Bir şeyi özümüz üçün aydınlaşdırmaqdan ötrü təsəvvürümüzdə canlandırıb bilgi əldə etməyə çalışırıq. Deyək ki, bir yerə gedirik. Qarşıda, uzaqlarda nəsə görünür. Biz onu təsvir etməyə, haqqında düşüncə sərgiləməyə çalışırıq. Ancaq uzaq olduğundan onu aydın görə bilmirik. Ya da axşam qaranlığı olur, toz, duman, günəşin işığı, nələrsə aydın görməyə əngəl olur. Onu görə biləcək qədər yaxın getməliyik ki, təsəvvürümüzdə, düşüncələrimizdə yanılmayaq.
Analogiya uyğun olmasa da, bu, düşüncəmizi aydınlaşdırmaq üçün bir örnəkdir. İnsanın insanı tanıması, aydınlaşdırması, dəyərləndirməsi üçün də ona yaxın getmək gərəkir. Ona mənən yaxın getmək, düşüncələrini dinləmək, ünsiyyətdə olmaq başlıca şərtdir. Görmək istəmək önəmlidir. O zaman insanı doğru qiymətləndirmək alınar. Əgər bunu istəməyə əngəl olan başqa əhvallar, duyğular varsa, deyək ki, qısqanclıq, paxıllıq, gözügötürməzlik kimi duyğular xarakterə hakimdirsə qarşıdakı insanı tanımaq, dəyərləndirmək alınmaz, onun haqqında yanlış düşüncələr sərgilənər.
…İnsanlar bilmədən nəyinsə, kiminsə haqqında yanlış düşüncələr söyləyirlər. Ədalət buradan pozulmağa başlayır. Vicdan işləmir. Ədalətin qarantı vicdandır. Sorumluluğu (məsuliyyəti) var edən də vicdandır. Vicdan-Sorumluluq-Doğruluq – insan xarakterinin özül prinsipidir. Üzgörəlik (riyakarlıq), hiylə, dönüklük kimi zəlillikdən özünü qorumaq üçün bu prinsipi ömürə çevirmək qaçılmazdır. Xarakter aydın, duru deyilsə, onu yaratmaq insanın öz əlindədir. İnsanın öz xarakterini dəyişmək imkanı həmişə var. Sadəcə bunu istəyib istəməməyin nədənini özü üçün çözməyə çalışmaq gərəkdir. Bunları eləməyəndə yanlış yanaşmalar, yanlış qiymətləndirmələr, yanlış davranışlar baş alıb gedir. Hər kəsin yanlışları birləşib toplumsal (ictimai) şərə çevrilir. Toplumsal şərin nədənini hər kəs başqasında axtarmağa başlayır. Özünü aldatmanın bundan betər gedişi yoxdur. Özünü aldatmalar mənəvi geriliyi genişləndirdikcə toplumsal anarxiya çıxılmazlığa dönüşür.
Tənbəllik adi bir şey kimi görünür, ancaq tənbəllik – öz xarakterini dəyişməmək, başqasını tanımamaq kimi gedişlərin adıdır. Bu isə şər deməkdir. Özünü aldatmadan başlayan sürəc toplumsal yıxım (fəlakət) doğurur. Özünü inandırmaq ki, sən aydan arı, sudan durusan, yıxımların qaynağını başqalarında göstərib deyingənlikdən uzağa gedə bilməzsən. Ona görə heç bir mübarizə özünü doğrultmur. Ən böyük mübarizə özüylə mübarizədən başlayır. İnsanın ömründə hər şey doğru olmalıdır ki, o, toplumsal mübarizə apara bilsin…
Ata Ayı, 47-ci il.


