Ocaq Günsırası ilə 15 Günəş Ayı, 48-ci ildə (mart, 2026) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “İnsanilik” Bayramını keçirdi. Bayram qurallarından sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: “İnsanilik” Bayramımız qutlu olsun.

Biz ideyanı həm yaşadırıq, həm də onu özümüzün aqibətimizə çeviririk. Bayram nə deməkdir? Bəşəriyyət bayram ideyasını necə düşünür? – Bilmirəm necə düşünür. Mən özüm belə sonuca varıram ki, bayram, insanların öz həyatından, yəni məişət həyatından bir an ayrılaraq, özlərinin mənəvi, ruhani durumuna baxmaq üçündür. Ömürlərində, yaşamlarında nə kimi dəyişiklik baş verir, nə kimi gəlişmə olub, nə kimi xəlqi yöndən uğurlar ortaya gəlib… Bunları özlərinə demək, izhar eləmək, ifadə eləmək üçün bayram keçirilir. Niyə yaşayırıq? Mənə elə gəlir, hər bir insan özünə sual verməyi bacarmalıdır ki, mən niyə varam?! Axı, biz təkcə bioloji faktor deyilik. Bioloji faktor kimi baxsaq, başa çata bilərik, bitib qurtara bilərik. Çünkü heç bir gerçəklik əbədi deyil. Ona görə də, mən niyə varam sualına cavab verəndə, biz istər-istəməz axtarmalı olacağıq. Deyə bilmərəm ki, yemək üçün varam, yatmaq üçün varam, işləmək üçün varam, şəhər salmaq üçün varam, ya deyək ki, yol salmaq üçün varam. Nə üçün şəhərə yol salıram? Mən yemək üçün niyə varam? Yemək üçün nə mənası var? Sabah olmayacamsa, yemək üçün dünyaya niyə gəlirəm? Bu sorulara cavab tapmağın bir axtarışı da bayram ideyasıdır. Heç kim gündəlik özünə sual vermir ki, mən niyə varam? Bəlkə heç ağlına gəlmir, bəlkə heç ona cavab tapa bilməz. Ancaq bu kimi bayramlar, xalqın içində gələnəklərə çevrilərək, hər bir insana onu xatırlatmalı, aşılamalıdır.
Xalqda, deyək ki, Novruz bayramını dövlət səviyyəsində keçirirlər. Çal-çağır var, musiqi var, süfrədə şəkərbura, paxlava var, – hər şey var, ancaq məzmun yoxdur. Musiqiyə qarşı deyilik, gərək bayram dəyərləri tanıtsın. Novruz bayramı bizim milli bayramımızdır, qoy yaşasın. Ancaq bayram niyə var, niyə keçirildi, – bəlli olmur. Ona görə, dövlət səviyyəsində olsa belə, xalqın içində uzmanlar olmalıdır, bayramın məzmununu bilməli, araşdırıb öyrətməlidirlər. Hər dəfə onu bu, ya başqa yöndə yenilənən, gəlişən şəkildə xalqın diqqətinə çatdırmalıdırlar. Toplantıya qatılanlar orda eşitməlidirlər, toplantıya qatılmayanlar mətbuatdan, televiziyadan eşitməlidirlər. Bayramın məzmunu bilinməlidir.
Bu gün ilin az qala yarısından çoxu bayramdır. O qədər bayram yaranıb ki, küçəyə çıxırsan, hamı deyir, bayramın mübarək. Heç mən bilmirəm nə bayramıdır. Bu bayramların çoxluğu ona görədir ki, insanlar özlərinin fəqirliyini, məzlumluğunu, köləliyini dərk eləməsinlər. Gündə bayramdır da, məntiq də odur ki, bayramda başqa əhvallar sərgiləmək, çığır-bağır salmaq olmaz. Elə tapdıqları bir tikə çörəyi yeyib bayram keçirsinlər. İnsanların başını qatmaqdır bu. Bayram 3 olar, 5 olar, min dənə olmaz. O da ruhani, mənəvi, xəlqi yöndə. Siyasi bayramlar nəyimə gərəkdir?! Ordunun yarandığı günü ordu bayram etsin. Yəni, bunu bütün xalqa sırımağın nə mənası var? Bir çağlar 23 fevralı bizə bayram elətdirirdilər, sovet dönəmində. Qızıl ordunun yarandığı günü. Adını Kişilər bayramı qoymuşdular. Bir də 8 mart, Qadınlar bayramı. Sən ona hədiyyə verirsən, o da sənə qaytarır. Bu bir oyundur, gerçəkdən, məzmun yoxdur. Hələ mən demirəm, 8 mart Qadınlar bayramı necə yaranıb. 1857-ci ildə Nyu-Yorkda 129 qadını toxuculuq kombinatında yandırıblar. Sonra da onun şərəfinə Beynəlxalq Qadınlar bayramı eləyirlər. Bu, qadınlığın süqutudur, təhqiridir. Ancaq bu gün bəşəriyyət Qadınlar bayramı eləyir. Hərcayilikdir bu, insana, İnsanlığa həqarətdir.
Deyək ki, İsanın doğumuyla bağlı Yeni il bayramı, il dəyişir-filan. Yeni il bayramını başa düşmək olar, ancaq qışın ortasında il dəyişməz. Düzdür, bizim milli Yeni ilimiz də ayın ortasındadır, məsələn, Günəş Ayının 20-sindədir. Ancaq bu astronomik prinsiplərə dayanır. Başqa yandan, bizim üçün həm martda, həm də yanvarda il dəyişməli deyil ki. Bununla belə, il dəyişməsini anlamaq olar.
Sonra, oruc bayramı, bu bayramda toplum ac qalır, pəhriz saxlayıb bayram edir. Tutalım ki, canının sağlamlığına görə bayram keçirirsən. Onda elə həkimə gedib müalicə alanda da bayram elə də. Onsuz da heç birində məzmun yoxdur. Oruc minillər öncədən – hindlilərdən, qədim tibetlilərdən, qədim çinlilərdən gələn bir şeydir. Ancaq onlar belə bayram eləmirlər. Bu, pəhriz saxlamaqdı, orqanizmi ona öyrətməkdi. Qarınqululuqdan xilas olmaq üçün düşünüblər onlar. Bizim millətimizdə isə acınacaqlı durumda keçirilir. Səhər saatlarında dururlar, boğazlarına tıxanana kimi yeyirlər. O boyda yeyir ki, bütün günü ac qalmağa nə var. Əslində heç ac da qalmır. Günorta yemir, əvəzinə səhər 2 günlük qida qəbul edir. Axşam olanda süfrəyə nə gəldi, düzüb yeyir, səhərə kimi. Gecə saat 1-ə kimi yemək olar?! Gecə mədə boş qalmalıdır, yatmalısan. Yəni, nə demək istəyirəm, – məzmun yoxdur.
İndi qayıdıram söhbətimin başına. Mən niyə varam? Əgər “Mən niyə varam?” sualına cavab verə bilsən, onda “xalq niyə var” sualına da cavab verəcəksən. – Mən ona görə varam ki, mahiyyət, məna daşıyıram özümdə. Bu məzmunun adı İnsanlıqdır. Biz İnsanlığı doğrultmaq üçün varıq. İnsanlığa aid olan keyfiyyətlər vardır, bilirsiniz. Ədalət niyə olmalıdır? Nəyə qarşı olmalıdır? İnsan birgəyaşayış məzmunu tapıb, biçimi tapıb-filan, birgəyaşayış üçün ədalət gərəkdir. Birgəyaşayışda meşə qanunlarını gerçəkləşdirməli deyilsən ki. Hər kəsin haqqını görməli olacaqsan. Ədalət ona görə var. Vicdan ona görə var ki, zora əsaslanmayasan, başqasına zor göstərməyəsən. Ata deyir, Vicdan – özünə hakim olmaq deməkdir. Özünə sahib olmaq deməkdir. Bütün bunları doğrultmaq üçün varsan. Onları doğruldanda mahiyyətinə yetirsən, mahiyyətinə bərabər yaşayırsan.
Biz öz mahiyyətimizə bərabər yaşayırıqsa, ölməzliyə çatırıq. Bu, kütləvi xarakter daşımır, ancaq ölçüyə çevrilə bilər. Biz böyük şəxsiyyətlərin adını çəkirik. Məsələn, Babəkin… Yeri gəlmişkən, Babəkin doğrandığı gün dünən idi. Babəki Samirədə sümük-sümük doğrayıblar. Çünkü Babək özü üçün, öz xalqı üçün azadlıq istəyirdi. Dinə, ərəb işğalına dirəniş göstərdiyi üçün sümük-sümük doğranıb. Babək bizim azadlıq simgəmizdir. Babək bizim xəlqi mahiyyətimizin ifadəsidir. Azadlıq – xəlqi, insani mahiyyətdən doğur, milli dəyər deməkdir. Babək onu təmsil edir, onu ifadə edir. Əslində, bizim xəlqi mahiyyətimizin, xəlqi azadlığımızın başını kəsdilər. Babəklə bağlı bir haşiyə çıxıram, Babəki Samirə şəhərində doğradılar. Ancaq bu gün bizim analarımız qızlarına Samirə adı qoyurlar, Babəkin doğrandığı Samirə şəhərini sevgidə əbədiləşdirirlər. Niyə? – Bilmir, anlamır. Mən kiməm sualına cavab verə bilmir. Babək, arxasında nəhəng ordu duran ideya ilə döyüşüb, özü də ideya daşıyıcısıdır. Belə bir şəxsiyyəti öz ləyaqətində, öz varlığında əbədiləşdirmir, onun edam olunub doğrandığı məkanı əbədiləşdirirlər. Mən kiməm, mən niyə varam? Bu suala cavab verə bilmədikləri üçün.
Babəki sümük-sümük doğradılar, ancaq Babəki, Babəkliyi öldürə bilmədilər. Babək min ildir var. Min ildir biz Babəkilik məzmununa tapınırıq. Hətta bu gün Güney Azərbaycan Babəkin xatirəsinə, ləyaqətinə üz tutur, ölməzlik odur. Təməlin özünə yanaşmada yenilənmə getməlidir. O zaman sən, bu mahiyyətinə bərabər yaşayandan sonra, kimliyini biləcəksən. Niyə varam sualını biləcəksən. İldə bir yol oturacaqsan, mən nə yaşadım, hansı ləyaqət üstə yaşadım, özümdən başqa, elimə, qonşuma, xalqıma, millətimə nə kimi gərəyim oldu, nə kimi dəyərim oldu. Sən özünə deyirsən, aşılayırsan, onu bayram edirsən. Onu bayram elədiyin üçün ömründə oturur, şüurunda hərəkətə gəlir. Sən kimliyindən çıxmırsan qırağa, yaşam ölçünə çevirirsən, meyar olur sənin üçün. Sonra bu xalqın ölçüsünə çevrilir. Bu, xalq üçün birlik açarı olur.
Bu cür dəyərlərin olmadığına görə, onu yaradıb yaşamadığına, yaşatmadığına görə, sənin xalqın bu gün param-parçadır, it unu kimi səpələnib təşkilatlara, qruplara, sektalara, təriqətlərə, daha nələrə, nələrə. Hər bir bölümü qıraq qüvvələr özü üçün istifadə edir. Xalqın birliyi yoxdur. Ona görə bu gün dövlətin bapbalacadır, qoruya bilmirsən. Yüzminlərlə kvadrat km ərazin olub, dünyanın gedişinə sən də yön verirdin, hətta birbaşa yön verirdin. İndi olmusan ələbaxan.
Sosial şəbəkədən mənə yazıblar ki, hansı ideologiya ilə biz xalq olaraq birləşə bilərik, heç bir şey özünü doğrultmadı. Yazmışdım ki, biz Asif Ata Ocağı olaraq, önərimizi veririk. Asif Ata İnsanlaşmanı ölçüyə gətirir. Ancaq siyasi mənada deyirsinizsə, “Uluyurd Hərəkatı” ideyası var. Ancaq heç kim bu yöndə ilgilənmir, çünkü Milli Hərəkat heç kimə sərf eləmir. Bunun üçün özündən keçmək gərəkdir. Milli hərəkata qıraqdan heç kim dəstək vermir. Millətin özünə gəlincə, o sənə bu şərtlə dəstək verə bilər ki, özünü ona (millətə) inandırasan. Millət sənə 5 gün inanır, 6-cı gün görür ki, başqasının qucağındasan, sənə inanmağına peşiman olur.
Bu gün insanın həyatı bütünlüklə oyundur, bu oyunu Siyasət yaradır. Hər bir insan rol oynayır, heç kim səmimi deyil. Hər kəs yalana meyil edir. Bütövlükdə yaşamağın özü bir səhnəyə çevrilir. Həyat adlı səhnədə sən rol alırsan, həyatını yaşamırsan. Həyat sənin üçün səhnələşdiyinə, sən də rol aldığına görə heç bir ölçü-filan yoxdur. Hər kəs hər şeyə oyunun içində münasibət bəsləyir: insana oyunun içində münasibət bəsləyir; Vətənə, Dövlətə, qonşuna, bütövlükdə bəşəriyyətə oyunun içində münasibət sərgiləyir. Hər şeyə oyunun içində oyunun gözüylə baxırsan, ona görə də heç nəyə doğru baxmırsan.

Dünyanın hər yerində savaş gedir, insanlar bunu belə qiymətləndirirlər: Filan dövlətin silahı, gücü çoxdur, o biri başqasının yanında yer alır, bu eybəcərdir, o döyülməlidir, filan olmalıdır. Yəni, oyunun içindən baxırlar, tərəf olurlar. Bu sorunların hardan başlamasına heç kim doğru yanaşmır. İmperializmin çərçivəsindən qırağa çıxmırlar. Siyasət belə tələb edir, qurtardı.
Oyun varsa, komanda deməkdir, bölünmə deməkdir. İki yerə bölünmə, iki komanda, oyun oynayır. Bölünənlərin heç biri bir-birinə sayğı duymur, rəqabət var. Onlar arasında birlik ola bilməz ki, rəqabət var. Tərəf var. Bax, dövlətlərarası münasibət bu səviyyədədir. Bütün siyasi həyatın gedişi odur, toplumsal həyat odur, mənəvi həyat odur. Tərəflər var, insanlar bu tərəflərin əmələ gətirdiyi qəlibin içindən baxırlar. Bu qəlib tərəflərin çıxarını göstərir. Məsələn, deyək ki, bu gün Azərbaycanda propaqanda gedir. Deyirlər, İsrail bizim dostumuzdur, haqq edir İranı dağıdır, İran bizim insanlarımıza zülm edir… Belə baxanda doğrudur, toplumumuz assimilyasiya edilir. Mən “Güney Azərbaycan Beynəlxalq Radiosu”nda çoxsaylı çıxışlar etmişəm. 2000-ci illərdən üzü bu yana. O çağlarda Azərbaycan dövləti, yəni Quzey Azərbaycan, İranla cici-bacı siyasəti yürüdürdü. Mən bu radiyoda oradakı insanlarımızın azadlığı yönündə, İran-Molla rejiminin amansızlığı yönündə kəskin çıxışlar eləmişəm, ardıcıl ifşa etmişəm. İranın məşhur “Səhər-2” telekanalı mənə qarşı əks kampaniya başlamışdı. Təbriz Ali Dini Ruhani Şurası mənə qarşı fətva vermişdi. Ancaq bu gün mən deyirəm, İranı dağıtmaq olmaz. Niyə? – Molla rejimini sevmirəm. Bu rejim təkcə bizim oradakı insanlarımıza qarşı deyil, bütövlükdə İnsanlığa qarşıdı. Ancaq orada yaşayan insanlar azadlıq uğrunda birgə ayağa durub rejimi devirmirlər. Rejimi imperialist güclər devirir. Bizim ordakı insanlarımız üçün devirmirlər, özləri üçün devirirlər. Xəritə var ortada. Balaca bir Azərbaycan qalır orada. Böyük Kürdüstan yaranır orada. Böyük Orta Doğu projesi deyilən hədəf budur – Böyük İsrail yaratmaq. Azərbaycanın qara qaşına, qara gözünə vurulmayıblar. Ay 44 günlük savaşda İsrail bizə silah verib, yanımızda durub-filan, – bunların hamısı absurddur. Sənə silah satıb, 5 qat qiymətinə. Ona görə satıb ki, Orta Doğu projesinin hədəfinə ulaşsın. Sabah Təbrizi dağıdacaq. Sən də durub İsrailin tərəfindən çıxış edirsən.
Mən yazmışam, necə ola bilər, İsrail Azərbaycanın bir bölümünün (Quzey Azərbaycanın) dostudur, o biri bölümün (Güney Azərbaycanın) düşməni? Belə bir məntiq olar, – O Tayın düşmənidir, qırır, Bu Tayla da dost olur. Birinin gözünün qabağında o birini qırır.
Baxın, mən nəyə gətirirəm sözümü? Siyasi prosesi bayram qonusuna qatmazdım. Ancaq dediyim kimi, həyatımızı bütünlüklə oyuna çeviriblər. Bu gün Azərbaycan dövlətinin özündə bir kəsimimiz İsrailin çıxarından yanaşır, başqa bir kəsimi Molla Rejiminin çıxarından. Hər yerdə belədir, Rusiya-Ukrayna məsələsinə də elə yanaşırlar, Pakistan-Əfqanıstan savaşı gedib, ona da elə yanaşırlar.
Həyatımız oyuna gətirilib, biz bu oyunda rol almışıq. Ona görə də İnsanlıq çöküb. İnsanlıq çökən yerdə dava var, qan var. Bu səbəbdən Ata deyir: “düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. İnsanlaşın, İnsanlaşdırın, Bəşərin qurtuluşu İnsanlaşmaqdadır”. Bütün dünyaya bu təlimi öyrətmək gərəkdir. Mən demirəm, sən çağırış edən kimi sabah hamı bura yığılacaq. Ancaq ayrı yol yoxdur. İndi də olsa, 50 il bundan sonra da olsa, 5 min il sonra da olsa, çıxış yolu budur. Yetər ki, işi sıfır nöqtəsindən tərpət, başla. Düşün. Papağı günə yandırma. Ömrü güdaza vermə boşuna. Bu siyasi təşkilatdır, bu partiyadır, ora qaç, bura qaç.
İstəyərəm siyasi hərəkat olsun, həqiqi azadlıq uğrunda siyasi mübarizə başlasınlar. Ancaq Ata deyir, bu Ocağın işi deyil. Ocağın işi İnsanlaşmanı ölçüyə gətirməkdir. Onu oturuşdurmaq, yeritmək üçün mübarizə aparmaq, ona qulluq eləmək gərəkdir. Asif Ata təkcə bizim millətimizi düşünmür ki, bütövlükdə İnsanlığı düşünür. Biz Asif Atanın gətirmək istədiyi İnsanlıq ölçüsünü bayram edirik.
Sağ olun, var olun, məni dinlədiyiniz üçün.
Bayrağımızı öpürəm.
Atamız var olsun!

Günev Atalı (Bayrağı öpərək Ataya səcdə edir – N.A): Bayram insanların əzəli ehtiyaclarından doğub. Hətta daş dövründə, icma və tunc dövründə hər hansı bir uğurlarını bayram eləyərdilər. Məsələn, bunu bədən hərəkətləri ilə, rəqs ilə yerinə yetirirdilər. Dəridən, ya başqa şeydən alət düzəldib musiqi ifa edərək, onu bir növ yaşayırmışlar, qoruyurmuşlar. Yaşamaq eşqi yaranıb insanların içində. Ona görə insanların bayrama münasibəti əzəlidir. Bu gün biz bu bayramlarımızın arxasında durmuşuq. Burada cəmiyyət bayramlarını öz yerində oturtmaq var, Novruz bayramı istisnadır, çünkü milli bayramımızdır, yeni günün gəlişidir. O biri bayramları rədd edirik. Çünkü heç birində bayaq dediyim uğur-filan yoxdur, hamısı sünidir.
Belə bir deyim var: başlamaq işin yarısıdır. Asif Ata yol başladı. Yeni bir yol. Bu yol insanın gözünün qabağındadır. Ata deyir, dərman dərdin özündədir. Heç bir Quruluşda, təşkilatlarda, fərqli doktrinalarda insanın xilasını tapmadılar. Heç biri demədi ki, bu sənin özündədir, sənin İnsanlıq mahiyyətindədir; mahiyyətlə yaşayarsan, gözəl uğurların olar.
İnsanlığa Özüylədöyüş ideyası gərəkdir, özündəki şəri döymək, həqiqəti becərmək gərəkdir. Tarix boyu xeyir nisbi olub, ona görə şər ortadan qalxmayıb.
Bu gün Vətən üçün döşünə döyənlər, məqam gələndə, barmağına tikan batırmaq istəmir. Orada çətinlik var, orada təhlükə var. O düşüncə ki, «vətən, vətən» deyə haray salırsan, ancaq gərək olanda sözünün arxasında dayanmırsan, orada uğur ola bilməz. Dad yarımçıq əlindən.
Xalq öz dəyərləri əsasında yaşamayanda yolundan azır. Dünyanın heç yerində Babək böyüklüyündə qəhrəman yoxdur. Babək xalqın aşiqi idi, yolunda tikə-tikə doğrana bilirdi. Xalq öz dəyərləri əsasında yaşayarsa yeni Babəklər verə bilər. Öz dəyərləri əsasında yaşamayanda, özgəçiliyə üz tutur. Bizim Dədə Qorqudumuz var, Babəkimiz, Zərdüştümüz var. Nəsimimiz var, Füzulimiz, Muğamımız, Sazımız var. Asif Ata bunların fəlsəfi dəyərlərini illərdir öyrədir. Bu dəyərləri öyrənib bayram eləsə xalqımız özünə bənzəyər.
Atamız var olsun!

İnamlı Atalı (Bayrağı öpərək Ataya səcdə edir – N.A): Bugünkü bayram, qardaşlarımın ifadə elədiyi kimi, öz məzmununa görə əsl həqiqəti ifadə eləyən bayramdır. Bu münasibətlə Ocağımızı, Azərbaycanımızı, gələn qonaqlarımızı qutlayıram. Asif Ata insanda üç yaşam səviyyəsi göstərməklə mənəvi inkişaf yolunu önə çəkir. Deyir, bəşər övladı məxluq kimi dünyaya göz açır, adam kimi böyüyür, insan kimi yenidən doğulur. Onun məxluq səviyyəsi heyvana bərabərdi. Bəşərin bugünkü taleyi heyvanlığın formalaşdırdığı taledi. Adamlıq onu qismən ötür, yüksək həqiqətlərə çatmır. Ona görə Asif Ata Mütləqə İnam dünyabaxışı ortaya gətirdi, İnsanlaşmanı qurtuluşun ölçüsü saydı.
İnsan təbii varlığında qohumdu, qardaşdı, millətdi, vətəni var. Ancaq bu keyfiyyətləri bütöv yaşatmasına onun heyvani səviyyəsi mane olur. İnsan səmimi ola bilmir, başqalarına doğmalaşa, sevgisi bütövləşə bilmir. Asif Atanın İnsanlaşma çağırışı onu böyütmək, öz mənasına bərabər yaşamasına yol açır. Biz bu məzmunu bayram edirik.
Atamız Var olsun!
Soylu Atalı: Çalışın, mövzudan qırağa çıxmayaq.

Nurtəkin Atalı (Bayrağı öpərək Ataya səcdə edir – N.A): İnsanilik Bayramımız qutlu olsun!
İnam nə zaman ölçüyə çevrilir, – İnsanların ömründə gerçəkləşəndə.
Mən Asif Ata ilə görüşənə kimi düşünürdüm ki, yaşayıram. Ancaq ümumi qanunlarla, qaydalarla, mənə sunulan həyat ölçüsüylə yaşayırdım. Atanın “özüylədöyüş” ideyasını bildikdən sonra özümü yaratmaq haqqında düşündüm. Yalnız bundan sonra anladım yaşamaq nədir. Atanın dediyi kimi, yaşamaq – yaşamağın məqsədi ola bilməz. Böyük ideyaları düşünəndə, ömür böyük duyğularla, düşüncələrlə işıqlananda, böyük qayğılarla yüklənəndə yaşamağın anlamını anladım. Xeyir işığı ömrümdə artdıqca, şərin gücsüz olduğunu anladım.
Dünyanın qana qərq olduğunu görürəm, yüzillərdir adamın heç dəyişmədiyini görürəm, xalq-hakimiyyət ziddiyyətinin bütün dövrlərdə, zamanlarda olduğu kimi qalmasını görürəm. Ancaq içimdə bunun dəyişəcəyinə inam var. Çünkü özüm dəyişmişəm, içimdəki şəri yenmişəm, bu yöndə yol getməkdə davam edirəm. Asif Ata öz ömrü, ideyası ilə meydan oxudu zamana, şəraitə, mühitə. Bir ömürdən başlanan dəyişiklik dalğa-dalğa yayıldı. Gələcəyə dalğa-dalğa yayılmaqda davam edəcək.
İmtinalara yetmək çətin olur, çünkü insan düşüncəsində tam aydınlığa çatmır. Əgər aydınlığa çatsaydı, xeyirin xeyir, şərin şər olduğunu bilərdi. O zaman mənəvi qanunları, İnsanlığı əsas tutaraq, İnsanlığa qarşı olan yollardan imtina edərdi.
Mən Məni özümlü edən nə varsa, onu seçirəm. Onu seçməyə özümü borclu bilirəm, çünkü gələcəyimi, xalqımı düşünürəm. Mənim seçimim ailəm, nəslim, xalqım üçün atdığım addımdır. Məni “Mən” edən, ailəmə doğmalaşdıran, xalqa qovuşdurandır (toplum onu anlamasa belə). Bunu bu gün mən bilirəm, sabah sabahkılar da biləcək.
İnsanlar həmişə həqiqət axtarışında olublar. Ata deyir, insanın içində həqiqət ölçüsü var, insan dünyaya bu ölçü ilə gəlir. Ona görə axtarışlar, gördükləri yalan-yanlış olaylar, fəlakətlər, savaşlar… hamısı sual yaradır – hardadır həqiqət, ona necə çatmaq olar?! – İçindəki şərlə döyüşürsən, xeyiri təsdiq edirsən, dünyadakı xeyiri tanıyırsan. Dünyadakı, həyatdakı xeyirə qovuşursan.
Tarixdə, ömrünü milli, insani ideyalara həsr edənlər qalır. Öz ömründə yaratdığı ilə xəlqi, bəşəri dəyərlərə çevrilənlər qalır. Azərbaycan bu açıdan zəngindir. Bu dəyərlər xalqımızın milli kimliyini qoruyur, gələcəyə ötürür. Mənim mənliyimlə milli kimlik arasında bağlılıq, qovuşma gərəkdir ki, ömrüm də, millətimin ruhu da zənginləşsin. Bu, Atanın ideyaları ilə mümkündür. Çünkü nə qədər zəngin dəyərlərin olursa olsun, onu yaşatmaq, qorumaq üçün milli ruh gərəkdir.
Dünyada müxtəlif ideoloji, mədəni və siyasi cərəyanlar mövcuddur. Kürəsəlləşmə, informasiya axını və müxtəlif təsirlər xalqların həyatına birbaşa daxil olur. Əgər xalqın düşüncəsi və dəyərləri başqa ideologiyaların təsiri altında formalaşarsa, milli varlıq zəifləyə bilər, yox ola bilər. Milli köklərinə bağlı qalaraq insani dəyərlərlə yaşayan xalq tarix qarşısında möhkəm dayanır. Ona görə mənəvi müstəqillik şərtdir. Ocaq bu mənəvi müstəqilliyi yetirir. Millətin özünü qoruması və gələcəyi. Hər şey insandan başlayır. Mənəvi kamillik gərəkdir ki, insan da formalaşsın, yetişsin, milləti də formalaşdırsın, qorusun, gələcəyə ötürsün. Ata deyir: Ağac-ağac, fərd-fərd, hal-hal. Birlərdən, özüylə döyüşən, özünü yaradan insanların birliyindən başlayır millətin özünü qurması, qoruması. Bu açıdan Ocağın varlığı böyük nikbinlikdir, inamdır.
Atamız Var olsun!
Göytəkin Atalı (Bayrağı öpərək Ataya səcdə edir – N.A): Mən də düşüncələrimi yazı ilə ifadə etmişəm, oradan oxuyacam.
İnsan ömrü nə zaman İnsanlığı bayram edəcək qədər dəyərlənir? İnsanlığı bayram etmək, müqəddəsliyi bayram etməkdir. Müqəddəslik ömürlərdə, ürəklərdə, insani münasibətlərdə varmı? İnsanlararası münasibətlərdə əksilən İnsanlığı var etmək yolları nədir? İnsanın içində kök salan əsarət, insanı bir heçə çevirir. İnsan özünü elə bir duruma salır ki, ömrü boyunca cəmiyyətin və ideologiyaların basqısı altında boyun əyən köləyə çevrilir. İnsan öz daxili əsarətinin mənfi təsirləri altında olduqca, onu kölə edənlərə qarşı çıxa bilmir. İnsanın içində kök salan qorxu və inamsızlıq, onun içsəl əsarətinin qoruyucusuna çevrilir. İnsan içində Allaha inamı var etdiyi qədər azaddır. Ömürlərdə inamsızlıq hökm sürdüyü qədər, insan onu kölə edənlərə səbəb verir. Həyata onun nikbin yanlarından baxa bilmək özü daxili bir güc tələb edir. Həyatı dəyərli və mənalı edən – bu gücü yarada bilməkdir. Bu gün insan ömrünü qurmağa, insanca yaşamağa çalışdıqca zərbə alır, sarsılır.
İnsanı bir-birinə doğma edən insanlığın çalarlarıdır. Artıq insan elə bir durumdadır ki, qəzəb, kin, paxıllıq, şöhrətpərəstlik insanların ömrünə hakim olur. Belə bir mühitdə özünü yaratmağı bacarmaq, sarsılmamaq üçün içsəl güc gərəkdir. O gücü insan zamanla özündə yaradır. İnsanın ömründə dəyişiklik, içindəki əsarətdən qurtulduqca yaranır. İnsanın bu dəyişiklik üzərində yaratdığı özül, mənəviyyat, ilk növbədə onun özü üçün inama, ümidə çevrilir. Yaratdığı ilk növbədə özünə yoldaş olur, özünü inandırır. Bu inamda, bu ümiddə güc aşkarlanır və zamanla tək-tək ürəklər insanın dünyasına doğma olur.
İnsanın ömründə gedən dəyişiklik, insani çalarları ifadə edirsə, bu bayram olunmağa layiqdir.
İnsan zamanla onu özünə yadlaşdıran umacağın, təmənnanın yerinə umacaqsızlığı, fədakarlığı gətirirsə, bu bayram olunmağa layiqdir.
İkrah doğuran, fəlakət yaradan kin, qəzəb, insana sevgi ilə, sayğı ilə əvəz olunursa, bu qutsaldır, bayram olunacaq qədər dəyərlidir.
Fəlakətlər yaradan, ilk öncə insanın özünə qənim kəsilən şər, insan ömründə xeyirlə əvəz olunursa, insanların ürəyi bir-birinə xeyir əməllər üzərində doğmalaşırsa, bu, ömürlər bayram ediləcək qədər dəyərli və qutsaldır.
İnsan müqəddəsliyə yad olduğu qədər həyata onun çətin yanlarından baxır, onu yanlış dəyərləndirir. Önəmli olan hər çətinliyin arxasındakı gözəlliyin mənasını aşkarlamaq, yaratmaqdır. Yetər ki, insan ömründə həqiqəti var etsin, ona doğma yaşasın.
Atamız Var olsun!
Soylu Atalı: Burada, belə deyək ki, bizim məktəbin əsas ana xətti Asif Atanın yaratdığı ideyalardır. Ancaq hər bir uğurlu düşüncədən bəhrələnmək mümkündür.
Göytəkinin çıxışında bir məqamı genişləndirmək istəyirəm. O deyir, insanların baxışında (fərqi yoxdur, dünyaya, qonşusuna, insana baxışında) onun özünün şöhrətsevərliyi, paxıllığı söz deyə bilər, onun acığı, qəzəbi söz deyə bilər. Yəni insan-ölçü, inanc-ölçü məsələsini qapsamlı demək istəyirəm. Bu gün bütün toplumlar bir məsələnin üzərinə – İnsanlararası münasibətlərə fokuslanır. İndi deyirlər bizi qidalarla, daha nələrlə korlayırlar. Düz deyirlər. Yəni, qidalar, doğrudan, insan orqanizmində çox kəskin mənfi dəyişikliklər yarada bilir. Ən başlıca isə bu qidaların içərisində zəhərli maddələr, xüsusilə, ən çox azyaşlıları, gəncləri etkiləyir. Çünkü satılan qidalara (aşırı görünməsin, adına küçə qidaları deyəcəm) ən çox azyaşlılar, gənclər meyillidir. Bu qidaların tərkibində elə komponentləri var ki, həm də, asılılıq yaradır. İnsanlar iştaha gəlir, tamahı çəkir. Bu qidaların tərkibindəki şeylər, mənə elə gəlir, bütövlükdə, sinir xəttini nəzarətə götürür. İnsanların əsəblərini, əxlaqını korlayır. Əsəb korlanırsa, doğal olaraq, əxlaq da korlanır. Yəni insanın içində heyvanilik qabarır. Bioloji varlıq olaraq, insanda təbiətə, təbiət qanunlarına, heyvanlığa meyil var. Ancaq bədəndə, bədəndən artıq olan da var, – o İnsandır. Deməli, insanda heyvanı qabartmaqla bədəndə, bədəndən artıq olanı zədələyir. Heyvani xassə olan aqressiyanı insanda böyüdürlər. Belə deyək, insanlarda aqressiya “tərbiyə” olunur, yəni aktivləşir. Bu aqressiya insanların bir-birinə münasibətinə, – sevgisinə, doğmalığına, xəlqi birliyinə mane olur. Adicə, küçədə gedərkən kəskin şəkildə qoluna toxunan birinə desən ki, asta ol, üzr istəmək yerinə üzünə qayıdar. Yəni xoş söz yoxdur, adamlar üzr istəyə bilmir. Bağışla deməyi özünə sığışdırmır.
Bu gün gəncliyin arasında yaşlı adamlara müraciətə diqqət edin: Ay ağsaqqal. “Ağsaqqal” sözü kimi qüdrətli, gözəl bir söz pis mənada dəbləşib. Eləcə də “müəllim” sözü. “Müəllim” çox böyük sözdür. Müəllim öyrədən deməkdir. Təkcə kimya, biolologiya öyrətmir ki. Mənəviyyat öyrədir, tərbiyə öyrədir, dəyər öyrədir… “Ay ağsaqqal” çağırışı “a gədə” sözü kimi üztutmaya enib.
Sonra, bəzən görürsən, öz atasından yaşlı bir adama əmi, dayı deməyə utanır. Gənclikdə elə bir tərbiyə formalaşıb. Dediyim nədir? Bax, bu aqressiyanı, qəzəbi, özündənrazılığı gənclərimizə qida ilə verirlər, ictimai tərbiyə ilə yeridirlər, nə ilə aşılayırlar, fərqi yoxdur, biz bu aqressiyanı, gəncindən tutmuş yaşlısına qədər, özümüz özümüzdə islah eləməliyik. Özümüz özümüzdə döyməliyik. Yoxsa, bu məsələ böyüyüb-böyüyüb qarşısıalınmaz bir düzeyə qalxacaq, – genelbəşər düzeyinə. Məsələn, Tramp deyir, mən dünyanın ağasıyam, kefim istəyəni eləyə bilərəm. Özünün aqressiyasına, qəzəbinə hardan başlayır, – ictimai münasibətlərdən. Dövlət səviyyəsindən gəlir. Bu axmaqlar düşünmürlər ki, bu bəşəriyyətdir, bu insandır, İnsanlıqdır.
Bizim hər birimiz özümüzdə əgər milli, insani, xəlqi, bəşəri, keyfiyyətləri, dəyərləri bəsləməsək, onda bizim bəşəriyyətə, ya da xalqa verəcəyimiz yalnız zərər olacaq, xeyir olmayacaq. Bax, bunu biz özümüz də bilməliyik, xalqa da bildirməliyik, balalarımıza da öyrətməliyik.
Onu da deyim, məsələ təkcə qidalarda deyil. İctimai ölçünün pozulmasından da gəlir aqressiya, bir-birinə münasibətdə sevginin olmaması, insanlararası yağı münasibət. Bunlar ictimai pozuntulardan, yersiz gələnəklərdən, dəblərdən gəlir, ölçüsüzlükdən gəlir. Ölçü itib. Ölçünün itməsi qorxunc anti-insani bir prosesə çevrilir. Ona görə İnsanlığı Asif Atanın yoluna çağırırıq. İdeya elə bir dalğadır ki, bu dalğanı əngəllərlə ləngidə bilərsiniz, ancaq qarşısını ala bilməzsiniz…
Biz bayramımızın məzmununu bacardığımız qədər dilə gətirdik, vurguladıq. Çay süfrəsində suallarınıza cavab verməyə çalışacağıq.
“İnsanilik” şərqisi, “İnsanilik” Bayramı üstə Mütləqlə Təmas oxundu.
İnsanilik Mərasimi üstə Mütləqlə Təmas
Dünyanın Dünyadan Yüksək Mənasını özündə daşıyan.
Həyatın Həyatdan Yüksək Mənasını özündə daşıyan.
Özünün Özündən Yüksək Mənasını özündə daşıyan.
Gerçəklikdən yüksək olan!
Cəmiyyətdən yüksək olan!
Şəraitdən Yüksək olan!
Mühitdən Yüksək olan!
Mütləqə can atan!
Mütləqləşməyə Qadir olan!
Mütləq İnam daşıyan!
Mütləq İdrak daşıyan!
Mütləq Mənəviyyat daşıyan!
Mütləq İradə daşıyan! –
İnsan!
Sənə çatmalıyam!
Bununla da Bayramın Törən bölümü başa çatır (N.A.)
Ata Ruhunu Ürəyimizdə aparırıq!
Atamız Var olsun!



