Dünya var, həm də yoxdur, çünki dünyada yalnız nisbini görürsən, Mütləqi görmürsən, dünyanın dünyadan böyük mənası sənə yaddır, bü səbəbdən də əslində dünyasızsan!
İnsanlısan, həm də insansızsan, çünki insanda yalnız nisbini, keçicini, ölümlünü görürsən, Mütləqi, sonsuzu, əbədini görmürsən, insanın insandan böyük mənası sənə yaddır!
Vətənlisən, həm də Vətənsizsən, çünki Vətəndə nisbini görürsən, nisbinin arxasında duran Mütləq mahiyyəti görmürsən. Vətənin Vətəndən böyük mənasına yadsan!
Təbiətlisən, həm də təbiətsizsən, çünki təbiətdə yalnız nisbini, adini görürsən, onun Mütləq mahiyyətini görmürsən, təbiətin özündən böyük mənasına yadsan!
Atalısan, ancaq həm də atasızsan çünki atada nisbini görürsən, Mütləqin təzahürünü görmürsən, atanın atadan böyük mənası sənə yaddır!
Analısan, ancaq həm də anasızsan, çünki onda yalnız nisbini görürsən, Mütləqi görmürsən, ananın anadan böyük mənası sənə yaddır!
Övladlısan, ancaq həm də övladsızsan, çünki övladda Mütləq mahiyyəti görmürsən, nisbi əlamət görürsən, övladın övladdan böyük mənası sənə yaddır!
Məhəbbətlisən, həm də məhəbbətsizsən, çünki məhəbbətin Mütləq mahiyyətindən uzaqsan, nisbiliyinə aşinasan, məhəbbətin əsil mənası sənə yaddır!
Əməllisən, ancaq Amallı deyilsən, çünki əməlin Mütləq mahiyyətindən uzaqsan, əməlin özündən böyük mənası sənə yaddır!
Biliklisən, ancaq həqiqətli deyilsən, çünki idrakın nisbiliyinə tapınmısan, onun Mütləq mahiyyətindən uzaqsan.
Həyatın var, həm də yoxdur, çünki müqəddəslik duyğusundan məhrumsan, həyatın həyatdan böyük mənası sənə yaddır.
Dünyada Mütləq görmədiyin üçün dünyaya münasibətin də nisbilik səviyyəsində qalır.
Hörmətin var, heyrətin yoxdur; marağın var, sitayişin yoxdur; fərəhin var, ehtizazın yoxdur!
Vətəni adi sayırsan, bu səbəbdən də vətən üçün canından keçmirsən.
Amalı adi sayırsan, bu səbəbdən də fədailik ucalığına çatmırsan!
İdealı adi sayırsan, bu səbəbdən də ideal səviyyəsinə yüksəlmirsən!
Xalqı nisbi, keçici sayırsan, bu səbəbdən də xalq yolunda cəfakeşlik ülviyyətinə yadsan!
Bəşəri nisbi sayırsan, bu səbəbdən də bəşərə məhəbbətin nisbi olur.
Xeyiri nisbi sayırsan, onun Mütləq mənasını dərk etmirsən, bu səbəbdən də Xeyirə məhəbbətin nisbi olur.
Alidə adini görürsən, gözəldə çirkini görürsən, böyükdə kiçiyi görürsən, məlahətdə qəbahəti, kamillikdə naqisliyi, ucalıqda alçaqlığı, sədaqətdə xəyanəti, paklıqda riyakarlığı, mərdlikdə müxənnətliyi görürsən.
Əlamətdə dayanırsan, mahiyyətə varmırsan. Bilmirsən ki, bu adi, nisbi, nöqsanlı dünya əslində Mütləq, qeyri-adi, kamil mahiyyətin təzahürüdür; gördüyün hadisələrin, keyfiyyətlərin arxasında Mütləq məna dayanır. Bu səbəbdən də sənin nisbi, keçici, nöqsanlı saydığın dünya əslində Mütləq, əbədi və kamildir; o dərəcədə Mütləq, əbədi və kamildir ki, özündəki hadisələrin, keyfiyyətlərin heç birinə sığmır, hamısından artıqdır. Bu səbəbdən də inam şübhəni, heyrət tərəddüdü susdurmalıdır. Bu səbəbdən də Amal müqəddəsliyi yaranmalıdır.
Mütləqsiz – dünyanı görür, ancaq dünyanın arxasındakı müqəddəsliyi görmür, dünyaya müqəddəslik baxımından yanaşmır, gerçəkliyi mahiyyətə, Mütləqə yaxınlaşdırmağa cəhd göstərmir, nisbiylə məhdudlaşır, nisbidə nisbidən başqa heç nə görmür.
Bu səbəbdən də Mütləqsizin dünyası olmur.
Mütləqsiz üçün ağaclar cəmi var – meşə şeiriyyəti yoxdur, insan cəmi var – bəşər ülviyyəti yoxdur, əməl fəallığı var – Amal ülviyyəti yoxdur, həyat tərzi var – əqidə yoxdur, məkan var – vətən yoxdur.
Mütləqsiz özündəki Mütləqə yad olduğundan özüylə barışır, kifayətlənir.
Mütləqsiz əsil mənəviyyat tanımır, çünki Mütləq tanımır. O, daxili dünyasını təkmilləşdirməyə çalışmır, nisbini Mütləq səviyyəsinə qaldırmaq zərurətini duymur, Mütləqin tələbini eşitmir.
Mən Mütləq deyiləm, deməli, qismətimə qane olmalıyam, təbiətimə uyğun yaşamalıyam – deyir.
Paxılamsa, rəziləmsə, riyakaramsa, şəhvətpərəstəmsə, qorxağamsa – bu təbiidir, çünki Mütləq deyiləm, təbiət məni belə yaradıb.
Necə varamsa, özümə layiqəm, bərabərəm.
Dünyaya munasibətim nisbi olduğu kimi, özümə tələbim də nisbidir.
Özumdən Mütləq ləyaqət tələb etmirəm, nisbi ləyaqətlə kifayətlənirəm.
Özüm özümə, təbiətimə təslim oluram.
Təbiətim məni qəddarlığa, qatilliyə, əyyaşlığa sövq edirsə, bu xassələr təbiətimə uyğundursa, mən onlardan əl çəkməyə cəhd göstərmərəm, çünki Mütləq tələbi qəbul etmirəm, Mütləqə inanmıram.
Mən təbiətimə inanıram, onun tələbini ödəyirəm.
Əgər mənim mənəvi dünyamda Mütləq yoxsa, deməli Xeyir ilə Şər arasında da elə bir xüsusi fərq yoxdur. Xeyir hardasa elə Şərdir, Şər haradasa elə Xeyirdir.
Bu səbəbdən də mənfi keyfiyyətləri qəti şəkildə ittiham etmək olmaz.
Xəyanətkaram, çünki Mütləq deyiləm!
Riyakaram, çünki Mütləq deyiləm!
Vicdansızam, çünki Mütləq deyiləm!
Qeyrətsizəm, çünki Mütləq deyiləm!
Məkrliyəm, çünki Mütləq deyiləm!
İnsanam – özümə bərabərəm.
(Bu, Mütləqsizin böyük səhvlərindən biridir. İnsan Mahiyyət etibariylə özünə yox, Mütləqə bərabər olmalıdır).
Mütləqsiz insan yetimdir, köməksizdir. Onun çətin gündə əlindən tutan, məsləhət verən, düz yola çağıran, qanadlandıran arxası, dayağı yoxdur.
Ona nisbi ağıl məsləhət verir bə bu, səhv olur.
Ona nisbi iradə gərək olur, ancaq o, insanı dərddən qurtara bilmir.
O, nisbi gücə sığınır, ancaq həmin güc insanı bəlalardan xilas etmir.
O, nisbi duyğuların əmrinə tabe olur və yolunu azır, cəhalət bataqlığına düşür.
Mütləqi unudanda insan heç vaxt özü bərabərində, özü qüdrətində, özü qabiliyyətində olmur. Həyat insandan Mütləq Qüdrət tələb edir, nisbi qüdrətlə həyatda ləyaqəti təsdiq etmək olmaz.
Əsil mənəvi imtahan – Mütləq ruhani qüvvə tələb edir, nisbi qüvvəylə bu imtahandan çıxmaq olmaz.
Əsil döyüş – Mütləq rəşadət tələb edir. Nisbi rəşadətlə qələbə qazanmaq olmaz.
Amal – Mütləq özündənkeçmə, fədailik tələb edir. Nisbi fədakarlıqla Amala xidmət etmək olmaz.
Məhəbbət – Mütləq ruhani vəhdət tələb edir. Nisbi ruhani vəhdətlə Aşiqlik zirvəsinə çatmaq olmaz.
Qəhrəmanlıq – Mütləq dözüm, Mütləq əzabkeşlik, Mütləq qorxmazlıq tələb edir, nisbi məziyyətlərlə qəhrəmanlıq yüksəkliyinə qalxmaq olmaz.
Paklıq – Mütləq imtina tələb edir, nisbi imtinayla paklıq müqəddəsliyinə yetmək olmaz.
Əqidə – Mütləq inam tələb edir. Nisbi inamla əqidəçi olmaq mümkün deyil.
Mütləqsiz yaşayanlar – yaşamırlar.
Mütləqsiz dünya – yaşamayanların dünyasıdır.




