Zamanın yönəticisi siyasətdir. Sən elə danışmalısan, siyasətin xeyrinə olsun. Ölkənin, xalqın xeyrinə bir söz deyəndə siyasətin ziyanına olur. Bütün gedişlər siyasətin xeyrinə köklənib, xeyirin xeyrinə köklənməyib.
Hər şeydə ədalətsizlik tüğyan edir. Nə qədər ki həyatı siyasət yönətir, ədalət bərpa olunmayacaq. Xalq əbədi hadisədir. Əbədinin taleyinə siyasət möhür vurur. Siyasət əbədinin taleyinə möhür vurduğu üçün xalqın özümləşmə qapısı bağlanır. Heç kim düşünmək istəmir ki, ədaləti bərpa eləmək üçün siyasətlə döyüşmək gərəkdir.
Ədalət nə deməkdir?! – Xalq azad şəkildə özünün taleyini qurmalı, bunu yaşamalıdır. Siyasət ağalığın tələbidir, xalqa azadlıq tanımaz. Ağalıqda xudbinlik var. Siyasət – Ağalığın xudbinliyidir. Bu, özüüçünlük deməkdir.
Fədakarlıq başqaları üçün olur. Ədalət başqalarını düşünəndə ortaya çıxır. Bu bireysəl münasibətlərdə də belədir, uluslararası münasibətlərdə də. Bir xalq başqa xalqın yurduna, evinə soxulmamalıdır, – ədalət bu deməkdir. Siyasətdə ağalığı qorumaq üçün ədaləti aldatma var.
Siyasətli məsələlər çox çelişkili məsələlərdir. Bir tərəfdən heç bir xalq ağa xalq deyil, ancaq həm də onun başında duran sanki xalqa söykənib xalqla birlikdə ağalıq edir. Deməli, ayrı-ayrı azğınların etkisində bütün xalq dolayısı ilə ağalıqda iştirak edir. Çünkü xalq aldanır, xalq elə bilir, onun başında duran nə edirsə, dövlət üçün edir. Elə bilir dövləti qorumaq üçün mütləq başqa xalqın boynuna minməlidir. Başqa xalqa qarşı siyasət bu yöndə fəaliyyət göstərir.
Xalq aldadılır, humanizmlə döyüşdürülür. Siyasətdə birinci növbədə öz xalqını aldatmaq var. Aldanan xalq ədalətin pozulmasına qatqı göstərir, öz üzərində ağalığa yardım edir. Sonra ağadan özünə ədaləti umur. Pay kimi istəyir ədaləti. Əslində ədalət – xalqın içinin ağalığa qarşı dirənişi deməkdir. İçində dirəniş varsa, ədalət var, yoxdursa, ədalət də yoxdur.
Ancaq dirəniş başqalarının çıxarı üçün olmamalıdır. Olarsa, ədalət qurulmur, pozulur. Tutalım ki, Nardaranda dirəniş göstərirlər. Nə üçün göstərirlər, kimin üçün göstərirlər?! – Azərbaycana düşmən münasibət bəsləyənlərin istəyiylə göstərilən dirəniş ədalətli dirəniş sayıla bilməz. Ədalət kor-koranə dirəniş demək deyil, – yolsuzluqdan qurtarmaq dirənişidir. Belə olarsa dirəniş ümumxalq düzeyinə qalxar, etkisi daha dərin olar.
Bir qom adam iqtidarın yaratdığı aclıqdan fəryad qoparır. Ondan nəsə istəyir, umur. Burda da iqtidara qarşı olan, hakimiyyətə gəlmək istəyən qüvvələr, eləcə də, dış güclərin çıxarlarına işləyən qüvvələr həmin adamların fəryadlarından yararlanırlar. Nəticədə səs-küy salanların özləri də bilmədən siyasi xaosa qoşulurlar. Xaos da onların səsini batırır. Yenidən səslərinin eşidilməsi üçün ora-bura yürüyürlər. Burada heç bir ədalət tələbindən söz gedə bilməz.
Mən dirəniş deyəndə, Nardaran dirənişinə bənzər dirənişləri demirəm, eləcə də ayrı-ayrı güclərin xeyrinə səsləndirilən bəyanatlara, keçirilən mitinqlərə, piketlərə baxış çəkmək istəmirəm. Bu tip olaylar dirəniş deyil, rəqabətdir. Mən dirəniş deyəndə, insanların şüurlu şəkildə, milli yol, milli ideya yönündə hər cür özgəçilikdən imtinanı gözə alıram. Hələ bu başlamayıb. Bu, yalnız Ocaqdakı düşüncələrdə formalaşmağa başlayıb. Bunun başlaması heç sadə proses deyil, çətin məsələdir. Ancaq bu çətin məsələni anlamağa, anlatmağa çalışmaq gərəkdir. Olayları anlamadan, bilmədən, onun yerinə gərəkən yaşam sistemini qoymadan rədd eləmək asan deyil. Nə yazıqlar ki, heç kim ədalətin yenilməsini bu yöndə araşdırmır;heç kim ona sunulan siyasi yollardan başqa yol tanımır; heç kim zordan böyük güc tanımır. Ona görə oyunlara ədalət adı qoyub aldada bilirlər. Bütün bunların hamısı bəşəriyyətin bugünkü ruhani kallığından doğur. Ruhsuzluq fəlakətidir bu yaşananların hamısı.
Siyasət ədaləti qumara qoyur. Bunun üçün siyasəti rədd eləmək gərəkdir. Ancaq əldən çıxan, ədalət deyə bağıran siyasətə yüyürür. Bunu anlamağın özü çətindir, kimi dindirirsən deyir, siyasətdən yan keçmək mümkün deyil. Belə adamlar üçün biz də mümkün olmayan şeylərdən danışırıq. Əslində elə deyil. Siyasətə qaçmaq – ədalətsizliyə, yalana, oyuna, eybəcərliyə qaçmaqdır. Xalqa bu həqiqətləri anlatmaq yerinə onu hər kəs oyuna çəkməklə, öz oyunlarına ortaq eləməklə uğraşır. Xalqı düşünən onun başını oyunlarla qatmaz. Gərək oyunlarla onun ümidini azaltmayasan. O şey ki, mücərrəd görünür, elə çıxış yolu ondadır…




