Xəbərlər

Qutsal “Ailə Günü” törəni

Asif Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 45-ci ildə (fevral, 2024) Qutsal “Ailə Günü” Mərasimini gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Ocaqda ölənlərimizi – Sabahlını, Bağbanı, Amaltayı Ocağımızda bilirik.
İndi keçirdiyimiz “Ailə Günü” Mərasimi ilimizin sonuncu toplantısıdır. Düşünürəm, Ocağın bu ili də, yəni 45-ci ili də özünəxas bir uğurla başa çatmaqdadır. Ocağımızın bütün işləri  – Xalqlaşma səfərləri, mərasimləri, Ailə Günləri, hər biri uğur çağırıb. Ona görə Mərasimimizi elə ilin uğurları ilə uğurlaya bilərik. Ancaq belə qərara gəldik, ilin hesabatını bu mərasimdə yox, Yeni il Mərasimində verək. Yeni il mərasimi köhnə ilin başa çatması, yeni ilin başlanması olduğu üçün belə doğrudur.
Ailə Günü Mərasimi ilə bağlı düşünmüşəm, bu törən hansı gərəklikdən (zərurətdən) yarandı. Söz yox, Ocaqda  Ailələrin başlaması ilə bağlı Asif Ata belə bir Ocaq mərasimini düşünüb. Evladların ayda bir yol Ocaqçılıq yolu keçməsinin, Özüylədöyüş əməlinin hesabatını verməsi üçün Ruhsal Ailə biçimi yaradıb. Ailələrin də ildə bir yol Atanın, Ocağın qarşısında bu hesabatların özətini ifadə etmələri üçün indi keçirdiyimiz mərasimi gərəkli sayıb, adına Ailə Günü Mərasimi deyib. Qabaqlar çox adamlar çaşırdı Ailə Günü Mərasimi deyəndə. Ailə Günü Ailənin keçirdiyi aylıq toplantıdırmı, Ocağın illik Mərasimidirmi…
Asif Ata Ocağın biçimini, qurallarını düşünəndən sonra belə qərara gəlib, Ocaq Ata-Evlad prinsipinə dayansın. Yəni Ocaqda münasibət, yönətim Atalıq-Evladlıq prinsipi əsasında formalaşsın. Ocağa qəbul olunan hər kəs Atanın, Ocağın Evladı sayılsın. Evlad özünün yönünü formalaşdırsın, Ocağın yaşamasına, gələcəkli bir ölçüyə çevrilməsinə qulluq göstərsin. Bunun üçün Ocağa Evlad gəlişini özəl bir olay kimi dəyərləndirdi. Evladın Ocağa gəlişini ayrıca mərasimləşdirdi. Evlad çalışmalıdır, böyüməlidir, yol keçməlidir, məktəb keçməlidir. Bu necə olsun?! Asif Atanın yanında o vaxtlar 60-80 adam olub. (Asif Ata deyirdi, Ocaqda 100 Evlad olarsa bütün bəşəriyyəti dəyişmək olar). Bu sayda Ocaqçının böyüməsini, iş görməsini necə bəlirləyək?! Axı Ocaq Mərasimlərində hər bir Evlad hesabat versə, onda heç mərasimin vaxtı çatmaz. Ona görə Ata düşünüb, Ocağın biçimini Ailələr şəklində qurub. 3-5 adam bir Ailə yaratsın. Bu Ailədə hər bir Ocaqçı özünü yaratması, kamilləşməsi, özüylədöyüş yolu, xalqlaşma yolu ilə bağlı Ailə Günlərində – Ailənin aylıq toplantılarında hesabat versin. Bu hesabat  Ataya çatdırılsın, Ata da onu dəyərləndirsin. Yəni bu biçimlərin hamısı çox uğurla düşünülüb. Ocaqda qutsal Ailənin yaranmasını da ayrıca bir olay kimi dəyərləndirib, onu mərasimləşdirib. Ocağın məzmununu ifadə edən olaylardan biri Ailədir. Ona görə Ailə Mərasimləşməli idi. Ailələrin Yükümlüləri (Yükümlü anlayışını Atanın ölümündən sonra Ocağa gətirdik) Ailənin illik keçdiyi yol, apardığı ruhani mübarizə, özünü yaratma əməli, xalqlaşma əməli ilə bağlı Ocağın qarşısında – Atanın qarşısında hesabat versin, – Ocağın Ailə Günü Mərasimində. Bununla başqa Ailəçilər də onların işlərindən soraq tutur, öyrənir, bəhrələnir. Beləcə, Ailələr bir-birinin işindən,genel olaraq, ildə bir yol Ailə Günü mərasimində soraq tuturlar.
Bu, Atanın düşündüyü bir biçimdir. Atanın ölümündən sonra bizim yaşantılarımız çox keşməkeşli oldu, çox çətin oldu. Bunu hər dəfə deməyə gərək yoxdur. Bunu hər bir Ocaqçı bilir artıq. Biz elə bir çətin yollar keçdik ki, Ocağın özünü qorumağı sual altına düşmüşdü. İstər öz içimizdə gərginliklər, bölünmələr, istərsə də toplumdan gələn psixoloji basqılar oldu.Hamı deyirdi, Asif Atanın Ocağı bölündü, parçalandı, məhv oldu. Bütün bunların hamısı ona görə baş verdi ki, Ocaqda Kamil fərd yox idi, Ocağı bilən, anlayan yetişməmişdi…Atanın istəkləri Ailələrdə tam doğrulmurdu. Çoxları hara gəldiyini bilmirdi. Ocağı da cəmiyyətin ayrı-ayrı təşkilatları, qurumları kimi görürdülər. Sadəcə olaraq Ocaqda hesabatı danışmaq xatirinə yola verirdilər. Uzun illər belə oldu. Bunu biz bilirik. Ona görə də Ata gözlənilmədən aramızdan gedəndə Ocaq pis duruma düşdü. Yəni Ocağın içində ciddi, kamil şəxsiyyətlər olmadı ki, ağıl işlədələr, Ocağı toparlayalar, qoruyalar. Ona görə də çətinliklər yaşamışıq. Bir-birimizə güvənməmişik. Adı Mütləqə İnam Ocağıdır, İnsanlaşma Ocağıdır, ancaq Ata aramızdan gedəndən sonra qarşıdurmalar yarandı, dedi-qodu, söz-söhbət yarandı. Bir sözlə, Ocaq ciddi sarsıntılar yaşadı. Bu gün durum başqadır, artıq Ocağı oturuşmuş, struktur baxımından qurulmuş bir qurumdur. Sayımız azdır, ancaq güvən var, hünər var, doğmalıq var. Ağlasığmayan fədakarlıqlar, hünərlər var Ocaqda. Ocaq yaşayır, yaşayacaq. Bu gün Ocaqda Atanın sağlığında olduğundan qat-qat yüksək münasibətlər yaranıb Evladlar arasında. Bu o demək deyil ki, Ata onu yarada bilmədi. Bu Atadan asılı deyil. Nə də bu gün  ayrı-ayrılıqda bizim hər hansı birimizdən asılı deyil. Ocaqçı kimi yaranmaq, formalaşmaq, yetişmək, bir-birinə sevgi, inam, güvən bəsləmək bizim hər birimizdən asılıdır. Bu nə bir şəxsin diktəsilə yaranan bir şey deyil, nə də xahişlə, minnətlə olan bir şey deyil. İnsanların ömründə yaranmalı, formalaşmalıdır. Bu gün biz buna bəlli bir düzeydə yetmişik. Az sayda Ocaqçıların arasında yetkin, sağlam münasibətlər yaranıb. Bu da Ocağımızın, Atanın ölümündən bu günə qədər, yaşamasına stimul verib. 27 ci ildir Atasız Ocağı qoruyub yaşadırıq. Bitkin bir Ocaq var. Söz yox, qabaqda ciddi işlər, çətinliklər var. Əsas odur ki, Evlad Ömrü, şəxsiyyəti yaransın, çətinliklər aşılacaq. Bu gün Ocaq adına başqa ünvanlar artıq yoxdur. Başqa adamlar var, ancaq ünvanlar yoxdur. Ünvan yoxdur, çünkü yuxarıda adını çəkdiyim sistem, struktur yoxdur. Bundan sonra da olmayacaq. Ocaq olmaq, onu yaşatmaq asan deyil. Hamının biri kimi öz məişət həyatını yaşayıb Ocaq olmaq olumsuzdur. Sən Ocaq adına beşmərtəbəli bina tikə bilərsən, ancaq Ocağın ünvanı sayılmaz.Ünvanın ruhani təyinatı var. Ünvanın ruhani məzmunu var. O yoxdursa, ünvan boş şeydir. Ünvan – Ocaqçının ruhsal varlığıdır, bu varlığın iş gördüyü, törən keçirdiyi evlərimizdir. Harda bizim ruhani varlığımız (Ocaqçılıq əməli, hünəri, quruculuğu) varsa, ora bizim ruhani ünvanımızdır. Özəl dörd divarımız olsa da, olmasa da, bu sistemin, strukturun yaşadıldığı, qurulduğu yer bizim varlığımızın ruhani ünvanı deməkdir. Ocaq Ailəsi varsa, ruhani ünvan var. Ocağın prinsipləri həyata keçirilirsə, quralları yerinə yetirilirsə Ocağın ruhani ünvanı var. Ruhani ünvanı formalaşdıran məzmundur. Yenə deyirəm, biz Ocağa dörd divar yarada bilərik, ancaq ona hakim ola bilməriksə, yəni onun içində dedi-qodu, qeybət, həşir, cırmaqlaşmaq-filan olarsa ruhani ünvan sayılmaz. Ancaq hansı dörd divar olur-olsun, onun arasında ləyaqət ortaya qoyursan, sevgi, inam, doğmalıq, əməl, hünər ortaya qoyursan, bunların sistemini yaradıb yaşadırsansa, ruhani ünvan odur. Bizim İnam Evimiz də var, yenisi də olacaq. Bu ünvanları bizim Ocaqçılıq ləyaqətimiz yaradır, bundan sonra da yaradacaq.
Bu gün Ocağın ruhani ünvanının bir adı Uluyol-Hünər Ailəsidir. Asif Atanın sağlığında yarandığı gündən bu günə qədər davam edir. Asif Atanın Ocağı yaratdığı çağdan çağımıza qədər, Ocaqda başından axıra qədər bir Ailə var, o da Uluyol-Hünər Ailəsidir. Yerdə qalan Ailələrin heç biri baş tutmadı, dağıldı. Ancaq Uluyol-Hünər Ailəsi varsa, Ocaq məzmunu yaradırsa, Ocaq məzmununun içində Ulufərəh Ailəsinin, İşıq Ailəsinin, Atagün Ailəsinin, Ocaqkənd Ailəsinin… məzmununu yaşadır. Uluyol-Hünər Ailəsi Ocağı sistem olaraq yaşadırsa, qoruyursa bütün Ailə məzmunlarının hamısını özündə yaşadır. Ocaq o Ailələri yenidən bərpa eləyib yola sala bilir. Yetər ki, ruhani ünvan, ruhani sistem dağılmasın, sıradan çıxmasın. Ruhani sistem nəinki sıradan çıxmadı, quruldu. Biz onu qurduq, yaratdıq, yaşatdıq. Bu bizim 45-ci ilin son mərasimində anlamalı olduğumuz ciddi bir həqiqətdir. Mən bu həqiqəti sizinlə  bölüşürəm. Sizin hər birinizin Ocaqda Ailə olaraq, Ocaqçı olaraq, Evlad olaraq varlığınızı qutlayıram. Hər birinizi bağrıma basıram. Ocaqda varlığınızla qürur duyuram. Çünkü hər yerdə olmaq mümkündür, ancaq Ocaqda olmaq çox çətindir. Hər yerdə oluşum zahiri oluşumdur, Ocaqda məzmunlaşmaqdır, sistemləşməkdir, ruhaniyyatlaşmaqdır, ağır mübarizə aparmaqdır. Ocaqda var olmaq böyük hünərdir, qüdrətdir. O qüdrətlə, doğrudan da, öyünməyə dəyər, qürur duymağa dəyər. Mən deyəndə, ya da sizin hər hansı biriniz deyəndə mən Ocaqçılarla qürur duyuram, fəxr edirəm, – bu boşuna deyilən bir söz deyil. Ocağın içindəkilərlə qürur duymaq həmin o ünvanın, o sistemin, o varlığın dağılmayan, çökməyən, sökülməyən, qurulan, böyüyən, məzmunlaşan, dolğunlaşan ünvanın özünə güvənilə, inamıyla bağlıdır ki, sizinlə qürur duyuram deməyə əsas verir, səbəb verir.
Atamız Var olsun.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Uluyol-Hünər Ailəsi olaraq bu il Ailə Günlərini bacardığımız qədər keçirmişik. Bəzi aylarda Doğmalaşma Günü ilə əvəz etmişik. Ailə günlərinin tələbini Ocaq Yükümlüsü hər dəfə vurğulayır. Onu nə dərəcədə doğrulduruq, nə dərəcədə özümüzü ifadə edirik, ya etmirik başqa bir qonudur. Hər halda düşünürəm, bacardığımız qədər özümüzü ifadə edirik. Yəni Ailə Gününün Amallaşma, Kamilləşmə, Xalqlaşma tələblərini bacardığımız qədər ifadə edirik. Təbii ki, Ailə Gününün dolğunluğu Evladların həm özünü yaratma yönündə, həm də əməllərin çoxluğu yönündə olmalıdır.
Mənim üçün Ailə Günü tədbirləri, mərasimlər nə deməkdir?! “Gediş Yazısı”nda qonu var,“özümü görməm və Evladları görməm”. Bəzən olur ki, hər hansı bir tədbirdə mənim halım, ya da özümü ifadəm tam olmur. Ancaq başqa bir Evladın özünü uğurlu ifadəsi mənə dayaq olur, bir inam yaradır. Məsələn, Soylu qardaşın hər çıxışı inam yaradır, Günev qardaşın, İnamlı qardaşın çıxışları bir başqa inam yaradır. Göytəkinin yaradıcılığı, əməlləri, o cür tutqulu, eşqli əməllər görməsi də bir başqa. Mən özümü tam ifadə edə bilməsəm də, Amaldaşlarımda özümü tapıram, necə olmalıyam, onu görürəm. Bu hal Evladlar arasında ruhsal birlik yaradır.
Evladların özünü ifadə eləməsi həm də Atanın təsdiqi deməkdir. Onu da görürəm, o da məndə bir başqa hal yaradır. Ona görə hər Mərasimdən, hər Ailə Günündən sonra ruhum cilalanır. Mən Ocaqçılarla bir olduğumu hər zaman hiss edirəm. Bir olduğunu hiss eləmək çox qiymətli bir şeydir. Mən bu ailədəyəm, bu Ocaqdayam, mən bu varlığın bir parçasıyam. Bu üzdən hər bir Evladın varlığı dəyərli, daha da qiymətli olur mənim üçün. Mən qəti əminəm ki, Amal baxımından biz bir-birimizin ömrümüzə baxanda heç kimin, heç anamızın belə görmədiyi dəyərləri görə bilirik, qiymət verə bilirik. Hər bir Evlad bu Varlıqda nə qədər yüksəkdir, nə qədər ucadır. Bu ünvanda ömürlər qutsaldır. Həqiqətən, Amal tələbi çox yüksəkdir. O tələbə daim yetmək gərəkdir. Bunu mən özümə deyirəm. Bu tələblə yaşamaq, o tələbi doğrultmaq istəyim var. Hər birinizin həyatımda var olduğunuza, Ocaqda var olduğunuza görə çox sevinirəm. Bu mənim üçün Ocağın, Atanın təsdiqi olmasıyla yanaşı, milli-bəşəri varlığın təsdiqdir.
Atamız Var olsun.

Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):İşin çətin olmağına baxmayaraq, hər zaman düşünürəm. Bu gün bir çox adamlarla söhbət eləmişəm. Ölkənin durumu ilə bağlı suallar verirlər, necə olacaq, necə davam edəcək deyə soruşurlar. Mən də onlara Ocaq yönündə cavab verirəm, izah edirəm. Qurtuluş İnsan kimi yaşamağı bacarmaqdadır. Bu Ocağın əlifbası olsa da, bilmək gərəkdir, hər şey burdan başlayır. Xalq olmağın, millət olmağın, gələcək qurmağın yolu budur. Bunu insanlara aşılamaq üçün hər bir çaba göstərməyə həvəsliyəm…
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):Mən Ailə Günü Mərasimi münasibətilə hamınızı qutlayıram, hamınıza can sağlığı, Ocağımızın həyatında böyük uğurlar arzulayıram. Qoyulan qonular düşündürücüdr. Mən deyərdim, özünü görməyi, ya Ocaq bacı-qardaşını görməyi təkcə Ocaq tədbirlərində dilə gətirmirəm, mən tək olanda da sizinlə nəfəs alıram, sizinlə oturub dururam. Mən öz həyatımda bu halı gözəl, yetkin şəkildə hiss edirəm. Belədə bir az passiv həyat yaşayıram, ancaq Ocağımızın mənim həyatımda, ömrümdə etkisini, yaradıcılığını birbaşa hiss edirəm. Sizin hər birinizdən götürməm, hər birinizə vurğunluğum bu halın böyüklüyünü yaradır. Eyni zamanda Amallaşma yolu ilə, ara-sıra Xalqlaşma yolu ilə insan, özü də hiss etmədən, qurulur. Buna görə mən Ocağımıza Var olsun deyirəm, minnətdaram. Mənim ömrümdə çox böyük dönüş oldu. Yenidən Ocağın əsl ünvanında olmağım mənim xoşbəxtliyim oldu. Ocaq olmasaydı bu ömrü boş-boşuna başa vurmalı olacaqdım. Ancaq indi fəxr elədiyim, fərəh duyduğum bir halım var. Bunun üçün hamınıza minnətdaram, Ocağımız var olsun.
Atamız Var olsun.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bugünkü Ailə Günü Mərasimində qoyulan qonularla bağlı düşüncələrimi deyim. Ailə Günü Mərasimi ilə bağlı Yükümlü də, Ailə Yükümlüsü Nurtəkin Atalı da aydınlıq gətirdilər. Başqa izahata ehtiyac da yoxdur.
Görmək, görünmək nədir?! – Öncə deyim, qeyri-adilər görünür. Ata deyir, qəbiristanlığa qalaq-qalaq sümüklər yığılır. Ancaq tarixdə tək-tək adamlar görünürlər. Bu baxımdan deyim, görünməyin özü adamdan qeyri-adilik tələb edir.
Ocaq Mərasimində görünmə, mən Ocaq Mərasimində amaldaşımı görürəm kimi deyimlərə gəlincə, Ocaq mərasimində amaldaşımın görünməsi onun fəallığından, əhvalından, özünüifadəsindən, olaylara münasibətindən asılıdır. Yoxsa Ocaqda bir addımın yiyəsi deyilsə yox. Əgər Ocaqçı ay, il ərzində Ocaq yönündən tutarlı bir əməl ortaya qoymazsa görünməz. Çünkü özünü ifadə etməyə bir şey olmur. Ancaq ruhani əhvalla sinəsi dolu gəlirsə, yaşantılarının uğurlarını dilə gətirirsə, onun aktivliyi, üzünün işığı, halının zənginliyi onu mənə göstərir. Bu baxımdan mən həmişə deyirəm ki, amaldaşlarımı özümdən öndə görürəm. Çünkü amaldaşlarımı ruhani mənada izləyirəm. Onların hər münasibətini, hər cümləsini belə. Keçən dəfə qocalıqdan danışdım, zarafatyana dedim, nə qədər yaşamaq olar, bura kimi bəsdir. Bilənin bir təpkisi oldu. Dedi, Günev bəy, elə zarafat eləmə, mənə çox pis təsir edir. Bax, budur görünmək. Bu əhvalda görürəm onu.
Göylü son vaxtlar bir az çətin durumdadır. Ancaq Göylünün bir məqamda gördüyü işi mən aylarla çalışsam görə bilmərəm. Bu kimi olaylara görə o qədər fərəhlənirəm, o qədər sevinirəm, qanadım olmur uçmağa. O cür çətin durumda, iki daşın arasında sənədli film ortaya gətirdi. Orda özü danışır, o səs mənə uğurları nişan verir. O içdən gələn səsdir, insanı sehrləyir. Bax görünən budur, bunları görürəm.
Qonu qoyulub Amallaşan ömrün qutsallığı. İstər tarix boyu götürək, istər ədəbiyyat, fəlsəfə tarixini götürək, ümumilikdə bəşər tarixini götürəndə kimlər göründülər, kimlərin ömrü qutsallaşdı?! Nəsiminin ömrü qutsallaşmaya bilərdimi?! Bəşərin dərdi idi Nəsiminin daşıdığı. Qorqudun dərdi bütün elin dərdi idi, qutsal bir dərd idi. Eləcə də Fizulinin yanğısı.
İndi Asif Atanın ömrü, Asif Atanın Evladlarının ömrü. Hansı məzmunda bunlar addım atırlar, çaba göstərirlər, irəli dururlar. Niyə görünürlər burda, bunların fərqi nədir?! – Saysız-hesabsız mübarizə yönləri var. Niyə beş-altı adam tamam başqa yöndədirlər?!– Bu yön qutsaldır. Heyrət doğurur, hünər becərir.  Bu gün hər kəs evində oturub məişəti ilə məşğul olur, dünya isə dağılmağa doğru gedir. Heç kəs də bunun fərqinə  varmır. Asif Atadan, Onun Ocağının beş-on Evladlarından başqa. Bu mənada  ömrün  qutsallığı yerində deyilmiş bir sözdür. Amallaşan ömür qutsallaşır.
Atamız Var olsun.

 Soylu Atalı: Çox önəmli məsələlərdən birinə Günev işarə verdi. Bu gərəkli bir görümdür. Deyirsən səni görmək istəyirəm. Səni görməyim üçün cəmiyyətin fövqünə qalx, cəmiyyətin içində durma, cəmiyyətin içində duranda hamının biri olursan, görə bilmirəm, seçə bilmirəm, tanıya bilmirəm. Cəmiyyətin fövqünə qalx, hamıdan yüksəkdə dayan, səni görüm. Deyirsən zamanın fövqünə qalx, zaman hamını bir sıraya qovur, zamanın içində durma. Zamanın fövqünə qalx, səni görüm. Tarixin fövqünə qalx, səni görüm. Sən tarixin fövqünə qalxsan, zamanın fövqünə qalxsan onda mən sevdiyim, vurulduğum Nəsimilərin durduğu yüksəkliklərdə səni görəcəm. Onların yaratdığı insani ortamda səni görəcəm… Sənin çağırışın odur. İnsan cəmiyyətdən yüksəyə qalxmalıdır, o zaman görünəcək. Boy yaratmaq, ucalmaq, yüksəyə qalxmaq gərəkdir ki, görünsün. Əslində Ocağın Evladı qarşısında, bütövlükdə İnsanlığın qarşısında qoyduğu tələb odur. Yüksəl, art, necə varsan azsan, yerində sayma. Bu mənada qonu dərinləşməli, genişlənməli bir qonudur. İstəyərdim Doğmalıq Günündə, ya hansısa bir tədbirdə genişləndirəsiniz. Bunun üçün oxumaq, düşünmək gərəkdir. Günev əməllərdən danışdı. O, Ocaqda adi əməl görmür, Ocaqda görülən əməl adi deyil. Hər kəsin addımını belə heyrətlə qarşılayır, vurğu edir. Göylünün son fəaliyyətinə belə, olduqca ciddi önəm verir. Bunlar hamısı gözəldir. Mən hər birinizlə ayrı-ayrılıqda bağlantı qururam, dinləyirəm, nəyisə deyirəm. Göytəkin son günlər olduqca ciddi işləyir. Onun bu işləməsi sözə sığmayan bir çəkidədir. Tədbirləri çevirir, hazırlayır ki, Yeni il mərasiminə “Törənlər kitabı” hazır olsun. Bu gözəl bir haldır. Heç kim ona ayrıca diktə eləmir, ayrıca tələb eləmir. O özü öz işinin qarşısında bir sorumluluq daşıyır. Heç kim ona nəzarət eləmir. Özü nəzarət edir, yeri gələndə Nurtəkinin də işlədiyi tədbirə nəzarət edir, mənim özümə xatırladır tədbiri işləməyi. Bu, Ocaqçılıq əməli baxımından olduqca gərəklidir. Ancaq bununla belə, Ocaq tədbirlərində gördüyün işin məzmununa, çəkisinə yönəlik, onun sənə verdiyi hala, sevincə, güvənə yönəlik düşüncələr sərgiləmək, söz demək yaxşı olar. Məsələn, Nurtəkin də səsdən sözə çevirmə işlərinə qatılır arada. Elə yazdığın tədbirin özü düşündürür adamı. Orda deyilən düşüncələr yenidən düşündürür adamı. Yəni Ocaqçı mərasimlərdə özünü ifadə eləmək imkanı tapmalıdır. Lap orda qoyulan qonuda olmasa belə, özünün gərəkli bildiyi qonuda danışa bilər. Bunlar hamısı Ocaqçının özünüifadə imkanını artırar. Törənlər Ocaqçının böyüməsi üçün göydəndüşmə bir ortamdır. Bu fürsəti qaçırmamaq gərəkdir. Sən amaldaşlarının qarşısında öz düşüncələrini, axtarışlarını dilə gətirirsən, öz içinin dərinliklərinə baş vurursan, özünükəşf əməli ortaya çıxarırsan. Bunlar hamısı quruculuq əməlidir, bunu əldən verməmək gərəkdir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Mərasim başa çatır.

Köçəri Ayı, 45-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir