Xəbərlər

Qutsal “Bəşərilik” Günündəki düşüncələr

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

Qutsal “Bəşərilik” Günündəki düşüncələr

Ocaq Günsırası ilə 12 Sərt Ayı, 40-cı ildə (dekabr, 2018) Asif Ata Ocağı qutsal “Bəşərilik” Gününü gerçəkləşdirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Günümüzün çox dərin, çox uca bir anlamı var. Biz bu gün Bəşərilik adına bir stol arxasında oturmuşuq. Bizim işimizin istəyi, tələbi, eləcə də, işimizin tələbindən başqa dünyanın varoluşunun tələbi bizi belə bir qutsal gündə söz deməyə yönəldir. Əslində dünyanın halı, uyumu nə qədər ensə də, nə qədər pozulsa da, İnsanlığın özünün yaşam ölçüləri, yaşam tələbləri var. Yaşam tələblərini necə yaşatmaq olar? Daha doğrusu, ölçüsünü. Onun yönünü bəlirləyirik, anlamını oluşdururuq. İnsanlarımızın yaşamağa gücü qalmayıb. Buna baxmayaraq, yalnız biz onun yaşamasını, gələcəkli olmasını sağlamaq istəyirik. Bunun üçün bu ideyanı yaşadırıq. Bəlkə də bu, qəribə görünə bilər. Bəzən biz 5 adam oturub söhbət aparırıq, böyük prinsiplərdən danışırıq, böyük ideyalardan danışırıq. Ola bilər, bizim bu danışığımız adamlara elə görünə bilər, bunlar yel dəyirmanıyla döyüşür. Dünyanın bir nöqtəsində oturmuş 2 cüt bir tək adam bəşəriyyətin varoluşunun qaydalarını düşünr. Ancaq bu qaydaları biz sadəcə düşünmürük, həm də yaşadırıq. Sual ortaya çıxar: bir stolun arxasında 3-5 adamın bu prinsipi söyləməsində, yaşamasında bəşəriyyətin yaşamı necə qurula bilər? İndi mən bunu özümə deyə bilmişəm. İdeya şox böyük qüdrətdir. Dünyanın gedişində, nizamında, əyilməsində dağıdanlar var, dağılanlar var. Dağıdanlar da, dağılanlar da bizi görmür. Başqa sözlə, bu gün bu ideyanı görmür. Ancaq bu ideya onları görür. Dünyanın dağılmasına qarşı bu ideya özündə böyük bir dirəniş halı yaşadır. Biz onu yaşadırıq.

Bəşəriyyətin siyasi təşkil olunması var, bir də ruhani təşkil olunması var. Bəşəriyyət, nə yazıqlar, zaman-zaman ruhani təşkilolunma tələbindən, istəyindən uzaqlaşdı. Yalnız siyasi təşkilolunmanın üzərində dayandı. Ona görə də bəşəriyyət dağılmağa meyil elədi. Siyasi təşkilolunma insanlığın varlığını, varoluşunu sağlaya bilmir. Siyasi təşkilolunmada insanın öz növündən olanları gözə, hesaba alması başa gəlmir. Çünkü burada insanların yalnız bu günə yönəlik düşüncələri işləyir. Bu günə bağlı varlığı sürülür. Axı insan olaraq, biz təkcə bu günlə bağlı deyilik. Məsələ burasındadır, hər kəs də bilir, dünya davam eləyir, soylar davam edir. Hər kəs bunu bilir, ancaq dərk eləmir. Dərk eləsəydi, ömrünü, yaşamını, bu günlə nizamlamazdı. Gələcəyi düşünərdi. İnsan təkcə özündən oluşmur (ibarət deyil). Özündən oluşmuş olsaydı, onda doğrudan da, dünya 5 günlükdür deməyə onun haqqı olardı. Axı sən özündən oluşmamısan. Sənin davamın var, gələcəyin var. Sənin soyun var, sənin ulusun var. Əgər dünya qalıcıdırsa (əbədidirsə), sən düşünməlisən, dünya qalıcıdırsa, mən də qalıcıyam. Bütün məsələ bundadı, niyə qalıcıyam, bunu insan düşünə bilmir. Ona görə bütün ömrünü, işini, gücünü yalnız bu günə bağlayır. Bu günə bağlayanda da bəşəriyyətin ruhani təşkilolunması prinsipi aradan gedir. Yalnız bu günə hesablanmış siyasi təşkilolunma… Necə eləyək birgəyaşayışı qoruyaq?! Birgəyaşayışı qorumaq üçün zora əl atırsan, zor isə zaman-zaman insanlığın axırına çıxır. Ancaq bəşəriyyətin varoluşunu ruhani nizam qoruyur. Onun ruhani təşkil olunması gərəkdir. Ruhani təşkil olunması niyə aradan getdi? Ona görə, ruhani təşkil olunmanın prinsiplərində yalanlar oldu. Yalanlar insanlığı təşkil edə bilmədi. Birgəyaşayışı qoruya bilmədi yalan.

Bu günlərdə Borçalıda ciddi söhbətlər apardım. Mən hər gün söhbət aparıram. Bayağı bir gediş görürük biz. Ciddi bir şey görmürük. Bütünlüklə milli-ruhani varlığın əsaslarıyla bağlı söhbətlər aparıram. Çox vaxt, suallardan başqa heç kim danışmır. Niyə danışmır? İnsanlar danışmağın nədən oluşduğunu bilmir. Nə demək olduğunu bilmir. Yalnız bu günə bağlanıb, bu günə köklənib hamı. Gələcəyə,  köklənməyib. Sabahı dərk eləmir. Axı sən bir millətsən. sənin birey olaraq varlığın səndə başa çatmır. Səndə başa çatmırsa, niyə sən yalnız özünü düşünürsən. sənin övladların var, sənin xalqın, soyun var. Sən bunlarla bütövsən. Birey olaraq bütövlüyün orda başa çatır. Bütün məsələ odur. Ona görə adamlar bivec olur, narkoman olur, alkoqola meyil edir, adamlar ki tüfeyli həyat yaşayır, bunların ömrü özləriylə başa çatır. Onun bütövlüyü yoxdur. Heç tənhalığı da yoxdur. Ancaq normal insanlar bir balaca, şüuraltı da olsa, çaba göstərirsə, şüurunun altında olana görə çaba göstərir. Ancaq dərk olunmuş şəkildə çaba göstərmək bəşəriyyətin var olmasının əsasını qoymaq deməkdir. Bəşəriyyət də millətdən oluşur. Sən özünü düşünmək üçün özündən qıraqdakını da düşünmək zorundasan. Qıraqdakının çevrəsi böyüyür, millət səviyyəsinə qalxır. Milləti düşünürsənsə, bəşəriyyəti düşünməlisən. Bəşəriyyətin gedişi, nizamı pozulursa, sənin millətin var ola bilmir. Azğın, pozğun bir gedişdə o dalğa sənin millətini də məhv edir. Bu gün bütün dünyada gedən proseslərin hamısı əslində milləti də tutur. Ona görə Ruhani təşkil olunmanın ölçüsünü yaşatmaq, vermək gərəkdir. Onu bərpa eləmək gərəkdir. İnsanlığın təşkil olunmasını bərpa eləmək gərəkdir. Yoxsa hara gedirik?! Bir insanın üzünüdə gələcəyə ümid yoxdur, sevinc yoxdur, sevgi yoxdur. Belə dünya olmaz. Bu dünyanın dəyişilməsi ideyayla bağlıdır. Biz o ideyanı yaşadırıq. Dünyanın bu ideyanı görüb-götürməsi gərəkdir. Azğınlıq, əyilmə artdıqca bu ideyanın işığı uzaqlardan görünür, görünəcəkdir.

Mən söhbətlər aparıram. Söhbət apardıqlarım bəşər nümayəndələridir. Bunların hamısının simasında, davranışında, varlığında, həyəcanında, qayğısında, rahatsızlığında, ümidsizliyində mən bəşəriyyətə gərək olan böyük ideyaların etkisini görürəm. Axtarır, istəyir. Ona vaxt ayıra bilmir, ona ömür qoya bilmir, əmək qoya bilmir. Ancaq istəyir.

Dünyanın nizamı üçün böyük ideyanı ölçü olaraq vermək üçün biz dünya kimi olmalı deyilik. Biz bir çox məsələlərdə dünyadakılar kimiyik, – yeməliyik, içməliyik, işləməliyik, ailəni qorumalıyıq. Ancaq bütün bunlardan başqa dünyadakıların sağ-sol yeriməsi kimi yeriməli deyilik. Dünyadakıların sınırlı düşünməsi kimi özünü düşünməli deyilik. Biz insanlığı düşünməliyik. Dünyadakılar insanlığı düşünməyi yadırğayıb. İnsanlığı düşünməyi öyrətmək gərəkdir. Bəzən bir adam min illərə bərabər bir ideyanı verə bilir. Bunu dərk eləmək gərəkdir. Bundan usanmamaq gərəkdir. Bəzən tədbirlərimizi qələbəlik səviyyəsində keçiririk, bəzən qələbəlik səviyyəsində keçirmirik. Bu hökm deyil, ona darılmaq gərək deyil. Bu gün mən burada otururam, məsələn, Günev ayrı yerdədir. Ya da mənə sayğı duyan filankəslər ayrı yerdədir. Bununla mənim bağlılığımı, yenidən bir araya gəliməyimi sağlayan da, yaşadan da bir stol başına toplaşıb bu ideyanı yaşatmaqdan keçir. Ona görə qürurla, fərəhlə addım atmaq gərək. İdeyanın gücünə inanmaq gərək. İdeyanı daim öyrənmək gərək. Gərək öyrənəsən ki, onun gücünə inanasan. Öyrənmədən onun gücünə inanmaq olmur. Mən Atanın ideyalarını hər gün işləyirəm. Hər gün yeni anlam əldə edirəm. Hər gün yeni anlam ortaya çıxarıram. Bu o demək deyil, elə mənim işim yeni nəsə tapmaqdır. Özül prinsipləri dərk etmək üçün, qorumaq üçün onun çevrəsində hər cür qoruyucu yaradıram. Hər cür yaşadıcı yaradıram. Biz doğru-düzgün bir biçim tapmamışıq. Ancaq bizim biçimlərimiz oxşar olsa da, düşüncəmiz, ideyamız yaşamalıdır. Yaşamalıdır, genişlənməlidir. Böyüməlidir.

Mən əski çağların baxışlarını araşdırmaqla uğraşıram. Görürəm bəşəriyyətin qəbul elədiyi ruhaniyyatda nə qədər yanlışlar, yalanlar var. Ancaq uğurlu axtarışlarda Atanın təsdiqini tapıram. Doğrudan da, bizə verilən dünyabaxışların yanlışları çox qabarıq şəkildə görünür. Əl Kindi deyilən bir ərəb filosofu var. Aristotelin şərhçilərindən biridir. Onun bir düşüncəsi var: Cisim, zaman, hərəkət, bunların heç biri o birindən öncə deyil. Asif Ata deyir dünya mənaca Əzəlidir, Əbədidir, Sonsuzdur, Kamildir. Dünyanın mənaca Əzəli, Əbədi, Sonsuz, Kamil olması kainatın özünün Əzəli, Əbədi, Sonsuz, Kamil olması anlamına gəlir. Ayrı-ayrılıqda dünyadakılar dağılır, ancaq kainat bütövlükdə əzəlidir. Zaman, hərəkət, cisim bir-birindən öncə deyil. Yəni öncə biri var idi, sonra biri yarandı demək olası deyil. Görün bu ideya Məhəmmədin Allahını necə uğurla inkar edir. Məhəmmədin Allahı deyir dünya yox idi, mən onu yaratdım. Bu klassik çağlarda olan fəlsəfi dünyabaxış adamları dünyaya, qlobal dəyişiklik açısından, etki göstərməsələr də (çünkü onlar ruhaniyyat sistemi yaratmayıblar), onların özü Atanın bu gün dediklərini ayrı-ayrı düşüncələrlə doğruldurlar. Hər bir xalqın içində Atanın dayağını tapmaq olumludur. Onun baxışına üz tutarsan Atanın dayağını taparsan. Elə onun özündən tutub xalqın özünə bu ideyanı verməklə. Ona görə bizdən min illər öncə deyilən ayrı ayrı düşüncələr gəlib bu gün Atada genelləşir, ölçüyə çevrilir. Hamısı dağınıq durumdan çıxıb sistemə girir. Ata onları həm birləşdirir, həm də böyüdüb öz ölçüsündə yüksəldir. Bəşəriliyin anlamı budur. Bəşər xalqlarının bir-birinə düşüncə yaxınlığı, bir-birinə nizam baxımından bağlılığı belə formalaşır. Ona görə mən düşünürəm, niyə Nəsimi təkcə mənim deyil, həm də bəşəridir. Niyə filankəs təkcə ərəbin, yunanın deyil, həm də mənimkidir. Çünkü onun düşüncəsi mənim ulusumla gəlib bir nöqtədə birləşir. Bu, insanlığın yaşaması üçün ölçüyə yardım olur, qatqısı olur. Ona görə hind ruhaniyyatnı araşdırırsan, baxıb görürsən, orda elə bir çalarlar, elə şeylər var, gəlib sənin varlığında öz əksini tapır. Özünü başqasında tapma, görmə ideyası var. Birey olaraq özünü başqasında görmək, millət olaraq özünü başqasında görmək ifadəsi var. Bax, budur bəşəriyyətin birgə yaşamaq ölçüsü. Asif Ata bu ölçünü verib, yetər bu ölçünü dağılan dünyaya göstərə biləsən. Hər kəsin o ölçüyə ehtiyacı var. O ölçüdə onun həm də qatqısı var. Asif Ata heç nəyi yerin deşiyindən çıxartmayıb. Sadəcə bu bir sistemdir. Sistemin özül prinsipləri Asif Atanındır, ancaq bütün dünya xalqlarının düşüncəsindən burda qatqı var. Ona görə bunu sistemləşdiirb dünya xalqlarının özünə verirsən. Əl Kindinin uğurlu söylədiyinin mənə dəxli var. Nəsiminin söylədiyinin sənə dəxli var. Zərdüştün dediyinin sənə dəxli var. Buddanın dediyinin mənə dəxli var. Budur bəşəriyyətin böyük anlamı, böyük ölçüsü, birgə ruhani nizam tapması. İnsanlığın var olması, insanlığın qorunması. Mən bununla sözümü bitirirəm. Qonu dərin qonudur.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): ­­İnsan aqibətini İnsanilik, Millilik, Bəşərilik üzərində kökləməli, qurmalıdır.

Dünyaya gəlir insan, böyüyür, yaşayır, savaşır, qurur, dağıdır. Ya necə gəldi yaşayır, ya instinktlərlə yaşayır, ya da səbəbsiz dünyaya gəlmədiyini sübut etmək üçün yaşayır. Soyunu davam etdirmək asandır. Oğul-övlad böyütmək də instinktlərlə qurulan davranışlardır. Ancaq insan özünə özgün olan ömrün həm də özünə özgün olmadığını düşünəndə həyata, dünyaya münasibəti dəyişir. Ömrün təkcə sənə özgün deyil. Çünkü dünyaya təsadüfi gəlməmisən. Gəlişin məqsədi var. O məqsədi tapana qədər, o məqsədin anlamını ömrünə gətirənə qədər yol getməlisən.

Hər kəs yaşayır. Ancaq hər kəs yalnız özünü, ailəsinimi düşünür, ya milləti, millətin gələcəyini? Hər kəsi sabahkı gün rahatsız edir, çünkü gediş özünün qarışıqlığı, mürəkkəbliyi, xaosu ilə rahatsızlıq da doğurmalıdır. Hər kəs üçün ən öndə olan nədir? Həyat şərtləri, həyata boyun əymək, ya ruhunu əyməmək. Ruhunu əyməmək ciddi qonudur. Çünkü yaşadığım sürədə nə qədər insanların dəyişdiyini gördüm, doğma bildiyim insanların yadlıqları bəzən qılınc kimi kəsir adamı. Zamanmı günahkar, həyatmı günahkar, ya insanmı? Şərtlər həminki şərtlərdir, həyat həminkidir. Varlılar həminki, yoxsullar həminkidir. Yüzillərdir dəyişməyən nədir? İnsan ruhu, insan xarakteri. Həyatdan, zamandan, ortamdan üstün olmağı bacaran insan ruhu. Həyatın dəyişdirə bilmədiyi, həyatı dəyişdirmək olanağı olan insan ruhu.

İnsanilik üstə köklənməlidir insan aqibəti. Çünkü insanilik üstə köklənməsə, həyat qayğıları, həyat şərtləri asanlıqla dəyişdirə bilir insanı. Yaşamaq ehtiyacı Varolma ehtiyacını üstələyər. Var olma istəyi, həsrəti, diləyi insanın üzünü ideala doğru yönəldən ən güclü duyğudur. İnsanın içindəki ideal ölçüsü də var olmaq diləyinə uyğun dəyişir. İnsan ruhunun özülünü yaradır.

Millilik üstə köklənməli, qurulmalıdır insan aqibəti. Tarix, mədəniyyət, gələnəklər yüzillərlə xalq həyatında formalaşır, illərdən illərə ötürülür. Bireylərin öz ömründə yaratdıqları ilə bu gələnəklər daha da zənginləşir. Xalq ruhu özünün qəhrəmanlarının, dahilərinin, aydınlarının ömründə, əməllərində görünür, yaşayır, ruh verir başqalarına, örnək olur. Xalqa həsr olunan ömür ölümsüzləşir. Xalqa həsr olunan ömür həm xalqı yaşadır, həm xalqda yaşayır.

“Xalqsız bəşəriyyət ölü bəşəriyyətdir” deyir Ata. İnsanla qurulan, xalqda davam edən bəşərdə yaşayır. Bəşər insanların, xalqların bütün dəyərlərini, zənginliyini, ruhunu özündə yaşadır.

Bayramımız qutlu olsun!

Atamız Var olsun!

Soylu Atalı: Ata deyir dəyişin, dəyişilməyəsiniz. Biz bir toplumda, bir ortamda gəlib bəlli bir yaşa çatırıq. Bu yaşa çatdığımıza qədər bizim xarakterimiz, tərbiyəmiz, davranışımız evdən, həmin yaşadığımız ortamdan gəlir. Yaşadığımız ortamdan, evdən gələn tərbiyə bütöv deyil. Bizdən öncəki də mühitə alışma yolu tutur. Mühit dəyişir o da dəyişir. Zaman dəyişir, o da dəyişir. Quruluş dəyişir, o da dəyişir. Əxlaq, tərbiyə yönü dəyişir, o da dəyişir. Ancaq Ata deyir, dəyişin ki, dəyişilməyəsiniz. Özünüz öz ömrünüzü bu ortamın, bu gedişin bəsit, bayağı, dəyişən uyumundan ayırın, İnsanlığın tələbinə kökləyin. İnsanlığın tələbinə kökləyin ki, dəyişməyəsiniz. İnsanlığın tələbi dəyişmir, Gəlişir. Bir var gəlişmə (inkişaf), bir var dəyişilmə. Dəyişilmə təzadlar yaradır. Ziddiyyətlər yaradır. Ancaq gəlişmə kamilliyə doğru artım anlamı daşıyır. Biz belə düşünürük, İnsanlığı düşünən, İnsanlığı ölçü eləyən, bu ölçünü özündən sonra örnək eləyən insanlar olur. Hamıda ucdantutma olmur, çox adamda isə ola bilər. Bilirsən, bənna ona görə bənnadır, bir işi görür, evi tikir, başa çatdırmasa, yarı-yarımçıq, orası-burası uçuq qalırsa, o bənna deyil. Ya da bağban. Bağban işini başa çatdırdığı üçün, çatdıra bildiyi üçün bağbandır. Əkir, səpir, bar götürür, ona görə bağbandır. İnsanlığın ölçüsünü vermək də budur. İnsanlığın ölçüsünü yaşa, başa çatdır. Qalıcılıq budur.

Bu arada Araz şeir söyləyir.

Ağşın Ağkəmərli: Mən də sizi bu gün münasibətilə təbrik edirəm. Biz nə qədər oxuyuruqsa, nə qədər öyrəniriksə, Asif Atanın xalqımıza, millətimizə nə qədər gərək olduğunu dərk edirik. Ocaq mənim üçün bir körpü oldu ki, çox şeylərə əlim çatsın, özümü çatdıra bilim.

Asif Ata ilk başlayanda siyasi hərəkat istəyirdi, sonradan düşüncəsini dəyişdi. Ruhsal hərəkat gərəkdir, Ocaqlaşmaq gərəkdir dedi. Mən bu söhbətin mahiyyətinə tam vara bilmirdim. O Tayda olduğum zamanda özümlə üz-üzə qaldım, kitablar oxudum. 3 dəyərli şəxsiyyətin baxışlarıyla tanış oldum. Haydeggerin “Varlıq və zaman” (farsca) kitabını oxudum. Duyduğum bu oldu ki, o həm böyük adamdır, həm də ziddiyyətli, yarımçıq adamdır. Humanizmdən danışır, insanlıqdan danışır, o birinə danışır, özünə yox. Həmən fürsət tapan kimi Hitleri qəbul edir, dediklərinə tam yaxınlıq göstərir. Düşüncəsi, iqtidara gəlməzdən qabaq yaxşı idi. Partiyaya girməzdən qabaq düşüncəsi humanist etkisi bağışlayırdı. “Varlıq və zaman” kitabını oxuduqca Asif Atanı daha artıq qavradım. Nitşenin “Belə buyurdu Zərdüşt” kitabı var. Bir də “Fövqəlinsan” kitabı var. Zərdüştün timsalında çox şeyləri üzə çıxardır. Mən bunu Jan Pol Sartrı oxuyanda da gördüm. Əlcəzairli bir filosof vardı, Sartrın etkisi altında, ekzistensialist düşüncəsi altında. Onu demək istəyirəm, bunların hər hansı biri öz millətini yetişdirməkdə çox önəmli rolu var. Bizim üçün də Asif Ata daha yüksək mərtəbədə qərar tapır, bizim xalqımız üçün nə qədər gərəklidir.

Soylu Atalı: Millətin formalaşmasında önəmli yer tutur. Böyük etkiləri olur. Bəzən görürsən, çağında önun etkisi görünmür. Bir az keçəndən sonra bəlli olur, millətin formalaşmasında nə qədər böyük etkisi var. Çünkü düşüncə, ideyanın etkisi genişdir, qaçılmazdır. Ona görə hər bir xalqın içində olan böyük insanlar, düşüncə adamları öz xalqına etki göstərməklə, əslində bəşəriyyətə bir örnək verir, bəşəriyyətə etki göstərmiş olur. Böyüklüyün adı ona görə böyüklükdür.

Ağşın Ağkəmərli: Mənəvi bir boşluq vardı. Özün özünə yadlaşmaq vardı. Ancaq o boşluğu dolduran şəxsiyyətlər gərəkdir. Bu gün mən düşünürəm Haydeggerin fikir fəlsəfəsi hər hansı bir miqranta diqtə olunur. Hansısa bir miqrantı aparırlar o düşərgələrlə hər şey dedizdirirlər. Onu yetişdirirlər, sonradan alman həyatına ötürürlər.

Sonradan oxudum Hitşe bacısının himayəsində ömrünü davam elətdirir. Hitlerin buna qarşı nə qədər böyük hörməti vardı, onun evinə gəlir, onun xatirəsini yad eləyir. Hitler də təkcə qaniçən, qantökən deyildi. Onun da milli gələcəyə xas olan düşüncəsi vardı. Doğrudur, sizin vurğuladığınız məsələ çox önəmldir, siyasi həyat heç bir milləti yetişdirməyib. Ölçünü də yetişdirməyib. Həsən gedir, Hüseyn gəlir. Ancaq ruhaniyyat milləti dəyişdirir. Millətin öz kimliyini özünə qaytarır. Bu gün bunun zərurəti istər Güney Azərbaycanda, istər Quzey Azərbaycanda, cürətlə deyə bilərəm, Türk Dünyasında bunun boşluğunu duyuruq…

 

Soylu Atalı: Bir filosofun yanaşması var, filosofun düşüncəsi var, bir də peyğəmbərin düşüncəsi var. Filosofun yanlışları bağışlanır, peyğəmbərin yanlışları bağışlanmır. Filosof düşüncəni, ideyanı sənə, mənə, o birinə verir, düşün, özünə yön yarat. Peyğəmbər isə nizamı, yönü özü yaradır. Ona görə onun yanlışı böyük suçdur. Milli boşluq deyirik. Boşluq elədir, bu boşluğu nəyləsə doldura bilərsən. Heçlik isə odur, nə doldura bilirsən, nə boşalda. Məhəmməd bizim millətimizin taleyinə heçlik gətirdi. Bu heçliyi nəylə doldurum?! Heç nəylə doldura bilmirsən. Ona görə qarşımızda ağır keçid oldu, həm də bizə, millət olaraq, hər yöndən baha başa gəldi. Siyasi gedişlər də belədir, boşluq yaradır. Bu boşluğu doldurmaq mümkündür. Siyasət təmələ girə bilmir. Bütün məsələ bunun başındadır. Doğrudan da, Məhəmməd bu suçu işləməsəydi, milli məsələnin üstündən xətt çəkməsəydi, bizim taleyimiz öz əlimizdə olardı. Asif Ataya da biz o açıdan yanaşırıq. Asif Ata milliliyi, milləti qurtarır, bizə, dünyaya idraklı, düşüncəli yanaş deyir.

Bugün bizim üçün bəşərilik ölçüsünün, insanlıq ölçüsünün formalaşmasını anladan, öyrədən bir Gündür. Biz bir araya gəlirik, söhbət edirik. Əslində bu bir məktəbdir. İnsanlığın varoluşu, milliliyin ölçüsünü tapmaq, bu yöndə düşünmək, bu yöndə ortaya gələn ideyanı dərk eləmək, yaymaq amacı, istəyi daşıyır. Ona görə belə bir Gündə sizin hər birinizi bu istəklə qutlayıram, var olun deyirəm, bununla da bayram törənini başa çatdırırıq.

Bayram sonu qurallar yerinə yetirildikdən sonra  süfrədə doğmalaşma söhbətləri davam elədi.

 

Sərt Ayı, 40-cı il. Atakənd.

(dekabr, 2018. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir