Xəbərlər

“Ata Sonevini Ziyarət Günü” Törəni

Ocaq Günsırası ilə Şölə Ayı, 41-ci ildə (iyun, 2019) Ağstafa sonevliyində Ocaqçılar “Ata Sonevini Ziyarət Günü” törənini keçirdilər. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq, daha doğrusu, başlamışıq. Düz 22 ildir biz Asif Ata Sonevini, yəni durduğumuz bu ünvanı ziyarət edirik. Böyük bir gələnək yaratmışıq. Bu gələnəyin adı əslində milli özünütəsdiqdir. Yəni bax, bu sonevlikdə, bu sonevi ziyarət ünvanına çevirməyimiz milli özünütəsdiqdir. Əslində böyük milli qurtuluş sisteminin bir çaları olaraq, bu işin gerçəkləşməsi, formalaşması üçün gərəkən bir gələnəkdir. Bizim milli Özünüqoruma sistemimizi oluşduran gələnəkdir. Niyə? Baxın, insanlar istər siyasal savaş aparırlar, istər ruhsal savaş aparırlar, fərq eləməz, onlar bəlli bir simgə yaradırlar. Bu simgə onların bir araya gəlməsi üçün çox önəmli rol oynayır. Məsələn, belə deyək, bu gün Azərbaycanın dövlətçiliyiylə bağlı M.Ə.Rəsulzadənin abidəsi (Novxanıda) ziyarət olunur. İnsanlar toplaşırlar ora, bu ziyarətlə onlar dövlətçiliyə olan münasibətlərini, sevgilərini, başqa istəklərini ifadə edirlər. Bu, toplumun bəlli bir kəsimini bir araya gətirən simgədir. Birləşdirən bir simgədir. Bizim bura gəlişimizin önəmli, fərqli, üstün bir yanı var.

Əgər Asif Atanın sonevi olmasaydı, Asif Ata Ocağının törənləri, onun Ailəsi, Ailə Günü olmasaydı, bizim varlığımız bəlli olmazdı. Ya biz bir çayçıya yığışıb gün keçirərdik, ən yaxşı halda, ya da olmazdı. Ancaq bu cür ünvanlar bizi, insanları bir araya gətirir, düşüncəsini, sevgisini bir araya gətirir. Bunların varlığını, birliyini bəlli bir hədəfə yönəldir. Bu açıdan çox böyük önəmi var bunların. Düzdür, zaman-zaman Doğuda ayrı-ayrı bu tip olaylar getdikcə başqa mənalar kəsb edib, getdikcə qırağaçıxmalara gətirib çıxarıb. Bu da doğru deyil. Ancaq bunun çox böyük önəmi olub. Bunun adına büt deyirlər, bütpərəstlik deyirlər. Bu bütpərəstlik deyil. Nə vaxt bütpərəstlikdir? Bunu mən yazmışam. O vaxt bütpərəstlikdir, sənin üz qoyduğun, ziyarət elədiyin ünvan sənin varlığını bəlirləmir, sənin varlığını yaratmır. Sənin kimliyini yaratmır. O ünvan sadəcə özü var olur, bəlli deyil niyə? Sən var olmursan, sənin kimliyin bilinmir. Bax, onda o, bütçülükdür, bütpərəstlikdir. Ancaq əgər üz tutduğun ünvan, üz qoyduğun torpaq, ziyarət elədiyin bir ünvan səni özünə tanıdırsa, səni bir millətə çevirirsə, səni bəşər övladı olaraq, bəlirləyirsə, buna büt demək olmaz. Bu böyüdücü bir simgədir (rəmzdir). Ona görə bizim bura gəlişimizin böyük anlamı var. Xalqın içindən çıxan bir oğul ömrünü bu xalqın sabahı üstə köklədi, sabahına verdi. Hər şeyini xalqının gələcəyinə verdi, xalqı gələcəkdə millət olsun. Tarix səhnəsindən çıxmasın, varlığını itirməsin. Buna çalışdı. Biz gəlib onun içindən çıxan oğlunu ziyarət eləməklə xalqın gələcəyini tapmasını, özünü qurmasını, qorumasını ziyarət edirik. Xalqın özünüqorumasını şərtləndiririk. Ziyarətimiz odur. Ona görə də bu cür gəlişlər böyük önəm daşıyır. İnsanlarımız bu cür gəlişlərdən hürkməməlidir, çəkinməməlidir. Ad qoymamalıdır. Ay büt belə getdi, köhnə dəblər elə getdi. O deyil. Bizim ağlımız kəsir, işləyir. Bilirik neyləyirik. Biz xalqın gözünü yadlıqlardan yığırıq. Özünə yönəldirik, öz içinə bağlayırıq. Düşüncəsini, sevgisini, qibləsini öz içinə bağlayırıq. Öz içinə bağlı olarsa, bu xalqın birliyi olar, gücü olar. Onun qüdrəti olar, ağlı olar. Neylədiyini, hara getdiyini bilər. Vətəninə, dövlətinə, millətinə, kimliyinə yiyə çıxar. Millət şüuruyla yiyə çıxır, ağlının, düşüncəsinin yaranmasıyla yiyə çıxır – Özünə, öz dəyərinə, öz kimliyinə. Boşuna deyil. Xalqı kütləyə çevir, sonra da de ki, bu kütlə niyə millət olmur, özünə niyə yiyə çıxmır. Necə çıxsın? Özünü, dəyərini tanımır axı. Bu kütlə elə bilir, bunun dəyəri qıraqdakıdır. O boyda parlamentin deputatı deyir, İslam Azərbaycanın milli dəyəridir. Necə milli dəyəridir? Bu adam parlamentə qədər gedib çıxıb, hələ bilmir Azərbaycanın milli dəyəri nədir.

Xalqın içində şəxsiyətlərin yaranmasıyla, böyük insanların oluşmasıyla xalqın dəyərini, dəyərsizliyini ayırırıq. Ağı qaradan seçmək ölçüsü yaradırıq. Buna görə də bizim bura gəlişimiz çox böyük önəm daşıyır. Ziyarətimiz milli xarakter daşıyır. İnsani xarakter daşıyır. Davamlı şəkildə gəlirik illərlə, usanmadan, yorulmadan. Xalqımızın öz içində yaratdığımız qibləsini ziyarət edirik. Onu urvata mindiririk, dəyərə mindiririk. Dəyərli xalq oluruq.

Mən belə bir gəlişimiz münasibətiylə sizin hər birinizi qutlayıram, təşəkkür edirəm. Əziyyət çəkirsiniz, gəlirsiniz. Əslində öz milli kimliyinizin arxasınca gəlirsiniz. Çox böyük addımdır. Burada 5 adamın, 10 adamın gəlməsi önəm daşımır. Önəm daşıyan odur ki, insanların ağlında, şüurunda belə bir olayın varlığı oturuşur. Onun anlamı dərk olunur. Önəmli olan budur. Mən sözümü bitirirəm. Sizə də söz vaxtı saxlayım.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Atamızın bayrağını öpürəm.

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Ziyarətimizlə bağlı bir neçə söz deyim. Azərbaycanın övladları ziyarət üçün uzaqlara gedirlər. Bu nədən irəli gəlir mənim düşüncəmə görə? Bu, Azərbaycanı tanımamaqdan irəli gəlir. Eləcə də fərdin özünü tanımamağından doğur. Kamillik özünütanımadan başlayır. Bir millət olaraq, bir xalq olaraq, bir uluyurdun bəşəri dəyərlərini deyəndə bilirik nədir Azərbaycan. Tək-tək coğrafi ərazi deyil Azərbaycan, Azərbaycan tarixə iz buraxmış ulu bir yurddur. Atlılar ölkəsi deyirdilər, Maqlar, xüsusilər ölkəsi deyirdilər. Qeyri-adilər ölkəsi deyirdilər. Zərdüşt ölkəsi deyirdilər. Qorqud, Babək ölkəsi deyirdilər. Azərbaycan Füzuli aşiqliyini verən bir yurddur. Azərbaycan Nəsimi ilahiliyini, ənəlhəqliyini verən bir yurddur. Asif Atanı verən yurddur. Soylu Atalını verən yurddur. Mən Soylu Atalının adını çəkirəm. Soylu Atalı, doğrudan da, Ocaqçıların timsalıdır. Ən böyük şəxsiyyətidir, Asif Ata Ocağında, ən böyük söz demiş Ocaqçıdır. Onun haqqı var, Asif Atanın adından sonra onun adı çəkilsin. Vaxt olsun, hamı buna layiq olsun. Hər daşı, hər torpağı səcdəyə layiq bir yurddur. Bu sadaladıqlarımı bilmək bəsdir, bu yurda heyrət eləyəsən. Bu yurdun adı gələndə biləsən sənin səcdəyə layiq, ziyarətə layiq yurdun var. Bütün o sadaladıqlarımın zirvəsi olaraq, Asif Ata, bütün dünyaya Mütləqə İnamı bəyan etdi, sənin yarandığın gündən sənin axtarışlarının zirvəsi bu idi. Sən Mütləqi axtara-axtara gəlirdin. Əzəli, əbədi, kamil olanı axtarırdın. O Mütləq idi. Balaca-balaca Allahlar deyildi, bütlər deyildi.

Biz bugünkü törənimizdə belə bir qonu qoymuşuq, Ocağın görümündə, dünya, həyat… Necədir dünya Ocağın görümündə. Deyirik dünyanın nizamı pozulub. Dünyanın nə vaxt nizamı olub? Bəlli zaman kəsimində bir az fərqli nizamlar olub. Sufilər bir az, hürufilər bir az, Tanrıçılıq dövründə bir az, gözəl, xırda məkanlarda Koroğlu, Dədə Qorqud həyat sistemi olub, başqa ölkələrdə də buna bənzər dəyərlər olub. Ancaq heç biri tam, bütöv, kamil olmadığından deyirik, nisbi xeyir özündə şər imkanı gəzdirir. Bu, Ocağın dünyaya münasibətini göstərir, dünyanın münasibəti  nə haldadır. Kor da görür, körpələr Qırmızı dənizə töküldü. İnsanlar yurdlarından pərən-pərən oldu. Bu proses günü-gündən davam edir, o ordan qabağını kəsir, bu burdan itəlyir, bunun hamısının cavabı Asif Atanın Mütləqə İnam Ocağının ideyalarındadır. Bu gün o hala qarşı addımlardır, gedişlərdir bu gəliş. Az sayda insanlarla. Ziyarətimiz qutlu olsun.

Biz Asif Atanın sonevini ziyarət etməklə Azərbaycanı ziyarət edirik. Azərbaycanın dünyaya növbəti ruhani harayını çəkirik, bu haray da bizim qəlbimizi həmişə iftixar hissiylə doldurur. Necə bir işin peşində olduğumuzla qürur duyuruq, fəxr edirik. Özümüzü dünyanın yiyəsi hesab edirik ruhsal mənada. Dünya yiyəsiz qalıb. Heç kəs özünə, dövlətinə yiyəlik eləmir. Hakimiyətdə olan da heç nəyə yiyəlik eləmir. Hamının işi dartıb dağıtmaqdan ibarət olub. Dünya bu haldadır. Dünyada pozulmuş nizam ağırlaşıbdır, sadəcə olaraq. Hər bir yeni dünyabaxışın gəldiyi dövrlər – nizamsızlıq azalıb, ancaq aradan qalxmayıb. Sonra nizamsızlıq  daha da artıb. Biz düşünürük indi Atanın uğurlu dönəmi başlayıb. Sağ olun. Atamız Var olsun!

Abil Ulusoy: Sağlığında Atanı tez-tez ziyarət edirdim. Görüşlərimiz olurdu. Həmişə də düşünürdüm, Atayla söhbətlərdə də, yazılarını oxuyanda da, Azərbaycan öz qibləsini, Məkkəsini yaratmalıdır. Bəzən sərt səslənə də bilərdi. Deyirdim, kimsə inciyirdi də, mən qibləsi vətənimdə olan kişiləri sevirəm. Gözü orda-burda olmamalıdır. Ancaq vətəni də qiblə eləmək üçün, Günevin dediyi kimi, vətəni tanımalısan, bilməlisən Azərbaycan nədir. Çox təəssüf, Azərbaycan insanı Azərbaycanı çox pis görür. Bəzən bunu siyasilər dilə də gətirirlər, biz balaca xalqıq. Burda söhbət nədən gedir? Əhali sayından. Mən on milyonam, balacayam. 50 milyon olsam, böyük olaram. Böyüklük, kiçiklik kəmiyyətlə deyil axı. O ruhsal anlam daşıyan bir şeydir. Xalq 200 mln. də ola bilər. Ancaq böyük xalq olmaz. Xalq bir milyard da ola bilər say baxımından, ancaq böyük xalq olmaya bilər. Bizim böyüklüyümüz tarixə verdiyimiz dəyərlərlə ölçülür. Zərdüştü olan Azərbaycan kiçik ola bilməz. O böyük sayılmalıdır. Bəşər onu böyük görməlidir. Azərbaycan öz böyüklüyünü bəşərə verməyi, təqdim eləməyi bacarmalıdır. Xalq arasında bir söz var, filankəs tutya kimidir. Azərbaycan tutya kimi olmalıdır, əslində Azərbaycanı ziyarətə gəlməlidirlər. Azərbaycanın özü ziyarətgah olmalıdır. Azərbaycanın dünyanın ruhaniyyat mərkəzi kimi ziyarət olunmağa haqqı var. Çoxlarının dövləti yoxdur. Dövlətin yoxsa, heç kimsən. Əlində olanları da dünyaya təqdim eləmək olanağın yoxdur. Təqdimatdan geridə qalıblar. Baxmayaraq Azərbaycan bəşəriyyətə dəyərli övladlar veribdir, müstəmləkə olduğu üçün, 200 ilə yaxındır, dünyanın gedişinə bir qatqı edə bilmir. Əslində bu həm də bəşərin itkisidir, bəşərə belə dəyərlər verə bilən bir toplumu yaradıcılıqdan saxlayırlar.

Bu gün sevindirici haldır, Asif Atanın ziyarətgahı, sonevin timsalında, Azərbaycanda ilk dəfə olaraq, milli yön – qiblə yaranır. Başqa yerlər də var. Azərbaycanda yerləşməsələr də.

Say baxımından az da olsa, Atanı ziyarət eləmək ciddi başlanğıcdır. Elə ayrı-ayrı fərdlərin gəlməyinin özü önəmlidir. Bir də mən həmişə, bura gəlmədiyim çağda da düşünürdüm, Atanı ziyarət eləməyin özünə hazır olmaq gərəkdir. İçəridən gəlməlidir. Əslində bu ayaq yerişi olmamalıdır. Mən Ərdoğanın Atatürkü ziyarətinə baxanda kiçik bir yazı yazdım, çox təəssüf, Ərdoğan dünyada yeganə siyasi xadim saydığım adamı ayaq yerişiylə ziyarət edir. Atatürkü ziyarət etmək üçün qəlb yerişi gərəkdir. Asif Atanı da ziyarət etmək üçün qəlb yerişi gərəkdir. Qəlbi Azərbaycanla döyünən, Azərbaycanın ruhsal böyüklüyünü görən, Asif Atanı bilən, Azərbaycanı tanıyan insanlar Asif Atanı ziyarət eləməyə layiqdirlər. Qalanları da gələcəklər. Kütlə kimi gələcəklər, öyrənməyə gələcəklər. Əslində bu gün çox sevindirici bir haldır, mətbuatdan hamınız görürsünüz, hiss edirsiniz, bu, ya başqa şəkildə Asif Atadan istifadə olunur. Hamı istifadə edir. Siyasiləri də istifadə edir, yazarları da istifadə edir, bunu deməsələr də. Burda qısqanclıq da var. Çünkü həmin dövrdə Atanın yaşıdları olan, onunla eyni çağda yaşayan, xüsusən akademik sistemdə işləyənlərin qısqanclıqları var. Zaman keçdikcə bunların özləri də keçib gedəcək. Böyüklük mütləq şəkildə hamı tərəfindən qəbul olunacaqdır. Bəziləri də içəridə qəbul edirlər, ancaq dilə gətirməyi özlərinə sığışdırmırlar ki, mən də varam. Bir adam Motsartı tanımırmış. Harda olurmuş “mən”, “mən” deyirmiş. Bir gün Motsartı tanıyandan sonra başlayır “Motsart və mən” deməyə. Günlərin birində isə ancaq “Motsart” deyir. Soruşurlar, nə oldu. Deyir mən Motsartı tanımırdım axı. Bilmirdim onun böyüklüyünü. Böyüklüyünü bildikdən sonra, mənim kiçikliyim onun böyüklüyü qarşısında əriməyə başladı. İndi Atanı da öyrəndikcə, tanıdıqca, Ata təbliğ olunduqca, Atanın böyüklüyü hiss olunduqca artıq o kiçik böyüklüklə yaşayanlar, siyasətin yetişdirdiyi o balacalar kiçik olduqlarını anlayacaqlar.

Sonda nə demək istəyirəm: Asif Ata, sənin böyüklüyün bizim böyüklüyümüzdür. Yenə deyirəm, nə yaxşı Azərbaycanda Zərdüşt var. Nə yaxşı Azərbaycanda Dədə Qorqud var. Nə yaxşı Azərbaycanda Babək var. Nə yaxşı Azərbaycanda Nəsimi, Nəimi var. Nə yaxşı, saz var, muğam var. Nə yaxşı Asif Ata var. Söykənəcəkdir bizim üçün.

Atamız Var olsun!

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Atanın belə bir sözü var: Deyir, evdən çıxmaq – dağdan dərəyə düşməkdir. Bu gün, məsələn, biz evimizdən çıxırıq, yurdumuzun işğalını hər anda görürük. Mənim yaşadığım ev elə yerdədir, Qaraçuxur məscidinin yanından keçib gedirəm. Yaşlı adamlar heç, görürəm körpə uşaqların başını bağlayıblar. Orda vəhhabi məscidi var. Pis etkiləyir məni. Körpə uşaq Gələcəyimiz deməkdir. Onun başını da, üzünü, ağlını da bağlayıblar. Eləcə də küçələrə çıxanda, cavan uşaqların qollarında, üzlərində döymələr görürsən, Millilik yoxdur. Milli yöndə böyüyən nəsil görmürəm. Milli yöndə danışan aydın da görmürəm. Yurdun işğalını hər mənada açıq görmək olur. O anda anlayıram, bilirəm Ata qurtuluşdur. Ata həm də bizə yaşam səbəbi verdi. Hər birimizin yaşam səbəbi var. Kimsə ömrünü nəyəsə bağlayır. Ancaq həm insanı yaratmaq, həm bir insan ömründə xəlqi, bəşəri mənanı birləşdirmək, yaşam səbəbinin qutsallığını öz ömründə yaşatmaq, bu xüsusi bir duyğudur. Yəni onu hər dəfə yaşayan bilir.

Deyirlər dünyanın hər hansı bir yerində ağac kəsilirsə, dünyanın başqa bir yerində o hiss olunur. Dünyanın belə bir bioloji ahəngi var. Dünyanın ruhsal ahəngi də var. Məsələn, yüzillərin o tayında Nəimi-Nəsimi münasibəti, heyrəti, onların bir-birinə bağlılığı, Şəms-Rumi, yəni bu cür münasibətlər yaşayıb yüzillərin o tayında, bizi hələ də duyğulandırır, bizi hələ də heyrətləndirir. Bax, bizim Ataya bağlılığımız, Ataya səcdəmiz bizim Atanı yaşatmağımız, Atanın bizi yaşatmağı da dünyanın ruhani ahəngini qoruyan bir olaydır. Xüsusi bir olaydır. Bax, bu olay bizim ömrümüzü yaşadır, ancaq həm də dünyanın ruhsal olayının qorunmasına, yəni o qutsallığın, mənəviliyin qorunmasına qulluq etmiş olur. Ona görə də Atamız var olsun!

Elçin Həsənzadə: Mən də bu gün gəlmişəm Atanın ziyarətinə. Bunu özümə fəxr bilirəm. Ona görə fəxr bilirəm, bu gün Azərbaycanda hər kəs öz nicat yolunu qıraqda görür. Avropada, Rusiyada, orda-burda. Buranı ziyarət eləməklə, həm də bunu insanlara çatdırırıq, bizim özümüzün içimizdədir qutsallıq, işıq. Biz buranı ziyarət eləməklə həm də xalqa bunları çatdırmaq istəyirik. Ola bilər on ilə, ola bilər 15 ilə, ola bilər 5 ilə, bizim elədiklərimiz xalqa tam çatacaq, mən elə bilirəm. Onlar da özlərinə qayıdacaqlar. İnsanlarda inam hissi olacaq. Çünkü Asif Ata həm filosof kimi, həm Ata kimi, həm alim kimi, hər mənada insanları ardınca apara bilən qüvvədir. Yəni bizim özümüzün içimizdə var belə bir qüvvə, belə bir işıq. İnsanları da ona yönəltmək bizim əsas missiyamızdan biridir. Mən də özümü Ocağın doğması, evladı kimi duyuram. Bir daha təbrik edirəm bura gələnləri. Davamlı olsun.

Göylü Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Mən bu il 20-ci ildir Ata ziyarətinə gəlirəm. 20 ildə mənim ruhumda çox qalxış-eniş oldu. Ancaq hər nə olursa-olsun, mən bu ziyarətə ruhumla gəldim. Vüqarla gəldim, fəxrlə gəldim. Milli-insani varlığımla gəldim. Bu il həm də fərqli gəldim. Ana kimi gəldim. Atanın qadın haqqında bir fikri var, qadının dahiliyi analığındadır. Başqa bir yerdə də atalığıyla bağlı deyir, doğuldu, asılı oldum Fuaddan. Doğrudan da, insan canından, qanından asılı duruma düşür. Ancaq Ata bizə bir şey də öyrətdi, canın-qanın nə qədər dəyərli olsa da, ondan daha dəyərli “Dəyərlər” var. Ömrü buna həsr eləmək şərəfdir. Bu şərəfə nail olduğumuz üçün, yiyə durduğumuz üçün özümü xoşbəxt sayıram. Yaşasın Ata!

Atamız Var olsun!

Türkel Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.):Hər birimizin qeyd elədiyimiz kimi, bura – Ata ziyarətinə gəlişimiz bizə qibləmizi tanıdır. Həm də biz Amal aqibətimizin dalınca gəlmişik bura. Qurulması üçün gəlirik. Biz burda fərəhimizlə, kədərimizlə gəlişimizi izhar edirik. Ata Ocağı ona görə yaratdı, insan içində həqiqəti, Allahı tapmamışdı. Bizim, Atanın cismani ölümündən sonra, indiyə kimi Ocaqda varlığımız ona görədir ki, Ata qüdrəti, Ata inamı yaşayır. Bu qüdrətlə, bu inamla Ocaq bizi inam yoluyla sabaha aparır.

Atamız Var olsun!

Soylu Atalı: Hər birimiz ziyarətimizin ilk aşamasını başa vurduq. İçimizdən gələn sevgimizi izhar elədik. Gəlişimizin bizə öyrətdiyi halı izhar elədik. Gəlişimizin içimizdə yaratdığı halı, qüruru izhar elədik. Bunu içdənliklə dilə gətirdik. O içdənliklə dilə gətirdiyimizi ömrümüzün bir hissəsinə çevirdik. Bununla da, o sevgiylə, o fərəhlə də biz yenidən işlərimizin başına dönürük. Əslində bu anım törənidir, Atanın ölümünün hər ildönümündə anım törəni keçiririk. Həmişə də belə olacaq. Biz belə qərarlaşdırmışıq. Atanın ölüm gününü anım günü, qutsal bir gün kimi yaşadaq. İndi isə Anım günündə qurallarımızı yerinə yetirməyimiz gərəkir.

“Mütləq” İzharını Günev Atalı, “Ölümlə Görüş”ü Nurtəkin, “Aqibət”i Türkel, “Matəm üstə Mütləqlə Təmas”ı Soylu Atalı söylədi.(Mətnləri burada sunuruq):

 

Mütləq

 Təbiətdə, Mənəviyyatda, Kainatın Ahəngində, Gözəllikdə, İd­rak­da, Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə, Ruhun Ülvi Xilqətində, Bəşərin Özündən Böyük Mənasında, Ürəyin Ürəyə Qovuşmaq Arzusunda, İdeala qarşısıalınmaz Meyildə, Dost­luq­da, Həyada, İsmətdə, Dünənlə Bugünün Təmasında, Özündənkeçmədə, Qeyrətdə, Müqəddəsliyin Əfsunlu  Cazibə­darlığında Əbədi, Sonsuz Mütləq yaşayır.

Mənim Allahım Odur!

Sözə sığmayan, nisbi hadisələrin daxilində yaşayan, fəqət onlardan Yüksək və Kamil olan Mütləq!

Zəkada Dahilik, Mənəviyyatda Qəhrəmanlıq, Sifətdə Ruhani Gözəlliyin İfadəsi, Hissiyyatda Sevgi, ictimai həyatda – Azadlıq!

Mövcudiyyatda  – Mütləqə qovuşmaq diləyi, Tarixdə – Xal­qın Ölməzliyi, Təbiətdə – Dağların Vüqarı, Səmanın Sehrli Ən­gin­liyi, Cəmiyyətdə – Torpağın Vətən səviyyəsinə qalxması!

Bunlar Mütləqin təzahürləridir!

Mənim Allahım Mütləqdir!

İnsan Özündənkeçmə, Fədakarlıq Yüksəkliyinə qalxır, Adili­yin­dən, Keçiciliyindən, Qorxu Duyğusundan xilas olursa, Özün­dəki Mütləqə yaxınlaşır!

Xalq sonsuz Mətanət, Əzab-Əziyyət bahasına öz bənzərsiz­liyini, Bəşəri Ləyaqətini saxlayırsa, – Özündəki Mütləqə yaxın­laşır!

Ana Övladına Məhəbbətdə Dahilik göstərirsə – Özündəki Müt­lə­qə yaxınlaşır!

Məhəbbətdə iki şəxs bir olursa, cismani qovuşma Ruhani Qovuş­maya çevrilirsə –  İnsan Özündəki Mütləqə yaxınlaşır!

Günəş Yerə, Torpağa, Canlılara, Bitkilərə öz Şəfqətini Səxa­vətlə paylayırsa – özündəki Mütləqə yaxınlaşır!

Sifətdə İnsanın Dünyaya sığmayan Mahiyyəti öz İfadəsini tapırsa, – Sifətdə Mütləq İşığı parıldayır!

Musiqinin Vəcdli, Sehrli, Sirli səsi – Mütləqin səsidir…

Şəxsiyyətin özünü yenidən yaratmaq əzmi  – Mütləqin təza­hü­rü­dür.

Peyğəmbərlərin Sözlərində, Qəhrəmanların Əməllərində Mütləq yaşayır!

Zülmə qarşı hiddətdə, eybəcərliyə qarşı Nifrətdə, Mərhəmət­də, Qüdsiyyətdə Mütləq yaşayır!

Gecə Sükutunda, Səhər Oyanmasında, Şimşək Nərəsində, Yağışda, Qarda Mütləq yaşayır!

Ruhun bədən üzərində, İnsaniliyin Heyvanilik üzərində, Müd­rik­liyin Naşılıq üzərində qələbəsində Mütləq yaşayır!

Amalın Ömrə Hakim olmasında Mütləq yaşayır!

Mənim Allahım Mütləqdir!

Mən Ona Səcdə qılıram. Onunla yaşayıram. Onun tələblərinə əməl edirəm.

Mütləq Dünyada təzahür edir, Dünyanın daxilindədir. Ancaq Dünya təkcə Mütləqdən ibarət deyil.

O, həm də şərdən, naqislikdən, çirkinlikdən, adilikdən, bəsit­lik­dən ibarətdir.

Dünya heç vaxt tam Mütləq olmur.

Mütləq Həmişə Gerçəklikdən Yüksəkdir!

Ancaq Gerçəklikdə həmişə Mütləqə can atmağa, ona yaxın­laş­mağa, onunla bir olmağa meyil var.

Dünya heç vaxt tam Mütləq olmur, ancaq Dünya həm də heç vaxt Mütləqsiz olmur.

Mütləq həmişə Dünyada özünü büruzə verir, həm də Dünya ona yaxınlaşmağa can atır.

Mənim Allahım Mütləqdir!

Mütləq İnam, Mütləq Gözəllik, Mütləq Həqiqət, Mütləq Tərəq­qi, Mütləq Ədalət, Mütləq Fədakarlıq!

Mütləq məni Qanadlandırır, Qəhrəmanlaşdırır, Dahiləşdirir, Peyğəmbərləşdirir.

Özümlə Döyüşürəm, öz üzərimdə Qələbə çalıram, Gerçək­liklə razılaşmıram, Eybəcərliklə barışmıram, daim Mütləqə doğru irəliləyirəm.

Həm Əlçatmazdır Mütləq, həm də Yaxın!

Əlçatmazdır, çünki Gerçəklikdən Kamildir, Yüksəkdir.

Yaxındır, çünki özünü Gerçəklikdə büruzə verir, əməllərdə, hadisələrdə, keyfiyyətlərdə aşkara çıxır.

Həm Sonsuzdur Mütləq, həm də Sonlu!

Sonsuzdur, çünki Mahiyyətini Gerçəklikdə heç vaxt tam ifadə etmir.

Sonludur, çünki Gözəl və Mənalı hadisələrdə təzahür edir!

Həm Görünəndir Mütləq, həm də Görünməz!

Görünəndir – ayrı-ayrı İnsanlarda, Gözəlliklərdə, Məziyyət­lərdə, Təzahürlərdə!

Görünməzdir, çünki özü öz təzahürlərindən Artıqdır, Alidir, Böyükdür.

Bu səbəbdən də mən Mütləqi həm görürəm, həm də görmü­rəm!

Görürəm Ülviyyətlə, Qüdsiyyətlə görüşəndə, ona qovuşanda, onda itəndə!

Görmürəm, çünki Mütləq bu gördüklərimdən daha Kamil, daha Mənalı, daha Möhtəşəmdir!

Görünən Mütləq məni görünməyən Mütləqlə Ruhani qovuş­mağa hazırlayır, birincidə ikincinin nişanələrini görürəm.

Peyğəmbərlərdə, Müdriklərdə, Özündən Keçənlərdə, Təbiət­də mən Mütləqin təzahürləriylə görüşürəm, onlarla bir oluram, Qüdrətim hədsiz dərəcədə artır; ancaq mən dərk edirəm ki, bun­lar Günəşin Şüalarıdır, Günəş isə Şüaların cəmindən Artıq­dır.

Mütləq Dünyanı yaratmayıb.

Ancaq Dünyanın Ülvi Mənasını, Sığmazlığını, özündən kəna­ra çıxmaq, İdeala qovuşmaq Qüdrətini yaradıb.

Mütləqə Səcdə qılıram, üzümü Ona tuturam və deyirəm:

– Ey yerə-göyə sığmayan, tayı-bərabəri olmayan, Dünyada nə varsa, hamısına Ali Məna, Gözəllik, Ülvilik  verən – Mütləq!

Mənə kömək et!

Yanında cılızam, kiçiyəm, naqisəm, nöqsanlıyam, günahlı­yam, qəbahətliyəm!

Qolumdan qaldır, böyüt, artır, yüksəlt, təmizlə!

Müqəddəslik suyunda çimizdir, zəifliyimdən, keçiciliyim­dən, naqisliyimdən uzaqlaşım!

Necə varamsa, azam, cılızam,  səndən uzağam.

Yaxınlaşdır məni özünə.

Həmişə mənimlə ol.

Qəmimdə də, sevincimdə də, balacalığımda da, yetkinliyim­də də, cavanlığımda da, qocalığımda  da, ölüm saatımda da, ümid məqamımda da – məni tək qoyma!

Ömrüm boyu sənə xidmət edəcəyəm!

Dünyada, İnsanda, Dünəndə, Bugündə Gözəl, Mənalı, Mü­qəd­­dəs nə varsa, hamısını yığacam qəlbimə,  onlardan daha Kamil bir Ruhani Surət yaradacam Mənəviyyatımda və  ona səcdə qılacam.

Sən mənim Atamsan!

Doğmam, Ülvim, Müqəddəsim – Mütləqimsən!

 

Ölümlə Görüş

 – Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor­xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm,  saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!

Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlə­rimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpilə­cəm ömürlərə, talelərə!

Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam  ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!

Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdu­rursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünya­ya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.

Mənə ölüm Yoxdur!

 

Aqibət

İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.

Biri dedi: Gözəl ailə başçısı öldü.

O biri dedi: Səmimi dost öldü.

Biri dedi: Xeyirxah, xalqsevər öldü.

Digəri dedi: İti, parlaq zəka məhv oldu.

Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.

O biri dedi: İşıqlı mənəviyyat söndü.

Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim araya­caq, arayacaqdı.

 

Matəm Üstə Mütləqlə Təmas

 

Ölən – Əzəlidə qalır.

Əbədidə qalır.

Sonsuzda qalır.

Kamildə qalır.

Üzlərdə qalır.

Gözlərdə qalır.

Dodaqlarda qalır.

Xalqda qalır.

Ölən – Gerçəklikdən gedir – Mənada qalır.

 

“Ata Ruhunu Ürəyimizdə Aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Mərasim sona yetdi.

 

 

Səsdən yazıya çevirdi: Göylü Atalı.

Şölə Ayı, 41-ci il. Sumqayıt.

(iyun, 2019).

 

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir