
Ürəyinizdə Ata Günəşi olsun!
Atanın günəşi İnsanlıqdan doğur, İnsanı doğurur, doğruldur. Ata Günəşinin İşığı bütün qaranlıqları yarmaq, bütün məchulları aydınlatmaq üçündür. Bəşəriyyətin min illərdir azadlıq, qurtuluş axtarışları Asif Atanın – İnam Atanın gəlişi ilə həqiqətə yetir. Bu həqiqəti öyrənmək bəşər övladının İnsanlaşma görəvidir, boynunun borcudur.
İnsan niyə doğulur – Dünyaya göz açıb kor baxmaq üçünmü?! Dünyanın sonsuzluq hikmətini dərk eləmədən həşərata çevrilmək üçünmü?! Atalı, analı, qardaşlı, bacılı, dostlu, sevdalı dünyasını İnsaniləşən dünyaya çevirməyib, onlara qarşı həyat uğrunda mübarizə aparmaq üçünmü?!
Bu çağa kimi hər bir dini, fəlsəfi, siyasi “izm”lər sözünü dedi, zəhmət çəkdi, insanı çağırdı, yönləndirdi. Asif Ata bunların hər birinin əməyini qiymətləndirdi, təqdir elədi. Ancaq həm də qınadı, danladı, dışladı. Çünkü insan nisbi azadlığa qovuşdu, nisbi qurtuluş əldə elədi. Özünün kimliyini bütöv şəkildə aşkara çıxara bilmədi, xəlqi yönünü, tarixi aqibətini bəlirləyə bilmədi.
İndi söz Asif Atanındır, yönləndirmək haqqı onun yanındadır. O, İnsanlığın sorunlarını, qurtuluşun sirlərini daha aydın anladır. İnsanı sabaha götürən İşıqlı yol yaradır. Bu Yolda yürümək yeni sivilizasiya, yeni tarix, yeni Gələcək başlamaqdır. İnam Atanın İnam Yolu – əzab Yoludur – Gerçəklikdən artıq yaşamaq, özümləşmək – özünü kamilləşdirmək, Dünyanı əzəli, əbədi saymaq, Dünyanın Mənasına qovuşmaq, İmtinaçılıq tələbindən usanmamaq. Bir sözlə, sözün mütləqilik ölçüsündə İnsanlaşmaq Yolu!
Din baxışlarından fərqli olaraq, İnam İnsana vədlər vermir, olmağa, qurulmağa, yaratmağa çağırır. Bu çağırışın arxasında İnsana İnam ləyaqəti durur. Asif Ata İnsana belə bir öygü sərgiləyir: İnsan özündə Mütləq gəzdirən, gerçəklikdən, ortamdan, gedişlərdən üstün olan, Mütləqiliyə meyil eləyən, Mütləqləşməyə qadir olan ruhsal varlıqdır. İnsanı yaradıcısının qulu sayan, toplumsal (ictimai) münasibətlərin məcmuyu adlandıran, insanın heyvandan törəmə olduğunu bildirən doktrinlər Asif Atanın insana verdiyi qiymətin qarşısında çox sönükdürlər. İnsana mahiyyətindən aşağı dəyər verməklə, söz yox, mütləq azadlıq yetirilə bilməzdi. Bu doktrinlər insanı öz yaratdıqlarının içində itirdilər. Fəlsəfə axtarışlarında insanı, bəlirsiz bir varlıq olaraq, ikinci planda gördü. İnsanın əməlinin fəlsəfəsi yazıldı, İnsanlığın fəlsəfəsi yazılmadı. İnsan ən çox qınanıldı, döyüldü, söyüldü, sevilmədi, öyülmədi. Ayrı-ayrı fərdlərin əməyi, əməli alqışlanmaqla insan aldadıldı. Fəlsəfi idrakın işi sanki insanın ziddiyyətli, düzəlməsi mümkün olmayan bir varlıq olduğunu sübut eləmək oldu. İdeallar insan varlığından uzaqda axtarıldı. Fəlsəfənin iki qolundan biri sayılan Materializm insanı işlək heyvan kimi xatakterizə elədi. Ona əməyi qarşılığında, xoşbəxtlik əldə edəcəyini vəd elədi. İnsanı, ən yaxşı halda, maddi nemətlər istehsalçısı kimi dəyərələndirdi.
Fəlsəfənin başqa bir qolu sayılan idealizm isə insanın şüuruna hökm edən, onun yaşamını yönətən “ideyalar Allahı” yaratdı. Bununla da, insanın azadlıq meylini təfəkkürün məhsulundan asılı duruma salaraq qəlib yaratdı.
Bir sözlə, insanın yaratdığı bütün “izm”ləri öyrəndilər, bu “izm”lərin fəlsəfəsini yaratdılar, ancaq insanın kimliyi bilinmədi. Heç bir fəlsəfi axtarışlarda insan dərk olunmadı. Özünüdərk, dünyanıdərk sorunu ortadan qalxmadı. İnsan yaratdığı “izm”lərin qaranlıqlarında qərq oldu. Özündən qıraqda yenilməz qüvvələr yaratdı. Yaratdığı qüvvələrin qarşısında özünü kiçiltdi, acizləşdirdi. Cılızlığından hürkdü, qorxdu, yaratdığı qüvvələrin onu, cılızlığına görə cəzalandıracağını özünə təlqin elədi. Xəyali qüvvələr hər şey olduğu dərəcədə insan özü heç şey oldu. Qüdrəti içində dərk etməyən insan həyatın gedişindən gileyli yaşadı. Özünün yaratdığı gedişin əyriliklərinin səbəbini də özündən qıraqda axtardı. Özüm-Qıraq qarşılaşdırılmasında özümlüyünü itirdi. Özgələşmə gedişinə yenildikcə sarsıldı. Yanlış axtarışların sonucunda varlığına faciəvilik yeridi. Bu onun yaşamında ruhsal varlıq olması anlamının sanki üstündən xətt çəkdi.
Bu gün də insanlarımız xalqı dirçəltmək üçün onun baxışını tarixə, keçmişə, özündən uzaqdakı, qıraqdakı faktlara, proseslərə yönəltməyə çalışırlar. Tarixdəki cahanşümul imperatorlarla öyünməyə çağırış – insanı tanımamağın, dərk etməməyin göstəricisidir. Tarixdə xalqın böyük səltənətlər yaratmış olduğunu tez-tez dilə gətirməklə həyatın düzələcəyini düşünmək – özgələşmə faciəsinin nədənlərini dərk eləməməkdən doğur…
İnsan təbəqələşir, varlıya, yoxsula bölünür. Nədənini insanın özünəyadlaşmasında görə bilmirlər. İnsan maddi nemətlər uğrunda mübarizə aparır, öz növündən olanlarla döyüşür. Bunun qurtuluş olmadığını, əsarət olduğuu anlamırlar, özünü dərk etməyən insanın bu mübarizələri yerdəyişmələr hazırlamaqdan uzağa getmir. Varlını devirib özü varlanmaq, kapitalisti devirib özü kapitalistləşmək uğrunda savaşır. Eybəcərlik ortadan qalxmır, yenilənir, ya da başqa bir biçimdə təkrarlanır.
İnsan öz içi ilə uğraşmadığına görə aldana-aldana gedir. İçindəki yalanı döyməyən qıraqdakı yalanı ötə bilməz. Yalanı yalanla tutuşduranda qıraqdakı yalan işindəkindən inandırıcı görünür, güclü bilinir, doğruya oxşayar. Qıraqdakı yalanı içindəki doğru ilə tutuşduranda yalan sönük görünür. İçindəki işığın qarşısında qıraqdan gələn yalanın qaranlığı çəkiciliyini itirər, rədd edilər.
Yuxarıda vurğuladıq, Asif Atanın fəlsəfəsinə görə İnsan özündə Mütləq gəzdirir. O, üzünü Mütləqə tutmalı, onun tələbiylə böyüməliydi. Özünün mənasına layiq dünyasını yaratmalıydı. Atalı, analı, dostlu, sevdalı dünyasını yenidən qurmalı, atalığın, analığın, dostluğun, sevginin məzmununu özünə qaytarmalı, zənginləşdirməli, əsilləşdirməliydi. Yaratdığı yeni insani dünyada insanlığın bütün sirlərini kəşf etməli, gözəllikləri ömrünə gətirib insana inam məbədi ucaltmalıydı. Asif Ata dünyanı müqəddəsləşdirmək gərəkdiyini söyləyir. Çünkü dünyada analıq ülviyyəti var. İnsan dünyaya gəldiyində ananın qucağına sığınır, ana onun üçün dünyanın əvəzi olduğunu deyir. Böyüdükcə bütün gözəllikləri dünyada kəşf edir. Ancaq dünyada gözəlliklərlə yanaşı naqislikləri də görür. Bu qarışıqlıqlardan çaşır. Yaşamını ruhaniləşdirmək yolunu tapa bilmir.
İnsanı sonsuzluğun sirləri ilə görüşdürmək üçün din ortaya çıxdı. Dünya ilə insanın bağlılıqlarını, münasibətlərini bəlirləmək gərək idi. Ancaq din insanı dünyadan ayırıb dünyaüstü qüvvələrə yönləndirdi. Dünyanı fani elən elədi. Bununla da insanın içində özgələşmə uçurumu ortadan qalxmadı, daha da dərinləşdi. İnsan özünü yadlıqlardan qorumaq üçün yalana, oyuna, saxtakarlıqlara baş vurdu. Dünyanın gedişinin, nizamının insanın içindəki uçurumdan pozulduğunu unutdular. Axı insan anada dünyanın gözəlliklərini görmüş, ana ilə dünyanın vəhdətini anlamağa başlamışdı. Dünyanı anadan ayırmaq, analığı Allahın ağalığına tabe eləmək olmazdı. İnsan üçün dünya bütün gözəllikləri, məzmunu ilə anada təcəlla etmişdi. Onu bu vəhdətdən məhrum eləmək xəyanət idi. İnsan ana vasitəsilə əsil dünyanı anlamağa, onu yenidən yaratmağa qadir idi. Onu bu qadirliyindən uzaqlaşdırmaq olmazdı. İnsana inanılmadı, ona görə insanüstü qüvvə icad olundu. Bu qüvvəyə inamı böyütdükcə insan kiçildi, dünya ilə insanın əlaqəsi pozuldu. İnsanın özünə inamı ortadan qalxdığı kimi, dünyaya inamı da ortadan qalxdı. “Kamil insan” ideyası şüurlardan silindi, kamilləşmək – mütiləşməyə bərabər tutuldu. “Günahkar insan” ideyası düşüncələrə hakim olduğundan insanın mənəvi, idraki qüdrətinin aşkarlanmasına şübhə düşüncələrdə özünə yer elədi. İnsanın Mütləqə bərabər yaşaması, yaşaya biləcəyi ağıla sığmadı. İnsanın ən böyük özünü təsdiqi özündən üstün qüvvənin qarşısında günahını yumaq gərəkdiyi elan olundu. Özü də bu günahı təmizləmək – özünün ruhani qüdrətini ortaya qoyması üçün deyil, “üstün qüvvə”dən ödül alması üçündür. İnsan günahını təmizləsə belə, yazıqlıqdan çıxmır. Onun azadlığı, divin canı şüşədə olduğu kimi, başqa qüvvənn əlində olur.
İnsana belə yanaşmaq kamilləşmənin yolunu kəsmək, onun mənəvi gözəlliklərə yetməsinə inamı şübhə altına almaqdır. İnsanın kamilləşmə istəyi özündən asılı olmur, “üstün qüvvə”dən asılı olur. Üstün Qüvvə istəməsə insanın ömrü kamillik ucalığında qərar tapa bilməz.
İnsan kamilləşməyəndə təbiəti təkrar edir – parçalamaq, dağıtmaq, məhv etmək təbiətdəki başqa canlıların xassəsidir. İnsana inamsızlıq – onu bu xassələri yaşatmaq durumuna endirir. İnsanı “üstün qüvvə” ilə qorxutmaq deyil, özü ilə üz-üzə qoymaq gərək idi. İnsan öz mahiyyətini dərk eləmədən yırtıcı xassələrdən ayrıla bilməz. Təbiətlə yarışmaq – qəddarlaşmaq, azğınlaşmaq yerinə özüylə barışmamaq, özüylə döyüşmək – mənəvi kamilliyə qovuşmaq tələbi qoyulmalıdır İnsanın qarşısında. Din insanı vəhşilikdən ayrılmağa çağırır, ancaq bunu “üstün qüvvə”nin qarşısında mütiləşməsi tələbi ilə oluşdurur. Mütiləşən insan vəhşilikdən tam ayrıla bilmir, içində qoruyur, yaşadır. Gərəkəndə vəhşilik yenidən baş qaldırır.
Allahın insan üzərində hakimiyyəti – insan duyğularında yaşayan hakimiyyətsevərlik, mənəmlik, qorxutmaq kimi meyillərdən yarandı. Öz növündən olanın öz üzərindəki hakimiyyəti ilə barışmayan insan özündən qıraqda yaşayan hakimiyyət gərəksizliyini yaşatmalı oldu. İnsanın Allahda gördükləri, görmək istədikləri nə varsa, zaman-zaman özünə qayıdır, gerçək həyatda onu davam edir.
Kamil insan istər gerçəklikdə, istər xəyali varlıqlarda hakimiyyətçilik ehtirasının yaşayıb ona hökm etməsini rədd edir.
Mənəviyyata yeriyən, ona hakim olmağa çalışan hər cür eybəcərliyi qovmaq üçün ruhun imkanlarına inanmaq, bu qüdrətin gerçəkləşə biləcəyini dərk etmək gərəkdir. Əsil dünya – bu inamda, bu dərketmədə yaranır.Dərisi soyulanlar, yandırılanlar, edam olunanlar əsil dünyanı tanıtmaq üçün canlarından keçdilər, gerçəkliyin Mənadan aşağı olduğunu, Mənanı ömrə, əmələ gətirməyin mümkünlüyünü sübut elədilər. Əsil dünyanı tanıtmaqla – dünyanı insaniləşdirmək səbəbi verdilər. Qəhrəmanlığı, özündənkeçməni, həqiqəti yaşatdılar – əsil dünyanı tanımaq, anlamaq yolunun tükənmədiyini sübut elədilər. Asif Ata İnsanı dananları, onun mənəvi qüdrətinə inanmayanları rədd edir. Dünyaya qovuşmağa can atanların, özündənkeçənlərin ləyaqətini tanıdır, bunu insana inam ölçüsünün xəmirinə qatır, müqəddəs nemət kimi yaşama qaytarır. Ata deyir, ən gözəl nemət İnsanlaşma gərəyidir. Şərin vəd elədiyi şirin nemətləri öləri saymaq, ondan imtina etmək gərəkdir.
İnsanın içində hökm edən, qalib görkəmi yaradan şər duyğulardan eybəcər olaylar, əməllər törəyib dünyanın əyilməsinə nədən olur. İnsan bundan imtina etməlidir.
Heyvani güc gerçəklikdə yııxır, məhv edir, ancaq insanın mahiyyətinə hökm edə bilmir. İnsanın içində – dərinlikdə yaşayan Xeyirə sonsuz ehtiyacları aradan qaldıra bilmir. Bu ehtiyaclar insanı əbədi gözəlliklər uğrunda döyüşə səsləyir.
İnsan təbiətin ona verdiyi ilə yetərlənmir, barışmır, içindəki Mütləqin səsini eşidir, ona bənzəməyə can atır. İnsanın Mütləqə canatma meylini, Hürufilərin diliylə desək, Allahlığını dilə gətirməsini küfr saymaq, buna əngəl olmaq günahdır. İnsan Allahı içində görməsə, nədən bilərdi Allah var?! Ya da belə deyək, Allah gözə görünmür, bəs peyğəmbərlər nədən bildilər Allah var?! – Çünkü onlar Allahı öz ürəklərində, idraklarında gördülər, duydular. Deməli, insanın varlığı – özündə Allah (əslində Mütləq) gəzdirməklə dəyərlidir. Deməli, insan heyvandan özündə gəzdirdiyi Mütləqi görməsi, dərk etməsi ilə ayrılır. Bunu təsdiq eləmirsə, heç bir dinin, fəlsəfənin, ideyanın, qalaq-qalaq kitabların önəmi, gərəyi yoxdur. Allahı (əslində Mütləqi) insandan ayırıb uzaqlaşdırmaq – İnsanı da, Dünyanı da Mənasızlaşdırmaq deməkdir. İnsan Mütləqi ürəyində görməyəndə gücsüzləşir, içinə şər hökm edir. Bəs insan şərlə necə döyüşməlidir, günahlardan, naqisliklərdən necə arınmalıdır?! Özüylədöyüş o vaxt başlayır ki, insan özünü Allahla (əslində Mütləqlə) tutuşdurur, özüylə barışmır, Mütləqdən aşağı olduğunu dərk edir. Necə varsa az sayır, Mütləqə bənzəməyə çalışır. İnsanın özündən yüksəyə can atmaq meylini Allaha qarşı təkəbbür adlandırmaq küfrdür, kafirlikdir. Allah (əslində Mütləq) Dünyanın içində, özündədir. Mütləq – Dünyanın yaradıcısı deyil, Mənasıdır. Məna yaratmır, törəmir, təzahür edir, görsənişə gəlir.
İnsan Mütləqə can atmırsa, ya da Dünyada Mütləq yoxdursa, onda dünyada ədalət, həqiqət heç zaman bərqərar olmayacaq. Onda ədalət uğrunda mübarizə aparmaq avantüradan başqa bir şey deyil. Əgər mübarizənin mütləq sonucu olmayacaqsa, nisbi gedişlərlə yetərləniləcəksə, onda qəhrəmanlıq anlamsız, gərəksiz bir şeydir. Nisbiliklərdən fanilik, heçlik törəyir, doluluq, doğruluq törəmir.
Din Dünyanı Mütləqdən ayırdı, nisbiləşdirdi. Dünyanı oyuncaq kimi qurulan ötəri bir şey olaraq qələmə verdi.
İnam Dünyanın içsəl qüdrətini aşkarladı, onu Mütləqlə vəhdətdə götürdü. Dünyanı əzəli, əbədi saydı. Dünyanı dünyadakıların cəminə bərabər tutmadı.
Din insanda olanları azaltdı, onu idealdan uzaqlaşdırdı, ölümlü gedişlərə, suça, günaha bərabər tutdu.
İnam insanda ölməz keyfiyyətlər aşkarladı, ona inandı.
Din insanı Mütləqdən ayırdığı üçün onun dünyanı dəyişəcəyini mümkünsüz saydı. Dünyanı dəyişməyi Allahın (əslində Mütləqin) işinə qarışmaq kimi dəyərləndirib günah saydı.
İnam insandakı Mütləqi gördü, insanın yaşamı üçün onu ölçüyə çevirdi.
Din həyatdakı şəri gördü, ancaq insanı Xeyirin qələbəsinə inandıra bilmədi. Ona görə də “O dünya” adlanan şərsiz həyat vəd elədi. Şərsiz həyat ideal axtarışı olsa da, gerçəkləşməsi olumsuz yalan etkisi doğurdu. Din ideal axtarışında əxlaqa ziyan verdi. Çünkü hüri-pəri nəşəsində mənəvi qüdrət təsdiq olunmur.
İnam – yüksk (ali) həyatın (şərsiz yaşamın) insanın içində yarandığına inandırır. Yüksək həyat – mənəvi kamilliyin təsdiqi kimi özünü göstərir.
Z.Freyddə mənəviyyat libidonun hesabına yaranır. Mənəviyyatın yaranması insanın azadlığını sıxışdırır. Freyd üçün azadlıq – heyvani istəklərin maneəsiz ödənilməsi deməkdir.
Asif Ataya görə mənəviyyat – libido ehtirasının, içsəl zəifliklərin üzərində qələbə çalanda yaranır.
F.Nitsşenin “üstün insan”ı (fövqəl insanı) özündə heyvani gücü aşkarlayan, fiziki zəiflikləri aşan insandır. Nitsşe üçün mənəviyyat, əxlaq, mədəniyyət güclü insanın yoluna çəkilmiş səddir, buxovdur.
Asif Atada insanüstü güc, qüvvə, varlıq rədd edilir. İnsandan daha üstün nəyinsə varlığına inam sərgiləmək heyvanlığın təntənəsi kimi qiymətləndirilir.
Asif Atanın Mütləqə İnamı insandan qıraqda yaranan hər cür baxışın, inamın şübhə olduğunu, yalan olduğunu sübut edir.
Yuxarıda vurğuladıq ki, din həyatda günahın qaçılmazlığını görür, ancaq vəd elədiyi ideal həyat yeni günahlarla şüura yeriyir: zəhmətsizlikdən günahsızlıq yaradır; kefdən, əyləncədən günahsızlıq yaradır; şəhvani sərbəstlikdən günahsızlıq yaradır; doğuluşu ortadan qaldırıb günahsızlıq yaradır; ətalətdən, birrənglilikdən əbədilik icad edib günahsızlıq yaradır; həyatı mənasızlaşdırıb günahsızlıq yaradır. Söz yox, həyat ikilidir, davamlı dualizmdir. Bəşər övladı yaşamda bu dualizmdən çıxa bilmir.
Zərdüştlükdə insan dualizmdən qurtara bilmir, çünkü insan özüylə döyüşmür. Onun yerinə Hörmüz döyüşür.
İslamda insan o dünyada diriləndən, cənnətə düşəndən sonra dualizmdən çıxa bilir.
Buddada həyat ləğv olunandan sonra dualizm başa çatır.
Mütləqə İnamda insan özüylə döyüşür, həyatı böyüdüb (əslində öz üzərində qələbə çalıb) Mənasına – ali həyata yüksəldir. Bundan sonra dualizm başa çatır…
Dində insan Allahı (əslində Mütləqi) dərk eləmir. Allahın keçici, ötəri əlamətlərini Onun (Allahın) əməli kimi dəyərləndirir. Din Allaha ötəri keyfiyyətlər verdiyinə görə, insan Allahı özünün ola bilmədiyi güclülük simgəsi kimi qavrayır. Bu güclülükdən həyata müqəddəslik yerimir. İnsanı özümlüyündən ayırmaq antimüqəddəslikdir.
İnsanda əzəli günah görmək, bu günahdan onun çıxa bilməsinə inanmamaq – dünyanı danmağa, fiziki anlamda başqa bir dünyanın olduğunu uydurmağa gərtirib çıxartdı. İnsanı düzəltmək üçün onu aldatdılar. İnsan yalanın içinə girəndə daha böyük eybəcərliklər törəyir. Dinin uydurduğu “firavan dünya” ideyası həyatdakı heç bir eybəcərliyi ortadan qaldıra bilmədi. Çünkü eybəcərliyin üstünə, insandakı Mütləqi əvəz eləyən, insandan qıraqdakı xəyali qüvvələrlə getdi.
Mütləqin insandan qıraqda tutulması insanın içində boşluqlar yaratdı. İnsan içindəki, idrakındakı bu boşluqlarda həqiqət tapa bilmədi…
Həyatda heç nə mütləq deyil deyilir. Ona görə heç kim ürəyini sabaha kökləmir, bugünlə uğraşır. Bu isə ömürü ölümə kökləməkdir. Ürəkdə ali, gözəl nə olmalıdırsa, hamısını ölümün ayaqları altına sərməkdir.
Sabaha köklənən ömürdə bir-birindən zəngin gözəlliklər aşkarlanar.
İnsan yol ayrıcında qalanda onun ikinci yolu seçməsinə (yəni ömrünü sabaha kökləməsinə) yardımçı olmaq gərəkdir. Bunun üçün onun özü haqqında yanlış təsəvvürləri dəyişilməlidir. O, ömrünü ötəriylə, keçiciylə, öləriylə deyil, əzəli, əbədi ilə, ölməzliklə tutuşdurmalıdır. Dünyabaxışın insanın qarşısında başlıca görəvi bu olmalıdır.
İnsanın içsəl olanaqları Mütləqilik tələbiylə aşkarlananda dünya onun üçün mənalı olur. İnsanı əşyaya çevirib ona ən geniş zənginliklər verəndə belə, xoşbəxt olmur. Evi çölündən işıqlandırmaqla içindəki qaranlığı ortadan qaldırmaq olmaz. İnsanın yaşaması, azadlığı, xoşbəxtliyi içsəl olanaqlarını aşkarlamaqda, kamil mənəviyyat yaradıb həyata müqəddəslik gətirməsindədir.
Mütləqə İnam Dünyabaxışının yaratdığı, yaratmaq istədiyi həqiqət budur!
Sayğılı oxucu!
Biz sənin düşüncələrini, baxışını insanla bağlı ən dərin məsələlərə yönəltməyə çalışdıq. Yeni Dünyabaxışın baş kitabının söz açdığı məsələlərə.
İnsanın azadlığı, qurutluşu, dünya ilə, həyatla, dövlətlə, mədəniyyətlə bağlı məsələlərin açılımı, yolları, həqiqətləri ən kamil şəkildə Mütləqə İnam Dünyabaxışının baş kitabında öyrədilir, sunulur. Bu kitabı biz əski türkcəmizdə “Qutsal Onluq”un Birinci Bitiyi adlandırırq. Bitiq insandan danışır, insanı tanıdır, öyrədir, təmizləyir, yetkinləşdirir. Onu dünyanın gedişini dəyişəcək Qüdrətə yüksəldir. Onun üzərində hakim olan bütün maneələri taxtdan salır. İnsanı Göy ülviyyəti ilə birləşdirir. Oxu, düşün, öyrən, gözlərinə, ürəyinə sağlıq!
Ata Ruhu Sənə Yar olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü



