Həyat – gerçəkliklə məhdudlaşmır, ideala can atır, ona çatmaq istəyir.
Ancaq gerçəklik heç vaxt ideala bərabər olmur.
İdeal gerçəklikdə yalnız öz nişanələriylə, əlamətləriylə yaşayır.
Həyat ideala yüksələ bilmir. Ancaq həyat gerçəkliklə də kifayətlənmir, onu ideal səviyyəsində görmək istəyir.
İdeal gerçəkliyi dəyişdirir, təkmilləşdirir, ancaq bu dəyişdirmə, təkmilləşdirmə nisbi səciyyə daşıyır, mahiyyət etibariylə gerçəklik dəyişmir, onunla ideal arasında yaranan uçurum yox olmur.
İdeal – Mütləq Xeyirin, Mütləq Kamilliyin, Mütləq Gözəlliyin təsdiqi deməkdir. Gerçəklikdə isə nisbi hadisələr, keyfiyyətlər, xassələr təsdiq olunur. Bu səbəbdən İdealla Gerçəklik arasında dərin ziddiyyət yaranır. Gerçəklik ideala meyil edir, ancaq ideala çatmır.
Həyat – gerçəklikdən artıq, idealdan aşağı bir varlıqdır. Gerçəkliyin mayasında Mütləqlik olduğundan o, İdeala ucalmaq istəyir. Ancaq Mütləqin nisbi təzahürü olduğundan o, İdeala bərabər ola bilmir.
Gerçəklik ideal hadisə, keyfiyyət, xassə yarada bilmir. Onun ideal saydığı nə varsa, əslində nisbi mənada Xeyirli, Kamil, Gözəl olur.
İdeal həyatda həmişə nisbi mənada gerçəkləşir, yəni ideallığını itirir.
Gerçəkliyin yaratdığı ən yaxşı cəmiyyət belə – yalnız nisbi mənada Xeyirli, Gözəl və Kamil olur. Onda naqislik, çirkinlik, şərlik yaşayır. Gerçəklikdə ən mənəvi sayılan insan – əslində ideal mənəviyyat səviyyəsinə qalxmır. Onda naqislik, çirkinlik, şərlik yaşayır. O, haradasa qeyri-mənəvidir. Onun özü üzərindəki qələbəsi, daxili qüdsiyyəti nisbi səciyyə daşıyır.
Gerçəkləşmək – naqisləşməkdir.
Gerçəkliyin yaratdığı gözəllik – ideal gözəllik deyil, onda naqislik, çirkinlik, şərlik yaşayır, o, haradasa qeyri-gözəllikdir.
Gerçəkliyin yaratdığı İdrak qeyri-kamil, qeyri-mütləq, qeyri-idealdır, nöqsanlıdır, məhduddur, qeryi-sabitdir.
Həyatın yaratdığı ən möhtəşəm iradə belə, ideal baxımından qeyri-möhtəşəmdir, insanın Mütləq mahiyyətinə bərabər deyil.
Nisbiylə məhdudlaşan, nisbiyə çağıran, nisbini təsdiq edən İdeal – yalançı idealdır. Çünki Mütləqlik xüsusiyyətinə malik olmayan arzu, niyyət, qayə – ideal sayıla bilməz.
Maddiyyatla məhdudlaşan, maddiyyata çağıran, maddini təsdiq edən ideal yalançı idealdır. Çünki maddiyyat – nisbilik, keçicilik, qeyri-ruhanilik deməkdir.
Mütləqilik, ruhanilik, mənəvi kamillik xüsusiyyətlərinə malik olmayan arzu, niyyət, qayə – ideal sayıla bilməz.
İdeal olan – Mütləq olana, Ruhani olana bərabərdir.
Həyatda ideal özünü gerçəkliyə qarşı qoyur, gerçəkliyin eybəcərliyini, qeyri-ruhaniliyini rədd edir, gerçəkliklə idealın yağılığı başlayır. Gerçəkliyin məntiqiylə idealın məntiqi bir-birini rədd edir. Gerçəklik deyir ki, gerçək olan nə varsa – təsdiqə layiqdir. İdeal deyir ki, Mütləqə zidd nə varsa – inkara layiqdir. Gerçəkliklə münasibətin müəyyən məqamında ideal, həyatda Mütləq Xeyirin, Mütləq Kamilliyin, Mütləq Gözəlliyin qələbə çalmağına inanır.
Bununla da o, gerçəkliyi gerçəklikdən artıq sayır.
Sonradan İdeal gerçəklikdə ani qələbə çalır və Mütləq, Kamil, Gözəl gerçəkliyin yaranmasına inam yaradır. Ancaq son nəticədə gerçəklikdə ideal qalib gəlmir, nisbi xeyir, nisbi kamillik, nisbi gözəllik qalib gəlir, tədricən gerçəklik öz əvvəlki vəziyyətinə qayıdır və idealla gerçəkliyin arasında uçurum yenidən bərqərar olur.
Həyatın əzəli ziddiyyətini həyat çərçivəsində həll etmək olmaz.
Onu yalnız Ali Həyat daxilində həll etmək olar.



