Can var, cəsəd var, əl var, göz var – ancaq insan yoxdur, çünki cana, cəsədə, ələ, gözə insandan kənar iradə hakim olub.
Can sənin deyil, çünki onun aqibəti özgə qüvvədən asılıdır; göz sənin deyil, çünki sən dünyaya öz gözünlə baxmırsan; əl sənin deyil, çünki əslində onu səndən kənardakı iradə işlədir.
Sən sən deyilsən, sən möhtəşəm iradənin təzahürüsən. Canın var, fəqət cansızsan; gözün var, fəqət gözsüzsən; varsan, fəqət yoxsan. Ağlın var, ürəyin var, ancaq özün yoxsan. Çünki ağlını, ürəyini əlindən alıblar; çünki dünyaya öz ağlınla yanaşmırsan, İradənin ağlıyla yanaşırsan; çünki duyğularını ifadə etmirsən, İradənin arzusunu ifadə edirsən. Öz insani iradən olsa da, əslində iradəsizsən, çünki taleyini İradəyə tapşırıblar.
Ömürlüsən, həm də ömürsüzsən. Çünki günlərini, aylarını İradənin sərəncamına vermisən.
Azad görünürsən, ancaq dünyadan hədsiz dərəcədə asılısan: dünya nemətləri səni sənin əlindən alıb.
Ruhlusan, ancaq bədənə qulluq edirsən, ruhsuzluq bəlasına düçar olmusan, bədənə çevrilmisən, bədəndən ibarət olmusan.
Gözəlliyi görmürsən, Xeyiri sevmirsən, çünki özündə deyilsən, maddiyyata pərçimlənmisən.
İnsanlısan, həm də insansızsan, çünki ürəyinin qapısını insanın üzünə bağlamısan, özündəki insanı itirmisən.
Danışırsan, fəqət danışmırsan, çünki yalana tapınmısan; sevinirsən, fəqət sevinmirsən, çünki yalana tapınmısan; qəmlənirsən, fəqət qəmlənmirsən, çünki yalana tapınmısan; sevirsən, fəqət sevmirsən, çünki yalana tapınmısan.
Dünya məhvərindən çıxır – barışırsan; qan tökülür – barışırsan; ləyaqət tapdanır – barışırsan; qəbahət dünyanı tutur – barışırsan, həyatın ahəngi pozulur – barışırsan. Çünki ruhani xislət kimi yoxsan.
Tərəqqi insan üçün yox, insan tərəqqi üçün olanda – Antihəyat yaranır!
İqtisadiyyat insan üçün yox, insan iqtisadiyyat üçün olanda – Antihəyat yaranır!
Maddiyyat inkişaf meyarına çevriləndə – Antihəyat yaranır..
Dövlət insana yox, insan dövlətə həsr olunanda – Antihəyat yaranır.
Hakimlik İnsana yox, İnsan hakimliyə həsr olunanda – Antihəyat yaranır.
Mənəviyyat yox, varidat seçiləndə, fərqlənəndə – Antihəyat yaranır.
İnsan istehsalatın adi ünsürü səviyyəsinə enəndə – Antihəyat yaranır.
İnsan məqsəd dağından vasitə biyabanına düşəndə – Antihəyat yaranır.
İnsan cəmdə itəndə, itiriləndə – Antihəyat yaranır.
Maddiyyata sitayiş bərqərar olanda – Antihəyat yaranır.
İnsan silki münasibətlər çərçivəsində qapılıb qalanda – Antihəyat yaranır.
İnsan inkişaf arabasına zorla qoşulanda – Antihəyat yaranır.
İnsan saxta həyata alışanda – Antihəyat yaranır.
İnsanlar arasında doğmalıq tükənəndə – Antihəyat yaranır.
İnsan ölümü heç kəsi sarsıtmayan yerdə – Antihəyat yaranır.
Kişi kişiyə, qadın qadına, cavan cavana, qoca qocaya bənzəməyən yerdə – Antihəyat yaşayır.
Dünyanın ahəngi zorla pozulan yerdə – Antihəyat yaranır.
İnsan öz naqisliyinə güvənən yerdə – Antihəyat yaranır…
Antihəyatda insan görünmür: maddiyyat, cismanilik, cəmiyyət, dövlət görünür, ancaq ruhani xilqət görünmür. Çünki Antihəyatda maddiyyat, çismanilik, cəmiyyət, dövlət insana istinad edib, insan üçün olduqlarını bəyan edirlərsə də, əslində özlərinə xidmət edirlər, vasitə əvəzinə məqsədə çevrilirlər, özlərini təsdiq edirlər.
Antihəyatda insan yad dünyada yaşayır, insansızlaşır.





