***
…Ata bizi çağırır, idealla görüşdürür. Biz idealla görüşdən heyrətə gəlirik. Heyrətdən bəzən göz yaşı əmələ gəlir, bəzən adam donub qalır, bəzən sevincin həddi olmur, sanki yenidən doğulub yeni bir dünyaya düşmüsən. Hər şey ondandır.
İnsan özü də özünü idealla görüşdürə bilər, ilahi məqamı ömrünə çağıra bilər, – düşüncəsi ilə, nitqi ilə, çıxışı ilə. Varlığına çağırarsan, içinə çağırarsan, için işıqlanar, ömrün dolar, zənginləşər, ömründə bir doluluq yaranar. Bu, romantik, obrazlaşdırılmış bir deyim deyil, gerçək həqiqətin özüdür.
İdealı çağırmaq məqamı var, bir də onu qarşılamaq məqamı. Belə götürək, hər bir insanın gənc yaşlarında sevdalı anları olur. Bütün dünya onun üçün həmin anlarla dolur. O məqam gələndə, sevdalı anlarda sevgilisinin surəti, halı, xarakteri, istəyi onun varlığına sarılır. Sevgilisinin baxışının etikisi altında olur. Onunla görüşə ehtiraslı, həyəcanlı, ürəyi çırpına-çırpına gedir. Elə bil bu gedişə qeyri-ixtiyarı hazırlaşır, bu hazırlaşma özəl bir hazırlaşma olmur. Sevgilinin görüşünə getmək ilahi bir məqamdır. Həqiqətin görüşünə gedəndə də ürəyin ehtirasına, çırpıntılarına hazır olmalısan. Həqiqətin görüşünə gedirsən, ilahi bir məqamdır. Həyəcanla, ehtirasla gedirsən, o cür cuşa gələrək gedirsən. Həqiqətlə ünsiyyətdə idealı tanıyırsan, ona vurulursan. Bundan sonra ondan qopmursan, ayrıla bilmirsən. Obrazlı desək, o nə istəsə buyruğunda olursan. Necə yaşamağı Həqiqət diktə edir sənə. Filan şey necə olsun, filan şey necə olsa yaxşıdır – bunları sən artıq sual vermirsən. İçindən həqiqət diktə edir doğruları. Həqiqətin yolu, yönü, tələbi, istəyi əzbərlənməz, ona qovuşmaq gərəkdir. Qıraqdan sənə başqasının izah eləməyi sadəcə həqiqət haqqında bilgi verəcək. Ancaq həqiqət öz varlığında aşkarlananda onun diktəsi başqasının izahı kimi olmayacaq, bütün aydınlığı ilə sənin içində olacaq. Qıraqdan izah edilər, bu izah sənə kömək edər, ancaq bu izahlar bir yerə qədərdir. Deyilənlərin birini başa düşərsən, birini başa düşməzsən. İnsanın düşüncəsi, ağlı, qəlbi daimi idarə olunmaz. Həqiqət sənin ömründə olanda yolu bütün aydınlığı ilə göstərir, – addımı hara qoymaq gərəkdir, nəyi necə etmək olar. Həqiqətlə görüş bu deməkdir.
Atanın “Mütləqə İnam” kitabında “İdealla görüş” yazısı var. Onun məzmununu bu dediklərimdə görmək olar. O yazıda elə-belə obrazlaşmalar axtarmaq, qulağa, duyğuya yatımlı gəlişi gözəl sözlər kimi baxmaq, seçilmiş anlayışlar kimi yanaşmaq – ən yaxşı halda əhvalları bədiiləşdirə bilər. Bu, çox azdır. Orada haray var, çağırışdır. Ata Kitabla çağırır, səsiylə çağırır, şəkillərə hopan üzüylə çağırır, jestiylə, danışığıyla, yazısıyla çağırır. Bu gün özü yoxdur, çağırışı isə əbədidir. İdealı əbədi olaraq insanın görüşünə çağırır. İdeal o çağırışı eşidir, ona biganə qalmır. Görür ki, sən gedə bilmirsən, o sənin görüşünə gəlir. Bu boyda haraydan, çağırışdan, qovuşdurmaq çabalarından sonra İdealı yenə tanımırsan, yenə görmürsənsə, bu artıq sənin problemindir.
***
İnsan mənaya yetməlidir. Mənaya bərabər olmaq yox, yetməlidir. Mənaya yetmək üçün o öz yarımını, yarını tapmalıdır. Onunla arasında olan ziddiyyəti, ikiliyi ortadan qaldırmalıdır. Ailə qururlar, təkcə dünyaya övlad gətirirlər, bir az o özündən verir, bir az da bu biri özündən ona verir. Bu verim bioloji, genetik verimdir. Təkcə bununla ikilik aradan qalxmır. İkilik o zaman aradan qalxır ki, ailə quranların hər ikisi, dünyaya gətirdikləri övladda, biri o birini görsün. Kişi övladında övladının anasını görməlidir. Qadın övladında övladının atasını görməlidir. Əgər belə görüm olarsa, onlar arasında mənəvi bağlılıq yüksək mövqeyə çatar. Yüksək mövqeyə çatarsa onlar arasında ziddiyyət, ikilik ortadan qalxar. Yəni vəhdət yaranar, ikinin Bir olması baş verər. Bunun üçün insanlar daxili azadlığını tanımalı, mənəvi yüksəliş yolu keçməlidirlər. Keçmədiklərinə görə dünyaya övlad gətirməklə işlərini bitirirlər. Onlar övladda bioloji kimliklərini tamamlamış olurlar, mənəvi kimliklərini isə tamamlamırlar. Ona görə ikisinin arasında ziddiyyət, ikilik ortadan qalxmır, bütövlük, birlik yaranmır. İkilik, ziddiyyət qaldığına görə onlardan biri, özü necədirsə, o birini də elə görmək istəyir. Bu isə mümkün deyil, ayrı-ayrı fərdlər mütləq eynilik təşkil edə bilməzlər. Sonucda onların arasında qarşıdurmalar yaranır, bu qarşıdurmalar heyvani xassələrlə davranışlar ortaya çıxarır. Məsələn, ağalıq duyğusu baş qaldırır. Ağalıq duyğusu daha çox kişidə özünü göstərir. Qadın fiziki baxımdan zəif olduğuna görə kişidə ağalıq ölçüsü güclənir. Sonucda qadına malı, mülkü kimi baxır. Qadın bununla razılaşmır, mal-mülk olmaq istəmir. Ona görə də dirəniş göstərir. Dirəniş daimi anlaşılmazlığa gətirib çıxarır. Ailə janrı alınmır…



