Xəbərlər

Qutsal “Yeni İl” törəni

 Asif Atanın – Mütləqə İnam Ocağı 1 Günəş Ayı, 48-ci ildə (mart, 2026) Qutsal “Yeni İl” törənini gerçəkləşdirdi. Ocaq quralları  yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün’ümüzə başlayırıq. Sabahlı, Bağban, Amaltay bizimlədir, həmişəlik.
 48-ci ilimizin başlanğıc mərasimi olan Yeni İl mərasimini həyata keçiririk. İlimiz qutlu, uğurlu olsun, uğurla da başa çatsın. Yeni ilimizin uğurlu yerişi, uğurlu başa çatması bizim Ocaq olaraq hər birimizin yaşamımızdan, davranışımızdan, yerişimizdən asılıdır.

Bu düşüncəni elə mərasimimizin tərkib hissəsi kimi demək istəyirəm: çox istəyərdim ki, Ocaqçılarımız ümumiləşdirilmiş şəkildə olsa belə ruhaniyyat tarixini oxusunlar. Nəyə görə oxumaq gərəkdir? – Baxın, Ocaqdan qıraqda aparılan işlər var, hamısı siyasi, ideoloji, ictimai, sosial işlərdir. Hətta onların hər birinin özünün quralları var. Ruhaniyyatın özünün özəl quralları var. Hər bir dünyabaxış yarananda o necə oturuşmağa çalışır: – rituallarını yaradır, ibadət yönünü yaradır… İnsanlara yeni dünyabaxışı qəbul etdirərkən köhnə vərdişlərdən onları açmaq gərəkdir. Çünkü insanlar köhnə vərdişlərdən açılmasa, yeniliyə köklənə bilmir, yeniliyi qarşılaya bilmir. Ona görə də ibadətlərin, quralların, ritualların, qaydaların çox böyük önəmi var. Bunu istəyirəm ciddiyə alasınız. Bu elə-belə formal xarakter daşıyan məsələ deyil. Birbaşa dünyabaxışın prinsiplərini qapsayan, prinsiplərin özəyində duran məsələdir. Baxın, ruhaniyyat tarixində şərq xalqları içərisində ayrı-ayrı hərəkatlar, proseslər olub. Onlar öncə bundan başlayıblar. Yəni köklənməsən, vərdiş etməsən, köhnə vərdişdən əl çəkməsən, dəyişməsən alınmır. Şüura müdaxilə, fərdin öz şüuruna müdaxiləsi məhz oradan – rituallardan başlayır. Nəyə görə mən belə məsələlərə çox önəm verirəm, diqqət ayırıram, deyirəm ki, biz mərasimi başlayanda mütləq qüsursuzluq olmalıdır. Hay-həşirə düşməməliyik, halımız həşirə düşməməlidir, diqqətimiz burda olmalıdır. Özümüz varlığımızla bura girməliyik, mərasimə daxil olmalıyıq. Biz mərasimi yola vermək üçün keçirmirik. Bunun içərisinə girməli, yaşamalıyıq.
Atanın dönəmində tədbirləri mən təşkil edirdim. O dönəmdə Atanın məndə doğru müşahidələri məni qanadlandırdı. Bir dəfə dedi: oğul, sənin gözəl xüsusiyyətin var, mərasimi elə təşkil edirsən ki, Ata onu hiss eləmir, əlavələr olmur. Nadir hallarda mərasimin gedişində hansısa söhbət-filan olurdu, Ocaqçının birisi çölə çıxırdı, deyib-gülürdü, fərqinə varmırdı ki, bu səs içəri dolur. İçəridə mərasim gedir, bu müqəddəs məqamdır. Ata belə şeyləri qəbul eləmirdi. İndi biriniz mərasimdə bir şey edirsiniz, hamının diqqəti ora gedir. Bu gərək deyil.  Mən tez-tez bu məsələlərə qayıdıram ki, sizin diqqətinizi bura çəkim. Ruhaniyyatın formalaşmasının başlıca şərti hamının diqqətinin mərasimdə olmasıdır. Bura siyasi partiya deyil, ictimai yer deyil. Burda tamam fərqli qurallar var. Mərasim başlayıbsa hər şey qurtarmalıdır. Hərdən yeri gələndə (mərasimin gedişində) biz yumor da işlədirik. Söz yox, başlanğıcdan sona kimi qaradinməz dayanmalı deyilik. Ancaq bu hamı üçün eyni vaxtda olub bitir. Mən dediyim odur ki, əhvalımızla, şüurumuzla mərasimin içinə girək, bütün varlığımızla mərasimin içində olaq. Durub gəzmək, onu etmək, bunu etmək olmaz. Oturmusansa bütün varlığınla girməlisən bura. Sənin amaldaşın səni qane edən şəkildə deyir, ya demir, sən bütün əhvalınla mərasimə girməlisən. Əgər girə bilirsənsə sənin amaldaşın sənə söz deyə biləcək, səni öyrədəcək. Sözü öyrətmək gərəkdir. Sən mənə öz sevginlə, öz diqqətinlə söz öyrət. Öyrənmək təkcə kitab oxumaqla olmur. Bir an təsəvvür edin ki, mən, ya bir başqası söz danışanda hərə bir şey pıçıldasın, nə alınacağını düşünün. Bu məsələyə diqqətlə yanaşmaq gərəkdir.
Bir məsələni də ötəri deyəcəm. Səhər tezdən xəbər yayılır, İranı vurdular. Mənə zənglər olur, soruşurlar o nə edəcək, bu nə edəcək deyə. Biz ruhani qurumuq, bu cür faciələr, fəlakətlər bizi ağrıdır. Ancaq bizim əsəblərimizi məşğul eləmir. Diqqətimizi, varlığımızı almır. Biz nə edə bilərik?! Orta Doğu projesi deyilən bir şeydir, başlayıblar, davam edir. Ocaq həşirə, həyəcana düşməməlidir. Ocaqdan asılı deyil. Ocağın öz işi var. Ata deyir, dünya dağılsa da öz yolunla get. Dünyanın dağılmasının, həyəcanlanıb özünü itirmək açısından, bizə dəxli yoxdur. Bu cür məsələləri, toplumun içində baş verən həyəcanları, filanı biz Ocağın içinə daşıya bilmərik.
Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Dünyada hegemon dövlətlər, hegemon güclər var. Dünyanı yönətən dağıdan bu güclər bir çox hallarda içəridə, öz içində toplumla, qonşuyla dil tapa bilməyəndə aranı qatır, savaş başladır. Savaşı başladır ki, öz içindəkiləri qorxutsun, bütün diqqəti ora yönəltsin. Yayındırmaq üçün, öz yerini daha da bərkitmək üçün, məqsədyönlü özünə yönələn baxışları özündən uzaqlaşdırmaq üçün. Bu, siyasətin hərəkətverici qüvvəsi sayılır. Yaxşı baxın, bütün hərəkatlarda, siyasi partiyalarda hamı tənqid hədəfi yaradır özü üçün, –  söyür, deyir, bağırır, o belədir, bu belədir… Hədəfi özündən yayındırır, özü ilə məşğul olmur. Biz hədəfi özümüzdən uzaqlaşdırmalı deyilik. Hakimiyyət filan şeyi belə etdi, sən neyləyəcəksən ki. Sən onu sadəcə təhlil edə bilərsən. Ancaq sən onu hədəfə çevirirsənsə, bil ki, baxışı özündən uzaqlaşdırırsan. Öz diqqətini də özündən uzaqlaşdırırsan, başqasının baxışını da özündən uzaqlaşdırırsan. Buna gərək yoxdur bütün diqqəti, baxışı öz üzərinə yönləndir, özün necə yaşamalısan, kim olmalısan, –  ora yönləndir. Əks təqdirdə biz qırağı hədəf götürsək, ömrümüz boyu elə qırağı tənqid atəşinə tutsaq heç nə olmayacaq. Sadəcə qırağı tənqid etməklə heç nə düzəlmir. Öz ömrümüzdə, öz yaşamımızda ruhani dəyişiklik getmir. Ən qısa zamanda o hədəflərdən bezib qırağa dururuq. Bütün bezənlər, usananlar ona görə qırağa dururlar. Çünkü qarşıdakını hədəf götürürlər. Diqqəti özündən yayındırıb ora yönəldirlər. Sanki bu mübariz bir adamdır, mübarizə aparır. Döyür, söyür, çığırır, bağırır. Bir gün görür ki, boş-boşuna səs edib. Şərin başından bir tük də düşmür. Hər kəs bir quruma, bir təşkilata gəlir, başlayır orada hədəf götürməyə, nələri isə ifşa edir, söyür. Elə bilir ki, bunu edən kimi hər şey düzələcək. Elə deyil. Əgər özün düzəlmirsənsə qıraqda düzəliş axtarma. Biz sadəcə olaraq öyrəndiyimiz, əzbərlədiyimiz, qulağımıza yığdığımız sözlərlə mübarizə aparmalı deyilik, ömrümüzlə mübarizə aparmalıyıq. Ruhani mübarizə çığır-bağırla, başqasını hədəf götürməklə olmur. Gör, cəmiyyətdə nəyinlə fərqlənirsən. Təhlil elə. Cəmiyyət səndən betər söyür, səndən betər qaralayır. Qaralamağa, söyməyə nə var, başqasını hədəf göstərməyə nə var. Hünərin var özünü as, kəs. Bax, Ocağın bizə aşıladığı məsələlər budur. Hər şey ondan sonra başlayır. Mənim içimdə insan sevgisi varsa, yoldaş, amaldaş sevgisi varsa, topluma, dövlətimə bəslənilən münasibətim sağlamdırsa, saflaşırsa ondan sonra mənim mübarizəm, addımım iş görəcək. Addımım ondan sonra görünəcək. Yoxsa meydana yüzlərlə adam gətirirlər, danışdırırlar, qırağa qoyurlar. Sonra o birilərini gətirirlər. Hamısının da başına çəpik çalanlar toplayırlar. Ocağın mübarizəsi yaşamaqdır, həm də qürurla yaşamaqdır, vüqarla yaşamaqdır, sağlam yaşamaqdır. Əsəbləri hər şeyə vermək deyil. Əsəblərini hər şeyə xərcləməməlisən. İxtiyarını hər şeyə verməməlisən. Əsəblərinin imkanını Asif Ataya verməlisən. Fəaliyyətini ruhani elə, qoy sənin sinirlərinin, bədəninin imkanları ruhaniyyata həsr olunsun. Bu boyda ideyaları çığıra-çığıra xalqa verə bilmərik. Bununla biz xalq qura bilmərik. Mən dəfələrlə deyirəm, Ocağın içinə gir, Ocaq “Ruhani Cəmiyyət”in kiçik modelidir. Ocaq xalqdır, xalqın özəyidir. Gəlin, Ocağın özünü yaradaq, qoruyaq. Ata deyir, öyrəndikcə öyrət, bildikcə bildir.Özümüzü eşitdikcə, anladıqca çağırmalıyıq. Biz özümüz özümüzə deyə bilmədiyimiz sözü başqasına deyə bilmərik. Ona görə birinci növbədə özümüzə söz deməliyik, deməyi bacarmalıyıq. Özümüz özümüzü eşitməyi bacarmalıyıq. Biz ürəyimizin qulağı ilə eşidirik, ürəyimizin dili ilə danışırıq. O baxımdan Ocağı hər gün təhlil etmək, öyrənmək, düşünmək gərəkdir. Enerjilərimizi buna yönləndirmək gərəkdir. Hamının elədiyi işə enerji xərcləmək olmaz. Bir halda ki, nələrisə səndən daha yaxşı edirlər, niyə gedib ona vaxt itirəsən. Ocağın prinsiplərini hər an, hər gün araşdırıb təhlil etmək gərəkdir. Cəmiyyətdə sağlam şeylər axtarırıq. Toplum da dəyişiklik axtarır, – hər kəs axtarır. Ancaq dönüb bir dəfə də olsun özündə axtarmır. Bu mühit nədir bunu təhlil etmək gərəkdir. Bizim bu balaca mühitimiz fiziki mənada balacadır. Bunun anlamı nədir, qüdrəti nədədir?! Say çox azdır. Əgər biz təkcə saya bərabər olsaq heç bir gücümüz olmaz. Ancaq saya bərabər deyilik. Saydan artıq olan nədir, –  onu təhlil etmək, özünə demək gərəkdir.
Ata ricalar yazıb. Bunlar ayaqda saxlamadır, kökləmədir. Məsələn, İslamda namaz var. Bizə gərək deyil, ancaq İslam üçün göydəndüşmə bir şeydir. Müsəlmanın şüuru oyanmasa belə, onun vərdişi, diqqəti ondadır, ona bağlanır, ondan açılmır. Söz yox, işin qapalı, gerilik tərəfini rədd edirik. Ancaq biçim baxımından, prinsip baxımından müsəlmana gərəkdir.
Burda mərasim keçiririk, gedirik evə, o işə, bu işə başımız qarışır. Bir də növbəti mərasimə gəlirik. Söz yox, işlərimiz var, xüsusiyyətlərimiz var, böyük mənada deyirəm. Bir də gördük növbəti mərasim vaxtı çatdı, axı heç nə qurulmadı, heç nə dəyişmədi, heç nə olmadı. Olmalıdır.
Ricaları niyə deyirəm, içimi kökləmək üçün, təmizləmək üçün, özümü kökdə saxlamaq, nəzarətdə tutmaq üçün. Uşaqlarımızı nəzarətdə saxlayırıq ki, ora getmə, bura getmə. Özünü körpə uşağı nəzarətdə saxlayan kimi Ruhani nəzarətdə saxlamalısan.
İl dəyişir, nə deməkdir ilin dəyişməsi?!Kainatın astronomik quruluşuna görə dəyişikliklər gedir. Planet 365 gün dövr edir, gəlib başlanğıc durumuna çatır. Dairə qapanır, yeni il başlayır. Günsıra (təqvim) dəyişdi, ancaq insanın ömründə, münasibətində, varlığında yaxşılığa doğru bir şey dəyişmirsə, Yeni ili niyə bayram edirsən, nəyi bayram edirsən, nə dəyişib, bayrama layiq olan nə tapmısan ki, bayram edirsən?! Bu insanların vərdişidir. Ancaq təkcə quru vərdiş olmalı deyil axı. Təkcə quru vərdişlə hara gedə bilərsən? Bu vərdiş ona görədir ki, insanı dəyişikliklərə gətirib çıxartsın. Yoxsa elə kor yapışdığını buraxmayan kimi etməyin bir mənası yoxdur. Vərdiş İnsani yerişə çevrilməlidir, qabağa hərəkət etməlidir. Biz, Ocaq olaraq, Yeni İldə həmən işlərimizi, addımlarımızı təhlil edirik. Bu qədər mərasim keçirdik, filan yerdə söz dedik, filan yerdə görüş keçirdik. Bunlar gözəldir. Bunların içərisində qırmızı çizgi nədir, – mənim ömrümdə, düşüncəmdə, sənə münasibətimdə nə dəyişiklik baş veribsə başlıca dəyişiklik odur. Yerdə qalanlar bu dəyişikliyin orbitindədir, özü deyil. Əməllərin hamısı fərdin özündə gedən dəyişikliklərə, proseslərə sadəcə yardımçıdır, işıq tutandır. Hədəf ömrün dəyişməsidir, hədəf ömrün qabağa getməsidir, ömrün uğurlara yetməsidir. Ömür uğurlara yetərsə onun gördüyü bütün işlər qalıcı olur, işə keçir. Quru icraçılıq olmur. Biz “Törənlər” kitabını yazırıq,  hazırlayırıq. Əgər bu kitablarda bizim ömrümüzdən soraq olmasa, onda bu kitabları sabaha götürməyin anlamı azalır.
Yeni İlimizin adını “Amallaşma İli” qoyduq. Hər ilə Ata ad qoyurdu. Biz də Atanın adlandırmaları ilə gedirik. Amalllaşma ilində nə olmalıdırsa, biz buna maksimum dərəcədə əməl etməliyik. Amallaşma ilində Atanı yenidən oxumaq, yenidən öyrənmək, öyrəndiklərimizi, oxuduqlarımızı birgə müzakirələrə çıxarmaq, təhlillərə çıxarmaq gərəkdir. Kim Atadan nə öyrənirsə onu dinləmək, ondan öyrənmək gərəkdir. Beləcə biz Atanı yarpaq-yarpaq öyrənməli, davam etməliyik. Amallaşma ilimiz belə olmalıdır. Çünkü biz xalqa hansı ölçü ilə söz deyiriksə özümüzə bəlli olmalıdır. Atanın anlayışları var. Elə anlayışlar var ki, Atada bir cürdür, toplumda başqa cür. Biz toplumdakı kimi yanaşmalı deyilik. O anlayışları öz düşüncəmizin süzgəcindən keçirməliyik ki, topluma onu anlada bilək. Məsələn, Atada “qeyri-adi” sözü var. Yəni özümləşən şəxsiyyətə deyir, keyfiyyət kimi qələmə verir. Yəni “sıradan biri deyil” mənasında işlənir. Bir dəfə Ağşın bəy bizim tədbirimizdə dedi ki, qeyri-adi sözü Güneydə dəliyə deyirlər. Yəni adidən qırağa çıxıb, normal deyil, ona deyirlər. Ancaq Ata şəxsiyyətdə üstün keyfiyyətləri ifadə eləmək üçün o anlayışdan istifadə edir. Məsələn, qeyri-adilik, hətta ruhani anlamda dəlilik, Məcnunsayağı olmaq ruhani anlamdadır. Söz yox ki, ağlını itirməyib. Ancaq onun duyğuları o qədər zəngindir, o qədər ilahidir, o qədər emosionaldır ki, ona normadan çıxmış dəli kimi baxırlar. Ruhaniyyatı yaradan  yaşadan o cür “dəli”lərdir. Akademik ağıl yaratmır ruhaniyyatı, aşiqanə tövr, aşiqanə əhvallar yaradır.
Amallaşma ilimiz qutlu olsun, düşərli, işıqlı, gələcəkli olsun.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Öncə Ocağımızı Yeni İl münasibəti ilə qutlayıram, uğurlar arzulayıram. Yeni İlimizdə fədakarlıq, Amallaşma, Xalqlaşma uğurları arzulayıram. Ötən ilimizdə səhhətimlə bağlı nəzərdə tutduğum bir sıra işləri edə bilməmişəm. Görə bildiklərimin isə hesabatını nəzərinizə çatdırıram. Çiçək Ayının 27-də həyat yoldaşım Elana ilə Atagün elinə yollandıq. Amal bağında xeyli işlər üst-üstə yığılmışdı. Çəpər qırağında əkilmiş ağaclar yola əyilmiş, qonşuların haqlı narazılığına səbəb olmuşdu. İşçi tutub işin xeyli çətin tərəfini gördürdük. Özüm əlavə işlərlə uğraşdım. Ayaq üstdə güc-bəla ilə dura bilirdim, ona görə işi çətinliklə başa vura bildim.
Kənd içinə çıxırdım, mərkəzə gedib Amal yayıcılığı ilə uğraşırdım. Toy mərasimlərində, yas yerlərində Ocaq yönündən tutarlı çıxışlar edirdim.
Oradan Ağstafaya, Ata Sonevinin Ziyarəti törəninə getdim. Bir gün öncədən getdiyimdən otaq kirayələdim. Yaxınlıqdakı parkda adamlarla söhbət edirdim.
Şölə Ayında keçmiş amaldaşım Amalnura (İndi Rusiyada yaşayır) uğurlarımızı əks etdirən fotogörüntüləri göndərmişəm. Od və Qürub Ayında yenidən Atagünə səfər etdik. Məbəddə işlədim, təmizlik işləri etdim. Min bir zəhmətlə Amal bağını suvara bildim.  Şəhərdə həmişə yığışdığımız parkda Asif Atanın qohumu ilə rastlaşdım. Çox səmimi adam idi. Qasım müəllimin şagirdi olmuşdu. Qurban adlı bir şəxsdir. Hal-hazırda onunla vaxtaşırı görüşür, Amalımızla bağlı söhbətlər edirik.
Ata Ayında Ocağımıza ünvan axtarmağa başladıq. Soylu bəylə xeyli yerlərə baş vurduq. Çox uzun axtarışdan sonra uğurlu sonuc əldə etdik. Yağış Ayında Masallı bölgəsinin Həsənli kəndində Kamil adlı bir müəllimlə söhbətlərimiz çox dərinliklərə getdi. Amalımızı bildirdim, söhbətdən razı qaldı.
Son aylarda yeni İnam Evinin işləri ilə uğraşırıq. Bu arada Soylu Atalının Ocaq yaşının 35 illiyini və “Bilmək gərəkliyi” kitabının təqdimat törənini, xeyli sayda rəğbətçilərlə birlikdə keçirdik. İndi də davam etməkdə olan İnam Evimizin həyətindəki odanın tikintisinə başladıq. Ötən ilimizdə ən uğurlu fərəhim yeni İnam Evimizi əldə etməyimiz oldu. Başlıca olaraq səfərlərimizin miqyasını genişləndirmək istəyindəyəm. Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Yeni İlimizi qutlayıram, hamınıza can sağlığı, Ocaq işlərimizdə uğurlar arzulayıram.
Düşünürəm ki, insan ömrü necə davam etməlidir, necə qurulur, necə başa çatır?! İnsanın keçmişi var, gələcəyi var, bir də bu günü var ki, onu yaşayır. Keçmiş sözsüz ki, keçib. Bizim bəlli yaş həddimiz var, biz bunu dana bilmərik. Bəlli adətlər, vərdişlər bizim xarakterimizə hopub. Bunu sadəcə özüm üçün deyirəm, bununla bağlı düşünərkən  belə qərara  gəldim ki, özüylədöyüş  insanda bədbinlik yaratmamalıdır. Keçmişim haqda çox düşünürəm. Bundan qurtulmağım gərəkdir. Gələcək üçün arzularım, istəklərim var. Bunlar əsasən Ocaqla bağlıdır. Ən böyük arzum kamilləşə bilməkdir. Millətimizə, cəmiyyətimizə gərək olmağımdır. Xalqın yaddaşında qalan odur ki,  insan özünün ömrü ilə nə verə bilir, nələri aşkarlaya bilib. Bir Ocaqçı kimi bunları başa düşürəm, bu istiqamətdə düşünürəm. Bunun üçün çalışıram özüylə döyüşüm bütövləşsin. Belə qərara gəldim ki, daha çox fəaliyyət göstərmək, hərəkət etmək gərəkdir.
Soylu qardaşım mənə çox deyir ki, keçmişdən qorxmaq gərək deyil. Mən keçmişi o mənada xatırlayıram ki, ondan gələcək üçün bir ibrət alım. Özümdə nöqsan saxlamayım. Çünkü çox şeyləri vaxtında ötürmüşəm…
Atamız Var olsun!

 Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Ocaqda daha bir ilimiz geridə qaldı. Bir il mənim üçün nə demək oldu? Ocaqçılıq ilk növbədə özünü qurmaq, ömrünü yaratmaq, əməllər ortaya gətirməkdir. Bu il içində bacardığım qədər Ocaq əməlləri ortaya gətirmişəm.  Lap kiçik əməl də olsa fərəhlə yerinə yetirmişəm. Çünkü bu əməllərin hər biri mənim üçün quruculuqdur.Özünü qurmaq, görmək, yaratmaq yönündə bu ilin uğurları nədir? –  İçimdə son zamanlar yaranan bir inad var. Əvvəllər bu şəkildə duymadığım bir hissdir bu. Bunun bəzi müsbət sonucları görünür. Biri quruculuqla bağlıdır. Özümdə yaranan dəyişiklikləri gördükcə, yaxud da bu dəyişikliklər başqaları tərəfindən görüldükcə Yolu inadla davam etmək istəyim qətiləşir. Bu inad təkliyin dostuna çevrilir. İnsan qurulduqca özünü cəmiyyətin pozuntularından qırağa çəkməlidir, daha doğrusu, içində cəmiyyəti ötməli, cəmiyyətdən yüksəyə qalxmalıdır. Nə qədər ki, insan cəmiyyətlə ayaqlaşır, cəmiyyətin xaosuna ayaq uydurmağa çalışır, onda cəmiyyətdəkilərdən birinə çevrilir. O zaman həyatın, ömrün necə keçdiyini anlamır. Ömür boyunca bu uyğunlaşma çabasının peşində olur. Həyat onun üçün mənasız olur. Ancaq nə zaman ki, bu xaosdan bir addım da olsa geri çəkilirsən, onda artıq tək qaldığını hiss edirsən. Başqaları üçün rahat görünən, asan yaşanan şeylər sənin üçün artıq çətinləşməyə başlayır. Çünkü ilk anlarda insan hər nə qədər cəmiyyətdən qırağa durmağa çalışsa da, cəmiyyətdəki pozuntuların mənfi tərəfləri insandan yan keçmir. Get-gedə yaşamaq insanın gözündə çətinləşsə də, mənalanmağa başlayır. Onda inad içimdə bir daha özünü göstərir. Bu inad mənim içimdəki dəyişikliyin qədərinə bağlı olur. Nə qədər dəyişiklik varsa dirənmək, inad etmək gücü bir o qədər artıq olur. Get-gedə düşüncələr dəyişilir. Dəyişdikcə həyata baxışımda daha fərqli çalarlar meydana çıxır. Məsələn, mən iki-üç il bundan öncə özünü təhlil, özüylə döyüş qeydlərinə baxıb ümumi bir nəticə çıxarırdım. Filan şeylər yolundadır, bəzi şeylər yolunda deyil kimi hesabat verirdim. Ancaq indi görürəm ki, özüylə döyüş bundan sonra yaratdıqlarımın, həll edilmiş sayılanların belə, tarazlığını qorumaq yönündə davam edir. Mənim inadım, üsyanım, dirənişim heç də həmişə müsbətə yönəlmir. Yəni, bunlar hər nə qədər insanda mübarizə əzmi yaratsa da, bir yandan da insani münasibətdə başqa çalarlar da ortaya çıxara bilir. Ona görə bu gün nələrsə yolundadır, yolunda deyil deməkdənsə, yaratdıqlarımın tarazlığını qorumaq üçün çalışıram, yarada bilmədiklərimin də üzərində çalışıram desəm daha doğru olar. Kiçik bir özünütəhlil qeydim var. Onu yazıdan oxumaq istəyirəm: Hər kəsin içində arzuları, istəkləri, ümidləri, umduqları, məqsədləri var. İnsan bunların üzərində həyatını qurmağa çalışır. Hər hansı bir mübarizə yolunu tutan insanda bunlar olur. Ancaq belə olan halda arzu və istəklər ikiyə ayrılır, daha çox mübarizəyə aid olanlar önə keçir. Bu bizdə də (Ocaqçılarda) belədir. Biz Ocaqla bağlı istək və arzularımıza özümüzü nə qədər həsr edə biliriksə, o qədər də mübarizəni önə apara bilirik. Bu iki yönlülüyün hansı tərəfində daha çox olmağımız isə əqidəyə nə dərəcədə bağlı olmağımızı göstərir. Mənim gücüm burda hara qədərdir, yetərincədirmi? – Deyil. Hansı arzu və istəyimi əqidəyə bağlı bir şeylə əvəz edə bilirəm?! Etməli olduqlarımı diqqətlə düşünürəm, həyata gətirməyə, tətbiq etməyə çalışıram. Bacarmadıqlarımı da düşünürəm. Bacarmaq üçün nələrisə qurban vermək gərək olduğunu görürəm. Bunu edə bilməyəndə içimdə ikilik yaranır, hər biri özünü müdafiə etməyə başlayır. Məsələn, uşaqlarla bağlı arzu və istəklər, çalışmalar önə keçəndə əqidəyə bağlı arzu və istəkləri həyata doğru çəkirəm. Onlar da xalq üçün yetişməlidir, cəmiyyət üçün örnəyə çevrilməlidir deyirəm. Ancaq məncə, bu, bacarmamaq gücündən doğan bir təsəllidir. İnam təkcə mənim evimin içi deyil, İnamın əsasında həm də xalqın yaranması dayanır.
 Atamız var olsun!

Soylu Atalı: Çıxışından dolayı sənə bir sual verəcəm. Birinci önərim odur ki, danışanda, oxuyanda tələsmə. Asta gedin ki, biz düşüncəni izləyə bilək. Asta gedin, fikrinizi sərbəst deyin. Müəllim kimi deyin, şagird kimi deyil. Bura Ocaqdır, o cür yetişmək gərəkdir. İkincisi özü ilə döyüşün çalarları və topluma yansıması, ya da topluma münasibətin özünə yansıması baxımından belə bir sual verəcəm. Mən deyirəm ki, özünə deyə bilmədiyin sözü başqasına deyə bilmirsən. Bu nə deməkdir?

Göytəkin Atalı: Yəni özündə hər hansı bir dəyişiklik yarada bilmirsənsə, özündə hər hansı bir sorunu həll edib yoluna qoya bilmirsənsə, qarşındakından onu yoluna qoymasını tələb edə bilməzsən. Həm də sən onun bunu edə biləcəyinə inanmırsan. Çünkü sənin öz içində hələ o sorunun həll olacağına bir inam yoxdur.

Soylu Atalı: Elədir, yəni dediyin söz sənin özündə dəyişiklik yaratmırsa, başqasında da yarada bilməz.

Göynur Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Çox ciddi iş görməmişəm deyə belə bir hesabatım da yoxdur. Ancaq 48-ci il üçün diləklərim, ümidlərim var. Sağlıq olsun, bunu edəcəyəm. Öz qarşıma məqsəd qoymuşam. Qabaqcadan deməyim, çünkü hələ toparlayıram. İstəyirəm edim, sonra deyim. 47-ci ildə ən böyük fərəhim İnam Evini əldə etməyimizdir. Həqiqətən çox sevinirəm. Atanın 90 illiyini qeyd etməyimiz də mənim üçün önəmli oldu. Mənim üçün fərəhli günlərdən biri də Soylu bəyin Ocaqçılığının 35 illik günü oldu. Onun kitablarının çıxması, uğurları, bu yolda elədikləri məni fərəhləndirir. Bu yolda canını, ömrünü qoyur, bu uğurları ilə bizi bu yerə gətirib çatdırır. Bunlar mənim üçün böyük fərəhdir. Mən çox sevinirəm, həm də elə hiss edirəm ki, bu insan bizim qarşımızda bir ruhani öndərdir. Atanın bizim üçün qoyduğu ideyanı, fəlsəfəni bizə inadla öyrədir. Onun arxasınca gedirik.
Mənim türkçülüklə bağlı yazılarım olur. Dostluğumda çox insanlar var, türkçülər var. Onlar Atanı izləyirlər. Mənim üçün bu da fərəhdir. Öncə 10-12 nəfər mənim yazımı bəyənirdi. Əvvəlcə anlamırdılar. Təzə vaxtlar mənim üçün də çətin idi. Atanın hər bir sözü bir fəlsəfədir. Atanın bir cümləsinə baş vurursan, o cümlədən böyük bir yazı yazmaq olur. Onlar üçün çətindir, həm dil baxımından, həm anlamaq baxımından. Ancaq sonra baxış sayı artdı. Bu da mənim üçün bir işdir. Hamınıza can sağlığı arzulayıram. Gələn il 48-ci ildə hamımızın sağlam canla burda olmasını diləyirəm.Atamız Var olsun!

Soylu Atalı: Bacımızın sözü ilə bağlı bir şey deyim. Ata o vaxtı bizə ruhani öhdəlik götürməyi, dilə gətirməyi deyirdi. Ata ona görə onu deyirdi ki, Ocaqçı onu desin, məsuliyyətli olsun.

Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Yeni ilimizi qutlayıram, uğurlar arzulayıram. Ümumiyyətlə biz həyata gələndə bizə kimsə yön vermir. Bizi insani yaşamağa yönəltmirlər. Hər tərəfdən basqı altında yaşayırıq. Bizi qəlibə salmağa çalışırlar, vətənsizliyə belə öyrədirlər. Biz doğulduğumuz, böyüdüyümüz mühitdə bunları görürük. Mənim ən böyük uğurum o olub ki, bu qədər qarma-qarışıq bir gedişdən ayrılıb özümü burda tapmışam. İndiyə kimi bu yola düşməyimi uğur sayıram. Ruhaniyyat çətin prosesdir. İnsanın özünün içində olan çatışmazlıqlar var, qarşıdan gələn maneələr var. Ölkədə, ailədə, oxuduğun, işlədiyin yerdə maneələr var. Bizə antimilli şeyləri öyrədirlər. Yenə deyirəm, bu şəraitdə bu şeylərdən uzaq durub Yola çıxmağı özümə uğur sayıram. Mən Mütləqə İnam baxışında yolumu tapmışam, vətənin nə olduğunu anlamışam. Elə bir durum olur ki, vətən insan üçün adi bir şey olur, insan vətən anlamını dərk eləmir. Sadəcə yaşayır. Bilmir, vətən nədir, insan nədir, İnsanlıq nədir. Ona görə deyirəm, Mütləqə İnam dünyabaxışını tapandan sonra mən öz yolumu seçdim. Artıq hər şeyi qıraqdan deyil, özümdən gözləyirəm. Bundan sonra da uğurla çalışacam. Ən əsası öz üzərimdə qalibiyyəti əldə etmək istəyirəm. Özümdə çatışmayan şeylər, qüsurlar var, onları nəzərdə tuturam…
Atamız Var olsun!

Soylu Atalı: Birincisi, yolumu müəyyən etdim deyirsən. Bizə öyrədilməyən, tərsi öyrədilən vətənsizlik, insansızlıq, millətsizlik kimi məsələlər mənim üçün arxada qaldı deyirsən. Bu yaxşı bir görümdür. Burada həm də qıraq basqılardan qurtulub daxili azadlığa yetmək var. Şüurda azadlığa yetmə var. Şüurda başlayan azadlıq insanın bütün varlığına yansıya bilir, – əməlinə, düşüncəsinə. Başlıcası bu uğurların özünü görə bilməyin, bunu təhlil etməyin, görməyin özü ayrıca bir uğurdur.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mənim Yeni İldə bir önərim var, hər kəs keçən ilin Yeni İl mərasimindəki çıxışını oxusun. Məsələn, son keçirilən Səfər Günü törənində Yükümlünün bəzi təklifləri vardı, yenidən oxumaq gərəkdir. Mən bu önərini birinci özümə tətbiq etdim. Gördüm ki, keçən ilki Yeni İl mərasimində bir çox sözlər vermişəm, öhdəlik götürmüşəm. Ancaq bunu tam yerinə yetirməmişəm. Məsələn, ömür kitabını bir az yazdım, sonra dayandırdım. Yeni İl mərasimindən bir il keçib. Ancaq mənə elə gəlir ki, sanki bir neçə ay keçib. Vaxt o qədər qısadır ki, il keçib, mən o verdiyim sözün yarısını belə etməmişəm. Bu, dilimi, ağzımı bağlayır ki, gedib Yeni İl mərasimində nə deyəcəm. Bir həftədir düşünürəm, bu öhdəliyi niyə edə bilmədim. Ocaq Yükümlüsü deyir, mərasimdə özünü tənqid etmək gərək deyil.Ona görə niyəsini hələlik özümə deyirəm.

Soylu Atalı: Doğrudur, tənqid mərasimin işi deyil. Özünü təhlil eləmək olar, ancaq nə özünü, nə özgəsini tənqid etmək olmaz. Bu da sənin ilinin uğurudur ki, bu düşüncəyə gəlmisən. Keçən il keçirilən törənlər kitabı hazırlandı. Ona qayıtmaq, oxumaq gərəkdir. Öz çıxışına baxmaq nəyə görə önəmlidir, – biz nə kimi sözlər veririk, nə kimi öhdəliklər götürürük, nələri eləmişik, nələri eləməliyik bir daha dönüb baxırıq.

Nurtəkin Atalı: Mənim bu ilki uğurum nədir, – Atanı oxuyuram, baxıram,idrakım daha da dərinləşib. Mən bunu nə ilə bağlayıram, – bir ildən çoxdur işləmirəm. Evdən işləyirəm, ancaq bu öncəki işim kimi deyil. Mən öncə fiziki baxımdan çox yorulurdum. Söz yox, Ocaqla bağlıydım, Ocaqda var idim. Ancaq qaça-qaç vardı, mərasimlərdən öncə bir az hazırlaşırdım. Biri var tam mənada bütün duyğularla, bütün yaşam tərzi ilə ruhaniyyata köklənəsən, biri də var, hardasa üzdən keçəsən. Üzdən keçdikcə  gördüm ki, ömrümdə çox şeylər elə üzdənləşib. Bu il görürəm, Ocağın gərəkliyini daha dərindən dərk edirəm. Soylu bəy danışanda görürəm, tam dərk edirəm. Söz yox, özüylədöyüşlə, idraki yetkinliklə bu, daha da dərinləşəcək. Ancaq halımda ruhani sabitlik yaranıb. İndi dərk edirəm yaşamağın, ömrün dəyəri hara tərəf yönəlirsə, yüklənirsə o tərəf dəyərlənir.
Keçmişdəki səhvlərim haqqında öncələr daha çox düşünürdüm. Bunu bəzən analiz adlandıraraq uzun-uzadı düşüncələrim olurdu. Görüləcək işlərdən biri ömür kitabının yazılmasıdır. Ömür qısadır, elə ruhaniyyat yönündən də qısadır. Çünkü bizim hədəflərimiz böyükdür, məqsədimiz ucadır, alidir. Biz öz ömrümüzdə çox şeyləri görməyi planlaşdırırıq ideyanın həyata keçməsi baxımından, Ocaqçıların sayının artması baxımından. Ömür gerçəkdən qısadır. Düzənli olaraq ətrafı, insanları dəyişmək üçün yan-yörəyə deyil, daim irəli baxmaq gərəkdir. Bir də mən deyirəm ki, mənim halımda sabitlik yaranıb. Mən həmişə tədbirlər öncəsi çox həyəcanlanırdım. Hər tədbirdə Soylu bəyin münasibətindən, düşüncəsindən çox asılı qalırdım. Təbii ki, hər zaman onun yönəltməsinə ehtiyacım var. Ancaq qorxu qarışıq duyğularım da olurdu. Bu da tədbirlərdən öncə gərginlik gətirirdi. O duyğunu da ötmüşəm, sabitlik məndə belə yaranıb. Soylu bəyin istər halı, düşüncələri, necə yaşaması mənim üçün ciddi bir məktəbdir, örnəkdir. Çox ruhlanıram, çox ümidlənirəm. Ancaq o təpərin öz içimdə yaranması gərəkdir. Ocağın yaşaması, gələcəyi mənim içimdə bitməlidir. Soylu bəy çox aktivdir, hara gedir söhbət edir. Adi bir zəng edir, görürəm ki, mən o dəqiqə ruhlandım. Ancaq niyə mən Soylu bəyin halından asılı qalmalıyam?  Söz yox, ruhlanmalıyam. Ancaq mənim mənbəyim təkcə o olmamalıdır, sırf qıraqdan gəlməməlidir. Başqa bir önərim odur ki, bu ili Amallaşma İli elan etmişik. Heç olmasa iki aydan bir gün ayıraq, ildə 6 gün Qutsal Öyrənim günü keçirək.

Soylu Atalı: Bəlkə də Qutsal  Öyrənim Günü keçirməyin mümkünlüyü özünü doğrultmaz. Gəlin hədəf götürək, Amallaşma mövzusunda Ailə Günü tədbirlərində mövzunu genişləndirək. Ailə Gününün tələbi də odur.  Ata Ailə Günlərini də bunun üçün yaradıb. Ailə Günü deyilir, Ailə saatı deyil. Biz onu bir saat içərisində keçiririk. Ata düşünürdü ki, doğrudan da, gün Ailənin öyrənilməsinə, hesabatına həsr olunsun. Deyirdi, gedin dağ ətəyinə, bulaq başına, təbiət qoynuna. Günün yarısına qədər keçirin, imkan varsa axşama qədər keçirin. Biz indi o qədər də deyil, təhlilin gedişinə görə 2-3 saat, lap artıq da keçirə bilərik.
Bir də sənin bayaq dediyin kitablara qayıdıb çıxışları yenidən oxumaq məsələsi ilə bağlı bir neçə söz əlavə edim. Biz zaman-zaman deyirik, filan şey olmasın, filan şey olsun. Onları biz sadəcə eşidib burda qoymayaq. Çox şey burda qalır. Məsələn, mən deyirəm “Gediş Yazısı” ruhani sənəddir. Əzmədən, cırmadan, yazmadan hər kəs evində saxlasın. Bunun arxasını yazmaq olmaz, buna əməl etmək gərəkdir. Etiraf edək ki, Ocaqla bağlı sözlər burda eşidilir, ancaq çoxu elə burada da qalır. Burada qalırsa, deməli, biz Ocaqlaşmırıq. Bizim Ocaqlaşmağımız hər bir deyilən məsələni nəzərə almaq, həyata keçirməyimizdir. Onda görəcəksiniz ki, Ocaqçıların özünün düşüncəsində belə, böyük dəyişikliklər gedir. Buna əməl etmək gərəkdir. O qədər şeylər deyirik ki, bunlar hamısı bu kitablarda öz əksini tapır. Əməl etmirik deyə təkrar-təkrar qayıdırıq. Əməl etsək qayıtmağa ehtiyac olmayacaq.

Nurtəkin Atalı 47-ci ilin əməl hesabatını oxuyur:

16 Günəş Ayı – Soylu Atalı (Ömürtay Atalının Ocaqla bağlı bilgi verdiyi) Mahmud bəylə görüşmüş, onunla Ocaqyönlü və digər qonularda söhbət etmişdir.
20 Günəş Ayı – Nəsibə xanımın yas törəni olmuş, Ölügötürmə quralları icra olunmuşdur. Tədbirdən Soylu Atalının çıxışı görüntü şəklində sosial şəbəkələrdə yayılmışdır.
Ulusəs Atalı yas üçün yanına gələnlərlə Amal soraqlı söhbətləretmişdir.
21 Günəş Ayı – Nurtəkin Atalı Asif Atanın “Novruzluğumuz” yazısı üzrə görüntü hazırlamış, sosial şəbəkələrdə yayımlanmışdır.
22 Günəş Ayı – Soylu Atalı Aydın Novruzoğlu ilə görüşmüş, Ocaqyönlü, eləcə də digər qonularla bağlı söhbət etmiş, bir sıra suallara aydınlıq gətirilmişdir.
25 Günəş Ayı – Soylu Atalı sinif yoldaşı ilə görüşmüş, Ocaqyönlü, eləcə də, müxtəlif qonularda söhbət etmişdir.
29 Günəş Ayı – Soylu Atalı işlədiyi müəssisədə bir qrup adamla Azərbaycanın indiki durumu, din, milli qonularda söhbətlər aparmış, onların suallarını cavablandırmışdır.
31 Günəş Ayı – Soylu Atalı ilə Günev Atalının çıxışları Nurtəkin Atalı tərəfindən görüntü şəklində hazırlanmış, sosial şəbəkələrdə yayımlanmışdır.
9 Çiçək Ayı – Soylu Atalı Nurtəkin Atalı ilə birlikdə Arif Acaloğlunun kitab təqdimatına qatılmışlar. Təqdimatdan sonra Soylu Atalı ayrı-ayrı adamlarla bir arada olmuş, geniş söhbət etmiş, Ocaq ədəbiyyatları bağışlamışdır.
20 Çiçək Ayı – İnamlı Atalı bir neçə şəxslə Ocaqyönlü, milli söhbətlər etmişdir.
28 Çiçək Ayı – Soylu Atalı işlədiyi müəssisədə təcrübə üçün gələn 8 gənclə (6-sı Türkiyədən) müxtəlif qonularda, Ocaqyönlü, milli yöndə geniş söhbət etmişdir.
İşıq Ayı – Günev Atalı Atagün Elində olmuş, İnam Evində gərəkən işlər görmüşdür. İnam Evinin təmizlik işləri, Amal Bağında qurumuş ağacların kəsilməsi, ağacların suvarılması, bağın təmizlənməsi işləri ilə məşğul olmuş, ayrı-ayrı adamlarla görüşmüş, xalqlaşma işi aparmışdır. Günev Atalı toy, yas yerlərinə getmiş, Ocaqyönlü söz söyləmişdir. Bir hüzür yerində söz demiş, Matəm üstə Mütləqlə Təması hamını ayağa qaldıraraq dinlətmişdir.
Şölə Ayı – Ata Sonevinin Ziyarət günü mərasimindən bir gün öncə Günev Atalı Ağstafaya getmiş, orda mərkəzi parkda bir şəxslə söhbət etmişdir. Mərasimdən qayıdarkən yolboyu yenə də Ocaqyönlü söhbətləri olmuşdur.
21 Şölə Ayı – Soylu Atalı Türkiyə türkləri ilə söhbət etmiş, bugünkü durum haqqında müzakirə etmiş, eyni zamanda onların suallarını cavablandırmışdır.
1 Od Ayı – Soylu Atalı Göyçayda olmuş, Əli bəy, Könül xanımla söhbət etmiş, Əli bəyin Ocaqla bağlı suallarını cavablandırmışdır. Türkiyədə yaşayan Yusif hoca ilə telefon qonuşması olmuş, Ocağın mövqeyi açısından 1 saatdan çox söhbət aparmışdır.
11 Od Ayı – Göytəkin Atalı 2 nəfərlə Ocaqyönlü söhbət etmişdir.
14 Od Ayı – Soylu Atalı Vüqar bəylə, Paşa bəylə Ocaq söhbətləri etmişdir.
19 Od Ayı – Soylu Atalı İsmayıllıda ayrı-ayrı şəxslərlə Ocaqyönlü söhbətlər etmişdir. 
23 Od Ayı – Nurtəkin Atalının 2 gənclə Ocaqyönlü söhbəti olmuş, günsıra vizitləri bağışlamışdır.
25 Od Ayı – Nurtəkin Atalı Qubada kitabxanada olmuş, yerli televiziyaya getmiş, söhbət etmiş, ədəbiyyat bağışlamışdır. 
Od Ayı – Soylu Atalının “Talıfoğulları” kitabı çap olunmuş, Yağış Ayında isə təqdimatı keçirilmişdir. Bu kitab Amalla bağlı olmasa da, Soylu Atalı istər təqdimat, istərsə də kitab yazılarkən görüşdüyü adamlara Amal sorağı vermişdir.
18 Qürub Ayı – Soylu Atalı qohumları ilə, işlədiyi yerdə gənclərlə söhbəti olmuş, Azərbaycan və onun dəyərləri, tarixi ilə bağlı sualları cavablandırmışdır.
Nurtəkin Atalı gənc musiqiçi oğlanla Ocaqyönlü söhbət etmiş, Ocaq ədəbiyyatı bağışlamışdır.
24 Qürub Ayı – Göytəkin Atalının bir xanımla Ocaq, İnam, Ocağın nizamı, məqsədi qonusunda görüşü olmuşdur. Görüş zamanı Asif Atanın kitabı və digər Ocaq ədəbiyyatı, günsıra  bağışlamışdır.
4 Ata Ayı – Soylu bəy Ocaqla ilgilənən Əli adlı bir şəxslə görüşmüş, 3 saatdan artıq davam edən görüşdə Ocaqyönlü, milli-ruhani söhbətlər etmişdir. Ona Ocaqçıların, Asif Atanın kitabları bağışlanmışdır.
5 Ata Ayı – Soylu Atalının iş yerində bir neçə gənclə Ocaqyönlü və müxtəlif qonulara münasibət yönündə söhbəti olmuşdur.
7 Ata Ayı – Soylu Atalı şair Əhməd Fərhad bəylə görüşmüş, söhbət etmiş, Ocaq ədəbiyyatı bağışlamışdır.
8 Ata Ayı – Bilən Atalının bir neçə şəxslə milli-insani yöndə, Asif Ata və onun ideyaları yönündə söhbətləri olmuşdur.
11 Ata Ayı – Soylu Atalının işlədiyi müəssisədə işlə bağlı gələn bir qrup şəxslə Ocaqyönlü və müxətlif qonularda söhbəti olmuş, suallara cavab vermişdir.
28 Ata Ayı – Asif Atanın 90 illik yubileyi Ulusəs Atalının evində Ocaqçılar, Ocaq dostları ilə keçirilmişdir. Törəndə ədəbiyyatlar, Nurtəkinin hazırladığı bukletlər, Göytəkinin hazırladığı fotoşəkillər hədiyyə kimi verilmişdir. Nurtəkin Atalı Atayla bağlı görüntü hazırlamış, bu görüntü yayımlanmışdır.
Xəzan Ayı – Soylu Atalının “Bilmək Gərəkliyi” kitabı çap edilmişdir.
18 Yağış Ayı – Qobuda yeni alınmış İnam Evinin alqı-satqı işləri yekunlaşıb.
22 Yağış Ayı – Soylu Atalı bir neçə şəxslə görüşmüş, milli-ruhani yöndə söhbətlər aparmışdır.
22 Yağış Ayı – Günev Atalı Masallı bölgəsindən Kamil adlı şəxslə Ocaq ideyaları, milli qonularda söhbət etmişdir.
1 Sərt Ayı – Mütləqə İnam Ocağı Qobuda alınmış İnam Evinin rəsmi olaraq elan olunması törənini gerçəkləşdirdi. İnam Evinin Odqoruyanı görəvi Nurtəkin Atalıya tapşırıldı.
19 Sərt Ayı – Soylu Atalının iş yerində gənc bir rəssam xanımla Ocaqyönlü, milli yönlü söhbəti olmuşdur.
22 Sərt Ayı – Günev Atalının Sumqayıtda xəstə qohumunu ziyarət edərkən xeyli sayda adamlarla milli-ruhani yöndə söhbətləri olmuşdur.
24 Sərt Ayı – Soylu Atalı iş yerində təlimə göndərilmiş mühəndis və həkimlərlə geniş söhbət aparmışdır.
4 Qar Ayı – Soylu Atalı Ocaqla ilgilənən Faiq Zeynallı adlı şəxslə söhbət etmişdir. Sonra əslən Borçalıdan olan 4 adamla, Tahir Talıblı ilə görüşmüş milli, Ocaqyönlü söhbətlər etmişdir.
6 Qar Ayı – Soylu Atalı Xaliq Bahadır, Əli bəylə görüşmüş, Ocaq, dünya siyasəti, dünyanın durumu haqqında söhbətlər olmuşdur.
7 Qar Ayı – Soylu Atalı iş yerində mühəndislərlə söhbət etmişdir.
Soylu Atalı yas yerində olmuş, ayrı-ayrı adamlarla görüşmüş, söhbət etmişdir.
9 Qar Ayı – Soylu Atalı Ocaqla ilgilənən ixtisasca həkim Aytən xanımla görüşmüş, söhbət etmiş, suallarını cavablandırmış, özünün, Asif Atanın, Ocaqçıların kitablarını ona bağışlamışdır. Görüşdə Natiq bəy də iştirak etmişdir.
12 Qar Ayı – Kamran Məmmədli adlı şəxs Soylu Atalı ilə əlaqə saxlamış, sonra görüşmüşlər. Soylu bəy onunla geniş söhbət aparmış, ona Asif Atanın kitablarını bağışlamışdır.
17 Qar Ayı – Soylu Atalı işlədiyi müəssisədə işçilərlə milli-ruhani yöndə geniş söhbət etmişdir. Millətin qayğıları, nədənləri, dinin və siyasətin yaratdığı sorunlar, insanın həqiqət yolunda irəliləməsi zamanı yaranan əngəllər kimi qonular üzərində söhbət davam etmişdir.
18 Qar Ayı – Soylu Atalı 35 illik Ruhani ömür hesabatı vermişdir. Törənə Ocaqçılarla Ocaq dostları qatılmışdılar.
26 Qar Ayı – İnam Evində Soylu Atalı Günev Atalının da qatqısı ilə Ocaqla ilgilənən Nahid adlı öyrənci ilə görüşmüş, söhbət etmiş, suallarını cavablandırmış, Ocaq ədəbiyyatı bağışlamışdır.
27 Qar Ayı – Soylu Atalı arayış almaq üçün Memarlıq universitetində olmuş, orada arxivdə işləyən bir xanıma kitab və günsıra vizitləri bağışlamışdır. Eləcə də bir neçə müəllim və öyrəncilərə günsıra vizitləri hədiyyə etmişdir.
1 Köçəri Ayı – İnamlı Atalının taksi sürücüsü ilə milli-insani yöndə söhbəti olmuşdur.
Köçəri Ayında İnam Evinin həyətində otağın tikilməsi işləri ilə Soylu, Günev, İnamlı Atalılar ardıcıl məşğul olmuşlar.
Nurtəkin Atalı 48-ci ilin günsıra vizitlərini çap etdirib.
47-ci ilin tədbirlər kitabı Soylu, Göytəkin, Nurtəkin Atalılar tərəfindən hazırlanıb, çap edilib.                       
Sosial şəbəkələrdən Ocaqla ilgilənən adamlar Soylu Atalıyla bağlantı qurmuşlar. Atayla, Ocaqla bağlı suallar vermişlər. Soylu Atalı getdiyi yerlərdə, iş yerində ardıcıl söhbətlər edir.
Günev Atalı istər bölgəyə gedəndə, istərsə də parka gedəndə ordakı adamlarla hər zaman söhbət edib.
Göynur Atalı öz qruplarında, sosial şəbəkələrdə ardıcıl olaraq Atanın yazılarını yayımlayıb, Ocaq ideyaları haqqında bilgi verib, sualları cavablandırıb.
Göytəkin Atalı ardıcıl Ocaq tarixini yazıb, Sosial şəbəkələrdə Atanın düşüncələrindən ibarət görüntülər hazırlayıb yayımlayıb.
Bilən Atalı iş yerində imkan düşdükcə Amal sorağı verib.
İnamlı Atalı Cəlilabada gedəndə, imkan olduqca söhbətlər edib.
Saytlarımızda ardıcıl yazılar verilib, Göytəkin Atalı onu sosial şəbəkələrdə yayıb…

Soylu Atalı:Ümumi əməl mənzərəsi aydındır. Bu o deməkdir ki, Ocağın xətti var, uğurları var. Söz yox, biz bu işləri, əməlləri az sayırıq. Ancaq arxasında dururuq.
Bir neçə sonlandırıcı söz deyim, sonra sözünüz olmasa mərasimimizi bitirək.
 İnamlı qardaşımızın keçmişi təhlil eləməklə bağlı düşüncələri oldu. Onu özü üçün hardasa bir dərs kimi görür, qiymətləndirir. Mən belə düşünürəm ki, keçmişi yalnız bir halda təhlil etmək olar, əgər keçmişdən gələn hansısa çatışmazlıqlar bu gün də davam edirsə. Başqa anlamda keçmişdə nə olubsa keçmişə buraxmaq gərəkdir. Bugündə, ömürdə, düşüncədə, xarakterdə yoxdursa onu təhlil etmək heç nəyi dəyişdirmir. Yalnız bu günə gəlib çıxanlar varsa onları dəyişdirmək üçün əlbəttə, təhlil eləmək, qiymətləndirmək doğrudur.
Bir də ümumi olaraq demək istəyirəm ki, Ocağımızın mərasimləri müqəddəs olaylardır. Biz baxmayaraq ki, təşkilatçılığımızda, ayrı-ayrı davranışlarımızlarda bəzi qüsurlara yol veririk, ancaq genel anlamda mərasimlərimiz müqəddəs olay kimi öz ifadəsini tapır. Ona görə mən sizə dərin sayğılarımı bildirirəm. Gerçəkdən biz Ocağı davranış ləyaqətimizlə qoruyuruq. Mərasimin öz mövzusu var. Mərasim qurtarandan sonra çay süfrəsində otururuq, hər mövzuya giririk, bu yasaq deyil. Mərasim qurtardısa ayrı mövzularda da danışmaq olar. Mərasimin müqəddəsliyi, sakitliyi, sabitliyi qorunmalıdır. Bu məktəbdir, bazar deyil, demokratiya ünvanı deyil. Bu baxımdan Ocaqçıların ləyaqəti mərasimin müqəddəsliyini qoruyur. Bu, bizim üçün çox önəmlidir. Biz həşirdə söz deyə bilmərik, həşir adamı deyilik.
Yeni il mərasimimizin ən başlıca qurallarından biri bizə yeni uğur qapıları açmaqdır. Yeni işlərin düşüncəyə, əmələ gətirilməsidir. Söz yox, öncə ideya şəklində düşüncəmizə gətiririk, sonra onu gerçəkləşdirmək üçün addım atırıq.
Son çağlar Ocaqçıların birgə ləyaqəti ilə İnam Evini istədiyimiz biçimə salmağa çalışırıq. Amaldaşlarımız sağ olsun, Günev qardaşımız ayaq üstə çətinliklə durduğu halda daşı daş üstünə qoyur, bizimlə birlikdə iş görür. Bunlar hamısı quruculuğun, fədakarlığın göstərişləridir. Ocaq işləri bu cür davranışların üzərində əmələ gəlir. Mərasimdə oturanda bəzən heç nə danışmırlar, onların əməli, işi danışır. Gözümüzün qabağında Ocaq tarixi yaranır. Bu cür gedişdə Ocaq hər mənada qeyrət göstərir. Bütün bunlarla yanaşı biz özümüz Ocaq tələbində, Ocaq doğrultusunda yaşamayacağıqsa, ömrümüzə çevirməyəcəyiksə, onda bu zəhmətlərin özü də bir tərəfli qalır. Dədə Qorqudda gözəl bir misal var: əgər torpağı əkib-becərmirsənsə qorumağa dəyməz, qorumursansa becərməyə dəyməz. Odur ki, biz Ocağı öz ömrümüzə çevirmiriksə, öz ləyaqətimizə gətirmiriksə, öz üzərimizdə qələbəyə çevirmiriksə, onda bu cür zəhmətlər birtərəfli qalır. Arxayınlaşmadan bunu gəlişdirmək gərəkdir. O zaman bir-birimizə daha çox güvənəcəyik. Bizim hər birimizə olan güvənimiz, sevgimiz böyük İnamın yerişi deməkdir, gələcəyə addım deməkdir. Var olun. Mərasimimiz başa çatır.

Törənə ruhsal hədiyyə olaraq 47- ci ilin “Törənlər” kitabı bağışlandı.

Ocaq Yükümlüsü Evladlıq nişanələrini Yol sözü ilə Ocaqçılara qaytardı.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, Atamız Var olsun!” Səcdəsiylə törən başa çatır.

Səsdən yazıya çevirdi: Göytəkin Atalı.

İşıq Ayı, 48-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir