Xəbərlər

Asif Ata. Özüylədöyüş   və  Özüyləbarışma

Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır.
Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm,  yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana arxalanmasam, məhv olaram, çünki həyat həqiqəti sevmir” – deyir. “Vicdanlı olsam, yaşaya bilmərəm, çünki həyat vicdanı eşitmir” – deyir. “Mərhəmətli olsam, yaşaya bilmərəm, çünki həyat amansızdır, o, mərhəmət tanımır” – deyir.
“Düşmənlikdən imtina etmərəm, çünki həyat mənafe uğrun­da döyüşdür, düşmənlikdən imtina etmək – əslində həyatdan imtina etməkdir” – deyir.
“Zordan əl çəkmərəm, çünki həyat ən çox zora baş əyir”, –deyir.
“Məkrsiz yaşamaq – məkrin tələsinə düşməkdir” – deyir.
“Fitnəsiz yaşamaq – fitnənin tələsinə düşməkdir” – deyir.
“Xeyirxah yaşamaq – bədxahlığın tələsinə düşməkdir” – deyir.
“Müqəddəs yaşamaq – hərcayiliyin tələsinə düşməkdir” – deyir.
“Öldürməmək – ölməkdir” – deyir.
“Aldatmamaq – aldanmaqdır” – deyir.
“Cəsarət – ölüm təhlükəsi yaradır, bu səbəbdən də həyata ziddir” – deyir.
“Fədakarlıq – həyatdan keçməkdir, həyat isə hər şeydən artıqdır” – deyir.
“Ədalətsizlik – həyatilikdir, çünki həyat ədaləti təsdiq etmir” – deyir.
“Ruhani kamilliyə meyil etmək – yaşamamaqdır, çünki həyat tam ruhanilik səviyyəsinə qalxmır” – deyir. “Aşiqlik – həyatdan əl çəkməkdir, çünki Aşiqlik həyata yox, həyatdan böyük olan Eşqə xidmət etmək deməkdir” –  deyir.
“Amal – həyatın inkarıdır, çünki Mütləqdir, Ruhanidir, Sonsuzdur, Əbədidir – deyir.
“Buna görə də amallı olmaq yaşamamaqdır” –  deyir.
“Əxlaq – həyata ziddir, çünki ehtirasları buxovlayır. Buna görə də əxlaqlı olmaq yaşamamaqdır” – deyir.
“Özüylə döyüşən yaşamır, çünki həyatdan ayrılır” – deyir.
Özüylə barışan yanılır. O unudur ki, həyat özünü tam şəkildə Ali Həyatda tapır, əslində o, Ali Həyata aparan yoldur. Həyat özünə Ali Həyatda çatır. Həyat öz mahiyyətini gerçəklikdə tam ifadə edə bilmir, bu səbəbdən də o, mahiyyətdən aşağı olur.
Həyatın Mütləq, ruhani, əbədi, kamil mahiyyəti insandan özüylədöyüş ləyaqəti tələb edir. Yalnız ardıcıl, Mütləq, barışmaz özüylədöyüş vasitəsiylə insan həyatın mahiyyəti səviyyəsinə yüksələ bilər. Özüylə barışan unudur ki, insani həyat – insanın daxili dünyasında yaranır, insan özü necədirsə, həyat da elədir. Özüylədöyüşən əslində həyatdakı eybəcərliklə döyüşür və bu döyüşdə qazanılan qələbə həyat üzərində çalınan qələbədir.
Özüylə barışan naqisliyini, çirkinliyini, qeyri-kamilliyini həyat əsasında hifz etməyə çalışır.
O unudur ki, həyatın meyarı insandır, həyat insanın meyarı ola bilməz. Həyatda eybəcərlik varsa, bu, insanın təqsiridir.
Həyatda gözəllik bərpa olunubsa, bunun da səbəbkarı insandır, həmin gözəllik əvvəl insanın daxilində yaranıb.
İnsan nədirsə, həyat da odur. Buna görə də “həyat pis olduğu üçün mən də pisəm, həyat yaxşı olanda mən də yaxşılaşacağam” məntiqi – cahil məntiqdir. “Mən pis olduğum üçün həyat pisdir, mən yaxşı olanda həyat yaxşılaşacaq!” – doğru məntiq budur.
Həyat insanı yaratmır, insan həyatı yaradır. İnsan həyatın təzahürü deyil, həyat insanın təzahürüdür. Bu səbəbdən də pis həyatın günahkarı insandır, pis insanın günahkarı yenə də insandır, həyat deyil. İnsanın öz üzərində yüksəlməsi həyatın özü üzərində yüksəlməsidir. İnsanı dəyişmədən həyatı dəyişmək – kökü dəyişmədən  budaqları dəyişməyə bərabərdir.
Özüyləbarışan öz qüdrətsizliyini insan təbiətinin məhdudlu­ğuyla pərdələməyə çalışır. “Nə qədər daxilimdəki qorxuyla vuruşsam da, tam müvəffəq olmayacağam, buna mənim insani təbiətim imkan verməyəcək“ – deyir. “Nə qədər daxilimdəki vəhşiliklə vuruşsam da, tam müvəffəq olmayacağam, buna mənim insani təbiətim imkan verməyəcək“ – deyir. “Nə qədər daxilimdəki zülmətlə vuruşsam da, tam müvəffəq olmaya­cağam, buna mənim insani təbiətim imkan verməyəcək!” – deyir. “Nə qədər daxilimdəki çirkabla vuruş­sam da, tam müvəffəq olmayacağam, buna mənim insani təbiətim imkan verməyəcək!” – deyir.
Özüyləbarışan yenə də naşılığa tapınır. O, unudur ki, insan öz təbiətinin məhdudluğuna yox, Amalın böyüklüyünə əsaslanmalıdır.
İnsan təbiəti özünə yox, Amala bərabər olmalıdır; o, özün­dən yüksəyə qalxmalıdır, özü üzərində ucalmalıdır, ruhani­ləşməli, mütləqləşməli, öz mahiyyətinə çatmalıdır.
İndiyə qədər insan heç vaxt özünə bərabər olmayıb, nisbi insanilik səviyyəsində yaşayıb.
İndən sonra o, belə yaşaya bilməz. O, ya mütləqləşməli, ya da məhv olmalıdır. Nisbi məziyyətlərlə, nisbi ruhaniliklə, nisbi kamilliklə bəşər bundan sonra yaşaya bilməz, çünki qarşıya çıxan təhlükələr, maneələr Mütləq Qeyrət tələb edir.
İndiyə qədər insan həyat səviyyəsində yaşaya bilirdi. İndi o, Həyat səviyyəsində yaşaya bilməz, labüd şəkildə Ali Həyat səviyyəsinə yüksəlməlidir. İnsan təbiəti Ali Həyatın tələbini ödəyə bilərmi, bu tələb onu sarsıtmazmı?
Bəşərin başqa yolu yoxdur.
Başqa yollar sınanıldı, bəşər öz taleyini özündən xaricdə­kinin iradəsinə tapşırdı, ancaq həyat dəyişmədi. İnsan taleyini öz əlinə almalı, özünü dəyişdirməli, həyatın əsl sahibi etməli, yeni həyat yaratmalıdır.
Həyatla döyüş özüylədöyüşlə əvəz olunmalıdır.
Bəşərin məhvinə inanmırıq. Mütləq mahiyyət özünün Mütləq təzahürünü tapmalıdır. Ali Həyat həyatı əvəz etməlidir.
Özüyləbarışan öz gücsüzlüyünü cəmiyyətin məntiqiylə pərdələməyə cəhd göstərir. Cəmiyyət insanı özüylədöyüş ülviy­yə­tindən azad edir. O, insana deyir ki, səni mən yarat­mışam, böyütmüşəm, aqibətini, gələcəyini, bəxtiyarlığını mən təyin etmişəm. Bu səbəbdən də məndən kənarda sənin xüsusi sərbəst mənəvi fəaliyyətinə ehtiyac yoxdur. Mənim taleyim sənin taleyindir, bundan qaça bilməzsən.
Cəmiyyət həm də insana deyir ki, sən müstəqil varlıq deyilsən, müəyyən sinifin hissəsisən və öz mövcudluğunda onun əxlaqi, ruhani, əməli təsəvvürlərini təsdiq edirsən. Sənin həmin təsəvvürlərdən ayrı düşünməyin, duymağın, fəaliyyət göstərməyin günahdır.
Sənin yalnız bir mübarizən var – sinfi mənafe uğrunda döyüş!
Cəmiyyət insanı sinfilik çərçivəsinə salır və həyata həmin çərçivədən baxmağı tələb edir.
Cəmiyyət nəinki insanı özüylədöyüşə çağırmır, o, insanı özüylə tək qalmağa belə qoymur, onu öz əlində möhkəm saxlayır.
Özüyləbarışan – xurafatın məntiqindən də bəhrələnməyə cəhd göstərir. Xurafat deyir ki, insanın aqibəti yeri-göyü yaradan Allahın əlindədir, daxili dünya həmin qüdrətin iradəsinə tabedir, insan öz taleyinə sahib ola bilməz, bu səbəbdən də özüylədöyüşə lüzum yoxdur. Özüylədöyüş mənasızdır, çünki Allah tərəfindən yaradılanı bəndə dəyişdirə bilməz! Sənin – insanın necə yaşayacağını, səndən yaxşı və səndən artıq bilən var.
O, Allahdır.
Özüyləbarışan daha bir yalana pənah gətirir.
İnsan həyatında insandan, onun taleyindən, aqibətindən başqa heç nə yoxdur. Mütləq mahiyyət insandan kənarda deyil, onun özündədir. Həmin müstəqil insani mahiyyət – insan daxili aləmində tam qələbə çalanda, onu şərdən, eybəcərlikdən, hərcayilikdən təmizləyəndə Ali Həyat yaranacaq, insan özünə çatacaqdır. Buna görə də insan özüylə barışmamalı, özüylə kifayətlən­məməli, özüylə daim döyüşməli, həyatın, gerçəkli­yin, cismani­liyin, cəmiyyətin, xurafatın məntiqini rədd etməli, Ali Həyatın məntiqi əsasında yaşamalıdır.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir