Xəbərlər

Qutsal “Ata Günü” Törəni

Ocaq Günsırası ilə 25 Ata Ayı, 45-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ata Günü” Törənini keçirdi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Ataya Səcdə ilə sözünə başladı: Biz 26 ildir Asif Atasız Ocaq torənləri keçiririk.

Konkret “Ata Günü” Törənini 26 ildir keçiririk. Bizim üçün Atanın Günü qutsaldır. Ona görə qutsaldır ki, Atanın varlığı dirəniş deməkdir. Atanın varlığı həyatdakı bütün əyriliyə dirəniş deməkdir. Atanın Günü bütün pozuntulara dirəniş deməkdir. Atanın Günü elə-belə Atanın xatirəsi üçün yaradılan gün deyil. Ata Günü quruculuq deməkdir. Həm İnsani quruculuq, həm Xəlqi quruculuq deməkdir. Biz Atanın Günündə Ocağın gerçəkləşdirdiyi qurucu əməllərin hesabatını veririk. Qurucu əməllər yalnız bizim icra elədiyimiz, həyata keçirdiyimiz əməllər demək deyil. Tutalım, biz görüş keçiririk, qəzet çap edirik, kitab çap edirik, bunlar söz yox, birbaşa quruculuq məsələsidir, ancaq quruculuq təkcə bununla qısıtlanmır, sınırlanmır. Ən böyük quruculuq bu işləri ayaqda tutmaq üçün, gerçəkləşdirmək üçün, onun yiyəsi olmaq üçün  Evlad quruculuğudur, Evladın böyüməsidir. Ən böyük quruculuq budur. Ocağın əməllərini azaltmayacağıq, gücümüz nə qədər çatırsa, o qədər artıracağıq. Ancaq Ocağın əməlləri Ocaqçının arxayınlaşması kimi gerçəkləşməməlidir. Yəni biz Ocaq işlərini plan kimi doldurmuruq. Hər bir iş bizim ömrümüzün hesabatı kimi həyata keçir. Evlad quruculuğu, Evladın özünü yaratması olayı Ocağın baş planıdır, əsas gorəvidir. Bilirsiniz, biz o qədər əməli işlər görmüşük. Doğrudur, əməli işlər Ocaqçının ruhaniyyatlaşması üçün çox böyük etki deməkdir. Bunu danmıram, deyirlər, əmək insanı nizamda saxlayır. İnsan əmək çəkməzsə, sağlam iş görməzsə, qurucu iş görməzsə, pozucu işlər görər. Hər kəsə bəllidir. Avara adam pis işlər görər, pis işlərə meyil edər. Ancaq doğruçu əməllər insanı nizamda saxlayır. Ancaq biz bunu ölçü kimi qəbul etmirik. Niyə ölçü kimi qəbul etmirik? Əmək varsa, mənim də qanacağımın, tərbiyəmin nizamı var. Əməkdən asılı olmamalıyam mən. Əmək bu gün var, sabah qocalacağıq, əməl olmayacaq. Ona görə qocalanda deyirlər, bunu toplum üçün deyirlər –  insan iki dəfə uşaq olur – bir körpəlikdə, bir də qocalanda. Qocalanda adamların çoxluq baxımından ağlı azalır. Çünkü adam ömrü boyu əməklə uğraşıb, onun ömrünü əmək nizamda saxlayıb, düşüncə yox, mənəviyyat yox, öz üzərində işləmək yox. Günlərin bir günü qocalır, iş görmək qabiliyyəti başa çatır. Sonra başlayır sağ-sol getməyə. Ocaqda gördüyümüz bütün əməllər qutsal əməllərdir. Onu danmıram. Ancaq biz ondan asılı olmamalıyıq. İçimizdə bizi ayaqda tutan ölçü olmalıdır. Quruculuq məsələsi odur. Biz mənəviyyat yolunun adamlarıyıq. Biz mənəviyyat yaradırıq, əməl oldu-olmadı, əmək oldu-olmadı, biz elə bizik. Ona görə Ocaqçının ən böyük görəvi – öz üzərində işləməkdir. Bunu belə ümumiləşdirib deyərəm – hər bir Ocaq əməli Ocaqçılığın gerçəkləşməsi kimi, təzahürü kimi ortaya gəlməlidir. Hər bir əməl eşqin yaradıcılığı olmalıdır. Gələcək eşqinin, Mütləq eşqinin,  ruhaniyyat eşqinin gerçəkləşməsi olmalıdır. Bu bizim özünü yaratmaq yolunda ölçüdür, açardır. Ata mərasimdə deyirdi, siz kamilləşməni ölçüyə çevirməyin. Bizim hədəfimiz kamilləşmə deyil. Bir ilə, iki ilə siz kamilləşməlisiniz. Öz üzərinizdə işləyin. Asif Ata öləndən sonra biz niyə bölündük, parçalandıq?! – Kimi dindirirdin, deyirdi, heç kim kamil deyil. Kamil deyilsən, ol. Birində artım olanda o artımı göz götürmürdü, çünki öz üzərində işləmirdi. Toplumda ən pis keyfiyyətlər – paxıllıq, qısqanclıq, bu kimi xüsusiyyətlər Ocaqda qorunub saxlanılırdı. Göz götürmür kiminsə öz üzərində qələbə çalmasını. Ona görə Ata bizə deyirdi, siz bir-iki ilə kamilləşməlisiniz. Bizim hədəfimiz ondan sonra başlayır. Çünkü böyük quruculuğu, xəlqi quruculuğu kamil insanlar həyata keçirə bilir. Cılız insanlar heç nə edə bilmir axı. Ata Gününün bizə öyrətdiyi, bizim qarşımıza qoyduğu tələblərdən mən çıxış edirəm. Atanın Günü budur.
Mən dedim, Atanın Günü dirəniş deməkdir,- həyatdakı eybəcərliklərə dirəniş. Necə dirəniş göstərirsən?!– Şərə dirənişi xeyirlə göstərə bilərsən. Mənəviyyatsızlığa dirənişi mənəviyyatla göstərə bilərsən. Pozuntulara dirənişi uğurlarla göstərə bilərsən. Əgər bunlar yoxdursa, demək Ata Günü artıq ideya kimi arxivə gedir. Arxivdə qalır. Ata Günü o vaxt əməli olaraq var ki, onu yaşadan, o tələblərə cavab verən ömürlər olur ortada. Bu baxımdan Ailə Günlərində qətiyyət artmalıdır, özüylə döyüş hesabatı genişlənməlidir, hər bir fərd özünün sorunlarını axıra qədər deməyi bacarmalıdır. Atanın obrazlı bir sözü var, siz ömrünüzün qırxıncı qapısını açmaya bilərsiniz hesabatda, özünəməxsus sirlər ola bilər, ancaq yerdə 39 qapı var. 39 qapının hamısını açmaq gərəkdir. İçindəki yaxşını, yamanı çıxart ortaya. Yaxşını örnək kimi deməlisən, öyrətməlisən, pisini üzə çıxarıb döyməlisən. Biz deyirik, Ocaq məktəbdir. Ocaq necə məktəbdir, – triqonometriyadan dərs deməyəcək ki. Məktəbdir o deməkdir, insan varlığına özgün olan yaxşı-yaman nə varsa, hamısı tanınır, öyrədilir, islah olunur, yenilənir, qurulur, fəlsəfi anlamda yenidən doğulma prosesi başlayır. Belə olanda toplumdakı neqativ proseslərə qarşı, hər bir eybəcərliyə qarşı, yüksək idrakilik səviyyəsində, mənəvilik səviyyəsində dirəniş göstəririk. Sözümüzü deyirik, yazımızla, görüşümüzlə, ünsiyyətlərimizlə dirəniş yaradırıq. Qovğasız, davasız dirəniş yaradırıq. Bütün bunlar yox deyil, var, ancaq daha kompleks şəkildə olmalıdır, daha sistemli,  daha güclü şəkildə olmalıdır. Mənə elə gəlir,bu işlər bəzi Ocaqçılarda olduqca zəifdir. Yəni məqsədyönlü görüşlər, ünsiyyətlər, yaradılmalı dirənişlər olduqca zəifdir.
Ocaqda əməli uğurlar var, onu dəyərləndirirəm. Başlıca olaraq, Göytəkin, Nurtəkin saytlarımızı işlədirlər. Ocağın maddi yükünü ən çox Bilən öz üzərinə götürür. Göytəkin sosial şəbəkələrdə, qruplarda daha yaxşı işləyir.
Həmişə deyirik, qayğılar getdikcə artacaq, azalmayacaq. Bir halda ki, dünya daha çox əyilməyə doğru gedir, əyilən dünyada bizim qayğılarımız necə ortadan qalxa bilər?! Biz də insanıq, bizim də evimiz var, həyatımız var, işimiz-gücümüz var. Ona görə qayğı azalmır. Qayğı nə qədər çoxalırsa, Ocaqçının Ocaqçılıq gücü bir o qədər artmalıdır. Yoxsa həyat Ocağa üstün gələr. Ocaq yenilə bilər, sarsıla bilər. Ocağın sarsılması onun Evladlarının həyata daha çox tabe olması anlamına gəlir. Bu baxımdan Ata Gününün dirəniş olduğunu hər kəs özünə ciddi deməlidir. Hər kəs öz üzərində düşünməyi bacarmalıdır. Mənim xoşbəxtliyim ondadır, iş yerimdə saatlarla düşünürəm. Oxumayanda saatlarla düşünürəm. Hər gün düşünürəm, özümü saatlarla təftiş edirəm. Özünə vaxt ayırmaq –(kitab oxumaq anlamında demirəm, o öz yerində)– yəni özünü tanıyıb döymək üçün. İçindəkiləri üzə çıxarıb özünü islah etmək üçün.
Çox uğurlu qonu qoyulub – “İnamla yaşamaq həyata baxışımı necə etkiləyir?” Elə mənim dediyim məsələlər bu qonuları aydınladır. İndi dinləmək istəyirəm.
Atamız Var olsun!
Atamızın Bayrağını öpürəm.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Ocağımızın “Ata Günü”nü qutlayıram. Gediş Yazısındakı qonulara özüməxas düşüncələrim var.
İnamla yaşamaq – Yaşamın dəyişə biləcək imkanına ümidimdir;
Asif Atanın, Mütləqə İnam Ocağının, Ocaq Evladlarının bir ömür zəhmətlərinin boşuna getməyəcəyini görümümdür;
Atdığım hər addımın bəhrə verəcəyi mənə bəri başdan gün kimi aydındır. Dünyadakı Mütləqi görürəm, Mütləq öz əlamətləriylə üzümə gülür, balam kimi, babam kimi. İnsanın hüdudsuz imkanlarını görürəm: – Qorqudların, Babəklərin, Zərdüştlərin, Nəsimilərin, Asif Atanın, Soylunun gerçəkləşən yaşamlarında.
Ocaq mühitini düşünəndə içim gülür, səcdəli münasibət, heyranlıq, səmimiyyət görürəm. Görənin buna həsrətini gördükcə düşüncə selinə qərq oluram. Ehtizaz, vəcd gəlir ömrümə, haray çəkmək eşqilə doluram. Böyük ümidlərlə evdən çıxıram. Uca söz deyirəm, göstərirəm İnamlı yaşamağın yönünü, özünə yetməyin gözəlliyini, böyüklüyü görməyin gərəkliyini, vurğunluğun ifadəsini, özüylədöyüşün dağlar qədər,  göylər qədər ucalığını, dərələr qədər dərinliyini, ruhun təlatümünü, narahat ömrün, gərgin yaşamağın sevincli anlamını.Yaşamın sevincini, yenidən doğulmağın məsuliyyətini, insani sorunlara qarşı sorumluluğun ömrə gəlməsini…
Ağsaqqallığa yetməyin hünər səviyyəsini anladıqca ruhani döyüşümün yarağının Asif Ata İnamı olduğunu bəyan edirəm. Bu İnamla dolan bir ömür yaşamaqdayam.
Dünyanın mənəvi ehtiyacından yaranan Ata İnamı bu ehtiyacı ödəmək üçün Evlad İnamçılığını yaratdı.
Amalım ömrümə hakim oldu.Ona yetməyin yolunda göstərdiyim çabalar ömrümün Ali qisməti oldu.
Viranəyə çevrilmiş Yurdumda özünə yadlaşmış yurddaşlarımın mənəvi yaralarına məlhəm olmağımın gərəkliyini dərk edirəm.
Ruhumu özgürlüyə qovuşduran üsulum –  özümüdərk etməyim, “Ricalar”la, “Təmaslarla” gündəlik bağlılığım, özüylədöyüşüm özümütəsdiq etməyimdir…
İnsan yaşadığını ifadəyə gətirəndə çətinlik yaranır. Ehtizaz  yazıya gəlmir, sözə gəlmir. Ocaqçı olmağım,hansı yolda olmağım həmişə, Soylu qardaşım demişkən, məni düşündürür. Mən kiməm? İnsanda sığmazlıq məqamı olur, barışmazlıq məqamı olur. Ona təsir etmək istəyirəm necəsə. Yüz ölçüb bir biçirəm həm ömrümü, həm kimliyimi. Çünkü yörənin diqqətində olduğumu bilirəm. Dəfələrlə şahidi olmuşam. Bir vergülün  belə yerini dəyişik deyəndə deyirlər, sən özündə belə… Ona görə daim özümü nəzarətdə saxlayıram.
Atanın dünyaya gəldiyi gün bizim üçün çox ucalıqda düşünülən bir məsələdir. Bunu mərasimləşdirmək özəl anlam daşıyır. Bunu Yükümlü vurğuladı. Dünyanın, bəşəriyyətin, eləcə də yurdumuzun günü-gündən narahat durumu əgər məni etkiləmirsə, ruhumu təlatümə gətirmirsə, hətta oturduğum yerdə dəli kimi ayağa qalxmıramsa, özümü Ocaqçı saymıram.  Saymaram.  Çox ciddi yanaşıram Ocaqçılığıma.Çox ciddi yanaşıram Atanın yolunun davamçısı olduğuma. Bəzən özümə də çox görünmür əməllərim. Ona görə etdiklərimin çoxunu yazmıram. İçimdə sanki tam ifadə eləmədim, demədim, tam yaşamadım o anı. O həmişə məni sıxıbdır, həmişə də səsləyir məni daha ciddi düşüncələrə.
Atamız Var olsun!

Soylu Atalı: Həyatın dəyişəcəyinə ümid yaxşı ifadədir. Qardaş-bacıların zəhmətinin boşuna getməyəcəyinə əminlik vurğulanır, o da yaxşı ifadədir. İnsan, doğrudan da, çətinlikləri görür, durumun hara yuvarlandığını görür, ancaq umutsuzlaşmır. Umutsuzlaşmamaq gücünü Ocaq onu verə bilirsə, insanda dağılmayan, başa çatmayan umut yaradır. Deyirlər, umut sonda ölür.Ocaqda umut ölmür. Sənin sonuca vardığın budur. Ocaqda umut ölmür, ölməyəcək.
İkinci bir məsələ, yadımdan çıxmamış deyim, dilimizə türkcənin gətirilməsi yaxşı haldır. Son çağlar Ocaqçılar anlayışları işlədirlər. Anlayışlarımız, dilimizin arınması – o da Ocağımızın işlərindən biridir. Bu gərəkdir. Ata deyirdi, bölgələrdə olmaq gərək, yaşlı insanlardan doğruçu sözlərimizi öyrənib qorumaq gərək. Onu bizə özəl tapşırıq kimi demir, ancaq istəyini bildirir, mənə elə gəlir, Ata üzünü təkcə bu işlə uğraşan insanlara yox, bizə tutur. Çünkü Ocaqçı səfərlər edib görüşlər keçirirsə, bölgələrdə yaşlı adamlarla ünsiyyət olanda onlardan dilimizdən çıxarılmış qədim sözləri öyrənib yazmaq, işlətmək gərəkdir.

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Mən də bacı və qardaşlarımı Ata Günü münasibətilə qutlayıram, can sağlığı, uğurlar diləyirəm. Qoyulan suallar, doğrudan da, gözəl suallardır. Ciddi suallardır. Bu sualları bir növ mən özümə aid elədim. İnsanın özünə baxışı önə çəkilir. Həyat iki qütblüdür. Bir qütbündə həyata umumi baxış var, ümumi baxış hamımıza bəllidir. Ocaq bacı-qardaşlarım məndən də gözəl hiss edirlər. Gördüklərimiz, yaşantılarımız hamısı bu qütbə daxildir. Başda isə Atanın ömrü mənim üçün Mütləqin ikinci sinonimi kimi durur. Ata ömrü, doğrudan da, təsəvvürlərə sığmır. Ata ömrü baxışlara sığmır. Ata ömrü bu günü min il qabaqlayıb. Min ildən sonra Atanın bu gününü dərk eləmək cəmiyyətə çoxluq baxımından çatacaq. Mənim özümə gəlincə, Ata ömrü haqqında düşünəndə heyrətdən söz tapmıram.Bu boyda böyüklük, bu boyda imtina. Atanın xoşbəxtliyi ondadır, Ata elə bil quruluşca belə qurulub. Körpəlikdən, uşaqlıqdan, xüsusən tələbəlik illərindən o, artıq yaşamayıb, bu həyatın adamı olmayıb.Yeni bir ali səviyyəli həyat yaşayıb. Ata o həyatı gəncliyində, yeniyetməliyində ömrünə gətirib. Atanın xoşbəxtliyi ondadır. Ancaq Ata bunu nə öz atasından görmüşdü, nə anasından görmüşdü. Bilmirəm, Atanın ailəsində mühit necə olub?! Atanın ata-anası müəllim olublar. Mən də müəllim olmuşam, mənim balalarım məndən nə görüb? Minlərlə müəllim var. Düzdür, müəllimlik bir az təmizlik deməkdir, ləyaqət deməkdir, üstünlük deməkdir, bir az qorxmazlıq deməkdir. Zəmanə bunların heç birini qəbul eləmir, gərək yaltaq ola adam, hardasa rüşvətxor ola. Hardasa həyatla barışığı ola. Bunları həyat sevir. Bizim gözəl sözlərimizi də eybəcərləşdiriblər. Rüşvətə də hörmət adını qoyublar.
Mən düşünürəm, Asif Atanın şəxsi həyatı yoxdur. Mən Ocaqcıyam, ancaq özümdən soruşuram, nə dərəcədə bulaşmamışam həyatın eybəcərliklərinə?! Mənəvi borc hesab edirəm bunun içindən çıxmağı. Bunları mən özüm yaratmışam. Mənlə yaranıb, mənlə dünyaya gəlib əksikliklər. Ailəmdən, niyə mənim uşaqlarım götürə bilməyiblər, o düzəlişi yarada bilməyiblər özlərində. Çünkü özüm yaxşı örnək olmamışam. Özüm həyat adamı olmuşam. Özüm həyat baxımından fərqlənməmişəm. Hamının biri olmuşam Ocağa qədər. Ocağa gələndən sonra insanın elə bil gözü açılır, qarşında inam var. Elə bir inam ki, yalansız, xurafatsız, bəzək-düzəksiz, insan necə varsa ortalığa qoyulur, böyüklüklər insana sırınırdı, insana mistik səviyyədə deyilirdi. Ancaq insanın təbii halında böyüklük mistikasız mümkündür. Bu mümkündürsə, məndə niyə olmasın. Olmur, çünkü mən həyata əvvəlcədən çox bulaşmışam. Ancaq o bulaşığın içində eybəcərliklər də var, dışında eybəcərlikdən qurtulma da.
Özüylə döyüş – vətən uğrunda döyüş. Vətən uğrunda döyüş insanın evinin içindən yaranır. İnsanın sevgisi, birinci, evinin içindən yaranır. Normal insan normal şəkildə böyüyürsə, normal şəkildə ailə qurursa, artıq burda yeni bir sorumluluq onun həyatına girir. Bu yeni sorumluluq, gələcək Evladlar deməkdir. Evladlar vətəndaş kimi böyüməlidir. Milli böyüməlidir, xalqımızın evladı kimi böyüməlidir. Birinci burdan başlasaq, daha gözəl olar. Bunun üçün insan özü gözəl ola. Ocağa gələndən sonra mən o gözəlliklə tanış oldum. Ocaq, doğrudan da, insana bir örnəkdir, bir yoldur. Amalımız elə bir müqəddəs yoldur ki, bu müqəddəs yolda heç bir qatqı yoxdur.
Kasıblıqdan utanmamaq, halallıqdan usanmamaq deyir Ata. Bizim Ocağımız ona görə böyük, ölçüsüz bir qurumdur. Bu ucalıqdan baxmaq istəyirəm dünyaya, Soylu qardaşım kimi.
Atamız Var olsun!

Soylu Atalı: İşin ən böyük uğuru səmimiyyətdir. Xoşbəxtlikdən bizim Amaldaslarımız səmimidirlər. Səmimiyyət elə quruculuğun da, yerisin də ilk pilləsidir. Səmimiyyət olmayanda pillə də olmur, yüksəliş də. Ona görə səmimiyyət məsələsi bizə imkan verir, daha çox yüksəyə qalxa bilək.

Göylü Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Ocağın verdiyi tərbiyə var, o tərbiyə əsasında özünü kökləmək əhvalındayam. Məni Göylü olaraq təsdiq edən, Ocağı təsdiq edən olmalı olacaq Göylü var. O Göylüyə can atıram. Maddi çətinliklər olsa da, işin yüzdə doxsanı mənəvidən qaynaqlanır. Yəni mənəvi öz həllini tapanda yerdə qalan şeylər hamısı həllini tapacaq. Səbəb deyil. O qüsurları ötmək, mənəvi olanı yaratmaq. Elə bilirəm, az qalıb o əhvalı yaradacam özümdə.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): İnsan anadan kamil doğulmur. Yanlışa da yol verir, günah da işləyir. Bəsit bir həyat da yaşayır. Əgər insan özünü necə var elə qəbul edirsə, həyatı da, məişəti də, yaşama bağlı olan ömrü də heçliyə yuvarlanır. Ancaq hər bir insan necə yaşayır yaşasın, öz həyatında dönüş yaratmaq imkanı var. O dönüş – insan özünü suallarla üz-üzə qoyanda, suallardan qorxmayanda, qaçmayanda yaranır. Suallar üzərində özünü yetişdirməyə çalışanda yaranır. Bu dönüş nöqtəsi o zaman etki göstərir ki, insan suallar üzərindən özünü dəyişdirməyə yetə bilir. Burda artıq hansı yolda olmağın önəmi aydınlaşır. Çünki seçdiyi yol onu dəyişdirib işığa çıxara da bilər, başqa yönə də götürə bilər. İnsan bağışlamağı da, özünə güzəşt etməməyi də, həyatının yönünü bəlli eləməyi də özünə tapşıranda doğru yolu tapır. İnsan bütün ömrü boyu möcüzələrə heyrət edir, insanın bütün yaşamı, duyğuları özü bir möcüzədir. İnsan sevgini, inamı içində var etdiyi dərəcədə sonsuzluğu duyur.
Yaxın günlərdə kiçik bir hekayə oxudum. Əsərin qəhrəmanı daim bədbin əhvalda olan biridir. Əsərdə onun içində sevgini tanıdıqdan sonra, inamı var etdikdən sonra, özünü suallarla üz-üzə qoyduqdan sonra onda yaranan dəyişiklikdən söz açılır. O, əvvəlcə məişətə bağlı bir ömür yaşayır. Hər şey adi görünür. Bütün gördükləri ona həyatın qısa olduğunu isbatlamağa çalışır. Hər şeydə ölüm əlaməti duyulur. Ancaq elə ki, içində sevgini tanıyır, özünü sorğulayır, sevginin onu necə dəyişdirdiyinə heyrət etməyə başlayır. Artıq onun üçün gördüyü ölüm əlamətləri yox olur. Gördüyü hər şeydə sonsuzluğu duyur sanki. Bunu həm çevrəsindəki dünya ilə bağlı düşüncələri ilə, həm də iç dünyası ilə bağlı düşünəndə özündə müşahidə edir. Onun gözündə dünya artıq dəyişmiş olur. Bu dəyişiklik də dünyanın ölümlə məhdudlaşmadığı gerçəyi idi. İnsanın dünyaya baxışı dəyişiləndə yaşamağında məna görür əslində. İnsana özünə dərindən yanaşanda sanki hər duyğusu, hər yaşantısı sonsuzluğu daşıyır. Çünkü elə məqam olur, onu o qədər gözəl, yüksək yaşayırsan, görürsən bu an, bu məqam bir də olmaz, bundan yüksəyi bir də olmaz. Ancaq yenə də bəlli zaman içində təkrar olaraq həmin anı daha yüksək səviyyədə yaşayır, yaşanır insanın duyğularında. Baxırsan, insanın yaşantılarına nəzər salanda bütün duyğuları hər dəfə fərqli formada ifadə olunur. Sanki özündə sonsuzluğu daşıyır. İnsanı sonsuzluğa bağlayır. Bu dünyaya bağlılıq, bu dünya üçün çalışmaq, başqa dünyanın olmadığı gerçəyini qəbul eləmək.Soylu bəylə söhbətə başlayanda ikinci sualım bu olmuşdu, insana cənnəti, cəhənnəmi desən onu qorxudur, yəqin cənnət-cəhənnəm yoxdur desən, o elə hərcayiliyə daha çox yol verər, daha çox yolunu azar. Ancaq sonra özüm də gördüm, insanın içi inama dogmalaşdıqca, doğrudan da, ədaləti tanıyır, həqiqəti tanıyır, özünü sorgulamağa başlayır. Baxırsan, doğrudan da, cənnət də, cəhənnəm də insanın öz içindədir, sadəcə özüylə uğraşması gərəkdir.
Qonuda qoyduğum sual – İnamla yaşamaq həyata baxışımı necə etkiləyir?Bu sual, demək olar, hər gün özümə verdiyim sualdır. Düzdür, bunu ayrıntıları ilə burda demək istəmirəm. Ümumiləşdirib deyəcəm. Hər gün, hər an, hər kiminləsə münasibətdən sonra özümə verdiyim sualdır. Müqayisəli dərəcədə düşündürən bir sualdır. Öncə necə idi, indi necədir? Öncə mən necə münasibət bəsləyərdim, indi necə münasibət bəsləyirəm?! Hər dəfə hər münasibətdən sonra o dəyişiklik ki, özümdə görürəm, bu mənə, doğrudan da, inamla yaşamaq, mənim həyatımı necə dəyişdiribsə onun sübutu olur. Hətta günə necə başlamaq belə, hansı duyğularla başlamaq belə, gələcəyimə hansı duyğularla baxmaq belə, yaşamımı necə qurmaq, necə özümə zaman ayırmaq, necə özünü sorgulamaq, bütün bunlar hamısı o sualın ətrafında birləşir. Hər dəfə insanlarla ən kiçik munasibətimdə belə, ən xırda nüansdan tutmuş lap böyük məsələlərə qədər (məsələn, nitqimin formalaşmağından tutmuş münasibətimə qədər, insanların hadisələrə münasibəti, mənim hadisələrə münasibətim, insanların gələcəyə baxışı, mənim gələcəyə baxışım, insanların gələcəyi dəyərləndirməsi, mənim gələcəyi dəyərləndirməm) hər birini hər münasibətdə sorguladıqca çox fərqli bir şeylər meydana çıxır. Mənim çevrəmdə insanların hamısı daha çox bədbindir, yaşam şəraiti onları gün-gündən umidsizləşdirir, gün-gündən onların yaşamağa həvəsləri ölür, ancaq mən onlarla söhbətimdə onların həyata münasibəti ilə mənim həyata münasibətimdəki fərqi görə bilirəm. Fərqin əmələ gətirdiyi haldan bədbinliyə yuvarlanan insanlar sanki yaşamaq gücü tapırlar. Təsəlli tapırlarmı deyim, yenidən eşitmək istəyirlər sanki münasibətimi. Bunlar hamısı ümumilikdə desək, inamın mənim həyatımda yaratdığı dəyişiklikdir. Yenə deyirəm, ayrı-ayrı detallara girməsəm də, özümdə bu sualın ortaya çıxardığı, mənim özümün ötə bilmədiyim çox şey var. Hətta bəziləri mənim üçün çox ciddi sorun sayılır hazırda. Ancaq inanıram, bu sual üzərində çox şeyi ötəcəm. Soylu bəy bir dəfə sual vermişdi – Mütləqə nədə can atırsan, nədə çatırsan?! Necə dəyişir baxışların, necə dəyişir həyatının yönü?! Mənə elə gəlir, o suallara cavab tapmağım ciddi hesab etdiyim sorunları da ortadan qaldıra bilər.
Atamız Var olsun!

Soylu Atalı: Burda çıxışların uğuru var, ancaq mümkün qədər çıxışı Atanın üzərinə yönəltmək gərəkdir.
Ata haqqında danışmağa daha çox meydan vermək gərəkdir. Atayla bağlı az danışılır.
Atanın Günü dirəniş məsələsidir. Nəyə dirəniş – onu da ayrı-ayrılıqda vurğuladıq. Başlıca olaraq, biz nədə Atanın varlığını özümüz üçün aydınlaşdıra bilərik. Hansı məsələlərdə?! Bəşəriyyətin qurtuluş yolu kimi şəkillənən, qurtuluş yolu kimi ortaya çıxan peyğəmbərlik olayı yaranıb. Peyğəmbərlik olay kimi çox dərin, çox mənalı, çox uca bir məsələdir.Ancaq bu adı daşıyanlar bu ada, hardasa, xələl gətirdilər. Konkret olaraq, bizim toplumumuzun həyatında daha çox etkisi olan İslam peyğəmbərini gözdən keçirsək, görərik, Məhəmməd peyğəmbərliyi əllaməçiliyə çevirdi. O cür zəngin, dəyərli, gərəkli bir olayı əllaməçiliyə çevirdi, oyuna çevirdi. Söz yox, peyğəmbərliyin fəlsəfi mənasından burda danışırıq, peyğəmbərlik sözünün etimologiyasından danışmıram, onun etimologiyası adi səslənir. Elçi, filan, xəbər gətirən, nə bilim nə. Ona görə mən peyğəmbərlik sözünün fəlsəfi məna gücündən bəhs edirəm. Mən onun fəlsəfi anlamında dərinlik görürəm. Asif Ata peyğəmbər sözünü qurtardı (xilas elədi). Ona dərin məna, məzmun gətirdi. Bu elə bir məsələdir ki, bəşəriyyət onsuz keçinməyəcək. Hara gedirsən get, nə edirsən elə, nə qədər texnologiya yaranır yaransın, bəşəriyyət mənəvi mürşüdsüz keçinə bilməyəcək. Onun ruhunu tərbiyə edən, onun ruhunu yaradan,  ruhunu qidalandıran, ruhunun yaşaması üçün ölçü verən bir olaysız var olmaq olumsuzdur. Canın-cəmdəyin yaşaması üçün ölçü verirlər. Texnologiya can-cəmdək bəsləyir. Peyğəmbərlik isə Ruhun yaşaması üçün böyük səbəb verir axı. Texnologiyaların gəlişi, elmin yüksəlişi, başqa dəyişikliklər insanlarda mənəvi düşkünlük yaradıb, inamsızlıq yaradıb, ümidsizlik yaradıb. Gələcəyə sağlam baxışı ortadan qaldırıb.
Heç kim heç kimə inanmır, güvənmir.  İnam kimi, ümid kimi, sevgi kimi, fədakarlıq kimi keyfiyyətləri sarsıdıb. Adını çəkdiyimiz keyfiyyətlər Ruhun keyfiyyətləridir. Ruhu göstərən, ruhun yaşamasını bildirən keyfiyyətlərdir. Bu keyfiyyətlər varsa, ruh var. Bu keyfiyyətlər yoxdursa, ruh yoxdur. Canı-cəmdəyi tutan keyfiyyətlər, ya da keyfiyyətsizliklər var. Demək insan ruhsuz yaşayır.Yenə deyirəm, sevgisiz, ruhsuz, inamsız, fədakarlıqsız bu cür insanların yaşamağı ölümdür. Ruh ölüdürsə, həyat ölüdür. Həyatı da canlandıran, ona ali məna verən insandakı ruhdur. Ona görə ruhun yenidən bərpa olunması, yenidən insanın varlığına qayıtması çox güclü mürşüd istəyir. Peyğəmbər istəyir. Peyğəmbər harayı olmasa, alınmayacaq. Lütfi- Zadənin nisbilik nəzəriyyəsi ilə həyat dala sürüşdü, getdi nə qədər. Qabağa getmədi. Peyğəmbər gərəkdir. Ona görə deyirəm, Asif Ata peyğəmbərlik olayını xilas edib onu mənalandırır. Onun anlamını yüksək bir düzəydə bəşəriyyətə qaytarır.
İkinci, Asif Ata Allah anlamını dirildir, xilas edir.Peyğəmbərlər Allah anlamıyla oyun oynadılar, Mütləqi ölçü olaraq ortadan qaldırdılar, yaşamdan götürdülər. Onun yerinə Mütləqin adı altında oyun gətirdilər, ölçünün yerinə. Asif Ata Mütləqi xilas edib insanlara qaytarır. Bu, bəşəriyyətin, insanlığın gələcəyi deməkdir.
Üçüncü, Asif Ata insanı Allahın əlindən, əmrindən alır, özünə qaytarır. Allahın əlindən alır, Allahın varlığına qovuşdurur. Nə qədər ki, Allah əliylə var, əmriylə var, insan toparlana bilmir. İnsan özünü bərpa edə bilmir. Həyata yüksək gözəlliklər verə bilmir.
İnsanın həyatı uçulur, cılızlaşdırılır, məhv edilir, sıradan çıxarılır. Heyvani həyat şəkilləndirilir. Asif Ata insanı Allahın əlindən alır, Mütləqə qovuşdurur. Dünyadakı Mütləqə qovuşdurur, içindəki Mütləqə qovuşdurur. Bu məzmunu verir, bu məzmunu verdiyinə görə biz Asif Atanın adına bağlı Ata Günü mərasimini gerçəkləşdiririk. Bu məzmunu belə bir gündə, belə bir tədbirdə, öz anlamına uyğun bir şəkildə dilə gətiririk. Nə deməkdir Ata Günü?! – Yadınızdadır,“Xural” qəzetində sevgililər günü filan başlamışdılar, mən də orda bir parodiya yazdım. Bunlar da qayıdıb Ata Günü də nədir-filan. Bəsit, cılız. İlhamla Fərizənin günü nədir?! -Nağıl. İlham öldü, Fərizə də özünü öldürdü. Yaşamağı bacarmadı. Burda yaxşı bir şey var, yox deyil.Yaxşı şey odur ki, bir daha sübut olunur, çağımızda da gənclərin varlığında, içində sağlam, saf arı bir sevgi var, onu bütünlüklə öldürə bilməyiblər. O intiharın yaxşı cəhəti budur, sübut elədi ki, sevgi var. Ən yaxşı halda onu göstərdi, sevənlər bir-birinə bağlı olmalıdır. Yaxşı şeydi, ancaq bundan o yana getmir. Onların bir-birindən sədaqəti bağlılıqdan uzağa getmir. Asif Ata Günü ilə necə tutuşdura bilərsən?!– Asif Ata yeri-göyü xilas edir. İntihar edən insanda bir cəhətə işarə verdi, – sədaqət olmalıydı. Ancaq Asif Ata yeri-göyü xilas edir. Atanın Günü odur, o anlama gəlir. İstənilən adama deyərsiniz, Asif Ata Günü var, eqoizm kimi qiymətləndirilə bilər. Fərqinə varmır, Asif Ata bu günü ona görə yaradıb, bu günün anlamı nədirsə, onu sən dilə gətirəsən, öyrədəsən. Bu günün anlamı peyğəmbərliyi xilas eləmək, bu günün anlamı Mütləqi xilas eləmək, insanı xilas eləməkdir. Bayaq dediyim məsələlərdir. Ata Günü bir fərdin, filosofun, bir alimin özü üçün düşündüyü yubiley günü deyil. Özündə görün nə qədər dərin məna daşıyır.
Ata bu günü yaratmaqla anlamını yaşatmağı bizdən umur.Bu günü biz nəylə, necə yaşada bilərik?! – Atanın böyüklüyünə münasibətlə. Ataya səcdə edirəm, nə deməkdir?! -Ataya səcdə edirəm, şəri sarsıdıram. Həyatda toplum şərə səcdə qılır, pula səcdə qılır, varidata səcdə qılır, yarışa səcdə qılır. Mən Ataya səcdə edirəm, insanlığa səcdə edirəm. İnsanlığa yüksəldirəm, şəri sarsıdıram. Şərin üzərinə yeriyirəm. Anlamı odur.Yoxsa Asif Ataya şöhrət yaradıram deyil. Nəyinə gərəkdir mənim yaratdığım şöhrət? O şöhrət ki, mənim ölümümlə başa çatacaq. Ata Gününün mənası budur. Bunu düşünüb, buna dayanıb çox uzaq yola getmək olar.Çünkü bu günün anlamı bizə uzaq üfüqləri göstərir. Uzaq üfüqlərdəki işıqları göstərir.Uzaq üfüqlərdəki işıqlara çağırır. Gələcəkli umuda çağırır. İnsana inama çağırır. Analığın gözəlliyinə çağırır. Dostluğun hikmətinə çağırır. Ədalətin varlığına çağırır. Bu məzmunla hər an dolmalıyıq. Dolduqca yenilməz olacağıq. Gücümüz birə beş artacaq. Həm quruculuq işlərimiz, həm toplum üzərində quruculuq işlərimiz zənginləşəcək. İki əlin barmaqları sayda insanların içində bu məzmun dünya yaradır, ortam yaradır. Elə bir dünya yaradır ki, bu dünyada insan özünü sarsılmaz görür, yenilməz görür. Həyat nə qədər çirkaba bulaşırsa bulaşsın, sən bilirsən, çirkabların fövqündə arılıq, duruluq, gözəllik deyilən bir şey var. O da sənin dünyandadır. Sənin ürəyin bulaşmayıb çirkinliyə. Sənin idrakın bulaşmayıb ona. Sənin doğmalığın bulaşmayıb ona. Yaşamaq təpəri, həm də döyüşmək təpəridir.
Yaşasın Ata!

Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə Ocaqçılara sunur.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetir.

Səsdən sözə çevirdi: Nurtəkin Atalı.

Köçəri Ayı, 45-ci il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir