Xəbərlər

Uluyol-Hünər Ailəsinin “Ailə Günü” toplantısı

Asif Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 18 İşıq Ayı, 47-ci ildə (may,2025) Uluyol-Hünər Ailəsinin aylıq “Ailə Günü” toplantısını gerçəkləşdirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Hamınızı xoş gördük.
Genel olaraq öz halım haqqında danışmaq istəyirəm. Artıq 8-9 aydır ki, işləmirəm. Son aylarda hiss edirəm ki, beynim artıq sakitləşib. Nəsə oxuyanda da dərk edərək oxuyuram. İşləyən vaxt oxumağı, hər hansı bir Ocaq əməlini çox qaçaraq edirdim. İndi dərk etmənin, hiss etmənin ən yaxşı halındayam. Eyni zamanda Ocaqçılıq məsuliyyətimə daha çox dönmüşəm.
İndi sizə yazılarımı oxumaq istəyirəm.
Dünyaya, həyata baxanda hər bir şeyin – olayların bizi öyrətdiyini görürük. Meşə yanır, yenisi əmələ gəlir. Zəlzələ olur, hər şey yenidən düzənlənir. Yəni olaylar sıralansa da, gəlişmə olduğunu görürük. Təbiət özü-özünü bərpa edir. Dünya özü-özünü bərpa edir. İnsanda da elədir. Nə qədər pis halı olur, çətinliyi, sarsıntısı olur. Ancaq ondan çıxanda daha da güclənir. Bir var olayları müşahidə edirsən, onlar sanki səndən qıraqdadır. Bir də var onları yaşayırsan bütün ruhunla. Günəş doğur, onun sevincini yaşayırsan. Yeni gün, yeni ümidlər, yeni əməllər. Bir də var ruhunun günəşi ağır anında boylanır, işıqlanır, işıqlandırır içini. İçindəki günəş daha böyük, daha etkili, daha işıqlıdır. İçindəki günəşi duyduğun, görə bildiyin, yaratdığın  üçün doğa gördüyünlə birləşir. Bilirsən günəş necə doğur, necə yavaş-yavaş işığını, istisini yayır ətrafına. Onda doğmalığı, birliyi, Mənanı tam anlayırsan, ona qovuşursan. Atanın bir sözü var, Doğanın təsvirini verir, sonra deyir ki, “Dünyaya gəlməyimə hədsiz minnətdar idim”. İnsan ağlayanda da, güləndə də, insan ola bildiyinə görə ağlayır, gülür. İçindən duyur, yaşayır. Bu mənim dünyamdır – hər şeyi ilə, kədəri ilə, sevinci ilə.
Mən – içimdəki Mütləq… Mən və məndən daha böyük, ancaq qovuşa biləcəyim, doğmalaşa biləcəyim, özümü yarada biləcəyim özümlüyüm. Onunla mənim aramda uçurum, yadlıq, uzaqlıq yoxdur. Özümü yaratdıqca onu tapıram, ona qovuşuram.
Pislik edən adamları bir müddət unuda bilmirəm. Onların hərəkətlərindən çox, özümün onlara layiqli cavab verməməyim məni sıxır. Ancaq bunu da qırağa qoya bilirəm. Dərs al, bənzər duruma hazır cavabın olsun.
Özümü danlamalarım uzandıqca, özümə həm üzülürəm, həm də anlayıram, boşa enerjim, diqqətim, vaxtım gedir. Vaxt isə özümdən başqa, yolumdan, doğmalarımdan başqa nəyə xərclənirsə itirirəm. O üzdən hər hansı bir olayın qiymətini verib, ordaca onun kitabını bağlamağı bacarmalıyam.
Sosial şəbəkələrdə tez-tez qarşıma çıxır, elə bil mərhəmətli olmaq yarışına giriblər. Yardım toplayırlar, yardıma çağırırlar. Bədbəxtlik üstə İnsanlıq olmur. İnam üstə İnsanlıq olur. İnsanların duyğularına hesablanmış görüntülər, əslində, İnsanlığa qarşıdır.
 Həqiqət ömrə işıq kimi gəlir. Ömür işıqlanır. Başqa ömürlərə də işıq salır. Biz Atadakı işığı gördük. İçimizdəki işığa inandıq. Ata insana inandı. İnsanı sevdi. Adamdakı İnsanlığı aşkara çıxarmaq üçün özünü yenidən yaratmaq, özüylə döyüşmək gərəkdir dedi. İnsan, özündəki İnsanlığı yaradanda, İnsanlığa yetəndə, özünü sevməyə başlayır. Çünkü niyə yaşadığını anlayır.
Həqiqət sözünü çoxları işlədir. Həqiqət Qurandadır, müqəddəs kitablardadır deyirlər. Hansısa inancın, dinin arxasınca gedənlərin ömründə insana sevgi, insana qayğı, sayğı yoxdursa, insan insana qənim kəsilirsə, orada həqiqət yoxdur. İnsan, insanın üzündən acı çəkirsə, həqiqət hardadır?!
Dünya güclünün deyil, əzənin deyil, əzab verənin deyil. Dünya sevənindir, qolundan tutub qaldıranındır, gözünün yaşını silənindir.
Dünyada elə bir ağalıq yarışı gedir ki, bilmirsən insanın halına ağlayasan, millətlərin halına ağlayasan. Nəcə ki, din deyir, bu sənin taleyindir, aqibətindir. Eləcə də ağa ölkələr öz gücünün hesabına kiçik dövlətlərin taleyini hazırlayır.
 İnsanın ən böyük əngəli özüdür. İçindəki qorxuları, inamsızlığı, tərəddüdü ən böyük əngəldir. Eləcə də ölkələrin. Özünə inamsızlığı, özünü kiçik görməsi, özündən çox hər kəsi sayması, eqonu ötüb birləşə bilməməsi. Necə ki, insan içindəki nisbilikləri, balacalıqları, Mütləq tələbi ilə döyüb Mütləqə doğru irəliləyirsə, ruhu ilə birləşirsə, ruhunu yaradırsa, özü olur, özümlüyünə yetir. Millətlər də həmçinin. Milli ideya üçün özünü yaradıb, mənəmliyindən keçib, birliyə doğru addımlayarsa, millət olar. Ancaq ən böyük sorun da birləşə bilməməkdir.
 Qəhrəmanlıq ölməzdir. Yüzillərlə yaşayır. Ancaq bir millətin qorxaqlığı da, dağınıqlığı da yüzillərlə yaşaya bilir. Millətin taleyini elə bir gedər-gəlməzə götürə bilir ki, yox olmaq təhlükəsi ilə üz-üzə qalır. Nə keçmişindən dərs alır, nə gələcəyini görə bilir, nə də gələcəyini qurmaq haqqında düşünür. Ona görə yol, ideya çox önəmlidir. Hər şey insandan başlayır, İnsanlığa yetməkdən başlayır.
Bu həqiqətdir, o həqiqətdir deyə-deyə yalanları həqiqət adıyla sırımağa çalışırlar. Ancaq həyat gözəlləşmir. Adam azad olmur. Ruhu həbsdədir sanki. Həyat insaniləşmirsə, gözəlləşmirsə deməli həqiqət ömrə, aqibətə çevrilməyib. Sözdə var, əməldə yoxdur. Ata deyir, “Həqiqət Mütləqin ifadəsidir”. Harda ifadə olunur Mütləq?! – Ömürdə, ömürlərdə. Ömürlərdə yarandıqca, həyat dəyişir, dünya dəyişir…
…Xalqlaşma əməlim sosial şəbəkələrdə bir-iki nəfərlə olub. Bir də bir nəfərlə canlı görüşmüşəm, ədəbiyyat vermişəm. Başqa canlı görüşlərim olmayıb.
Atamız var olsun! Bayrağımızı öpürəm.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):Bugünkü “Ailə Günü”ndə səfərlərimlə bağlı bir neçə kəlmə demək istəyirəm. Əslində bu mənim Xalqlaşma işimdir. Bildiyiniz kimi, xeyli vaxtdır Beyləqandayam. Başqa işlərim də var, ancaq düşüncələrlə gəlmişəm ki, mən bu müddətdə nə iş görməliyəm. İlk işim kənd içinə çıxmaq oldu. Kəndin içində əməlli-başlı həsrət yaranıb, mənimlə ünsiyyətdə olmaq üçün. Suallar yağışına tutuldum. Bir neçə toplantıya getdim. Özüm qəsdən getdim. Hamısında da mənə verilən ilk sual o oldu ki, Ocaq nə yerdədir. Mənim az görünməyimlə, az gəlməyimlə bağlı narahatçılıq ifadə olundu. Özümlə ədəbiyyat da götürmüşdüm. Söhbətlər edirdim, ədəbiyyat da verirdim. “Atagün” kitabında sözü gedən Fərhad həkimlə görüşdüm. O, çoxdan mənim kitablarımı istəyirdi. Xəstəxanaya getdim. O, bu bölgədə olan yazarların kitablarını yığır stolun üstünə ki, gələn oturub məşğul olsun. Bir növ təbliğ kimi. Kitabları verdim. Sonra bir anım törəninə dəvət olundum, ildönümü idi. Molla-filan çağrılmamışdı. Orada yaxşı bir meydan vardı. Yaxşı söhbətlər elədim, “Ölümlə Görüş”ü, “Aqibət”i, ayaqüstə dedim. Elana da qalxdı, mən də qalxdım, ətrafda olanlar da qalxdı. Yaxşı bir söhbət məqamı oldu. Bundan başqa dörd xeyir işlə bağlı toplantıda olmuşam. Hamısında söz demişəm, hamısında xüsusi dinlənilmişəm. Başdan ayağa Ocaq yönündə uğurlama, Ocaq yönündə münasibət, toya münasibət, evlənməyə münasibət, xalqa münasibət, xeyirə, şərə münasibət haqqında söz demişəm. İki dəfə də böyük salonda, hər dəfə, hərəsində 500-600 adam olan yerdə çox yaxşı bir məqam oldu. Mən orda adımı da Günev yazdırmışdım. Məni söz demək üçün dəvət elədilər. Sona yaxın idi, camaatın çaydan-sudan əlini çəkdiyi vaxt idi. Birinci mənim doğmalarım, qızım, oğlum, nəvələrim hamısı yaxınlaşdılar stola. Sonra başqaları da onlara baxıb yaxınlaşdılar, söz deyilən yerə yaxın oldular ki, yaxşı eşidə bilsinlər. Mənim tövsiyəm, uğurlamam evlənənlərə oldu. Evlənməyin nə demək olduğu ilə bağlı, evlənənlərə ailənin ilk gündən başlayaraq, bizi xalq edib ortaya çıxardan, tarix səhnəsinə çıxardan dəyərlərimizə söykənərək ailəyə başlamaqla bağlı münasibətimi bildirdim. Dədə Qorqudluqdan Saza qədər dəyərlərin adını çəkdim. Çox gözəl dinlənildi. Mənim özüm də orda heyrətə gəldim ki, camaatın nə qədər də sözə, qeyri-adi düşüncəyə ehtiyacı var. Nə qədər heyrətlənən vardı. Baxmayaraq ki, biri deyib bu kişi niyə qışqırır. Beləsi də olacaq.
Əsas işim Amal bağında olub. İnam Evinin bəzi düzələsi yerləri vardı, onları düzəltdikdən sonra bağa keçdim. 50-yə qədər iri ağac kəsilmişdi. Böyük ağaclar qonşunun yolunu kəsmişdi. Tamam əyilmişdi. Bir neçə nəfər mənə kömək etdi. Qalanını özüm etdim. Kömək edənlərlə də söhbət edirdim, İnam evinə dəvət edirdim. Orada oturub söhbət edirdik. Yoldan gedənlər hamısı əl edirdilər. Orada bir canlanma yaratmışdım. Hələ də o canlanma davam edir, söhbətlər də davam edir. Xalqlaşma ilə bağlı bunları demək istəyirdim…

Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mən də birinci, xalqlaşma ilə bağlı danışmaq istəyirəm. Xalqlaşma ilə bağlı az da olsa görüşlərim olub. Əsasən, bir həkimlə təxminən 3 saata yaxın telefonla danışmışam. Gözəl söhbətimiz oldu. O, dinə meyilli adam idi. Axırda məni bu mənada dəstəklədi. Görürəm ki, onun bu təsdiqində yolumuza, mütləqiliyimizə vurğunluq yarandı. Burada  Allah anlayışının mənası ilə bağlı da söz dedim: din Allahı kiçildir, öz mərtəbəsində göstərə bilmir. Allahın əsl anlamı elə Mütləqə İnam dünyabaxışındadır. Bu yöndə uzun sürən söhbətlərimiz oldu. Nəhayət, bir növ onun fikirlərində bəlkə də böyük bir dəyişiklik əmələ gəldi. Mənə elə gəldi. Sonra təsadüfi görüşlərim də olub. Bunların hamısı təsadüfi hallardır. Bu qaydada mənim xalqlaşma işim az da olsa var. Mən ən çox amallaşma, İnsanlaşma ilə, özüylə döyüşümlə bağlı narahatam. Mən elə düşünürəm ki, amallaşma prosesində gərək biz dünyanı tanıyaq, həyatı tanıyaq, insanı tanıyaq. Burda bizim üçün qaranlıq heç nə qalmamalıdır. İncəliklərinə qədər bu suallara cavablarımız olmalıdır. Necə ki din insanın incə duyğularına qədər, ailə-məişət məsələlərindən tutmuş, dövlətçilik, cəmiyyət məsələlərinə qədər hamısına qarışır.Din uydurub deyir, biz bunun əsil həqiqətini ortalığa qoymalıyıq.
Belə düşünürəm ki, dünyanın özülündə artma, böyümə, yüksəlmə halı bir xətt üzrə davam edir. Bu davamı özlüyümdə iki hissə kimi düşünürəm. Birincisi insana qədər olan, ikincisi insandan sonra olan. Bacımız da öz izharında izah elədi ki, insana qədər olanlar öz axarı ilə, mahiyyətin təzahürü kimi, mahiyyətin tələbi ilə davam edir, gəlir. Biri var, bütün kainat səviyyəsində, biri də var, ümumi. Bu artma halını mən yer şəraitində ancaq başa düşürəm. Dünya iki yöndə düşünülür. Bir ümumi kainat, bir də yaşadığımız bu yer şəraiti. Yer şəraitində baxırıq ki, dünyanın artması, böyüməsi gəlib insana çıxır, insanın yaranması ilə artıq o mahiyyətin gerçəkləşməsi insana köçür. İnsan, ailə, millət, bəşər ardıcılığıyla var. Burada insanın öz halları necədir? Böyüməsi halı necədir? İnsan niyə səhvə yol verir, insan niyə günaha girir, insan niyə nöqsanlara bulaşır? – Öz mahiyyətini dərk eləyə bilməməsi ucbatından. İnsan ona görə səhvə yol verir, ona görə günaha batır ki, o gerçəklik səviyyəsində özünü görür. İnsana qiyməti də bu yöndən verir. Ona görə də nə bunun özünün şəxsi cəmiyyətə qarşı, insanlara qarşı münasibəti yaranır, nə də ailəçilik məsələləri alınmır. Həmişə münaqişələrlə, rəqabətlə üzləşir. Heç millətçilik də alınmır. Burada yön ancaq budur ki, insan əsl mahiyyətini dərk etsin. Ruhani varlıq olduğunu bilsin. Onda o, öz bioloji, sosial varlığıyla nə qədər, çətinliklərlə üzləşir, bunlar artıq onun üçün çox mənasız bir hadisə kimi görünəcək. Əsas onun duyğuları, ruhani varlığı işləyəcək. Əgər bu, fərdi baxışdan biraz irəli getsə, ailə qurulacaq. Bu ailədə iki gəncin bir-birinə vəhdəti gərək həmişə ruhaniyyat üstündə qurula. Ruhaniyyat üstündə qurulmasa, ailəçilik də alınmaz. Ruhaniyyat üstündə qurulmasa millətçilik də alınmaz. Millətçilik də alınmasa bəşərilik alınmaz. Bugünkü qırğınlar da elə bundan xəbər verir.Mənim insan duyğuları ilə bağlı bir kiçik yazım var, onu oxuyacam:

…Oğlum üstümə bağırmasaydı qardaşımı, qardaşım üstümə bağırmasaydı qonşumu, qonşum üstümə bağırmasaydı qohumumu, qohumum üstümə bağırmasaydı cəmiyyətimizi, cəmiyyətimiz üstümə gəlməsəydi bəşəri özlüyümdə bağışlaya bilməzdim. Hamını bağışlayıram.Çünkü oğlumun tərbiyəsi məndən gəlmişdi. Düşündüm ki, yəqin özüm pis olmuşam. Öz günahlarımdır, üstümə gəlir. Həyatımı təzədən qurmağı qərarlaşdırdım. Sanki indi doğulmuşam. Yeni doğulmuş körpədən bir üstünlüyüm var ki, ağlım üstümdədir, daşdan-daşa dəyib itilənib. Anlamışam ki, xoş niyyətin cavabı xoş, kötü niyyətin cavabı da kötü olur. Yeni ömrümü elə yaşamalıyam ki, özüm olum, özgə gərdişlərin əlində əsir olmayım. Davranışımdan, əməllərimdən, əxlaqımdan kimlərəsə zərrə qədər zərər gəlməsin. Mən zahid kimi səhralara çəkilmərəm. Ancaq öz içimə çəkilərəm. Öz içimdə kimlərə görə məsuliyyətim çox, özümə güzəştim yox olacaq. Kiməsə tük qədər incik söz demərəm, zərrə qədər haqqına girmərəm. Mən eləmərəm, ancaq ola bilər ki, mənə qarşı etsinlər. Kimsə nəşələnmək üçün mənə badalaq ata, məndən oğurlaya, ağalıq ehtirasıyla üstümə gələ bilər. Heysiyyətimi qorumaq üçün vuruşacağam, neytrallıq yaranana qədər döyüşəcəyəm, sərhəddə dayanacağam. Çünkü mənə öz içim gərək, öz içimdə böyüməliyəm, özgə üzərində yox. İnanıram ki, onda oğlum da, qardaşım da, qonşum da, qohumum da, cəmiyyət də məndəki dəyişikliyi görəcək, düz, insani ömrümüzü birgə yaşayarıq.
Atamız Var olsun!

Göynur Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Dünyanın özündə artma, böyümə, yüksəlmə halı var. Bunu necə anlayıram, –  dünyanın özlüyündə artma insan anlayışıdır. Yəni insan dünyada artmalıdır. Dünyada hər şey arta bilir, hər şeydə inkişaf ola bilir. Ancaq əsas artma insan amilidir. Dünya varsa insan da var. İnsan varsa İnsanlaşma da var. İnsan varsa milli dəyərlər var. Milli dəyərləri bəşəri dəyərlərə qədər böyüdə bilirik. Böyüməni də insanın ağlının, keyfiyyətinin artması, cəmiyyətdə elədiyi yaxşı, xeyirxah işlərin artması kimi bilirəm. Yüksəlmə də odur ki, insan elmlə, bilgilərlə, oxumaqla arta bilir, yüksələ bilir.
Mənim  özüylə döyüşüm həmişə var. Mən həmişə özümlə döyüşürəm. İnsan özünü tənqid etməlidir, özünə nəzarət etməlidir. İnsan özünü tərbiyə etməlidir. Yəni insanın bir amalı, yolu olmalıdır. Duyğularımı da həmin şeylərin üstündə kökləyirəm. Mütləq inam üstə, İnsanlıq üstə kökləyirəm. Bəşəri dəyərlər üstə kökləyirəm, milli, mənəvi dəyərlərimiz üzərində kökləyirəm. Bir vətəndaş olaraq vətəndaşlığımın üstə, vətənimin üstə, Türk olaraq Türklüyüm üstdə kökləyirəm…

Atamız Var olsun!

Ömürtay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Gediş Yazısında qonu qoyulub, dünyanın özündə artma, böyümə halı var. Dünyalın halına baxanda müharibələr var, insanların bir birinə aqressiyası, dünyanın özündə baş verən yanğın, sel kimi olaylar var. Bunlara baxanda sanki hər şey pis yöndə gedir. Sorunlar çıxır insanın qarşısına, bunları həll eləməli olursan. Dünyanın böyümə halını necə başa düşürəm, – insanın daxilində yaxşıya, mütləq olana inam olmasa insan məhv olar. Bu gördükləri qarşısında yaşaya bilməz. Çünkü düşünürsən hər şey pis olur, batıb gedir. Ancaq daxilən içimizdə hardasa yaxşıya doğru bir inam var, meyil var. Bizi də yaşadan bu inamdır. Əslində heç kim bizə dünyaya gələndə söz verməyib ki, hər şey yaxşı olacaq. Sadəcə olaraq bizdə buna inam var. Bizi yaşadan bu inamdır. Asif Atanın düşüncələrini oxuyanda, bilmirəm bu deyəcəyim məsələ insanı bədbinliyə salarmı, əslində biz Mütləqə can atırıq. Ancaq Mütləq cəmiyyətdə, həyatda təzahür eləyəndə əskilir, yəni reallıqda tam özü ola bilmir. Biz düşünürük ki, əgər bu Mütləqə biz davamlı olaraq çatmayacağıqsa, onda Mütləq ən yüksək anlayışdır. Mənim fikrimcə, biz buna heç vaxt çatmayacağıq, insan sadəcə ona can atmalıdır. Bu bizi bədbinliyə salmalıdırmı, yoxsa yox? Bu mənim sualımdır.
Bir də özümlə döyüşdə duyğularımı, düşüncələrimi necə artırıram, böyüdürəm? İnsanın içində davamlı olaraq dialoq gedir. Bu dialoq elədir ki, sanki insanın içində özünə qarşı bir düşmən yerləşib. Davamlı olaraq insanı ittiham edir, davamlı olaraq əzir, manipulyasiya edir. İmkan vermir ki, nəsə yaxşı bir şey düşünəsən. O dəqiqə daxili dialoqlar qarşına pis bir şey çıxarır. Bu, insanı həyatda bəzən çətin, passiv hala salır. Mütləqlə bağlı Asif Atanın bir özəlliyi var ki, bütün fəlsəfələrdə, dinlərdə baxırıq ki, yaxşı-yaxşı deyirlər, yaxud da hansısa bir şeydən danışırlar. Bu isə söz olaraq qalır, yəni dəqiq bir mahiyyəti yoxdur. Ancaq Atada meyarlar yazılıb, hər şeyin meyarını, ölçüsünü verib. Bu meyarlar əsasında yaşamaq çox gözəl bir şeydir. Yoxsa, məsələn, yaxşı deyir, ancaq “yaxşı” nədir bilinmir. Amma Atada meyarlar var. Deyirlər xalqçılıq, ancaq nədir bilinmir. Atada bilinir.  Bu, çox gözəldir. Bunların əsasında əgər biz yaşasaq, o meyarlara görə özümüzlə mübarizə aparsaq, bu istiqamətdə düşünə bilərik, bu istiqamətdə düşüncələrimizi artıra bilərik.

Atamız Var olsun!

Soylu Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Ocağın halında daim artım var, inkişaf var, anlam var, düşüncələrdə dəyişmələr var. Bu, öz-özlüyündə çox uğurlu bir gedişdir, avanqarddır. Söz yox, elə bunun sonucudur ki, ayrı-ayrı tərpənişlər özünü göstərir. Yəni Ocaqçının xalqın içində özünü ifadə eləməsi, söz deməsi içəridəki dəyişikliklərin görsənişləridir. İçəridə dəyişikliklər getməsə, insanın deməyə sözü olmur, xalqın içinə çıxmağa üzü olmur, xalqın içində cəsarət göstərməyə heyi olmur. Bizim bu tədbirlərimiz bir məktəbdir. Məktəbdə insan həm biliklənir, həm də əhvallanır, əhvala dolur. Bilik ona görə önəmlidir ki, sən getdiyin yolun məzmununu özünə deyə-deyə, aydınlaşdıra-aydınlaşdıra topluma da izah edə biləsən. Gəlişmə olmasa, artma olmasa, bunu eləmək çətindir, özünü doğrultmur. Nəyə görə? – Çünkü insanın içərisində bir güc olmalıdır, – nitq gücü olmalıdır, düşüncə gücü olmalıdır, haray gücü olmalıdır. Bunlar olmasa, elə-belə qurucasına toplumun içərisinə getmək, yerimək olmur. Biz elmi bir qurum deyilik. Elmi məktəb deyilik. Halbuki bizim işimizin quruculuq təpərində elm əsaslı var. Ancaq biz elmlə uğraşan adamlar deyilik. Gedək hardasa mühazirə deyək, ixtisaslaşmış biliklər söyləyək, filan edək. Biz quruculuq harayı çəkirik. Quruculuq harayını çəkmək necə ola bilər?Gərək doğrudan da, sənin təpərin, gücün olsun. Təpərin, gücün də özünü zorlamaqla, həvəsləndirməklə olmur. Bir var, kiməsə meyvə vəd edəsən, bir də var meyvəni qırıb verəsən. Bunlar fərqlidir. Reallıqla illüziya kimi. Bu fərq bütün dinlərdə, – üzü qədimdən bu yana, Veda dinlərində, qədim yunanların dünya görüşlərində, Mesopotamiya dinlərində özünü göstərir. Sonrakı dönəmlərdə də özünü göstərir. Ən sonuncu dinlərdən biri kimi İslamda özünü göstərir. Bütün dinlər dünyanı, həyatı illüziya sayır. Ancaq İslamda başqa bir fərq də var, Allahı illüziyanın arxasında görmür, fövqündə görür. Başqa dünyagörüşlər isə gerçəkliyi İllüziya sayaraq bunu fəlsəfi açıdan mənalandırmağa çalışırlar. Deyirlər, insanın funksiyası, görəvi odur ki, gərək illüziyanın arxasındakı Tanrı güdrətini görsün, gəlib ona çıxsın. Yəni illüziyanı ötsün, illüziyanı saymasın, onda Tanrını görə bilər. Bu deyilişdə həqiqət çalarları yox deyil. Ancaq mütləq də deyil. Nəyə görə yox deyil? Doğrudan da gerçəklik daim dəyişir. Dəyişilən həqiqət ola bilməz. Ancaq dəyişilən gerçəkliyin özündə görünə bilən, yaşana bilən, dərk oluna bilən proseslər var. Sakit, sükut məna var yox, proseslər var. İnam deyir ki, dünya, həyat illüziya deyil. Dünyadakılar, həyatdakılar keçicidir. Hətta keçici olan belə illüziya deyil. Yəni uydurulma deyil. Əgər bütün gerçəklik, bütün həyat illüziyadırsa, o zaman onun arxasındakı Tanrı sehrbazdır. Məzmun odur. Bizə sehrbazlar oyun göstərir. Real olmayanı, real olan kimi göstərir. Bir də baxırsan ki, nəyinsə içindən bir quş çıxdı. Onun içində quş varmı, yoxdurmu? Varsa haradadır? Nəyi, necə  göstərirlər, bilmirəm. Onların özlərinin gedişləri var. Ancaq bu əslində yeni bir reallıq uydurur. Bu uydurduğu reallıq özü illüziyadır. İnsanı necə inandırır? Bu uydurulan illüziyanın arxasında bir real olan var. Quş deyə bir şey var. Ancaq oradan çıxan yeni reallıq, həqiqi mənada olan, quşa olan münasibət var. Biliyimiz, təcrübəmiz var ki, quş deyilən bir şey var. Çıxardı, göstərdi, fokus elədi, dərhal bizdə şüur oyadır ki, bu bizim tanıdığımız quşdur. Oradan çıxartdı. Burada bir illüziya uydurdu.

Əgər gerçəktən biz o dünyagörüşlərin baxışlarını sehrbazların, oyunbazların illüziyalarına bənzətsək, onda Tanrı ən böyük sehirbazdır, uydurmaçıdır. Ancaq Ata deyir ki, həyatın mənası gözəldir. Gerçəkliyi mənasından ayrılıb, ona görə çirkindir. Əgər biz həyatı mənasına uyğun yaşasaq, o gözəldir, illüziya deyil. İllüziya məni təəccübləndirə bilər (stəkandan quş çıxartsan bu məni təəccübləndirər), ancaq mənə fərəh verməz. Çünki o həqiqət deyil. Həqiqi reallıq deyil. Oyunbazlıq var onun içində. Həyatımızı da bütünlüklə oyuna döndəriblər. Elə oyuna döndəriblər ki, bu oyunun içində heç nə bizə gözəl görünmür, fərəh vermir. İnsan bu oyunların içərisində tamamilə bədbəxt duruma düşür. Özünü yalqız hiss edir, bədbəxt hiss edir.
Deyirlər, belə hesablamalar aparırlar, belə düşüncələr irəli sürürlər ki, yaxın on illiklərdə, ola bilər yüzilliklərdə dinlər olmayacaq. Olmaması da pisdir, olması da pisdir. Elə bir situasiya yaranır ki, sən buna pozitiv cavab verə bilmirsən ki, olmasımı pisdir, yoxsa olmamasımı. Nəyə görə? Dinlər necə ortaya çıxıb? – Xilaskarlıq adı ilə, ruhaniyyat adı ilə. Biz bu gün dini istəmirik. Din olmayacaq deyənləri nəzərdə tutmuram. Biz özümüz deyirik ki, din gərək deyil. Çünkü din ruhaniyyatı aldadır, insanı aldadır. Aldatdığına görə gerçək yaşamda ruhaniyyat yoxdur, sadəcə rituallar var. Canlı həyatda isə bu ritualların heç bir etkisi yoxdur. Sanki tək Allah var. Bu Allahı var etməkdən ötrü, onun varlığını qorumaqdan ötrü rituallar yerinə yetiririk. Bununla da gələnək yaradırıqki, o, var olsun. Onun var olmasının sənə nə dəxli var?! Var ya yoxdur, sənə nə dəxli?! Sən niyə hansısa ibadət gələnəkləri yaratmaqla, hardasa bir Allah var deyə özünə təsəlli verəsən? Axı, bununla həyat düzəlmir, gözəlləşmir. Bu təsəllinin sənə nə xeyri var? Həyat gözəlləşmir, mənalanmır, sən bədbəxtlikdən qurtulmursan. Bu baxımdan biz deyirik dinlər gərək deyil, insanı aldadır. Bizdən qıraqda din gərək deyil deyənlər aldatdığına görə demirlər, insanı texnologiyalarla üz-üzə gətirirlər, texnologiyalara üstünlük verirlər. Ona görə deyirlər, indi elm, texnologiya hər şeydir, bu gərəkdir. Dinin aktivləşməsi nə ilə bağlıdır, – texnologiya aktivləşir deyə din də aktivləşir. Texnologiyanın aktivləşməsi nə deməkdir, – insanı bədbəxt etmək. İnsanı bədbəxt etdiyinə görə din aktivləşir. İnsan nicat axtarır axı. Texnologiyada nicat görmür. Çünkü hər kəs bütün cansız olanlarla uğraşır, cansızları allahlaşdırır, öz (insan) üzərində hakim edir. İnsanı öyrənən yoxdur, öyrədən yoxdur. Bütün məktəblər hamısı cansızlığı – texnologiyanı öyrədir. Heç kim İnsanlığı öyrətmir, İnsanlığı öyrənmir. Heç bir məktəb, – nə orta məktəb, nə ali məktəb, nə ideoloji məktəblər, nə də hər hansı bir ideya məktəbləri, heç biri insanı öyrənmir, insanı bilmir. Texnologiyaların gəlişərək insanı əzməsi ilə meydana mübarizə faktı kimi illüzior din çıxır. Heç bir gücü, etkisi olmayan din meydana çıxır. Ona görə mən yazmışam ki, yaxın gələcəkdə din gedə bilər, ancaq İnam gələcək. İnam niyə gələcək? – Çünkü insanın içi çökür. İnsanın içinin çökməsi ilə dünya sonuna gedir, hər şey sanki başa çatır. Ancaq insan heç vaxt başaçatmalarla razılaşmır, barışmır. Barışmadığına görə ən kəskin şəkildə mübarizə etməyə hazırdır. Bəlkə də fərqinə varmırıq, hiss etmirik, ancaq daxildə mübarizə başlayır.Ən kəskin şəkildə daxildə Mütləqə meyil var, istək var, inanmaq istəyi var. Ancaq bu inanmaq istəyi quru-quru olmur, təsəlli səviyyəsində qalmır.O, hərəkata çevrilir, mübarizəyə çevrilir. İnsan, öz başından, boynundan, dəhşətli dərəcədə aşağı basan bir ağırlıqdan qurtulmaq istəyir. Onu üzərindən atmaq istəyir. Ona görə İnam gələcək. İnam, insana boşuna rituallar öyrətmir. Boşuna ibadət vermir, “al özünə təsəlli ver” demir. İnam insanın qarşısında tələblər qoyur, şərtlər qoyur. Dünyanı dərk etmək tələbi qoyur, özünü anlamaq, tanımaq tələbi qoyur. Özünü tanıdıqdan sonra sənin içində mübarizə yetkinləşir, oturuşur. Mübarizə Özünü tanımadan olmur.

İçində bir-birinə zidd, Zərdüştdən (dualizmdən) gələn Xeyir ilə Şərin dialoqu var. Bir tərəfdə şərdir, şərin çalarlarıdır. Bir tərəfdə xeyirdir, xeyirin çalarlarıdır. Mən yazmışam ki, bizim içərimizdə qarşıdurmalar var. Bayaq dediyimiz texnologiyalar canlı, yumruqlu bir kişi deyil ki, gəlib məni basqı altına alsın. O, elə mənim əlimlə məni basqı altına alır. Mənim içimdəki qarşıdurmalarda şərin yanında durur. Şərin Xeyir üzərində qələbəsini yetirməyə yönəlir.

Mən kiməm?! –Mən içimdəki tələblərə əməl edənəm. İçimdəki tələbləri böyüdən bir varlığam. Ruh var. Bu bədən boş qab deyil, cansız əşya deyil ki, sadəcə olaraq seyr etsin. Biz nəyin yanında dururuq? – İçimizdəki qarşıdurmalarda mənfi olanların yanında dururuqsa, o bizi hədələyir. O, gözümüzə həşəmətli görünür, güclü görünür. Biz də qorxumuzdan onun yanında dururuq. Ona boyun əyirik. Çünkü özümüzü tanımırıq. Özümüzdən sorağımız yoxdur. Ona görə bütünlüklə biz ona meydan veririk. Onun aktiv olmasına, fəal olmasına meydan veririk. Bizim varlığımızı, düşüncəmizi o yönətir. İçimizdəki qarşıdurmaya qatılanlardan biri – Şər yönətir…

Bir soydaşımızla bu yöndə söhbət edirdik. Deyir, bunlar aşağıda olan məsələdir, Tanrı birdir. Deyirəm, düz deyirsən, bunlar həqiqətdən aşağıda duran məsələdir. Ancaq sən hardan bilirsən Tanrı birdir? Deyirəm, bunu sənə belə deyiblər deyə, sən elə bilirsən. Axı sən öz axtarışlarınla Tanrının bir olduğu sonucuna gəlib çıxmamısan. Onu sənə dinlər deyib ki, Allah birdir, sən də deyirsən birdir. Bəs sən özün nə vaxt dərk edəcəksən Tanrı birdir? Yəni Məna Birdir. Tanrı deyəndə biz dinlərin dediyi Allah obrazını götürmürük. Bizim özümüzün baxışımız var, Mütləq olanı deyirik.  Ata deyir, Allah – Mütləqin yanlış formasiyasıdır. Mən də bununla bağlı yazmışdım ki, dində Allah Mütləq deyil. Onu əsaslandırmışam.Yanlış təsəvvürlər yaratmasıdır. Mütləqin özü deyil. Tanrı birdir, yəni Mütləq olan birdir. Mütləq – dünyanın, kainatın bir nizam Qüdrətidir. O birdir. İnsanda İnsanlıq, həyatda Həyatlıq, dünyada Dünyalıq ayrı-ayrı deyil. Bunların hamısı Dünyalığın ayrı-ayrı çalarlarıdır. İnsanlıq insanda Dünyalıq deməkdir. Həyatlıq həyatda Dünyalıq deməkdir. Həmin o Bir olandır, Mütləq olandır. Deməli, soydaşımızdan soruşuram, Tanrının bir olduğunu haradan bilirsən? – Sənin içində qarşıdurma var. Sənin içində, obrazlı desək (yəni Zərdüştlükdəki sayaq izah eləməli olsaq), iki Tanrı var. Sən faktiki olaraq şər adlı Tanrının mövqeyində dayanırsan. Xeyir adlı Tanrının mövqeyində dayanmırsan. Bəs nə bilirsən ki, Tanrı birdir? Birdirsə, onda “Bir”i sübut et. Nə ilə sübut edəcəksən? – Xeyirin yanında durmaqla. Mütləq tələblərə cavab ver. Ondan sonra deyəcəksən, Mütləq olan birdir. Yoxsa sənin içində daim qarşıdurma gedir, ancaq sən deyirsən Tanrı birdir. Hanı, harada göstərir öz Birliyini? Onu göstər. Bir olan – yəni bütünlüklə əməldə, davranışlarda, münasibətlərdə xeyir özünü göstərməlidir. O zaman bilinir ki, münasibətlərdə xeyir var, gözəllik var. Gözəllik əbədidir, xeyir doğrudur, gərəklidir. Bütün məsələ budur. İnsan özü ilə döyüşə bilməyəndə, içini qurub, öz içindəki qarşıdurmadan qurtula bilməyəndə illüziyalar dalınca qaçmağa başlayır, cəfəngiyyata doğru gedir. Danışanda isə deyir, Tanrı birdir. Çünkü Qurtuluşu özündə axtarmır, özündən istəmir, başqa yerdə axtarır. Ona görə deyilənlərin dalınca qaçır, əməlsiz. Sən başqa yerdə qurtula bilməzsən, içində qurtulacaqsan. Yoxsa səhərdən axşama əl aç ki, Allah mənə kömək elə. Qıraqdan kömək istəyir, özü heç bir iş görmür. Bütün fəlakət ondadır. Dinlər insanı bu duruma gətirib çıxarıb: – insan içindən dəyişmir, qıraqda xilas axtarır. Ona da ömrü boyu yetə bilməz. Adam uçuruma gedir, özünü təpəsi üstə atır. Ona nə edəcəksən?!  Allah əlini qabağına tutacaq?  Özündən qıraqdakı inamın quruculuğu deyil, yalançı təsəllisidir.

Məscidə gedirsən, molla sənə moizə oxuyur, kilsə sənə filan şey öyrədir, bir az ötəri əhvala doldun. Deyirsən, mənim bilmədiyim gözəliklər də varmış. Bu təsəllidir. Bunu qulağın eşidir, nəyəsə inanırsan, ancaq içində iş getmir. Bu, bir təsəllidir.

İnam bizim qarşımızda o tələbi qoyur ki, özünü tanı. İçində özünü qur, yarat, mahiyyətinə yüksəl. O zaman sən azad olacaqsan. Sənin azadlığın içindən başlayır. Tutalım ki, mən hansısa bir toplumsal mühitdə söz deyirəm. Əgər mənim biliyim zəifdirsə, ləyaqətim kordursa, orada söz deyə bilmirəm. Çünkü deyəcəyim sözə uyğun yaşamıram. Deyəcəyim sözü tanımıram, onun qədrini, qiymətini bilmirəm. Bu üzdən onu ifadə edə də bilmirəm. Bütün bu hallar, bu qorxular, içinin yaranmamasından, biliyin böyüməməsindən, cəsarətin olmamasından olur. Özüylə döyüş bunlarla uğraşmaqdır. Bu uğraşmaq elə bir döyüşdür ki, onun sülhü yoxdur. Hər şeydə sülh var. Ancaq özüylə döyüşdə sülh yoxdur. Özüylə döyüş əbədi mübarizədir. Egər orada süh olarsa, özünlə barışacaqsan, içindəki balacalıqlarla barışacaqsan. İçindəki balacalıqlarla barışacaqsansa kamillik yolu bağlanır.Ona görə, özüylə döyüş sülhsüz döyüşdür, müqaviləsiz döyüşdür. Bu proses də, dediyim kimi, əbədi bir prosesdir, getməlidir.
 Bəzən görürsən, siyasətdə olanlar bağırırlar, çığırırlar. Adamlara elə gəlir ki, bu hər şeyi bilir, cəsarətlidir. Bu cəsarət deyil, qorxunun həşir salmasıdır. Ruh bağırmır, haray çəkir. Xoruzun səsi hər şeydən gur çıxır. Ancaq boş banlamaqdan başqa bir şey deyil. Xoruz banlasa da, banlamasa da, səhər açılacaq.

İnsan öz varlığında dəyər yaratmalıdır. Öz varlığını dəyərə çevirməlidir. Onun varlığı, dəyər olaraq söz deməlidir. İnformasiya olaraq, bağırtı olaraq söz deməli deyil. Biz mübarizə meydanına dəyərli ömürlə çıxırıq, dəyərli ifadələrlə çıxırıq, çıxmalıyıq. Biz meydana informasiya ötürmək üçün çıxmırıq, çıxmamalıyıq. İnformasiya heç kimə gərək deyil. Mən kimə nə informasiya verməliyəm? Yer-göy, hər yer informasiyadır. Texnologiyaların, internetin inkişafı dövründə mən sənə nə informasiya verim? Sən məndən daha çox informasiya bilirsən. Ancaq sən məndən daha çox Həqiqət bilmirsən. Sən məndən daha böyük ləyaqət tanımırsan. Sən xilaskarlığın yönünü, yolunu, anlamını məndən daha dərin bilmirsən. Çünkü sən onunla uğraşmırsan. Ona görə yaşasın Ata.
Mən çox oxuyuram, düşünürəm. Axır vaxtlar Hind ruhaniyyatını oxuyuram. Araşdırıram, tutuşdurmalar aparıram. Hər şeyi Ata ilə tutuşdururam. Hind fəlsfəsində zənginlik çoxdur, genişdir. Bəhrələnmək, öyrənmək olur. Ancaq Atadan aşağıdır. Bəzən o boyda zəngin fəlsəfə özünü dolaşdırır. Mən Ataya dayanıb o dolaşıqları hissə-hissə çözürəm. Bunu yazacam. Onlarda ən qədim din Veda dinləri sayılır. Bəzən vurğu edirlər ki, orda dərin fəlsəfə yoxdur. Ancaq buna baxmayaraq hind fəlsəfəsi daha çox vedaların etkisi üzərində inkişaf elədi. Bugünkü Batı, Yunan Fəlsəfəsi onlardan ciddi bəhrələniblər. Bu gün mən Batı fəlsəfəsini, Batı ədəbiyyatını da oxuyuram. Guya Batı hər yöndən inkişaf edib, ancaq əslində hər yöndən inkişaf etməyib. Orda yalnız texnologiya inkişaf edib, bütünlüklə görürsən ki, özülündə Doğu ruhaniyyatı, fəlsəfəsi durur. (Bunun içində Hind etkisi qırmızı xətlə keçir). Ancaq bütün bunlarla yanaşı, bayaq Ömürtayın dediyi kimi, Atada hər bir məsələ ilə bağlı ayrıca ölçü var.
Bir məsələni də sizə deyim. Xalqın içində bəzi insanlar var, mütaliə onların qibləsini qarışıq-dolaşıq duruma salır. Bizim oxuduqlarımızı onlar da oxuyurlar. Ancaq bizim gəldiyimiz sonuca gəlmirlər. Bəziləri elə bir etkiyə qapılırlar, öz xalqının içindəkini görmürlər. Hətta Atanı da ələşdirirlər, Asif Atanın dedikləri filan yerdə də var deyə… Anlamırlar ki, harda nələr var, ya da yoxdur. Bütövlükdə o qədər aydın fərqlər var ki, öyrənmək gərəkdir. Mən bunları yazıram, işləyirəm. Zahiri oxşarlıqlarda ilişib qalmaq olmaz. Baxın, bir-birindən xəbəri olmayan insanlar bir-birindən uzaq kəndlərdə yaşayırlar. Yaşamaq üçün yer belləyir, əkin-səpin edir, ot biçirlər. Sənin kəndində də ot çalır, yer belləyirlər, mənim kəndimdə də. O kənddəki bu kənddəkini təkrar etmir ki. Ot çalmaq, yer bəlləmək adlı bir anlayış var, insanın ümumi mövcudolma şərtlərinə aiddir. İndi deyək, həqiqətlə, mütləqlə bağlı filankəs də söz deyib, Asif Ata da. O özünə məxsus deyib, bu özünə məxsus deyir. Bu xalqın öz içində bu həqiqətləri araşdırıb deyən gərəkdir. Mən niyə gedib Pakistanda, Afrikada deyilənləri Yurdumda deyilənin qarşısına əngəl kimi dığırlamalıyam. Mən öz ulusal yaşamımı qurmalıyam, öz həyat prinsiplərimi oluşdurmalıyam. Bu gün bizim qarşımıza çıxan Asif Ata bizə yaşamaq ölçüsü verir, Yenilik öyrədir. Sənə müəllimlik edir, böyüklük edir, yol göstərir, yol çəkir. Dünyanın hər yerində yol anlayışı var. Ancaq məndə yol yoxdur. Nə olsun hər yerdə yol var. Mənim öz içimdə də yol olmalıdır. Nə olsun ki, dünyada yol anlayışı olub, kamil insan sözü olub, Mütləq anlayışı olub. Bu gün mənim xalqımın içində yeni ölçü verilir, yeni yol çəkilir. Dünyanın gedişi hara gedir-getsin, fırlanıb-dolanıb Asif Ataya gəlib çıxacaq. Çünkü son ideya yönü, yaşam ölçüsü kimi ortaya çıxan Asif Atadır. Asif Atadan daha mükəmməl, daha sistematik, daha qapsamlı bir baxış ortada yoxdur. Bunun haqqında düşünən də yoxdur. Çünkü hamı texnologiyaya boyun əyib. Asif Ata boyun əymir, ancaq rədd olsun da demir. Gərəkən səviyyədə inkişafını dəstəkləyir. Ancaq texnologiyanı insanın boynundan düşürməyə çalışır. Nə ilə çalışır? İnsanın içinin boynunu düzəltməklə. Ona görə heç vaxt biz dünyanın çaldığı havaya oynamayacağıq. Biz Ocaq olaraq öz düşüncəmizi ortaya gətirmişik, heç bir qıraq havaya oynamayacağıq. Ona görə Yaşasın Ata.

Atamız var olsun!

İnamlı Atalı: Deyək ki, Mütləqə İnam bəşəriyyətdə oturuşdu. Bir dövr  gələ bilərmi, Mütləqə İnamdan da üstün bir ideya ortaya çıxa bilsin? Necə ki, dinlər yarandı, biri dayanmadı, o biri yarandı. Bu gün kapitalizm, öz məntiqimizlə bilirik ki, insana yaramır. Sosializmi bilirik, sosializm də yaramır. Hansınınsa bir-birindən üstün tərəfləri var. Ancaq ümumən yaramadılar. Totalitarizmdə maraqlar filan oldu, o da yaramadı. Demokratiyanın da yaramadığını bilirik. Demokratiya insanın bacarığını ortaya qoyur. Bacarıqla da İnsanı əzən milyarder meydana çıxır. Milyonlarla insanı başından aşağı basır. Biz deyirik ki, insan azad olsun. Mən belə başa düşürəm ki, Mütləq sonuncudur.

Soylu Atalı: Biz şüurlu şəkildə düşünüb ölçü axtaran, yaşamaq yönü quran canlı insanlarıq. Bir millətin övladılarıyıq. Hər bir dünyagörüş meydana çıxanda onun daşıyıcıları deyir ki, bundan o yana yoxdur, biz də elə deyirik. İndi sən deyirsən ki, biz bunu daha yaxşı dərk edib deyirik. Onlar da özlərinə görə belə deyirlər. Məsələ, sənin ortaya qoyduğun Mütləqə İnam sonuncudurmu, ondan sonra yenisi olacaqmı, olmayacaqmı məsələsi deyil. Məsələ ondadır ki, İnsanlığın harayı, çağırışı heç vaxt dayanmayacaq. Asif Atadan sonra da davam edəcək. Sənin Mütləqə inamın var. Başqası bunu danmadan başqa dövrdə başqa çağırışlarla İnsanlığın qurtuluşuna qatqı göstərmək ist’yər. Qarşısını kəsməli deyilsən ki. Mütləqə İnam qəbul olunandan sonra qurdla quzu yanaşı otlayacaq demirik ki. Min il sonra enişlər ola bilər, yeni çağırışlar ola bilər. Yaşamaq standart bir proses deyil ki, “zavodit” eləyib deyəsən belə işlə. Biz istəyirik min il Asif Atanın həqiqətlərinə, ölçüsünə tapınıb insan kimi yaşayaq. Sonra yolundan çıxmalar başlayarsa, ona sonralar baxarlar. İnsan həm də bioloji varlıqdır. İnsanda daim inkişaf, qalxma, yüksəlmə var. Bununla yanaşı nə vaxtsa bir də enmə var. Mənaya bərabər qalmır ki. Zaman keçdikcə tənəzzül də baş verir, zəifləyir. Elə bil arxayınlaşma gedir. Üzü aşağı gedəndə də biri çıxıb çağırış edəcək. Asif Atanın həqiqətlərini danmayacaq ki. Hökm vermək olmaz ki, hər şey Asif Ata ilə qurtardı. Qurtarmadı, inkişaf davam edir. Asif Ata özüldə oturub, min ildən sonra özüldə yenə qalacaq. Ancaq onun üzərində yeni haraylar başlanacaq, davam edəcək. Bütün dönəmlərdə, Asif Atadan öncəki dönəmlərdə də bütün gözəlliklər, bütün çalışmalar özüldə var. Asif Atanın özülündə də var. Asif Ata onları danmır ki. Asif Ata onları ən yüksək səviyyədə inkişaf etdirir. Asif Ata Mütləqi yaratmayıb, ona İnamı yaradıb. Mütləq sənin, mənim düşüncəmdən asılı olmayaraq var. Asif Ata ona olan İnamı yeniləyib, dirildib. Əgər biz Ocaq olaraq məsələlərə aydın baxa bilməsək, təhlil edə bilməsək, dinə çevrilərik. Bu qorxunc bir şeydir. Biz Asif Atadan əl çəkmirik, bütün bəşəriyyətə Asif Atanın gərək olduğunun üzərində vurğu edirik, edəcəyik, qəbul edəcəklər. Ancaq Asif Atadan sonrakı dönəmdə zəifləmə gedəcəksə çağırış eləmək istəyənin bəri başdan yolunu kəsməyə çağırış da eləmirik. İstəsən də, istəməsən də, dünyabaxış belədir. Bir dünyabaxış aşağı-yuxarı min il gedir. Min ildən sonra bəşəriyyətdə yavaş-yavaş yenidən enmələr başlayır. Yenilənmələr əbədi olacaq. Bunları demək istəyirəm.

Bizim burada anlamalı olduğumuz bir həqiqət var, – insanları özümüzün yetmədiyimiz, yaşamadığımız həqiqətlərə çağıra bilmərik. Bu heç vaxt alınmaz. Bu məktəb ondan ötrüdür ki, biz həm öyrənək, həm bilək, həm onu yaşayaq, içimizə çevirək. İçimizə çevirdikdən sonra haray çəkək. Haray odur. Bir var informasiya verəsən. İnformasiya yaddaşda toplananlardan ibarətdir. Bir də var, ömürdən haray çəkəsən. Bu olmasa bəşəriyyəti Asif Ataya çağıra bilməzsən.

Ömürtay Atalı: Mütləqə çatmaq mümkündürmü?

Soylu Atalı: Əlbəttə, fərdi ömürdə Mütləqə çatmaq olur. İctimai həyatda Mütləq heç vaxt bütöv olmur. Çünkü ictimai həyatda hamı kamil deyil. Orda qeyri-kamil də var, cahil də var. İctimai həyatda heç vaxt mühit mütləq olmur. Ancaq fərd öz ömründə tam Mütləqə uyğun yaşaya bilər. Yəni belə götürək, mənəvi qüsursuz yaşaya bilər. Dinlərdən gələn bir yanlış var, deyirlər səhvsiz insan yoxdur. Onlar səhv edirlər, səhvsiz insan var, olmalıdır. Söhbət mənəvi səhvlərdən, qüsurlardan gedir. Bir var, yol ilə gedəndə ayaqqabının dabanı qırılır. Bu bir yanlış yerimə üzündən ola bilər. Bu ayrı şeydir. Buna bənzər səhvlər sənin kamilliyini sıfırlamır. Söhbət nədən gedir, sən gerçəkdən özünü tanıyırsanmı, özünü dərk etmisənmi, daxili azadlığa yetmisənmi, səhvlərdən arınmısanmı?! Doğrudan da kişisənmi, atasanmı, qardaşsanmı, dostsanmı? Bu keyfiyyətlərin hər biri əsildirmi? Bunlara yetmək mümkündür. Mümkün olmazsa, onda bizim çalışmalarımız nə üçündür, boş-boş nəzəriyyənin nə mənası var?

Tarixdə tanıdığımız şəxsiyyətlər kamilləşmiş şəxsiyyətlərdir. Buddanın nəzəriyyəsini biz bütöv qəbul etmirik. Ancaq Budda özü şəxsiyyət kimi kamil idi. Nəsiminin dünya-görüşünü biz mütləq qəbul etmirik. Panteist dünya görüşüdür. Biz panteist deyilik, biz Mütləqçiyik. Ancaq Nəsimi kamil şəxsiyyətdir. Kamillik az sayda olur, ancaq var. Bu yalnız seçilmişlər üçün deyil. Hər bir insanın kamilləşmək imkanı var, özünə bərabər yaşamaq imkanı var. Buna haqqı var. Asif Ata bunu deyir. Əgər bizim fəaliyyətimiz böyük olsa, çox olsa, yaxın gələcək üçün kamil insanların sayı çox olacaq. İctimai ölçü onda dəyişir. Mən yazmışam, biz indi kapitalizm dövründə yaşayırıq. Bu qədər böyük sayda bəşəriyyətin içində bütün mühit kapitalizmdir. Bütün bəşəriyyətin içində, bəşəriyyətin sayına görə, barmaq sayda insanlar kapitalizm yaradıb, ancaq dünya kapitalizm mühiti sayılır. Niyə bunun tərsi olumsuz sayılmalıdır?! – Biz istəyirik, kapitalizm mühiti uçsun, inam xalqı yaransın, ruhani cəmiyyət yaransın. Xəlqi birlik formalaşsın. Bu mühitlərin içində olan insanların yenə hamısı kamil olmayacaq. Ancaq ölçü baxımından çoxluq nizamlı olacaq. İnsan yaşadığı dünyadan həzz alacaq. Yenə oğrusu-filanı olacaq, bu qaçılmazdır. Biz cəmiyyətə vəd vermirik ki, sabah Asif Ata qələbə çalacaq, qurdla quzu yanaşı otlayacaq. Belə bir vəd verməyə haqqımız yoxdur. Aldada bilmərik. Çünkü insan anadan kamil doğulmur. O, yaşamı boyu qüsurlarından arınmaya da bilər. Elə bioloji yaşayar ömrünün sonuna qədər. Ancaq insana özüylədöyüş üsulu öyrədirik. Özünü tanımaq, öz mahiyyətinə uyğun yaşamaq imkanının olduğunu öyrədirik. Bunlar elə belə nəzəriyyə olaraq qala bilməz. Bu bir prosesdir, bu İnsanlığın tələbidir. Bu Mütləqin tələbidir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Nurtəkin Atalı: “Ailə Günü”müz başa çatır.

Hamı:“Ata Ruhunu Ürəyimizdə aparırıq” deyir.

İşıq Ayı, 47-ci il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir