Xəbərlər

Soylu Atalı. Üç oğluma məktub

Ürəyinizdə Ata Günəşi olsun!
Xalqda üç oğlu olan adam özünü xoşbəxt sayır. Çünkü davamı var, ondan başlayan soyu yaranır. Mən də təkcə bir evin atası olsaydım, o sarıdan özümü xoşbəxt sayardım. Ancaq mənim oğullar sarıdan xoşbəxtliyim başqa şeyə dayanır. Mənim ömrümü yaradan, zənginləşdirən, mənimsəyən Amalım var, Sabaha gedən Yolum var. Oğullarım Amalıma yiyə çıxanda məni yaşadar, Yolumla getdiyində mənə xoşbəxtlik gətirər. Bu, olduqca çətin bir işdir. Həyatda oğullar atanın yolunu gedə bilir, Amalda isə demək olar, yox. Bu yöndə tarixdə ürəkaçan fakta rast gəlinmir. Mən bilmirəm siz özünüzü xoşbəxt sayırsınızmı, ya da sayacaqsınızmı?! Bu gün sizlərdən ikiniz – Türkel ilə Ulunur mənim Yolumda görünürsünüz. Buna görə sizin özünüzü xoşbəxt saymağınız, məncə, tezdir. Çünkü siz hələ həyatla Amalın böyük mənada fərqini dərk eləməmisiniz. Siz həyatın çətinliyini duymusunuz, Amalın çətinliyini isə yaşamamısınız. Amalın çətinliyi sizin həyatınıza mənim aracılığımla gəlib. Bu özünü onda göstərib, sizin yaşam tələblərinizi axıra qədər ödəyə bilməmişəm. Amalımız buna “icazə” verməyib. Mən ömrümü bütünlüklə Amalımıza bağlamışam. Ona görə cismani ailəmin yaşamı, məişəti daim axsayıb. Bəlkə də bu axsamalara görə siz içinizdə məndən narazısınız. Mən sizi anlayıram. Yaşınızın istər uşaqlıq, istər gənclik çağlarında məndən gərəkən atalıq qayğısını az gördünüz.  Nə etməli, bir adamın iki ömrü olsaydı, birini Amala verərdi, birini də həyata. Ancaq bir ömrü bütöv şəkildə nə həyata vermək olur, nə də Amala. Ailə ilə Amal ikisi bir ömrə sığmır. Amallaşsanız bu həqiqəti dərk edəcəksiniz. Amallı olmasanız, axıra kimi içinizdə məndən, hardasa, narazı qalacaqsınız. Siz çox arı böyümüsünüz. Doğruçusunuz, tərbiyəniz də yerindədir. Ancaq arılıq da, tərbiyə də azdır. Həqiqət dalınca getmək istəyən adam gərək ruhsal qüdrətə yetsin. Bu qüdrətə yetməsəniz, məni anlaya, qəbul edə bilməyəcəksiniz.

Həqiqətin dalınca gedən adamdan hamı narazı qalır, sabahdan başqa. Məndən atam da narazı idi, anam da. Onlara diqqət ayırıb, qulluq göstərəndə razı qalırdılar, Amalımın dalınca gedəndə isə narazı. Məndən qohumlar da narazı idilər, – birinin toyuna nəmər salmadığıma, o birinin yasına “maddi başsağlığı” vermədiyimə görə, bir başqasının körpəsinə hədiyyə almadığım üçün… Məndən toplum da narazıdır, dininə, içində daşıdığı özgəçiliyə qarşı getdiyimə görə. Ailəm də narazı idi, maddi gəlirimin azlığına, evimin nizamsızlığına, sahmansızlığına görə. Amalımızdan başqa heç kimi axıra kimi razı sala bilməmişəm.

Çox qəribədir, həyatın gedişi heç kəsi qane eləmir. Ancaq heç kəs də bu nataraz gedişə qarşı duran adamı qəbul etmir. Hər kəs yaxşı şeyin asanlıqla onun həyatına gəlməsini arzulayır. Ya da dəyişikliklərin onu zəhmətə salmadan baş verməsini istəyir. Söz yox, belə bir şey mümkün deyil. Həqiqət uğrunda mübarizə getməsə, heç bir dəyişiklik baş verməz. Həqiqət uğrunda mübarizə aparanları isə həqiqətsizlik yaradanlar gözümçıxdıya salırlar. Həqiqət uğrunda mübarizəyə qalxan nə qədər ki, birdir, beşdir, qarşısını almaq şər üçün asandır, elə ki, mübarizə dalğaya çevrilir, qarşısını almaq mümkünsüzləşir. Mübarizənin də dalğaya çevrilməsi üçün gərək bir nəfər, beş nəfər axıra qədər dayana bilsin.

Həyat çox bulanlıqdır. Ya gözünü yumub bu bulanlıqda üzməlisən, həqiqət istəməməlisən, ədalət axtarmamalısan, ya da duru həyat yaratmaq üçün çətinliklərə qoşulmalısan. Təfəkkürü, düşüncəsi olan adamlar həmişə gedişə etiraz ediblər. Ancaq bu etirazların dalınca ümidlə sonuc gəlməyib. Həyat sərt, amansız olduğundan ona etirazlarla etki göstərmək mümkün olmur. Bu gün bizim qarşımıza etirazlardan daha çətin bir tələb çıxıb – Qlobal Dəyişikliklər eləmək. Bu, İmkandır. Bu İmkanı Asif Ata yaradıb. Asif Atanın Yolu prinsipial, əsaslı yeriş istəyir. Hürufilərdən Asif Ataya qədər olan bir aşamada etirazlar ədiblik səviyyəsində olub. Mən siyasi etirazları bu məsələyə qatmıram. Çünkü siyasi etirazlar toplumsal pozuntuların səbəbinə qarşı yönəlmir, törədicilərə qarşı yönəlir. Biz böyük dəyişikliklər üçün ruhsal mübarizəni nəzərdə tuturuq. İdeoloji mübarizəyə qarşı da deyilik. Ancaq ideoloji mübarizə bizim işimiz deyil, sadəcə biz ona yardımçı ola bilərik.

Bütün bu məsələni düzgün təhlil eləmək üçün işin gedişini, məntiqini dərk eləmək gərəkdir.

Ruhsal mübarizə çox çətin bir prosesdir. Mübarizəyə girişdinsə, gərək taleyinə çevirəsən, yoxsa adam məhv ola bilər. Hər kəs mübarizəyə, fəaliyyətə yeni qoşulanda həvəsli olur. Ona elə gəlir, qısa zamanda bütün arzular gerçəkliyə çevriləcək. Adam mübarizə yolunu ayağı ilə yeridikcə, həvəsi tükənir, usanır. Usanmaq – ümidi itirmək deməkdir. Ümidini itirən adam həyatın sərt sınaqlarında bədbəxtliyə uğrayır. Biz Asif Atanın Amal Yolunda belələrinə çox rast gəldik. Ancaq mübarizə ürəyin gücünə dayananda şəxsiyyət yaranır, o, sabaha gərək olan bir ömür yaşayır… Mənim güclü xarakterim var, fitrətimə bağlıdır, atamdan, babamdan gəlir. Ancaq fitrətə necə var, eləcə bel bağlamaq olmaz. Güclü idrakilik, mənəvilik yaranmasa, fitrəti necə var, elə qorumaq mümkün deyil. Zamanın gedişi, mühit fitrətin başına min oyun aça bilir. Mən Ocaqda fitrətimi böyütdüm. Mübarizə onu möhkəmlətdi. İçdən dəyişmə, gəlişmə yolu keçdim. Özüylə döyüşüm məktəbimə çevrildi. Qıraqda zəiflər, zəlillər məni sinirə bilmədilər. Birləşdilər mənə qarşı. Yolumu kəsmək, danmaq, dayandırmaq istədilər, alınmadı. Zəiflərin birliyi də zəif olur. Həqiqətsiz birlik fədakar, mübariz, cəsarətli bir ürəyi dana bilməz. Özünə inam özgələrin şübhəsindən qüdrətlidir. Min şübhəli ürəyin inkarı bir İnamlı ürəyin qarşısında acizdir. Acizlərlə yoldaş olmaq, yol getmək mümkün deyil. Qüdrətlilər isə tək-tək olur. Təklərin birliyini yaratmaq üçün gərək Tək olmaqdan qorxmayasan. Gərək çevrənin səni anlamamasından özün üçün fəlakət yaratmayasan. Adamlar nəinki mübarizə adamını, heç bir-birini də anlamırlar, anlaya bilmirlər. Bütün ömrünü işıq eləyib toplumun gözünün qabağına tutsan da, biri desə ki, bu işıqda qaranlıq var, hamısı başlayacaqlar şübhələnməyə. Toplumun indiki düzeydə inamına, etibarına bel bağlamaq olmaz. Özünün maddi həyatı ilə məşğul olanlar insanı tanıya bilmirlər. İnsanlıqla uğraşmayanın insanı tanıması mümkün deyil. İnsanlıqla uğraşmaq əslində özüylə uğraşmaq deməkdir. Başqa sözlə, özüylə döyüşmək deməkdir. Özünü tanımaq, özünü döymək – özünü təsdiq etmək. Bütün mübarizələr buradan başlayır. Maddiyyatla uğraşanın özünü öyrənməyə vaxtı qalmır. Ona görə də hər kəs bir-biri haqqında ağa qara, qaraya da ağ deyə bilir. İnsanın insana heyrəti olmasa, xalq yarana bilməz. Heyrət ali münasibətdir. Orada inam var, sevgi var, doğmalıq var. İnsanı tanıyırsan, ondakı gözəllikləri kəşf edirsən, varlığa, həyata münasibətin dəyişir. İnsan özündəki gözəllikləri aşkara çıxardıb ifadə eləyəndə qəlbin riqqətə gəlir, sevinirsən, inanırsan, – heyrət yaranır. Heyrət böyüdür, böyüklük yaradır. Heyrət eləyən də böyüyür, heyrət olunan da. Heyrət eləyən inandığı, sevdiyi, ümidləndiyi üçün böyüyür. Heyrət olunan inanıldığı, tapınıldığı, sevildiyi üçün məsuliyyətə yüksəlir, artır, dolur, davam eləyir. Həm də sevir, həm də güvənir, inanır. İstənilən halda, ali keyfiyyət münasibətləri artırır, böyüdür, xəlqiləşdirir. Asif Ata yüksək mənəvi-idraki hal yaratdığı üçün bizi heyrətləndirirdi. Heyrətləndirə-heyrətləndirə Yola, Amala bağlayırdı. Sözsüz ki, bizim heyrətimizdən Asif Atanın özü də böyüyürdü. İlhamı böyüyürdü, sevinci böyüyürdü, ümidi böyüyürdü. Heç bir münasibət birtərəfli olmur. Böyüdülən də böyüdür. Böyütmə məktəbdir. Məktəbi olmayanın davamı olmur. Yəni milli səviyyəyə qalxmır. Ocağımız milliləşmə məktəbidir. Heç bir dünyabaxışda millət məsələsi Asif Atada qoyulduğu kimi qoyulmayıb. Millətə münaisbətin adi səviyyəsi onu qane etməyib. Millətə, Vətənə münasibətin təbii səviyyəsində instinktlərin rolu daha çoxdur. Hər bir kəs, onunla eyni dildə danışan, eyni məkanda yaşayan toplumla bəlli bir bağlılıqda yaşayır. Adam öz doğulduğu məkana, duyğularının alışdığı, gözünün öyrəşdiyi yerə sevgi ilə yanaşır. Ancaq bu çox azdır. Vətənə, Millətə münasibət Dəyərə münasibət səviyyəsinə qalxanda hər şey kökündən dəyişilir. Vətən, millət – bir-birinə bağlı anlayışlardır. Başda millət gəlir. Millət – Vətənin dəyəridir. Millət daim qurulan, artan, inkişaf eləyən, yenilənən hadisədir. Millət köhnəlsə, ölər. Millət dəyər yaratmalıdır. Yeni fərdləri ilə yeni keyfiyyətlər ortaya qoymalıdır. Yeni keyfiyyətlərin aşkarlanması isə İnsanlaşma prosesinin gerçəkləşməsidir. İnsanlaşma milləti bəşər səviyyəsinə qaldırır. Bəşər səviyyəsində yaşayan millətin başqa millətlərə insani etkisi yaranır. Bəşər – millətlərin insani keyfiyyətlərinin yaratdığı vəhdətdir. Bəşər millətlərin insani gücüdür, bağlılığıdır. Bəşərilik – millətlərin ali dəyərlərinin bir-birində yaşamasını ifadə eləyən mənasıdır. Millət bəşərin bir hissəsidir, özü də dediyimiz kimi, önəmli bir hissəsidir. Millətə münasibət – bəşərin önəmli bir hissəsinə olan münasibətdir. Biz millətçiyik. Bizim millətçiliyimizə bu səviyyədən yanaşmaq doğrudur. Bu səviyyə dərk olunmadığı üçün millətçilik düzgün qiymətləndirilmir. O, öz mənasından ayrılır, bölücülüyə bərabər bir hadisə kimi təqdim olunur. Millətçilik böyük mənaya bağlıdır. Milləti böyüklüyə bağlamaqdır. Milləti Bəşər səviyyəsində görmək istəyidir. Millətçilik Yolunda addımlamaq hər adamın işi deyil. Bu vaxta qədər öz balaca məqsədləri üçün millətçilik adından istifadə eləyənlər çox olub. Millətçilik böyük məqsəddir, kimlərinsə siyasətdə uğur qazanmaları üçün vasitə deyil. Öz taleyindən qorxanın millətçiliyinə inanmıram. Millətçiliyi aqibətə çevirmək gərəkdir. Belə olmasa, nisbi, ötəri münasibətlə pozuntuların qarşısını almaq mümkün olmur. Münasibət nisbi olanda milli olmayan ideolojiliklər yaranan boşluğa hakim olur. Hakim gücün tabeliyində milli düşüncə aradan çıxır. Məsələn, sovet ideolojisi yurdumuzda özgələşdirmə qəlibi yaratdı. Şairlər, yazıçılar standartlaşdırıldı. Xalqın içində ziyalılıq keyfiyyəti aşkarlanmadı, ədiblik gücünü itirdi. Ədəbi mühit diqqəti millətə yaramayan istedadlılarına yönəltməklə sadəcə çinovnikləşmə aqibəti yaşadı. Elə hal yaratmışdılar ki, guya toplumsal sorunlar aradan getmiş, hər şey həllini tapmış, başqa qayğı qalmamışdır. Halbuki fəal mübarizə aşamasının başlaması gərək idi. Çünkü milli şüur sıradan çıxarılmışdı. Standart gənclik formalaşır, ürəksiz, zəkasız ziyalı təbəqəsi oluşdurulurdu. Ancaq Sovetlər dağılan kimi onun qəlibində yetişmiş adamlar, konkret “Yazıçılar Birliyi”nin çinovnikləri özlərini topluma milli ruhun təmsilçiləri kimi sırımağa başladılar. Guya onların yaradıcılığı Quruluşla mübarizə aparırmış. Onlar Quruluşla mübarizə aparırmışlar, Quruluş da onlara titullar verir, firavan həyat ortamı yaradırdı. Yalanbaşların “ziyalılığından” ziyankarlıq yağıb millətin üstünə. Bunu ört-basdır eləməklə özünə təsəlli vermək olmaz. Başqa qüvvələrin yaratdığı dəyişikliklərlə dəyişilənlər ziyalı ola bilməzlər. Dəyişiklik yaradanlar ziyalı olurlar. Bu həqiqəti dərk eləməyənin insani-milli gələcəyi yoxdur.

Asif Ata toplumsal dəyişikliyin gərəkliyindən danışanda Quruluşun elitar ziyalı təbəqəsi ona qarşı çıxır, adını ləkələyib nüfuzdan salmağa çalışırdı. Ancaq Asif Ata öz ömrünü  yaşadı, öz ləyaqətini yaratdı. Onun ixtiyarı öz əlində idi. O kəsi ləkələmək, nüfuzdan salmaq, sarsıtmaq, sındırmaq, sıradan çıxartmaq mümkündür ki, onun ixtiyarı öz əlində olmur, toplumun əlində olur. Asif Ata yaşaya-yaşaya ixtiyarını toplumun əlindən tamam almışdı. O, Zamanı ötmək deyəndə də bunu nəzərdə tuturdu. Əslində zamanı ötə bilən adam çox az saydadır. Hətta bütün bəşər tarixində bu say çox azdır. Biz də öz ömrümüzü zamandan fərqli qurmasaq, bəşəriyyətə xeyir verə bilməyəcəyik. Ocaq həm ideyadır, həm də bu ideyanı gerçəkləşdirən hadisədir. İdeyanın gerçəkləşməsi isə ömürlərə, talelərə bağlıdır. Ocaq Atanın ömründən qalandı. Ona görə məktəbə çevrilə bildi. Ocaq insana üstün yaşamaq, yüksək yaşamaq öyrədir. Mən Atanın məktəbini yaxşı öyrənmişəm. Ancaq Ruhani qüdrətim mütləq deyil. Bir az tələskənliyim var, yetə bilmədiyim zirvələr var. Bununla belə, Yola, Amala, Ataya etibarım, etiqadım, sədaqətim bütövdür. Mənim yıxılmaq, sıradan çıxmaq, geriyə qayıtmaq ehtimalım koordinat oxunun mənfi tərəfindədir. Taleyim Ocağın əlindədir. Ocaqla nəfəs alıram. Başqa düşüncəm, başqa meylim yoxdur. Məni ancaq cismani olaraq sıradan çıxarmaq olar. Ləkələməklə, böhtanlamaqla, hansısa bir sözümün başına kəndir salıb şişirdərək təbliğ eləməklə, şantaj-montaj yolu ilə dayandırmaq mümkün deyil. Mənim içim ilahi sevgilərə bağlıdır. Soylu Atalı olaraq, ruhani mübarizə meydanına çıxandan şərçilərin, rəqabətçilərin, qısqancların, inkarçıların səviyyəsinə enmədim. Bədürəklərin, kinlə nəfəs alanların haytasına, hikkəsinə məhəl qoymadım. Öz sözümü deməkdə, öz yolumu yeriməkdə davam elədim. Cəmiyyətçilik səviyyəsində dayanıb özünü ideala bağlı sayanların dəbdəbəli yarışçılıqlarına uymadım. Balaca gölməçələri dalğalandırıb özünü mübariz göstərən, qalib elan eləyən Yalanbaşların bağırtılarından diksinmədim. İnsanlara münasibətimdə küsmək var, ummaq var, ancaq acıq yoxdur, nifrət yoxdur, kin yoxdur. Kinli ürəkdə böyük yaradıcılıq yetişmir.

Mən özümlə uğraşmışam, özümü tanıyıram. Özümə qarşı tələbkaram, güzəştsizəm. Özümə inanıram, ancaq heç vaxt özümü uydurmuram. Mənim ömrüm, fəaliyyətim ədaləti, vicdanı sizə tanıda bilər. Atanın ömrünü sizə göstərər. Atanın ömründə sizin həyatda, toplumda bəyənmədiyiniz gedişin inkarı, dəyişilməsi var. Bunları ciddi dərk eləsəniz, ömrünüzü Amala bağlayacaqsınız. Atanı qəbul etməyənlərin, məni də sıradan çıxarmaq istəyənlərin çabaları sizi çaşdırmamalıdır. Ocaq məndən sonra davam eləməlidir. Atadan sonra Ocağı mən davam elədim. Davam qırılmamalıdır. Uzun illər Ocağın işi çox çətin olacaq. Onu yaşada bilmək çox böyük güc tələb eləyir. Mühitimiz sayca çox azdır. Ona görə də indiki durumunuzdan çox yüksəyə qalxmalısınız. Məişətə, maddi həyata çox meyil salmayın. O sizin gücünüzü udacaq. Güzəran adamı olanın Amalı yaşatmaq iqtidarı, Amalın adından danışmaq ixtiyarı olmur. Həqiqətsiz yaşaya bilsəniz, məni itirəcəksiniz. Mən sizi çətin, riskli aqibətə dəvət edirəm. Bu vaxta qədər heç bir ata bunu eləməyib. Hamı övladının başını sığallayıb, rahat, adi, bioloji həyata bağlayıb. Həyatda gün görmək istəyən bədbəxtdir. Onun əbədilikdən xəbəri olmur. Həyat adama vüsal vəd edir, ancaq bu vüsalın mənası həyatı yarıtmaqdan ibarət olur. Nağıllarımızda Yolçunun qarşısına üç yol çıxır: gedər-gələr; gedər-qalar; gedər-gəlməz. Qəhrəmanlar həmişə gedər-gəlməz yolu seçirlər. Qəhrəmanlıq çətinlikdən yaranır, Asanlığın Qəhrəmanlığı olmur. Amalın qurulması da onun Yükünün altına girəndən qəhrəmanlıq tələb edir.

 Mənə münasibətinizdə instinktlərinizi ötün. Mənə yalnız cismani ata gözüylə baxsanız, daim diqqət, qayğı umacaqsınız. Mən sizə həyati mənada axıra qədər diqqət, qayğı yetirə bilməyəcəm. Mənim diqqətim, qayğım nisbi olacaq. Cismani atalığın tələblərini mütləq ödəyə bilmirəm. Fiziki ömrüm, vaxtım buna çatmır. Sizin məndən deyil, mənim sizdən daha çox şey ummağıma haqq verin. Mənim sevgim, ümidim sizə bağlıdır. Asif Atanın oğlu ondan cismani atalıq qayğısını bütöv şəkildə ala bilmədiyinə görə qıraqda durdu, Ataya yaxın gəlmədi. Əqidə adamlarının övladı həmişə əqidə adamı olmur. Bu da az olan bir məsələdir. Heç Asif Ata özü də oğlunu “azara” salmaq istəməyib. Görünür onda belə bir potensiyanı görməyib. Əgər Asif Atadan övladına böyük keyfiyyətlərindən keçmiş olsaydı, Ata öləndə oğlu gəlib onun evini əlimizdən alıb satmazdı. Biz Asif Atanın işini qabağa aparmaq üçün evindən ruhani ünvan kimi istifadə edərdik. Ancaq biz – Atanın ruhani Evladları öz ünvanımızı Atanın ruhani ünvanına çevirdik. Bizim Ataya münasibətimizdəki fədakarlıq, təmənnasızlıq cismani övlad əqidəsizliyinin üzərində qələbə çaldı.

Asif Atanın cismani oğlu mollalara, onların həşirçilərinə qoşulub qəbrin açılmasına, Atanın nəşinin çıxarılmasına ortam yaratdı. Qaragüruhçularla birləşib bizi təklədi. Atanın ömrü boyu uğrunda mübarizə apardığı ideallara qarşı çıxdı. Əgər siz Amala yiyə çıxmasanız, belə bir aqibət məni də gözləyir.

Bu yaxınlarda yazıçı Rafiq Tağını öldürdülər. Onun yas mərasimini izlədikcə həyəcandan gözlərim əsirdi. Bu adam yazılarında dinin cəfəngiyyatına, mollanın artistliyinə qarşı çıxırdı. Ancaq mollalar onun meyidinin üstündə elə bir səhnə açdılar ki, qışqırmağım gəlirdi. Molla səsini qaldırır, kədərdən vahimələnib baş-gözünə döyən ölü yiyələrindən sakitlik tələb edirdi. Mərsiyə oyunbazlığı ilə özünün onları ağladacağını vəd edirdi. Molla çox avamdır, kədəri dərk eləmir. Hər şeyə özünün xalqın yas ənənəsi üzərindəki “ixtiyarı”ndan baxır. Açığı mən əsəbi gərginlik keçirməkdən daha çox heyrət elədim. Bəs Rafiq bəy öz evində, qohumlarında iş aparıb onları anlatmayıbmı?! Axı sən özündən başlamadığın münasibəti topluma necə qəbul etdirə bilərsən?! Biz Rafiq bəyin evində Yas Törəni keçirmək təklif elədik. Ancaq yaxınları müsəlman toplumun tənəsindən ehtiyat etdikləri üçün istəmədilər. Əslində onların öz aralarında da müsəlmançılıq bəsitliyinə yad olan adam yoxdur. Görünür, Rafiq bəy özünün münasibətinin, açıq fikirliliyinin qorunmasına heç kimi hazırlamayıb. Bu mənim üçün çox düşündürücü bir məsələ oldu. Elə bir tale seçmişəm ki, bu cür narahatlıqla tez, ya gec üzləşə bilərəm. Mənim mübarizəm daha əsaslı, daha sanballı mübarizədir. Hələ Mütləqə İnam yayılmaq aşamasındadır. Topluma aktiv etkimiz başlayandan sonra mənə qarşı sui-qəsd ola bilər. Əslində bu gün də bu taleni yaşamaqdan sığortalanmamışam. Elə bir anormal, anarxiyaya bürünmüş dövrdə yaşayırıq ki, adamı sözünə, əqidəsinə görə asarlar da, kəsərlər də. Söz yox, biz bunun xofu altında yaşamırıq, heç yaşaya da bilmərik. Ancaq düşündüklərimi sizə demək, sizdən diqqət ummaq haqqım var. Siz də heç vaxt haqqınızı dilə gətirməkdən, onu müdafiə eləməkdən qorxmayın.

Burada mən Ocaq məsələləri ilə bağlı üzümü ən çox sizə – Türkelə, Ulunura tuturam. Konkret olaraq siz Ocaqçı sayılırsınız. Ocağın işini görürsünüz, tədbirlərdə böyüyürsünüz, bərkiyirsiniz. Ruhtay isə Ocağın gedişini, tələblərini bilmir. Sadəcə qıraqdan izləyir. Ruhtay Ocaqçı ola bilməsə də, gözəl ailəçi ola bilər. Ocaq yolunda sizin kimi ola bilməməsinə görə onu qınamayın. Elə edin, Ocağa yad olmasın. Xalqın içində sizə dayaq olsun. Bu çox önəmlidir. Ocaqçı olmasa da çətin anlarda Ocağın mövqeyində dura bilər. Ona münasibət düzgün qurulmasa, toplum kimi ola bilər. Ancaq doğru münasibətlərdə inanmıram, sizə qarşı toplumun mövqeyində dayansın. Ancaq mövqesiz də olmamalıdır. Ananız da mənim ruhani aqibətimdən məmnun deyil. Ancaq yağı da deyil. Hər nə olsa belə, ona da münasibətinizi düzgün qurun. Bir ana kimi sevin. O sizə həyati baxımdan yaxşı ana olub. Sizin üstünüzdə ana kimi haqqı var. Ancaq Ocağa münasibətdə nə vaxtsa toplumun mövqeyində dayanarsa (hərçəndi buna inanmıram), mövqeyini qəbul etməyin. Ana kimi sizin qarşınızda haqqı danılmazdır. Əqidənizə qarşı çıxmaq isə analığa aid deyil. Belə olanda o haqqını itirir. Ümumiyyətlə, kim nə düşünür-düşünsün, siz həqiqəti düşünün. Həqiqət yoxdursa, bəsit həyat nəyə gərək?! Həqiqəti deyəndə mübahisə etməyin. Həqiqətə inanan mübahisə etmir, onu yaşadır. Hamı həqiqətsiz yaşayanda üç adam, beş adam özündə güc tapıb həqiqətlə yaşayırsa, həyatda gözəlliklərin aşkarlanmasına imkan yaranır. Əqidə – bu imkanları aşkarlamaq, doğrultmaqdır. Həqiqəti müdafiə eləməkdən çəkinmək olmaz. Həqiqətsizlik mühiti elə bir həşirdir ki, çaşmamaq üçün qüdrətli olmalısan. Əks halda, özünü  çoxluq təşkil edən həqiqətsizlərin qarşısında sanki suçlu görürsən, gözükölgəli sayırsan. Həqiqəti müdafiə eləmək suç kimi qiymətləndirilir. Belə hallarda zəiflik eləyən dönüb hamının biri olmağa qərar verər…

Tək olmaqdan qorxmayın. Təkliyinizi yaradan səbəbi ciddi dərk edin, sevin onu. Onda özünüzə inamınız, güvənciniz artacaq. Ali səbəb ciddi məsələdir. O, bizdən ömür istəyir. Ona görə ömrü zənginləşdirmək gərəkdir. Ömür zənginləşməsə, böyük Tələblərin qarşısında tükənə bilər. Ömrün zənginləşməsi isə həyat qayğılarına diqqəti azaldır. Bu da təbiidir. Kim nə ilə uğraşırsa, onu zənginləşdirir. Həm həyat zəngin olsun, həm də ömür – belə paralellik heç vaxt olmayıb. Amalla uğraşanda həyata vaxt qalmır. Buna görə də maddi yoxsulluqdan utanmayın. Halal yaşamaqdan üstün fəzilət tanımıram.

Xalqın içinə çıxmağa hazır olun. Həyat getdikcə dözülməz həddə çatacaq. Kapitalizm Azərbaycanda yeni başlayıb. Həqiqəti xalqa çatdırmaq yolunda bu sizi dayandırmasın. Hamının başı başını saxlamağa qarışanda həqiqət yaddan çıxır. Belə vaxtda Amalın harayını çəkən eşqli ürəklər gərəkdir. Elmin inkişafı həyata xeyir verməliydi, ancaq onu daha da öldürür. Çünkü elm pulçuların əlindədir. Pulçunun əlində olan heç nə İnsanlığa qulluq eləməz. Yalançı inkişafları tanımaq, onları uçurmaq gərəkdir. Düşüncə buna köklənməlidir.

Bilgisayar texnologiyasının inkişafı zahiri cazibə yaradır. Hamı təbliğata, göstərgəçiliyə meyil edir, quruculuğa yox. Həyatda üstünlük kimi yayılan şeylər əslində əksiklikdir. İnsanlaşmadan böyük üstünlük yoxdur. Sizə İnsanlaşma həqiqətini dərk elətdirən Təlim var. Bax, bu özü çox böyük üstünlükdür. Bu üstünlüyə çatmaq, onu qorumaq üçün daim mütaliə edin. Ciddi ədəbiyyatları oxumağa özünüzdə həvəs yaradın. Mütaliəsiz heç bir düşüncənin yerişi mümkün deyil. Musiqiyə doğmalaşın. Musiqidə adam içində təmizlənir. Muğamla saz çox böyük hadisələrdir. Onların mahiyyətini dərk eləmək əslində xalqın ruhunu tanımaqdır. Böyük hadisələr xalqın ruhundan gəlir. Ona görə musiqini dinləməyə həmişə vaxt tapın. Heç nəyi cəmiyyətdən öyrənməyin, Ocaqdan öyrənin. Ocaq xalqın ruhundan yaranıb. Bütün məsələlərdə Ocağın ölçüsünə dayanmaq münasibəti yetkin səviyyəyə qaldırar.

Elmli, bilikli adamlarla rastlaşanda çaşmayın. Onların ruhaniyyatdan başları çıxmır. Ona görə ruhaniyyatla uğraşanı geriçi sayırlar. Əslində isə ruhaniyyatdan başqa insana gərək olan irəliçilik yoxdur. Ruhaniyyatın əmələ gətirdiyi mühit insandakı bütün fəzilətləri üzə çıxardır. Bu vaxta qədər bəşər nisbi ruhaniyyatla yaşayıb. Nisbi ruhaniyyata yalan qarışıb. Getdikcə yalan qalıb, ruhaniyyat yoxa çıxıb. Bütün nisbi hadisələr, nisbi münasibətlər belədir. Üstünlüklə əksiklik iç-içə var olmur. Üstün olan nisbi yaşadılırsa, yox olmağa doğrudur, əksiklik isə bütövləşməyə (bütöv əksiklik). Bir vedrə saf suya bir stəkan çirkli su töksən, vedrədəki su bütövlükdə çirklilikdən ibarət olacaq. Ona görə saflıq bütöv olmalıdır. Xeyir bütöv olmalıdır, fəzilət bütöv olmalıdır. Ona görə Asif Ata deyir, yalnız Mütləq olan Həqiqidir. Mütləqə İnam – Bütövə, Tama, Kamilə, Aliyə inamdır. Asif Ata yarımçıq inamı qəbul etmir. Din yarıminamdır, qəbul etmədi. Yarıminam insanı aldadır. İnam mütləq olanda insanı böyüdür, ondan bütün gözəlliklərə yiyə yaradır. Ruhaniyyat əsasında yaşamaq ənənəsi yaranır. Ruhaniyyat əsasında hər şey əsilləşir. Din nisbi ruhaniyyatdır. Ona görə insana inanmır. Dində insan öz mahiyyətinə yönəlmir, mükafatla cəza əsasında həyatı tənzimləmək nəzərdə tutulur. Din insana deyir, “özünü yaxşı aparmasan, cəhənnəmdə sənə qan-irin içirdəcəklər. Qurtum-qurtum içəcəksən, ancaq uda bilməyəcəksən. Boğulacaqsan, ancaq ölməyəcəksən. Çünki sənin üçün Allah əbədi işgəncə qərarı verib. Cəhənnəm odunda yanacaqsan, ancaq ölməyəcəksən. Çünki işgəncə başa çatmamalıdır. Sən Allahın qarğışına, lənətinə tuş gəlmisən”. Burada həm Allah əksilir, həm insan aşağılanır. İnsanla öcəşən Allah necə müqəddəs ola bilər?! O, özündə bu qədər kin daşıyırsa, necə sevgiyə layiq ola bilər?! Hələ biz demirik, adamdan tələb olunan “özünü yaxşı aparmalısan” nə deməkdir?! Allaha ləliməlisən, yalvarmalısan, onun “qabağında” hər gün əyilib-qalxmalısan ki, qəzəbindən qurtulasan. Dinin insana bu münasibəti həyatımızda gerçək münasibətlərdə də özünü göstərir. Lap elə özümüzdən olmuş Ocaqçı sayılanların mənə münasibətini götürək. İllərdir, hər gün içlərini kinlə, nifrətlə doldururlar. Eybəcərliklərin hamısını mənə qarşı ünvanlayıb vurğu edirlər. Ürəklərində kindən boş yer qalmayıb. Sonra da gedib ayrı-ayrı adamlara özlərini fəzilət yiyəsi kimi sırımağa çalışırlar. Ürəyini kinlə yükləyənin insana verəcəyi nə ola bilər?! Bu cür münasibət ruhaniyyatdan gələ bilməz. İnsana bu cür yanaşma, elə dinin “qan-irin”, hədə, kin münasibətlərindən qaynaqlanır. Belə adamlar üzdə dini qəbul etməsələr də, onların alt şüurlarında din oturub. Özüylə ciddi uğraşmayan, belə münasibətləri şüurunun altından silə bilmir. Nəyin üzərində çox vurğu edərsənsə, ürəyin ona köklənər. İnsan yaxşı şeyin üzərində vurğu eləyəndə ürəyi sevgi ilə dolar, pis şeyin üzərində vurğu edərsə, ondan əməli olaraq xeyir gözləmək doğru deyil. Adamın içində xeyirə inam, sevgi bütöv olmayanda pis şeylərin üzərində vurğu edir. Elə bilir, şərlə döyüşür. Toplumdakıların hər birinə belə münasibət bəsləyirlər. Fərdi şərə bərabər götürmək xeyiri tanımamaqdır. Fərdlə öcəşmək şəri yaşatmaqdır. Ruhaniyyat nisbi olduğuna görə həyat bu cür münasibətlərlə dolub. Belə münasibətləri ötmək üçün özüylə döyüşmək gərəkdir. Özüylə döyüşmədən ruhun imkanlarını üzə çıxarmaq mümkün olmur.

Atanın ideyalarını yaxşı öyrənmək gərəkdir. Əgər siz bunu eləyə bilsəniz, çox yol gedəcəksiniz. Sizi rəqibləşməyə, cırmaqlaşmağa sürükləyən əhvallara bac verməyin. Belə əhvallar adamın ürəyinin gücünü azaldır, ciddi mübarizədən yayındırır. Hürüşlərə məhəl qoysan, karvan yeriməz. Ata öləndən bəri mənə qarşı hürüşlər səngiməyib. Atanın yükünün altına girdiyim üçün mükafatım hürüşlər oldu. Mübarizə yolunda belə bir taleni yaşamaq qaçılmazdır…

Ata öləndən sonra Ocaq mühitində ciddi bir nizamsızlıq yarandı. Bu nizamsızlıq özünü Ata irsinin dağınıq olmasında daha aydın göstərdi. Hər şey dağınıq, hərədə bir şey. İllər içində dişimlə-dırnağımla “irsi” bir yerə toplaya bildim. Üzünü köçürüb nüsxələr artırdım. Əsas nüsxəni qorumaq üçün “Ədəbiyyat, İncəsənət fondu”na verdim. Bu günə qədər də Ata irsindən böyük ruhani xəzinə yaratdım. Onu dağılmaqdan qoruyun. Həyatınızda ondan böyük sərvətiniz olmayacaq. Mənim yaradıcılığım Atanın ruhani işinə yaxşı qulluq edir. Onu da qoruyun. Həm də öyrənin. Mütaliə eləməkdən usanmayın. Ən ağır həyat ortamında yaşasanız belə, mütaliəsiz qalmayın. Ruhani təcrübə qazanın, onun əsasında aqibətinizi qurun. Təcrübədə dayanmayın, ondan yüksəyə qalxın ki, özünüzü təsdiq edə biləsiniz.

Əzabdan qorxub qaçmayın. Sizə böyük olmaq, şəxsiyyət olmaq diləyirəm. Ataya, onun xalqına layiq böyüyün. Adınızı əbədiliyə yazın.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!

06-17 Sərt Ay, 33-il. (dekabr, 2011).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir