Həyatda Xeyirlə Şər yanaşı yaşayır, bir-biri ilə döyüşür, lakin biri digərini məğlub edə bilmir, həyat Xeyiri Şərin qalibi etmir, düşməni edir.
Xeyir Şəri həyatdan silmək istəyir, silə bilmir. Şər bəzən geri çəkilsə də, ölmür, itmir, yenidən meydana atılır, öz fəaliyyətini davam etdirir.
Şər yalnız Ali Həyatda tam məğlub olur, həyatda isə o, başlıca keyfiyyət rolu oynayır. Həm də burada İnsan Xeyiri təsdiq etmək üçün bir çox hallarda Şərə arxalanır, Xeyirə Şər vasitəsi ilə nail olur və bu dəhşətli dərəcədə yanlış yol olsa da, həyat onu haqq sayır və qəbul edir.
Bir sözlə, həyatda dünya Xeyirə məxsus olmur, o öz qoynunda həm Xeyirə, həm də Şərə yer verir. Bu səbəbdən də Xeyir Şərlə toqquşmalı olur, lakin bu toqquşmada Şər ölmür, yaşayır. Şəri həyatdan silirlər, o silinmir. Şər ağacının köklərini həyat həmişə hifz edir. Bu baxımdan, Şərsiz həyat yoxdur. Eyni zamanda, Xeyirsiz də həyat yoxdur.
Həyat – Xeyirlə Şərin qoşa mövcudluğu və döyüşüdür. Həyat zülm adlanan Şərə öz qoynunda yer verir. Həyat həm də ədalət adlanan Xeyirə öz qoynunda yer verir, onları döyüşdürür.
Ancaq bu döyüşdə ədalət tam qələbə əldə etmir, zülmü həyatdan silmək mümkün olmur.
Həyat xəbislik adlanan Şərə öz qoynunda yer verir. O, həm də munislik adlanan Xeyirə öz qoynunda yer verir, həyatda munislik xəbisliklə döyüşür, ancaq bu döyüşdə o, tam qələbə əldə etmir, xəbisliyi dünyadan silmək mümkün olmur.
Həyat fitnə adlanan Şərə qoynunda yer verir. O, həm də Qüdsiyyət adlanan Xeyirə öz qoynunda yer verir. Həyatda qüdsiyyət fitnə ilə döyüşür, fəqət bu döyüş qüdsiyyətin tam qələbəsi ilə qurtarmır, fitnəni həyatdan silmək mümkün olmur.
Həyat Məkr adlanan Şərə qoynunda yer verir. Həyat həm də Mərdlik adlanan Xeyirə öz qoynunda yer verir. Həyatda mərdlik məkrlə döyüşür, fəqət bu döyüş mərdliyin tam qələbəsi ilə qurtarmır, məkri həyatdan silmək mümkün olmur.
Həyat xəyanət adlanan Şərə qoynunda yer verir. Həyat həm də Sədaqət adlanan Xeyirə öz qoynunda yer verir. Həyatda sədaqət xəyanətlə döyüşür, fəqət bu döyüş sədaqətin tam qələbəsi ilə nəticələnmir, xəyanəti həyatdan silmək mümkün olmur.
Həyat Cinayət adlanan Şərə qoynunda yer verir. Həyat həm də Vicdan adlanan Xeyirə öz qoynunda yer verir. Həyatda vicdan cinayətlə döyüşür, fəqət bu döyüş vicdanın tam qələbəsi ilə qurtarmır, cinayəti həyatdan silmək mümkün olmur.
Həyat Cəlladlıq adlanan Şərə öz qoynunda yer verir. Həyat həm də Məhəbbət adlanan Xeyirə öz qoynunda yer verir. Həyatda məhəbbət cəlladlıqla döyüşür, ancaq bu döyüş məhəbbətin tam qələbəsi ilə başa çatmır, cəlladlığı həyatdan silmək mümkün olmur.
Həyat sünilik adlanan Şərə öz qoynunda yer verir. Həyat həm də Təbiilik adlanan Xeyirə öz qoynunda yer verir. Həyatda təbiilik süniliklə döyüşür, ancaq bu döyüş təbiiliyin tam qələbəsiylə qurtarmır, süniliyi həyatdan silmək mümkün olmur.
Həyat Riya adlanan Şərə öz qoynunda yer verir. Həyat həm də Həya adlanan Xeyirə öz qoynunda yer verir. Həyatda həya riyayla döyüşür, fəqət bu döyüş həyanın tam qələbəsiylə başa çatmır, riyanı həyatdan silmək mümkün olmur.
Həyat Həqarət adlı Şərə öz qoynunda yer verir. Həyat həm də Şərafət adlı Xeyirə öz qoynunda yer verir. Həyatda Şərafət həqarətlə döyüşür, ancaq bu döyüş şərafətin tam qələləbəsiylə qurtarmır, həqarəti həyatdan silmək mümkün olmur.
Həyat İnamsızlıq adlı Şərə öz qoynunda yer verir. Həyat həm də İnam adlı Xeyirə öz qoynunda yer verir. Həyatda inam inamsızlıqla döyüşür, lakin bu döyüş inamın tam qələbəsiylə nəticələnmir, inamsızlığı həyatdan silmək mümkün olmur.
Həyat Əsarət adlı Şərə öz qoynunda yer verir. Həyat həm də Azadlıq adlı xeyirə öz qoynunda yer verir. Həyatda azadlıq əsarətlə döyüşür, ancaq bu döyüş azadlığın tam qələbəsiylə qurtarmır, əsarəti həyatdan silmək mümkün olmur.
Həyat Düşmənçilik adlanan Şərə öz qoynunda yer verir. Həyat həm də Dostluq adlanan Xeyirə öz qoynunda yer verir. Həyatda dostluq düşmənçiliklə döyüşür, ancaq bu döyüş dostluğun tam qələbəsiylə bitmir, düşmənçiliyi həyatdan silmək mümkün olmur.
Həyat Ölüm adlı Şərə öz qoynunda yer verir. Həyat həm də Doğuluş adlı Xeyirə öz qoynunda yer verir. Həyatda doğuluş ölümlə vuruşur, ancaq bu vuruş doğuluşun tam qələbəsiylə nəticələnmir, ölümü həyatdan silmək mümkün olmur.
Həyat Xeyirin Şər vasitəsiylə təsdiq olunmasına dözür, bunu Şər saymır, Xeyir sayır.
Xeyir naminə qan tökülür, göz çıxarılır, şəhərlər talan olunur, insan yırtıcılaşır, xəyanət, fitnə məkr, riya, həqarət seli aləmi bürüyür, ancaq bunu qəbahət saymırlar, yüksək əməl sayırlar, əslində isə burada Şər təsdiq olunur.
Ədalət naminə zülm – Şərdir.
Həya naminə riya – Şərdir.
Azadlıq naminə əsarət – Şərdir.
Sədaqət naminə xəyanət – Şərdir.
Şərafət naminə həqarət – Şərdir.
Dostluq naminə düşmənlik – Şərdir.
Təbiilik naminə sünilik – Şərdir.
İnam naminə inamsızlıq – Şərdir.
Məhəbbət naminə cəlladlıq – Şərdir.
Xeyiri yalnız xeyirlə təsdiq etmək olar.
Həyat bu həqiqəti dərk etmir.
Bu həqiqəti dərk etmək üçün o, Ali Həyat olmalıdır.
Həyat xeyirlidir və şərlidir, bu səbəbdən də o, nə Xeyirdir, nə də Şər.
Həyat Xeyir ola bilmir, çünki Şərdən azad ola bilmir.



