Xəbərlər

Asif Ata. Həqiqət – Yalan

Həyatda həqiqətlə yalan yanaşı yaşayır, bir-biriylə döyüşür, fəqət bu döyüş həqiqətin tam qələbəsiylə bitmir, yalanı həyatdan silmək olmur.
Həqiqət deyir ki, dünyanın mahiyyəti dünyanın özündən böyükdür, bu səbəbdən də dünya göründüyündən artıqdır, yüksəkdir, alidir.
Yalan deyir ki, dünya göründüyündən ibarətdir, onun mahiyyəti gerçəkliyə bərabərdir, bu səbəbdən də dünyanı dərk etmək – görünəni dərk etməkdir.
Həqiqət deyir ki, insanın mahiyyəti insandan böyükdür, bu səbəbdən də insan göründüyündən artıqdır, yüksəkdir, alidir. Yalan deyir ki, insanın mahiyyəti insana bərabərdir, buna görə də onu dərk etmək onun gerçəklikdəki təzahürlərini dərk etmək deməkdir.
Həqiqət deyir ki, təbiətin mənası özündən böyükdür, yalan deyir ki, təbiətin mənası özünə bərabərdir.
Həqiqət deyir ki, maddiyyatın arxasında ruhanilik, keçicinin arxasında sonsuzluq, ölümlünün arxasında əbədilik dayanır. Yalan deyir ki, maddiyyat maddiyyatdan artıq, keçicilik keçicilikdən artıq, ölümlü ölümlüdən artıq deyil.
Həqiqət deyir ki, insan həyatının əsası – Mütləqləşməyə, mənəvi kamilləşməyə, ruhaniliyin tam təsdiqinə meyildir. Yalan deyir ki, insan həyatının əsası – maddi mənafe uğrunda vuruşmadır.
Həqiqət deyir ki, insan həyatının baş amili – mənəviyyatdır, yalan deyir ki, insan həyatının baş amili – iqtisadiyyatdır.
Həqiqət deyir ki, ruhani maddini idarə eləyir, yalan deyir ki, maddi ruhanini idarə eləyir.
Həqiqət deyir ki, insan şəraitdən artıqdır, ən pis şəraitdə belə yaxşı insan olmaq olar, yalan deyir ki, şərait əsasdır, o, insanı istədiyi şəklə sala bilir.
Həqiqət deyir ki, insanın nicatı – özünü dəyişməkdir, özü üzərində qələbə çalmaq, özünə çatmaqdır. Yalan deyir ki, insanın nicatı – şəraitin dəyişdirilməsindədir.
Həqiqət deyir ki, insanı dəyişdirmədən – insani cəmiyyət qurmaq olmaz. Yalan deyir ki, yaxşı cəmiyyət pisləri yaxşıya çevirir, əvvəl yaxşı cəmiyyət qurulmalıdır, sonra həmin cəmiyyət yaxşı insan yetişdirəcəkdir. Öz naqisliklərindən, çirkinliklərindən azad olmayan şəxslər gözəl cəmiyyət qura bilər.
Həqiqət deyir ki, fərdin mənəvi kamilliyi fərdin özündən, iradəsindən, ağlından, duyğularından asılıdır. Yalan deyir ki, insanın ruhani yüksəlişi cəmiyyətdən asılıdır.
Həqiqət deyir ki, insan cəmiyyətdən artıq, böyük və yüksək olan ruhani varlıqdır. Yalan deyir ki, insan cəmiyyətlə müəyyənləşən, ictimai varlıqdır.
Həqiqət deyir ki, zora arxalanmaq – bəşərin öz ruhani mahiyyətindən ayrılması, özünə yad olması, yırtıcılaşması deməkdir. Yalan deyir ki, zor insan həyatının təkanverici qüvvəsidir, bəşər yalnız zor əsasında səadətə çata bilər.
Həqiqət deyir ki, sinfilik çərçivəsində insan özü ola bilmir, insanın ruhani mahiyyəti həmin çərçivəyə sığmır və bu baxımdan, fərdi azadlıq – həm də şəxsiyyətin sinfilik məhdudiyyətindən xilas olmasıdır. Yalan deyir ki, sinfilikdən kənar fərd ola bilməz.
Həqiqət sinfi əxlaq, sinfi idrak tanımır, yalan onlara tapınır.
Həqiqət əbədiyə, sonsuza, Mütləqə əsaslanır, yalan onları tanımır.
Həqiqət Yeri-Göyü yaradan Allah tanımır, fəqət əbədilik sonsuzluq, kamillik mücəssəməsi olan və həyatın, dünyanın, insanın mahiyyətini təşkil edən Mütləqə inanır. Yalan Yeri-Göyü yaradan Allaha inanır, ondan başqa Mütləq tanımır.
Həqiqət insanın Mütləq kamilləşmə qüdrətinə inanır, yalan insanı yalnız nisbi məziyyətləriylə tanıyır.
Həqiqət axirət dünyası iddiasına inanmır, yalan ona tapınır.
Həqiqət insanın cismani ölməzliyinə inanmır, onun dirilməsi, mükafatlandırılması, yaxud cəzalandırılması iddia­sını rədd edir, yalan həmin təsəvvürləri təsdiq edir.
Həqiqət deyir ki, insanın ikinci həyatı ölümündən sonra ağıllarda, duyğularda yaşamasıdır. İnsanın bundan başqa o dünyası yoxdur. Yalan insanı cənnət-cəhənnəm xurafatıyla şirnikdirir və qorxudur.
Həqiqət deyir ki, əsas fərddir, çünki cəm fərdlərdən ibarətdir, yalan deyir ki, əsas cəmdir, çünki fərdi o müəyyən edir.
Həqiqət deyir ki, insan mövcudluğunun, inkişafının, tərəq­qinin meyarı mənəviyyat olmalıdır. Ən mənəvi olan ən qabaqcıl sayılmalıdır. Yalan deyir ki, insan mövcudluğunun, inkişafın, tərəqqinin meyarı maddiy­yatdır. Ən qabaqcıl ölkə – maddi cəhətcə ən çox inkişaf etmiş ölkədir.
Həqiqət deyir ki, insanın ən böyük qələbəsi – özü üzərindəki qələbəsidir. Yalan deyir ki, insanın ən böyük qələbəsi – maddi aləm üzərindəki qələbəsidir…
Həqiqətlə yalanın döyüşünün tarixi qədimdir. Ancaq bu döyüş­də hələlik həqiqətin tam qələbəsi olmayıb. Həqiqət yalanı üstələyəndə yalan zora əl atıb – zor vasitəsiylə həqiqəti sus­durub.
Yalan – ehkamlar vasitəsiylə də həqiqətə qələbə çalmağa ça­lı­şıb. O, özünü əsl, ali, böyük kimi qələmə verməyi də bacarıb.
Həyatda ən çox yalan sevilib, həqiqət sevilməyib. Ancaq həyat həqiqətsiz də yaşaya bilməyib. Bu səbəbdən də həqiqət həmişə həyatda mövcud olub; döyülüb, söyülüb, dar ağacından asılıb, tonqallarda yandırılıb, amma həyatdan silinməyib. Nisbi, qeyri-kamil, keçici olduğu üçün həyat yalanı sevib. Ancaq ruhaniləşməyə, Mütləqləşməyə, əbədiliyə meyil etdiyi üçün o, həm də həqiqətə həmişə can atıb. Buna görə də həqiqətlə yalanın birgə mövcudluğu həyatın zəruri xüsusiyyətlərindən biridir. Bu mövcud­luqda yalan zahiri əlamətə, həqiqət daxili mənaya arxalanır. Yalan zahiri möhtəşəmliyi vəsf edir, həqiqət onu heç sayır. Yalan zahiri dəbdəbəni vəsf edir, həqiqət onu heç sayır.
Yalan ani ehtirası vəsf edir, həqiqət onu heç sayır.
Yalan süni təntənəni vəsf edir, həqiqət onu heç sayır.
Həqiqət yalanı daim inkar edir, rədd edir, ancaq həyat həqiqəti dinləyəndə belə,  yalandan əl çəkmir.
Həqiqət tərəfindən rədd olunan yalan həyatda yaşayır. Həqiqət həyata öz mahiyyətindən aşağı olmasını da bəyan edir. Bu, həyatla həqiqət arasında münaqişə yaradır. Həmin münaqişə həyatın Ali Həyat səviyyəsinə yüksəlməsiylə başa çatır.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir