Xəbərlər

Qutsal ”Şərqilik” Bayramı

Ocaq Günsırası ilə 12 Ata Ayı, 43-cü ildə (sentyabr 2021) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Şərqilik” Bayramını gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ocaqda ölənlərimizi Bayram tədbirində özümüzlə sanaq, onların adına ayağa duraq: Sabahlı, Bağban, Amaltay bizimlədir, həmişəlik.

Bizim bu gün həyata keçirdiyimiz bayramın özəl bir mənası var. O məna haqqında zaman-zaman çox söz demişik, bu gün də deyək.

 İllərdir, bayramlar, mərasimlər keçiririk. Bu bayramlarda, mərasimlərdə illərdir söz deyirik. Düşünülə bilər, hər dəfə eyni məsələlərlə bağlı deyilən söz bitməzmi, tükənməzmi?! Düşünürəm, bitməz. Biz istər bayramın, istər mərasimin məzmununu ağlımıza tam oturtmalı, onunla yaşamalıyıq. Biri var, bayram, mərasim haqqında bilgi əldə etmək, biri də var onu yaşamaq. Onunla yaşayanın sözü olar. Hər dəfə özünü ifadə edər, yaşadığını dilə gətirər. Hər dəfə ifadə elədikcə, onun ağlında o tədbirin məzmunu dərinləşər. Ona görə biz daim bu tədbirlərin mənasını öz ağlımızda, düşüncəmizdə dərinləşdirməklə uğraşırıq. Həm də bunu toplumumuza sunuruq. Hər bir tədbirin məzmunu insanlaşma anlamı daşıyır. Hər bir tədbir xalq olmaq, bəşər olmaq anlamı daşıyır. Hər birimiz, Ocaqçı olaraq, bəşər olmaq haqqında düşünürük. Çünkü bizim bəşər olmaq yönümüzdən asılı olan çox şeylər var. Biz bəşər olsaq, onda bizim düşüncələrimiz, baxışlarımız, sunduğumuz hər bir şey özümüzdən qat-qat uzaqlara, dərinliklərə işləyə bilər. Bu bizdə qutsal bir tələbdir. Bu tələbi yaşamalı, yaşatmalıyıq.

İndi Doğu məsələsi ilə bağlı bir neçə söz deyim, bəzi xatırlatmalar edim. Dünyanın indiki gedişini hər kəs izləyir. Mən bir az da yaxından izləyirəm. Dünyanın indiki gedişində heç bir məzmun, məna yoxdur. Dünyanın indiki gedişində insanın ürəyini açacaq, insana yön verəcək nəsnə yoxdur. Çəkişmələr, dartışmalar, dövlət səviyyəsində qırğınlar yaratmaq, dağıntılar haqqında düşünmək, bir-birinə qənim kəsilməyin yollarını düşünmək gedişi var. Bütünlüklə iyrənc bir gedişdir. O qədər iyrəncdir, bu iyrəncliyi anlamaq, dərk etmək üçün gərək insanlığın məzmunu ilə tanış olasan. Bəşəriliyin anlamı ilə tanışlığın, bilgin olsun ki, görə biləsən, dünyanın indiki gedişi nə qədər eybəcərdir. Ancaq bu çox hallarda eybəcər görünmür. Hər şey adiləşdiyi kimi, dünyanın bu nizamsızlığı da adiləşir. Bir də görürsən, xalqın içində hansısa sarsaq gələnəklər yaradırlar. Bu gələnəkləri yaşayırlar, o qədər genişləndirirlər, adi görünür. Deyirlər, sorun yoxdur, bəşər indi də belə yaşayır. Bəzən də buna tərəqqi kimi baxırlar. İnsan yerində saymır, indi də belə istəyir… İnsanın hər anlamda özündən ayrılması, daim aşağı enməsi, daim alçaqlıqlara yuvarlanması insanın ağlında, şüurunda, gedişində tərqəqqi kimi düşünülür, adi qarşılanır. Biz bunu nə üçün həyəcanla qarşılayırıq, çünkü biz insanlığın məzmunu ilə uğraşırıq. Biz dünyanın indiki gedişinin eybəcərliyinə özümüzün dünyabaxışımızın, ölçüsü, tələbi ilə yanaşırıq. Görürük, hər şey heyvana doğrudur,  insana doğru deyil. Dünyanın indiki gedişi ona görə doğal görünür ki, dünya siyasətdən başqa bir şey deyil. Hər şey siyasətdir, siyasidir. Mənəvi olan, insani olan arxa plana keçir. Mənəvi olan insanlara romantik bir nəsnə etkisi göstərir. Sanki insanlıq deyilən bir şey kitablara yazılmalı imiş, şerə, ədəbiyyata yazılmalı imiş. Belə bir yanaşma var, dəhşətli dərəcədə bayağı bir yanaşma. Ona görə insanlara dünyanın indiki gedişi, nizamı doğal görünür: belə də olmalıdır, dünya belə qurulub, Quruluş belə tələb edir, sivilizasiya bu cür yönləndirilib. Belə bir heyvərəlik mövcuddur, bu da insanlarda ümüdsüzlük, bədbinlik yaradır. Eyni halda, kütləvi şəkildə tərbiyəsizlik yaradır. Hamınız bilirsiniz, təkcə tərbiyəsizlik yaratmaq məsələsi deyil, mədəniyyətlərin sürətlə çöküşü baş verir. Mədəniyyətlərin çöküşü baş verdikcə, mədəniyyəti yaradan, mədəniyyətin arxasında duran insanların dəyəri, qiyməti azalır. Ona görə insanların ölümü də heç kimi ağrıtmır. Kütləvi şəkildə qırğın var, kütləvi şəkildə xəstəliklər var. Ancaq bu heç kimi dərindən ağrıtmır, çünkü hamıya adi gəlir, adi görünür. Nə vaxta kimi bu gediş qorxu yaratmayacaq, onda Asif Atanın nə dediyinin, nə istədiyinin fərqinə vara bilməyəcəklər. Biz də bu tədbirləri keçiririk, biz də bu söhbətləri edirik, bu söhbətləri qırağa çıxarırıq, görüşlər keçiririk, hər kəslə ünsiyyətə giririk. Ona görə ki, insanların içində ağrını, rahatsızlığı oyada bilək,  baxışları Asif Ataya yönəldə bilək. Asif Ata nə istəyir, onu  bilsinlər. Ona görə bizim tədbirlərimizin böyük önəmi var. Bu tədbirimizin adı  bayram olsa da, özəllikcə də pandemiya dövrü başlayandan, biz bu tədbiri daha çox mərasim səviyyəsində gerçəkləşdiririk. Uzun illər də belə olacaq. Biz bayramın bədii hissəsini də edə bilərik, bunu da işləyərik. Harda imkan düşsə təbiət qoynunda edərik. Ancaq bayramların mərasim yanı daim qalacaq. Çünkü bu elə-belə kef bayramı deyil. Düşüncə bayramıdır. Bu əyləncə bayramı deyil. Bu öyrətmək, öyrənmək bayramıdır. Bu yaşamaq, yaşatmaq bayramıdır. Burda böyük ölçüdən söhbət gedir, böyük tələblər dilə gətirilir, ortalığa gətirilir…  Doğu məsələsi ilə bağlı söhbətimi bir qədər də genişləndirim, sonra sözü sizə verəcəm. Biz Doğu (yəni Şərq) deyəndə, heç nəyi çağdaş dünyanın oturuşmuş baxışına hesablamırıq. Şərq deyəndə biz bu günkü Türkiyə, Azərbaycan, Hindistan, Ərəbistan demirik. Şərq deyəndə biz dünyanın mənəvi nizamını oluşduran, dünyaya mənəvi gözəlliklər yaradıb verən, yenə də yaranmaq olanağı olan dəyərlərdən, həqiqətlərdən söhbət açırıq. Doğu deyəndə bir-birinin canına, qanına susamış Ərəbləri gözdə tutmuruq. Ya da bir-birinin yerini dar edən Pakistanla Hindistanı gözdə tutmuruq. Nə də, bu  gün ələbaxan, parçalanmış durumda olan Azərbaycanı gözdə tutmuruq. Bu gün biz deyənlər yoxdur, nə görürüksə, siyasi olanı, siyasəti görürük. Bu gün, nə yazıqlar, mənəvi, ruhani heç nə görmürük. Biz bu gün gözümüzə girən siyasi dünyadan, siyasi Doğudan söhbət açmırıq. Biz mənəvi-ruhani Doğudan söhbət açırıq, onun potensiyası var, yaradıcılıq olanaqları var. Qədimdə yarananlar gəlişməlidir, yenidənoluşmalıdır. Klassik dəyərlərin məzmununu insanlığın yaşamına qaytarmaq gərəkdir. Bəzən biz Doğu-Batı söhbəti edəndə, elə bilirlər, işimiz onları qarşı-qarşıya qoymaqdır. Bizim Doğu-Batı ayrılığı yaratmaq deyə bir istəyimiz yoxdur. Hər ikisi bu saat bir gündədir, biri dağıdır, biri dağıdılır. İkisi də məhvə sürüklənir, ikisi də  məhv olmaq durumundadır. Biz buna görə deyirik, siyasi Doğunu, ya da siyasi Batını gözdə tutub söz demirik, biz olmalıdan danışırıq. Biz nə olmalıdır, necə olmalıdır, istəklərimizi dilə gətiririk. Necə olmalıdır məsələsində də bilirik, Doğu qədimdir, xalqları qədim xalqlardır. Qədimdən üzü bu yana böyük dəyərlər yaratmış xalqlardır. Batıda bir sıra ölkələr elə bir dövrdə, elə bir dönəmdə ortalığa çıxdılar, gəlişdilər, ancaq dəyərlər sanki yoxa çıxmışdı.  Orta çağlardan üzü bu yana daha çox Quruluşun yönü siyasiləşməyə başladı. Özü də elə bir şəkildə ki, insanın insanlığa qarşı durmağının bundan o yanası olmayıb. Biz hesab edirik, bundan sonra Asif Atanın yaratdığı Mütləqə İnam dünyabaxışı elə Doğusal bir dəyərdir. Söz yox, həm də bəşəri bir dəyərdir. Biz də bu dəyəri bir xalq üçün araşdırıb öyrənmirik, bir xalqa da sunmuruq. Biz bütövlükdə insanlığa sunuruq. Deyirik, Mütləqə İnam klassik Doğu dəyərləri üzərində gəlişmiş, sintez olunmuş bir ölçüdür. Mən klassik Batı dəyərləri demirəm, çünkü olmayıb. Ancaq Batıda olan ayrı-ayrı üstün  cəhətləri də gözardı eləmirik, eləmək düşüncəmiz də yoxdur. Bundan sonra da gəlişməsini istəyirik. Bu açıdan, Doğu deyəndə üzümüzü insanlığa tutub deyirik: biz sizə Asif Ata Doğusunu sunuruq. Biz sizə Doğu Asif Atalığını sunuruq. Biz sizə Bəşər Mütləqə İnamını sunuruq. Çıxış yolunu, insanlığın qurtuluşunu biz bunda görürük. Qədimdə Doğuda hansı dəyərlər olub, zaman-zaman bunu demişik, deyirik. Heç birinə arxa çevirmirik, gözardı eləmirik. Nə sufilik hərəkatını, nə hind ruhaniyyatının gözəlliklərini, nə Çinin qədim axtarışlarını, nə də Azərbaycanın klassik dəyərlərini gözardı eləmirik. Eyni halda, bu klassik dəyərləri də bayraq kimi başımızın üstündə tutmaqdan uzağıq. Bunlar azdır, bunlar oldu, yaşandı. İndi yeniləri gərəkdir. Klassik dəyərlərə dayanaraq, klassik dəyərlərin üzərində gəlişərək yeni dəyərlər yaranmalıdır. Hara çəkirsən çək, nə edirsən et, dünya bu həqiqətə gələcək. Dünyanın ayrı yolu yoxdur. Baxın, bu dediklərimizi biz, Ocaq olaraq, həm yaşayırıq, həm də yaşadırıq. Bizdən qıraqda olan insanlar danışanda yaxşı şeylərdən danışmağa çalışsalar, gözlərinin qarşısında Asif Atanı görərlər, onun Mütləqə İnam Ocağını görərlər. Ondan daha üstün, daha keyfiyyətli, daha dəyərli bir şey görə bilməzlər. Ona görə kim nə vaxt ağzını açıb insanlıqdan danışacaqsa, onun gözü Asif Ataya dikiləcək. Onun qulağı Asif Atada olacaq. Çünkü ayrı bir gəlişmə də yoxdur. Min illiyin o tayında olan dəyərləri o yana-bu yana çəkməklə irəliləyə bilməzsən. Onlardan daha kamil, daha yüksək  bir dəyər yaranıb, ortaya gəlib. O Mütləqə İnam dünyabaxışıdır. Bunu dünyanın bütün qabaqcıl insanlarının qulağına çatdırmalıyıq – yazılarımızla, çıxışlarımızla, tədbirlərimizlə. Qoy ağzını əyən əysin, özü bilər. Ancaq dünyanın qabaqcıl insanları düşünəcək. Dünyanın yıxıldığı bir vaxtda, dünyanın mənəvi gücünün ortadan qalxdığı bir vaxtda Asif Ata nədir, nə deməkdir, onun yaratdığı Mütləqə İnam  nə deməkdir, onun  dəyərini düşünmək zorunda qalacaqlar. İstəməzdim zorda qalsınlar, ancaq bu zordan yan keçə bilməyəcəklər.

Bizim bu günkü tədbirimizin məzmunu belə bir dərin anlama bağlıdır. Mən sözümü bitirirəm, sizi dinləmək istəyirəm. Sözümü Ataya səcdə ilə başa çatdırıram.

Yükümüzdən böyük fərəhimiz yoxdur!

Atamız Var olsun!

Atamızın bayrağını öpürəm.

Günev Atalı (Ataya səcdə edir – G.A.): Keçən dəfə Soylu qardaşımın sözündən sonra mən də düşünmüşəm. Doğrudur, mərasimlərimizin, bayramlarımızın zəngin olması üçün düşüncələrimiz də zənginləşməlidir. Əlbəttə, deyilən bu sözlər, düşüncələr təkcə özümüz üçün deyil. Bizi dinləyirlər, izləyirlər. Ona görə dediyimiz sözlər, çıxışlar kimlərinsə yaxasından tutub silkələyən, onu özünə gətirən biçimdə olmalıdır.

Düşüncələrimi qeyd eləmişəm. Sizə oxumaq istəyirəm:

Şərqin bu gün hansı günə qalması hər kəsə aydındır. Hegemon güclərin Şərq dünyasına öz çıxarlarını ödəmək yönündən yanaşmasının, onu hansı fəlakətlərə sürükləməsini dünya biganəliklə seyr etməkdədir. Dəfələrlə vurğulamışıq, dünyanı Doğuya, Batıya bölən siyasi qüvvələr Doğu müdrikliyinin, Doğu peyğəmbərliyinin, bütövlükdə Doğu ruhaniyyatının üstündən xətt çəkirlər. Ağalıq niyyətlərinə əngəl olaraq görürlər. Ona görə Doğuya ögey münasibət yaratmaq istəklərini ortaya qoymuşlar. Bu ögey münasibətin arxasında həm də bəşəriyyəti küt, avam, ələbaxan saxlamaq niyyəti dayanır. Bu da ağalığın qorunmasına qulluq edən düşüncədən başqa bir şey deyil. Doğunun özündən ayrılmasının bir çox səbəbləri vardır. Onlardan biri kimi İslam dinini vurğulamaq olar. Ata deyirdi, “İslam Şərqin qəddini əyməsəydi, qərbçilik onun belini qıra bilməzdi”. Mütiləşən, bəndələşən özünə sahib ola bilməz. Onun özgə yedəyinə qoşulmaqdan başqa yolu olmaz. Özəllikcə, türkçülüyün geriləməsi də bu səbəblərdən biridir. Türk yad baxışlardan arınmasa, öz milli kimliyinə Mütləqə İnam əsasında qayıtmasa, Doğunun taleyində əsaslı dönüş yaranmasına inanmırıq. Çünkü başqa Doğu xalqlarının belə bir məsələni öz yoluna qoymaq gücü yoxdur. Burda heç bir xalqa ögey münasibət sərgiləmirik. Farsların, çinlilərin, hindlilərin tarixdə bəşər mədəniyyətinə verdiklərini də dilə gətiririk. Doğusl sufizm fəlsəfəsi də belə örnəklərdəndir. Doğusal muğam sənəti dünyaca zəngin mədəniyyət fəlsəfəsidir. Onun fəlsəfi mahiyyətini Asif Ata açmış, çeviriyə gərəyi olmayan səs fəlsəfəsinin əsil mahiyyətini göstərmişdir.

Mən türkçülüyün Doğu mədəniyyətində rolunu nə üçün vurğuladım?! Muğam sənəti geneldoğu olayı olsa da, onu zirvəyə türk qaldırmışdır. Sufizm geneldoğu olayı olsa da, ən yüksək zirvəyə türklərin, Rumilərin, Fizulilərin, Şəmslərin sayəsində yüksəlmişdir. Peyğəmbərliyin abesini Zərdüştün timsalında vermişdir. Ağsallıq yaşam yönünü Qorqudun timsalında, qəhrəmanlıq zirvəsini Babəkin timsalında, hürufizmi – tarixin üzağlığını Nəsimi, Nəimi timsalında, aşiqliyin ilahi səviyyəsini Fizuli timsalında, müdriklik sənətini muğamda vermişdir. Mütləqə İnam sevdasını sazda yaradan Azərbaycan türkün də, Doğunun da ruhaniyyat mərkəzi olmuşdur. Bu missiyasını daha parlaq, daha dolğun, daha kamil zirvəyə qaldırmaqla, dünyanın ruhaniyyat mərkəzinə çevrilməsini sağlayacaqdır.

Ruhaniyyat deyəndə – insanın təbiətdən gələn heyvani qüsurlarından qurtulması,  özünü tanıma, özündəki, şəri özüylə döyüş yolu ilə inkar etmək, özünü təsdiq etmək, iradə göstərmək nəzərdə tutulur.

Deyirik, dünya əyilir. Nədir səbəb?! Biz insanın əyilməsinin bəlkə də son akkordlarını görürük. Düşünürük, bundan da betər olaylar baş verə bilərmi?!  Antiinsani olaylar istənilən saydadır. Ən dözülməzi də bəşərin seyrçi, biganə münasibətidir. Doğunun öz mədəniyyətinə soyuq münasibətini bəşərin belə aqibətinin nədəni kimi görürük. Rumilərin, Nəsimilərin, Fizulilərin, Tolstoyların, Şekspirlərin, Hötelərin, Dantelərin etkisi bu gün görünmür. Bu gün onlar yoxdur. Vaxtilə onların etkisi olub yaşamda. Məsələn, İsa Peyğəmbərin ideyasının Qərbi Avropanı bataqlıqdan çıxartdığını vurğulayırıq. Ancaq bu gün Doğunun heç bir etkisi olmadığını demək istəyirəm. Buna görə Batı öz yolunu tutub, Doğunu da arxasınca salıb gedir. Maddi tərəqqini özünə meyar seçdi, Doğunu arxasınca saldı. Tərəzi əyildi, çünkü insan əyildi. Yadlıqdan başqa yol bilmədi insan. İstər fərdi, istər xəlqi yöndə yadlaşma bəşər insanında daha qabarıq özünü göstərdi. Müharibələr ara vermir, fəlakətlər, sinələrə çəkilən dağlar, göz yaşları, səfalət son həddədir. Sabaha ümid sönməkdədir. Asif Atanın Mütləqə İnam Ocağı təkcə həyəcan təbili çalmır, qurtuluş yolunu göstərir. İnsan Asif Atanın Mütləqə İnam bayrağını başı üzərinə qaldırıb əbədi yola çıxır, qarşıya çıxan əngəllərə önəm vermir, onsuz yol yoxdur – deyir. Maneəsiz heç bir yol olmayıb, yoxdur. Maneələr döyüş əhvalını alovlandırır, əzmimiz, gücümüz dürüstlüyümüzə inamımızdan doğur. Səsimizi eşidən hər kəs özünü bu yolda sorumlu saymalı, ayağa qalxmalıdır. Dağılmaqda olan dünya hər kəsindir. Asif Atanın Ocağı ilə təmas yaratsın, özünü var saysın, adilikdən çıxsın, ömrünün yiyəsi olsun, onu sönməz işlərə yönəltsin, ölməzliyə yönəltsin. Belə insanların varlığına inamımız böyükdür. İlk olaraq Azərbaycandan, Türk dünyasından gözləyirik. Doğudan belə kəslərin meydana çıxmasına, ruhani mübarizə yolunu seçməsinə, insanlaşmaq- insanlaşdırmaq  bayrağını başı üzərinə qaldıracağına inanırıq. Belə kəslərdən bəşər xali deyil. İndidən o kəslərə uğurlar diləyirəm, uğurlarına inanıram. Onda Doğu Mütləqə İnam əsasında özümləşəcək, insanın insana səcdəli münasibəti yaranacaq. Heyrət, vəcd,  ehtizaz könülləri bəzəyəcək. Ey bizi dinləyən, sənin bu inamın o zaman baş verəcək ki, ağlın deyil, ruhun quruculuğunu düşünəsən.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur.

Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edir – G.A): Hamınızın Şərqilik bayramını qutlayıram. Hamınıza bu yolda uğurlar arzulayıram. Mən də bu haqda xeyli düşündüm. Doğu – Batı məsələsini düşündüm. Niyə bu gün Doğu acınacaqlı duruma düşüb, Batı isə siyasi aparıcı rolu oynayır?! Bəlli qənaətlərə gəldim. Məsəl var, iki nəfər gedər ustadının yanına musiqi alətində çalmağı öyrənsin. Ustad soruşur, heç öyrətmən yanına getmisinizmi? Biri deyir mən getməmişəm. O biri deyir, mən bir il getmişəm. Ustad bir il öyrətmən yanına gedənə deyir, sən çox pul verməlisən. Soruşur, niyə? Deyir, ona görə ki, öncə gərək sənin bildiklərini sənə unutduram.  Sonra yenisinə başlamaq gərəkdir. Bu Doğ-Batı məsələsinə də iki yöndən yanaşmışam. Biri tarixi olaylar açısından, biri də ideoloji baxışlar açısından. Tarixi olaylardan Doğunun belini qıran İldırım Bəyazidlə Topal Teymurun üzləşməsi, Sultan Səlimlə Şah İsmayılın üzləşməsi kimi qırğınlar olmasaydı, Doğu belə faciəvi bir duruma gəlib çıxmazdı. Ancaq mən tutuşdurdum, Batıda belə qırğınlar Doğudan da çox olub. Lap son çağları deyək. Hitler son yüzildə Avropanı bütöv dağıtmışdı. Bəs necə olur, Batının hər məsələdə olmasa da, bəlli məsələlərdə, özəllikcə texnoloji məsələlərdə üstünlükləri var. Deyək ki, bəzi ölkələrdə ümumi yalan, oğurluq, talançılıq olsa da, bizdəki qədər deyil. Bəs onlar buna necə nail olublar?! Mən bunların səbəbini ideoloji baxışlarda görürəm. Xristianlıqla İslamı tutuşduranda görürük, İsanı çarmıxa çəkdilər, insan üçün qorxulu bir durum oldu. Ancaq bu gün onu Batıda şivən salıb ağlamırlar. İsanın ideyasından bəhrələnirlər. Bizdə isə Məhərəmmlik deyə bir şey icad ediblər, yalançı şivən qoparırlar. Bu da insanlarımızı küt durumda saxlayır. Bu gün dinin Azərbaycanda qərar tutmasının səbəbini bir neçə məsələdə görürəm. Birincisi, fanatik səviyyədə olanlardır. Bunlar həqiqətən ağına-bozuna baxmadan, Əlinin qılıncının əlli metr olduğuna inanırlar. Bir qrup da var, intiutiv olaraq duyurlar, əməlləri, saqqalları, at oynatmaları, dindən özlərinin qazanc mənbəyi kimi istifadə etməkləri usandırıcıdır. Ancaq yanlışların nədə olduğunu təhlil etmək onların gücü dışındadır. Bu gün nəinki Azərbaycanda, Şərqdə, dünyada işıq saçan Ata Ocağı var. Bizim hamımıza bəllidir, Amalın, Ocağın dedikləri bu gün də, gələcək üçün də ən doğru bir baxışdır. Bu halı duyuruq, bunun üçün də öz mübarizəmizi qururuq.

Düşünürəm ki, Azərbaycanda yaşayanlar arasında heç bir ayrıseçkilik yoxdur. Mütləqə İnam da öz qədim köklərimizin üzərində oturuşa bilər. Ancaq Doğuya gələndə, burda həm tarixi ayrıseçkiliklərimiz var, həm də ideya birliklərimiz var. Qardaşlarımın sadaladıqları doğusal dəyərləri mən də düşünmüşəm. Onlar yenilənməsə silinə bilərlər.

Bayaq dediyim kimi, Ocaq həqiqi yolu təqdim edir, bu yolda  mübarizə aparır. Hərdən ağlıma gəlir, bu çox uzun çəkəcək. Elə hürufilik də müəyyən mənada uzun yol idi, yarıyolda qırdılar onu. Düşünürəm, nə vaxt bunu beyinlərə yeridə bilərik?! Bunun üçün, Atanın dediyi kimi, yüz nəfər Ocaqçı yetişməlidir. Buna lap fanatikcəsinə inananlar üzə çıxmalıdır. Hələ ki gəlirlər, tanış olub gedirlər, mənim kimi bir müddət aralı qalırlar. Ciddi düşünmək zamanıdır. Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edir – G.A): Öncə amaldaşlarımın bayramını qutlayıram. Bu gün Asif Ata İnamının bayramlarından birini keçiririk. Bu bayramlar fərqlidir. Bayaq Soylu bəy vurğuladı, sadəcə əyləncədən, yemək-içməkdən oluşmur. Burda həqiqətləri ortalığa gətiririk, düşüncələrimizi deyirik.

Qonularla bağlı bəzi düşüncələrimi demək istəyirəm: Bu gün Doğunun, hər məsələdə, Batıya meyilliliyi görünür. Hətta bizim milli adət-ənənələrimiz belə, avropasayağı olub. Batının maddi tərəqqisi insanı aldadır, maddiyyatın gətirdiyi kiçik sevinclər bizim gözümüzdə xoşbəxtlik kimi görünür. Atanın bir deyimi var: “Şərq özünün dünənini bu günündən, qədimliyini müasirliyindən, tarixini  indiki nailiyyətlərindən üstün sayanda özünə qayıdacaq”. Doğunun bu günkü müasirliyinə baxanda Qərb kimi görünür. Ancaq qədimliyinə baxanda görürük, qədim dəyərlər Doğunun əsil mahiyyətini anladır. Atanın dediyi kimi, “Azərbaycan da Şərq mahiyyətinin ifadəsidir”. Çünkü bu mahiyyəti ifadə edən dəyərlərin ən önəmliləri Azərbaycandan başlayır. Ən əsası, Peyğəmbərlik, insanı ucaldan Hürufilik Arbaycandan başlayır. Bu gün də daha yüksək səviyyədə İnam Atanın adı ilə yenilənir. Bu dəyərlərə söykənmək, bu dəyərlərlə qurulmaq, var olmaq Batının maddi tərəqqisindən,  “xoşbəxtliyindən” qat-qat yüksəkdə dayanır. Çünkü bu sadaladığım dəyərlər insanı ucaldan, Mənaya səsləyən dəyərlərdir. İnsanın azadlığı, xoşbəxtliyi elə buradan başlayır. Ocaq da ortaya qoyulan həqiqətlərlə, qədimdən gələn o dəyərləri bizə daha doğru anlatmaqla ucalmağa çağırır. Doğunun mahiyyətinə qovuşmaq deyəndə, elə öz dəyərlərimizə üz tutmaq, özgəçilik əsarətindən qurtulmaq, öz dəyərlərimiz üzərində qurulmaq gözdə tutulur. Bir daha bayramınız Qutlu olsun! Atamız Var olsun!

İlahə Ucaruh (Ataya səcdə edir – G.A.): Ürəyinizdə Ata Günəşi olsun. Çox sevinirəm, bayrama qatıldığıma görə. Yaxşı ki, varsınız. Şərqilik bayramı mənə daha yaxındır, onun mahiyyətini, anlamını daha yaxşı başa düşməyə başlamışam. Avropada yaşadıqca özümü Şərqli hiss etməyə başladım. Şərqin nə olduğunu başa düşməyə başladım. Gerçəkdən Şərqiliyimiz Asif Ata dediyi anlamda dəyərlidir. Mən müşahidə edirəm, Avropanın özü də Doğuya üz tutub, Doğudan öyrənməyə marağı artıb. Əslində həmişə marağı olub. İndiki çağda elə ruhani boşluq var, Şərq metodlarından istifadə edirlər. Meditasiya kursları yaradıblar. Gedib aylarla,  illərlə  orada qalırlar, susmaq orucu tuturlar. Mənim qızım da getmişdi, öyrəndi, məni də dəvət etdi. Mən də getdim. Asif Atanın dediklərini daha yaxşı anlamağa başladım. Gündən-günə anlayıram, Asif Ata zamanı o qədər qabaqlayıb, bəşəriyyətin ona çatmasına yüz illər gərəkdir. Mən öncələr Azərbaycanlıları qınayırdım, umurdum, küsürdüm. İndi düşünürəm, Asif Ata zamanı qabaqlayıb. Ata deyir, “Zamanla ayaqlaşmaq üçün insan gərək axsaq ola”. Mən özüm hər zaman Asif Atanın ideyalarını uşaqlarıma da öyrədirəm, söhbət edirəm. Atanın kitablarını oxuyuruq…

Atamız Var olsun!

Soylu Atalı: Var ol. Sənin xalqın üzərində apardığın müşahidələr yaxşı müşahidələrdir. Atanın sunduğu  dünyagörüşlə xalqın səviyyəsi, gələcəyi arasında bir bağlılığa toxunmağın uğurlu gəlişmədir. Sənin içində yaşadığın başqa xalqdır. Ancaq başqa xalqla da bu söhbətləri aparmaq olar. Bizim hədəfimiz təkcə Azərbaycanla işləmək deyil. Sən başqa ölkədə yaşasan da ölkənin dilini bilirsən, özünün də bacarığın var. Onlarla gözəl söhbətlər edə, Atanı təqdim edə bilərsən. Yəqin, arada edirsən. Harda imkan oldu, bu dünyagörüşün tələblərindən doğan prinsipləri hər yerdə demək olar. Arada sosial şəbəkələrdə qabağıma çıxır, paylaşımlar edirsən. Nə imkan varsa, etmək gərəkdir, insanların qulağı dolsun. Bu yaxınlarda Cəlilabada səfər etmişdim. (Onunla bağlı gərək bir bilgi yazaq. Atanın Ocağında nə baş verir, atdığı addımlar nədir, toplumun sorağı olsun deyə). Mən ora getdim. İnamlı qardaşımızın çevrəsində gənclər var, onlarla söhbət etdik. Ola bilər, o gənclərin içindən Ocağa Evlad da gətirək. Ocağa ruhən yaxın uşaqlardır. Bölgələrdən Ocağa adamlar gətirsək, bölgələrimizdə Ocaq Ailələri yaranar. Bu da xalqın içinin Ocaqlaşması deməkdir, bu prosesin sürətlənməsi deməkdir. Nə gərəkdirsə, nə bacarırıqsa, hamısını etməyə borcluyuq.

İlahə Ucaruh: İndiki tədbirimiz yazılırmı, bunun özü də bir işdir. Tədbirlər, görüşlər video şəklində yazılsa yaxşı olar. İnsanlar kitab oxumaqdan daha çox videoya baxmağa meyillidirlər.

Soylu Atalı: Bu tədbirlər səs şəklində yazılır, sözə çevrilir, saytlara da qoyulacaq, arxivdə də saxlanacaq. Canlı olmadığına görə video hazırlamaq olmur.

İndi bayram tədbirimizlə bağlı bir neçə sonlandırıcı söz deyim. Bundan sonrakı tədbirimiz “Ata Günü” tədbiridir. Yaxşı olar, canlı keçirək. Sonra da “İnam Evi” Günü gəlir. Amal bağında – İnam Evində keçirərik. Düşünürəm, bizim tədbirlərimiz iş görür. Bunu izləyirəm, görürəm, anlayıram. Tədbirlərimizin iş görməsi, başlıca olaraq, insanlarımızın üzərində iş görməsindən yaranır. Tədbirlərimiz insanlarımızın üzərində iş görür, insanlarımız da öz üzərində iş görür. Öz üzərində iş görmək nə deməkdir, hər bir fərdimiz Ocaq açısından düşünür, yaşayır, özü ilə uğraşır, tədbirə mənəvi-ruhani qatqı verir. Həm də tədbir bizi hazırlayır, böyüdür, yönləndirir. Bizi yönləndirdiyi dərəcədə topluma gərəyi yaranır. Çünkü hər bir Ocaqçının əməli, özünün çevrəsində dediyi sözü genel mənada topluma çatdırılan həqiqət sözüdür, həqiqət yönüdür. Buna görə tədbirlərimizin dəyərini yaxşı bilmək gərəkdir. Ocaq tədbirlər deməkdir. Tədbirsiz Ocaq yox kimidir. Ailə varsa Ocaq var, mərasim varsa Ocaq var, söz varsa Ocaq var. Öz üzərində çalışan, sözü yaranan, ömrü yaranan Ocaqçı varsa, Ocaq var. Çətinliklə yetmişik hər şeyə. İndiki dövrdə, indiki gedişdə Ocaq olmaq, Ocaq yaratmaq olduqca çətindir. Ancaq bu çətinliyin öhdəsindən gələ bilirik, bu çətinliyi yenə bilirik. Ona görə Ocaq var olur. Bu çətinliyi yenə-yenə Ocağı daha geniş qapsamda var etməyimiz gərəkdir. Bunun üçün xalqın fərdləri üzərində işləmək, Ocağa insanlar çağırmaq gərəkdir. Buna israrla çalışmaq gərəkdir. Ocağa Azərbaycan toplumunun içindən insanlar gəlməlidir. Biz bunu etməyə borcluyuq, bu ruhani mənada olduqca böyük irsi tələbdir. Biz yaşlaşdıqca Ocaq bizimlə bir yerdə yaşlanmalı deyil. Ocaq daima gəncləşməlidir, həm də insanlarımızın ömründə yenilənməlidir. Bu məsələni bir daha hər birinizə xatırlatdım. Bilək ki, bizim işimiz təkcə tədbir, söz demək məsələsi deyil, həm də Ocağa insan hazırlamaqdır.

İndi başqa sözünüz yoxdursa, bayram qurallarımızı yerinə yetirək.

“Şərqilik Bayramı Üstdə Mütləqlə Təmas” ı Nurtəkin Atalı deyir.

Soylu Atalı: Şərqləşin, Şərqləşdirin!

Hamı “Şərqə and olsun, Şərqiliyə qulluq edəcəyəm” deyir.

“ Ata Ruhunu Ürəyimizdə aparırıq!” , “Atamız Var olsun!” səcdəsilə Tədbir sona yetir.

 

Səsdən yazıya çevirdi: Göytəkin Atalı.

Xəzan Ayı, 43-cü il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir