İnsan cismani olduğundan özünümühafizəyə arxalanır.
İnsan ruhani olduğundan özündənkeçməyə yüksəlir.
İnsan nisbi kamilliyə malik olduğundan özünümühafizəyə arxalanır.
İnsan Mütləq kamillik təzahürü olduğundan özündənkeçməyə yüksəlir.
İnsan nisbi Xeyirliyə malik olduğundan özünümühafizəyə arxalanır.
İnsan Mütləq Xeyirin təzahürü olduğundan özündənkeçməyə yüksəlir.
İnsan nisbi gözəlliyə malik olduğundan özünümühafizəyə arxalanır.
İnsan Mütləq gözəllik təzahürü olduğundan özündənkeçməyə yüksəlir.
İnsan ölümlü olduğundan özünümühafizəyə arxalanır.
İnsan əbədi mahiyyətə malik olduğundan özündənkeçməyə yüksəlir.
İnsan keçici olduğundan özünümühafizəyə arxalanır.
İnsan sonsuzluq mahiyyətinə malik olduğundan özündənkeçməyə yüksəlir.
Cismani özünümühafizəyə meyil edir, çünki ölümdən qorxur.
Ruhani özünümühafizədən imtina edir, çünki ölümdən güclüdür.
Nisbi kamillik özünümühafizəyə meyil edir, çünki ölümlüdür.
Mütləq kamillik özünümühafizədən imtina edir, çünki ölümsüzdür.
Nisbi Xeyir özünümühafizəyə meyil edir, çünki ölümlüdür.
Mütləq Xeyir özünümühafizədən imtina edir, çünki ölümdən qüdrətlidir.
Nisbi Gözəllik özünümühafizəyə meyil edir, çünki ölümə məhkumdur.
Mütləq Gözəllik özünümühafizədən imtina edir, çünki ölüm tanımır.
Keçici özünümühafizəyə meyil edir, çünki ölməzliyinə inanmır.
Sonsuz özünümühafizədən imtina edir, çünki ölməzliyinə inanır.
Ölümlü ölümdən qorxduğundan özünümühafizəyə meyil edir.
Ölümsüz ölümdən qorxmadığından özünümühafizəyə ehtiyac hiss etmir.
Özünümühafizədə insan özünə bərabər olmur, özündən aşağı olur, özündənkeçmədə – özünə çatır.
Çünki özünümühafizəyə tapınan – cismaniliklə, keçiciliklə, ölümlüklə məhdudlaşır.
Özündənkeçən – ruhani, sonsuz, əbədi mahiyyəti təsdiq edir.
Özünümühafizədə insan “mən cismaniyəm, ona görə də özümü ölümdən qorumalıyam!” – deyir.
Özündənkeçmədə insan “mən ruhaniyəm, bu səbəbdən də özümdənkeçməyim – əsl mövcudluğumdur!” – deyir.
Özünümühafizədə insan əlamətlə, təzahürlə eyniləşir.
“Mən bədənəm, bədənin ölümü – heçə çevrilməyimdir, buna görə də bədənimi ölümdən qorumalıyam” – deyir.
Özündənkeçmədə insan öz mahiyyətinə bərabər olur, “Mən ruham, bədənimin ölümü mənim ölümüm deyil, ruhanilik ölmür” – deyir.
Özünümühafizə insanın öz kiçik “mən”inə pərçimlənməsi, onunla kifayətlənməsi, öz böyük “Mən”inə yad olmasıdır.
İnsanın mahiyyəti təzahüründən böyükdür.
Özünümühafizə insanı təzahürlə eyniləşdirir, özünümühafizədə insan özünü tapmır, təsdiq etmir, çünki insanın özünü tapması, təsdiq etməsi – özündən kənara çıxmaq, özündən yüksəyə qalxmaq qüdrəti tələb edir.
Özünümühafizə insanı bu əzəli və müqəddəs məqsəddən məhrum edir.
Özündənkeçmədə insan özündən böyüyə, Aliyə, yüksəyə qovuşmaqla öz mahiyyətinə çatır.
Özündənkeçən Aşiqlik aqibətində özünə çatır. Eşq yolunda özündən keçməklə, öz kiçik “mən”indən kənara çıxmaqla, yüksəyə qalxmaqla öz ruhani mahiyyətini təsdiq edir. Sonsuz əzaba düçar olur, adi insani mövcudluğundan imtina edir, ancaq bir insan kimi kiçilmir – böyüyür, azalmır – artır, özünü özündən böyükdə təsdiq edir, həyatdan əl çəkirsə də, əslində həyata daha çox yaxınlaşır, çünki Ali Həyatda yaşayır.
Fədakar Amal yolunda canından keçməklə özünə, öz ali mahiyyətinə çatır, özünü özündən böyükdə təsdiq edir. Vətənsevər – özünü vətəndə, həqiqətsevər – özünü həqiqətdə, mütləqsevər – Mütləqdə, azadlıqsevər – Azadlıqda, xeyirsevər – xeyirdə tapır.
Özündənkeçmə – özünütəsdiqin Mütləq ifadəsidir.
Ancaq həyatda özündənkeçmə ilə özünümühafizə daim döyüşür və bu döyüşdə özündənkeçmə tam qələbə çala bilmir. Həyat özündənkeçmə ülviyyətini rədd etmir, ancaq özünü mühafizəyə üstünlük verir. Həyat deyir ki, özünümühafizə olmayan yerdə heç nə yoxdur, cismani məhv olanda hər şey məhv olur. Həyat unudur ki, özünümühafizə mövcudluğun ən ibtidai biçimidir, o, zəruridir, labüddür, ancaq həyatın əsl mənası – Ali Həyatdır, Ali Həyat isə – özündənkeçmə tələb edir.
Özünümühafizə olmayan yerdə həyat yoxdur, ancaq özündənkeçmə olmayan yerdə – Ali Həyat yoxdur. Ali Həyat naminə özünümühafizədən keçmək lazımdır. Təbiidir ki, həyat bununla razılaşmır və bu səbəbdən də həyatda özündənkeçmə nadir xüsusiyyət kimi meydana çıxır.
Özündənkeçmə həyatdan keçməyə bərabər olur. Ali Həyata yetmək üçün həyatdan keçmək tələb olunur. Əcaiblik, paradoks yaranır. Özündənkeçən – ölümü qəbul edir. Hamı ölümü qəbul etsə, həyat məhv olar. Bu səbəbdən də həyat özündənkeçmənin Mütləq olmasına yol vermir.
Ancaq özündənkeçən – həyatın məntiqini qəbul etmir, paradoksu, əcayibliyi nəzərə almır, onun üzərindən adlayıb keçir. Həyat məhv olmur, çünki özündənkeçmə həyatda heç vaxt mütləqləşmir, özünümühafizə özündənkeçmənin qarşısında güclü maneə olaraq həmişə qalır.
Həyatda özündənkeçənlərin sayı həmişə özünümühafizə edənlərin sayından az olur. Özündənkeçənlərin məntiqi həyatın məntiqinə uyğun gəlmir.
Həyatla qəhrəmanlar, aşiqlər, amallılar arasında yadlıq yaranır.
Özündənkeçən – həyatdan keçir. Həyatdan keçmək onun sevincindən, nəşəsindən, varidatından, şöhrətindən, möhtəşəmliyindən, hakimliyindən, zənginliyindən, nemətlərindən keçmək deməkdir.
Özündənkeçənlər həyatda yaşasalar da, həyatla yaşamırlar, Eşqlə yaşayırlar, Amalla yaşayırlar, İdealla yaşayırlar.
İnsan Vətən naminə canından keçəndə həyat naminə canından keçmir, çünki onun üçün Vətən həyatdan artıqdır – o, Amaldır, İdealdır, Eşqdir, Ali Həyatdır.
İnsan Bəşər naminə canından keçəndə həyat naminə canından keçmir, çünki Bəşər onun üçün həyatdan artıqdır – o, Eşqdir, Amaldır, İdealdır. Özündənkeçən üçün Bəşər – insanların cəmindən böyük, artıq, yüksək olan Ali Mahiyyətdir.
Özündənkeçən həyata bağlanmır, Amala bağlanır.
Azadlıq naminə canından keçən həyat naminə canından keçmir, çünki Azadlıq onun üçün həyatdan artıqdır, o, Eşqdir, Amaldır, İdealdır, Ali Həyatdır.
Sevən sevgilisi üçün canından keçəndə həyat naminə canından keçmir, çünki onun üçün sevgili – həyatdan artıqdır – o, Eşqdir, Amaldır, İdealdır, Ali Həyatdır.
Valideyn Övladı üçün canından keçəndə həyat naminə canından keçmir, çünki onun üçün Övlad həyatdan artıqdır – o, Eşqdir, Amaldır, İdealdır, Ali Həyatdır.
İnsan Qeyrəti üçün canından keçəndə həyat naminə canından keçmir, çünki onun üçün Qeyrət həyatdan artıqdır, o, Amaldır, Eşqdir, İdealdır, Ali Həyatdır.
Özünümühafizəylə özündənkeçmənin döyüşü – həyatla Ali Həyatın münaqişəsini ifadə edir. Həyat özünümühafizə vasitəsiylə özünü, öz keyfiyyətlərini, xassələrini müdafiə edir. “Mən əhəmiyyətliyəm, böyüyəm, yüksəyəm” – deyir. Ali Həyat həyatın naqisliyini, natamlığını, qeyri-kamilliyini sübut edir, “Sənin əsl mövcudluğun mənəm, sən özünü məndə tapmalısan, tapacaqsan!” – deyir.




