Xəbərlər

Asif Ata. Gözəllik – Eybəcərlik

Həyatda tam, bütöv, Mütləq gözəllik yoxdur, həyatdakı gö­zəl­lik nöqsanlıdır, eybəcərlikdən xali deyil, eybəcərliklə yanaşı yaşayır, onunla döyüşür, lakin onu dünyadan həmişəlik poza bilmir.

Eybəcərlik həyatda demək olar ki, həmişə gözəlliyin üstünə kölgə salır, onun kamilliyinə xələl gətirir, ümumi ahəngini pozur.

Həyatdakı gözəllik demək olar ki, həmişə özündə eybəcərlik gəzdirir.

Bu səbəbdən də o, Mütləq Gözəllikdən aşağı olur, ona çatmır.

İnsanın cismani gözəlliyində naqislik özünü demək olar ki, həmişə göstərir.

Üzdə gözəlliklə yanaşı, qeyri-gözəllik, bədəndə gözəlliklə yanaşı, qeyri-gözəllik həmişə olur.

Digər tərəfdən, cismani gözəlliklə mənəvi gözəllik arasında tam uyğunluq səviyyəsinə həyat heç vaxt çatmır. Çox vaxt zahiri gözəlliyin arxasında daxili naqislik dayanır və əksinə, kamillik cismani naqisliklə birgə mövcud olur.

Bu cəhətdən, zahiri gözəllik bir çox hallarda daxili eybəcərliyi gizləyir.

Gözəl dodaq yalan danışmağı bacarar!

Gözəl bədən məkri, fitnəni, qəbahəti bəzəyə bilər!

Şəhla gözlərdə xəyanət qaranlığı gizlənə bilər!

Ceyran baxışlarda xudbinlik yaşaya bilər!

İncə əllər kobud əməllər törədə bilər!

Çiçək yanaqlarda riya gizlənə bilər.

Gözəl erkək – mənən çirkin kişi ola bilər.

Gözəl dişi – mənən çirkin qadın ola bilər.

Sərv boyun kölgəsində köləlik daldalana bilər.

Şahanə yerişin kölgəsində aldanış daldalana bilər.

Zərif çöhrə kobud qəlbi gizlədə bilər.

Cismani cazibədarlıq ruhaniliyə xidmət etdiyi qədər də maddiyyata xidmət edir.

Bir tərəfdən, cismani gözəllik vasitəsilə ruhani mahiyyət aşkara çıxır; biçim ahəngdarlığı, cazibədarlığı Mütləqin rəmzi səviyyəsinə yüksəlir.

Digər tərəfdən, son nəticədə cismani gözəllik cinsi əlaqə adlanan maddi hadisəyə xidmət edir.

Gözəllik heyrətləndirir, vəcdə gətirir, ilahiləşir, ancaq son nəticədə adiləşir.

Ən heyrətamiz üz sonradan, dünənki Aşiqin, dəlinin, vurğunun gözündə adi üzə çevrilir, heyrət tükənir.

Ən heyrətamiz baxış sonradan, dünənki Aşiqin, dəlinin, vurğunun gözündə adiləşir, heyrət tükənir.

Əfsanəvi məqamlar adiləşir, həsrət yanğısını vüsal suyu söndürür, cismanilik tədricən öz ruhani mənasını itirməyə başlayır.

İnsana elə gəlir ki, üz üzdən artıq, dodaq dodaqdan artıq,  göz  gözdən artıq bir şey deyil.

Əslində bu, həyatın böyük səhvlərindən biridir. Cismani gözəllik heç vaxt maddiyyat olaraq qalmır, o, özündə ruhanilik, müqəddəslik, Mütləqlik gəzdirir. Həyat bir həqiqəti sübut eləyir: gözəl olmayan ruhani ola bilər, gözəllik ruhaniliyin yeganə və tam ifadəsi deyil, o,  ruhanilikdən aşağıdır.

Gözəllik ruhaniliyin cazibədar ifadəsidir. Lakin öz daxili imkanları nöqteyi-nəzərindən o, ruhaniliyə bərabər deyil.

Ruhanilik gözəllikdə öz ifadəsini tapırsa da, gözəllik ruhaniliyə bərabər ola bilmir.

Gözəllik ruhanini ifadə edən maddiyyatdır.

O, ruhaniliyin ani vəziyyətidir, əbədi vəziyyəti deyil. Bu səbəbdən də gözəllik – dəyişkən, keçici, ölümlüdür.

Ən gözəl üz – qırışlarla örtülür, son nəticədə isə torpağa çevrilir, ən gözəl bədən – torpağa çevrilir.

Cismaninin ölümə məhkum olmasında maddiyyatın ruhani­lik imkanlarının məhdudluğu aşkara çıxır.

Ölüm məqamında cismani gözəlliyin natamamlığı, naqisliyi bilinir.

Gözəllik bir anlığa ruha məxsus olsa da, əslində ölümündür. Öz natamamlığına, naqisliyinə baxmayaraq, gözəllik həyatda eybəcərliklə daim vuruşur, ancaq bu vuruşmada eybəcərliyə tam qalib gələ bilmir, eybəcərliyi həyatdan qova bilmir.

İnsanın daxili aləmində ahəngdarlıq, rəvanlıqla yanaşı, qarışıqlıq, pozğunluq da yaşayır.

Birincini gözəllik, ikincini eybəcərlik yaradır.

Həyatda gözəllik eybəcərliklə vuruşur, ancaq həmin vuruşda tam qələbə çalmır, eybəcərliyi daxili aləmdən qovmaq olmur.

İnsani münasibətlərdə ahəngdarlıqla, rəvanlıqla yanaşı, qarı­şıqlıq, pozğunluq da yaşayır.

Birincini gözəllik, ikincini eybəcərlik yaradır.

Həyatda gözəllik eybəcərliklə vuruşur, ancaq bu vuruşda tam qələbə əldə etmir, eybəcərliyi insan münasibətlərindən  qovmaq olmur.

Cəmiyyətdə ahəngdarlıqla, rəvanlıqla yanaşı qarışıqlıq, pozğun­luq da yaşayır. Həyatda gözəllik eybəcərliklə vuruşur, ancaq bu vuruşda tam qələbə çala bilmir, eybəcərliyi cəmiyyət­dən qova bilmir.

İnsanın arzularında, niyyətlərində, istəklərində ahəngdar­lıqla, rəvanlıqla yanaşı qarışıqlıq, pozğunluq da yaşayır. Birincini gözəllik, ikincini eybəcərlik yaradır. Həyatda gözəllik eybəcərliklə vuruşur, lakin eybəcərliyin üzərində tam qələbə çala bilmir, eybəcərliyi insan istəklərindən  qova bilmir.

İdrakda ahəngdarlıqla, rəvanlıqla yanaşı, qarışıqlıq, poz­ğun­luq da yaşayır.

Birincini gözəllik, ikincini eybəcərlik yaradır. Həyatda gözəllik eybəcərliklə vuruşur, fəqət eybəcərliyi tam dəf edə bilmir, idrakdan qova bilmir.

İnsan həyatdakı eybəcərliyə qarşı sənət adlı gözəlliyi qoyur. Ancaq burada da eybəcərlik özünə yer tapır, sənət əsərlərinin çoxu kamil gözəllik səviyyəsinə qalxmır, bədiiyyata heyranlıq bir çox hallarda işə, əmələ, fəaliyyətə biganəlik yaradır, gözəlliyi tərənnüm edənlər həyatda eybəcərliyə qapılırlar. Bir sözlə, həyatın təsdiq etdiyi sənət gözəlliklə eybəcərliyin cəmindən ibarət olur,  Mütləq  Gözəlliyə çatmır.

Mütləq Gözəlliyə yalnız Ali Həyatın tələbi əsasında yaşayanlar çatır ki, onların sayı son dərəcə azdır.

Həyat gözəl ola bilmir, çünki eybəcərlikdən xilas ola bilmir.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir