Xəbərlər

Asif Ata. Zamandan Yüksək Yaşamaq

Zaman – məhdud, nöqsanlı, natamam keyfiyyətləri təsdiq edir.
Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.
Zaman nisbi məziyyətlərə tapınır.
Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.
Zaman qeyri-Mütləq niyyətləri həyata keçirir.
İnsanın Mütləq mahiyyəti həmin niyyətlərə sığmır.
Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.
Zaman insanı keçiciyə, maddiyə bağlayır.
Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.
Zaman qeyri-Mütləq idrak, mənəviyyat, hissiyyat normaları yaradır. İnsan mahiyyəti həmin normalara sığmır.
Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.
Zaman Mütləq paklıq tanımır. Lakin Mütləq paklıq olmadan insani mahiyyət təsdiq olunmaz. İnsanda Mütləq paklığa qarşısıalınmaz meyil var.
Bu səbəbdən də o, Mütləq paklığa can atır və zamanı üstələyir.
Zaman – Müqəddəsliyə çağırmır, insandan Müqəddəslik yüksəkliyi tələb etmir.
Lakin Müqəddəsliyə qovuşmadan insani mahiyyəti təsdiq etmək olmaz. Buna görə insan Müqəddəsliyə can atır və zamanı üstələyir.
Zaman – insandan mütləq mənada ülvi mənəviyyat tələb etmir.
Lakin mütləq mənada ülvi mənəviyyata yüksəlmədən insani mahiyyəti təsdiq etmək olmaz.
Bu səbəbdən də insan ülviyyətə can atır, mənəviyyatını çirkabdan təmizləyir və zamanı üstələyir.
Zaman – insandan mütləq mənada ədalətli olmağı tələb etmir.
Lakin Mütləq ədalət olmayan yerdə ruhani mahiyyət yoxdur.
Bu səbəbdən də insan Mütləq ədalətə can atır və zamanı üstələyir.
Zaman – insandan mütləq mənada həqiqətçi olmağı tələb etmir.

Ancaq Mütləq həqiqətə tapınmayan insan özünə çata bilməz.

Bu səbəbdən də o, Mütləq həqiqətçi olmağa can atır və zamanı üstələyir.

Zaman – insandan mütləq mənada məhəbbətli olmağı tələb etmir.

Lakin Mütləq məhəbbətə nail olmadan insan öz mahiyyətini təsdiq edə bilməz.
Bu səbəbdən də insan Mütləq məhəbbətə can atır və zamanı üstələyir.
Zaman – insandan mütləq mənada fədakar olmağı tələb etmir.
Lakin Mütləq fədakarlıq olmayan yerdə ruhanilik də yoxdur.
Bu səbəbdən də insan Mütləq fədakarlığa can atır və zamanı üstələyir.
Zaman – İnsandan Mütləq qəhrəmanlıq tələb etmir.
Lakin Mütləq qəhrəmanlıq İnsani Mahiyyətin müqəddəs təzahürlərindən biridir, buna görə də insan ona can atır və zamanı üstələyir.
İnsan həyatının daxili mənası mövcudluğun mahiyyətə bərabər olmasıdır.
Bu ruhani məna insanı zamandan yüksək yaşamağa vadar edir.
Zaman – insanı özündən aşağı, məhdud, balaca, adi yaşa­mağa çağırır, ancaq insan zamanın çağırışını eşitmir, ruhun çağırışını eşidir. Lakin zaman həm də insanın Mütləq mövcud­luğuna mane olur və insanla zaman arasında düşmənçilik yaranır, insan zamanla döyüşməli olur. Zaman insanın Mütləqə ucalmaq arzusunun qarşısında durur.
Bununla da o, insanın ruhani mahiyyətinə qarşı çıxır. İnsanla zaman arasında uçurum yaranır.
Zaman – insana yalnız nisbiylə kifayətlən – deyir, Mütləq pisdir – deyir. O, insana Mütləqə can atmağı qadağan edir və bununla da insanın ləyaqətini tapdayır. Bu cəhətdən zaman  insanı heç vaxt anlamır, onun zamandan ali, zamandan böyük mənasını dərk etmir.
Zaman – insanı zaman çərçivəsində qavrayır.
İnsanın zamanla döyüşü – insan mahiyyətinin zaman çərçivəsindən kənarda olduğunu göstərir.
Ruhani mahiyyət Mütləq mənada kamil mövcudluq tələb edir. Zaman isə ən yaxşı halda nisbi mənada kamil mövcudluq yarada bilir və həmin mövcudluğu yeganə insani mövcudluq sayır. Bu, bütün zəmanələrin ən böyük səhvi olmuşdur. Nisbi olduğu halda, zaman nədənsə özünü Mütləq saymış, qeyri-kamil olduğu halda nədənsə özünü kamil saymış, sonlu olduğu halda, nədənsə özünü sonsuz saymışdır.

İnsan zamanın iddialarını qəbul etmir, onun sədlərinə, sərhədlərinə sığmır, ondan yüksəyə qalxır.
Zamana sığan mövcudluq əsil mövcudluq olmur.
Nisbi mənada xeyirli hadisələr törədən zaman həm də eybəcər, naqis hadisələr doğurur.  Zaman yalanı dəhşət saymır, qəddarlığı, vəhşiliyi, dəhşət saymır, onları ittiham edəndə belə, tam rədd etmir. Əslində zamanın məqsədi olanı təsdiq etməkdir. İnsan isə ən cüzi yalanı, ən cılız görünən ədalət­siz­liyi, çirkinliyi dəhşət sayır. Çünki həyata Mütləqin gözüylə baxır. Bu cəhətdən zamanla həmahəng olan mövcudluq əslində şərlə, antiinsaniliklə, heyvaniliklə həmahəng olan mövcud­luqdur.
Zamandan yüksək yaşamadan insan kimi yaşamaq olmaz.
Zaman insandan aşağıdır, çünki insan ruhanidir.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir