Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. Azadlıq – Əsarət

Azadlıq – insanın ruhani varlıq kimi təsdiqi deməkdir.
Əsarət – insanın ruhani varlıq kimi inkarı deməkdir.
Azadlıqda ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik şəklində aşkara çıxır.
Ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik de­mək­dir, çünki onlarsız kamillik, əbədilik və sonsuzluq yoxdur. Əsarətdə insan müstəqilliyini, özünəməxsusluğunu, özünə­sahib­liyini itirir və bununla da öz ruhani mahiyyətindən məh­rum olur, çünki qeyri-müstəqil olmaq qeyri-ruhani olmaqdır.
Həyatda insan özünün tam sahibi olmur.
Eyni zamanda həyatda insan qeyri-müstəqil, asılı, əsarətli vəziyyətdə də yaşaya bilmir.
Həyatda azadlıqla əsarət daim döyüşür, ancaq bu döyüşdə azadlıq heç vaxt tam qələbə çala bilmir,  bu döyüş demək olar ki, heç vaxt əsarəti tam məğlub etmir.
Həyatda azadlıqla əsarətin döyüşü əbədi olduğu kimi, onların bir-biriylə yanaşı yaşaması da əbədidir.
Həyat bu çərçivədən kənara çıxa bilmir.
Bu baxımdan, həyat azadlıq və əsarətin döyüşü və qoşa yaşamasıdır.
Azadlıqla döyüşdə əsarətin ani məğlubiyyəti, geriyə çəkil­mə­si həmişə olur, ancaq əsarət heç vaxt həyatdan yox olmur, daim təzədən başqa biçimdə həyatda bərqərar olur.
Azadlıq əsarəti yer üzündən silə bilmir və həyat əsarətdən heç vaxt xali olmur.
Azadlıqla əsarətin döyüşü insanın özüylə döyüşündə aşkara çıxır.
Özünə sahib olmaq üçün insan öz naqisliyi üzərində qələbə çalmalıdır, özü üzərində yüksəlməlidir, daxilindəki düşməni öldürməlidir, xəbisliyi, qəddarlığı, hevaniliyi, məkri, fitnəni, zəlilliyi, miskinliyi, riyanı, mənfəətpərəstliyi, inamsızlığı məhv etməlidir.
İnsan ilk növbədə özünün əsarətindən qurtarmalıdır. Bu döyüşdə hələlik insan heç vaxt tam qələbə çala bilməyib, özünü kamilləşdirməyə çalışıbsa da,  buna tam nail ola bilməyib, insanın daxili aləmi çirkinliklərdən təmizlənməyib , insanın özü üzərində qələbəsi həmişə nisbi səciyyə daşıyır.
Bu cəhətdən insan öz həyatında demək olar ki, heç vaxt tam ruhani varlıq kimi yaşamayıb…
Yalnız Ali Həyatda – adi həyatdan yüksək, kamil və sonsuz olan həyatda, insan tam ruhani xilqət kimi yaşaya bilər.
Həyat insana bu imkanı yaratmır.
İnsan həyatda özünə heç zaman tam sahib olmur.
Bu səbəbdən də o, həyatda heç zaman tam azad olmur.
Həyatda azadlıqla əsarətin döyüşü həm də insanla cəmiyyətin döyüşü şəklində meydana çıxır.
Cəmiyyət insana heç vaxt tam, bütöv, müstəqil, ruhani varlıq kimi yaşamaq imkanı vermir, o, müstəqilliyi, özünəməxsusluğu insanın əlindən alır, onun taleyinə, ağlına, qəlbinə sahib olma­ğa çalışır, onu çansızlaşdırır, əşyalaşdırır.
Cəmiyyət insanı bütöv, müstəqil, ruhani varlıq kimi qiy­mət­ləndirmir, onun özünəməxsusluğunu qorumur, onu cəmə tabe olan, cəm tərəfindən idarə olunan qeyri-müstəqil varlıq sayır.

Cəmiyyətin gözündə insan cəmiyyətlə məhdudlaşır, cəmiy­yətə sığmamaq, ruhani mahiyyət kəsb etmək həqiqəti cəmiy­yətə yabançıdır.
Cəmiyyət öz təsəvvüründə insanı özümləşdirir, istədiyi şəklə salır, istədiyi kimi yaşadır.
Cəmiyyət üçün insani mövçudluq – cəmiyyətlə eyniləş­məkdir.
Ruhanilik cəmiyyətə sığmamaqdırsa – deməli, çəfəngiy­yat­dır. İnsan müstəqilliyə çan atirsa, özünə sahib olmaq istəyirsə, özü-özünə sahib olmaq diləyirsə, deməli, müstəqillik – çəfəngiyyatdır.
İnsan öz mahiyyətini cəmiyyətdə yox, ruhanilikdə tapırsa, deməli, o, nankordur, naşıdır.
İnsanda nə varsa – cəmiyyət tərəfindən verilir, insan nə olacaqsa – cəmiyyət vasitəsi ilə olur, onun səadəti, gələcəyi, böyüklüyü, qüdrəti cəmiyyətdən asılıdır.
O, özündən yox, cəmiyyətdən nicat gözləməlidir, çünki o, özünün yox, cəmiyyətin ixtiyarındadır, cəmiyyətin məntiqinə görə pis insan, yaxşı insan yoxdur, pis cəmiyyət və yaxşı cəmiyyət var.
;Yaxşı yaşamaq istəyirsənsə, pis cəmiyyəti yaxşı cəmiyyətlə əvəz et! Özünü cəmiyyətdən azad etmək xülyasına düşmə! Bunu bacarmazsan! Çünki cəmiyyətdən azad olmaq – özündən azad olmaqdır.
İnsan cəmiyyəti eşidəndə belə, ona qarşı vuruşur, özünü cəmiyyətin məhsulu sayanda belə, cəmiyyətlə döyüşür, çünki əsarətlə heç vaxt barışmır.
Ancaq bu döyüşdə azadlıq tam qələbə çalmır, çünki cəmiyyət insana tam azadlıq vermək səviyyəsinə qalxmır.
İnsan özünə sahib ola bilmir, onu təzədən əsarətə salırlar.
Bu səbəbdən də həyatda insanın azadlıq arzusu tam qələbə çalmır, əsarət həyatı tərk etmir, həyatdan qopmur.
Azadlığın əsarətlə döyüşü – əsarətə düşən xalqla əsarətə salan xalq arasında mübarizə şəklində də meydana çıxır. Əsarətə salan xalq deyir ki, digər xalqı əsarətə salmaqla, onun müstəqilliyini əlindən almaqla mən onu xilas etmişəm, ona tərəqqi gətirmişəm.
Müstəqilliyini əlindən almışamsa da, onun özü üzərində sa­hib­liyinə son qoymuşamsa da, əvəzinə onu inkişaf yoluna çı­xar­mışam. Bu səbəbdən də mənim əsarətimdən qurtarmaq əs­lin­də məhv olmaqdır. Bu cəhətdən, əsarətim əslində səadətdir!
Əsarətə salınan xalq isə gec-tez deyir ki, sənin mənə gətirdiyin bəxtiyarlıqlar, qələbələr, nailiyyətlər, tərəqqilər, inki­şaf­lar aldıqlarının yanında bir heçdir.
Əgər mən xalqamsa, müstəqil olmalı, müstəqil düşünməli, müstəqil fəaliyyət göstərməliyəm. Sən məni özümün əlimdən alırsan, xəlqilik keyfiyyətindən məhrum edirsən. Özümə sahib deyiləmsə – xalq deyiləm! Müstəqil yaşaya bilmirəmsə – yaşamıram! Özüm öz taleyimi həll edə bilmirəmsə – bir xalq kimi yoxam. Sən məni yoxa çıxardırsan və mənə nailiyyətlər, inkişaflar bəxş edirsən. Mən sənə yox kimi lazımam! Mən xalq olmuram, xalq çağırılmıram və sənin əsarətin altında tərəqqiyə çatıram.
Əsarətə düşən xalq əsarətə salan xalqla döyüşür, fəqət bu döyüş azadlığın tam qələbəsiylə bitmir, azadlıq həyata sahib olmur, əsarət bəzən geri çəkilirsə də, məğlub olan görünürsə də, o, yenidən bərqərar olur, fəaliyyətini davam etdirir, özünü təsdiq etməyə çalışır. Bu baxımdan, azadlıq əsarəti dünyadan silə bilmir. Həyat əsarətlə azadlığı qoşalaşdırır.
Əsarət həyatda özünü yalançı ehkamlar, xurafatlar, kəlamlar şəklində də göstərir. İnsanlar həmin ehkamların, kəlamların, xurafatların əsiri olurlar. İnsanlara deyirlər ki, taleyin səndən asılı deyil, o, səndən kənardakı qüvvədən asılıdır, həmin qüvvə sənin aqibətini həmin qüvvə yaradır. Bu səbəbdən də sən insan özünü öz gücünlə, ağlınla, iradənlə, qüdrətinlə xilas edə bilməzsən, sən səndən kənardakı Qüdrəti dinləməlisən, ümidini ona bağlamalısan.
Bir zaman bu insandan üstün Qüvvəni Allah adlandırırdılar, sonra onu maddiyyat Qanunları saydılar və insanı onun əsarətinə salmağa çalışdılar. İnsan gah Allahdan nicat gözlədi, gah da maddi qanunlardan, ancaq nicat tapmadı, çünki nicat  insanın özündə, maddiyyatdan yüksək olan ruhani xilqətindədir.
İnsanı yalnız insan xilas edə bilər. İnsan maddiyyatdan artıqdır, o, maddiyyata yox, maddiyyat ona tabe olmalıdır.
İnsanın mahiyyəti yeri-göyü yaradan Allah yalanını qəbul eləmir, onun Allahı ruhani mahiyyətində aşkara çıxan Mütləq­dir. Həyatda insan həm də cənnət-cəhənnəm dünyası, cin-şeytan, huri-mələk cəhalətinə baş əymişdir və əyir. Dünyada pak, doğru, xeyirli yaşamağın mənasını cəhalət – axirət mükafatıyla bağlayır, insan öz ruhani ləyaqətini təsdiq eləmək əvəzinə cismani nəşə hərisinə çevrilir. Bununla da cəhalət insana “Sən heçsən! Çünki mükafatsız heç nə görmürsən, sənin fəaliyyətinin müstəqil mənası yoxdur!” – deyir. Həyatda azadlıq – ehkam, xurafat adlanan əsarətlə vuruşur. Ancaq bu vuruşda azadlıq tam qələbə çalmır, insanlar ehkam və xurafat əsarətindən qurtara bilmirlər, son nəticədə əsarət yaşayır, onu həyatdan silmək mümkün olmur.
Həyatda azadlıqla əsarətin döyüşü həm də cəsarətlə qorxunun döyüşü şəklində təzahür edir. Qorxu əsarəti insanı həyatla barışdırır, həyatla barışmaq isə əsarətlə barışmaqdır.
Qorxuda həyat ölüm vasitəsiylə qorunur. Qorxaq ölümdən qorxduğu üçün həyatla toqquşmaqdan çəkinir, onun sabit vəziyyətiylə razılaşır. Cəsarət həyatı özündən yükşəyə qaldır­mağa çalışır, həyatın adi vəziyyətiylə barışmır, razılaşmır.
Həyatla razılaşmamaq – əsarətlə razılaşmamaqdır.
Cəsarətlə qorxaqlığın döyüşü – qədimdir, ancaq bu döyüşdə cəsarət tam qələbə çala bilməyib, qorxaqlığı həyatdan, insan mənəviyyatından silmək mümkün olmayıb. Yalnız Ali Həyatda cəsarət qorxaqlığın üzərində tam qələbə çala bilər.
Əsarət çox hallarda azadlıq libasında görünür, “mən azadlığam!” – deyə bar-bar bağırır.
“Mən azadlığam, çünki insanları özlərinə güvənmək, tam inan­maq, özlərindən nicat gözləmək təşəxxüsündən qurtarı­ram” – deyir. “Mən azadlığam, çünki mənim ehkamla­rım bəşə­ri azadlığa çıxaracaqdır!” – deyir.
Əsarət həm də həqiqət libasında görünür, o, sübut eləməyə çalışır ki, azadlıq – əsarətə tabe olmaqdır, insan maddiyyat aləminin cüzi bir hissəsidir, bütün xalqlar azad ola bilməz, bir xalqın böyüklüyü başqa xalqın köləliyini tələb edir.
Həyatda müxtəlif libaslı əsarətlərin əsl mənası gec-tez bilinir, ancaq əsarəti həyatdan həmişəlik silmək mümkün olmur. Əsarətin məhvi Ali Həyat tələb edir.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir