İnsan özüylə barışanda, kifayətlənəndə günaha batır.
Yırtıcılığıyla barışır – günaha batır!
Zorakılığıyla barışır – günaha batır!
Zəlilliyiylə barışır – günaha batır!
Qəddarlığıyla barışır – günaha batır!
Şöhrətpərəstliyiylə barışır – günaha batır!
Süniliyiylə barışır – günaha batır!
İnamsızlığıyla barışır – günaha batır!
Nankorluğuyla barışır – günaha batır!
Bədxahlığıyla barışır – günaha batır!
Qorxuyla barışır – günaha batır!
Müxənnətliklə barışır – günaha batır!
Məhəbbətsizliklə barışır – günaha batır!
İlqarsızlığıyla barışır – günaha batır!
Qibtəsiylə barışır – günaha batır!
Ədalətsizliyiylə barışır – günaha batır!
Ətalətiylə barışır – günaha batır!
İşrətsevərliyiylə barışır – günaha batır!
Naşılığıyla barışır – günaha batır!
İmtina olmayan yerdə insan günaha batır!
Çünki həyatda insan nöqsanlıdır, naqisdir, qarışıqdır, natamdır. Bu səbəbdən də o,öz daxili dünyasıyla döyüşməli olur. Saflıq həmin döyüşün nəticəsi kimi meydana çıxır. İnsan qəlbindən, düşüncəsindən, əməllərindən günahı silməyə çalışır. Ancaq həyatda bu döyüş saflığın tam qələbəsiylə bitmir, günah həyatdan silinmir.
Həyatda saflıq həmişə nisbi səciyyə daşıyır. Bu səbəbdən də onu tam saflıq adlandırmaq olmaz. Bu nöqteyi-nəzərdən, yaşamaq – hardasa günah işlətmək deməkdir.
Həyat nisbi saflıqla barışdığından, insan həyatı günahkar həyat olur.
Çünki kiçik günah da əslində günahdır, kiçik xəyanət də xəyanətdir, kiçik nankorluq da nankorluqdur, kiçik yalan da yalandır, kiçik sünilik də sünilikdir, kiçik həqarət də həqarətdir.
Saflıq bulağı çirk götürmür.
Həyat isə çirkdən azad deyil.
Bu səbəbdən də həyat saflıq bulağı yarada bilmir.
Saflıq – mütləq günahsızlıq tələb edir.
Həyatda isə yalnız nisbi günahsızlıq mövcud olur.
Bu səbəbdən də günahın çeşidləri sonsuzdur.
Övlad ana qarşısında günahkar ola bilər.
Şəxsiyyət xalq qarşısında günahkar olduğu kimi, haradasa xalq da şəxsiyyət qarşısında günahkar ola bilər.
Tələbə ustad qarşısında günahkar olduğu kimi, haradasa ustad da tələbə qarşısında günahkar ola bilər.
Müttəhim hakim qarşısında günahkar olduğu kimi, haradasa hakim də müttəhim qarşısında günahkar ola bilər.
Vətəndaş vətən qarşısında günahkar olduğu kimi, haradasa vətən də vətəndaş qarşısında günahkar ola bilər.
Cavan qoca qarşısında günahkar oluğu kimi, haradasa qoca da cavan qarşısında günahkar ola bilər.
Diri ölü qarşısında günahkar olduğu kimi, haradasa ölü də diri qarşısında günahkar ola bilər.
Uşaqlıqda insan anasını incidir – günaha batır, cavanlıqda həyanı unudur – günaha batır, yetkinlikdə həyata uyğunlaşır – günaha batır, qocalıqda – özünü günahkar saymır – günaha batır!
Saflığa can atan insan Həyatın məntiqini rəqq edir, Ali Həyatın məntiqini qəbul edir.
Bu səbəbdən də saflıq insanı həyatdan yüksəyə qaldırır. Ali Həyatın məntiqiylə yaşayan, özü üzərində qələbə çalan şəxs həyatdan böyük olur.




