İnsan həyatının mənası, maddinin ruhaniləşməsidir. Ancaq həyatda maddi tam ruhaniləşmir, bu baxımdan həyatın mənası özündən böyükdür. Həyatın sirli, faciəvi, müəmmalı xüsusiyyəti bundan ibarətdir. İnsan həyatda maddini maddidə qalmaga, dayanmağa qoymur, ona ruhanilik keyfiyyəti bəxş edir. Onu özündən kənara çıxarır, özündən yüksəyə qaldırır.
İnsanın dünyaya və özünə ruhani münasibəti həyatda öz ifadəsini tapır. Ancaq həmin ifadə Mütləq səciyyə daşımır, həyatda maddi Mütləq mənada yox, yalnız nisbi mənada ruhaniləşir.
Bu cəhətdən, həyat özündə bitmir, qurtarmır, Ali Həyata keçir, Ali Həyatda özünün mahiyyətini daha kamil, bütöv və hərtərəfli şəkildə təsdiq edir, həyat özünü özündə yox, Ali Həyatda tapır.
Həyatda insan ölümlünün, sonlunun, keçicinin mövcudluğuna əbədilik, sonsuzluq, kamillik gətirir, maddinin naqis xassələri ilə vuruşur, ancaq maddini tam ruhaniləşdirə bilmir. Maddinin naqis xassələrini tam rədd edə bilmir. Naqislik xalisliklə yanaşı yaşayır, həyat ruhaniliklə maddiliyin cəmi şəklində mövcud olur, ancaq həmin cəm münaqişə, ziddiyyət, döyüş əsasında cərəyan edir.
Bu səbəbdən də həyat gərgin dramatizm yaratmaya bilmir. İnsani yaşamaq – ətrafdakıları və özünü ruhani səviyyəyə qaldırmaqdır.
Ancaq Mütləq ruhani səviyyə həyatda yaranmır. İnsan həyatın özündə həmin səviyyəyə çata bilmir, can atır, cəhd göstərir, ancaq maddi insana güclü müqavimət göstərir, bu səbəbdən də insan həyatı əzablı, cəfalı, sarsıntılı olur.
Maddi ruhaniyə uyuşmur, ona qovuşmağa can atır, buna görə də maddinin ruhaniləşməsi gərgin mənəvi münaqişələr, döyüşlər tələb edir.
Ancaq mübarizənin sarsıntılı, məşəqqətli, ardıcıl olmasına baxmayaraq, həyat Ruhun qələbəsini yaratmır, maddi öz maddiliyində, keçiciliyində, sonluluğunda, ölümlülüyündə qalır. Bu, Ruhun cəhdini heçə endirmir, yerə vurmur, lakin onu yetkin, bütöv, tam qələbədən məhrum edir, buna görə də insan həyatda muradına çatmır, həyat ona yalnız yarımçıq qələbələr, yarımçıq nailiyyətlər, səadətlər bəxş edə bilir.
İnsanilik – ruhanilik olduğundan, insan bəxtiyarlığı – ruhani bəxtiyarlıqdır.
Bu baxımdan, Mütləq səadət Mütləq ruhanilik tələb edir. Həyatda isə yalnız nisbi ruhanilik təsdiq olunur. Buna görə də həyat insana əsl səadət vermir. Həyat insana səadətin yolunu göstərir, nişanələrini aşkara çıxarır, ancaq səadətin qapısında dayanır.
Səadətin qapısı Ali Həyatdır.
Bu baxımdan, həyat həmişə azdır.
Bu baxımdan, həyatla kifayətlənmək olmaz.
Bu baxımdan, həyatı Gözəl saymaq olmaz.
Bu baxımdan, həyatı Xeyir saymaq olmaz.
Bu baxımdan, həyatı Kamil saymaq olmaz.
Bu baxımdan, həyatı Ülvi saymaq olmaz.
Bu baxımdan, həyatı Həqiqətin meyarı saymaq olmaz.
Həyatda gözəllik var, ancaq bütövlükdə həyat gözəl deyil, eybəcərliklə gözəlliyin əbədi döyüşüdür və bu döyüşdə eybəcərlik tam məğlub olmur.
Həyatda xeyirli hadisələr, keyfiyyətlər çoxdur, ancaq bütöv şəkildə həyat xeyir deyil, Xeyirlə Şərin əbədi döyüşüdür və bu döyüşdə Şər tam məğlub olmur.
Həyatda ayrı-ayrı kamil hadisələr, keyfiyyətlər var, ancaq bütöv şəkildə həyat kamil deyil, həyat kamilliklə naqisliyin döyüşüdür və döyüşdə naqislik tam məğlub olmur.
Həyatda ülvi hadisələr, keyfiyyətlər var, ancaq bütövlükdə həyat ülvi deyil, ülviyyətlə bəsitliyin döyüşüdür və bu döyüşdə bəsitlik tam məğlub olmur.
Həyatda həqiqəti təsdiq edən hadisələr, keyfiyyətlər var, ancaq həyat həqiqətin meyarı ola bilməz, çünki onda həqiqətlə yalan döyüşür və bu döyüşdə yalan tam məğlub olmur.
Həyat maddiyyatla ruhaniliyin cəmi sərhədindən kənara çıxa bilmir.
Həyatda maddi maddiliyində qalır. Maddinin ruhaniləşməsi insanın maddi dünyanı mənimsəməsindən başlayır.
İnsan maddi istehsal qüvvəsi yaradarkən şəhərlər, kəndlər salarkən, maşınlar icad edərkən təkcə öz maddi ehtiyaclarını ödəmirdi. O həm də maddiyyat vasitəsiylə özünün ruhani mahiyyətini təsdiq etmək istəyirdi. Ancaq bu mərhələdə insanın ruhani xisləti çox cılız, cüzi, cansız şəkildə aşkara çıxdı.
Əslində maddiyyat insanın cismani xüsusiyyətlərini təsdiq etdi, o, ruhaniyə yox, maddiyə xidmət göstərdi. Maddi yaradıcılıqda insan özünü tapa bilmədi. Şəhərlər salındı – ruhanilik azaldı, maşınlar icad olundu – ruhanilik azaldı.
Maddi ruhaniliyi öz səviyyəsinə endirə bilməsə də, ruhanilik səviyyəsinə də qalxmırdı.
Ruhun maddiyyat əsarətinə qarşı döyüşü başlandı.
İnsan şəhərlərdən, maşınlardan əl çəkmirdi, ancaq onların əsarətindən azad olmağa çalışırdı və bununla da nisbi mənada maddiyyatı ruhaniliyə yaxınlaşdırırdı. Çox ibtidai bir ruhaniləşmə baş verirdi, təbiidir ki, onu Ruhun qələbəsi saymaq olmazdı.
İnsan ağacı özünə alət elədi, daşı özünə alət elədi, yerdən, göydən, torpaqdan, çaydan, dənizdən istifadə etdi və bu cəhətdən maddini insan həyatının ahənginə uyğunlaşdırdı, müəyyən mənada ruhaniləşdirdi.
Ancaq ağac insanın ruhani mahiyyətini təsdiq edə bilmədi, daş insanın ruhani mahiyyətini təsdiq edə bilmədi, dəniz, çay insanın ruhani mahiyyətini təsdiq edə bilmədi. Maddi ruhaniliyə yaxınlaşdı, ancaq ona qovuşmadı.
Ruhaniləşmənin digər mərhələsi – insanın varidatla qarşılaşmasında aşkara çıxır.
Varidat – insan həyatında yalançı özünütəsdiqin ifadəsi rolunu oynayır.
Varidat vasitəsiylə insan öz yalançı qüdrətini təsdiq edir.
Varidatın xüsusiyyəti bir də ondadır ki, o, yalnız maddi ehtiyacları ödəmir, həm də yalançı zövqə, yalançı nailiyyətə, qələbəyə, böyüklüyə xidmət edir.
Varidat vasitəsiylə cahil “Mən varam” deyir. Əslində isə həmin “mən varam” “mən yoxam” demək olur. Çünki burada ruhani xilqət olan insan özünü ruhanilik vasitəsilə yox, maddilik vasitəsilə təsdiq edir. Əslində varidat insanı özündən ayırır, ruhaniliyi maddiləşdirir. Bu səbəbdən də ruhaniyyat varidat köləliyi ilə döyüşür.
Ancaq bu döyüş nə qədər uğurlu olsa da, varidat insanların üzərində öz hakimliyini saxlayır. Ruhanilik ayrı-ayrı şəxslərdə tam qələbə çalsa da, ümumən bu onun tam qələbəsi olmur, çünki həyatda varidat tilsimi qırılmır.
Ruhaniliyin daha yüksək mərhələsi – insanın öz duyğularını, ehtiraslarını mənəviyyat səviyyəsinə qaldırmasıdır. İnsan maddiyyat qanunlarına tabe olan cinsi əlaqəni ən çox ruhaniyyat qanunlarına tabe olan məhəbbət səviyyəsinə yüksəltdi. Fəqət o, maddiyyatın, cismaniliyin bariz ifadəsi olan şəhvəti həyatdan qovmadı və məhəbbəti heyvanilik təhlükəsindən tam qurtara bilmədi.
İnsan maddiyyat qanunlarına tabe olan dişilik keyfiyyətini analıq və qadınlıq səviyyəsinə yüksəltdi. Fəqət o, dişiliyi həyatdan qova bilmədi və qadınlığı dişilik təhlükəsindən tam qurtara bilmədi.
İnsan maddiyyat qanunlarına tabe olan erkəklik keyfiyyətini ruhanilik qanunlarına tabe olan kişilik və atalıq səviyyəsinə yüksəltdi. Ancaq erkəkliyi həyatdan qova bilmədi və bu səbəbdən kişiliyi erkəklik təhlükəsindən tam xilas edə bilmədi.
İnsan xudbinlik adlanan heyvani keyfiyyəti fədakarlıq adlı ruhani keyfiyyətlə əvəz etdi, ancaq xudbinliyi həyatdan qova bilmədi və fədakarlığı xudbinlik təhlükəsindən tam qurtara bilmədi.
İnsan – heyvanat dünyasının maddi xislətindən doğan qorxu duyğusunu qəhrəmanlıq ülviyyətiylə əvəz etdi, fəqət qorxunu həyatdan qova bilmədi və bu səbəbdən də qəhrəmanlığı qorxu təhlükəsindən tam qurtara bilmədi.
İnsan Mütləqi tanıdı, Müqəddəsliyə tapındı, bununla belə, naşılığı, naqisliyi, şübhəçiliyi, xurafatı, cəfəngiyyatı həyatdan qova bilmədi.
İnsan maddi olan səsdən ruhani olan musiqi, söz yaratdı, ancaq həyatda ruh sözə, ahəngə sığmadı. İnsan cismanilik qanunlarına tabe olan yırtıcılığı ruhanilik qanunlarına tabe olan olan dostluq hissi ilə əvəz etdi, ancaq yırtıcılığı həyatdan qova bilmədi. Bu səbəbdən də o, dostluğu yırtıcılıq təhlükəsindən xilas edə bilmədi.
İnsan dava eybəcərliyini, fateh qəddarlığını, müstəbid zalımlığını, şöhrətpərəstlik naşılığını, küdurət iztirabını, zor nəşəsini, yalan tələsini, cəhalət çirkabıını həyatdan silə bilmədi.
İnsan maddi olan bədəni ruhanilik yüksəkliyinə qaldırmağa çalışdı, gözə, üzə, ələ, dodağa ruhani xassələr bəxş etdi, göz ruhaniləşdi, üz ruhaniləşdi, dodaq ruhaniləşdi, ancaq bədən maddiyyat qanunlarına tabe oldu, ruhu tərk etdi.
Ölüm həyatda maddiyyatın ruhaniləşmə imkanlarının məhdudluğunu göstərir. Ölüm deyir ki, “həyat məndən zəifdir, çünki son nəticədə ruhani yox, maddi təsdiq olunur”.
Ölüm səhv edir, çünki həyat ölmür, Ali Həyata qovuşur.


