Dünyaya baxırsan – maddiyyatı görürsən, ruhaniliyi görmürsən; insana baxırsan – maddiyyatı görürsən, ruhaniliyi görmürsən; tarixə baxırsan – maddiyyatı görürsən, ruhaniliyi görmürsən; cəmiyyətə baxırsan – maddiyyatı görürsən, ruhaniliyi görmürsən.
Bədəni, cismi görürsən, onlara sığmayan insaniyyəti görmürsən.
Tarixdə mənafe toqquşmasını, maddi nemətlər uğrunda döyüşü görürsən, ruhani təzahürü görmürsən.
Bilmirsən ki, maddi münasibətlər tarixdə ruhani niyyətləri üstələsə də, ruhaniliyə – yəni mənəvi ideala, kamilliyə, əbədiliyə, sonsuzluğa meyil ölmədi, tarixin əsil mənası da əslində elə bundadır.
Tarix – ruhaniliyə qələbə çalmadı, ruhanilik tarixə qələbə çaldı.
İnsanın mahiyyəti onun naqisliyini, vəhşivariliyini, əşyavariliyini üstələdi.
Bu əsil, ilkin ruhani mahiyyət tarixin gedişatında tam və hərtərəfli aşkara çıxmadı, üzdə silklərin, siniflərin maddi mənafe uğrunda amansız mübarizəsi göründü, bu səbəbdən də sən həmin mübarizəni tarixin əsası saydın, maddiyyatın arxasında dayanan ruhaniliyi görmədin. Cəmiyyətə baxırsan və belə hesab edirsən ki, onun əsasını iqtisadi münasibətlər, maddi nemətlər istehsalı təşkil edir.
Sənə elə gəlir ki, bəşərin, xalqın qüdrəti iqtisadiyyatın qüdrətinə bərabərdir.
Unudursan ki, bəşər həyatının mənası maddi tələbatı ödəmək deyil, mənəvi kamillik səviyyəsinə yüksəlməkdir. Bu məqsədin həyata keçirilməsində iqtisadi amil əsas rol oynaya biməz.
İqtisadiyyat insanın maddi ehtiyaclarını ödəyə bilir, mənəvi, ruhani ehtiyaclarını ödəmir.
Maddiyyat insanı yedizdirir, geyindirir, ancaq kamilləşdirmir.
İqtisadiyyat insanı ac və çılpaq qalmaq fəlakətindən qurtarır, mənəviyyatsızlıq bəlasından qurtarmır. Bu bəladan insanı maddiyyat yox, insanın ruhani xisləti, fəaliyyəti, ağılın, iradənin, duyğuların ruhani məqsədə yönəldilməsi xilas edir.
Maddiyyatın insan həyatında rolu sən düşündüyündən çox kiçikdir.
Sən elə bilirsən ki, az qala qabaqcıl maddiyyat ali mənəviyyat deməkdir, yenilikçi iqtisadiyyat yüksək ruhanilik deməkdir.
Sənin təsəvvüründə iqtisadiyyat mənəviyyatın özül daşıdır. Bu ona oxşayır ki, deyəsən: ən tox adam ən yaxşı adamdır, ən varlı adam ən yaxşı adamdır, otaqlı otaqsızdan, gözəl geyinən adi geyinəndən mənən üstündür, ən çox əşyası olan adam ən böyük mənəviyyata malik olan adamdır. İddianın belə adi, açıq səviyyəsində sən onun cəfəngiyyat olduğunu hiss edirsən, ancaq onun loğmanvari səviyyəsinə uyursan və dünyaya həmin nöqteyi-nəzərdən baxırsan. Əvvəl maddiyyat, sonra mənəviyyat – deyirsən. Birinci pillə – maddiyyat, ikinci pillə – mənəviyyat deyirsən.
İqtisadiyyat mənəviyyatın özülüdür – deyirsən.
Buradan ən azı üç cəfəng nəticə çıxır.
Birinci, iqtisadi cəhətcə inkişaf etmiş xalq iqtisadi cəhətcə inkişaf etməmiş xalqdan mənəviyyatca mütləq yuxarı olmalıdır.
İkinci, iqtisadi məsələnin həlli – eyni dərəcədə mənəvi məsələnin həllidir.
Üçüncü, belə vəziyyətdə mənəviyyat məsələsini xüsusi, müstəqil bir məsələ saymağa ehtiyac yoxdur. İqtisadiyyatı inkişaf elətdirmək mənəviyyatı inkişaf elətdirmək deməkdir.
Əslində isə mənəvini maddi yaratmır, insanın ruhani xisləti yaradır. Sən onu görmürsən.Sənin üçün insan maddiyyatla başlanır və maddiyyatda qurtarır.Sənin nöqteyi-nəzərindən, insan heyrətə layiq varlıq ola bilməz.Çünki o, maddi varlıqlardan biridir, bəlkə də birincisidir, ancaq, hər halda, onu bütün canlılardan fərqləndirən ruhanilik xassəsi sənə məlum deyil. Bu baxımdan, sənin məntiqində məhəbbətə də yer qalmır. Maddi olanla ruhani vəhdət yaranmaz. Maddidən fərqlənməyənə aşiq nəzəri ilə baxmaq olmaz. Ruhsuz dostunda da dostu görməz, maddi mənfəəti görər; qardaşında qardaşını görməz, maddi mənfəəti görər; Vətənində vətənini görməz, maddi mənfəəti görər; bəşərdə ali insani mahiyyət görməz, maddi mənfəəti görər; sevgilisində sevgilini görməz, maddi mənfəəti görər.
Ruhsuz üçün maddi münasibətlərdən kənar heç nə yoxdur.
Ruhsuz üçün vicdan sözü anlaşılmazdır, çünki vicdan maddi münasibətlərdən kənardadır.
Ruhsuz üçün fədakarlıq yoxdur, çünki o, maddiyyat münasibətlərindən kənardadır.
Ruhsuz üçün əsl ideal yoxdur.
Çünki ruhsuzun İdealı, ən yaxşı halda, – maddi tərəqqidir.
Maddi təqərri isə ideala xidmət eləyə bilər, lakin İdeal ola bilməz, çünki idealın mənası insanın ruhani mahiyyətini təsdiq etməkdir.
Ruhsuz, ruhani dünyanı dərk etməkdən uzaqdır, çünki onun üçün müstəqil, maddiyyatın əsiri olmayan ruhani dünya yoxdur.
Ruhsuz üçün maddiyyatı dərk etmək elə ruhaniliyi dərk etməkdir. Bu səbəbdən də ruhsuz üçün idraki fəaliyyət maddiyyatla məhdudlaşır, ruhaniliyə münasibətində o, maddiyyat qanunlarından kənara çıxmır, ruhaniliyi maddiləşdirir.
Ruhsuz üçün insanın xüsusi daxili dünyası yoxdur, o, maddiyyat aləmindən fərqlənmir.
Bu səbəbdən də onu ölçü, hesab, təhlil əsasında öyrənmək olar, vəhyə, vəcdə, ehtizaza, ilhama ehtiyac yoxdur.
Ruhsuz maddi qüvvəyə inanır, mənəvi qüvvəyə inanmır.
Ruhsuz insanı dəyişmənin yeganə yolunu maddi şəraitin, cəmiyyətin dəyişməsində görür.
Ruhsuzun məntiqində insan cəmiyyəti yox, cəmiyyət insanı yaradır. Bu səbəbdən də yüksək cəmiyyət yüksək insan yetirir. Pis adamları yaxşı adamlara çevirən cəmiyyət haqqında düşünərkən ruhsuz unudur ki, yaxşı cəmiyyəti yalnız yaxşı adamlar yarada bilərlər.
Yalnız yüksək mənəviyyat sahibləri insana layiq cəmiyyət qura bilərlər. Əks təqdirdə cəmiyyət dəyişir, insan dəyişmir və çox keçmir ki, yaxşı cəmiyyət ən pis cəmiyyətə çevrilir.
Ruhsuz insanın ruhani intibahına, özünü daxilən dəyişdirməsinə, özü üzərində qələbə çalmasına, öz mahiyyətinə çatmasına inanmır. Bu səbəbdən də o, ümidini zora, davaya, münaqişəyə bağlayır. Ruhsuzun məntiqinə görə, dünya əbədi ictimai zəlzələlər, dağıntılar, qan-qadalar əsasında inkişaf etməlidir.
Təbiidir ki, belə dünyanın düzəlmək imkanı dağılmaq imkanından azdır.
Ruhsuz dünyaya bağban kimi baxmır, onu yetirmir – şaqqalayır. Dünya insandan küsür, həyat həyatiliyindən məhrum olur.
Ruhsuzluq – dünyanı maddiyyatda itirməkdir.



