Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin Ailə Günü Toplantısı

Ocaq Günsırası ilə 24 Qürub Ayı, 47-ci ildə (avqust, 2025) “Uluyol-Hünər” Ailəsinin növbəti “Ailə Günü” tədbiri keçirildi. Ailə Günü qurallarından sonra Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Hamını xoş gördük. Bu ay oxuduqlarımdan, gördüklərimdən bölüşmək istəyirəm. Bir çox ədəbiyyat oxudum. Ən böyük oxuduğum əsər Tolstoyun “Hərb və sülh” əsəri oldu. Əsəri oxuduqdan sonra Soylu bəyin əsər haqqında yazdığı “Həyat üfüqləri” araşdırma yazısını oxudum. Deyim ki, əsəri oxuduqdan sonra o araşdırmanı oxumaq daha yaxşı anlamağa kömək elədi. Elə məqamlar var idi ki, bir daha yenidən düşündürməyə vadar elədi. Düşünürəm ki, orada baş verən hadisələr, ümumiyyətlə, indiki dövrdə də yaşadığımız hadisələrlə səsləşir. Bu dövrdə də savaş baş verir. Yəni xalqlar bir-birinə hücum eləyir, bir ölkə başqa bir dövlətlə savaşır. Tolstoyun təsvir etdiyi o hadisələr, münasibətlər, ölkələrarası əlaqələr – tutalım ki, həmin dövrdə çar üsul-idarəsi var idi, indi də prezident üsul-idarəsi var. Əslində, heç bir şey dəyişməyib, baxmayaraq ki, iki yüzilə qədər bir vaxt keçib. Çünkü insan dəyişməyib. Savaşın orada edə bildiyi bütün dəhşəti göstərir. Məsələn, mən düşünürəm ki, doğrudan da, Tolstoyu anlayan olsaydı, savaş etməzdi. Yəni o dərəcədə savaşın dəhşətini göstərə bilir. İstər xalqlar arasında, istər bir xalqın müharibə gedən torpağında baş verən prosesləri, insanların arasındakı münasibətləri göstərir.
İndi Atadan oxuduqlarımla bağlı düşüncələrimi bölüşmək istəyirəm.

xxx

Güclü siyasət yoxdur. Ağalığın istəyi, mövqeyi, tələbləri var. Siyasət gücün yanındadır. Dünya ölkələri bunu zərurət kimi qəbul edir. Tarix də hadisələri bu zərurətin altında yazır. Haqq qazandırılan güc, ölkə yüzlərlə yalana inandırılır. Ancaq həqiqət işığı heç zaman sönmür. Yalanı həqiqətdən ayıra bilənlər gücün və zamanın diqtəsini deyil, həqiqətin işığına, var olmasına  inanırlar.

xxx

Mən bəzən özümü nədəsə ittiham edirəm, narazı qalıram. Tutalım ki, hər hansı bir işi görməyi planlayıram və günün sonunda təəssüflənirəm. Özüm özümü gözdən salıram. Əslində “Özüylədöyüş”ü doğru anlamıram. Döyüş hücum deməkdir. Qarşı tərəf, yəni hücum çəkilən gərəkli cavabı, hərəkəti vermirsə, deməli bu özüyləbarışmaqdır.  Layiqli cavab olmalıdır. Layiqli əməl olmalıdır. Ata deyir, köklənməyən alətdə çalmazlar. Duyğular, düşüncələr yaradıcılıq ruhunda köklənməlidir ki, ucalığa yetsin.

xxx

Tolstoyun “Hərb və sülh” əsərində Pyerə bir kəndli (Karatayev) deyir ki, yalnız Rusiyaya və ömrə şərik yoxdur”.
Mən bunu “vətən və özünü yaratmaq” kimi anladım. Millət, vətən və ömürdən başqa insanın özünün yaradacağı, çatacağı həqiqət yoxdur. Ata deyir, “Vətənsizlik ölümdür”. Özünü yaratmamaq, özünə çatmamaq – adamın faciəsidir.
Bugün dünyada insanlar ölür, xalq ölür, dəhşətli zorakılıq baş verir və dünya bundan sarsılmır. Yüz illərdir savaş dəhşəti təkrarlanır, silahlar təkmilləşir, insan yetkinləşmir. Xəritələr dəyişir, insan doymur. Düşünürəm ki, vətən anlamına yetən insan, öz vətəninin qədrini bilsə, qutsallığına yetsə, başqasının vətəninə, dəyərlərinə də sayğı ilə yanaşar. Ancaq adam adama yaddır. Adam öz adamlığının təsdiqi üçün yaşayır. O üzdən dünyanın mənzərəsi dəyişmir. Atanın da dediyi kimi, “Atasızlıq fəlakəti var. Dünya yetimləşdikcə azğınlaşır”.

xxx

Bu gün əziyyət çəkməyən azdır. Bəlli qrup öz kefindədir. Ancaq əziyyət çəkənlərə baxdıqca görürəm ki, niyə əziyyət çəkdiklərini belə anlamırlar. Özünü, ömrünü anlamaq, dünyanın səndə yerini, sənin dünyadaki yerini anlamaq gərək – çətin olan budur. Həyat sənə verilən deyil, sənin qazandığındır. Verilən əziyyət olur, yük olur, qazandığın məqsəd olur. İnsanı yox olmaq qorxutmalıdır. Var olmaq istəyi, həvəsi, düşüncəsi fərəhə aparan yoldur.

xxx

Ruhaniyyata köklənəndə qayğıları görmürəm. Qayğılarla məşğul olanda onlardan başqa heç nə görmürəm. Qayğı elə böyüyür ki, itirəm içində. Ancaq ruhsal düşüncədə olanda, zamanın fövqündə olanda qayğı məni sürükləmir. Gözümdə nəyin önəmi qalxırsa, onunla yaşayıram.

xxx

Öncələr hər hansı bir olay, sənət əsəri, ya nəsə tanınırdı, məşhur olurdu. İndi axmaq səviyyəsiz bir hərəkətlə, sözlə də məşhurluq mümkündür. Axınla məşhurlaşırlar və dəhşətli rəqabət yaranıb. Adam özünə sual vermir ki, bu mənə gərəklidirmi? Bu olay mənə, ömrümə, düşüncəmə nə verir? Belə bir ölçü yoxdur. Boşluq adamları uçuruma aparır. Boşluq adamların baxışında, sözündə, davranışında, həyatında dərinləşir. Niyə adamların ağlı bu qədər dayazlaşır? Öz oğlumun, eləcə də gənc nəslin o boşluğa düşməsindən rahatsızlaşıram. Boşluq dərinləşdikcə ölçülər kiçilir, məqsədlər kiçilir, ömürlər kiçilir. İnsanlaşma, millətləşmə bu boşluğun harasında gerçəkləşəcək?…

xxx

Ədaləti ən çox qanunlarda axtarırlar. İnsan haqqının, hüququnun qorunması ədalətə bağlıdır. Ancaq ən çox elə qanunlarda pozulur ədalət. İnsan dünyaya xoşbəxt olmaq üçün gəlib. Ömrün nizamı, məqsədi toplumun nizamı, məqsədi ilə bir olmalıdır. Toplum isə bütün halı ilə, qanunları ilə insana qarşı çıxır. Ədalətin təməli İnsanın ruhsallığındadır. Adam insana çatmır deyə ədalət də ömürdə təsdiqini tapmır.
Toplum qaydaları, qanunları toplumu, dövləti qorumaq, təsdiq etmək üçün yazılır. Ölçü insanlıq deyil. Dünyadakı savaşlar ağa ölkələrin mənafeyini qorumaq üçün gerçəkləşir. Bəzən bir xalq, bir ölkə dünyanın gözü qarşısında zora uğrayır. Qayda, qanunu yaradan zordur. Bu gün mövcudolma qorxusu, sabahın bəlirsizliyi adamları, xalqları hansı ədalətə inandıracaq?! Axına qarşı dura bilən, haqqını tanıya bilən insanlar ədalətin səsi, üzü olanlardır.
Adam özünü tanımalı, yetirməli, inanmalıdır ki, haqqının nə olduğunu bilsin. Bəzən bir səs, bir tələb milləti, dünyanı ayıldır.
…Asif Ata deyir, İnsanın içində Mütləq var. Mütləqə yetmək sənin haqqındır. Mütləqə yetəndə həqiqətli olursan, ədalətli olursan, həm özünə, həm də dünyaya qarşı. O üzdən ədalət istəyi, tələbi insan olmaqdan başlayır…
Xalqlaşma əməllərim olub. Qubada olmuşam, həm kitabxanaya, həm də yerli televiziyasına getmişəm, söhbət etmişəm, ədəbiyyat vermişəm. Sosial şəbəkə üzərindən söhbətlərim olub. Bir musiqiçi oğlanla Ocaq yönündə söhbət elədim, ədəbiyyat verdim.
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Ocaqçının ömrü, ümumiyyətlə, Amal üstə köklənir. Bizim həyatdakı münasibətlərimizin böyük hissəsi Ocaqla, Amalla bağlı olur. Demək olar ki, bu hal bizdə sanki artıq bir vərdiş səviyyəsində yetişib, biz bu hala köklənmişik. Ancaq mən hardasa ardıcıl, sistemli iş apara bilməmişəm. Bilmirəm, hələlik.
Amallaşma ilə bağlı, Soylu qardaşımın dediyi iki fəlsəfi kitabı mən də oxumuşam, onları özümləşdirməyə çalışmışam. Biri fəlsəfənin problemləri ilə bağlı, biri də dünya mədəniyyətlərinin tarixi haqqındadır. Hər ikisindən xeyli faydalanmışam, özüm üçün bəlli nəticələr çıxarmışam. Eyni zamanda düşünmüşəm ki, nə yol olursa olsun, Mütləqə İnam yolu dünyanın təməlindən gəlir. Ona görə də Mütləqə İnam yolunu yeganə həqiqi yol kimi qəbul edirəm. Heç məlum deyil ki, gələcəkdə yenilənmələr hansı şəkildə ola bilər. Çünkü bu artıq mənim bütün idrakımı əhatəsinə alıb – Mütləqə İnam yeganə, həqiqi və düzgün yoldur. Bu yöndə mənim söhbətlərim, istər tanışlar arasında, istər təsadüfi, istər ardıcıl olanlarla, az deyil. Yaxın adamlarla əlaqələrimdə söhbətlərimin yönü çox vaxt bu istiqamətdə olur.
Bacımız burada sual qoyub ki, niyə ədalət həyatda tam təsdiqini tapmır? – Ədalət həyatda tam təsdiqini tapa bilməz. Həyatda ən yaxşı hal demokratiya hesab olunur, bazar iqtisadiyyatı, azad rəqabət – bunlar inkişafın əsas meyarları kimi qəbul edilir. Ancaq bunların hamısı nöqsanlıdır, nisbidir, yarımçıqdır. Çünkü burada insan amili nəzərə alınmır. Qərarlar, qanunlar İnsanlıq üzərində qurulmur, insanın formalaşması, kamilləşməsi arxa plana keçir.
Xalqlaşma ilə bağlı deyim, bir taksi sürücüsü ilə tanış olmuşam. Münasibət qurmuşuq, bir az söhbətlərimiz olub. Amal haqqında müəyyən müzakirələr aparmışıq. Hələ ciddi deyil, ancaq gələcəkdə davam etdirmək fikrim var. Təxminən bir-birimizi bəyəndik, gözümüz tutdu. Yəqin ki, onunla söhbətlərimiz alınacaq. Daha artıq danışmaq istəmirəm, mənim Amal hesabatım bu qədərdir.
Atamız Var olsun!

Göynur Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.):  Gözümdə problemlər var, çox kitab oxuya bilmirəm. Ancaq bacardığım qədər mütaliə edirəm. Mən, başqa mənada çıxmasın, Amallaşma, kamilləşmə kimi anlayışları bu qədər insan arasında, bu qədər cəmiyyətdə görməmişəm. Mən çox yerlərdə olmuşam, müxtəlif insanlarla ünsiyyətdə olmuşam, ancaq orada nə Amallaşma, nə kamilləşmə görməmişəm. Bəlkə də bu sözlərin əsil mənasını bilməmişəm. Ancaq burada bilirəm ki, Amallaşma nədir, kamilləşmə nədir, xalqlaşma nədir. Mən ümumilikdə anlayıram bu anlayışların dərinliyini, ancaq bu qədər dəyəri, bu qədər mənanı yalnız burada hiss etmişəm, burada görmüşəm.
Xalqlaşma işi deyərkən: iki nəfərlə söhbət etmişəm. Bizim bir dostumuz var, sağlıq olsun, Atamızın 90 illiyində onunla görüşəcəyik. O, əqidəli, bizə yaxın, hörmətli insandır, Asif Ataya böyük hörməti var…
Niyə Ədalət həyatda tam təsdiqini tapmır? Ədalət həyatda əksini tapır, çünkü ədalət qanunlarda yazılır, gerçəklikdə ona əməl edən yoxdur. Kamil insanlar yoxdur. Ədalətə dəyər verən insanlar yoxdur. Ədalətsizlik olanda dünyanın bütün balansı pozulur. Çünkü bu, kimlərəsə sərf edir. Əgər ədalət olsa bəşəriyyətə xidmət edəcək. Onda insanlar normal yaşayacaq, qanunlar ədalətli olacaq, bəşəriyyət rifah içində olacaq. İnsanlar ədalət çərçivəsində yaşasaydı, cahil olmazdı, kamil, adil, ədalətli olardı. Qanunsuzluqlar hər yerdə hökm sürür. Bunun səbəbi insanın özüdür. İnsan gərək əvvəlcə özündə ədalətli olsun ki, qanunlara da tabe ola bilsin.  Ədalətsizliklə idarə etmək, insanları əymək, sındırmaq asandır. İnsanların ədalət hissindən sui-istifadə edirlər. Belə cəmiyyətdə ədalət tapılmayacaq…
Mənim sözüm bu qədər.
Atamız Var olsun, Bayrağımız Var olsun!

Nurtəkin Atalı: Göynur bacı, sizin sosial şəbəkədə Atanın, Soylu bəyin yazılarını paylaşmanız elə Xalqlaşma əməlidir.

Göynur Atalı: O mənim borcumdur. Ancaq mən sizin qədər çox aktiv ola bilmirəm. Yəni, mən Günev bəyə baxıram, o qədər aktiv ola bilmirəm. Sonra Göytəkin tam başqa aləmdir. Yəni, mən onlar kimi ola bilmirəm. Çox təəssüf edirəm ki, 10 il qabaq gəlmədim Ocağa.  Yəni, mənim də hələ ki, gücüm çatdığı, bacardığım, etmək istədiyim şeylər budur. 
Tovuzlu bir bəylə Asif Ata haqqında, Ocaq haqqında söhbət etmişəm. Unutdum deməyi.

Göytəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Mən günümüzün tələbinə uyğun olaraq Amallaşma hesabatımdan başlamaq istəyirəm. Amallaşma yönündə çalışmalarım həmişəki kimi davam edir. Hazırda daha çox qıraq ədəbiyyatları oxuyuram. Oradan həm Atanın dediklərinə yönəlməm olur, həm də ən önəmlisi odur ki, oxuduqlarım düşüncələrimi toparlayır. Bəzən aydın olmayan düşüncələrimi, suallarımı üzə çıxarır, onları konkretləşdirir. Ancaq indi son zamanlar Atanı yenidən oxumağa daha böyük ehtiyac duyuram. Çünkü qıraq ədəbiyyatlarda oxuduqlarım və baş verən hadisələr Atanın hansısa deyimini, fikrini, yanaşmasını yadıma salır. Ancaq onu tam xatırlaya bilmirəm. Ona görə də düşünürəm ki, Atanı yenidən sistemli şəkildə oxuyum.
Amallaşma ilə bağlı qeydlərim var, onları da yazıdan oxumaq istəyirəm.|
İnsanlar sürəkli ədalətsizliyin, haqsızlığın qurbanına çevrildikcə onların içində etiraz böyüyür. Bu etiraz kütləvi hal alanda üsyanlara çevrilir. Bu etirazın baş qaldırmasında vətənsevərlik, insansevərlik kimi duyğular rol oynayır. Bu həm də insanın içində yığılıb qalan hiddətin kütlədən aldığı cəsarətlə üzə çıxmasıdır. Bir anda üzə çıxan çılğın duyğular ifadə olunur və tükənir. Əgər bu durumu idarə edəcək idraki gücü ortaya gəlmirsə, kütləyə ağalıq, zor yiyələnir. Kütlə zorun etkisi altında yönləndirilməyə başlayır. Nəticədə baş verən inqilab, bu qarışıqlığı yaradan güclərə, öz istəklərini həyata keçirmək üçün, şərait yaradır. Yaranan mühit artıq zəifləmiş, cəsarətsiz insanları hamının cərgəsinə qoşur. İnsanların tez-tez dilə gətirdikləri, ideallaşdırdıqları fikirlər, ideyalar söz olaraq qalır, əməlsizlik uçurumunda itib batır.

xxx

 Çətinlikdən,  əlçatmazlıqdan xəyallar doğur, xəyallar məqsədə çevrilir, məqsədlər isə insanın həyat yolunu bəlirləyir. İnsan çətinliyə qıraqdan baxdıqca, yükü daşımaq ona mümkünsüz görünür. Ancaq çətinliyin içində güc yaranır  – onu aşmaq gücü. Qıraqdan baxdıqca mücərrəd və mümkünsüz görünən ideyalar, insan onları daşıdıqca, ömrünə gətirdikcə, mübarizə yoluna çevirdikcə aşılması mümkünsüz görünən sorunların əlacına çevrilir. İnsan özünü düzgün ifadə etmədikdə və ya etməyi bacarmadıqda, hər kəs onun dediyini öz düşüncəsinə uyğun yönə çəkir.

xxx

 İdealı gerçəkləşdirməklə xoşbəxtliyə çatmaq nə deməkdir? – Çevrəmdəki insanların çoxu cəmiyyətin, mühitin yetişdirdikləridir. Mən onlara öz ideal baxışlarımdan baxanda, müqayisə aparanda və onları öz baxışlarıma uyğunlaşdırmağa çalışanda, onların yanlışları, çatışmazlıqları bütün çılpaqlığı ilə üzə çıxır. Bu, mənim içimdə gərginlik yaradır, ancaq onların ömründə isə heç bir dəyişiklik yaratmır. Onları heç bir yanlışdan çəkindirmir. Əgər ətrafımdakı insanlara idealı öz ömrümlə göstərməyi bacarıramsa, onlar bu müqayisəni özləri aparır və bu, onların ömründə dəyişiklik yaradan yola çevrilə bilir. İnsanları yuvarlandıqları uçurumdan itaətlə deyil, ideala aşiq etməklə qurtarmaq olar. Bunu bacarmaq, xoşbəxtliyə yetməkdir.

xxx

Təbiətin gözəlliyinin insanın içində yaratdığı möhtəşəm duyğular sevginin doğurduğu əvəzsiz, sözlə ifadəolunmaz duyğularla səsləşir.

xxx

Müharibə insanların doğal haqlarını əlindən alır, onları gedişdən asılı vəziyyətə salır. Hakimiyyət və ağalıq insanı zorla xoşbəxt etməyə çalışan kimi görünür. Bu, həyatı insan üçün işgəncəyə çevirməkdən başqa bir şey deyil. Hər yerdə dağıntılar, qırğınlar, uçqunlar, faciələr  baş verir. Bir yanda xarabalıqlar yaranır, digər yanda gülüstanlıq. Biriləri üçün qurtaran həyat, başqaları üçün yeni başlanğıc olur. Təbiət insanın vəhşi davranışları ilə sanki durmadan mübarizə aparır. İnsanın çirkin əməlləri təbiətin gözəlliyini aradan qaldıra bilmir. Yeni mənzərələr yaranır. Dünya gözəlləşdikcə, insanın çapıb-talamaq hərisliyi alovlanır, dayanmaq bilmir və bu gedişlərin içində insan var ola bilmir. Çünkü onun iç dünyası dünyaya doğma deyil.
Kamilləşmə hesabatı ilə bağlı: – Atanın bir deyimi var, mən daha çox o deyim üzərindən özümü sorğulamağa çalışmışam. Deyir ki, “insanı tam dərk etmək istəyirsənsə, ona soyuq baxma, biganə baxma, atəşli bax.” Mən bu deyimi düşündükcə insana yanaşma tərzimi sorğuladım və içimdə soyuqluğun olduğunun fərqinə vardım. Hətta deyimin özünü sorğulayarkən belə, içimdə acıq yaranırdı – “necə yəni atəşli bax?” Sonra anladım ki, bu acıq və aqressiya insanların yanlışlarını düşündüyüm, onları böyütmək istədiyim üçün yaranır. Mənim zəifliyim ondadır ki, insanın bir neçə müsbət cəhətini qiymətləndirib onun yanlışlarına qarşı qoymağı bacarmıram. Deməli, insan özünü yalnız yanlışların yaratdığı gərginlik, qorxu, narahatlıq və biganəliklə yükləyərsə, içi qaranlığa bürünər. Bu qaranlıq da ən pis duyğularla insana qarşı yönələr — acıq, aqressiya, soyuqluq, biganəlik kimi ortaya çıxar və münasibətləri adiləşdirər.
Özünü təhlilin yaratdığı dəyişiklik ondadır ki, mən artıq qarşımdakını çözə bilirəm. Onun yanlışlarının yaratdığı gərginlikdən qurtulmaqla bunu bacarıram. Son dönəmlər isə gələcəklə bağlı sualları özümə daha çox verirəm, düşünməyə çalışıram.
Məsələn, gələcək üçün nə etməli, bu günümdən nə götürməli? Mənim gələcəklə bağlı düşüncələrimdə məişət qayğılarımı üstünlük təşkil edir, yoxsa mübarizəmi? Əgər bu soruları məndən soruşsalar, ümumi cavab verə bilərəm. Ancaq bu cavablarımın içində hələ ki, tam olaraq məqsədə çevrilməyən istəklər daha çox yer alacaq. Yəni, məqsədə çevirmədiyim üçün yetərincə əməl də ortaya gəlmir. İçimdə bir gərginlik yaranır. Nə zaman ki, mən Ocaqla bağlı nələrsə edirəm, həmin gərginlik səngiyir. Nə zaman ki, uzaqlaşıram, narahatlıq artır. Bu, ona görə artır ki, mən gələcəklə bağlı düşünəndə daha çox yaşam qayğılarını önə keçirirəm və bu, üstələyir, məni gərginləşdirir. İndi mən bu günümü bu sualın üzərində qurmaq istəyirəm. Hesabatımı da o suallar üzərində qurmaq istəyirəm ki, bu həm mənim gələcəklə bağlı düşüncələrimdə mübarizə ilə bağlı məsələləri önə keçirməyə kömək olsun, həm də əgər mən bunu bacararamsa, daha ciddi əməli ardıcıllığım ortaya çıxa bilər.
Bir də özünü təhlil qeydlərimdən qısa yazı var, onu oxumaq istəyirəm.
Getdikcə daha çox fərqinə varıram ki, həyat, məişət qayğıları insanı udmaq istəyir. Özümü məişətin ixtiyarına vermədikcə təhlükədən qaçdığımı düşünürəm. Ancaq insanın özünü məişət qayğılarının ixtiyarına verməməsi, onun aid olduğu yerdə olması demək deyil hələ. Bu çətinliyi təkcə məişət qayğıları yaratmır. Bunun əsasında başlıca olaraq duyğuların çılğınlığı dayanır…
Xalqlaşma əməlim də olub, geçən Ailə Günündən bu günə qədər. Yardımlıda olanda ayrı-ayrı adamlarla, bir dəfə də 2-3 nəfərlə birlikdə söhbətlərim olub. Bir də bu yaxınlarda Bakıda oldum, yaxın qolumlardan bir nəfərlə söhbətim oldu. O, neqativ dindardır, yəni dini hər şeydən üstün tutur, toxunulmaz sayır. Ona görə də mən söhbətə birinci dinə etirazdan başlamadım. Çünkü o söhbətin əvvəlində durmadan deyirdi, mən türkçü deyiləm, millətçi də deyiləm. Birbaşa ümmətçilik açısındanyanaşırdı. Ancaq bizim söhbətin mövzusu insan, inam, azadlıq, din, dinin yanlışları kimi mövzularda oldu. Mən ona daha çox dində ziddiyyətli görülən məsələləri sual verdim. Təbii ki, din açısından bəzi şeyləri cavablandırmağa çalışdı. Yəni, söhbətinin başlanğıcında dini əsas şey saydığını bildirirdi söhbətlərlə, izahlarla. Ancaq söhbətin sonunda dinin ziddiyyətli yerlərinə çatınca, o, özü də bilmədən dinin əsas baxış olduğundan uzaqlaşmış düşüncədə idi. Bir də mənim söhbət zamanı diqqətimi çəkən nə oldu?! – Adam dinlə bağlı, tarixlə bağlı və digər məsələlərlə bağlı məlumatlı, bilgilidir, yəni mütaliəsi var. Dinlə bağlı verdiyi izahlar da ağızdan-ağıza eşitdikləri kortəbii izahlar deyil, mütaliəsindən qaynaqlanırdı. Mən dini ədəbiyyatları öncələr oxuduğuma görə bəzi şeylərin haradan gəldiyini də bilirdim. Ancaq mənim diqqətimi çəkən nə oldu, onun bilgili olmasına baxmayaraq, bu bilgilər insanı, dünyanı onun gözündə dəyərli etmir. Bütün bu bilgilər ona dünyanı, insanı sevdirmək, onun üçün nikbinlik qaynağına çevirmək əvəzinə gözündən dünyanı, həyatı salır, insanı heçə endirir. Onun bütün söhbətlərinin hamısında insanın kamilləşə biləcəyinə inamsızlıq özünü göstərirdi. Baxmayaraq, dini insanın kamiləşməsi üçün əsas yol hesab edirdi. Bu inamsızlıq ilk növbədə onun özünün içində oturub, özünü sanki uçuruma yuvarlamışdı. Ona görə də bu inamsızlıq onun doğru bilib danışdıqlarının əmələ çevrilməsinin qarşısında əngəl kimi dayanmışdı. Mənim həmişə düşündüyüm və sual verdiyim, başqa sözlə, dində ən çox şübhəyə düşdüyüm bu olub ki, niyə din yolunda yürüyən insanların çoxu daha çox əyri əməllərlə məşğuldurlar, yəni kamil insan kimi özlərini yetişdirə bilmirlər. Mən onunla söhbət elədikcə, o müşahidələrimdən həmin sualımın cavabını da tapmış oldum. Yəni nə qədər ki, insan özü-özünü heç sayır, özü-özünü hansısa bir qüvvənin bəndəsi və idarə olunan sayır, nə özünü dəyərləndirə biləcək, nə də başqalarını… Bu qədər.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.):  İki saat bundan əvvəl əhvalım eləydi, fikirləşmişdim ki, söz deməyəcəm, dinləyəcəm. Çünkü isti vurmuşdu, günvurma deyirlər, başımda gicəllənmə vardı. Ancaq Ocaqçılarla təmasdan sonra başımdan ağrılarım getdi.
Amallaşma: “İçdən yaranma” kitabını oxumuşam. Ancaq bir söz deyim ki, mən onu konspektləşdirməyəndə elə oxuyub gedirəm. Bu əhvalda da oluram. Ancaq ondan sonra onu əgər bir auditoriya qarşısında danışmaq gərək olarsa, həqiqətən biraz mənim için çətindir. Ancaq konspektləşdirəndə yığcam fikirlərimi bir neçə yol təkrar eləyirəm, alınır.
Kamilliklə bağlı: hər addımım, hər çətinliyim Asif Atanın ideyalarının harayını ifadə edirsə, dünyada mənim fərəhim yerə-göyə sığmır. Daim elə bil ki, qarşımda görülür o. Mən bu kənddə olanda çox fiziki zəhmət çəkdim. Hətta evdə bacımgil, Elana çox dedilər ki, ölərsən. Bax, deyirəm ki, doğrudan da, mən bunu başqa bir məqsəd üçün eləyirəm, bəlkə də ölərəm. Bunu mən nə üçün eləyirəm?! Amal bağında bir ağacı qurumağa qoymuramsa (hərçənd nə qədər quruyubdur) içimdəki fərəh mənə ruh verir, gözəl əhval gəlir. Yaşamaq, yaratmaq eşqi gəlir.
Xalqlaşma işim: – Bura gələndən bəri bir neçə yerdə, hətta rayon mərkəzində təxminən 6-7 ailənin adamları ilə birlikdə bir məqam yarandı… Məni təqdim edəndə dedilər ki, sizin haqqınızda danışmışam. Asif Atanın davamçısıdır, dili ağzına sığmayan qədər öydü. Halbuki mən o adamı Atagündə, pis çıxmasın, yıxıb sürümüşəm. İndi bu əhvaldadırsa, fərəhli bir haldır. Onunla da sonra söhbət elədim və Asif Ata Ocağına yönəlik aydınlıq gətirdim ki, Asif Atanın Ocağı yaratmaqda dərdi buydu.  Bəşər dağılıb gedir, insan gör, nə hala gəldi ki, müharibənin müharibə qanunları var, ölüb öldürmədi, ancaq yardım alan körpələri bombalayır adını insan qoymuş fəlakət. İnsanın fəlakəti odur. Elə-belə demirlər ki, hər minillikdə bir peyğəmbər gəlirdi və o dərdlə gəlirdi ki, bəşəri gedişi bir nizama qoysun. Çaba göstərdik. Təsəvvür elə bu yöndə adi bir çaba göstərməyə min illər vaxt lazım olur, Peyğəmbərlərin gəlişini nəzərdə tuturam. Təbii ki, tarixdə qladiatorlar bir-birinin bağırsağını tökürdü, əl çalırdılar ona. O səviyyədə deyil bəşər. Ancaq dolayısıyla ondan betərdi. Onda bir nəfərin fəlakəti olurdu. İndi bir şəhəri, yatdığı yerdə körpələri bombalayırlar. Yatdığı yerdə insanların başına fəlakət gəlir. Hətta acı, susuzu, gedib qida tapanı yolda bombalayırlar. Bəşər xəcalət çəkməlidir bu halına. Buna qarşı yeganə duruş gətirən, yeganə dirəniş göstərən Asif Ata Ocağıdır, Asif Ata ideyalarıdır. Gör, kimsən sən? Gör, kiməm mən? Yıxıla-yıxıla, dura-dura, ancaq ürəyimdə bir atəş var, bir sevgi var, bir ilahi gücü var. Füzuli deyir,“Fəzayi-eşqi çün gördüm, səlahi-əqldən durəm. Məni risva görüb, eyb etmə, ey naseh ki, məzurəm!” Kimsə məni dəli hesab eləyir ki, hə, bu kimdir, bu boyda bəşərin dərdinə əlac edir? Bəs o əlac edənlər kim idi? Onlar da mənim kimi bir bəşər övladı idi. Mən indi Asif Atanın əlindən, ətəyindən yapışmış, duruş gətirib, Ocağıma, Soyluya, Nurtəkinə, qeyrilərinə, ürəyimdə dayaq tapıramsa, nə xoş mənim halıma. Elələri olub ki, heç tapmayıb, cəlayi-vətən olub. Gedib Hələbdə dərisi soyulub, harada tonqalda yandırılıb, harada daşqalaq olunub. Nəyin naminə? Bəşərin əyilən nizamı naminə. Təbii ki, sistemli olmayanda da yaxşı alınmır. Çaba göstərilir, o ölməzlik gəlir o ömrə ki, sən bu dərdlə, bəşərin bu bəlası ilə yaşadın və ömrü başa vurdun, cəza ilə, ya nə ilə. Ancaq bu, həmin şəxsin xoşbəxtliyidir,ölməzliyidir. Ölməzliklə paraleldir xoşbəxtliyi.
Sonra kəndin özündə də ali məktəbə qəbul olmuş bir qız uşağı gəlib evə ki, baba, sənin haqqında eşitmişəm, biraz öyrənmək istəyirəm. Mən ona kitab da verdim və günortadan axşama kimi söhbət elədik. Dedim, indi bu söhbətləri düşün. Bax, mənim danışdıqlarım, o mənəvi dəyərlərimiz, bizi xalq edib ortaya çıxarır. Sonra Asif Ata bu ideyalarla gəlib. Görürsən, günsırasıyla, abe-siylə, kitablarıyla gəlib, Ocağı ilə gəlib, bayrağı ilə gəlib, belə-belə işləyir. Getdiyin ali təhsil ocağında, çalış, orada hətta bir görüş də yarada bilərsən, müəllimlərinlə, heç olmasa ancaq müəllimlərinə nəsə çatdırasan. Yəni, bu xüsusda söhbətlərimiz çox oldu.
İnam Evi ilə bağlı. Gəldim-getdim, baxdım, susuzdur. Bütün kənddə su yoxdur. Bunun axırı nə olacaq? Ağacların çoxusu quruyub, qurtarmaq gərəkdir. Qonşuyla danışdım, bir dəfə su alaq vuraq. Çətinliklə də olsa, 5 gün suladım. 3 günün gecəsi də orda qaldım. Bu işığı yanılı qoyurdum, orada otururdum. Yoldan keçən, ötən görürdü. Tək bir adamla içəridə oturub söhbət edə bildim. O da mənə kömək eləyən oğlan idi. Yəni, xalqlaşma işi ilə bağlı burada mən dinc oturmamışam. Yadıma düşənlər bunlardı.
Sonra, gedişatdakı qonularla bağlı:həyatda niyə ədalət tam həllini tapmır? Həyatda,  daha doğrusu, toplumda belədir və heç vaxt tam mənası ilə, mütləq mənada həllini tapmayacaq. Ancaq yön ona tərəf olacaq. Bacımız dediyi kimi, dindirirsən ümmətçiliklə özünü varsayır. Ancaq heç olmasa Mütləqçiliklə, milli yöndə, milli düşüncədə, milli dəyərlər əsasında özünü varsayan insan, özünü tanıyan insan mən kiməm sualını verər. Mən bu dünyaya bircə ömürlə gəlmişəm. Mən bu dünyada hamının biri kimi yeyim, içim, sonra da aparsınlar quylasınlar torpağın altına. Üstümə də bir qara daş qoysunlar ki, bu kişi bu  idi. O gərək deyil. Nə təsdiq elədin? Hələ bir adın-sanın da olsun. Təbii ki, həyatın, cəmiyyətin öz işidir. Ancaq heç olmasa, haqqın olsun ki, sən gəldin-getdin, nə dərəcədə yaxınlaşdın özünə? Nə dərəcədə təsdiq elədin özünü? Bu təsdiq məsələsi var ortada. Çünkü heç kəs kor deyil, heç kəs kar deyil. Yəni, müəyyən mənada bunu deyirəm. Ocaq 47 ildir haray çəkir. Həqiqət uğrunda canından keçən şəxsiyyətlər var, belə şəxsiyyətlər bəşərin yönünü dəyişəcəklər. Asif Ata ideyalarıyla dəyişəcəklər. Demək olmaz ki, cəmiyyətdə mütləq mənada həqiqət bərqərar olacaq. Deyirəm ki, fərq olacaq. Fərq çoxdur. Bugünün özündə bircə mənim yıxıla-dura burda harayım iş gördü, ətraf kəndlərin hamısında məscid tikildi, burda tikilmədi, çox çalışdılar, çox vuruşdular ki, burda bir məscid tiksinlər. Bax, bircə nəfərin harayı öz işini gördü. Heç kəs bu kəndin içində məscid tikintisilə bağlı yaxın getmədi o işə.
Sonra hüzür yerində oldum, o adam ki, mənə yumruqla vurmuşdu, o mollanın yasında oldum. Mən orada söz aldım, yaxşı bir çıxış elədim. O qədər gözəl qəbul olundu ki. Hamıdan xahiş elədim, ayağa durmaq lazımdır, “Mütləqlə təmas” deyiləndə. Hamı ayağa durdu, tanıyanlar əlini sinəsinə qoydu, o biriləri də ona baxıb qoydular. Mütləqlə Təması dedim, onun izahını dedim. Səhərisi günü başqa yerdə görüşən adamlar o qədər razılıq eləyirdi. O necə danışıq, o necə nitq idi, o necə gözəllikdi. Mollaların mülahizəsinə o qədər qulaq asılıb ki, insanın qulağı da şişib həqiqətsizlikdən, uydurmadan, yalandan, heç bir mənası olmayan, hətta anlamadığı bir dildə. İnsan o məqamda həqiqəti görür, həqiqəti eşidir və istər-istəməz dörd gözlə, heyrətlə sənə qarşı münasibəti yaranır. Mən bunu da orada gördüm. Halbuki hamı bilir ki, düşüncəmizdə daban-dabana zidd olmuşuq o ölənlə. Ancaq mən insanam. Mən o kinlə, o küdurətlə deyil, əslində bir sevgiylə ki, kənddən bir insan gedir. Belədir ona münasibətim.
Atamız Var olsun!

Soylu Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Demək, Ailə Gününün məzmunu ilə bağlı, bir də Ailə Gününə yanaşma ilə bağlı bir neçə söz demək istəyirəm. Mən istəyirəm ki, siz məni anlayışla qarşılayasınız, mənim iradlarıma da anlayışla yanaşasınız. İllərdir deyirəm, ancaq Ocağımızda onlara əməl olunmur. Əməl olunmadığına görə də qayda yaranmır. Belə deyim, hələlik ona daha çox Göytəkin əməl edir.
Ailə Günü qonuları budur: Amallaşma, Kamilləşmə, Xalqlaşma. Amallaşma hesabatı verilir, Tolstoy, Dürant, kimlər, kimlər… Niyə?! Axı bu, Amallaşma deyil. Tolstoyun Amalı deyil ki bizim Amalımız, Asif Atanın Amalıdır. Amallaşma, Asif Atanı öyrənmək deməkdir. Tolstoydu, Dürantdı, Alıdı, Vəlidi, bunları ümumi söhbətin gedişində düşüncəyə yardımçı kimi istifadə eləmək olar. Mən Asif Atanı izah etməliyəm, aydınlaşdırmalıyam, bu zaman gücləndirici kimi bir misal çəkə bilərəm Tolstoydan. Bir misal çəkə bilərəm Taqordan, bir misal çəkə bilərəm Buddadan, bir misal çəkə bilərəm Platondan. Deyək ki, bax, bunun da deydiyi Asif Atanın bu məsələdə baxışını möhkəmlədir. Yəni, biz Amallaşma deyirik, başqalarının haqqında danışırıq. Onları təhlil eləmək ikinci dərəcəli bir şeydir. Amallaşma – Asif Atanın kitablarını oxumaq deməkdir. Mən Asif Atanın kitablarını 4 dəfə oxumuşam. Bəlkə də 70-80% içərisinə girə bilmişəm. O qədər ciddi məsələlər var. Bu məsələlərə baxış sərgiləmək üçün, onlara aydınlıq gətirmək üçün Asif Atanın fəlsəfəsini oxumaq, öyrənmək gərəkdir. İstənilən bir adama sual ver. Xeyir nə deməkdir? Misal üçün deyirəm. İzah elə onu. İstənilən Ocaqçıya sual ver, ümumiləşmiş nəsə bir şey, gör özü ilə üz-üzə onu düşünübmü?!“Xeyir” sözü bir anlayışdır, belə deyək, fəlsəfi kateqoriyadır. Bu anlayışı izah edərkən, biz Asif Atanın baxışına aydınlıq gətirmiş oluruq, ya da Asif Atanın baxışında “Xeyir” nə deməkdir, – ona aydınlıq gətirə bilirik. Məsələn, ədalət deyirsən, həqiqət deyirsən, o qədər anlayışlar var ki, bu anlayışların hər birinə əgər aydınlıq gətirə bilirsənsə, Asif Atanın baxışını cəmiyyət qarşısında, bəşəriyyət qarşısında ifadə eləyə biləcəksən. Aydınlıq gətirməmisənsə, eləyə bilməyəcəksən. Buna görə hər bir Ocaqçı özünə sual verməlidir ki, mən Asif Atadan qıraqda olan istənilən baxış daşıcısıyla üz-üzə oturub, ona anlada bilərəmmi Asif Atanın gücünü?! Yumşaq deyim, onu yenə bilərəmmi?! Mübahisə ilə yenə bilərsən. Birini o deyər, birini sən. Mübahisə zamanı axırda, ya sən bezəcəksən, ya da o. Bu yenmək, yenilmək deyil. Baxın, qarşındakı bir mövqe sərgiləyir. Sən o mövqeyə, onunla mübahisə eləmədən, ən yüksək səviyyədə aydanlıq gətirirsən, qarşıdakını öyrədirsən. Ağıl nümayiş etdirmirsən, qarşıdakı sənin dediklərin həqiqəti görür, həqiqətin ən azından əlamətlərini görür, o səni dinləməyə başlayır. Bax, o zaman deyə bilərsən ki, mən istənilən baxışla, şəxslə, filanla üz-üzə oturdum. Otura bildim. Çünkü bu gün texnologiyaların inkişaf eləməsi cəmiyyəti çox korlayıbdır. Hər kəs, əlində telefon, qarşısında kompüter olduğuna görə, dünyadan o qədər informasiyalar əldə edir ki, informasiyaların içində itib-batır. Hər kəs səninlə söhbət eləyəndə, ya da sən hər kəslə söhbət eləyəndə, əldə elədiyin informasiyaların hamısı yadına düşdükcə, sadalayırsan,  oturana-durana macal vermirsən. Ya da qarşındakı vermir. Bütün haradan nə informasiya yığıbsa, yığdığının hamısını sadalayır. Bu, olduqca gərəksiz bir məsələdir. Bu, özünü bilikli, ağıllı göstərmək nümayişidir. Bu, həqiqətə yetmək, həqiqəti becərmək ləyaqəti deyil. Ona görə deyirəm, Asif Atanı hər dəfə oxuyursan, oxuduqca bütün anlayışların hamısına Asif Atanın dediyi ölçü ilə cavab axtarırsan. Cavab tapa bilirsənsə, gəlib Ailə Günündə izhar edirsən. Bu olur Amallaşma. Çünkü Asif Atanı öyrənmək, dünyanı öyrənmək deməkdir. Çünkü Asif Ata dünyaya yeni baxış sərgiləyir. Asif Atanı öyrənmək, həyatı öyrənmək deməkdir, çünkü Asif Ata həyata yeni baxış sərgiləyir. Asif Atanı öyrənmək, insanı öyrənmək deməkdir, çünkü Asif Ata insana yeni baxış sərgiləyir. Biz insanı Asif Atanın sərgilədiyi baxışla dəyərləndiririk, eləcə də dünyanı, həyatı. Dəyərləndirə biliriksə, cəmiyyətə, bəşəriyyətə elan eləyirik ki, yeni fərqli baxış gətirmişik dünyaya. Bu fərqli baxış filan cəhətlərinə görə qurtuluş yoludur. Bax, Amallaşma budur. Bunu izhar eləmək gərəkir. Atadan bunu öyrəndim, kəlamları açmaq, izhar eləmək, bir-birinə sual vermək, bir-birinə yardım etmək.

Kamilləşmə məsələsi. Mən Asif Atanın Ocağında olduğum gündən bu günə qədər, ayrı-ayrı Ailə Günü tədbirlərində (bunu mən deməliyəm, çünkü bunu mən haqq edirəm) məndən başqa Asif Atanın Ocağında kamilləşmək hesabatı verən olmayıb. Heç kim. Bir Asif Atanın özü verib, bir də mən vermişəm. Kamilləşmə hesabatı yoxdur. Çünkü Ocağın içində də insanlarımız öz qüsurlarını tanımağa, açıb ortaya qoymağa qorxurlar. Hazır olun mənim iradlarıma xahiş edirəm. Çünkü bu Ocaqdır. Ocaqla zarafat eləmək olmaz. Ona görə də Ocaq passiv durumdadır. “Mən inanıram ki, Mütləqə İnam yeganə, doğru yoldur, xilas yoludur”, bu söz deyil. Bunu səhərdən axşama nə qədər istəyirsiniz deyin, bunu hər kəs öz yolu üçün deyir. Bunu Əbülfəz Elçibəyin yan-yönəsində olanlar da deyir, yeganə yol Əbülfəzin yoludur. Bunu Atatürk’ün yörəsində olanlar deyir yeganə yol Atatürk’ün yoludur. Məhəmmədin yörəsində olanlar deyir yeganə yol Məhəmmədin yoludur. Niyəsi açılmır. Niyə? Niyəsi açılanda bilinəcək ki, Məhəmmədinmi yolu doğrudu? Əbülfəzinmi yolu doğrudu? Açılandan sonra bilinəcək.
Kamilləşmə hesabatı yoxdursa, bilin, Asif Atanın Ocağı cəmiyyətdə yeriməyəcək. Bunu mən sizə əminliklə deyirəm. Yeriməyəcək. Çünkü Asif Atanın Ocağının cəmiyyətdə yeriməsinin birinci qarantı cəsarətdir. İçində ixtilaf daşıyan, qarşıdurma daşıyan, zəiflik daşıyan adam Asif Atanın həqiqətləri ilə bağlı cəmiyyətdə cəsarət nümayiş etdirməyəcək. İkinci, Ocağın cəmiyyətdə yeriməsinin ikinci məsələsi – həqiqəti bütöv bilməkdir. Həqiqətlə bütövləşməkdir ki, onu çatdıra biləsən. Onu çatdıranda, gerçəkdən, fərəhlə çatdırasan, sevgi ilə çatdırasan, izhar edə biləsən. Sual verirsiniz, cəmiyyət nə vaxt düzələcək? – Nə vaxt mən düzələcəm ondan sonra. Sualın cavabı odur. Baxın, bir şey ki, ömründə yoxdur, onun haqqında (ömründə olmayan haqqında) danışmaq çətindir, onun cəmiyyətdə gerçəkləşməsinə inanmaq da çətindir. Öz ömründə olmayan, necə inana bilərsən, başqasının ömründə gerçəkləşəcək?! – Bu məsələ də Ailə Gününün önəmli məsələsidir. Ailə Günü bu deməkdir. Ailə Günü məktəbdir, mərasim qədər məktəbdir. Ocaq mərasimində ümumi məsələləri izhar edirik, aydınlaşdırırıq. Ailə Günündə isə özümüzün içimizi aydınlaşdırırıq. Göytəkin, baxın, Kamilləşmək hesabatı  verir, – Ocaqla uğraşanda görürəm ki, içimdəki gərginlik qırağa çəkilir. Ancaq Ocaqla uğraşmadığım anda görürəm o gərginlik yenidən baş qaldırır. Deməli, o içəridədir, qırağa getməyib, çıxmayıb içəridən. Bu, özüylədöyüşün maraqlı bir epizodudur. Deməli, içəridədir o. Ocaqla uğraşıram, Ocaqla uğraşanda yadıma düşmür, qırağa durur. Ocaqla uğraşmayan kimi, meydana qayıdır.
Demək ki, o aradan qalxmayıb. Aradan qalxması üçün nə gərəkdir? Sən hər gün, hər saniyə, hər dəqiqə Ocaqla uğraşmırsan, ancaq sənin mənliyn, ruhun hər an, hər dəqiqə, hər saniyə Ocaqla bir olur. Ocaqla bir olarsa, onda tək gərginlik məsələsi, içimizdə olan yadlıq, yabançılıq- filan bizim içimizi tərk edə bilər.
Sonra bir də maraqlı, yaxşı bir şey deyir. Deyir ki, özünü məişətə verməmək, məişət etkisindən xilas olmaq anlamına gəlməz bütün hallarda. Yəni, nə demək?! – Sən özünü məişətə verməyə bilərsən. Üzr istəyirəm, hərcayi bir adam da özünü məişətə verməyə bilər. Məişəti vecinə almaz, saymaz. Baxın, bu da çox önəmli bir məqamdır. Bu özünü görmə məsələsidir. Bu açıdan bugünkü günümüzdə Göytəkini təbrik edirəm.
Sonra insana inam məsələsi. Baxın, çıxışlarınızın hamısında bunun məzmunu qabarır. Dünyanın bədbəxtliyi, fəlakəti nədədir?! – Dünya hər şeyə inanır, insandan başqa. Sən durub desən ki, insana inanmaq gərəkdir, deyəcək bu insanın nəyinə inanım, hərcayidir, elədir, belədir, satqındır…Əslində bütün cavablar ondan sonra başlayır. Asif Ata deyir, sənə dediyim həmən bu insanı dəyiş ki, inanasan ona. Daşıdığı mənasına inan dəyiş onu. Biz demirik, hərcayi məxluqa inan. Biz deyirik, içindəki insana inan. İçindəki insana inansan, özünü o insana bərabər yaradacaqsan. İçindəki insana, İnsanlığa bərəbər yaratdınsa, sənin yolun açıqdır. Sən qura-qura gedəcəksən. Asif Atanın çağırışının adı “İnsanlaşın, İnsanlaşdırın”dır. İnsanlaşdırın demir, İnsanlaşın, İnsanlaşdırın deyir. Bu, çox uğurlu bir fəlsəfədir ki, bunu biz öyrənməsək, öyrəndikcə əməl etməsək, onda bizim sözümüz havada yırğalanacaq.
“Mütləqə İnam yeganə yoldur”, olsun. Bunun yeganə yol olmasını elə-belə demək elə də önəmli deyil. 1000 illər öncədə çox gözəl ideyalar yaranıb. Məsələn, Nəsimi var. Kim deyə bilər ki, Nəsimi qeyri-kamil idi? Kim deyə bilər ki, Nəsimi Soyludan zəif adam idi?! Çünkü onun baxışı Mütləqə İnam deyildi. Belə düşünmək olmaz. Sadəcə belə götürək də, ayrı-ayrı ideyaların bütöv gerçəkləşə bilməməsinin həm mənim dediyim yöndə bir səbəbi var, həm də təməl məsələsi var. Təməldə güzəştlər olub. Çox böyük güzəştlər olub. Məsələn, nədir təməldə güzəşt?! Nəimi güzəşt edib. Nəimini qınamaq üçün demirəm, qaçılmaz idi. Nəiminin dönəmi ilə indiki dönəm bir deyil. Nəiminin dönəmində hürufiləri diri-diri divara hörürdülər. İndi Ocaqçılara bir raqatka ilə daşatan da yoxdur. Ancaq onları diri-diri divara hörürdülər. Nəimi məcbur idi güzəştə getsin. Deyirdi, gedin 5 rükət namaz qılın, gedin paltarınızı dəyişin, bunu edin, onu edin. “Vəsiyyətnamə”sində yazıb bunları. Güzəştlərsə cəmiyyəti çaşdırırdı, ona görə dəyişiklik gedə bilmirdi. Bizim əlimizə bu gün nisbətən fərqli bir şeylər düşüb. Biz daha açıq, daha çılpaq deyə bilirik. Yəni, balta üsuluyla yox, sevgi üsuluyla. Bunu demək üçün gərək həqiqətləri öz ömründə əkəsən, bəsləyəsən.
İndi bunları ümumiləşdirim. Asif Atanın ideyaları, ideyalarının yayılması, onun ortamı – Nəimi dönəminin ortamından fərqli çətinlikləri var. İndi kapitalizm quruluşudur. İndi texnologiyalar quruluşudur. Bu gün texnologiyaların inkişafı, insanların informasiya bolluğu içərisində  üzməsi Asif Atanın işinin yeriməsində çox böyük əngəl olur. Ona görə mən deyirəm ki, Ocaqçılar öz ömürlərini yüksək səviyyədə yaradıb, izhar eləməklə aktivliyi artırmalıdırlar. Biz bunu üstlənməliyik hardasa. Bu, elə-belə sadə çətinlik deyil. Olduqca ciddi çətinlikdir. Bir də ayrı-ayrı, fərqli baxışların, fərqli gedişlərin təbliği Asif Ata Ocağının təbliğindən qat-qat güclüdür.Çünkü əllərində böyük pul var, maliyyə var filan. Çünkü arxalarında böyük siyasi manevrlər var, böyük siyasi güclər var, fırıldaqlar var. Çünkü cəmiyyətin səviyyəsi fırıldağa qalib olacaq səviyyə deyil. Cəmiyyətin səviyyəsi fırıldağı axıra qədər dərk edə biləcək səviyyə deyil. Buna görə də Ocağın yayılmasının özəl çətinlikləri var. Çox özəl çətinlikləri var. Bütün çətinliklər, bütün gedişlərin heç biri isə səbəb vermir ki, sən öz yolunda, əqidəndə, qarşına qoyduğun hədəflərə ulaşmaq üçün zəhmət çəkməyəsən. Bəhanə yoxdur.
Üçüncü, ümumiləşdirmə məsələsi nə ilə bağlıdır?! – Bütün bu çətinliklərin, bu sorunların qarşısında Ocağın içində bir qom, barmaq sayda insanların ayaqda durması, öz inamına, öz yoluna sadiq qalması, ən azı inamı ilə, sevgisi ilə sadiq qalması, bu özü də bugünkü bəşəriyyətdə ən yüksək qutsal dəyərdir. Baxın, indiki dönəmdə bizdən qıraqda da ayr-ayrı fəaliyyətlər, hərəkatlar var. Ya əski baxışlara dayanır, ya müəyyən yenilikləri ilə ortaya çıxır. Ancaq onların heç biri Asif Atanın Ocağı siqlətində deyil, onun Ocaqçılarının sədaqəti siqlətində deyil. Mən araşdırıram, bilirsiniz ki, Ocaqla bağlı heç nəyi uydurmuram. Çatışmazlıqları da bütöv qoyuram ortaya, doğruları da. Atanın ideya baxışları bizim düşündüyümüzdən, öyrəndiyimizdən qat-qat sağlamdır. Bunun bir hissəsini mən araşdırma ilə, yazılarımla, düşüncələrimlə deyirəm, bir hissəsini fəhmlə deyirəm. Bu sağlam bir yolun, sağlam bir prinsipin, sağlam ideyaların qədir-qiymətini bilməyimiz azdır, onu yaşatmağımız gərəkdir. Yaşatmağımız üçün özümüz yaşamalıyıq… Bugünkü çıxışım silkələmə çıxışı idi. Ayıltma, oyatma.

Atamız Var olsun! 

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetdi.

Səsdən sözə çevirdi: Nurtəkin Atalı.

Qar Ayı, 47-ci il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir