Amal – Ali Həyat istəyidir.
Bu istəyi qəlbində gəzdirən – adi həyatdan beşəlli yapışmaz, onu hər şey saymaz, onunla kifayətlənməz. O, adi həyatın Ali Həyata zidd olan cəhətlərindən imtina eləyər.
Amalsız – adi həyatdan kənarda həyat görməz, ona pərçimlənər: həyatın natamamlığını – bütövlük, naqisliyini – əsillik, bəsitliyini – ülvilik, həqarətini – ləyaqət sayar.
O, həyatın böyüklüyüylə yanaşı, kiçikliyini də təqdir edir; ucalığıyla yanaşı, alçaqlığını da təqdir edir; şəhvətə aludədir, şöhrətə aludədir, nemətə aludədir.
Həyat amalsız üçün çəmənlikdir – otunu yeməlidir, bağdır – meyvəsini dərməlidir.
Amalsız – namus, qeyrət bəndini aşanda da həyatı sevir, əyyaşlıq bataqlığına düşəndə də həyatı sevir, xudbinlik, fitnəkarlıq, qatillik, xəyanət, çirkabına batanda da həyatı sevir. O, həyatda qalmaq üçün, yaşamaq üçün insani qəbahətlərin bütün çeşidlərindən yapışar. Sürünər, sürülər, mənliyindən keçər, kölələşər, kölgələşər, vüqarını itirər; yeri gələndə quduzlaşar, yeri gələndə canavarlaşar – yorulmaz, usanmaz!
Amalsız deyir ki, “dünyada həyatdan gözəl heç nə yoxdur. Buna görə də namus, vicdan, insaniyyət – həyatdan, yaşamaqdan aşağıdır”.
Amalsız deyir ki, “həyatı heç nəyə qurban vermək olmaz. Buna görə də qəhrəmanlığa ehtiyac yoxdur”.
Amalsız deyir ki, “həyatın nemətləri hər şeydən üstündür. Buna görə də əxlaqa tapınmaq ağılsızlıqdır”.
“Yaşamaq hər şeydir” – deyir Amalsız və insani ləyaqətindən əl çəkir.
“Həyat – fərəhdir” – deyir Amalsız və mətanəti zəruri keyfiyyət saymır.
“Həyat mənimkidir” – deyir Amalsız və başqasına yaşamaq imkanı vermir.
Həyat naminə, yəni yaşamaq naminə Amalsız, ömürlərə, talelərə qənim kəsilir, bulaqları qurudur, çıraqları söndürür.
Həyat naminə, yəni həyatdan kam almaq naminə Amalsız aldadır, fitnə qurur, tələyə salır və “yaşadım, kam aldım” – deyə qürrələnir.
Amalsız üçün insani münasibətlər ovçu – ov münasibətləridir. O, bəzən ovçu olur, bəzən ov, ancaq özünü həmişə ovçu sayır. “Yaşamaq hər şeydir, qalan heç şey” – deyir Amalsız və əslində yaşamır, ancaq yaşamadığını anlamır. “Yaşamaq hər şeydir”, – deyir Amalsız və başqalarının nemətinə göz dikir, başqalarının nemətini əlindən alır. “Yaşamaq hər şeydir”, – deyir Amalsız və həyatdan bolluca götürür, həyata heç nə vermir.
“Həyat hər şeydir” – deyir Amalsız və özünü bəyənir, qəbul edir, təsdiq edir.
“Həyatın yaratdığı nə varsa, gözəldir” – deyir Amalsız.
Yırtıcıyamsa – həyat belə yaradıb, həyat səhv edə bilməz, demək, məqbulam, yırtıcılığımla döyüşməyə lüzum yoxdur.
Xəbisəmsə – həyat belə yaradıb, həyat səhv edə bilməz, demək, məqbulam, özümlə döyüşməyə lüzum yoxdur.
Alçağamsa – həyat belə yaradıb, həyat səhv edə bilməz, demək, məqbulam, özümə nifrət eləməyə haqqım yoxdur.
Qorxağam – həyat belə yaradıb, həyat səhv edə bilməz, demək, məqbulam, özümü lənətləməyə haqqım yoxdur.
Yaltağam – həyat belə yaradıb, həyat səhv edə bilməz, demək, məqbulam, özümü tənbeh eləməyə dəyməz.
Tamahkaram – həyat belə yaradıb, həyat səhv edə bilməz, demək, məqbulam, narahat olmağa dəyməz.
Qaniçənəm – həyat belə yaradıb, həyat səhv edə bilməz, demək, məqbulam, həyata gərəyəm.
Amallı olmaq – özündən keçməkdir, amalsız özündən keçməz, çünki özünə bağlıdır.
Amallı olmaq – iztiraba dözməkdir, amalsız əzaba dözməz, çünki nəşəyə aşiyandır.
Amallı olmaq – ideala vurulmaqdır, amalsız ideala vurulmaz, çünki onun üçün həyat İdealdan artıqdır.
Amallı olmaq – həyat nemətlərinə göz yummaqdır, amalsız həyat nemətlərinə göz yummaz, çünki onları hər şey hesab edir.
Amalsız İdeala inanmadığı üçün özünü həyatlı sayır.
Amalsız amallını həyatsız sayır.
Amal – insandan Aşiqlik qüdsiyyəti tələb edir.
Amalsızda həyata maraq böyükdür, ancan aşiqlik yoxdur, çünki əslində o, həyatı mənimsəyir, sevmir.
Amallı – həyatı dəyişdirir, Amalsız – həyatdan bəhrələnir.
Amallı həyatı Amaldan aşağı sayır. Bu səbəbdən də onu Amal səviyyəsinə qaldırmağa çalışır.
Amalsız, həyata uyğunlaşır.
Amalsız üçün həyatda nə varsa, gözəldir! Əgər həyatda ədalətsizlik varsa, o, əslində, dərindən düşünəndə ədalətdir; əgər həyatda eybəcərlik varsa, o, əslində, dərindən düşünəndə gözəllikdir; əgər həyatda şər varsa, o, əslində, dərindən düşünəndə xeyirdir; əgər həyatda xəyanət varsa, bu, əslində, dərindən düşünəndə sədaqətdir.
Həyata belə münasibət bəsləməklə amalsız ondan istənilən qədər faydalana bilir.
Bu səbəbdən də amalsıza həyat haqqında həqiqəti bilmək lazım deyil.
Əslində amalsız həyatsevərliyinin əsası – həqiqətsizlikdir. Antihəyat Həyatı ya rədd edir, ya da mütləqləşdirir. Hər ikisində onun Ali Həyata aparan yol olduğu inkar edilir.
Bununla da həyata xəyanət edilir.


