Xəbərlər

Soylu Atalı. Türkün Qədim ABEsi (Tamğası)

90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi ortadan qaldırılmış, ərəb abesi ilə əvəz edilmişdir. Respublika quruculuğuna qədər türklər arasında ərəb abesinin qullanılması davam etmişdir. Nə yazıqlar ki, Respublika qurulmasından sonra da qədim türk abesi deyil, fərqli abelər qəbul olunmuşdur. Türkiyədə Latın abesi, Azərbaycanda, eləcə də Orta Asiya respublikalarında (bolşevik işğalından sonra) rus-kiril abesi işlədilmişdir. Bu gedişlər Türk Dünyasının bağlantılarının olmasına böyük əngəllər yaratmışdır. Təkcə 20-ci yüzildə Azərbaycanda abe dörd yol dəyişdirilmişdir. Bu addım millətimizin etno-mədəni, eləcə də ulusal formalaşmasını 100 il arxaya atan hegemon güclərin (başlıca Rusiyanın) siyasal davranışlarının görsənişi idi. Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında qurulan Azərbaycan Respublikasında əski abe adlandırılan ərəb qrafikasından Latın qrafikasına keçid edilsə də, qısa zaman kəsiyindən sonra abe yenidən dəyişdirildi. Yenicə formalaşmaqda olan toplumun özünü tanıma sürəci amansızcasına iflasa uğradıldı. Sonucda soylar (nəsillər) özlərindən öncəki tarixi keçmişi, ulusal kimliyi, mədəni varlığı öyrənməkdən uzaq tutuldu. Bu isə millətimiz üçün genelinsanlıq düzeyində öz yerini bəlirləyə bilməmək çətinlikləri ortaya çıxardı.
Hər bir millətin özünü qurması, qoruması, var sayılması üçün başlıca koşullardan biri abe məsələsidir. Bu məsələyə barmaqarası baxmaq – sorumluluqdan qaçmaqdır. Özəllikcə, Türk milləti üçün belə bir sorumluluqdan yan keçmək yolverilməzdir. Özünün dəyərlərinə yiyə durmamaq kimi sorunların olması Türk millətinə çox baha başa gəlir.
Ən uzaq keçmişdən üzü bəri genelinsanlıq düzeyində Türklər çoxsaylı insani dəyərlər yaratmışlar. Ancaq nə yazıqlar ki, bu gün o dəyərlərin çoxu yaşam sistemimizdə mövcud deyildir. Ona görə də qıraq basqıların altında dağılırıq. Tək, Özümlü yaşam ölçümüz (meyarımız) olmadığına görə Ulusal Birliyimiz baş tutmur. Dövlətin gücü Ulusal Birliyə bağlıdır, o da ortada yoxdur. Əminliklə demək olar, özümlü abe qəbul olunsa, bu abe ilə yazılan tarix, mədəniyyət insanlarımızın şüurunu gəlişdirəcək, Birlik gücü olaraq onları ayaqda tutacaqdır.
 Bu gün bir çox insanlar (oxumuşlar) yenidən əski abeyə (ərəb abesinə) qayıtmağı gərəkli sayır, bunun müsəlmanlar arasında birlik simgəsi olacağını düşünürlər. Başqa bir kəsim insanlar isə abenin yenidən dəyişilməsini ulusal yıxım (fəlakət) hesab edirlər. Bizə görə hər iki baxış yanlışdır. Türklər müsəlman şüuru ilə heç bir dönəmdə birlik yaratmayıb, birlikdə olmayıbdır. Onun örnəyi bu gün gözümüzün önündədir. Çoxsaylı təriqətlər (bunlardan ən aktiv olanlar şiə, sünnü, sələfi-vəhabi) toplumlarımızı param-parça durumuna gətiribdir. Şiə-sünnü yapısı ən çox Türkiyə ilə Azərbaycanın arasına çəkilən ən böyük ideoloji sınırdır. Bu sınırın sağında-solunda, eyni bir millətin içində bir-birinə qarşı dağıdıcı propaqandalar həyata keçirilir. Güc bölünür, Türk insanı yiyəsizləşir. Milli şüurun oyanışı əngəlləndikcə, özünə inam, güvən ortadan qalxır.
Abenin dəyişdirilməsinin ulusal yıxım olmasına gəlincə, bunu yalnız o baxımdan doğru saymaq olar ki, dəyişikliyə alışana kimi xeyli çətinliklər yaşanılır. Ancaq bu yıxımları (fəlakətləri), abemizin özgələşdirilməsi ilə, biz dönə-dönə yaşamışıq. Heç kim qarantiya verə bilməz ki, bizim işlətdiyimiz abe bundan sonra yenə də zor ilə dəyişdirilməyəcəkdir. Bax, əsl yıxım onda olacaqdır. Bir daha vurğulayaq ki, abenin özümləşməsi, yəni qədim kökümüzə qayıdış, bəlli sorunlar ortaya çıxaracaqdır. Bununla belə, özümləşmə sürəcindən qaçmaq olmaz. Gec ya tez biz bu sürəci keçməliyik. Bizi özümüzə yadlaşdıran, soylar arasında bağlılıqları qıran özgələşmə sürəcinə hansısa nöqtədə dur deməliyik.
 Bu üzdən biz, Asif Atanın Mütləqə İnam Ocağı olaraq, bir çox məsələlərdə olduğu kimi, qədim türk abesinin sistemləşdirilib, qullanılmasında da özümüzü sorumlu sayırıq. Artıq 30 ilə yaxındır ki, Azərbaycanda bu abenin öyrənilməsi, işlədilməsi, yayılması ilə uğraşırıq. Bilgisayarda qullanılması üçün proqrama yazdırmışıq, özümüz yazıb oxuyuruq. Bu abedə ayrı-ayrı bitiqlər çap etdirmişik.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir