Xəbərlər

Qutsal “Bəşərilik” Bayramı

Ocaq Günsırası ilə 12 Sərt Ayı, 45-ci ildə (dekabr, 2023) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Bəşərilik” Bayramını gerçəkləşdirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Qutsal Bəşərilik Bayramını keçiririk. Ocaqda ölənlərimiz – Sabahlı, Bağban, Amaltay bizimlədir.


Bir neçə söz törənimizin anlamı ilə bağlı deyək. Nə baş verir, biz Ocaq olaraq nəyin peşindəyik, bizim keçirdiyimiz tədbirlərin hansı bəşəri anlamı var?! Biz bu gün Azərbaycanda da, belə götürəndə dünya çapında da ən gənc dünyabaxışıq. Baxmayaraq, bizdən qıraqda da toplantılar çox olur, dünyanın başqa yerlərində də axtarışlar çox olur. Biz o axtarışları araşdırırıq, öyrənirik. Ancaq Asif Atanın baxışına dayanırıq. Nəyə görə? – Bu gün bütövlükdə dünya elə bir duruma gətirilib ki, insan haqqında ümüdlər hər gün puç olmaqdadır, hər gün insana qarşı inam enməkdədir. İnsanla bağlı hər şeyi də insandan qıraqda axtarırlar. Elə inanmadıqları üçün qıraqda axtarırlar. Bəşəriyyətin başlıca sorunu budur. Bəzən insanın özündə axtaranlar da doğru axtarmırlar. Məsələn, dinlər insandan nə umurlar? – Deyirlər Allaha ibadət elə. Sanki “Allaha ibadət elə” sözünün arxasında o durur ki, Allaha ibadət edərsən Allah dünyada olan haqsızlıqları, ədalətsizlikləri, günahları-filanları yoluna qoyar, bağışlayar. Suçlular ibadət edərsə, Allahın yoluna dönərsə Allah da onları bağışlayar, məsələlər yoluna qoyular. Baxın, insandan istəmək bu cürdür ən yaxşı halda. Bunun dışında isə nə varsa hamısı rəqabət üstündədir, hamısı dava-savaş üstündədir, – başlıca olaraq siyasi yöndə olanlar.
Siyasi partiyalar yaradırlar, adamlar bu partiyalara qoşulurlar. Onlar bilirlər ki, qoşulduqları partiyanın öndəri yalan danışır. Ancaq qəbul edir, siyasət budur, belə olmalıdır. Yalan danışmasa siyasət yürüdə bilməz, – belə düşünürlər. Belə götürəndə kimə qarşı yalan danışır, fərqinə varmır ki, sənin özünə yalan danışır, sənin özünü aldadır. Bax, bütün münasibətlər yalan üzərində qurulub. Ancaq ədalət axtarırlar, həqiqət axtarırlar. Çıxış yolu necə tapa bilərik?! – Bu saat bütün dünyada belə qəbul olunur ki, əsas mübarizə, dəyişikliklər siyasi müstəvidə getməlidir. Başqa müstəvilər elə bil, kölgədə qalır, görünmür. Əsas siyasi müstəvi götürülür. Bunun da yolu nədir – seçkilər, demokratiya. Hamı da bilir ki, onların arzuladığı demokratiya heç yerdə yoxdur. Demokratiya özü cəfəngiyyatdır. Amerika ikipartiyalı sistemdir. Demokratlar, respublikaçılar. Bir dönəmdə respublikaçılar hakimiyyətə gəlir, bir dönəmdə demokratlar. Burda sadəcə bir göstərgi var. İstisna hallarda hansısa partiya ikinci dönəm seçilə bilər, – onun başında duranın mövqeyindən, durumundan, özünü aparmağından asılı olaraq. Sadəcə danışılmış bir şeydir. Dünyanın başqa yerlərində də demokratiya görüntüsü var. Yenə deyirəm, seçkinin hamısının başında oyun var. Hər kəs də bilir oyun var, hər kəs də oyun oynayır, hər kəs oyuna gedir. Oyunla dəyişikliklər yaratmaq istəyirlər ictimai həyatda, ölkədə, dünyada. 
Dünya düzəni deyilən bir şey var. İkinci dünya savaşından sonrakı dönəmi qapsayan bir düzəndir. Daha doğrusu, İkinci dünya savaşının yaratdığı düzəndir. Sovetlər dağıldı, sadəcə olaraq ayrı-ayrı dövlətlərə münasibət yeniləndi. Düzən isə həmən düzəndir dəyişməyib. Bu gün yeni Düzənin yaranması qaçılmaz olub. Bütün dava bunun üzərində gedir, – yeni düzəndə hansı güclər hansı rolu alsınlar, harda dayansınlar. Belə bir proses gedir. Bu da ölüm-qalım savaşıdır əslində. Xalqları qatıb- qarışdırdılar, məhv eləyirlər, dəhşətli bir qırğın gedir. Bundan çıxmaq mümkün deyil. Bizə sual verirlər, bu gün bundan çıxmaq mümkündürmü?! Bu gün mümkün deyil. Ancaq genel olaraq bundan çıxmaq gərəkdir, biz onu deyirik. Yəni genel olaraq ya bəşəriyyət, gerçəkdən, qabaqcıl düşünən insanlar yeni sistem, yeni yaşam ölçüsü axtaracaq, ya da bəşəriyyət öz sonuna doğru gedəcək. Bu gediş, doğrudan da, dəyişilməsə, ayrı bir yön, ayrı bir ölçü oturuşmasa, söz yox, dağıtmağa doğrudur. Asif Ata deyir, biz deyən olsa dağılmayacaq. Biz də Asif Ata deyəni topluma çatdırmağa çalışırıq, biz onun sorağını çatdırırıq, onun ideyalarını öyrədirik, dünyaya verməyə çalışırıq. Bu gün biz, konkret olaraq, ideyavermə aşamasındayıq. Onu da bilirik, ideya vermək istəyən mənəvi gücünü yarada bilməlidir. Əgər biz öz mənəvi gücümüzü Asif Atanın tələblərinə uyğun yarada bilməsək, səsimiz dörd divar arasından qırağa çıxmayacaq. Özümüz deyib özümüz eşidəcəyik. Ona görə biz daha çox öz üzərimizdə işləməyi əsas götürürük. Daha çox insan faktorunu öyrənməyə çalışırıq, onu böyütməyə, gəlişdirməyə çalışırıq.


Sovetlər dağılandan sonra ölkədə milli yöndə nə deyilibsə hamısı Asif Atanın dedikləridir. Asif Atanın 90-cı illərdən bəri dediklərini deyə-deyə millətləşmə prosesinə doğru gedilir. Asif Atanın millətçilik yönündə dedikləri deyilə-deyilə sonucda onun ideyaları deyiləcək.
Bu gün bizim hər birimiz istəyirik, ölkədə siyasi dəyişiklik olsun. Ancaq siyasi dəyişiklik nəyə gətirib çıxaracaq, – uzaqbaşı toplum bir az nəfəs alacaq. Bu dəyişiklik topluma onun istədiyini verməyəcək. Belə şeyləri biraz ehtiyatla deyirəm, mənim söhbətim kiminsə dəyirmanına su tökməsin. Konkret olaraq bu rejimin, hakimiyyətin dəyirmanına su tökmüş olmayım. Ancaq həqiqət var, özümüzü aldada bilmirik.  Deyirik, dəyişiklik bir arada toplumun nisbi rahatlaşmasını ödəyəcək. Bütövlükdə bu çıxış yolu deyil, kiçik bir aşama olacaq. Bizim ölkəmizdə gedən proseslər dünyada gedən qlobal proseslərin bir parçasıdır. Ondan qıraqda deyil, ayrı deyil. Dünyada gedən prosesləri isə sürdürən güclər var. Biz aparmırıq. Biz o prosesin içərisində özümüzə yer axtarırıq. Ancaq bir daha deyirəm, sosial həyatın bərpası olumsuzdur. Mən burda bədbin danışmaq istəmirəm, düşünüb həqiqətləri deyirəm.  Çünkü rejim, sistem kapitalizm sistemidir. Biz kapitalizm sisteminin içində yaşayırıq. Bu gün Azərbaycanda bütün nəyimiz varsa, – təhsilimiz, hüququmuz, səhiyyəmiz, həyatımızın başqa  yönləri, mədəniyyətimizin başqa çalarları hamısı bütövlükdə kapitalizmə gərəkdir, kapitalizmi yaşadır, kapitalizmi qoruyur. Bizim təhsilimiz gənclərimizə eyitim verir, bu eyitimlə nə öyrədirlər?! Məsələn, hüquq sistemi öyrədirlər, bunun adı kapitalizm hüquq sistemidir. İqtisadiyyat hansı iqtisadiyyatdır, – bazar iqtisadiyyatı, kapitalizm iqtisadiyyatı. Bütünlüklə ölkənin içində nə varsa hamısı kapitalizmi qoruyur. İnsanların şüuru, beyni belə kapitalizmi qoruyur. Millətçilərin şüuru, beyni belə kapitalizmi qoruyur. Ondan qıraqda addım yoxdur, düşüncə yoxdur, ideya yoxdur. Mən ona görə deyirəm ki, sosial sorunların mütləq bərpası-filan deyə bir şey yoxdur. Dediyimiz kimi, siyasi yöndə alternativ qüvvələr hansısa başqa bir proqramla işləyəsi deyil. Başqa bir proqramla rejimin başına, hakimiyyətin başına gələsi deyil. Sırf Kapitalizm proqramıdır. Burada sadəcə fərqlər olacaq. Mən də ona görə istəyirəm dəyişsin, qoy fərqlər olsun, qoy bir az toplum rahat nəfəs alsın, millətləşmə sürəci üçün bəlkə bir az ortam yaranar, meydan yaranar. Bu fərqlər böyük fərqlər deyil, ancaq topluma gərəkdir. Niyə gərəkdir, toplum qısa arada olsa belə, necə rahat nəfəs ala bilər?! – Ölkənin başında duran rejim, sistem insanlararası münasibətlərdə həmişə dayanmadan pozuntular yaradır. İnsanların bir araya gəlməsinin qarşısını almaq üçün oyunlar qururlar, insanların toparlanmasının qarşısını almaq üçün, millətləşməsinin qarşısını almaq üçün hər cür oyunlar qururlar.  Yenə deyirəm, insanlarımızın toparlanıb gücə çevrilməsinin dərin bir anlamı yoxdur, əgər rejim, sistem, tələblər, ölçü qalırsa. Sadəcə bir az yumşalmaya da gərək var. Dəyişiklik olsa, bizim etki göstərmək imkanlarımız da arta bilər. İndi milli, mənəvi yöndə etki göstərmək imkanlarımız sıfırın çevrəsindədir. Bəlkə dəyişikliklər olarsa televiziyalarda bir az milli düşünən insanlar danışar, bir az söz deyənlər artar. Yəni proses o yöndə gedə bilər. İndi bunları qoyuram bir yana. Bəs bunların kökü, qaynağı hardan gəlir?! – Bu bizim əsas məsələmizdir, çünki birbaşa Ocaqla bağlıdır. Bəşər ilk axtarışlarından üzü çağımıza qədər həmişə  özünün varoluşunu, ya da mövcudoluşunu hansısa ideyaların gücü ilə yoluna qoymağa çalışıb.  Burada başlıca rol oynayan məsələ ruhaniyyat məsələsi, ruhaniyyat sistemidir. Ruhaniyyat sisteminin özülündə duran məsələ də tanrısal yapıdır. Hər bir toplum özünün Allahını yaradır. Baxın, ayrı-ayrı xalqlar xristianlığı qəbul edir, ya müsəlmanlığı qəbul edir, ya da, deyək ki, bunlardan qismən az yayılan başqa baxışları qəbul edir, – Buddizm, yəhudilik-filan. Baxın, bütün xalqlar xristianlıqda özünün tanrı obrazını yaradır. Müsəlman sisteminində hər xalq özünün tanrı obrazını yaratmır, hamısı vahid bir tanrı obrazına üz tutur. Tamam əyri, doğru olmayan bir tanrı obrazına üz tutur. Toplum tanrını öz istəklərinə uyğun formalaşdırır. Ona görə toplumun tanrısı özünə oxşayır. Bu gün biz ərəb dünyabaxışınının etkisi altında olan bir xalqıq. Bu baxışda Allah toplumun şüuruna, istəklərinə uyğun bir obrazdır. Ayrı bir şey deyil. İnsanlar heç də vahid bir ölçünün altında, əsasında yanaşmır tanrı məsələsinə. Hərə öz düşüncəsinə uyğun yanaşır. Bu nədən qaynaqlanır?! – Sənə tanrı anlamını verən var. Sənə tanrı anlamı verən elə özül üzərində, elə yalnışlarla verir ki, o yanlışların üzərinə sənin yanlışların əklənir. Sənə verilən tanrı obrazı ilə sən özünə bənzəmirsən.  Sonucda toplumun şüurunda bir anarxiya yaranır. Hərə necə gəldi elə də düşünə bilir, yanaşa bilir. Vahid bir ölçü yoxdur, nizam yoxdur. Ona görə də toplumun şüurundakı bu dəyişikliklər, bu pozuntular yalanlara yol açır, meydan yalanlarla dolur. Bu yalanları da siyasət yönətir (idarə edir). Mən yazmışam, siyasət insanlığın yıxıldığı nöqtədən başlayır. Siyasət oyundan başqa bir şey deyil, siyasətdə həqiqət yoxdur. Doğru gerçəkliklər var, ancaq həqiqət yoxdur. Ona görə bəşər tarixini izləyin, görün hansısa bir dönəmdə mütləq ədalət olubmu?! – Olmayıb. Olmayacaq, nisbi olacaq. Bu da ona gətirib çıxardır, bəşər övladı bütün dönəmlərdə sadəcə həyat uğrunda mübarizə aparır, Həqiqət uğrunda mübarizə yoxdur. Həyat uğrunda mübarizə isə bəlli ziqzaqlarla gedib.  Bir az qalxıb, bir az yaxşılaşıb, sonra enib, eybəcərləşib. Bir dönəm yenə nisbətən qalxıb. Məsəl var, deyirlər, filankəs filankəsə rəhmət oxudur.
Asif Atanın ortaya gətirdiyi ideyalar bütövlükdə İnsanlığın qurtuluşuna hesablanıb. Biz demirik qurdla quzu yanaşı otlamalıdır. Biz deyirik ölçü dəyişməlidir, nizam dəyişməlidir, sistem dəyişməlidir. Bu sistemi kim dəyişəcək – insan. Hansı insan dəyişəcək – Asif Atanın dediyi insan. Gözümüzün önündə  özündən ayrılmış, şüuru pozulmuş, dağılmış insan yox. O düzəltməyəcək, o daha da əyəcək. Biz insana özümləşmə yolu, ideyası veririk, qurtuluş yolu göstəririk. Bu nə vaxt olacaq biz bilmirik – on iləmi, yüz iləmi, beş yüz iləmi?! – Ancaq Yol budur, insan ona doğru getməlidir. Ata deyirdi, bəşəriyyət dairəyə düşüb, din-ateizm, sosializm- kapitalizm dairəsinə. Siz elə bilirsiniz sosializm ortadan gedib?! –  Getməyib. Şüurlarda yatır, istəklərdə yatır. Sosial şəbəkələrdə, Azərbaycanda da, ondan qıraqda da, baxın, nə qədər sosialist, kommunist təfəkkürlü adamlar var. Mənim bayaqdan dediyim nisbətən yaxşı-yaman məsələsi təxminən sosializmlə kapitalizmin yerdəyişməsi kimi bir şeydir. Sosializm bir az yaxşı idi, kapitalizm pisdir. Sosializmdə nə pis idi, kapitalizmdə nə pisdir, nə yaxşıdır?! – Məsələn, sosializmdə toplumsal, bireysəl azadlıq yox idi, milli düşüncə yox idi. Milli sorunlar çözümünü tapmamışdı. Əgər milli sorunlar çözülmürsə, insan sərbəst düşünə bilmirsə, söz yox, bu böyük bir sorundur. İnsan heyvan kimi yaşayır, ac deyil, ancaq milli şüur, bireysəl azadlıq yoxdur. Sosializmdə sorun budur. Kapitalizmin sorunu nədir, sənə söz azadlığı verir, ancaq sosial həyatın puç olur, milli birliyin puç olur. Toplumsal dəyişikliklər bu dairənin içində baş verir. Ona görə Ata deyirdi, bəşəriyyət dairəyə düşüb. Asif Atanın verdiyi ideyaların yönü bəşəriyyəti bu dairələrdən çıxartmaqdır. Adamın ağlına girmir ha, çıx küçədə beş adam çağır denən kapitalizm ortadan getməlidir. Deyəcəklər bunun ağlı çaşıb, nə danışır, kapitalizmi dəyişməkmi olar?! Kapitalizmi dəyişmək haqqında ideya, düşüncə yoxdur ortada. O yoxdursa heç nə yoxdur. Leninin ideyası kapitalizmi dəyişmək idi, dəyişdi. Ancaq yerinə nə gətirdi, – ondan daha betərini. Biz indi öyrənib bəşəriyyətə deyirik, kapitalizmdən daha betərini vermirik, daha gözəlini önəririk. Bu ideyaları oxuyun. İnsanlara onu demək gərəkdir. İndiki dönəmdə heç kim başını qaldırıb yuxarı baxa bilmir. Heç kim inanmır ki, doğrudan da böyük dəyişikliklər gedə bilər. Lokal dəyişiklikləri düşünür hamı. Rejim dəyişsin, axı sənin istədiyin olmayacaq. Qlobal dəyişikliklər gərəkdir. Buna isə inanmırlar. Bir Lenin gedib gölün qırağında ideya yazdı, plan tutdu, dəyişiklik yaratdı. İndi dövr o deyil deyirlər. İndi kosmos var, sputnik var, hər şeyə nəzarət var deyirlər. Olsun. İnsan yaratmayıbmı hamısını?! İnsan öz yaratdığının əlində bu qədərmi quldur, bu qədərmi acizdir, bu qədərmi bədbəxtdir?! Ata deyir, dünyanı əyən də insandır, qurtaran da. Ona görə “İnsanlaşın İnsanlaşdırın, bəşərin qurtuluşu İnsanlaşmaqdadır!”.
Atamız Var olsun.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bayramın məzmununa yönəlik qeydlərimi oxumaq istəyirəm. Bəşərin bugünkü durumu necədir, nə görürük? Birinci növbədə siyasətin yalanları, günü-gündən bir-birini əvəzləyən yeni silahların icadı, biznes tüğyanı, səhiyyədə biznes (bu bəşərin qəbahətinin zirvəsidir), qazanc üçün yeni xəstəliklərin törədilməsi, yararsız dərman preparatlarının əlçatmaz qiymətlərə satışı, qara niyyətlərə minlərlə insanın qurban verilməsi, zülm, xarabalıqlar. Bütün bunlarla bərabər səni xilas edirəm çağırışı. Sən inanmalısan, mən sənə xilas gətirirəm. Artıq çaşqın bəşəri doğruya inandırmaq çətinliyinin təsviri göz önündədir. Bəşəriyyətə o qədər yalanlar sırınıb ki, doğru sözə, haqqa, ədalətə inandıra bilmirsən. Bu çətinlik gəlib artıq maneə olub. Axtarışların, ruhani harayların ciddi nəticəsi olmadı. Ayrı-ayrı çağlarda nəfəs genişliyi oldu. O da çox zəif oldu, nisbi oldu.  Əsaslı bir dönüş yaranmadı. Qırğınlar bahasına dəyişən quruluşlar, ehkamlar, əski dünyabaxışlar, tarixin zibil qutularına atıldı. Bir-birinin ardınca təşkilatlanmalar nəticəsiz qaldı. Xalq hakimiyyəti – demokratiya adlanan başı pozuqluğun yeni aşaması bu gün də yeni pozuntular sərgiləməkdədir. Arxivləşən gedişlərə üztutmalar çaşqın bəşəriyyətin bu gününü yola verməklə sabahını əlindən alır. Əsaslı bir dəyişikliyə ehtiyac var idi, Mütləqimiz Asif Atanın yaratdığı Mütləqə İnam təlimi bu ehtiyacı ödəməyə qadirdir, bəşəriyyətin mənəviyyatını qurtarmaq üçün yeni yön verir. Bəşərilik bayramında istək bu məzmunun sorağını bəşərə sunmaqdır. Bayramımız qutlu olsun. Bəşər nə qədər ki, öz insani mahiyyətinə yetməyib indiki durumdan qurtulması olumsuzdur.
Atamız Var olsun.

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):Mütləqə İnam dünyabaxışının bir ideyası da “ləyaqətli bəşər” ideyasıdır. Bu gün həmin ideyanın ifadəsi olan Bəşərilik bayramı üçün buradayıq. Bu bayram münasibətilə Ocaqçı bacı-qardaşlarımı, rəğbətçi dostumuzu qutlayıram. Hamınıza uğurlar arzulayıram. Bəşərin yaşamı eybəcərliklərlə doludur, yalan, haram dünyanı bürüyüb. Kapitalizm-sosializm dairəsi, siyasət, maddiyyatçılıq. Ən çox bağırtılar da demokratiya ətrafında gedir. Demokratik ölkələrin nizamı bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatı da münaqişə, rəqabət, qarşıdurma deməkdir. Hamısı demokratiyanın məğzindən doğur. Demokratiya Azərbaycan insanın gözünü qamaşdırır.Çünkü bizdə despotizm mövcuddur. O yalanlar ki, var, bu gün hər birini biz öz həyatımızda dadırıq. Qardaşımız gözəl bir ifadəni vurğuladı ki, partiya rəhbəri özü yalan danışır, bilir ki, qarşıdakı da onun yalan danışdığını başa düşür. Ancaq elə bir ortam yaradıblar ki, qarşıdakı müti bir qul kimi susur. Düz danışanın dilini kəsirlər. Mən öz həyatımda bunu görmüşəm. Qarşıdakından tələb edirlər ki, mənə yalan de. Mənə əl çal, məni təriflə, sistemin başına sığal çək. Sən başqa cür düşünə bilməzsən. Sənə bu qəlib verilib, bundan qırağa çıxa bilməzsən. Hər birimiz bu eybəcərliklərin bəlasını çəkirik. Partiyalarda da güclü adamlar olur. Qorxmaz adamlardır. Mənim şagirdim var deyir, vətən yolunda, doğruçuluq yolunda məni tutacaqlarsa qoy tutsunlar. Var belə cəsarətli oğullar. Ancaq nə yazıqlar ki, onların mübarizəsi yağışdan çıxıb yağmura düşmək kimi bir şey olacaq. Axı sən hansı ideyanı, yeniliyi ortaya qoyursan. Sən də sabah hakimiyyətə gələndə bir az o birindən fərqlənərsən. Sonra özündən öncəki kimi olarsan. Sosializm elə başlamışdı. Maliyyə naziri acından öz otağında yıxılmışdı. Ona deyiblər bu boyda anbarlar sənin ixtiyarındadır, deyib mən bölgü olmamış ordan heç nə götürə bilmərəm. Ancaq sonra nə oldu, elə acınacaqlı durum yarandı ki. Azərbaycanın ziyalı təbəqəsini qırdılar, çünkü onlar müstəqil düşüncə sahibləri idilər. Hardasa millət üçün söz  deyirdilər, bu da onlara gərək deyildi. Onlara ancaq tutuquşular gərək idi. Ancaq əl çalsınlar tərifləsinlər. Kolxoz quruluşunda yenə də az-çox belə bir variant vardı ki, toplum qazancının vergisini verirdi, qalanı özünə qalırdı. Bu onlara sərf eləmədi, keçdilər sovxoza. Kəndçi də fəhlə kimi gedib orda işləyirdi, maaşını verirdilər, deyirdilər qalanı sənlik deyil. Qalanı axırdı Azərbaycandan qırağa. Ancaq həmin sistem dağıldı. Yerinə müstəqil Azərbaycan gəldi. Bu gün müstəqilik, ancaq yaşayış tərzimiz pisdir. İnsanlar o vaxtkı yaşayış tərzini istəyir. O vaxtı da bic bir siyasət vardı. Milləti öz gözündən salırdılar, gözlər Rusiyaya dikilirdi. Axın da Rusiyaya idi. İndi isə yeni bir yol, dünyabaxış meydana gəlib. Bütün dediyim eybəcərliklər indi də var, lap müstəqil olsaq da. Çünkü insan acgözlüyü var, insanın maddiyyata yıxılmağı, doymazlığı var. Ona görə belə bir durum yaranıb. Ocağın da məramı odur ki, insan bu eybəcərliklərdən təmizlənməlidir. Partiyalarda mübarizə aparanlara heyfim gəlir. Siyasi mübarizə ruhani mübarizədən asandır. Ruhani mübarizədə insanın özündən daxili təmizlənmə tələb olunur. Mən neçə ildir Ocaqdayam, bir də görürəm özümdən xəbərim olmadan qırağaçıxmalarım olur. Sonradan adam baxıb xəcalət çəkir ki, mən Ocaqçı adını daşıyıramsa məndə belə şeylər olmamalıdır. Soylu qardaşım da o gün mənə deyir, başqa yerdə söhbət edəndə səni qəsdən qıcıqlandırmağa çalışarlar, onda halını pozma, eyni təmkinlə söhbətinə davam elə. Bu gün bizim istəyimiz kamil insanlar yetişdirmək millətə, dövlətə, bəşəriyyətə yeni yol vermək, yeni baxış vasitəsilə İnsanlığı xilas etməkdir.
Atamız Var olsun.

Soylu Atalı: Bayaq dedik yol, yön əslində qaçılmaz olaraq siyasi ortama bağlıdır. Ona görə siyasi ortamda qurtuluş axtaranları qınamıram, suçlamıram. Çünkü Ocağın dediyi çox illərə bərabər bir prosesdir. Ancaq bütün bunlarla yanaşı bizim umduğumuz siyasi düzəndə aparılan mübarizələrin özünün başında da ləyaqətli adamların durmasıdır, bizi inandıran adamların durmasıdır. Bizim inamımıza balta çalan adamlar yox, öz çıxarlarını düşünən adamlar yox, ən qısa zamanda insanların ümidini heç eləyən, satılan adamlar yox. Dediyim kimi, bugünkü lokal dəyişikliklərə də toplumun gərəyi var. Bir məqama baxışınızı yönəldim: “Biz davranışlarımıza, yerişimizə, duruşumuza nəzarət eləməliyik, çünkü Ocaqçıyıq” – belə düşünməyin özü də doğru deyil. Sırf Ocaqçıyam deyə belə düşünürəm, birdən sabah Ocaqçı olmadın. Ocaqdan nə qədər gedən adamlar var. Onlar o cür düşünüblər ki, mən Ocaqçıyam. Daxilən dəyişməyib, sadəcə olaraq özünə nəzarət edib, oturuşunu, duruşunu bilib. Günlərin bir günü Ocaqdan çıxıb gedib, ondan sonra heç oturuşuna, duruşuna nəzarət eləməyə ehtiyac qalmayıb. Ən pis durumda, ən pis səviyyədə özünü ifadə edib. Ona görə mən Ocaqçı olduğum üçün yox, insan olduğum üçün dəyişməliyəm içdən. Qarşımda elə böyük ideyalar var, kömək edir, qolumdan tutur, qaldırır. Fəlsəfi dillə desək yenidəndoğulma üçün ortam yaradır, – dəyişməyim, yetkinləşməyim, kamilləşməyim üçün. Yəni insan əslində elə düşünməməlidi ki, toplum yaxşı olsun deyə mən yaxşı olmalıyam. Bu yanaşma doğru deyil. Mən yaxşı olmalıyam, insan olduğum üçün. Ayrı cür yaşaya bilmərəm. Prinsip odur. Yoxsa toplum yaxşı olsun, toplum mənə yaxşı baxsın, yaxşı qiymətləndirsin, desin nə yaxşı adamdır, nə yaxşı görünür, belə ölçümüz olmamalıdır. Doğruçu, səmimi görsəniş gərəkdir. Biz nə eləyə bilsək, nə yarada bilsək səmimiyyət üstündə yarada bilərik. Oyunlar üzərində mənəviyyata yetmək mümkün deyil. Onu  insanlar bilməlidirlər.

Ramin bəy: Bilirsiniz hər şeyin kəmiyyəti artıqca keyfiyyət aşağı düşür. O cümlədən din. Dinlər o qədər çoxalıb ki, insanlar Allahsızlaşıb. İnsanların özünə qayıdışı məncə Allahsızlaşmaqdadı, yəni əslində nə çox olarsa ona maraq azalar. Ortaya yeni bir ideya çıxmalıdır. O ideya hamı üçün yeni görünməlidir ki, insanların marağına səbəb olsun. Necə ki, Məhəmməd peyğəmbərin dönəmində islam dini yeni ideya idi, – ortaya atılmışdı, insanları bir araya toplamaq üçün idi. Cəmi on milyon əhaliyik, altı milyon dörd yüz mini islam dininə qulluq edir. Yerdə qalanı dinsizdir, ya da xristiandır. Ancaq belə götürəndə mollamız da Allahsızdır, papaz da. Allahımız puldur. Bunu bizə təbliğ ediblər. Siz Ocaqçısız, siyasi sferada görünməyib Ocağı inkişaf elətdirə bilərsiniz. Ancaq artıq elə bir dönəmə gəlmişik ki, hər kəs siyasətə qarışmalıdır. Bunu istəməsə belə məcbur olmalıdır. Çünkü millətin taleyi həll olacaq. Bu dəfəki seçki dönəmi milləti ya uçuruma atacaq, ya da qurtulacaq. Bu hakimiyyətin özünün də istəmədiyi formada bizə verdiyi şansdır. Ancaq müxalif cəmiyyətə baxaq, görək kimlər var?! – Hamısı oyunbazlardır. İndi bizdə çox çirkin bir cəmiyyət formalaşıb. Vətəndaş cəmiyyəti rüsvayçı vəziyyətdədir. Müxalif camiənin üzərində rəhbər dayananlar da hamısı oyunbazdır. Bir kimsəyə inanmaq olmaz. İnsanlar yalan danışanda and içirlər. İndi biz bu insanları yalandan qurtarmaq üçün neyləməliyik. Ocaq vasitəsilə təmasa keçməliyik partiyaların içində. Mən belə düşünürəm. Bura gəlməzdən öncə Yasin bəy mənə çox məlumat vermişdi, Soylu bəylə də bir dəfə görüşmüşdüm. Tək Asif Ata Ocağında yox, bir neçə dərnəklərdə olmuşam. Araşdırmaçı yazaram, dörd kitabın müəllifiyəm. Bir-bir araşdırıram ki, düşüncəmə görə bəlkə səhv düşünürəm. Azərbaycanda siyasi modeli necə formalaşdırmaq olar. Bizim milli demokratiya modelimiz olmalıdır. Təbii ki, demokratiyanın altında boş çoxluq var. Biz istəsək də, istəməsək də demokratiya nə olduğunu hələ heç kim tam dərk eləyə bilmir. Bununçün neyləməliyik?! Asif Ata Ocağı, mənə elə gəlir ki, Respublikanın hər yerinə yayılmalıdır. Bayaq Bayrağı öpməyinizi, ona olan rəğbətinizi gördüm. Bu qıraqdan baxanda xoş hiss yaradır… İnsanları islam, xristian dinindən qurtarmaq gərəkdir. Birinci insan özünü tapmalıdır. Ruhən sağlam olduğunu dərk eləyəndən sonra onunçün azadlıq açılır. Hansı dini istəyir, yenidən seçə bilər. Ancaq insan bu dəfə, beyni saf formada, dini olduğu kimi qəbul edəcək. Siyasət  belə olmalıdır. Düşünürəm ki, Asif Ata Ocağı genişlənməlidir. Burda on nəfərik. Mən hələki qonağam. Sayınız artmalıdır. Biz təbliğatları o qədər mükəmməl işləməliyik ki. Bizim çox az vaxtımız var. Seçkiyə qədər iki ayımız var. Siyasi müxalif partiyaların rəhbərlərinin yanına mükəmməl, fəlsəfəsi güclü olan, nitqi, qabiliyyəti ilə çəkə bilən insanları biz çoxdan yerləşdirməli idik. Orda partiya sədrlərinin sözü keçməməli idi. Partiya sədrləri olmasa bu gün o partiya batdı. Ancaq Ocaq  var, Soylu bəy olmasa da, yerinə başqası keçsə də, Ocaq yenə var. Çünkü təməl var, ideya var. Siyasətdə ideya yoxdur. Əslində marksizm ideologiyası altı nəfərlik bir ocaqdan formalaşıb. Marksizm ideologiyası yayılıb. Kommunizm ideyası dörd nəfərdən yayılıb. Biz düşüncəli insanlara xor baxırıq, dəli kimi baxırıq.  Bu toplumu ayıltmaq lazımdır. Ayıltmaq üçün neyləmək olar, Soylu bəy, sizə səmimi deyirəm, mən hər yerə gedən deyiləm, yekəxanalıq kimi çıxmasın. Baxıram ki, zamanım itir. Ancaq bura gəlməzdən öncə… həmişə Yasin deyirdi, Ocağın tədbirlərində olun. Xətrinə dəyməmək üçün deyirdim olaram. Ancaq rəhbəri ilə görüşüm, görüm Ocağa getməyə dəyərmi deyə özlüyümdə düşünürdüm. Soylu bəylə görüşdüm, məmnun oldum. Asif Ata Ocağının məramı mənə çatdı. Soylu bəy onu mənə çatdırdı. Asif Atanın sözləri də bu cəmiyyətə çatacaq formadadır. Çatdırmamaqda günahkar elə biz özümüzük. Bunu yaymaq, genişləndirmək gərəkdir. Bu ideyanın qarşısında heç polis də dubinka qaldıra bilməz. Çıxıb meydanda azadlıq, inqilab kimi şüarlar səsləndirəndə tutub aparacaqlar. Ancaq bu ideyada apara bilməzlər. Mümkün deyil. Polisin də ağlına batacaq. Onun hərəkətverici qüvvəsi onun düşüncəsidir. Düşüncəyə tam oturmasa da, yarı oturanda belə onun əl-qolu aşağı düşəcək. Yazdığınız kitablar niyə rəfdə qalmalıdır, bunu yaymaq gərəkdir. Gənc kadrları hazırlamalısınız. O enerji bu yaşda Soylu bəydə də var. Ruh cavan olandan sonra istəyir yüz yaşınız olsun. Qısa eləyim, ideyanı yayın mən də lazımsa kömək edəcəm. Mən həmişə çəkinmədən demişəm hakimiyyətin devrilməsinə ancaq ideya ilə qalib gəlmək olar, şüarla yox. Biz fərdlə yox, ideyalarla mübarizə aparmalıyıq. İdeyalarla mübarizə aparsaq qalib gələcəyik. Mənim bir müəllimim vardı, Tovuzdan idi. Azərbaycan dili, ədəbiyyat müəllimim olub. Asif Ata Ocağı ilə çox maraqlanırdı. Məktəb illərində mənə də maraqlı gəlirdi. Həmişə ideyalardan danışırdı, qulaq asırdım. O dönəm üçün danışılan bu gün mənə çatır. Bu gün danışdığımız on il sonra kiməsə çatacaq. Anında heç vaxt beyinə, şüura nəsə oturmur. Axı bizim şüurumuzu da çox korlayıblar. Siz də dediniz ki, insanlar bir-birinə etibarsızlaşıb. Deməli, hakimiyyət hamımıza tək-tək şüuraltı nəzarət edir. Şüuraltı instinkt kimi formalaşır. On nəfər mənə dəli desin, elə biləcəm dəli oluram, on nəfər yalan danışa bilməz. İnsan psixologiyası çökür. Dünyada hansısa bir qalaktika ulduz kəşf olunanda ondan bir qədər sonra hansısa orqan kəşf olunur, beyinə məlum olmayan bir orqan da çıxır ortaya. Deməli, bu kainat öz-özünə də idarə olunmur. Mən heç vaxtı Allahı inkar etmirəm. Ancaq Allahın nişanalərini dərk etmək üçün ocaqları qəbul etmişəm. Çünkü ocaq rəhbərləri zəkalı insanlar olur. Əslində Allahın elçiləri onlardır. Mən bunu belə qəbul edirəm. Düşüncəm budur, bəlkə yanlış düşünürəm. Müasir peyğəmbərlərdir. Peyğəmbər sözünün mənası rəhbər deməkdir. Biz onu  elə formaya salmışıq ki. Necə ki, sovet vaxtı Quranı qoyurdular şkafın üstünə, deyirdilər əlini vurma. Qorxurdular. Cahillikdən qaynaqlanırdı bu. Ocaq rəhbərləri də zəmanəmizin peyğəmbərləridir. Biz onları qəbul etməliyik. İndi bu gün rəhbər sizsiniz. Siz bu yola işıq saçmısınızsa, deməli, davamçılar olmalıdır. Məhv olmamalıdır. Bizim zəkalı insanlarımızı, ərən kişilərimizi bu millət heç vaxt görməyib.
Türkiyə türkü gəlir, elə Türkiyə türkcəsində danışır bizimlə. Azərbaycan dilində danışmır. Rus gəlir, rusca danışır, inglis gəlir, ingliscə danışır. Özümüzə aşağı gözlə baxırıq. Onu da bizə yetmiş ilin əsarəti öyrədib, ərəb əsarəti öyrədib. İslam dinini bizə öyrətdilər bizə din verdilər, ancaq bizim hər şeyimizi əlimizdən aldılar. Düşünürəm ki, maarifləndirmə olmalıdır. Baxmayaraq ki, Azərbaycanın siyasi gedişində hamının hər şeydən xəbəri var. Sadəcə biri var yatasan, biri var özünü yuxululuğa vurasan. Yuxululuğa vuran adamı ayıltmaq çətindir…
Hər biriniz mənim üçün bir hürufisiniz. Var olun. Mən Ocağa çox böyük dəyər verən adamam. Çünkü mənə Soylu bəy Ocağı elə təqdim elədi ki, mən üç gün o haldan çıxa bilmədim, Yasinlə yazışdım. Sizləri hələ bilmirəm. Danışdıqca biləcəm. Məni cəlb edin özünüzə. Hər şeyiniz var. Bu cəmiyyəti cəlb eləməyə nəsə olmalıdır. Ocağı mənə gözəl tərənnüm eləmisiniz. Ancaq onu tam bilim ki, kimisə də gətirim. Hərəmiz bir ailədən gəlirik, hamı fərqli düşüncədədir. Ortaq düşüncə üçün bizə yeni inam qaynağı gərəkdir. Minnətdaram hər birinizə. Sağ olun.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Kamil insan qurtuluşu ömrünə sığışdıracaq qədər qüdrətlidir. Ancaq onun ömrüylə ifadə olunan qurtuluş yolu onun özüylə məhdudlaşmır, ömürlərə keçir, gələcəyə yol alır. Zaman-zaman insanlar qurtuluşu müxtəlif yönlərdə axtarıblar. Ancaq nədən qurtulmaq, nəyi dəyişmək gərəkdir, bəşərin sorunları nədir ki, insan çıxış yolu axtarır?! Bu kimi suallar daim cavab istəyir. Ailə sorunları, məişət sorunları, cəmiyyət sorunları, bütövlükdə bəşəriyyətin sorunları var. İnsan ömrü boyu bunlardan qurtulmaq yollarını axtarır. Zaman-zaman bəşəriyyətin sorunlarının həllini hərbdə, döyüşlərdə, zorda axtaranlar da meydana çıxdı. İnsan öz qüdrətini hərbə yönəltdi, kəşflər etdi, yeni silahlar düzəltdi, böyük sərkərdələr meydana çıxdı, qanlı müharibələr aparıldı. İnsana münasibət pozuldu, insanlar bir-birini didən heyvana bənzədi. Hərbin əsiri olan ürəklərdə mərhəmətə yer qalmadı. İçində qisası, kini, tamahı böyüdən insan getdikcə daha böyük sorunlara yol açdı. Ortaya çıxan dünyabaxışlar da hərbi aradan qaldıra bilmədi. Allaha bağışlayan, rəhmdil olmaqla bərabər qəzəblənən, qisas alan sifətlər də verildi. İnsan daha çox ikinciyə meyil etdi. Çünkü öz içində bəslədikləri bunlarla səsləşdi. Müqəddəslik insana nisbi təqdim olundu. İnsan özündəki nisbiliyə bununla haqq qazandırdı. Allahlıq ideyası ağalıq duyğusunu aradan qaldırmaq əvəzinə onu bəslədi, böyütdü. İnsana – Mütləqə, müqəddəsliyə tən olmaq öyrədilmədi. İnsanın qarşısına sözdə bu tələb qoyuldu, ancaq ideyada tam təsdiqini tapmadı. İnsan da buna sözdə əməl etdi, ancaq içində ideyanın tələblərinə tabe oldu. Özüylə döyüşmədi, özündən ayrıldı. İçindəki şər üstün gəldikcə xeyir yenildi. Azğınlaşdı insan. Hüdudlar genişləndi də, insan üçün hər şey əlçatan da oldu, maddi yaşamın yaxşılaşdığı dönəmlər də oldu. Ancaq nə insan xoşbəxt ola bildi, nə bəşər qurtuluşuna qovuşdu. Sadalanan sorunlar dövrdən dövrə öz həllini tapmadan keçdi. Hərbin, zorun çıxış yolu olmadığını tarix dəfələrlə sübut etdi. İnsan qurtuluşun nədə olduğunu doğru bəlirləyə bilmədi. Doğru bəlirləmələr tarix boyu tək-tək insanlarda üzə çıxdı. Onlar da dövrün cahillik sorunları ilə üz-üzə qaldılar. Ancaq ömürləri ilə qurtuluşun yolunu çizə bildilər, gələcəyə yol almağı bacardılar. Öldürüldülər, ancaq ölməzliyi sübut etməklə fərqli tarix yazdılar. Əslində ölümsüzlükləri ilə bəşərə qurtuluşun hərbdə-zorda olmadığını sübut edə bildilər. İnsanlıq da təkcələrin çiyin verdiyi, fərəhlə daşıdığı bir Yük, qurtuluşa aparan ən uğurlu yoldur. Atanın çağırışı, ideyaları bəşəri buna – insan olmağa, özünü qurmağa, yetişdirməyə, xilaskar olmağa çağırır. “İnsanlaşın,  İnsanlaşdırın. Bəşərin nicatı İnsanlaşmaqdadır!”. Bəşərilik Bayramımız qutlu olsun.
Atamız Var olsun!

Soylu Atalı: Qatqınıza, halınıza, düşüncənizə, baxışınıza görə var olun. Azərbaycanda heç bir sahə öz xəttində deyil, öz yolunda, yönündə deyil. Ona görə konkret olaraq, bir milli birlik deyək, milli ölçü deyək, formalaşdırmaq alınmır. Yadınızdadırsa, yazılarımdan birində vurğu eləmişdim ki, dünyada çoxsaylı ideyalar var, bu gün də var. O ideyaları tərənnüm edən, izhar edən çoxsaylı kitablar da var. Bu kitablar dilimizə çevrilir, yurdumuza sunulur. Bu kitabları çevirənlər öz işini görülmüş, bitmiş sayır. Ancaq bu kitabları oxuyan insanlar var. Onları yanlışlardan kim qoruyacaq?! Deyək ki, bizim ədəbi mühitimiz, fəlsəfi mühitimiz var. Bunlar nə etməlidir, – dilimizə çevrilən ədəbiyyatları, qıraqdan gələn ideyaları öyrənsinlər, araşdırsınlar topluma sunsunlar ki, onun xeyri-ziyanı nədir. İş getmir. Ona görə Ocaq nə qədər ideyası zəngin olsa da, nə qədər aktiv olsa da, qarşısına bir çox maneələr çıxır. Baxın, bizdə qırağa yönəlik maraq daha güclüdür. Bu maraq da insanlarımızın şüurunu başqa ideyalarla yükləyir, başqa düşüncələrlə yükləyir. Bizim ölkəmizdə öz içimizdə yaranan düşüncəyə aydınlıq gətirməyə meyil-maraq aradan gedir. Onunçün deyirəm iş görülməlidir. Ölkəyə gələn kitabların anlamını topluma doğru sunmalıdırlar. Bir də çox paradoksal şeydir, həm mən deyirəm, dünyada çoxsaylı ideyalar, düşüncələr var, onlar həm də bizim yurdumuza gəlməlidir, bizim toplumumuz, insanlarımız onu öyrənməlidir, bilməlidir. Burdan da getməlidir. Bəs öyrənməli, bilməli nə deməkdir?! Gənclərimiz o kitabları oxuyurlar, o kitabların etkisində davranırlar, düşünürlər, o kitabların onlara verdiklərini düşünürlər. Dünən feysbukda “Zəkanın demədikləri” adlı yazımı paylaşdım. Orda mənim belə bir vurğum var… (Nitsşenin “Antxrist” əsəri bizim dilimizə çevrilib oxumuşam. Çox dərinə getmədən bizə gərək olan bəzi məqamlara toxunmaq istəyirəm). Nitsşe deyir ki, Allahı təhrif elədilər. Mən o kitabı oxuyana qədər yazmışdım ki, Allah təhrif olunub. Allahın anlamı dəyişib sanki. Mən bunu oxuyandan sonra az qala bu kişiyə vurulacaqdım ki, bu mənim düşündüyümü deyibmiş. Sonra mən araşdırdım, öyrəndim, görüm bu kişi “Allah təhrif olunub” deyəndə nəyi nəzərdə tutur. Bu adamın ideyası üstüninsan, fövqəlinsan ideyasıdır. Tövratdan alıntı vermişəm. Musanın Rəbbi Musaya deyir: qövmünə de ki, mən çox qısqanc və qəzəbli Allaham. Mənə ibadətini, sevgisini əsirgəyənə həmişəlik elə zərbə vuraram ki, onun neçə sülaləsi məhv olar. Mən qısqanc, qəzəbli, zorlu Allaham, dağıdaram, məhv edərəm. Filankəsi məhv edin, filankəsi öldürün, filankəsin əlindən onu alın, bunu alın. Nitsşe Antixrist əsərini İsaya qarşı yazıb. İsanın Allahı mərhəmətli, insana sevgi öyrədən, rəhmli bir Allah idi. Deyir sevin bir-birinizi, yaxınlarınızı, doğmalarınızı. İsa bunu aşılayırdı. Deməli, İsanın Allahı sevgi öyrədən Allahdır. Nitsşeyə Musanın Allahının bu duruma gəlməsi sərf eləmirdi. Nitsşeyə güclü, qəzəbli, dağıdan Allah gərək idi. Onun ideyası o idi. Fövqəlinsan, güclü insan, mərhəmət duyğusu insanı sapdırır, bu duyğu insana gərək deyil. Mədəniyyət gərək deyil, çünkü bunların hamısı insanı zəifliyə aparıb çıxarır. Ona görə deyir ki, Allahı təhrif edib. İsaya nifrəti gör hardan qaynaqlanır, İsaya məhz Musanın Allahını mərhəmətli duruma gətirdiyinə görə nifrət edir. Onunçün deyirəm, bizim insanlarımız milli şüura yardımçı olmalıdır. Ölkəyə gələn, gətirilən kitabları dilimizə çevirirlər. Düz edirlər, biz onları oxuyub öyrənməliyik. Oxuyub öyrəndiklərimizi doğru yönləndirmək gərəkdir. Məsələn, Nitsşeyə Azərbaycanda vurulanlar var. Nitsşe zəkalı adamdır. Onun zəkasının gücünə, qüdrətinə vurulurlar. Onun “hakimiyyət əzmi”, “antixrist”, “Zərdüşt belə dedi” adlı kitablarını oxumuşam, hamısında xətt birdir, – insandan heyvan düzəldir. Bizə görə güclü insan əgər mənəviyyatlı insan deyilsə, o heyvandır. Nə yazıqlar ki, Nitsşenin güclü insanı mənəviyyatlı insan deyil, zorlu insandır. Ona görə deyirəm, bizdə heç nə yerində deyil. Asif Atanın ideyasını verməli olduğumuz insanların şüurunu başqa şeylərlə yükləyirlər. Ora girə bilmirsən, sənin ora yolunu bağlayırlar. Onunçün deyirəm, hər kəs yerində olmalıdır. İsa, əyri-düz, sevgi öyrədir, Nitsşe ona nifrət edir. Söz yox, biz İsa Sevgisini bəşəriyyət üçün ölçü saymırıq. Xristianlıqdan gələn bir məntiq var, deyirlər dünyanı sevgi xilas edəcək. Asif Ata deyir, dünyanı sevgi yox, İnam qurtaracaq. Sevginin dayağı yoxdu. İnam olmayan yerdə sevgi yoxdur. Mən sənə inanmasam sevmərəm. Bəşəriyyəti, İnsanlığı sevməyin əsasında inam durur. Biz də bəşəriyyətə İnam veririk. Ramin bəy deyir, Azərbaycanda müxtəlif dərnəklər-filan var. Çoxunu mən də tanıyıram. Asif Atanın Ocağı bu dərnəklərin biri deyil. Asif Atanın Ocağı nəinki Azərbaycandakı dərnəklərin biri deyil, bütün dünyada olan dərnəklərin biri deyil. Yeni İnam gətirib ortaya. Bunun qurtuluş yolu lokal xarakter daşımır. Özül prinsipləri, ideyaları var. Asif Ata buddizmlə, xristianlıqla, islamla qarşı-qarşıya gələ bilər, balaca dərnəklərlə yox. Qarşı gəldiklərini də ən yüksək düzeydə ötə bilər. Çünkü onları öyrənmişik, bilirik. Ata deyir, mən dinləri öyrəndim, gördüm, dinlər insanı uçuruma atır. Fəlsəfəni öyrəndim, gördüm fəlsəfə insanı uçuruma atır. Dünyanın fəlsəfəsi ilə bağlı deyir bunu. Dünya fəlsəfəsində böyük mütəfəkkirlər var, azman düşüncələr var. Onların heç birində qabaqcıl baxışları Asif Ata danmır. Ancaq genel olaraq xətt kimi deyir, öyrənib gördüm insana zərər verir. Dinlər bəşəriyyətin qurtuluşu kimi meydana çıxıb axı. Deyir, öyrəndim gördüm insanı uçuruma atır. Niyə atır uçuruma, çünkü heç biri insana inanmır. Bir din göstərin ki, insana inanır. Asif Atanın İnamının adı, canı insandır, İnsanlıqdır. Ona görə o nöqtədə durub çağırır Asif Ata, bəşərin qurtuluşu insanlaşmaqdadır deyir. Bizim hər birimiz Ocağa gələndə oxuyurduq, “İnsanlaşın, İnsanlaşdırın, bəşərin qurtuluşu İnsanlaşmaqdadır”. Bunu mən də deyərəm deyənlər indi də var. Deyə bilməzsən. Bunu dünyada böyük ideya, böyük təfəkkür yolu yaradan nəhənglər deyə bilmədi, Asif Ata dedi. Girin onların fəlsəfəsinin, baxışlarının içinə, görün deyirmi?! Asif Ata deyir. Ömürtay mənə bəzi kitablar verdi, mən o kitabları oxuyub düşündüm. Mən dünyanın çağdaş fəlsəfi, ədəbi düşüncələrini də araşdırıram, baxıram. Oxucunu ən çox cəlb edən bir çox düşüncə adamları var. Bunlardan biri Co Dispenzadır, Eckart Tolledir. Dispenzanın, Tollenin düşüncələri min illər öncə yaranan daosizmdən qaynaqlanır. Asif Ata da deyir, bu gün daosizm insana gərək deyil. Bunu iddia kimi,“mən varam, başqa heç kim yoxdur” prinsipi ilə demir. Arxasında durur, ideya ilə durur. Mən daosizmi oxudum, öyrəndim gördüm ki, bunların dediyi odur. Ordan gəlir. Baxın, bu gün dünyada yunan fəlsəfəsi deyə təməl bir şey var. Dünya onu çox qiymətləndirir, çox bəhrələnirlər. Elə bil ki, nüvədə o dayanıb, yunan baxışı, yunan fəlsəfəsi. Asif Ata deyir,  yunan fəlsəfəsi hind ruhaniyyatının komentariyasıdır, ayrı şey deyil. Mən oxudum gördüm, doğrudan da, elədir. Söz yox, mən oxumasam da Asif Atanın dediyinə inanıram, çünkü araşdırıb öyrənib deyir. Ancaq mən özüm də oxudum, gördüm. Mən Sokratın baxışlarını oxudum araşdırdım. Onun o dünya ideyasını, Tanrısal sistemə baxışını öyrəndim, gördüm hind ruhaniyyatından gəlir. Hind ruhaniyyatını oxuyuram, görürəm Tanrıçılıqdan gəlir, Şumerdən gəlir. Asif Ata hardan gəlir?! – Bunların hər birini öyrənir, hər birinin cövhərində olan gözəlliklərin heç birini qırağa qoymur. Asif Ata, adını çəkdiklərimdən bəhrələnib. Ancaq heç birini bütöv şəkildə qəbul eləyə bilməyib. Uzağa getmirəm, Tolstoyun “Etiraflarım” əsərini oxumusunuz. Bu adamın həyat gözündən düşüb, intihara dayanıb. Orda Tolstoy deyir, mən Buddaya üz tutdum. Budda mənə dedi ki, həyatdan əl çək. Deyir, Şopenhauerə tutdum üzümü. Mənə dedi ki, hər şeyin üzərində güclə hakim ola bilərsən. Elmə üz tutdum, elm mənə dedi ki, bu bizim işimiz deyil. Mən niyə varam, həyat nədir, mən niyə yaşayıram suallarını özünə verir, cavab tapa bilmir. Elm  də mənə dedi ki, biz fiziki, kimyəvi qanunları öyrənirik, sənin dediyinlə uğraşmırıq. Deyir, mən fəlsəfəyə üz tutdum, dedi biz elə sənin axtardığını axtarırıq. Qayıtdım doğruçu babalarımın üz tutduğu inanc məsələsinə. Yəni xristianlığa üz tutub. Xristianlığı Tolstoy necə şərh edir, necə sunur?- Əsil xristianlıq deyə. Bütün kahinlərin hamısını şarlatan, avara yığınağı sayır. Mən də Tolstoyu oxudum, öyrəndim, xristianlığı oxudum, öyrəndim, gördüm ki, Tolstoyun əsil xristianlıq dediyi bir şey Tolstoyun öz ağlında olan xristianlıqdır. Yazmışam. İlkin xristianlıq, gerçək xristianlıq, əsil xristianlıq aşamaları ilə yanaşır Tolstoy. İlkin xristianlıq İsanın başladığıdır, gerçək xristianlıq İsadan qopmuş, uzaqlaşmış xristianlıqdır. Əsil xristianlıq Tolstoyun özünün yanaşdığı xristianlıqdır. Bunları öyrənəndən sonra dedim ki, Tolstoyla Asif Atanın arasında bircə addım məsafə var. Ancaq bu bir addım min ilə bərabərdir. Asif Ata demişdi, sufilərlə hürufilər arasında bir addım yol var, bu bir addım yol min ilə bərabərdir. Mən onu axtarıb öyrəndim ki, görüm sufilərlə hürufilər arasındakı bir addım nədir. Mən bunları araşdırıb öyrənəndən sonra özüm bu qərara gəldim ki, Asif Ata ilə Tolstoy arasında da bir addım yol var. Bu bir addım min ilə bərabərdir. Nəyə görə min ilə bərabərdir, Tolstoy intihara cəhd edəndən sonra düşünüb, babalarının doğru bildiyi xristianlığa – əsil xristianlığa üz tutub. Tolstoya qədər olan xristianlıq Tolstoyun içində yoxdur, qəbul eləmir. Ona görə dinsiz, Allahsız deyirdilər…Bəs Tolstoyla Asif Atanın arasındakı min ilə bərabər bir addım yol nədir?! – Tolstoy dünyanı axtardı, öyrəndi rahatsızlıqlarına son qoymaq üçün dedi, sən demə babalarımın üz tutduğu doğruçu inanc məsələsi imiş qurtuluş. O özündən min il öncəki xristianlığa üz tutdu. Asif Atanı isə bütün bunların heç biri qane etmədi, özü yeni dünyabaxış yaratdı. Mütləqə İnamı yaratdı. Tolstoyla Asif Atanın arasındakı həmin yol min ildir. Çünkü bir dünyabaxış min ildə bir yaranır, həmişə yaranmır. Tolstoy əskiyə üz tutdu, Asif Ata yenisini yaratdı. Bizim öyrətməli olduğumuz məsələ nədir, – biz insanda özünə güvən, inam yaradırıq, yaratmalıyıq. Özünə inam olmayan yerdə sivilizasiya sonuna doğru gedir. Özünə inanmaq üçün özünü yaratmalısan. Toplumda təvazökarlıq oyunları var, televiziyada bir şairə sual verirlər, – siz özünüzdən razısınız?! Deyir, yox mən özümdən narazıyam. Oyundu bu. Heç özünü tanımır, bir dəfə də olsun araşdırıb öyrənməyib kimdir özü. Hamı əzbərləyib Sokrat deyib, mən bilirəm ki, heç nə bilmirəm. Belə şeyləri öz adından dilə gətirmək oyundur. Sokrat onu oyun kimi deməyib. Bu Sokratın səmimiyyətidir, Sokratın gəldiyi sonucdur. Doğrudan da, o hər yarpağı qaldırıb içindən biliklər çıxarır. Bilik tükənmir, kainat sonsuzdur, Allah anlamı sonsuzdur. Bu anlamla bağlı bilik sonsuzdur. Biz o sonsuzluğu bilməyəcəyik, bilmək gərək də deyil. Biz o sonsuzluğu dərk edəcəyik. Mənə gərək deyil, nə qədər bilik var, hamısını öyrənim. Mənə gərəkdir, mən kim olduğumu dərk eləyim. İnsan olduğumu dərk eləyim. Bunun üçün gərək olan biliklərə yetsək böyük işdir. Hər bir adamda, hər bir bəşər övladında paxıllıq, qısqanclıq, simasızlıq, ikiüzlülük az, ya çox mənada var. Çünkü sən ruhani varlıq olmaqla yanaşı həm də bioloji varlıqsan, cismi varlıqsan. Cismi, bioloji varlıqda bu deyilənlər var. Biologiyada heyvanlıq var. Sən doğulub dünyaya gəlirsən, sənin  hədəfin o heyvandan qurtulmaqdır, insana yüksəlməkdir. Sən Allahın – Mütləqin təzahürüsən. İsa deyirdi, Allahın oğluyam. Allah bunu üfürüb Məryəmin qarnına. Allahın oğluyam demək Allahı inkar eləməkdir. Sən Allahın oğlusan, bu o deməkdir ki, Allah doğub törəyir. Törəmə artım deməkdir. Allah artır, çoxalırsa ölümlüdür. Kainatın qüdrəti birdir. Yunan baxışlarında Zevs vardı, Zevsin də oğlanları vardı. Dəniz Allahı, Külək Allahı…Bunlar hamısı Allahın oğlanları idi. Allahdan olan da Allah olur. İsa da apostollarına deyirdi, siz elə Allahla biryerdə gəzirsiniz. Özünü həm də Allah sayırdı.O baxışlar yunanlardan gəlirdi. Allahın oğlu da Allah olar. Bunlar yanlış biliklərdir. Bizə görə Məna, Mütləq törəmə deyil. O, təzahürlərlə görsənişə gəlir. Təzahürləri artır, özü artmır. Özü sabitdir. Asif Ata bu məsələyə tamğa vurdu. Bütün baxışların hamısında Mütləq bənna, qurucu, yaradıcı kimi çıxış edir. Asif Ata onu demir. Deyir, təzahürlə törəməni fərqləndirmək gərəkdir. Deyirlər, o da aşağı-yuxarı onu deyir. Onu demir. Yön oxşardır, məzmun bir deyil. Məzmunda böyük fərq var…
Mən bunların hamısını bir-birinə niyə calayıb deyirəm. Bayaq dedim, Tolstoyla Asif Atanın arasında bir addım yol var min ilə bərabər. İndi törəmə deyirsən, təzahür deyirsən. Törəmə ilə təzahürün arasında min il yol var. Ayrı şeydir. O baxışa gələnlə bu baxışa gələn arasında min il məsafə var. Dünyabaxışlar arasında min il məsafə var. Fəlsəfədə də o cürdür.
Baxın, Azərbaycanda yaranan, dünyaya dərs deyə biləcək qüdrətdə olan Asif Atamız Var. Mən ona elə-belə səcdə etmirəm. Özümü onda tapmışam, o boyda axtarışların sonucunda. Əgər mən özümü Asif Atada tapmasaydım ya Soylu olmayacaqdım, ya da Soyluvari bir şey olsaydım, axtarışların içində itib batardım. İntiharlar elə şeylərdən yaranır, Kafka ona görə intihar elədi. Özünü tapa bilmədi. İnsandan həşərat düzəltdi, qaytarıb insan düzəldə bilmədi. İntihar elədi. Qurtuluş tapa bilmədi, yol tapa bilmədi. Tolstoy inanc məsələsində özünü tapdı, yoxsa özünü öldürəcəkdi. Nitsşe fövqəlinsan ideyası verdi, ancaq heç özünün içində bitməmişdi. Sonra dəli oldu, ağlını itirdi. Ağlına gəlmişdi, içində bitməmişdi, özünü tapmamışdı. Ona görə deyirəm, Ocağımızın məzmunu məktəbdir. Asif Ata elə bir məktəbdir ki, bütün dünya bəhrələnməlidir. Biz ona qulluq elədiyimiz qədər varıq. Ona qulluq elədiyimiz qədər millətin gələcəyinə inanırıq. Mən sizə səmimi deyirəm, Asif Atanın şəxsində mən nəinki Azərbaycanın, bəşəriyyətin qurtuluşuna inanmışam. Dünyada bütün sivilizasiyalar belə olub. Ayrı-ayrı düşüncə, ideya, təfəkkür adamları ortaya çıxıb insanları uçurumdan geriyə çağırıblar. İnsanlar onu eşidiblər, yeni bir ölçü-nizam tapıblar, yaşayıblar. Onların o cür həyatında yenilənən şeylər bizim ağlımıza, düşüncəmizə yeriyəcək qədər gəlib bu günə çıxıb. Çağırışlar isə daim olub, bundan sonra da olacaq. Çünkü hər kəs anasından doğulanda bioloji varlıq kimi doğulur. Biz deməyək ki, ona pis cəhətlər təkcə gendən gəlir. Doğanın özündən gəlir. Doğada heyvan var, ordan gəlir. Baxın, adam cismi varlıq olduğuna görə, onda bioloji keyfiyyətlər, xarakterlər olduğuna görə toplumda  həmişə enişə meyil var. Ona görə haraylar, çağırışlar həmişə olacaq. İndi dönəm Asif Atanın dönəmidir, çağırış Asif Atanın çağırışıdır. Eşidəcəklər Asif Atanı. Bunu mənim təsəllim kimi qəbul etməyin. Bu mənim içimdə gəldiyim sonucdur. Hər kəs bu sonucu özü öz içində düşünər. Bizim hər bir tədbirimiz, toplantımız bu amaca qulluq edir.
Var olun. Bayramımız qutlu olsun. Bayramımız musiqili, süfrəli, rəqsli davam eləsin.

“Bəşərilik Mərasimi üstə Mütləqlə Təmas”ı – Günev Atalı deyir:

Özünün Özündən Yüksək Mənasını daşıyan.
Aqibətindən Yüksək olan!
Tarixindən Yüksək olan!
Mahiyyətindən aşağı Yaşayan!
Özünə çatmayan –
Bəşər!
Özünə çatmalısan!

Ocaq Yükümlüsü Atanın çağırışını çatdırdı: Bəşərləşin- Bəşərləşdirin!
Hamı: Bəşərə and olsun Bəşəriliyə qulluq edəcəyəm!

Sərt Ayı, 45-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir