Günəş Ayının 1-i Mütləqə İnam Ocağının “Yeni İl” törəni, İnsanilik sivilizasiyasının “Yeni İl” tonqalı Nurtəkinin həyətində qalanıb. Bu tonqal əslində dünyanın görmədiyi bir nöqtədə, ancaq bütün dünyanın gələcəyinin anıldığı bir nöqtədə qalanır. Mən bunu bədiiyyat üçün demirəm, bunu yazmışam da: bütün dünyanın, bəşəriyyətin ürəyi bir qom adamın toplaşdığı bu tonqalın istisində döyünür. Çox sivilizasiyalar, eralar dəyişib. Tarix bunu bizə deyib, bu eraların başlanğıcını, gedişini, sonunu bizə izah eləyib. İndi yeni bir era başlayır. Bugün, başlayan Yeni Eranın ifadə olunduğu qutsal bir gündür. Ocağın birinci ili, Miladın 1979-cu ili əslində həmin yeni sivilizasiyanın, yeni eranın başlanğıcının elan olunması günüdür. Asif Ata kimi bir şəxsiyyət bütün bugünkü dünyanın gedişini, halını, uyumunu gözə almadan ortaya çıxdı, yeni bir sivilizasiyanın, eranın başlandığını elan elədi. Bu elan ağlasığmayan bir gediş sayıla bilər zəif ağıllarda. Biz bu elanın izinə düşmüş, Asif Atanı dinləmiş, ondan güc alan, onun təlimi ilə böyüyən insanlarıq. Bu elə-belə məsələ deyil. Bir an elə düşünün ki, 79-cu ildə bu elanı Asif Ata eləməyib, siz eləmisiniz. Görün, onu elan eləmək üçün insanın içində hansı cəsarət, hansı qüdrət, hansı hikmət döyünməlidir. Bax, bu gün burada o məsələnin anlamını yaşayırıq. Bu bir şeiriyyət, poeziya məclisi, ədəbiyyat, sənət məsələsi deyil. Bu, dünyanın minillik (Gələcək) sükanını əlinə almaqdır. Bunu düşünəndə içim, doğrudan da qürurla, vüqarla dolur. Mənim yurdumun oğlu irəli durdu, yeni sivilizasiyanın, yeni quruluşun başladığını elan elədi. Biz bu gün həmin o böyük hikmətin tonqalını qalamışıq. Ona görə qürur duyulasıdır. Bu qürurla yaşamaq üfüqləri açılır insanın qarşısında. Asif Ata öz budununa (xalqına) dedi ki, zəlil olma, əsarətdə qalma, müti, zavallı, bəsit yaşama. Öz Budununun oğluna, qızına bunu anladır: ölüvay olma, kişi ol, qadın ol, qeyrətin olsun, ayağa dur, – sənin içində Ocaq qalayıram. O səni sonsuzacan qızdıracaq, sənin eşqini, enerjini verəcək. Onunla yaşa, içindən çıxartma. İçində od qalamışam, odu özün söndürmə içində.
Bu, böyük çağırışdır, böyük başlanğıcdır, böyük hünərdir.
Bu böyük hikmətin Ocağını qalamışıq. Bununla fəxr eləməyən adamın ağlı yoxdur, kimliyindən asılı olmayaraq…
Ocaqda yaranan doğmalıq qutlu olsun. O doğmalıq ki, onun əsasında Ocaq Asif Atadan sonra 18 ildir yol gəlir.
Ocaqda Ocağın dediyinə, gələcəyinə, Ocaqçıların o gələcəkli tələbləri yaşamasına dərin inam var. O inam qutlu olsun.
O inamın əsasında bir qom insan bəşəriyyətə böyük ideya verən Asif Atanın əməyini ləyaqətlə yaşadır. Asif Ata antiinsani quruluşları – sosializmi, kapitalizmi rədd edir, “Ruhani cəmiyyət” quruluşu yaradır. Bunun ideyasını verib, kitabını yazıb. Biz buna inandıq, bununla öyündük, ulusal qürurumuz saydıq, insani vüqarımız saydıq, onu yaşatmağa and içdik. Qutsal andımız qutlu olsun.
Biz Ocaq həqiqətlərini dünyanın bütün həqiqətlərindən ayırdıq, arındırdıq, anladıq. Bizim inamımız anlamımıza, yəni anlamağımıza tən oldu, dayaq oldu. Anlamaq, dərk etmək Ocaqçının ömrünə hakim oldu. Qutsal anlağımız qutlu olsun.
Ocaqçıların bütün Ocaq illəri boyunca üzərlərinə götürdükləri böyük ağırlıqlar oldu. O ağırlıqlara dözdülər, hər kəsin əsəbləri gərildi, hər kəsin fiziki varlığına ağırlıqlar çökdü, sağlamlığına ağırlıqlar çökdü. Nə qədər çətinliklər yaşandı. Ancaq heç vaxt doğmalıq qırılmadı, bel əyilmədi, inam əksilmədi. Bu böyük hünər idi, zəhmət idi, ləyaqət idi. Ocaqda yaşanan, yaranan böyük hünərlər, böyük ərdəmliklər qutlu olsun. (Bu ömürlərin əsasında Ocaq öz sözünü deyə bilir).
Bütün dünya ayrı hava çalır, Ocaq İnsanlaşma havası çalır, bunu öz ömründə, münasibətlərində gerçəkləşdirməyə çalışır. Ayrı-ayrı qüsurlarla belə, Ocağın mühiti ülvidir, yüksəkdir (alidir). Hər kəs onun qədrini bildi. Ocaqda dedi-qodu aradan getdi, qeybətçilik olmadı, hərcayi münasibətlər yaranmadı. Elə bil ortamımızda bizi ayaqda tutan bir qüdrət var, Allah var (yeri-göyü yaradan Allah yox). Bu Allah insanları bir-biri-nə bağlayır, bu bağlanmanın məzmunu olur. Bu bağlanmanın məzmunu insanlarımızı sabaha çağırır. Sabaha tutulan ağ üzlərimiz yaranır. Sabaha tutulan ağ üzlərimiz qutlu olsun.
Bu mərasimimizə sunulacaq o qədər işlərimiz var ki, onu sayıb qurtara bilmərik. O qədər gözəl insani keyfiyyətlərimiz var, bağlılığımız var, doğmalığımız var, hünərlərimiz var ki, onu yazıya, sözə, kitaba sığışdıra bilmərik. Bu durumun özü seçilmiş ruhani aqibətdir. Bu ruhani aqibəti qoruyub saxlamaq bəxtiyarlıqdır. Bəxtiyarlığımız qutlu olsun.
Çox kal idik. Asif Atanın tələbini, çağrışını sinirə-sinirə böyüdük. Asif Ata bizi yükləyirdi, əyilmirdik. Çünki Asif Ata bizi əymək üçün yükləmirdi. Əyrimizi düzəltmək üçün yükləyirdi. Asif Ata bizim ləyaqətimizi öyürdü, qüsurumuzu danlayırdı. Biz ondan küsmürdük, incimirdik. Bəzən şəstimizə dəysə belə, Ataya səcdəmizdə azalmırdıq. Çünki Asif Ata bizim qüsurumuzu danlayırdı. Qüsuru danlamaq qüsur deyil, ləyaqətdir. Qüsuru ləyaqət danlayar. Qüsuru qüsur danlamır. Ona görə də biz Asif Atanın danlağında, çağırışında, harayında böyüdük. Böyüdük ki, onun Ocağını ondan sonra sönməyə qoymayaq.
Bu gün Bakıxanov qəsəbəsində qalanan bu tonqal bizim ürəyimizin sevincini, sevgisini, gücünü, hünərini, bağlılığını ifadə eləyən bir tonqal idi. Tonqalı tonqal xatirinə qalamadıq. O, böyük bağlılıqların simgəsi (rəmzi) idi. Qoy o simgə hər bir Ocaqçının ağlına, ürəyinə yazılsın.
Mənim doğma, sevimli amaldaşlarım! Ocağımızın 37-ci ilinə elə böyük fərəhlə addım atıram ki. O fərəhi mənə verən həm özümün Ata yolunda yorulmadan, usanmadan, bezmədən çabalarımdır, sevgimdir, hünərimdir, həm də sizin hər birinizdən aldığım fərəhdir, hər birinizin varlığınızdan duyduğum sevgidir. Sizin çəkdiyiniz zəhmətlər, verdiyiniz qurbanlar, fərəhlər, hamısı birləşdi. Məni həm ağrıtdı ağrılarınız, həm də gücümə güc, ömrümə fərəh verdi. Sizə dayandığım üçün heç bir çətinlik gözümün odunu almadı. Heç bir vaxt Atanın işinin baş tutmayacağına inamsızlıq halı sərgiləmədim. Belə bir qutsal ortamımız qutlu olsun.
Ortamımızın Ruhani gücü, ərdəmliyi, gərəkliliyi, gələcəkliliyi Ata qarşısında alqışlanır (təqdir olunur), hamınızı bağrıma basıram.
(arxiv)