Xəbərlər

Asif Ata. İnsan Sevinci

Səcdə sevinci. Sevda sevinci. Səma sevinci. Ümid sevinci. İşıq sevinci. İnam sevinci. Bəşər sevinci. Vətən sevinci. Ata sevinci. Övlad sevinci. İdrak sevinci. Vəcd sevinci. Ülvi səda sevinci. Ali saflıq sevinci. Xeyirxahlıq sevinci. Cəfakeşlik sevinci.
Qorxunun ölümü. Həsədin ölümü. Mənəvi zülmətin ölümü. Duyğuda vəhşinin ölümü. Ağılda nadanın ölümü. Dodaqda yalanın ölümü. Üzdə riyanın ölümü. Tamahın ölümü. Günahın ölümü.
Mütləqə qovuşma sevinci. Özüylə vuruşma sevinci. Günəş sevinci. Atəş sevinci. Dağ sevinci. Çay sevinci.
Gözlərin gözəllik sevinci. Sözlərin həqiqət sevinci. Üzlərin səadət sevinci. Qəlblərin sədaqət sevinci. Aşiqin Məcnunluq sevinci. İgidin təhlükə sevinci. Dahinin düşüncə sevinci. Alinin işgəncə sevinci. Qanadın ucalıq sevinci. Inadın maneə sevinci. Təravət sevinci. Doğmalıq sevinci. Şəhidlik sevinci. Həmdəm­lik sevinci. Təmənnasızlıq sevinci. Fədakarlıq sevinci. Xalis duyğular sevinci. Möhtəşəm arzular sevinci.
Niskilin könüldən getməsi. Həsrətin ömürdən getməsi.
Tərəddüd halından imtina. Köləlik halından imtina. Cəhalət torundan imtina. Xurafat yolundan imtina.
Ruhani kamillik sevinci. Amala sadiqlik sevinci. Vüqarı qorumaq sevinci. İlqarı qorumaq sevinci.
Torpağın sevinci. Yarpağın sevinci. Bulağın sevinci. Buda­ğın sevinci. Pərvanəlik sevinci. “Divanəlik” sevinci. Mərda­nəlik sevinci.
Təbiətə heyranlıq. Gözəlliyə heyranlıq. Əqidəyə vurğunluq. İdrak eşqi. Hünər eşqi. Müqəddəs kədər eşqi. İlk addım sevinci. Nurlu qədəh sevinci.
Sağalan yaralar. Oxunan yazılar. Bəstələnən nəğmələr. Əfsunlu sədalar. Heyrətli haraylar.
Peyğəmbər kəlamı. Sənətkar ilhamı.
Həyanlıq sevinci. Halallıq sevinci. Doğruçuluq sevinci! Yolçuluq sevinci! Yaz qədəmi! Şair qələmi! Aydınlıq sevinci! Qəhrəmanlıq sevinci!
Çeşid-çeşid sevinci var İnsanın! Həm də çeşid-çeşid kədəri!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir