Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. Müqəddəslik – Hərcayilik

Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir.
Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir.
Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur.
Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır.
O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyat­dan böyük mənasını qiymətləndirmə meylinin və həyata həya­tın gözüylə baxmaq həvəsinin – hər ikisinə özünü təsdiq imkanı verir.
Bəşər – müqəddəsdir, çünki insanlığın ruhani mahiyyətində həyata sığmayan, ondan kənara çıxan, yüksəyə qalxan Mütləq Xeyir, Gözəllik, Kamillik yaşayır.
Eyni zamanda, bəşərə adi varlıqların cəmi kimi də baxmaq olar və həmin baxış həyatın ümumi məntiqinə zidd gəlməz. Çünki bəşər gerçəklikdə öz müqəddəs mahiyyətini naqis, nisbi, qeyri-kamil biçimdə aşkara çıxarır. Buna görə də hərcayilik öz qiymətinə haqq qazandırmağı bacarır.
Hərcayilik deyə bilər ki, müqəddəs sayılan bəşər naşılıqdan, zəlillikdən, aldanışdan, xəbislikdən xali deyil, həm də bəşər övladı  keçicidir, ölümlüdür. Bu səbəbdən də ona adi bir hadisə kimi baxmaq lazımdır.
Hərcayilik nəzərə almır, anlamır ki, bəşərin mahiyyəti təza­hü­ründən böyükdür, yüksəkdir, artıqdır, bu səbəbdən də onu təzahür çərçivəsində qiymətləndirmək olmaz, o, göründü­yündən, bilindiyindən, dərk ediləndən fərqlidir.
Müqəddəslik mahiyyətə varır, hərcayilik təzahürdə qalır.
Həyat müqəddəsliklə hərcayilik arasında gedən mübahisədə müqəddəsliyə üstünlük verir.
Bu, həyata üzəvari genişlik gətirirsə də, əslində onu hərcayi­liyin mahiyyətindən xilas etmir, əksinə, həmin məhdudiyyəti qoruyan qüvvəyə çevirir.
Müqəddəslik hərcayiliyi həyatdan qova bilmir, çünki əslində hərcayiliyin arxasında həyatın özü durur.
Amal müqəddəsdir, çünki öz mahiyyəti etibarilə əbədi, sonsuz və kamildir, həyatdan artıqdır, yüksəkdir və böyükdür.
Hərcayilik Amala – həyatda təzahür edən, aşkara çıxan əməl­lər baxımından yanaşır, onlarda naqislik, keçicilik, qeyri-kamillik gördüyündən, Amalda da onları görür və Amalın Mütləq mənasını qavraya bilmir.
Müqəddəslik hərcayiliklə döyüşür, ancaq hərcayiliyə tam qələbə çala bilmir. Çünki bu naşılığın arxasında həyatın özü dayanır, bu naşılığı əslində həyatın özü qoruyur.
Beləliklə də Amal müqəddəsliyi hərcayilik vasitəsiylə əməl adiliyinə endirilir.
Müqəddəslik hərcayiliklə döyüşür, ancaq hərcayiliyə tam qələbə çala bilmir, çünki hərcayilik həyata yaxın, uyğun olduğu üçün həyatda həmişə özünə yer tapır.
Xeyir – müqəddəsdir, çünki Mütləq mənada kamil, əbədi və sonsuzdur.
Lakin hərcayilik Xeyirin həyatdakı nisbi, nöqsanlı, keçici təzahürləriylə kifayətləndiyindən, barışdığından, əlamətə pər­çim­lənib mahiyyətə çata bilmədiyindən – Xeyiri müqəddəs say­mır, ona bəsit nəzərlərlə baxır.
Müqəddəslik hərcayiliklə döyüşürsə də, hərcayiliyi həyat­dan itirə bilmir, çünki həyat bunu istəmir.
Çünki həyat müqəddəsliyə düşmən olmasa da, hərcayiliyə də yaxındır. Müqəddəslik həyata gərginlik gətirir, ona təsir göstərir, onun naqisliyiylə barışmır. Bu baxımdan, müqəd­dəslik həyatın istəkli övladı ola bilmir.
Hərcayilik isə həyatla həmahəng yaşayır, onu bütünlüklə qəbul edir, onun axarında, ahəngində itir, bu səbəbdən də həyatın xoşuna gəlir.
Müqəddəslik hərcayiliklə döyüşürsə də, onu həyatdan qova bilmir, çünki bunu həyat özü istəmir.
Mütləq Müqəddəsdir, çünki mahiyyətdir, ruhanidir, sığmaz­dır.
Hərcayilik Mütləqin özünü dərk edə bilmir, o, Mütləqin həyatda nisbi təzahürləriylə rastlaşır, onları Mütləq sayır və bu səbəbdən Mütləqin müqəddəsliyini qəbul etmir. Müqəddəslik hərcayiliklə döyüşür, ancaq hərcayiliyi həyatdan qova bilmir, çünki həyat özü bunu istəmir.
İnam müqəddəsdir, çünki Mütləq mahiyyətə, mənaya malik­dir. Hərcayilik İnamın həyatdakı nisbi, naqis, yarıinam, yarı­şübhə təzahürləriylə qarşılaşır, onları İnam sayır, əlaməti mahiy­yət hesab edir və bu səbəbdən də İnamın müqəddəsliyini inkar edir. Müqəddəslik hərcayiliklə döyüşür, İnamın Mütləq mahiyyətini təsdiq edir, ancaq hərcayiliyi həyatdan qova bilmir, çünki həyat özü bunu istəmir.
Vətən – müqəddəsdir, çünki Mütləq, əbədi, kamil, sonsuz mənaya malikdir.
Hərcayilik vətənlə daim təmasda olsa da, adiliyin arxasında dayanan qeyri-adiliyi görmür, Vətən onun gözündə adiləşir, hərcayilikdə Vətən müqəddəsliyi itir. Müqəddəslik hərcayiliklə mübarizə aparır, ancaq bu mübarizədə tam qələbəyə nail olmur, hərcayilik məğlub olmur, çünki həyat hərcayiliyə havadarlıq eləyir.
Məhəbbət – müqəddəsdir, çünki əbədi, sonsuz və kamil mənaya malikdir. Hərcayilik məhəbbətin yarımçıq, natam, qeyri-kamil nişanələriylə, əlamətləriylə məhdudlaşdığından, onun müqəddəsliyini təsdiq etmir. Müqəddəslik hərcayiliklə vuruşur, ancaq hərcayiliyi həyatdan qova bilmir, çünki həyat  hərcayiliyin tərəfini saxlayır.
Analıq – müqəddəsdir, çünki əbədi, kamil, sonsuz mənaya malikdir. Hərcayilik bu mənanı duymur, o, analığın keçicili­yini, ölümlüyünü, qeyri-kamilliyini görür və müqəddəs­liyini inkar edir. Müqəddəslik hərcayiliklə döyüşür, fəqət bu döyüşdə o, istəyinə nail olmur, hərcayilik həyatı tərk etmir, çünki həyat özü bunu istəmir.
Atalıq – müqəddəsdir, çünki əbədi, kamil, sonsuz mənaya malikdir. Hərcayilik isə həyatda atalığın natam, naqis, qeyri-kamil təzahürüylə məhdudlaşdığından, onun müqəddəsliyini danır. Müqəddəslik hərcayiliklə döyüşür, ancaq hərcayiliyi həyatdan qopara bilmir, çünki həyat hərcayiliyi qoruyur.
Fədakarlıq – müqəddəsdir, çünki özündə əbədi, sonsuz, kamil məna daşıyır. Ancaq hərcayilik “yaşamaq hər şeydir” iddiasına əsaslanaraq, fədakarlığın müqəddəsliyini inkar edir, özünümühafizəni özündən keçməkdən yüksək sayır. Müqəd­dəslik hərcayiliklə döyüşür, ancaq döyüşün nəticəsi Mütləq olmur, hərcayilik ölmür, çünki həyat onu hifz edir.
Vicdan – müqəddəsdir, çünki əbədi, kamil, sonsuz mahiy­yətə malikdir. Hərcayilik isə vicdanın həyatda nisbi, nöqsanlı, natam təzahürüylə məhdudlaşdığından, onun müqəddəsliyinə inanmır. Müqəddəslik hərcayiliklə döyüşür, ancaq bu döyüş istənilən nəticəni vermir, çünki həyat hərcayiliyə kömək eləyir.
Ruhanilik – müqəddəsdir, çünki Mütləq mənada əbədi, sonsuz, kamildir.
Hərcayilik həyatda ruhaniliyin nöqsanlı, zəif, natam, qeyri-kamil təzahürüylə məhdudlaşdığından, onun müqəddəsliyini inkar edir. Müqəddəslik hərcayiliklə döyüşür, ancaq həmin döyüşün qələbəsi Mütləq səciyyə daşımır, hərcayilik ölmür, çünki həyat tərəfindən istənilir.
Hərcayilik həm də müqəddəsliyi öz səviyyəsinə uyğunlaş­dır­mağa, öz mənafeyinə tabe etməyə, mənimsəməyə cəhd göstərir.
Mütləq uğrunda döyüş pərdəsi altında – fatehlik mənfəəti həyata keçir.
Amal uğrunda döyüş pərdəsi altında müstəbidlik mənfəəti həyata keçir.
Vətən uğrunda döyüş pərdəsi altında hakimlik mənfəəti həyata keçir.
Vicdan uğrunda döyüş pərdəsi altında mənəvi əsarət qəbahəti həyata keçir.
Fədakarlıq pərdəsi altında şöhrətpərəstlik mənfəəti həyata keçir.
Əlamətə qapılıb qalan, mahiyyəti dərk etməyən, ona çatmayan hərcayilik “Müqəddəslik yoxdur!” – deyə bağırır.
“Qəhrəmanlıq yoxdur, yalnız şəxsin özünütəsdiq ehtirası var!” – deyir.
Məhəbbət yoxdur, yalnız nəşə qılığı var! – deyir.
Xeyir yoxdur, yalnız təmənna var! – deyir.
Ruhanilik yoxdur, yalnız maddi fayda var! – deyir.
Ülviyyət yoxdur, yalnız mənafe toqquşması var! – deyir.
Dostluq yoxdur, oyun var! – deyir.
İnam yoxdur, zor var! – deyir.
Mərdlik yoxdur, yırtıcılıq var! – deyir.
Hərcayiliyin gözü müqəddəsliyi görmür.
Hərcayiliyin gördüyü dünya müqəddəsliyini itirmiş dünya olur.
Həyatın antimüqəddəslik dövrü, zamanı, məqamı olur. Bu vaxt o, antihəyat səviyyəsinə enir. Ancaq gec-tez müqəddəslik yenə də həyatda bərqərar olur. Çünki hərcayiliyi qoruyan həyat müqəddəssiz də keçinə bilmir.
Birinci – onu cismaniylə, nisbiylə, ikinci – ruhaniylə, Mütləqlə bağlayır.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir