İnsanlar hər hansı bir yeniliyə alışana kimi çətinliklər yaşamalı olurlar. Dedi-qodu, söz-söhbət yaranır. Ancaq getdikcə hər şey axarına düşür. Sonralar, hansısa tələbdən, zərurət üzündən başqa bir yenilik vermək istəyəndə ona qarşı dirənməyə çalışır, özünün bundan öncə alışdığı (vərdiş elədiyi) həyat tərzini qorumaq istəyir. Oturuşmuş, vərdiş elədikləri qaydaların dəyişməsi həm ağır gəlir, həm də pis görünür adamlara. Bəzən qabaqcıl ideyalara tapınıb toplumun vərdişlərindən ayrılanlar, başqa qaydalara əməl edənlər yerdə qalanlar üçün dəlilik etkisi bağışlayırlar. Belələrinin haqqında hər cür söz-söhbətlər yaranır. Ancaq yeniliyin gərəklimi, gərəksizmi olduğunu öyrənmədən ona “yox” demək gerilikdir. Bayağı vərdişləri qoruyub saxlamaqda israrlı görünən (mühafizəkar olan) toplum nəinki tərəqqiyə qatılmır, ona əngəl olur. Toplum köhnəliyə sadiq qalmağı dəyərlərə inanmağı ilə bağlayır(əsaslandırır). Ancaq yenilik adına ortaya çıxan bayağı gedişlərə daha tez qapı açır, daha asan vərdiş edir toplum. Çünkü bioloji tələblərin, həyat həzlərinin ödənməsi asan başa gəlir. Bir var quruculuq çətinliyinə qatlaşasan, bir də var, asan başa gələn icraçılıq işlərinə meyil edəsən. Obrazlı deyilsə, toplumun qarşısına dağa çıxmaqla dərəyə enmək şərtləri çıxarsa, o, dərəyə enməyi seçər, zirvəyə qalxmağı yox. Yəni toplumun yaşamı asan vərdişlər əsasında oluşur. Yəni toplumun yaşamı vərdişlər nizamı deməkdir. Bu nizam ən çox bioloji tələblərlə oluşur. Bioloji tələblərin üstünlük yaratdığı (təşkil etdiyi) yaşamda toplum daha çox heyvana yaxınlaşır, özündən ayrılır. Ancaq toplumun mövcud vərdişlərini dəyişmək istəyənlər, çox vaxt yeniliyi topluma zorla verirlər. Zorla verilən yenilik toplumu müsbət hədəflərə yönəldə bilmir. Yenilikdə pozitiv çalarlar olsa belə, zorun əliylə veriləndə insani dəyişiklik yarada bilmir. Toplumun iradəsini zorlayan yenilik, onun müti, kölə yaşamasına yol açır. Zor, yeniliyi toplumun sevgisinə deyil, qorxusuna sunur. Ancaq iradəni zorlamaq yox, ona nizam vermək gərəkdir. Bir sözlə, öncə yeniliyi anlatmaq çabaları göstərilməlidir. Anlamayanları zamanın ixtiyarına buraxmaq, anlamaq istəməyib dirəniş göstərənlərə isə baş qoşmamaq doğrudur. Bunun üçün toplumun içində ciddi işlər aparmalı, anlayıb qəbul edənləri çoxluğa çevirməklə, onları təşkilatlandırıb yeniliyin ideyalarını ömrə, yaşama gətirməli. Bununla da, mənəvi üstünlüklərin toplum üçün önəmini sübut etməli. İstənilən halda, iradəsi zorlanan toplum da kölə olur, pis, bayağı vərdişlərlə yaşayan toplum da. Ona görə yeniliyi savaş yolu ilə, kütləvi qan tökməklə, toplumu düşmən cəbhələrinə bölməklə qəbul elətdirmək özünü doğrultmur, doğrultmaz….
Üzü yazıldı: İşıq Ayı 42-ci il. Atakənd.