdım, ancaq bilirdim ki, böyük adamdır, tanınmış, Azərbaycanda yayılmış adamdır. Buna görə onun tanınmışlığı, şöhrəti mənim özümdə də şöhrət istəyi yaradırdı. Bir də fitri hal vardı, təbiətdən gələn, kənddən gələn saflıq. Ancaq bu saflıq primitiv idi. Asif Atanı tapandan, ona qovuşandan sonra ilk addımlarda mənim həyatımda dəyişikliklər başladı. Asif Atanın Borçalıda görüşlərini keçirdim. O zamanlar bir qədər sərt xarakterim vardı. Gedirdim filan kəndə, 3-5 adama deyirdim, afişanı yapışdırırdım. Kənd sovetinin, başqasının xəbəri yox. O dövr elə bir dövr idi ki, afişanı görəndə soruşmurdular, kim yapışdırır, niyə yapışdırır. Bu da Azərbaycanın xarakterində olan qonaqpərvərliklə bağlı idi.
Dediyim kimi, görüşləri kortəbii təşkil edirdim. Bu görüşlərə atam Qara da qatılırdı. İlk görüşlərdəcə atamın rahatsızlığı başladı. Asif Ata onun arzulamadığı şeylərdən danışırdı. O vaxtlar Sovet İmperiyası tam çökməmişdi, proses yeni başlamışdı, belə çıxışlar hələ də qorxulu görünürdü. Bir ata üçün övladının belə bir yola düşməsi də qorxunc idi. İkinci bir yandan, dünyanın beşdən birinin qəbul etdiyi, Azərbaycanın qəbul etdiyi dini dünyagörüşü Asif Ata rədd edirdi. İnsanların min illərlə qanına yerimiş, şüurunda oturmuş dünyagörüşə qarşı söz demək də qorxulu idi. Qısa danışıram, detallara girmirəm. Mənə evdə xəbərdarlıqlar oldu ki, bu adamdan əl çək. Hər birimizin həyatında ata-ananın özəl rolu var. Onların sözünə qarşı çıxmaq çətin idi. İlk dönəm mənim üçün çox çətin oldu. Ev tərbiyəsi görmüş adam idim, bu mənim üçün ağır idi. Ancaq atamı aldatmadım. Dedim ki, bundan əl çəkə bilmərəm. Bu söz ona ağır gəldi. İş o yerə gəldi ki, mən Asif Atanı yola saldım, onlarla Bakıya qayıtmadım. Atanın yanında Ocaqçılar vardı, onlar qayıtdılar.
Sonralar ailə içində gərginliklər oldu. Anam afişaları yandırmışdı. Onu eşidəndə mənə çox ağır gəldi. Söz yox, anamın bu addımı, onun dünyagörüşünə qarşı çıxan oğluna qarşı qəzəb hissi idi. Mən növbəti dəfə kəndə gedəndə afişaları axtardım. Həmin vaxt həyat yoldaşım da qorxurdu mənə deməyə. Artıq bəlli idi, anam Ataya aid nə varsa ortadan qaldırıb. Mən bunu anlamışdım. Anam isə bunu yoldaşımın xəbərçiliyi kimi qiymətləndirmişdi. Bu hadisələr ailəmi iki dəfə dağıtmağa səbəb olmuşdu. Bir dəfə kəndə gedəndə yoldaşıma, onun anasına demişdim, sakit olun, qovğa yaranmasın, gəlib ailəmi Bakıya aparacam. Söz yox, ailəmi bərpa elədim. O detallara girmirəm. Bakıya gələndən sonra çətinliklər yenidən başladı. Türkel körpə idi, işim, qazancım yox idi, qalmağa yerim yox idi. Özüm də Asif Atanın məişət qulluğunda dayanmışdım. Çətinliklərə baxmayaraq kirayə tutduq. Sonra işləməyə başladım, borclarımı ödədim. Yavaş-yavaş ailə oturuşdu. Uşaqlar dünyaya gələndə heç kim xəbər tutmadı. Bir neçə il atam, anamla, qohum-qardaşla heç bir əlaqəm olmadı. Sonralar atamı Bakıya müalicəyə gətirdim. Ocaqçılar ona özəl diqqət göstərdilər. Bu diqqət, qayğı atamın düşüncəsini dəyişdi. Hətta kəndə qayıdanda deyirdi ki, əsl müqəddəs adamlar bunlardır. O zaman Günev də Borçalıya getmişdi, mənə Soylu adımla yanaşırdılar…
Asif Atanın Ocağının ünvanı yox idi. Bütün mərasimlər, tədbirlər kirayə qaldığım evlərdə olurdu. Mən harada kirayədə qalmışamsa, mərasimlər orada keçirilirdi. Mərasimləri mən təşkil edirdim. Ocağın ruhani təşkilatçısı kimi fəaliyyət göstərirdim. Mən uzun müddət kitab oxumamışdım, tarixi bilmirdim, kənd adamı idim. Dünyagörüşüm çox zəif idi. Tamam yalın biri olmuşam. Ancaq Atanın qulluğunda durmuşam. Günlərin bir günü Ata aramızdan getdi. Buna Ocaqçılar hazır deyildilər. Ocaq çox çətin, keşməkeşli dövrə daxil oldu. Bölündük, parçalandıq, bir-birimizə dayaq ola bilmədik. Ancaq qəribə bir sədaqət hissi vardı, bağlılıq vardı içimdə. O səs mənə deyirdi ki, Asif Atanın işi yerdə qalmamalıdır, davam eləmək gərəkdir. Mən o səsin arxasınca getdim. İdrakca yalın idim. İradəcə möhkəm deyildim. Çünkü anlamamışdım, dərk eləməmişdim. Nə yaranıbdır bilmirdim. Bunu necə yaşatmaq gərəkdir, heç bir təcrübə yox idi. Asif Atanı necə davam edəcəm, – düşünmürdüm. Ancaq təşəbbüskarlıq qabiliyyətim vardı, İdeya vermək bacarığım vardı. Öncələr Amaldaşlarımın əziyyətini artırırdım. Sonra başa düşdüm ki, qaçaqaçla Ocaqçılıq olmaz. Düşünmək gərəkdir. Əməli də düşünə-düşünə etmək gərəkdir. Quruculuq səviyyəsində işləmək gərəkdir. Zamanla oturuşma başladı. Asif Atanın ölümündən sonra çoxsaylı görüşlər keçirməyə başladım. Rayonlarda, Bakıda, Sumqayıtda – məktəblərdə görüşlərim olurdu. Söz yox, Asif Atadan bildiklərim, eşitdiklərim üzərində qururdum söhbətlərimi. Ancaq getdikcə hiss edirdim ki, özüm də aşkarlanıram.
Çətinliklər yenə başladı. Qarşıma əngəllər çıxırdı. Qapıların çoxusu üzümüzə açılmırdı. Buna baxmayaraq, inad vardı. O dönəmdə yanımda 3 qız vardı. Ataya xitabən yazmışdım ki, bu körpəcə qızları qaçaqovla sənin yolunda məhv edirəm. Onları ora buyur, bura buyur, onlar da imtina eləmirdilər. O dərəcədə Ocağa bağlı idilər, o dərəcədə fədakarlıq edirdilər. Məndən daha çox fədakar idilər. Onların saflığı, fədakarlığı mənə nəfəs verirdi. Mənim Soylu olaraq formalaşmağımda onların çox ciddi rolu oldu.
Beləcə, mütaliəyə başladım. Yavaş-yavaş anladım ki, Asif Atanı yaşatmaq olduqca çətin prosesdir. Təkcə öz xalqına yox, bütün dünyaya çağırışdır ki, mən sənin sivilizasiyanı dəyişəcəm. Bu zarafat məsələ deyil. İnsanlarımıza elə-belə görünə bilər. Bu quru iddia deyil, böyük iddiadır. Arxasında məfkurə sistemi, təfəkkür sistemi, fəlsəfi sistem, ruhani dünyabaxış sistemi dayanır. Bu, gerçəkdən dünyaya meydan oxuya biləcək bir sistemdir. Bunun arxasında durmaq asan məsələ deyil. Mənim çapımda, gücümdə deyildi. Mənim yanımda olan Amaldaşlarımın da buna gücü çatmırdı. Bəs necə olsun, hər şey dayansınmı, ortadan qalxıb itsinmi?! Burada milli təəssübkeşlik də rol oynadı. Ancaq yola bağlılıq, sədaqət daha güclü idi. Yoldan dönmədik.
Zaman-zaman mən öz xalqımı tanımağa başladım. Onun tarixini, dəyərlərini öyrənməyə başladım. Öncələr Ata deyirdi, biz eşidirdik, çox gözəl. Ancaq Atanın dediyi, Atadan dinlədiklərimiz ancaq qulaq yaddaşı idi, göz yaddaşı idi. Bu, ruhun fenomeni deyildi, ruhun hadisəsi deyildi. Onu oturtmaq gərəkirdi, ona çevrilmək gərəkirdi. Mən demirəm ki, bu gün hər şeyi ruhumda həzm eləmişəm. Ancaq bu yola düşdüm, indi də bu yoldayam. Zamanı gələndə yenə də Ataya bağlı məqamları dilə gətirəcəyik.
Bu yolda Ataya qarşı olanlar zaman-zaman bizim də qarşımıza çıxmağa başladı. Azərbaycanda hansı qapını döyürdük, hara gedirdik, bu əngəllərə rast gəlirdik. Onu deyim ki, mətbuatda mən çox fəallaşdım. Qəzetlərdə çoxsaylı yazılarla çıxış edirdim. Azərbaycanda ictimai-siyasi proseslərin aktivləşdiyi bir dönəm idi. O dövrdə çoxları Atanın yoluna meyil göstərmirdi. Çünkü hamı ictimai-siyasi proseslərə qaçırdı, həşirə meyil edirdi. Asif Atanın yolu isə həşirçilik deyil, quruculuqdur. Azərbaycanda qaçaqaç indi də var. Bu qaçaqaçda hamı qaçır, yorulur. Çox az adam xalqın, İnsanlığın daxili yolunu getmək haqqında düşünür. Buna görə də qarşımıza hər yandan əngəllər çıxırdı. Qıraqdan deyirdilər, bu nəyə gərəkdir, Asif Ata özünü peyğəmbər sayır, heç kimlə hesablaşmır, heç kimi saymır. Bu münasibət indi də var. Biz isə ardıcıl olaraq yolumuza davam etdik. Atanın əlindən çıxan yazıların, kitabların, ideyaların hamısını addım-addım sistemləşdirib həyata keçirdik, bundan sonrakı dönəm üçün də bir sistem yaratdıq. Bu gün ürək rahatlığı ilə deyirəm ki, Asif Atanın Dünyagörüş sistemini, onun əlindən yarım qalan bütün işlərini bərpa elədik, qurduq, böyütdük. Bunların hamısı böyük zəhmət, xərc tələb edirdi. Rayonlara səfərlər, iş görmək, onu elə, bunu elə, hamısı fədakarlıq idi. Biz ailəliyik, ancaq sual qoymadıq ki, bu işi kim edəcək, kim kömək edəcək. Biz bu yükü öz üzərimizə götürdük. İndi də qıraqda ayrı-ayrı çabalar var, çünkü biz bu xətti həm qurduq, həm qoruduq. Sən xətti qoru, Azərbaycanın içindən fədakarlar tapılacaq.
Atanın bütün kitablarını çap etdik, heç birini satmadıq, bağışladıq. Xalq oxuyub dəyərlərini tanısın deyə hər cür fədakarlığa getdik. Bizə dedilər, satın Ocağın başqa işləri üçün pul qazanın. Yanlış demirdilər, ancaq biz bunu eləmədik, yoxsulluq içində yaşayan xalqımıza qıymadıq. Bir də ki, yad dünyagörüşlü adamlara bu kitablar onsuz da gərək deyildi. Vətənsevərlərin də almağa pulu yox. Hər şey şətin oldu, ancaq bu yolu seçdik…
Mənim böyük bir mütaliə dönəmim başladı. Oxudum. Oxuduqca Atanı daha yaxından tanımağa, daha dərindən dərk etməyə başladım. Bu gün ürək rahatlığı ilə deyirəm ki, Atanı 80-90 faiz dərk edə, fəlsəfəsinin içinə girə bilmişəm. Eyni halda, mən bununla dışarıdan içərimizə gələn yabançı təfəkkür adamlarına mənəvi dirəniş göstərmək öyrəndim:sən mənim xalqıma dərs deyə bilməzsən. Bizim xalqımıza hamı dərs deyir. Bizim türk olaraq qolumuz güclü olub, qılıncımız kəsərli, atımız yüyrək olub, ancaq təfəkkürün işlənməsi gərəkən dönəmlərdə beynimiz kəsərsiz olub. Biz dəyərlər yaratmışıq, ancaq bu dəyərləri sistemləşdirib yaşam ölçüsü qura bilməmişik. Xalqımız öz dəyərləri əsasında yaşamayıb, bu gün də yaşamır. Çünkü içərimizə girən yad dünyagörüşlər içimizi uçurdular. Özümüzü öz içimizdə uçurub özlərini qurdular, sırıdılar. Biz başqalarının diktəsi ilə, ölçüsüylə yaşadıq. Getdikcə özümüzdən uzaqlaşdıq. Özümüzü itirdik. Ərəb baxışı ilə, rus baxışı ilə, ingilis baxışı ilə, fars baxışı ilə qolboyun olduq. Daha doğrusu, bu baxışların qoltuğunun altında olduq. İndi Asif Ata bu xalqın min ildir söndürülmüş Ocağını yenidən qaladı. Dedi, mən sənin öz içindən yaratdığın dəyərlərini bərpa edirəm. Səni ayaqda saxlayan, səni xalq eləməyə qadir olan dəyərlər sistemini yaradıram. Bu gün qəbul edərsən, sabah qəbul edərsən, özün bilərsən, ancaq mən addım atmağa başladım. Baxın, mən də Asif Atanın bu çağırışına dayanıb deyirəm, xalqın içindəki yadlığa qarşı dirəniş göstərməyə başlamışam. Bu Yolda bizim öz Öyrətmənimiz var. Biz özümüz də bu xalqın ulusal-mənəvi öyrətmənlərinə çevrilmək istəyirik. Xalqımıza xalqın özünü öyrətməliyik.
İnsan özünü bilməsə, heç nəyi bilməz. İnsan özünü bilməsə, yaşaya bilməz. Ye, yat, işlə. Ömür təkrarlarda keçər, puç olar, heç olar. Sonra qəbiristanlıq olar. Yüz ildən sonra səni heç kim, soyun belə, tanımaz. Səni özünə bənzədən ölçü yoxdur sənin yurdunda. Ancaq xalq olaraq içimizdə dəyərlər olsa, biz qalacağıq. Mən öz altmış illik ömrümə baxanda deyə bilərəm, bunun iyirmi ilini yaşamışam. Qalanı uşaqlıq dövrü idi, cahillik dövrü idi, axtarış dövrü idi. Sonra yavaş-yavaş özünü anlama dövrü başladı, özümlüyünə çatmaq aşaması başladı. Asif Atanın ölçüsü ilə mən, Soylu olaraq, özümü tanıya bildim. İndi xalqımızın mənəvi-ruhani həyatında külüng çalan biriyəm. Ümumi tezislər şəklində deməyə çalışıram. Mənim ömrümün 35 ili Ocaqda keçib. Bunun da on ilini kortəbii keçirmişəm. Yalnız Atanın ölümündən sonra oxumağa, düşünməyə, özümü görməyə başladım. Ömrümün qapısını Asif Atanın “Özüylədöyüş” ideyasının üzünə açdım. Öncələr bu ideyanı elə də dərindən anlamırdım, yaxın 5-6 ildə ağlıma daha yaxşı çatdı. Söz yox, bu məsələ elə də asan deyil. Ancaq o demək deyil ki, hamıda, məndəki kimi, ağır, çətin olmalıdır. Yox!
Asif Atanın ailəsi dağılmışdı. Bizə deyirdi, ailələrinizi qoruyun. O dahi idi, Şəxsiyyət idi. SSRİ-nin basqısının altında yol gəlmişdi. Bizə deyirdi, sizin yerinizə çox işlər gördüm. İndi biz də, Ocaq olaraq, xalqımız üçün, böyük səslənməsin, çox şeyləri düşünürük. Ancaq o demək deyil ki, başqaları ayağını ayağının üzərinə qoymalıdır ki, Asif Ata mənim yerimə düşünüb. Əgər sən xalq olmaq istəyirsənsə, yol keçməlisən, – fərəhli çətinlik, fərəhli əzablar yolu. Ata deyirdi, mən fərəhli əzablar yolu keçmişəm. Əzab çəkirdi, ancaq fərəh alırdı. Deyirdi, ömrüm sevdiklərimin ömrünə bənzəyir…
Bu gün biz Ocaq olaraq varıq, davam edirik. Ocaqdakıların sayının az, ya çox olmasından asılı olmayaraq, oturuşmuş bir sistemimiz var. İnanın, Ocaqda o qədər işlər görülüb ki, mən onu saysam, bir neçə saat vaxt gedər. Çox işlər görülüb. Görüşlər, səfərlər, Atanın arxivinin yaradılması, ildən-ilə bunların üzünün artırılması, disklər, görüntülər, hamısının, hətta fotoların elektron varianta keçirilməsi, qorunması, ədəbiyyatın, əlyazmaların üzünün artırılması, arxivə verilməsi. Eyni halda, xalqın içində,ölkənin sınırlarından qıraqda yayıcılıq, quruculuq işləri. Asif Ata Türkiyədə bilinir, Güney Azərbaycanda bilinir, Rusiyada, Avropada, başqa yerlərdə bilinir. Bu qısa ruhaniyyat dönəmində Asif Ata ideyalarının bu cür yayılması elə-belə məsələ deyil. Bu, siyasi proses deyil ki, 10 il, 15 il, 20 il fəaliyyət göstərsin, hakimiyyətə gəlsin. Bu, varlığın quruculuğudur, xalqın var oluşu üçün özül tökməkdir. Sistem yaratmaq, ölçü vermək, ciddi olaydır. Ancaq Asif Ata demir ki, başqa yöndən mübarizə aparmaq gərək deyil. Tərsinə, onun “Uluyurd Hərəkatı” ideyası var: İctimai, siyasi, ideoloji hərəkat olmalıdır. Qoy bizdən bəhrələnsinlər, biz onlara kömək eləyərik deyir.Dövlət bəlirlənməlidir. Xalqın içində hüquq, ədalət bərpa olmalıdır. Ancaq Asif Atanın işi özüldə görülən işdir. Əgər biz ondan qırağa çıxsaq, gücümüz parçalanar, azalar.
Mən deyə bilmərəm, Asif Atanın sistemini biz öz sağlığımızda oturuşdura biləcəyik. Bu xalqın ayağa durmasına bağlı bir məsələdir. Ancaq bu xalqın Nəsimisi, Babəki olmasaydı heç mübarizə apara bilməzdi. Ruh olmazdı. Ulusal ruh varsa, sənin içində gücə çevrilir, qüdrətə çevrilir. Asif Atanın dedikləri xalqın, hətta siyasətçilərin içində gücə çevrilə bilər, mübarizə qüdrətinə çevrilə bilər. Çevrilməlidir! Bu qədər. Dinlədiyinizə görə sayğılarımı bildirirəm. Var olun.
Atamız var olsun!

Günev Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.): Uca qardaşımız Soylu Atalı həm özü haqda, həm də Ocağımızın bütövlükdə mənzərəsini açıb göstərdi. Heç bilgisi olmayan biri bu söhbətə qulaq assaydı, Asif Ata kimliyini, onun yolunun davamçılarını, Ocağının aparıcısını tanıya bilərdi. Mən Amaldaşımdan bir il əvvəl Ocağa gəlmişəm. Mənim 36 illik Ocaqçılıq dövrümdə müəyyən aşamalarım olub. Bu aşamaları keçmək üçün, mənim ən çox əlimdən tutan, mənə yiyə duran, dayaq olan, söykək olan, ürəyimdə təpərə çevrilən bir şəxsiyyət var, – o, Soylu Atalıdır. Bunun üçün həmişə minnətdaram ona.
Ocaqda olmaq – şəxsiyyət olmaqdır. Sən dünyanın, bəşəriyyətin dərdi ilə yaşayırsan, bunu öz dərdin eləyirsən, sən öz dərdinlə yaşayırsan deyə, ona əlac axtarırsan, axtardığını tapırsan, ona ömür həsr eləyirsən. Beş gün yox, on gün yox, beş addım, on addım yox, ömür həsr eləyirsən. Bu artıq şəxsiyyət məsələsidir. Bizim şəxsiyyət kimi formalaşmağımızda Yükümlümüz Soylu Atalının çox böyük əməyi olubdur. Mən həmişə demişəm, bəşər tarixində güvəndiyim, stimul aldığım şəxsiyyət Asif Atadır, ikinci Soylu Atalıdır. Bu gün Bəşərin xilası üçün külüng çalan, Asif Atanın ən layiqli davamçısı kimi Soylu Atalını görürəm, bu sözü deməyə özümdə haqq bilirəm. Kiməsə xoş getsin deyə deyil, səmimiyyətimlə deyirəm. Bu 35 illik Ocaqçılığımız dövründə həmişə məktəb olub mənə, örnək olub, güvənc yerim olub, öyrənmişəm ondan. İçimdə ona qarşı qeyri-adi bir münasibət olub; bunun içində ərk də var, sevgi də var, yeri gələndə qınama da var. Soylu Atalının hansısa sözü, addımı mənə doğru görünməyəndə etiraz etmişəm. Ola bilər, mən onu düzgün anlamamışam, ancaq səsimi içimə qısmamışam. Heç vaxt istəməmişəm, içimdə Soyluya qarşı hansısa kölgəli bir məqam qalsın.
Ocağın başı üstündə qara buludlar oynayan vaxtı qardaşımla əl-ələ vermişik. Ən çətin məqamlarımızda, dünyanın üstümüzə gəldiyi məqamda şərəflə çıxmışıq o durumlardan. Çox olub belə məqamlarımız, indi də var. Bilirsiniz, yük insanın içinə elə bir qüdrət gətirir ki, insanın özünü adi saymağa haqqı olmur.
Biz, Asif Atanın yolunun davamçıları, nisbi ideyaları az sayırıq. Ona görə tarixə üz tutmuruq, Mütləqə İnam Dünyagörüşünün oturuşması yolunda mübarizə aparırıq. Mütləqilik Ölçüsü yaratdığına görə Asif Ataya peyğəmbər deyirik. Asif Ata bizim üçün adi bir filosof deyil, xilaskardır.
Bir də qayıdıram əvvəlki sözümə, mənim aşamalarım olubdur. O aşamalarda mənə qıraq təsirlər də olub, məni uzaqlaşdırmağa, çaşdırmağa çalışıblar. Ancaq ağlımda bircə düşüncə olub: Asif Ata yolunu Soylu Atalı qədər uca tutan, bütün varlığı ilə ona həsr olunan ikinci bir şəxsiyyət yoxdur, içi də özüm qarışıq. Ocağı yaşatmağa qəhrəmanlıq keyfiyyəti lazımdır. O keyfiyyətlər qardaşımda cəmləşdiyinə görə onun qarşısında həmişə, yaxşı mənada dilim topuq vurubdur. Böyüklük, gözəllik qarşısında ya dil lal olmalıdır, ya da qovuşma baş verir. Böyüklük qüdrəti qarşısında özünü itirmə var. Bu, müqəddəslikdir. Onun arxasında heyrət var, gözəllik var, cazibədarlıq var. Keçmiş bir Amaldaşım dörd Ocaqçı haqqında fikir yazmışdı: mənim, Nurtəkinin, Göylünün, Soylunun. Soylu haqqında yazmışdı ki, mənim Soylunu vəsf etməyə qələmimin qüdrəti çatmır. Elə onu mən də deyirəm. Kaş mənim dilimin qüdrəti çataydı, səni vəsf eləyə biləydim Soylu…
Atamız Var olsun!
Soylu Atalı: Söz yox, burda Ocağı sistemli deyə bilmərik. Vaxt çatdırmaq olmaz. Ocaq elə yalnız Soylu məsələsi deyil. Ocağın bir sütunu Nurtəkindir, bir sütunu Günevdir…Onların yıxılması Ocağın yıxılmasıdır. Çünkü onlarda elə Ocaqçılıq səviyyələri olub, onlar heç məndə olmayıb. Mənim formalaşmağımda o keyfiyyətlər ciddi rol oynayıb. Mənim ayaqda durmağımda, Atanın işini yönləndirməyimdə böyük qatqı göstəriblər. Onların əməyi, hünəri mənə oksigen kimi gərək olub. Sistem odur. Hətta Ocaqda elə adam olub ki, mən onu özümün bir dayağım, sütunum saymışam.Ocaqdan gedəndə sarsılmışam. Ancaq yıxılmadım, çünkü necə deyərlər, bəzən ağacın bir budağını kəsirsən, sonra yenə başqa şiv çıxır. Biz ağac kimiyik: nə qədər bir budaq qırılırsa, onun yerinə başqası çıxır.
Soylu Ocaqda toxunulmaz deyil. Onu sorğulamaq olar. Bu sorğulamaq siyasi sorğulamaq deyil. Bizim bölə bilməyəcəyimiz bir şey yoxdur. Biz hakimiyyət-filan bölmürük. Birincilik, ikincilik bölgümüz yoxdur. Bizim məqsədimiz, amalımız var. Bu yolda, bu amalda biz yanlış olaraq da, doğru olaraq da sorğulaya bilərik. Sorğulayarıq, yanlışımıza görə özümüzü düzəldərik. Yanlış sorğulamağımıza görə də heç kimin başını yarmarıq…

İnamlı Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.): Soylu qardaşımız Ocaq haqqında, özü haqqında bu qədər danışdı, ancaq çox cüzi danışdı. Biz qardaşımızın ruhani ömür yönü ilə bağlı bura yığışmışıq. Qardaşımızın hamımızın həyatında çox mühüm etkisi olub, indi də var. Mənim də həyatımda qardaşımın əsalı rolu, etkisi var. Ocağın Atadan sonrakı dönəmində müəyyən qədər qarışıqlıq yarandı. İçi mən qarışıq çoxlarımızın Soylu Atalıya qarşı yanlış baxışlarımız oldu. Ancaq Günev qardaşımızın da vurğuladığı kimi, bu sözə mübaliğə kimi baxmayın xahiş edirəm, Ocağı yaşatmaq qüdrətində ikinci bir Soylu Atalı yoxdur. Mütləqə İnam dünyabaxışını yaşatmaq, qabağa aparmaq qeyri-adi bir hünər tələb edir. Bu hünər Soyluda var. 1400 ildən çoxdur İslam dini beyinlərə, ürəklərə, həyata hopub. Baxırsan ki, insanların inamını dəyişmək balaca məsələ deyil. Mütləqə İnam baxışı yaşayıb genişləndikcə çox şeylərə aydınlıq gəlir.
Yuxarıda dediyim kimi, Atadan sonra Ocaqda baş verən olaylar məni də sarsıtdı. Mən uzun müddət Ocaqdan aralandım. İndi yaşlaşmışam, o uzaqlaşmanı itirdiyim ömür sayıram. Ömür insana bir dəfə verilir. Mən də gözəl vaxtımda gəldim Ocağa. Ancaq sonra o aralanma… mən onu özümdə ciddi qüsur sayıram. Ancaq qardaşımın ruhani təsirləri, köməyi məni yenidən Ocağa bağladı. Soylu Atalının həm Ocaq quruculuğu, həm də Amaldaşlarına ruhani müəllimlik eləməsi hər insanın götürə biləcəyi yük deyil. Mən bunları izlədikcə heyrətə düşdüm, – bu qardaşımız on ömürə düşən yükü bir ömürə necə sığışdıra bilib deyə. İndi mən də Soylu Atalının birbaşa qayğısı, sayğısı ilə Ocaq yolundayam.
Soylu, sənə minnətdaram, sən bizim hamımızın həyatında işıq olmusan, günəş olmusan Atadan sonra. Həmişə qəlbimizdə varsan. Var ol!
Atamız Var olsun!

Nurtəkin Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.): Soylu bəy Ocağa, Ataya bağlı bir İnsandır. Bu insan ömrü ilə, davranışları, münasibətləri ilə məktəb oldu. Soylu bəy həm özü gəlişdi, həm də bizi gəlişidirdi, böyütdü, Ocağı bu günə, bu duruma gətirib çıxartdı.
Atanı tapanda mənim həyatımda çox şeylər dəyişdi. Dünyaya, həyata, insanlara baxışım dəyişdi. Yadımdadır, ilk zamanlar Ata, İdeyaları haqqında danışanda elə bilirdim ki, hər kəs eşidəndə mənim kimi Ataya heyrət edəcək, Ocağa gələcək. Bunu görməyəndə çox əsəbləşirdim, düşünürdüm, adamlar bilmirlər nə ilə qarşılaşdıqlarını. Mən həqiqəti deyirəm axı. Niyə ürəkləri, beyinləri bu qədər bağlıdır. Ataya heyrətim bir ildə məni elə bürümüşdü ki. Hər mərasim, Ata ilə hər görüş mənim üçün ruhani bir dünyaya pəncərə idi. Atanın evində Ocaqçılarla, ayrı-ayrı adamlarla görüşünün şahidi olmuşam. Ata hər kəsə özünəxas yanaşırdı. Atanın münasibətindən bilirdim, əslində hər birində sevgi vardı, ancaq həm də fərqlənirdi. Ata öləndə o qədər sarsılmışdım ki. İçimdə çox böyük bir dayaq itmişdi. Mən yenicə ayaq açırdım, yenicə nəyisə anlamağa başlayırdım. O zaman bir məqsədim vardı – Atanı yaşatmaq. Ancaq necə? Atanın ölümündən sonra Ocağın içində mübahisələr baş verdi, susub dinləyirdim, gənc idim, onlar məndən daha təcrübəli, daha ağıllıdırlar deyə düşünürdüm. Ancaq ürəyim parçalanırdı. Ata necə istəyərdi, necə olmalıdır, necə ola bilərdi? Bunlar düşündürürdü məni. Ruhani Yetimliyin acısını yaşayırdım elə bil. Mənəvi dayağım itmişdi. Atanın dəfni, evinin əlimizdən alınması – ard-arda sarsıntılar. O zamanlar mən Soylu Atalını, mərasimlərdə görüşsək də, yaxından tanımırdım. Ancaq Atanın dəfnində aparıcılığını, sonrakı mərasimlərdə quruculuğunu görürdüm. Atanı yaşatmaq istəyi sonsuz idi. Sonra elə oldu ki, Soylu bəy mənim yaşadığım Saray qəsəbəsində kirayə tutdu. Torpaq aldı, ev tikdirdi. O zamanlar tez-tez görüşməyə başladıq.
Ata öldükdən sonra ilk işlərdən biri – Atanın orda-burda olan kitablarının üzünün artırılması oldu. Elə kitablar vardı ki, əlyazı şəklində idi. Onu Soylu bəyin rəhbərliyi altında Göylüylə mən, öncə makinada, sonra kompüterdə yazdıq, üzlədik. Kitablar yazılırdı, redaktə olunurdu, sonra üzlənirdi. 45 kitab 13 Bitiqdə sistemləşdi, üzü artırıldı, hamısı maddi və mənəvi fədakarlıqla rəsmi çap edildi.
Tədbirlər səsdən yazıya çevrilirdi. Soylu bəy hər mərasimdə, tədbirdə görüləcək işlərimizdən danışırdı. Köklənirdik, fərəhlənirdik. Əməllər olduqca anlayırdım ki, Atanı yaşatmaq nədir? Bakıda, Sumqayıtda, bölgələrdə ardıcıl görüşlər keçirildi, davamlı səfərlər oldu. Şəhərlərdə bəzən gün içində bir neçə görüş keçirirdik. Səfərlərdə görüşlərdən sonra qaldığımız evlərdə ev yiyələri ilə gecə keçənə qədər söhbətlər edərdi Soylu Atalı. Heyrət edirdim, necə yorulmur. Görüşdən görüşə, səfərdən səfərə, elə olub 2 bölgəyə bir gündə səfərimiz olub, verilən suallara sona qədər cavab verərdi, ideyanı anlatmaq, Atanı vermək üçün yorulmaz idi.
Soylu bəyin necə görüş keçirməsini gördükcə biz də öyrənirdik. Sonralar Soylu bəy bizə dedi, siz də görüş keçirin. Eləcə mənim, Göylünün ilk addımları, səfərləri başladı. Soylu Atalının söhbətləri, özünü necə aparması canlı örnək idi. Qorxu duyğusunu onda ötdüm. Sonra görüşlər fərqli oldu, mübahisəli olanlar da oldu. Üstümə gələnlər də oldu. Ancaq mənim kimi çəkingən, utancaq bir qızın auditoriya qarşısında söz deməsi möcüzə idi. Yəni məni o hala, o addıma Soylu bəy böyütdü. Ata deyirdi sizin içinizdə potensia var. O potensiyanın üzə çıxmasını Soylu Atalının etkisi ilə mən öz ömrümdə yaşadım. Gərək duyğu da, düşüncə də, özünə inam da, idrak da, iradə də yaransın ki, o addımlar atılsın.
Soylu bəy Ocağa gələndən Asif Atanın ömründə ciddi rol oynayıb. Ata çox oxuyurdu, oturaq həyat keçirirdi. Onun gəzintilərini təşkil edən, Atanın güzəranını, – yeməyini, saçının vurulmasını, yuyunmasını Soylu Atalı qədər heç bir Ocaqçı eləməyib. Bundan başqa Atanın mərasimə gətirilməsi-aparılması, Ocaq mərasimlərinin təşkilatçılıq yükü bütünlüklə onun çiynində idi. Atanın sağlığında da görüşlər olurdu. Mən bir dəfə Soylu bəyin görüşündə oldum. Ataya bu haqda danışmışdım. Ata çox fərəhlənirdi Evladlarının ruhsal əməllərini duyanda. Mən görürdüm ki, Asif Ata Soylu bəyə çox güvənir, çox etibar edirdi. Bir dəfə Ata dedi ki, Soylu mənim yanımda anası ilə qətiyyətlə danışdı. Bunu Ata mənə Soyluya heyrət duyğusu içində danışmışdı.
Atanın dəfnində də ilk dəfə gediş yazısını Soylu bəy yazdı. Biz tam onun dediyi qaydalar üzrə Atanı dəfn etdik, mərasim qaydalarını yerinə yetirdik. Ölügötürmə qaydaları kitabını bu gediş yazısı əsasında Soylu bəy yazdı.
Eyni zamanda Beşikbaşı kitabının da müəllifi Soylu Atalıdır. Biz bu qaydalarla neçə cütlüyə Beşikbaşı mərasimi keçirib uğurlama sözü demişik.
Ata sonevinin tikilməsi ilə bağlı dəfələrlə Ocaqçılar bir araya gəldilər. Yenə də əsas işi Soylu qardaşla Günev qardaş elədi. O dövrdə tikinti materialları çətinliklə tapılırdı. Ancaq bu iki qardaşın fədakarlığı ilə o iş başa gəldi.
Ata öldükdən sonra Ocaqda fikir ayrılıqları yarandı. Heç kimin boğazından o birinin sözü keçmirdi. Ocaqdan ayrılanlar ayrıldı, ancaq Ata öləndən bu günə qədər mərasimləri, tədbirləri Soylu bəyin yükümlüyü altında biz keçirdik. Bayramların adları, məzmunları Ata tərəfindən yazılsa da keçirilməmişdi. Heç bilmirdik necə keçirilə bilər. Bayramların Gediş Yazılarını Soylu bəy yazdı, Bayramları keçirməyə başladıq. Bu günə qədər də, 28 ildir, davam edir.
Ata öldükdən sonra Soylu bəy ciddi şəkildə Atanı öyrənməyə, özüylədöyüşə başladı. Onun gündən günə dərinləşməsi, yaradıcılığının gəlişməsi gözümüz önündə oldu. Atanın, Soylu bəyin yazılarını mətbuatda ardıcıl verməyə başladıq. Ocaqdan ayrılanlar getdiyimiz yerlərə, redaksiyalara gedib Soylu bəyi pisləyirdilər. Soylu bəy bizə deyirdi, nə deyirlər desinlər, siz onlara qarşı heç nə deməyin. Özünüzlə döyüşün, onlarla yox. Öz yolunuzu gedin. Bizi yönəltməsi bizi və Ocağı çox şeylərdən qorudu o zamandan bəri.
Ocaq kimi bir ruhaniyyat qurumunun yaşaması, sabaha getməsi üçün toxunulmaz qaydalar olmalıdır. Əgər hər kəs istədiyi dəyişikliyi edərsə, onda zaman keçdikcə dəyişikliklər ideyanı tanınmaz hala gətirər. Soylu bəy Ocaqda istər mərasim keçirilməsi üçün, istər Ataya, yükümlüyə münasibət üçün ruhsal qaydaları bizim üçün yazıb, ortaya qoyub. Hər tədbirdə biz bunları öyrənmişik.
Soylu bəy Ata yolunda daim sabit hal, fədakarlıq göstərib. Onun bu sabitliyi, özü üzərində daim işləməsi bizim üçün canlı örnək olub.
Özünə güzəştsiz olduğu qədər bizə qarşı da güzəştsiz olub. Onun güzəştsizliyi olmasaydı, Ocaqda çox şeylər aşına-aşına gedə bilərdi.
Dəfələrlə DTK-nın çağırışları olub. Soylu bəyin evinə də gəliblər, Soylu bəyi ora da çağırıblar. Soylu bəy üçünsə ora xalqlaşma, söhbətləşmə meydanı olub. Bir dəfə Göyçayda elə bizi gəlib apardılar muzeydən. Biz gözlədik, ancaq Soylu bəy onlarla ciddi söhbətlər elədi.
Soylu bəyin kitablarının sayı yaxın zamanlarda 20-yə çatacaq. Bu elə onun özü üzərində işləməsinin faktiki sübutudur. Bu kitablarında o, təkcə filosof kimi deyil, həm də əqidə, ideya insanı olaraq düşündürür, axtarışlara sövq edir, kökləyir.
Kim deyə bilər ki, həyatda iki adamın bir-birinə qarşılıqlı inamı bütövdür. Ocaqda elə bir münasibət formalaşıb ki, özündən daha çox qarşındakına inanırsan. Mən qəti bilirəm ki, Soylu bəy heç zaman dəyişən, yolundan dönən deyil. Bu hal mənim içimdə qaya kimi formalaşıb. Bu hiss də mənim dayağımdır. Eləcə də başqa Ocaqçılara inamım elədir. Bir yola, əqidəyə bağlılıq ömürlərin də bir-birinə sıx, bağlı qalmasına səbəb olur. Sabaha ümid yaranır, inam yaranır. Bizim hamımızın ruhani böyüməsində, formalaşmağımızda Soylu bəyin əvəzsiz rolu olub. Bizim münasibətlərimiz, qarşılıqlı inamlarımız hələ çox illər araşdırılacaq, öyrəniləcək.
Soylu bəy Ocaq üçün önəmlidir. Çünkü Atanın ideyalarını yaşayan, yaşadan, anlayan, dərk edən və dərk etdirən bir ruhun yiyəsidir.
Soylu bəy Azərbaycan üçün önəmlidir. Çünkü bizim millət olaraq formalaşmağımız üçün özüylədöyüşən kamil insanlara ehtiyacımız var. Atanı, Ocağı tanıtmaq, vermək üçün gerçəkdən əqidəli, kamil insanların yaranmasına ehtiyac var. Soylu bəy bu oxulu qoruyub yaşadandır. Ocağı yaşatmaq Azərbaycanın gələcəyi üçün çalışmaq deməkdir. Ocağı yaşatmaq bəşərin gələcəyi üçün çalışmaq deməkdir. Biz deyirik yolsuzluq, sabahsızlıq fəlakəti var. Bu fəlakətdən çıxış yolunu yalnız Atanın ideyaları göstərəcək. İdeyalar isə nəzəriyyə deyil, kitablar deyil, onu yaşadan, yaradan, qoruyan, gəlişdirən ömürlərdir.
Yorulmaz, usanmaz, ardıcıl, daim ideyalarla qaynayan, təşəbbüskar, quran, qurduran, yaşayan, yaşatdıran, uca ruhlu qardaşımız Soylu bəy, Ocaq ömrün var olsun!
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bu gün başqa tədbirlərdə olduğundan daha çox həyəcanlıyam. Çünkü kiminsə gördüyü işləri əməl olaraq sadalamaq asandır. Ancaq Soylu Atalı adının, şəxsiyyətinin 35 illik Ocaq ömrü barədə söz demək olduqca böyük sorumluluqdur. Özəllikcə də mənim üçün. Çünkü bu ömrün, bu yaşantıların mənim ömrümə çox böyük etkisi var. Daha böyük anlamda İnsanlığın gəlişməsinə etkisi olan bir ömür var ortada. 35 il az zaman deyil. Ona görə mən bir sual üzərində dayanıram, – 35 illik ruhani ömrün İnsanlığın gəlişməsində rolu nədir?
Düşünürəm ki, insanın içində bir həsrət, bir tələb var. Bu tələblə insan başqası ilə normal münasibət qurmağa can atır. Ancaq insanlar arasında elə bir uçurum, elə bir yadlıq var ki, insanın inamı, güvəni, sədaqəti, sevgisi bir-birinə münasibətdə sarsılır. İnsanın içində inamsızlıq uçurumu yaranır. Nə insana, nə həyata, nə dünyaya münasibət tam olur. Xoşbəxtlik məfhumu belə bu uçurumda məhv olur. Biz bu gün insanları bədbəxt və mutsuz görürük. Axı niyə?! Mən Soylu bəyi tanımazdan öncə içimdə bu sualın yaratdığı üsyan vardı. Ancaq qısa bir zaman içində mənim düşüncələrimdə artıq çökmüş, yıxılmış insan məfhumunun yenidən dirilməsi elə bir geniş heyrət doğurdu ki, mən o heyrətdən yola çıxdım. Buna səbəb, deyilən sözün ömürlə təsdiqi idi. Çünkü İnsanlığa İnam məsələsini bizə ilk növbədə söz anladır. Ancaq inandıran ideya üzərində qurulan ömürdür. Sözün ömürlə təsdiqi olmasa bu inam yarıda qırılır. Nə zaman ki mən bu heyrətə dayanaraq insanlara, onların yaşamından deyil, öz dünyamdan baxmağa başladım, o zaman böyük suallarla üz-üzə qaldım. Nə zaman ki “mən” və “öz” anlayışları meydana çıxdı, yəni mən kiməm, özümdə yaratdığım nədir, – onda mənim insana münasibətim dəyişdi. Məndə “insan sadəcə məişətə bərabərdir” kimi qısıtlı düşüncələr “insan və onun iç dünyasında yaratdıqlarının İnsanlığa etkisi” kimi geniş düşüncələrlə əvəz olundu. Artıq mənim gözümdə yıxılan, əyilən, inamsızlaşan, heyvana enən insan obrazı yavaş-yavaş yenildi. Onun yerinə içsəl qüdrəti ilə dünyaya söz deyə biləcək, inamı, idrakı ilə dünyanın qaranlığına meydan oxuyacaq bir obraz yarandı. İnanın ki, insanın şüurunda gedən bu dəyişiklik nə qədər suallar çıxarır ortaya. Mən içimdəki heyrətə və inama dayanıb onlara cavab tapa bildim. İnsanın içində bu inam oyanmadıqca hər şeyə mücərrəd bir şey kimi baxır. Hər şeyə “belə gəlib, belə gedəcək” prinsipi ilə yanaşır. İçində insana münasibətin dəyişməsi insanı bu cür bəsitlikdən qurtarır. Və bütövlükdə insan ömrünü heçlikdən qurtarır. Bu qurulan bir ömrün mənə, yəni bir fərdə etkisi idi. Dediyim bu sonuca gəlmək mənimçün bir anda olmadı. Mənə doğru yönü göstərən bir öyrətmən, mürşüd vardı. Bu Soylu Atalı idi. Onun ömründən yön götürdüm. Mənim üçün bu yola işıq tutan bir neçə xarakterik xüsusiyyətini vurğulamaq istəyirəm: İlk öncə Yolu inamla təqdim etmək məsələsi. Toplumun sıradan bir nümayəndəsinin qarşısına keçib onu sağlam ideyalara inandırmaq asan məsələ deyil. Bunun üçün insanın içində inamı yıxılmaz qala kimi olmalıdır. Çünkü toplum öz əyriliyinə və inamsızlığına haqq qazandırmaq üçün səbəb axtarır. Öz içindəki qaranlığın üzərinə sənin inamsızlığınla örtük çəkməyə çalışır. Bax, dünyanın qaranlığına səbəb mən deyiləm, mənim əyriliyim deyil, dünya qaranlıq olduğu üçün mən beləyəm. Soylu bəydə ən önəmli özəllik budur ki, insanı özü ilə baş-başa qoyur. Bu onun insana münasibətində fərqli çalarları ortaya çıxarır. İnsana yanaşma tərzini mən ən çox onun keçirdiyi görüşləri izləyərkən və Ocaq tədbirlərindəki çıxışını oxuduqca gördüm. Qarşısındakıyla söhbət apararkən onu yanlışlarına bərabər saymamaq, söhbəti və yanaşmasıyla insana inandığını ifadə etmək məsələsi var. Yanlışlar, ümumilikdə İnsanlığın sorunları, şərin çalarları olaraq ortaya gətirilir və ondan imtina etməyin yolları, müsbət sonucları açılır. Böyüklüyünü davranışları ilə anlatmağa çalışmaması. Danışığı, davranışı ilə böyük olduğunu anlatmağa çalışan əslində qarşısındakını öz üstünlüyü ilə əzməyə çalışır. Ancaq böyüklük, dahillik insanın düşüncələri, yolu, ömrüylə anladılırsa bu qarşısındakını böyüdür, arxasınca aparır. Mən Soylu Atalının bu özəlliyinə heyrət etdim.
Burada mənim vurğuladığım bir neçə özəllikdir. Buna bənzər çox şeyi demək, açmaq olar. Bunlar məsələnin görünən tərəfidir. Ancaq bu özəlliklərin görünməyən tərəfi ciddi özüylədöyüş əməli üzərində qurulan ömürdür. Bu özəlliklərin arxasında bütün mənfi hisslərlə döyüş var. Bu gün Soylu Atalının ideya üzərində qurulan ömrünün uğurlu sonucu Ocağın bugünkü durumudur. Bugünkü Ocaq mühitidir. Özünün də dediyi kimi, Ocağın bugünkü mühiti “Ruhani cəmiyyət”in kiçik modelidir. İnsanlığa doğma olan ömürlərin bu mühiti yaratması insana ümid verir.
Atamız Var olsun!

Ağşın Ağkəmərli: Mən də düşünürəm ki, Soylu bəyin 35 illik ömrü Ocağın təməl dirəklərindən biridir. Mən də onun yarısı qədər Soylu bəylə bir aradayam. Soylu bəy bu yolun ən layiqli, ən dəyərli davamçısıdır. Bizim ünsiyyətimiz dəfələrlə olub, paylaşmışıq bunları. Mənim üçün Ocağın bir vacibliyi var. Hər bir insanın konsepsiyası olmalıdır. Bu konsepsiya əsasında hərəkət etməlidir. 170-dən artıq dövlətlər yaratmışıq, 21 imperiya yaratmışıq. Ancaq özümüzə xas bir ideologiyamız olmayıb. Bir boşluq olub. 170-dən artıq dövləti və 21 imperiyanı yaratmışıq, ancaq özümüz özümüzü yox eləmişik. Bunun da səbəbi təməldə o ideoloji boşluğun olmasıdır. Bu gün məni Ocağa bağlı eləyən böyük bir məsələ budur ki, biz özümüzə dönürük. Tarixi səhvləri təkrarlamağa yol vermirik. Fars pəncərəsindən özümüzə baxmırıq, rus pəncərəsindən özümüzə baxmırıq. Özümüz öz pəncərəmizdən özümüzə baxırıq. Bu mənim üçün çox önəmlidir.
Xüsusən Ocağın təməl prinsiplərində türkçülük ruhu hakimdir, Azərbaycançılıq məfkurəsinin olması məni daha çox sevindirir. Xüsusilə də bizim parçalanmış ərazimizin bütövləşmə məfkurəsi Ocağın təməl prinsiplərindən biridir. Bu məni daha da sevindirir. Bu bizi Ocağa bağlayır. Bunun nəticəsində doğmalıq olur, məhəbbət olur, yaşadır. İslam dini ərəbi birləşdirir. Ərəb ideologiyası ərəbi millət kimi ortaya qoydu. Musəvilik yəhudini bir millət kimi formalaşdırdı. Eyni zamanda Avropanı götürəndə İsa məsələsi gündəmə gəldi. Bəs bizdə nədir?! Bizdə bu boşluq tarixən vardı. Bu Ocağın, bu düşüncənin ən yaxşı dəyərlərindən biri budur ki, onun konsepsiyası var. O konsepsiyanın bir ideologiyası var. Bu ideologiya mənim üçün hər şeydən böyük bir məsələdir. Bu bizim gələcəyimizi bir sistem, bir düşüncə üzərində qurur. Hər kəsin ağzından bir səs çıxmır. Mənim yığcam dediyim bir məsələ budur. Var olun.

Göynur Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Mən bir otuz il öncəyə dönmək istəyirəm. Tələbə vaxtı hələ gənc ikən Asif Ata haqqında oxumuşdum. Bir dəfə universitetdə çıxış edəndə görmüşdüm. Kitablarını da oxuyurdum. Ancaq mən onu heç anlaya bilmirdim. Sovet düşüncəli idik. Bəlkə ona görə qəbul edə bilmirdim. Beyin qəbul eləmirdi. Ancaq öyrəndikcə onun türkçülüyü, bəşəri dəyərləri, insani baxışları, fəlsəfəsi məni özünə çəkirdi. Sadəcə heç yerdə heç nə danışmaq, heç nəyi müzakirə eləmək olmurdu. Sənə dəli deyərdilər. Sovet rejimində bu dəliliyin axırı nə olurdu, bunu hamı yaxşı bilir. Artıq vaxt keçib. 4 il öncə mən Soylu bəyi tanıdım. Soylu Atalı soyadını gördüm bu məni özünə çəkdi. Onun yazar, publisist olduğunu bildim. Ancaq o qədər filosoflar var ki, yenə də inanmadım. Onun yazılarını oxuduqca, onu yaxından tanıdıqca mənim Asif Ataya olan sevgimdə bir körpü oldu. Bu körpüdə əlimdən tutaraq məni Ocağa gətirdi və mən bu Ocağın Evladı oldum. Mən Soylu bəyi ən çox burda tanıdım. Mən Ocağa gələnə qədər sözün düzü çox insanlarla ünsiyyət qurmuşam, çox insanlarla işləmişəm. Ancaq Ocağa gələndə mən Ocaqda tam başqa insanlar gördüm. Saf, sədaqətli, savadlı, ağıllı, başqa insani keyfiyyətlərdən nə varsa burdakı insanlarda gördüm. Soylu bəyin təmənnasız elədiklərini gördüm. Ocağın yaşamasında, bu səviyyəyə çatmasında onun nə qədər böyük rolu olduğunu gördüm. Soylu bəyə olan hörmətim, sevgim bir bacı kimi çox artdı, çox bağlandım. Onun həyatını da araşdırandan sonra onun necə gözəl bir ata, ailə başçısı, bir insan olduğunu gördüm.
Asif Ata dahidir. Həmişə görmüşük ki, dahi insanların həyatı, taleyi acınacaqlı, faciəli olur. Soylu bəy tək, tənha, yaşlı, həyatdan təcrid olunmuş bir insana bir oğul kimi nə qədər xidmət edib. Çiynini bu yükün altına qoyub. Demək olar ki, Asif Atanı əlində, ovcunda bəsləyib. Hər cür qayğısını çəkib. Soylu bəyin haqqında çox danışmaq olar. Mən onun o qədər gözəl xüsusiyyətlərini deyərəm ki. Gözəl, sadə insandır, insana qiymət verəndir, intellektual səviyyəsi çox yüksəkdir, mədənidir, güclü ruhani enerjisi var. İçində sanki 30 yaşındakı gəncin enerjisi, gücü, qüvvəti var. Ona görədir Ocaq yaşayır. Ona görə biz ona bir qardaş kimi söykənirik, bizim inkişafımızda onun çox böyük rolu var. Can sağlığı, uzun ömür arzulayıram. Bir bacı kimi bağrıma basıram.
Atamız Var olsun!

Ömürtay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mən Ocağa gəlməmişdən öncə hansı halda olmuşam, onu demək istəyirəm. Soylu bəylə necə tanış olmuşam? – 35 yaşıma çatanda məndə bir mənəvi böhran yarandı. Özünütanıma, kimliyini dərk eləmə tələbi baş qaldırdı. Bir çox fəlsəfələri oxudum, həyatla tutuşdurdum. Elə fəlsəfələr var ki, insanı bir yerə qədər gətirir. Görürsən ki, orda qalır, dayanır. Daha dərinliklər axtarırsan. Bu axtarışlarla sosial şəbəkələrdə Asif Atanın yazılarını izləyirdim. Bu məndə dərin bir hal yaradırdı. Elə oldu ki, feysbuk üzərindən Soylu bəylə əlaqə yaratdım. Çox mehriban, çox xoş, səmimi qarşıladı. Bu məndə çox gözəl hal yaratdı. Bizim münasibətimiz başladı. Çox deyil dörd ildir, bu münasibət başlayıb. Mən Atanın kitablarını oxudum. Soylu bəyə dedim ki, mən bu prinsipləri real həyatımda yaşamaq istəyirəm. O da sağ olsun, məni Ocağa qəbul elədi. Bu mənim üçün çox böyük şərəfdir. Ocaqda çox gözəl insanlar var. Mənim üçün çox gözəl bir yerdir, arzuladığımız cəmiyyətin kiçik bir modelidir. Biz də çalışırıq Atanın ideyaları ilə yaşayaq. İçimizdə də bu var. Ümid edirəm ki, bundan da gözəl işlər görəcəyik.
Atamız Var olsun!
Kamran Məmmədli: Mənim iki sualım var. Biri doğa ilə bağlıdır. Asif Ata deyir ki, biz türk olaraq birləşməliyik, özümüzə dönməliyik. Mən doğanı öz yaşamımda önəmsəyirəm, mən doğaya çox bağlıyam. Düşünürəm ki, türk də doğanı yaşamalı, hiss etməlidir. Türkün özünə dönüşündə Asif Atanın konsepsiyasında doğanın yeri nədir?
Soylu Atalı: Doğa böyük məsələdir. Türkün özünün Göytanrıçılıq baxışı olub. Göytanrıçılıq baxışının özülündə panteizm dayanır. Yəni təbiətə münasibət, təbiətin özünün ilahi qəbul olunması. Burada türkün təbiətə bağlılığı var. Tanrı-Türk-Təbiət bağlılığı, belə bir üç anlayışın vəhdəti var. Bütün üçlüklər türkün Göytanrıçılıq prinsiplərindən qaynaqlanırdı – xristianlıqdakı “troitsya”, sufilərin yolundakı üçlük i.a. Mən bununla bağlı daha geniş yazmışam. Ancaq Asif Ata panteist deyil. Məsələn, Nəsimi panteist idi, Hürufilər. Onları islamçı sayırdılar, ancaq onlar panteist idilər. Göytanrıçılığın uzantısı idi hürufilik. Özü deyildi, uzantısı idi. Asif Ata təbiətin özünün ilahi qəbul olunmasını doğru saymır. Asif Ata deyir, təbiətin özü Mütləq deyil, Mütləqin təzahürüdür. Təbiətin özündə özündən yüksək bir uyum, nizam var, Dünyalıq adlı mahiyyət var. Asif Ata üçün Mütləq olan odur. Burada sadəcə olaraq qəbul etmədiyi təbiətin ilahiləşdirilməsidir. Ancaq təbiətə bağlılıq Atada ən yüksək səviyyədə var. Bununla belə təbiəti insanüstü götürmək olmaz. İnsan mərkəzdə olmalıdır. İnsan daxilində mütləq gəzdirən ruhani varlıqdır. Asif Ata insana belə tərif verir. Bu baxımdan insanla doğa arasında bir bağlılıq var. İnsan ruhani baxımdan, mənəvi baxımdan təbiətdən üstün olsa da, bütün gerçək varlığıyla təbiətin bir parçasıdır. İnsan özü təbiətin bir parçası olduğuna görə təbiətə qarşı münasibətdə ögey olmamalıdır. Nəinki ögey olmamalıdır ona qarşı olduqca diqqətli, həssas olmalıdır. Biz belə olsaq öz varlığımızı, mövcudluğumuzu sürdürə bilərik. Bu zaman biz özümüz təbiərlə münasibətdə həm sağlamlığımızı, həm də insani düşüncələrimizi qorumuş ola bilərik.
Nə yazıqlar ki, Doğaya münasibət qırağa çıxdı, uçdu, dağıldı. Türkün Göytanrıçılığı ərəbin Allahçılığına yenildi. Ondan sonra təbiət də öldü. BMT-nin tərkibində ekologiya məsələləri ilə bağlı böyük bir qurum var. Ekologiya məhv olur, beş ildə bir dəfə toplaşıb müzakirə edirlər. Bu boyda nüvə silahı istehsal edirlər. O qurum nüvə silahının qarşısını almır. Ya da başqa kimyəvi silahların qarşısını almır. Dağıntıların qarşısını almır. Sadəcə olaraq gözə kül üfürür. Dünyanın ağaları, gücləri istədiyini eləyir. Yerdə qalanlara da deyir ki, gəlin təbiəti qoruyaq. Mən Azərbaycan olaraq təbiəti dağıtmıram ki. Erməni üstümə gələndə güllə atmışam o qədər.
Bu baxımdan türkün təbiətə münasibəti Asif Atada bərpa olunur. Bu çox ciddi məsələdir.
Kamran bəy: Oxuduğum qədər Asif Atanın kapitalizmə münasibəti tənqididir. Ekonomik yaşam türkün həyatında necə düşünülür?
Soylu Atalı: Atanın “Ruhani dövlət” modeli var. Orada bütün məsələlərin hamısı öz həllini tapır. Onun hamısını vaxt baxımından burada deyə bilmirəm. Bunu ayrıca çay süfrəsində müzakirə edə bilərik. Bir məqama baxışını çəkmək istəyirəm. Atanın fəlsəfəsinin canı,bayaq dedim, insanı mərkəzə qoyur. İnsanı mərkəzə qoymaq nə deməkdir? – İnsan həm də mövcudluğunu sürdürməlidir. İnsan mövcudluğunu sürdürəcəksə burada iqtisadi mövqe də olmalıdır. Bunsuz insan var olmur. Doğrudur, Atanın minimal iqtisadiyyat anlayışı da var, bunu təklif edir. Hamısı var, ancaq başlıca olaraq bütün ekonomik sorunların hamısı insansızlıq bəlalarıdır. İnsanın özündən ayrılmasıdır. İnsanı qaldır, ayaq üstə qoy, özü olsun. İnsanlığı bəşəriyyət üçün ölçüyə çevir, – İnsanlıq bütün sosial sorunların hamısını yoluna qoyacaq. Yəni bütün sorunların əsasında insan durur. Ədalət yoxdur, çünkü İnsanlıq çöküb. Asif Ata çökəni qaldırır. Sonralar insan özü həll edəcək. Mən necə həll edim, – gərək içimdə ədaləti yaradım, dirildim ki, iqtisadi, sosial problemləri həll edim. Ədalətsizliyi sosial durumları insan ortadan qaldıra bilər. Oyunları başqa cür ortadan qaldırmaq olmaz. Bundan ötrü də Asif Ata Ruhani dövlət modeli verir. İstər iqtisadi, istər dövlət strukturları hamısı o modelin içində var. Ancaq iqtisadiyyatın işlənəsi infrastrukturları var, o Asif Atanın işi deyil. Onu iqtisadiyyatçılar işləyəcəklər. Asif Atanın ideyaları əsasında. Bunların hamısının yolu, yönü var.
Burada xalqımıza ərk edib bir çağırışda da bulunmaq istəyirəm. Nə qədər ki, Asif Ataya münasibətimə ağız büzürsən, sən xalq olmayacaqsan. Çünkü Asif Ataya münasibət İnsanlığa yanaşmanın simvoludur, ölçüsüdür. Sən bəşər övladı öz evində it pişik saxlayırsan, çimizdirirsən, darayırsan, ona ən yaxşı yemək verirsən, qucaqlaşıb yatırsan. Az qala onun ayağını, pəncəsini öpürsən, başını, bədənini öpürsən. Ancaq insana münasibətə gələndə hamınız ağız əyirsiniz. Asif Ata İnsanlığın, insani münasibətin simvoludur. Niyə insana münasibətə gələndə hamınız addımı yan qoyursunuz, ağzınızı əyirsiniz, belə olanda sən xalq ola bilməzsən. Bu eqoizm, yekəxanalıq, özünü tanımazlıq hardandır, hara qədərdir, niyədi?! – Düşünmək gərəkdir.
Böyüklüyə səcdə etmək böyüklərin işidir, böyüyənin işidir, sağlam ürəklərin işidir. Sağlam ürəklər böyüklüyə səcdə qılır. Kibirli, balaca ürəklər səcdəli münasibət bəsləyə bilməz. Özünün eqoizmi buna imkan verməz, “mən də varam”ı buna imkan verməz. İllər sonra anladım ki, Asif Ataya münasibət məni özümə qaldırır, özümə yüksəldir. Məni özümlə bir edir. Səni özü edənə səcdəli münasibət bəsləyirsən. Sənin özünə doğru yolunu açır, buna necə biganə qala bilərsən?! Baxın, bizim Nəsimiyə, Nəimiyə səcdəli münasibətimizin olmadığına görə bu gündəyik. Babəkə səcdəli münasibətimiz olmadığına görə bu günə qaldıq. Onların varlığı xalqımızın mahiyyətini özündə təcəssüm etdirir. Nəinki təcəssüm etdirir, yaşadır. Onlara ögey münasibət mahiyyətimizə ögey münasibətdir.
Sən insanı sevə bilmirsən. Çünkü heyvan sənin ömrünün içinə girib. Sənin varlığına hakim olub. Heyvanın heyvan yeri var, ona yanaşmağın öz yeri var. İtin, pişiyin yalını qabağına qoy. Ancaq sənin itinə, pişiyinə aldığın yemi mən evimə ala bilmirəm. Hamısı nədən qaynaqlanır, – insana münasibətin əyilməsindən, qırılmasından, yoxa çıxmasından. İnsana sevgi gərəkdir. Bu gün bütün dünya bu gündədir. İnsan düşüb, düşürülüb. Özünə, mənəviliyə, İnsanlığa inam olmadığı üçün bu günə düşüb. Kim qurtaracaq bunu?!… Sağ olun, bu gün mənim haqımda xoş sözlər deyirsiniz. Ancaq mən illər öncə Asif Atanı tapmasaydım bu olmayacaqdı. Onun çağrışını eşitdim. Asif Atanın çağırışı budur: İnsanlaşın, İnsanlaşdırın! – Bəşərin qurtuluşu İnsnlaşmaqdadır! Sən İnsanlaşsan heyvan sevgin, təbiət sevgin, İnsan sevgin – hamısı yerində olacaq. İnsan öz mahiyyətinə üz tutarsa, insan sevgisi yaranarsa bütün münasibətlər doğrulur. Xalqa, dövlətə, millətə, qonşuya, – hər şeyə münasibət doğrulacaq. Hamısının başında bir məsələ dayanır – İnsanlaşma, özünə dönüş…
Atamızın Bayrağını öpürəm. Bu bayraq İnsanlığın, əxlaqın, mənəviyyatın bayrağıdır, idrakın bayrağıdır, xəlqiliyin bayrağıdır, bəşəriliyin bayrağıdır. İnanmıram ki, ağlı başında olan bəşər övladı buna qarşı söz deyə bilsin. Bununla da bu günkü toplantımızı başa çatdırırıq. Var olun.
Qar Ayı, 47-ci il.





