Xəbərlər

Qutsal “Ailə Günü” Törəni

Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 47-ci ildə (fevral, 2026) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ailə Günü” Törənini keçirdi. Törən qurallarından sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq. Asif Atanın – İnam Atanın, Mütləqə İnam Ocağının 47-ci ilinin sonuncu törəni – Qutsal Ailə Günü törəni həyata keçirilir. Ocaqda ölənlərimizi, – Sabahlını, Bağbanı, Amaltayı anırıq. Onları əbədi Ocaqda bilirik.

Ocağın ayları mərasimlərlə yüklüdür. Bu yük əgər Ocaqçının mənəvi yüksəlişinə, ruhani yüksəlişinə ekvivalentdirsə, o zaman Ocağın qutsal günləri gerçəkdən də ruhani məktəbə çevriləcək. Məncə, çevrilməkdədir. Ailə Günü, yəni mərasim gərək bizə ağırlıq gətirməsin. Mərasim o vaxt ağırlıq gətirə bilər ki, biz bu mərasimin məzmunu ilə dolmayaq, mərasimin məzmunu ilə yaşamayaq, gələcəyə bu mərasimlərin məzmunundan addım götürməyək. Biz istəsək də, istəməsək də, bu yükdür. Ağır yükdür, yenə deyirəm, ilin ayları doludur, yüklüdür. Biz bunu sadəcə özümüzə təskinlik kimi deyə bilmərik. Deyə bilmərik ki, Ocaqdır, Ocaq müqəddəsdir, Ocağın mərasimləri bizim üçün qaçılmazdır, biz buna borcluyuq, biz gəlməliyik, eləməliyik. Bunlar məsələnin sadəcə təskinlik tərəfləridir. Gəlməlisən, ancaq bax gör, ömrün gücü çatırmı? Buna görə deyirəm ki, gərək Ocaq mərasimlərinin məzmunu bizim ömrümüzə dolsun. Ömrün doluluğu yaranmasa, gerçəkdən də yorula bilər. Buna görə indiyə qədər Ocaqda barmaq sayda adamlar qalıb. Buna görə Ocaqda olanlar bu məktəbi özlərinin əsil qutsal bir yaşamına çevirə bilməyiblər. Bundan ötrü bizə, yenə vurğu eləmək istəyirəm ki, nə gərəkdir? Biz mübarizəni, – Ocaq mübarizəsini hər an törənlərdə gözdən keçirməliyik. Ruhani mübarizə, yəni nə? Biz ümumi sözlərlə bunu deyə bilərik: İstəyirik insan özünə bərabər yaşasın, istəyirik xalq özümləşsin, o olsun, bu olsun… Bunları deyə bilərik. Bunlarla çox da özümüzü sınırlamalı deyilik. Bizim üçün bu bir məcburiyyət ola bilər. Yəni öhdəlik götürmüşük, xalqı düzəltməliyik. Mən hesab edirəm ki, bu cür yanaşma kökündən yanlış olar. Ona görə deyirəm, biz Ocağı içimizdən doya-doya yaşamalıyıq. Nə qədər yaşayırıqsa, yenidən artırmalıyıq, yenidən artmalıyıq, yenidən baxmalıyıq. Əgər bu bizim həyat tərzimizə çevrilməsə, həyatımızın əsas gedişinə, parçasına çevrilməsə, o zaman bu bizim üçün daha aşırı əzab olacaq. Yük elədir, əzab verir. Bunun olmaması üçün Ailə olayı var. Ata Ocaqda Ailə olayı yaradıb ki, bu olay doğrudan da, insanları bütünləşdirsin, bütövləşdirsin, bir-biri ilə elə bir doğmalıq səviyyəsinə gətirib çatdırsın ki, bunların gücü də birləşsin, bütövləşsin.Güc gücə söykənərsə, uzaq hədəflərə doğru yürümək insanlarımızı qırmaz, yormaz. Bu bizim üçün bir ölçü olmalıdır.
Dünyaya gətirdiyin uşağı məktəbə qoyursan, məktəb uşağı öldürür. O qədər gərəksiz fənlər, gərəksiz elm yönləri icad ediblər, uşağı o qədər yükləyirlər, o qədər çalışmalar verirlər, uşağın evi yıxılır. Tələb qoyurlar qarşısında. Onun başı üzərində, əməlli-başlı əli dəyənəkli dururlar. Yox, onu eləmək olmaz, bunu eləmək olmaz. Oraya getmək olmaz, buraya getmək olmaz. Otur, oxu, oxu… Nə hazırlayırsan sən? – Xalqa parazit hazırlayırsan, yağı hazırlayırsan. Bu uşaq bir dəfə də olsun təbiət görmür. Bir dəfə də olsun çayın şırıltısına qulaq asmır, quşların səsini dinləmir, bir dəfə də olsun Günəş şüalarının yamaclarda oynamasını seyr eləmir. Gülləri, çiçəkləri görmür. Uşaq standart bir qəlibə salınır. Bütün bunlar hardan qaynaqlanır?! – Bədbəxt insan özünə quruluş yaradır. Bu quruluşun bütün tələblərinə boyun əyir. Məsələn, Kapitalizm quruluşu yaradıb, bunun tələblərinə boyun əyir. Bunun tələbləri də başdan-ayağa pulçuluq çağırışıdır. Pulçuluq tələsidir. Uşağı bu tələblərlə böyüdürsən, o da quru, cansız bir yaratıq kimi formalaşır, böyüyür. Tamam standart, quru. Sabah sən onunla necə xalq yaradacaqsan? Bunu evdar, məişət qadınına da aid eləmək olar. Məişət – yemək-içmək, bişir-düşür, uşağın dərsini hazırla, başının üstündə dur, filan elə, bir az telefonla oyna. Ömür belə keçir. Belə ömür keçirən ana necə uşaq böyüdəcək? Xalqa necə oğul-qız hazırlayacaq?! – Xalqa kapitalist hazırlayır, yağı hazırlayır. Ona görə deyirəm, məktəb öldürür, – məktəb diriltməliydi.
Asif Atanın Ocağı da ruhani məktəbdir. İnsanı dirildən, yaşadan məktəbdir. Biz o məktəbi bilib, öyrənib, düşünüb də onun tələblərini özümüz üçün aydınlaşdırırıq, bəlirti yaradırıq. Bu məktəb bizə nə deyir, nə verir, nəyi öyrədir, nə tələb edir?! – İnsan burada da quru, cansız varlıq ola bilməz. Burada zahiri Ocaq standartları uydurub ona tabe olmağımız kökündən yanlış olar. Biz canlı insanıq. Ona görə deyirəm, təşkil edək, Ocaqçılarla gedək təbiət qoynuna, duyğularımız dirilsin, yenilənsin. Lap Ocaq süfrəsi açaq, insanlarımız dincəlsinlər, beyin azad olsun, gərginlikdən açılsın. Bir az doğmalıq böyüsün, artsın, hər kəsin özünü görməsi artsın, rahat nəfəs alsın, yükün altında qırılmasın. Biz elə qara araba kimi yük daşımalı deyilik. Biz Ailəyik, gerçəkdən Ailə kimi doğmayıq, qutsal işlərimiz var, bunu heç kim dana bilməz. Ancaq Ailə, elə yük altında çabalamaq üçün deyil. Ömrünün qədrini bilməli, yaşamalıdır. Biz Ocağın ilkinləriyik. Daha çox yük daşıyırıq, bu doğrudur, istədiyimiz kimi, istədiyimiz səviyyədə yaşaya bilməyəcəyik – istəsək də, istəməsək də. Ancaq o demək deyil ki, biz daim yükün altında qalaq, buna görə də özümüzə təsəlli verək. Olmaz elə. Bu Məktəb məsələsidir, Ailə Gününün məzmununu düzgün aydınlaşdırmalı, dərk eləməliyik. Həyatda uşağı məktəb öldürür, burada Ocaq adlanan məktəb dirildir, yaşadır. Bunu tamamilə aydınlaşdırmalıyıq, – doğrudanmı dirildir, yaşadır?! Ürəyimizin gücü olmasa, içimiz ardıcıl mənəvi yüksəliş yolu keçməsə, xalqa gərək ola bilmərik, dayaq ola bilmərik. Böyük bir elan vermişik ki, biz İnam xalqı yaradırıq. İnam xalqını dəyənəklə yaratmırıq ki. Sevgi ilə yaradırıq, idrakla yaradırıq, mənəvi, ruhani dirçəlişlə yaradırıq. Bunun üçün mənəvi, ruhani dirçəlişi öncə öz ömrümüzdə keçiririk, özümüzü yaradırıq. Özünü yarada bilməyən xalqyaratma iddiasına düşə bilməz. Özümüzü yaratmaq da ömrü qırmaq deyil, qurmaqdır, ağır yük altında qorumaqdır. Bax, mən düşünürəm ki, Ocaq Ailəsinin məzmunu belə olmalıdır.
Biz mərasim keçiririk, toplantılarımız olur, orada bizim Ocaq standartlarımız var, ondan qırağa çıxa bilmirik. Yəni biz bu mərasimi keçirə-keçirə başqa əhvallara köklənə bilmərik. Mərasim – mərasimdir, bir saat, iki saat mərasim ən yüksək əhvallar yaratmalıdır, ən yüksək idraki yön oluşdurmalıdır. Doğrudan da, məktəblik siqlətini təsdiq eləməlidir. Asif Atanın Ocaqda yaratdığı Ailə gerçəkdən öz məzmununa uyğun olmalıdır. Necə ki, cismani Ailədə ata-ana vəhdəti övlad böyüdür, xalqa övlad hazırlayır, müəllim hazırlamalıdır. Bunların heç birini həyatda görmürük. Bunlar istədiyimiz səviyyədə olsaydı, Ocağa gərək qalmazdı. Elə ona görə də Ata bu işin ruhani səviyyəsini düşünüb yaradıb. Ocaq Ailəsi olaraq saflığımız, doğmalığımız, birliyimiz uğurludur. Ancaq Ailənin gerçək biçimi də ruhani tələblərə uyğun olmalıdır. Bir sözlə, Ocaqçının daim ruhani gücü artmalıdır, azalmamalıdır. Elə yaşayaq ki, ruhani gücümüz daim artsın. Bu açıdan düşündük ki, Yeni İlimizi Amallaşma ili elan edək, Atanı kitab-kitab yenidən öyrənək. Özü də hamımız eyni kitabı oxuyaq, öyrənək, öyrəndiklərimizi ayrı-ayrı tədbirlərdə, Ailə Günlərində müzakirə edək. Bütün bu dediyimiz məzmunlar yarpaq-yarpaq, vergül-vergül açılmalıdır. Söz sözü, məzmun məzmunu çəkər, hər halda gözəl izahlar verilə bilər. Bəzən Ocaqçı kitabı oxuyur, elə bilir onun məzmununa tam çatıb, ancaq özünə izah eləmir. Birgə müzakirə olunsa, kitabın tələbləri, məzmunu daha yaxşı çatar, ifadəyə gələr. Beləcə, bu cür məsələlərlə biz Ocaq adlanan məktəbin bütün ruhani tərəflərini qurmuş, yaratmış oluruq.
Mən bilirəm ki, Ata Ailə yaradanda bu məzmunu nəzərdə tutub. Bu məzmunu yaşatmaq, ifadə eləmək, izhar eləmək üçün düşünüb ki, Ocağın Ailə Günü mərasimi olsun. Hər kəs Ocağın bir Ailəsində təmsil olunur. Hər kəs ayda bir yol həmin Ailədə iştirak edərək hesabatını verir – oxuduğu, öyrəndiyi, amallaşdığı, kamilləşdiyi ömrü hesabat verir. Başlıcası öyrəndiyini. Amallaşırsan, nəyə yetirsən, hara çatırsan,– bunların hesabatını verirsən. İldə bir yol, 12 ayda keçirilən hər Ailə Günü Atanın hüzurunda yeni aşamaya qaldırılır.  Orada Ailə Yükümlüləri Ailənin adından hesabat verir. Ailə nədir, necədir, necə yaşadılar, necə oldular – Atanın baxışına sunulur. Belə bir səviyyə yaradıb Ata. Beləcə, Ailənin məzmununu öyrəndikcə, dərk elədikcə bu səviyyə yeni yaranan Ailələrlə davam etməlidir. Yeni yaranan Ailələr ruhani təcrübə alır, öyrənir, qurur, davam edir. Belə bir ruhani varislik gələnəyi yaranır Ocaqda. Bizim də hər birimiz ayrı-ayrılıqda Ailə Yükümlüsü ola bilərik. O deməkdir ki, Ocağa gələn hər bir fərd sabah Ailə Yükümlüsü ola bilər. Bunu biz hər zaman gözdən keçirməliyik, özümüzə aydınlaşdırmalıyıq, sabaha çatmalıdır. Biz bütün tədbirlərimizi yazıya alırıq, kitaba götürürük – elə də olmalıdır. Bu böyük bir təcrübədir. Bu təcrübəni bütün incəliklərinə qədər dolğunlaşdırmaq gərəkdir.
Ocağın Ailə Günü mərasimi 6-cı ildə yaranıb. Bu gün 41 ildir bu mərasim keçirilir, yaşadılır. Bu gələnək qırılmayıb. Biz əlimizdən gələni etməliyik ki, bu gələnək nəinki ortadan qalxsın – yeni ruhani aşamalara qalxsın. Uğurlar, başarılar diləyirəm.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.): Ocağın digər mərasimləri kimi Ailə Günü mərasiminin də öz yükü, öz etkisi var. Ailə Gününün əsas yükü Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatlarından ibarətdir. Amallaşıram – yəni Asif Atanın bütün təyinlərini, insana verdiyi qiyməti, özünü necə yaratmalı olduğumu ömrümə gətirirəm. Təkcə öyrənməklə deyil, onu dərk etməklə, ömründə yaşatmaqla, gerçəkləşdirməklə ömrə kamillik gəlir. Bu kamilliyin verdiyi qüdrətlə insan özünü görür: mən haradaydım, mən kim idim, hansı duyğularla yaşayırdım, ömrümün mənasını nədə görürdüm? Düz görürdüm, yoxsa düz görmürdüm? Bunu Asif Atanın təyinləri ilə tənləşdiririk, qarşı-qarşıya qoyuruq. Əgər Asif Atanın istədiyi kimi ömür yaranırsa, bu artıq xalqlaşmaya keçid aşamasıdır. Çünkü nə qədər yazırsan yaz, nə qədər deyirsən de, harayla, çağır – xalq sənin yaşamına önəm verir. Sən dediklərinə bərabərsənmi? Sən öz ömründə Amalını, insan ömrünün mənasını, insanın gözəl arzularla, müqəddəs duyğularla yaşamasının gərəkliyini doğruldursan. Sən özünü öz gözündə ucaldırsan, sənə olan münasibət dəyişir, inam yaranır. Məsələn, mən deyərdim ki, kənddə bu 36 illik Ocaqçı ömrümdə mənə olan münasibət aşama-aşama, vergül-vergül dəyişibdir. Bu da insanların nəzərindən qaçmır: sənin həyatda fəaliyyətin, oturuşun-duruşun, dediyin söz, əməlin hal-hal dalğa yaradır, yayılır. Ona görə bizim bölgə kəndlərində Ocağımızın sorağı yayılıb. Ocaqçıların gedib-gəlmələri ilə, orada Ailə Günləri keçirməklə diqqətləri Ocağa yönəldə biliblər. Çevrədə 5-6 kənd var, hamısında məscid sədaları, əzan səsləri gəlir. Bizim kənd 5 şöbənin mərkəzi idi. Kənd soveti bizim yaşadığımız kənddədir, daha böyükdür. O mərkəzdə heç bir şey olmadı. Çox çalışdılar. Mən İnam Evini tikə-tikə kəndin söz qonusuna çevrildi ki, bir adam tikə bilir, ancaq bütün kənd eləyə bilmir. Niyə eləyə bilmir? – Həmin kəndin insanlarına Həqiqətin işartıları çatmışdı. Mənasız bir şey kimi baxırdılar nəsə tikmələrinə. Bütün dinçilər, mollalar məscid tikmək üçün dəridən-qabıqdan çıxırdılar. Yer də ayrılmışdı. Ancaq demək olar ki, böyük əksəriyyət yaxın durmadı. Burada Ocaq fəaliyyətinin böyük etkisinin olduğunu düşünürəm…
Atamız var olsun!

İnamlı Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.): Ocaq Ailəsi müqəddəs olaydır. İnsan varlığı ən gözəl tapıntıdır. Bundan böyük tapıntı yoxdur. Bu gün cismani ailələr heç ailə tələbləri əsasında qurulmur. Ailədə ata-ananın baxışları maddiyyata köklənirsə onlardan olan uşaq nə görüb götürər?! Soylu qardaşımın dediyi kimi, sonrada məktəb problemi başlayır. Məktəb robot hazırlayır. Süni İntellektdən istifadə birbaşa o robotu yaradır. İnsanı düşünməkdən qoyur, duyğulanmaqdan qoyur, təbiətdən qoyur. Uşaq yükün altından çıxa bilmir ki, yaşaya bilsin. Mən fikirləşirdim ki, insan hardan başlayır?! – Bu suala cavab axtarırdım. İnsan ruhani varlıq kimi mənadan gəlir, fiziki varlıq kimi nəfsdən, irsi gedişlərdən oluşur. Sonra isə ona tərbiyə verilir. Tərbiyə ailədə başlayır, davam edir məktəbdə, cəmiyyətdə. Ailə, məktəb, cəmiyyət nə haldadır, uşağa nə verə bilər?! Bütünlüklə maddiyyat üstə köklənən varlıq başqasına nə verə bilər? Ona görə özüylədöyüş ideyası ailə quranların ölçüsünə çevrilməlidir.
Yuxarıda dediyim kimi, “insan hardan başlayır” sualına cavab axtarırdım. Soylu qardaş, bu suala çox gözəl cavab yönü verdi. Bir dəfə ikilikdə söhbətimiz oldu,“insanın ruhani varlığı onun təbii halıdır” dedi. Ancaq insan bu təbii halını yaşamır, başqa yaşam yönü qurur. XXI yüzilin insanı bunların hamısını üstələdi, hər şeyin üstündə öz hökmranlığını qurdu. Ən başlıcası, təbiət üstündə hökmranlığını qurdu. Mən bunları düşünsəm də özüm də Ocağın dediyi kimi yaşamımı qura bilmirəm. Bunları öz əhvalında, halımda yaratmaq gücüm yetərsizdir. Bunu yaratmaq yolunu axtarıram. Soylu qardaşımla çox söhbətlərimiz olur. Həmişə mənə deyir içində problem yaradıb ona təkrar-təkrar qayıdırsan. Mən hiss eləmirəm təkrar qayıtmağımı. Mənim içimdə o aydınlaşmalıdır. İçimdə aydınlaşma getməsə, özüm özüm üçün qaranlıq qalıram. Bu qədər, mövzu kimi daha çox özümü görürəm…
Atamız Var olsun!

Nurtəkin Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.): Ailə Günü çox ciddi ruhani məktəbdir. Başqalarından daha çox özümüz üçün. Çünkü burada həm özümüzün görümümüz, döyüşümüz, həm də Amaldaşların etirafı, eyni zamanda Ocaq Yükümlüsünün bəzi zamanlarda öygüsü, bəzi zamanlarda iradları çox ciddi yön verir.
Ocaq Yükümlüsü danışanda yadıma bəzi məqamlar düşdü. Məsələn, Soylu bəy deyirdi ki, Ailə Günlərində, məsələn, duyğusal bir şeir deyə bilərsiniz, sizi ruhlandıran mövzulardan danışa bilərsiniz. Yəni özünü izhar edəndə fərəhlərinizi duyğusal yöndə ifadə edə bilərsiniz. Biz, xalqlaşma işlərində Ocaqçılığın əzab tərəfini daha çox qabardırdıq. Soylu bəy bizə deyirdi, onun fərəh tərəfini qabardın ki, gücünüzü qorxutmayasınız.
Biz həyata, dünyaya ruhumuzun gözüylə baxırıq. Ona görə də bir çox şeylər fərqlidir. Bəzilərinə asan görünən bizim üçün çətindir. Bəzilərinə çətin görünən bizim üçün asandır. Çünkü ölçümüz Mütləqdir.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.):Törən qonuları ilə bağlı qısa düşüncələrimi paylaşmaq istəyirəm. Ailə Gününün tələbləri əsasında özünü görmə və özünü qurma uğurlarım nədir, irəliləyişim nədir, yetə bilmədiklərim nədir? Bu tələblər üzərində özünü qurma mənim, demək olar ki, hər günümü, hər düşüncəmi, hər münasibətimi etkiləyir. Mən bir dəfə Ailə Günündə demişdim ki, ilk başlarda kamilliklə bağlı məsələlərdə bir çox şeyi özümə təlqin edirdim. Yəni belə olmalıdır, elə olmalıdır. Mütaliə məsələsinə başlayarkən irəliləməkdə bir o qədər çətinliyim olmadı, çünkü içimdə oxumağa, axtarmağa həvəs vardı. Sadəcə bu həvəs biraz dağınıq haldaydı, yönü yox idi. Onu da Soylu bəy doğru yönləndirdi. Amallaşma yönündə dəyişiklik isə aşama-aşama oldu. Öncə gərginlik vardı: tez-tələsik oxumaq, hər şeyi oxumaq. Sonra düşüncələrim genişləndikcə suallar artdı və hər oxuduğumu dayanıb düşünməyə başladım. Ancaq içimdəki gərginlik öz yerini onda tapdı ki, Amallaşma ilə kamilləşmənin paralel yol olduğunu anladım. Bunlar birlikdə yaşamadıqca adam oxuduğunu düşünməkdən qaçır, – öz yanlışlarından imtina eləməkdən qaçdığı kimi. Amallaşma – oxuduqca Atanın dediklərini,eləcə də, Amala bağlı düşünmək, hətta özünü görmək, özünü sorğulamaq deməkdir. Bundan artıq bu tələblərin bir-birinə bağlılığı aydınlaşır. Mən bunları paralel apara bildiyim qədər özümlə bağlı düşüncə yiyəsi oldum. Eyni zamanda bunu ifadə etmək bacarığını öyrəndim, öyrənməyə davam edirəm, daha doğrusu. Mən düşünürəm ki, insan özü ilə bağlı, mənəviyyatla bağlı aydın düşüncəyə sahib olduğu qədər başqalarını dəyərləndirə bilir, tanıyır. Ondan qıraqdakı dünyayla, həyatla bağlı sualların cavabını aydınlaşdıra bilir. Onların paralelliyi, bayaq dediyim “özünə təlqin” məsələsini aradan qaldırdı, bunu içimin tələbinə çevirdi.
Bir də xalqlaşma məsələsi. Mənim ötə bilmədiyim məsələ özünü ifadədə həyəcanın yaranmasıdır. O da xalqlaşma məsələsinin zəif irəliləməsinə bağlıdır. Əgər sistemli əməllər ortaya gətirsəm, bilirəm ki, ötə biləcəyəm. Bu qədər.
Atamız Var olsun!

Soylu Atalı: Bir-iki məsələni sizin baxışınıza çatdırmaq istəyirəm. Birincisi, Gediş yazısında yarımçıqlıq var. Gediş yazılarını yazanda tələsmək olmaz, bunlara diqqətlə yanaşmaq gərəkdir.
Bir də Söz bizim yaşantılarımızdan doğan bir hikmətdir, ruhani yaşantılarımızın ifadəsidir.
İndi isə bir məsələnin üzərinə qayıtmaq istəyirəm: Ailə məsələsi, Ailənin ruhani tərkibini bəlirləmək. Onun ruhani tərkibi mahiyyəti deməkdir. Biz Ocağa gələndə başlanğıcda nə axtardığımızı bilməmişik. Bəlkə də mən elə səni axtarıram, gəlib burda tapmışam. Mən əslində “millət düzəlməlidir, vətən uca olmalıdır” ifadələri ilə, çıxışları ilə gəlsəm də, mahiyyətcə, axtarışım o deyil bütövlükdə. Mənim axtardığım sirdaşdır, dərddaşdır. Ailə qurmaq istəyənlər öncədən bir-birini axtarır. Kişi ilə qadın bir bütünün yarısıdır, hər biri öz yarısını, yarını axtarır. Nə deməkdir öz yarını axtarır?! Fərd ikinin birliyindən yaranır. İkinin birliyindən yarandığı üçün onda həm qadın başlanğıcı var, həm kişi. Əgər dünyaya gələn övlad oğlandırsa onda kişi başlanğıcı çox, qadın başlanğıcı az olur. Yox, qızdırsa, onda qadın başlanğıcı çox, kişi başlanğıcı az olur. Əslində bir insanda həm kişi var, həm qadın. Ancaq kişidə kişi başlanğıcı çox, qadın başlanğıcı az; qadında qadın başlanğıcı çox, kişi başlanğıcı azdır. Bu həmən öz bütününü, yarımını, yarını axtarır məsələsidir. O, özünün yarımını axtarır, ona ilahi bir sevgi ilə yanaşır. Yarımı onun sevgilisi olur, onu sevir. Çünkü əslində o öz yarısını, parasını axtardığını sevir, bütövləşmək istəyir. İnsanın xisləti ruhani mahiyyətindən doğur: mütləq bütövlük, mütləq olmaq, mütləqə bərabər olmaq. Əgər bu olarsa, nə baş verər? Sevgi əsasında fərd özündəki qadınla, kişi ilə bütövləşmək istəyir. Bütövləşmək istəyindən dünyaya övlad gəlir. Övlad qadınla kişinin, əslində ikinin vəhdəti olur. Dünyaya gələn övlad həm ondan götürür, həm bundan. Kişi özündən kişi verir, qadın özündən qadın verir övladına. Övladla onlar bütünləşir. Ancaq bu bütövlük davam eləmir, mexaniki prosesə çevrilir. Anlamırlar, dərk eləmirlər. Ona görə də ailənin məzmunu zədə götürür. Övlad dünyaya gətirirlər, övlad mənəvi travma yaşayır. Çünkü onlar sevginin mahiyyətini dərk eləmirlər. Niyə sevirdilər, nə idi o sevgi? – Bioloji istəklərinə çatandan, tələblərini ödəyəndən sonra sevgi prosesi sanki başa çatır. Bununla da qırılma baş verir, bununla da ailə quran fərdlər bütövləşmirlər. Bu məsələ kamilləşməyin açarıdır əslində. Bunu mən ruhani səviyyədə götürürəm. Fiziki, bioloji, genetik açıdan götürəndə fərd özünün yarını, parasını deyək, axtarır, ancaq onu ruhani axtarır, ruhani bütövlüyünə üz tutur. Ruhani bütövlüyünü yaratmağa çalışır.
İndi Ocaq Ailəçiliyinin üzərinə gələk. Mən bir insanam, özümün daşıdığım mənanı (İnsanlığı) bilirəm. Bunu başqası da daşıyır. Mən o başqasını axtarıram, o başqasıyla bütünləşmək istəyirəm. Gücümü, enerjimi birləşdirmək, onunla doğma olmaq istəyirəm. Özümlə sınırlanan qəlibimdən, sınırımdan qırağa çıxmaq istəyirəm. Necə deyərlər, hüdudsuzluq yaranır başqasına münasibətdə – hüdudsuzluq, sərhədsizlik, sonsuzluq. Münasibət özündən qırağa çıxdıqca, bu münasibətin uyumu, gözəlliyi sonsuzluğa doğru gedir. Çünkü sonsuz yaranışlar var, sonsuz doğuluşlar var, sonsuz insanlar var. O insanların hər biri özündə özündən yüksək olanı daşıyır. Bax, ruhani məzmun odur. Mən onunla bütünləşmək istəyirəm, bütövləşmək istəyirəm. Gücümü gücünə qatmaq, gücünü gücümə qatmaq istəyirəm, birgə yaşayış nizamı yaratmaq istəyirəm. Onunla bir yerdə axtarıram, həm onu axtarıram, həm də onunla birgə yaşamağın ölçüsünü axtarıram, yaradıram. Birgə yaşamağın ölçüsünü yaratmasa, mən onu axtarmayacağam, o mənə gərək olmayacaq. Şüurda o mənə gərəkdir, gərək olduğu ağlıma çatır. Ancaq bu gərəkliliyi yaratmıramsa adi bioloji bir axına qoşuluram, ömür boşuna gedir, torpağın altındakı həşərata, qurda yem oluram.
Ocaqda mən o axtardığımla birgə yaşamağı öyrənmək istəyirəm. Birgə yaşamağın nizamını, ölçüsünü tapmaq istəyirəm. Asif Ata Ocağını ona görə yaradıb ki, mən səninlə, onunla, o biri ilə birgə yaşamağın ölçüsünü tapıb, bu ölçüdən gözəlliklər ortaya gətirim, dünyanın uyumunu anlayım, dərk edim. Dünya ilə özümün vəhdətimi dərk edim. Mən yalnız səninlə birgə, nizamlı, uyumlu yaşadıqdan sonra, özümü səndə tapdıqdan sonra dünyanı dərk edirəm. Çünkü dünya təkcə mən deyiləm, həm də sənsən. Dünya sənlə mənim münasibətimin müqəddəsləşməsidir, gözəlləşməsidir. Odur dünya, ayrı bir dünya yoxdur. Ocaq onu yaradır.
Burada biz bunu izah edirik, mənalandırırıq. Buraya vətən anlayışını, millət anlayışını, bəşər anlayışını qatırıq. Ancaq bu dediklərim Bəşər, Millət, Vətən anlayışlarının mahiyyətidir. Biz, sadəcə olaraq, topluma aydınlaşdırmaqdan ötrü bu anlayışlar bizə gərəkdir. Əslində isə bütün bu məsələlər özümüzü axtarmağımızdır: mahiyyətimizi, kimliyimizi, doğmamızı axtarmağımızdır. Mənim ruhumun doğması, dostu, qardaşı, bacısı hardadır? Onunla bir olum, bu birliyimdən ülvi, müqəddəs dünya yaransın. Bax, buna görə hesab edirəm ki, bütün istifadə elədiyimiz anlayışların hamısının mərkəzinə üz tutmalıyıq. Mərkəzində sən varsan. Mən səni axtarıram. Çünkü sən varsan, yox deyilsən. Sən olmasaydın, mən heç axtarmazdım. Əgər mən axtarıramsa, demək, sən varsan. Sən özün yaxanı qırağa çəkə bilərsən, mənə yaxa verməyə bilərsən. Sən verməyəcəksən, o biri verəcək. O verməyəcək, bu biri verəcək. Yəni bu, əbədi bir yoldur. Var olmağımın, yaşamağımın məzmunudur. Əbədi bir yola çıxmışam. Daim axtarıram, axtaracağam. Bu axtarışımın gedişində özüm yaranıram. Axtarmaq qüdrətim aşkarlanır, mən Mən oluram. Mən olduqca sənə can atıram. Mən “Mən” olmasam, sənə can atmayacağam. Gərək öncə mən özüm olum, özüm yaranım, qüdrətim, halım sənə can atsın. Mənim hədəfim səni bulmaqdır. Eyni halda sən özün olmasan, məni bula bilməyəcəksən. Bütün məsələ budur. Özün ol, məni bul. Bax, Ocaq Ailəçiliyinin canı budur, mahiyyəti budur. Bu axtarışı aparmamaq transsendent münasibətdən qaçmaqdır, ülvi münasibətdən uzaqlaşmaqdır. O qapını döyməkdən, o qapını açmaqdan yan keçməkdir. Bütün sirlər o qapının arxasındadır. Asif Ata onun açarını verib bizə. Bu açarın bir adı “özüylədöyüş”dür. Burada biz bəhanələr gətirə bilmərik, nələrisə uydura bilmərik. O sirlərə aparan qapılar səndədir, məndədir, ondadır, o birindədir. Mücərrəd mağaralarda deyil. Sən qapını nə qədər mənim üzümə bağlı saxlasan da, mən davam edəcəm, açacam. Mən sənə sevgimlə gəlirəm, inamımla gəlirəm ümidimlə gəlirəm, sən bundan imtina etsən də. Mən sənin üstünə baltayla gəlmirəm, Məhəmməd kimi qılınc götürüb gəlmirəm. Mən sevgi ilə gəlirəm. Səni bağrıma basmağa gəlirəm. Çünkü sən mənim bir paramsan, yarımsan. Hökm deyil ki, burada əks cinslər söhbəti olsun. Bunun ruhani mənası budur – sən mənim yarımsan. Sənlə bütünləşməyə, bütövləşməyə, xoşbəxt olmağa gəlirəm. Hansı gözəllikləri mənə tanıdacaqsan, mən sənə tanıdacağam. Bizim vəhdətimizdən gözəlliklərin qapısı taybatay açılır. Budur Ocağın, Atanın tələbi, budur çağırışı. İnsanı buna çağırır. Ona görə Atanın bütün ideyalarının, düşüncələrinin episentrində insan dayanır. Biz onu axtarırıq.
Yaxın vaxtlarda toplantılarımızda bu mövzunun incəliklərinə girə bilərik. Ancaq indi yığcam başqa bir şey deyim: Ruhaniyyat sistemi bizim danışan dilimizdir, dil danışır. Ancaq burada bədən heç nə eləmir, bədən, sadəcə olaraq, mühitdir, maddi, fiziki bazadır. Düşünən, görən, danışan, yaradan, quran, axtaran – hamısı bədəndən artıq olandır, bədəndə bədəndən artıq olan Ruhdur. Ruhani enerji, ruhun tələbi, istədiyilə, gözlərə düşür. Dil, göz-filan ruh üçün sadəcə zəmindir. Bir anda vurulursan, bir anın içində Tanrıya qovuşursan. “Məhəmmədin meracı” söhbəti də həmən budur. Bu saniyənin milyardda bir hissəsi qədər zamanda Allahla görüşüb gəldi. Əslində Tanrı içindədir. O, Tanrı ilə bir anda görüşür. Yəni İnsan heyrətə düşür, bir baxışla tapır, vurulur, qovuşur. Bu elə bir yüksək haldır ki, insan bəzən dəli ola bilər. Ancaq daxili mənəvi yüksəliş olmadığına görə, daxili azadlığa yetə bilmədiyinə görə ruhunun, sevgisinin arxasında dura bilmir, onu böyüdə bilmir, onunku ola bilmir, özününkü eləyə bilmir. Bilməməyin sorunu insanın mənəvi dirçəliş yolu keçməməsi ilə bağlıdır. Yoxsa insanda elə bir qüdrət var ki… Sən adi meyidin üzünə baxırsan, qorxursan, üşənirsən. Ancaq canlı insan üzünə baxsan, o üzdə sirlər cilvələnir, məna cilvələnir, fərəh saçır, işıq saçır, enerji ötürür. Sevgilinin gözünün içinə baxa bilmirsən, gözünü yayındırmağa çalışırsan. İlahi bir hikmətdir bu. Həyatda qardaşın, bacın sənin canının, cisminin doğmasıdır, sənin ruhunun doğması deyil. Bir dəfə də səninlə görüşməyib, ünsiyyətdə olmayıb, bağrına basmayıb – necə qardaşındır, bacındır?! Sənin qardaşın ruhunla birləşən, bütövləşəndir. Qalandır, meyidə çevrilən deyil. Meyidə çevrilən bədənin qardaşıdır, bacısıdır. Ondan yüksəyə qalxmayıb, qalxa bilməyib. Biz onları, sadəcə mental olaraq, gələnəksəl olaraq “bu mənim atamın-anamın doğduğu” deyə tanıyırıq. Fərqi yoxdur, hansı yaş dövründə olursa olsun, biz oradan baxırıq. Körpəlikdən başlayan ilahi məqamlar, sevgi, heyrət sənin içində mənəvi yüksəliş tapmasa, artmasa, inkişaf etməsə, böyüməsə, orada da qalır. Qəbirə, torpağa gedir, imkanda qalır. Ocaq – imkanların üzə çıxması məktəbidir. Ocaq bizə həmin dərsi deyir. “Yarını, paranı” mənəvi açıdan axtarırsan – mənəm sənin yarın, paran. Odur, o biridir. Sənin axtardığın qadın da sənin yarındır, parandır. O sənin həm fiziki həyatına bağlıdır, həm mənəvi həyatına. Ancaq mən sənin mənəvi varlığına bağlıyam, mahiyyətə bağlıyam. Bunlar bir-birinə zidd deyil, tərs deyil. Sənin “mən” adlı paranla, “qadın” adlı paran sənin bütünlüyünü əmələ gətirir, – tamamlayır. Bu Məktəbdir. Məktəb o deyil ki, Atanı oxudum, özümdən narazıyam deyib gedəsən.  Yeni il mərasimindən sonra bu mövzularla uğraşmağımız gərəkdir.;
47-ci ilimizin son mərasimi uğurlu olsun, qutlu olsun, Ocağımız qutlu olsun. Yeni ilimizin yeni mərasimləri bizim gerçəkdən yaşam nizamımıza çevrilsin, uğurlarımıza çevrilsin, daha böyük mənəvi-ruhani kəşflər dünyasına qərq eləsin bizi. Biz də onun fərəhi ilə elə güc tapaq ki, özümüzdə, Ocağı gələcəyə, əbədiyyətə götürək…

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə mərasim sona yetir.

Səsdən sözə çevirdi: Nurtəkin Atalı
Köçəri Ayı, 47-ci il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir