Ocaq Günsırası ilə 27 Sərt Ayı, 47-ci ildə (dekabr, 2025) Asif Atanın Mütləqə İnam Ocağı “Ruhsal Səfər Günü” Törənini həyata keçirdi. Törən qurallarından sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə edərək sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq. Ruhani Səfər Günümüz 8-ci ildə elan olunub, 39 ildir ki, Ruhani Səfər Günü mərasimi həyata keçirilir. Bu mərasim Ocağın bölgələrə səfər etməsi ilə bağlıdır. Daha doğrusu, Atanın ideyalarının sorağını yaymaq üçün öz Evladlarından – Ocaqçılarından ruhani səfər tələb etməsi ilə başlayıb. Ocaqçıların qarşısına belə bir tələb qoyub ki, hər bir Ocaqçı səfər etməlidir, hər yerdə Amalımız eşidilməlidir, xalqımız zaman-zaman Ocağın ideyalarına, tələblərinə uyğunlaşmalıdır.

Biz bununla İnam xalqı yaratmaq işimizi həyata keçirmiş oluruq. Buna görə o çağdan etibarən Ocaqçılar ayrı-ayrı bölgələrə səfər edirlər. Ancaq səfər təkcə bölgələrə getməklə məhdudlaşmır. Ata deyirdi, ola bilər kimlərsə başqa bölgəyə səfər edə bilməsin, olduğu, yaşadığı bölgəyə səfər etsin. Öz yaşadığı məkanda toplumun arasına çıxsın, imkan tapıb Ocağın sorağını yaysın, qovğasız müqəddəs haray çəksin. Səfər – eldən-elə də olar, evdən-evə də. Hətta qohum evinə, qonşu evinə yönün düşər, orada söhbət apararsan, mövzu açarsan, mövzunun aparıcısı özün olarsan. Yəni hər yerdə Amal sorağı yayılmalıdır. Bundan başqa “özünə səfər” ideyamız da var. Özünü kökləmək, hazırlamaq, düşüncələri yetkinləşdirmək, Amallaşmaq, İnsanlaşmaq, Kamilləşmək, – bunların hamısını ruhani səfər əməli kimi qəbul etmək gərəkdir. Biz,Ocaq olaraq, illərlə bu tələbə əməl etmişik, bu gün də edirik. Aktiv olan çağlarımız olub, qismən passiv çağlarımız olub, ancaq dayanmamışıq, davamlı şəkildə addımlar atırıq, yayırıq, yayılırıq. Təkrar deməyə gərək yoxdur ki, biz Azərbaycanın çox rayonlarında, çox kəndlərində olmuşuq, görüşlər keçirmişik, səfərlər eləmişik, söhbətlər aparmışıq. Bəzi bölgələrdə davamlı söhbətlər olub. Bəzi bölgələrdə müəyyən söz imkanları yaranıb, bəzi bölgələrdə isə söhbətlər uzunmüddətli davam edib. Məsələn, Atanın sağlığında Şəmkirdə davamlı söhbətlər aparılırdı. Beyləqanda Ocaq ailəsi vardı, davamlı söhbətlər aparılırdı. Cəlilabadda Ocaq Ailəsi vardı, söhbətlər gedirdi. Harada Ocaqçı var idisə, Ailə olmasa da, Ocaqçı öz bölgəsində iş aparırdı. Bağban hətta Mingəçevir qəzetində çağaşırı Asif Atanın yazılarını çap etdirirdi. İlk dəfə yazılı mətbuata Asif Ata imzasını Bağban çıxarıb. Bu qəzetlər bizim arxivimizdə var, bütün bu işlər arxivimizdə saxlanılır. Bunlar Ocağın gördüyü işlərdir. Bu xalqın ruhuna, mənliyinə, kimliyinə biz özümüz yiyə çıxmalıyıq. Yiyə çıxmaq üçün onu yaratmaq gərəkdir. Bunun üçün ideya var, baxış var, çoxəsaslı, ciddi, sistemli prinsiplər var. Kitablar var, ədəbiyyat var, Ocaqçılar var. Biz heç vaxt Ocağa aid olmayan iş aparmamışıq, bundan sonra da aparmalı deyilik. Biz siyasi iş aparmamışıq, ideoloji baxışlarımızı mətbuatda ifadə etmişik, əsas apardığımız iş ideya işidir. Xalqın içinə atdığımız addımlar boşuna olmayıb. Hər biri bu ya başqa şəkildə iş görüb. Mən bir fakt deyim. İki gün öncə qonşum öldü, onun yas ünvanına baş çəkdim. Adamlarla söhbət oldu. Dörd-beş il öncə onların məclisində etdiyim söhbətləri orada başqaları təkrar edirdi. Bəlkə də unudublar, bu sözləri mən onlara demişəm. Bu sözlər insanların beynində qalır. Bilməsələr də, etkisi var. Bunun sonucudur, ehsan süfrəsini ortadan qaldırıblar. Bu prosesdə Ocaq sözü var. Ayrı-ayrı bölgələrdə də bu proseslər gedir. Dövlət səviyyəsində də bəzi məsələlərin qarşısı alınır. Bunun hamısında bizim qatqımız var, ideya vermişik, söz demişik. Bu, əslində dövlətin xeyrinədir. Çünkü Azərbaycanda yas məclislərinin 99%-i İran yönümlüdür. Məclislərdə İranın ideoloji söhbətləri aparılır, – Azərbaycana qarşı, dövlətə qarşı. Mən bunu mətbuatda dəfələrlə yazmışam.
Biz Ocaq olaraq səssiz, yorulmadan işimizi görmüşük. Ocağın səfərləri, görüşləri, atdığı addımlar boşuna getmir. İş gedir. Ocağın işi sürətli olmayacaq, sürətli getməli deyil. Qaça-qaça olmaz. Ocağın gördüyü işlər adddım-addım gedir, hal-hal, oturuşma gedəcək, qurulma gedəcək. Qulaq dolacaq, düşüncələr formalaşacaq.
Günev qabaqlar deyirdi, bu qədər söhbət edirəm, bir adam yaxasını ələ vermir. Mən də deyirdim, yaxasını sənin əlinə verib böyründə oturmayacaq, ancaq onun qulağını doldurursan. Bu çabaların etkisidir, dəyişikliklər gedir. Ata deyir, ağac-ağac, addım-addım, fərd-fərd, hal-hal yeriş baş tutacaq. Ocaq belə yaranır. Bu iş bizdən sonra da davam edəcək. Yetər ki, biz öz işimizdə davamlı olaq, arxayınlaşmayaq. Az sayda adamlarıq, bu sayda adamların bir arada birlik şəklində olması, sistem şəklində yaşaması xalqın içində addım-addım işlər görür.
Toplumda aşırı deqradasiya var, bununla bağlı axtarış da artır. Sağlam axtarışlar yolunu Asif Ata yaradıb. Heç bir ideologiyada, heç bir partiyada bu yoxdur. Partiya hakimiyyət dəyişikliyi istəyir, xalqyaratma onun işi deyil. Ona görə qurtuluş axtaran insanlar Asif Atayla ilgilənir. Biz nə qədər ki ayaqdayıq, ayaqda olacağıq, bölgələrdə, orda-burda ilgilənənlər həmişə olacaq, getdikcə artacaq. Bu açıdan mən ruhani səfər məsələsinə çox böyük önəm verirəm. Hesab edirəm ki, bundan sonra da Ocaqçılar səfər məsələsiylə bağlı ciddi düşünməlidir. Ruhani Səfər Gününüz qutlu olsun! Hər birinizə uğurlar diləyirəm, hər birinizdən, sonrakı Ruhani Səfər Günündə uğurlu səfər hesabatları gözləmək ümidi ilə!
Atamız Var olsun!
Günev Atalı (Ataya Səcdə edib,Bayrağı öpür – N.A.): İlin başlanğıcından müxtəlif yönlərdə, əsasən istirahət parklarında çoxsaylı adamlarla Amal görüşlərim olub. Bu kimi söhbətlərim demək olar ki, vaxtaşırı olur. Etirazlar olsa da, əsasən rəğbətlə yanaşanlar daha çox olur.
İşıq ayında Atagün Elinə səfərlərim, toy məclisində, bir neçə şənlik məclislərində xüsusi çıxışlarım olub ki, bu da hər dəfə ruh yüksəkliyilə qarşılanıb. Çünkü o bölgədə artıq qulaqlar dolub, nəyin haradan gəldiyi bilinir. Ona görə də mən hər hansı bir məclisdə söz aldıqda, ya da elə-belə məqam gəlir ki, söz deyəndə diqqətlər kəsilir.
İki nəfərlə İnam Evinə – Atagün məbədinə getmişəm, onlarla Amalımızla bağlı söhbətlər etmişəm. Kənd içində üçbir, beşbir danışıqlarla, görüş və söhbətlərimlə bərabər ədəbiyyatlar hədiyyə etmişəm. Amal bağındakı İnam Evində üç nəfər işçi tutub gərəkən işlər görmüşəm. Həmin işçiləri İnam Evinə dəvət edib çoxsaylı suallarını cavablandırmışam. Növbəti gedişdə həyəti və məbədi təmizləmiş, bağı suvarmışam. Kənddə hüzür məclisinə getmiş, camaatın ən çox yığılan məqamında çıxış etmişəm. Yas mərasimi ilə hər tərəfdən, xalq olaraq, yaşamamıza yansıyan yadlıqların ifşasına qarşı münasibətimi bildirmişəm. Sonda hər kəsdən ayaqüstə “Mütləqlə Təması” dinləməyi xahiş etmişəm. Gözəl qarşılandı. Çıxışın məzmunu bölgə mərkəzində də əks-səda doğurmuşdu. Bu, həmin adamın yas mərasimi idi ki, o bəy öncələr çoxsaylı adamı gətirmişdi üstümə. Bir az da əlbəyaxa söhbəti olmuşdu. Məni vurmuşdu yumruqla, ancaq özü yıxılmışdı. Ancaq çox tezliklə peşmançılığını biruzə verdi. Səhəri gün qapıya gəldi ki, məni filankəs yoldan çıxardı.
Uzunmüddətli, illərlə çəkdiyim harayların öz etkisinin göstərdiyi fərəhi yaşadım. Kənd həkimi ona verdiyim kitabları öz iş otağında, stolun üstündə saxlayaraq, gəlib-gedənə təqdim etdiyini bildirdi. Söhbətlərimdən müxtəlif adamların kitab istəmələrini eşitdim və göndərdim. Bir vaxtlar salam verə bilməkdən çəkinənlərin indi isti münasibətləri məni bu səfərdə qane edirdi.
3 Şölə Ayında Atagündən Ağstafaya, Ata Sonevinin Ziyarəti Gününə qabaqcadan getdim. Mərkəzdəki parka getdim. Orta yaşlı bir nəfərlə söhbətimizdə Amal sorağını verdim. Mərasimdən sonra Atagünə qayıdarkən yolboyu Füzuli, Ağdam, Ağcabədi bölgələrindən olan adamlarla Amalımızdan söz açmış, Günsıra bağışlamış, sayta girərək daha ətraflı fikir əldə edə bilmələrini məsləhət görmüşəm.
15 Şölə Ayında Biləcəri parkında söhbətlər elədim.
Soylu Atalı ilə Ata ayından başlayaraq Ocağımıza ünvan axtarışına çıxdıq. Çox axtarışlardan sonra sonuc əldə etdik.
22 Yağış Ayında Masallı bölgəsinin Həsənli kəndində Kamil müəllimlə bəşəri müşküllərin nədəni və çözümü yönündə etdiyimiz söhbətdə Ocağımızın ideyalarından söz salaraq, Mütləqə İnam Dünyabaxışının gərəkliyindən, belə bir bəşəri təlimin yaradıcısından, Asif Ata kimliyindən danışdıq. Sinədolusu danışığımız müəllimi çox etkilədi.
22 Sərt Ayında Sumqayıt şəhərində xəstə qohumumun evində oraya gələn xeyli sayda adamlarla gərəkən qonularda söhbət etdim.
Bu sıralamaları xeyli uzatmaq olar. Belə ki, Lənkərandan, Kürdəmirdən, İmişlidən, Şamaxıdan, Ağstafadan, Cəbrayıldan, Şuşadan, Qubadlıdan, Tovuzdan və s. bölgələrdən müxtəlif adamlarla müxtəlif yönlü söhbətlərimdə Ocağımızın ideyalarını sərgiləməklə Amalımızı nişan vermişəm. Tarixini unutduğum bu kimi məqamları ayrıca qeyd etməyi gərək bilmədim. İrili-xırdalı bütün bu çabalar xalqda etki göstərməyə bilməz. Eyni zamanda bu səfərlər mənim qurulmağıma da fərəhli məqamlar bəxş edir.
Atamız Var olsun!

İnamlı Atalı (Ataya Səcdə edib,Bayrağı öpür– N.A.): Birincisi, Səfər Günü münasibəti ilə mən də bacı-qardaşlarımı qutlayıram. Özümün səfərlə bağlı işlərim az olub. Bir neçə dəfə yas mərasimlərində söhbətlərim olub. Ancaq mən bir şey demək istəyirəm ki, Lənkəranda mənə İnamlı adımla yanaşmalar oldu, bu məni yaxşı etkilədi. Ümumiyyətlə, istər-istəməz adamın çevrəsində məni tanıya bilən dairə yaranır. Hətta elə adamlarla qarşılaşıram ki, vaxtilə universitetdə Asif Atanın zamanında oxuyublar. Ocağın ilk illərindən, günlərindən xəbəri olan adamlarla gözəl söhbətlərimiz oldu. Biz yayılırıq. Bizə etiraz edəndə belə, biz yayılırıq. Bilirlər ki, belə bir ideya yaranıb, artıq yayılır, onun dərin kökü var. Səfərdən əlavə, Ocaqçı bacı-qardaşlarımla doğmalığım mənə nəfəs verir, ideyaları yaymağa daha da həvəsləndirir. Soylu qardaşımla mənim münasibətimdə elə bir səviyyə yaranıb ki, mən onunla çox uzaq hədəflərə yetəcəyimə ürəkdən inanıram. Bu mənim üçün çox böyük uğurdur.
Atamız Var olsun!
Soylu Atalı: Reklam, antireklam məsələsi var.Toplumda ağıllı adamlar belə ideyaları birbaşa inkar eləmirlər. Özünü-sözünü tanımayan adamların inkarı isə təsdiqdir. Çünkü elələrini toplum eşitmir. O açıdan antireklam reklamdır məsələsi ta qədimdən üzü bu yana iş görür.
Bu söhbətə qüvvət olaraq deyim, mərasimlərin birində hansısa Ocaqçı dedi ki, filan kafedranın müəllimi Ata haqqında yüksək söz dedi. Ata ona etiraz edib dedi, belə şeylərə çox həvəs göstərməyin. Görünür Ata haradasa səhv edib ki, o professor Atanı tərifləyib. Yəni o cür nadanların tərifi yetkinlər üçün, həqiqətçilər üçün tərif deyil, tənqiddir. Nadanların qiyməti bizim əsil qiymətimiz olmayacaq heç vaxt.

Nurtəkin Atalı (Ataya Səcdə edib, Bayrağı öpür– N.A.):“Səfər Günü” Törənimiz qutlu olsun. Asif Ata öləndən sonra mən səfərlərdə böyüdüm. Asif Atanın sağlığında iki dəfə görüşdə olmuşam. Bir dəfə Sumqayıtda, bir dəfə Bakıda Soylu bəyin keçirdiyi görüşdə. O görüşləri Ataya deyəndə necə sevindi. Görüş keçirmək məktəbini, sistemini Soylu bəydən öyrəndim. Onun necə özünü aparmağı, necə söhbətə başlamağı, sonra bizi görüş keçirməyə həvəsləndirməsi ki, gedin siz də görüş keçirin, söz deyin, özünüzü ifadə edin. Mən görüşdə ötdüm qorxu duyğusunu. Görüşdə özümü daha yaxşı görə bildim, özümün çatışmayan tərəfimi, qorxumu gördüm. Atanı necə anlayırlar, anlamırlar görürdüm. Biz görüşdən gəlirdik, görürsən, kimsə tərif deyir, Soylu bəyin üzünün ifadəsi dəyişmir. Ya da qəbul etmirlər, yenə də Soylu bəyin üzünün ifadəsi dəyişmir. Bunun özü də canlı məktəb kimidir, biz onu keçirdik. Bunun özü də çox yaxşı öyrədirdi bizi. Bu mənada Soylu bəyin səfərlərində, səfər görüşlərində yetişdim mən. Səfərlərdə həm də bizim bir-birimizə münasibətimiz, doğmalığımız, Atanı necə demək olar, necə vermək olar, bax onu öyrənirdik.
Bu ildə mənim bir səfərim olub, şimal bölgəsində yerli televiziyaya və kitabxanaya getmişəm. Bu televiziyadan veriliş söz veriblər, yenə cəhd edəcəm alınmasına. Sosial şəbəkədə ayrı-ayrı şəxslərlə söhbətlərim olub.
Səfər qarşılıqlı bəhrələnməkdir. Həm özünü görmək, ideyanı vermək, özünü tanımaq, xalqını tanımaqdır. Özünü hərtərəfli görmənin ən gözəl, aydın üslubudur xalqlaşma. Televiziyalar, sosial şəbəkələr adamları gündəmə, bəsitliyə, xaosa, məişətə alışdırırlar. Gedib söhbət edəndə üslubdan, söhbətin gedişindən hiss edirlər bu nəsə fərqlidir, gözləri açılır, aydınlanır ağıllar. Gördüyümüz, eşitdiyimiz nə varsa həqiqi deyil, həqiqət deyil.
Ədalətin yoxluğunu bilir adamlar, ancaq ədalətin öz içindən başlamasına inanmır. Hamı qıraqdan gözləyir hərəkəti də, sözü də. Toplumun ölçüləriylə ömrün mənasını yaratmaq olmaz. Toplum rejimə yarayan ömürlər yaradır. İnsan isə insanda yaşayır. İnsan İnamla yaşayır. İnsan xalqda yaşayır.
Atanı oxuyuram, ya Soylu bəy hansısa düşüncəsini bölüşür. Mən görürəm ki, yaşayıram onu. İnsan insanı yaşada bilir. Öz inamı ilə, duyğuları ilə, düşüncəsi ilə, o duyğuları yaşayanda mən yaşadığımı hiss edirəm.
Ailə var, həm də yoxdur, mənaca yoxdur. İnstinktlə yaşayır Adam. Bizi ailələrimiz Ocaqdan ayırmağa çalışıb. Xalq üçün iş görməyin “anlamsız” olduğunu anlatmaq istəyiblər. Özlərinin necə həyat yaşadığını sorğulamayıblar. Hansı ölçüylə, hansı ədalətlə, hansı sabaha inamla yaşayıram deyə soruşmayıblar özlərindən. Barışıblar həyatla, gedişlə, verilən ölçülərlə. Hamının içində rahatsızlıq var: bu gedişlə sabah necə olacaq? Səfər bu cavabı vermək üçündür. İnsan həqiqətə çatanda, inama yetəndə, gördüyü, yaşadığı da fərqli olur. Əminsən ki, nə olsa belə dünya dağılan, məhv olan deyil. Tək-təklər necə ki tarixdə çıxmışlar, həqiqət uğruna həyatlarını vermişlər, bu gün də yaşayırlar, gələcəkdə də səsimizə səs verəcəklər. Dünya yaxşıların hesabına qalır. Sabahı yaratmaq üçün, sabaha ümidlə baxmaq üçün, sabahda yaşamaq üçün İnam harayını eşidəcəklər.
Atamız Var olsun!
Soylu Atalı: Maraqlı məsələlər dilə gətirdi, həm də maraqlı məqamları üzə çıxardı Nurtəkin. Bizim o dönəmlərdə səfər işlərimizin ağır çəkisi, təşkilati baxımından ən çox Göylünün üzərinə düşürdü. O çox cəsarətli gedirdi, çox uğurlu alınırdı onda. Mən o hərəkəti görürdüm, ona görə umurdum ki, Göylü özü formalaşsın. Nurtəkinin səfər təşkilatçılığı Göylüdən çox az idi. Ancaq Nurtəkində daxili bir İdrak işi də getdi. Göylü kimi bir hünərdə təəssüf ki, dayanma oldu. Olmasaydı Ocaq çox qazanardı.
Nurtəkin deyir, İnsan insanı yaşada bilir. Məsələ odur. Sən görürsən ki, nə olur olsun, dünya dağılar, ancaq sənin ona inamın, ümidin dağılmaz. Bunlar çox böyük keyfiyyətlərdir. Ata ona görə deyirdi, özüylədöyüş gərəkdir. Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq.

Ömürtay Atalı(Ataya Səcdə edib,Bayrağı öpür– N.A.): Öz halımla bağlı çox qısa deyəcəm. Mən niyə səfər hesabatı vermirəm? Niyə səfərlərə getmirəm? Niyə söhbətlər eləmirəm? Bunu demək istəyirəm. Məsələn, Asif Atanın Mütləq anlayışı və Asif Atanın Mütləqlə təmasını hələ ruhumda hiss etməyi yaşamamışam. Atadan oxuduqlarımı başa düşürəm, anlayıram. Ancaq Mütləqə İnam anlayışını tam hiss eləmirəm, zehnimdə yaradıram. Məsələn, bir insan bir şeydən danışırsa, mən həmin şeyi görməmişəmsə, hiss etməmişəmsə, məsələn, bu ağrı hissidir, mən hiss etməmişəmsə, bunu zehnimdə yaradıram. Ancaq ağrını hiss etmişəmsə, o insan nə deyirsə, nədən söhbət gedir, mən tam dərk edirəm söhbət nədən gedir. Ona görə Soylu bəyin dediyi ki, Asif Ata deyir özünə səfər olmalıdır, o partlayış hələ məndə baş verməyib. Mən Mütləqlə təmasa gəldim, onu anladım, tam ruhumda hiss elədim, bu hələ ki olmur.
Soylu Atalı: O partlayışın nə vaxtsa olacağına inanırsanmı?
Ömürtay Atalı: Axtaran tapar. İnanıram ki, axtarış varsa olacaq.
Soylu Atalı: Məsələ inanmaqdır. İnanırsansa, onun peşinə düşəcəksən. İnanmasan çətin.
Ömürtay Atalı: Ocağa axtarışın nəticəsində gəlib çıxmışam, ona görə də inanmıram ki, olmasın…
Atamız Var olsun!
Soylu Atalı: İnam böyük gücdür.
Ata deyirdi, ömür pətəyini mənəviyyat balıyla doldur. Bu, çox mühüm çağırışdır, çox önəmli məsələdir. Bax, bu cür ki, insan özümləşir, insanlaşdıqca, onun təfəkkürü, cəsarəti artır həqiqətlə bir olur. Həqiqətlə bir olan adam hər yerdə o həqiqətin gözəlliyini, şirinliyini başqalarına daddırmağa çalışır, başqalarına verməyə çalışır. Özündə qalmırsan, özündən qırağa çıxırsan, başqalaşırsan.

Göynur Atalı (Ataya Səcdə edib, Bayrağı öpür– N.A.): Ruhani Səfər Günümüz qutlu olsun! Mənim elə bir səfərim olmayıb. Bir dəfə Binədə çay süfrəsində söhbət getdi. Bir türkçü var idi, mən bilirdim o türkçüdür. Ora getmişdim ki, görüm onun düşüncəsi nədir.Türkçü olmaqla deyil, hər türkçü Asif Atanı tanıya da bilər, tanımaya da. Onlardan birinin heç ali təhsili də yox idi, orta məktəbi bitirmişdi. Elə gözəl izah etdi ki. Mən ona deyəndə ki, siz tanıyırsınız? Dedi, niyə tanımıram. Onun bir fikri çox xoşuma gəldi. Dedi, Asif Ata təkcə Azərbaycanın ən böyük bəşəri ideyasını daşıyan bir insan yox, bütövlükdə dünyada böyük dəyər daşıyan bir insandır.
Mən səfərə getməsəm də Feysbukda təbliğatla uğraşıram. Mənim Messengerdə 5-6 dənə qrupum var, vatsapda qruplarım var. Orada mən həm paylaşıram, həm də söhbət edirəm. Türkiyəlilərlə söhbət edirəm. Deyirəm bu gün Türkiyə üçün də Asif Ata ideyaları, fəlsəfəsi lazımdı. Bir türkiyəli mənə dedi ki, bizə Asif Ata gərəkdi, çünkü artıq Atatürk qayıtmayacaq, olmayacaq, biz pis bir durumdayıq, bizə Asif Ata kimi dəyər lazımdır ki, onun ideyalarına söykənək. Onun bilgiləri ilə biz Türkiyəni qoruyaq. Bu mənə çox yaxşı təsir bağışladı. Onlar oyanırlar. Ona görə var olsun, sağ olsun Ata.
Bu gərəkliyi Ocaqdan öyrəndim. Mənim ruhum təzələnir. Mənim ruhum tam başqa bir dünyanın qarşısındadır. Mən Ocaqdakı kimi saf, mənəviyyatlı, əxlaqlı insanları başqa yerdə görmədim. Ocağın bütün bəşəri, insani dəyərləri ilə yaşayan bu insanlara tam güvənirəm. Var olsun Atamız.
Soylu Atalı:Bacımız yeni ilginc bir söz dedi: var olsun Ata, sağ olsun Ata. Qıraqdan baxan deyər ki, Ata necə sağ olsun? Ancaq Ata həmişə deyirdi, İdeya yaşamalıdır, sağ olmalıdır. Yəni Atanın sağ olması, ideyalarının diri qalmasıdır.
Nurtəkin Atalı Asif Atanın “Ruhani Hökmlər” kitabından Səfərlə bağlı düşüncələrini oxudu.
Soylu Atalı özünün “Bilmək Gərəkliyi” kitabını Ocaqçılara hədiyyə etdi.



Sonra Ocaq Yükümlüsü Ocaqçılara Evladlıq Nişanələrini Yol sözü ilə qaytardı.
“Ata Ruhunu Ürəyimdə aparıram!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.
Səsdən sözə çevirdi: Nurtəkin Atalı.
Sərt Ayı, 47-ci il. Atakənd.





