(Amaldaşlarla ürəkləşmə silsiləsindən parçalar)
Soylu Atalı: İnam məsələsi tanrısal məsələdir. Çünkü hər şeyin yönünü, anlamını bəlirləyib inanandan sonra işə başlayırsan, addım atırsan. İnanmadığın şeyə önəm vermirsən. Deyək ki, sənə deyirlər filan yerdə uçan boşqab gördüm, içindən çox sayda adamlar düşdü, boyları beləydi, üzləri eləydi. Sənə deyirlər, ağılın məntiqinə uyğun gəlmədiyi üçün sən buna inanmırsan. İnanmadığın üçün önəm vermirsən, düşünmürsən, araşdırmırsan. Sənin üçün boş xülya idi, qulağına gəldi, getdi.
İnam – deyilən sözün insanda olan tanrısal, ruhsal mənanın məntiqinə uyğun gəlməsi deməkdir. İnsanda ruhanilik var, onun mahiyyəti ruhanidir. Oxuduğu, eşitdiyi məsələlər onun mahiyyətinin tələblərinə uyğun gəlməlidir, beş duyğusu ilə qavraya bilmədiyi məsələyə onun mahiyyətindən adekvat reaksiya doğmalıdır. İnam odur ki, oxuduğun, eşitdiyin sənin mahiyyətinə düzgün mesaj verir. Ona görə inanırsan. Əgər sənin mahiyyətinə uyğun gəlməyən bir şeylər sənə mesaj ötürürsə onlara inanmırsan. (Söz yox, sən mahiyyətini bilən, dərk eləyən birisənsə). Ona görə deyirəm, inam tanrısal məsələdir. Var olmaya özgün olan hər şey ordan başlayır. Oxuduğun, eşitdiyin bir məsələni düşünməyə, araşdırmağa başladığın andan mahiyyətindən uyğunluq, qarşılıq, məntiq doğur. Çünkü qıraqdan gələn mesajın anlamı sənin mahiyyətindədir – İnsanlıqdadır. Qıraqdan mesaj veriləndə onun doğruluğu sənin mahiyyətində öz təsdiqini tapırsa inam yaranır.
İnamlı Atalı: Kainatda hər şey bir-birinə bağlıdır. Deyək ki, Yer kürəsi Günəşin çevrəsində bir teretoriya cızır. Mənim bildiyimə görə bir neçə santimetr də qırağa çıxma yoxdur. Eyni zamanda bir neçə saniyə qədər gecikmə halı yoxdur. İdrak da insana məxsus keyfiyyətdir, ancaq idrak ora işləmir. O idrakdan üstündür.
Soylu Atalı: Belə məsələlərdə üstün deyil. Necə üstündür, idrak necə oraya girmir ki, sən onu artıq mənə izah edirsən. Sən hardan bilirsən ki, cazibə var, itələmə var, kainatı nizamda sabit saxlayır?! – Çünkü bilim bununla uğraşır, sübut edir.
İnamlı Atalı: O cazibə nədir, o necə çıxır ortalığa?
Soylu Atalı: Haradan ortalığa çıxdığı bəllidir. “Niyə çıxır” sualına cavab tapmağa çalışırsan. Bilim Yerin hansısa cismi haqqında sənə izah verir. Cisim ona görə Yerin üstündədir ki, Yerin çəkisi ondan qat-qat böyükdür, özünə çəkir. Bu çəkiciliyi yaradan nədirsə, bilim onu izah edir, onun hesablanma düsturu var. Genel kainatda da tarazılıq həmin prinsiplərlə izah edilir, düsturları var, hesablanırlar. Sən “niyə ortaya çıxır” sualına cavab axtarırsan, o sualın cavabına girə bilmirsən. Yaxşı ki, o sualın cavabına girə bilmirsən, yoxsa kainatın axırına çıxardın (sən, yəni insan). “Allah” ideyası bu suala cavab axtarışından yarandı. İnsan niyə sorusuna girə bilmədiyinə görə ortaya çıxdı. Yoxsa dəmir niyə dəmirdir, un kimi deyil, bu tarazlıq niyə başqa cür qurulmadı, başqa sözlə, dəmiri əmələ gətirən atomların düzülüş quruluşu niyə başqa cür olmadı?! Belə sual olmaz ki. Mən nə bilim niyə elədir. Bu kainatın öz sirridir, ona biz izah verə bilmirik. Biz Mütləqi (Mənanı) əlimizlə tuta bilmirik, gözümüzlə görə bilmirik, onu olduğu kimi canlandıra bilmirik, əlamətlərlə izah edirik. O qüdrətin özü cismi varlıq olmadığı üçün bütöv şəkildə görünmür axı. Əgər Onu izaha sığışdıra bilsəydik, O, qüdrət yox, başqa şey olardı, gec-tez ölməliydi, heç kainat olmamalıydı.
İnamlı Atalı: Biri var kainatın məkan sonsuzluğu, bir də var zaman sonsuzluğu. Cisimlərin vəhdəti-bölünməsi sonsuzluğu, yəni zərrələrə bölünməsi. Hətta elə hal yaranır ki, atomun hissələrində saniyənin mində bir hissəsi zamanında yaranan, ölən zərrəciklər var. Bilinmir ki, bunlar yaranır, ölür. Burada həyat gedişləri var, bunların da birləşməsi var. Yer kürəsi, Günəş qalaktika mərkəzi ətrafında bir sistemdir. Qalaktika mərkəzi ətrafında fırlanır. Bir qalaktika var, bütün qalaktikalar onun başına fırlanır. Bu sonsuz hadisələrdir. Bir də var insanın özünün artma, böyümə sonsuzluğu…
Soylu Atalı: Hər şey Mənanın təzahürü deyilmi?! Deyirik Məna sonsuzdur. Sonsuz mənanın sonsuz təzahürləri var. Bu o demək deyil ki, onun hər hansı bir təzahürü əbədi yaşayır. Sadəcə Mənanın sonsuz təzahür eləmək olanaqları var. Məsələn, bir olay ölür, başqa olay doğulur. Bu olayların yaranması, görsənməsi sonsuzdur. Niyə, çünkü Məna sonsuzdur. Axı Məna daim görsənişə gəlməlidir. Bir az görünüşə gəlib sonra istirahət eləməli deyil ki. Məna əbədi görsənişə gəlməlidir. Əbədi gösənişə gəlmələr sonsuzluqdur. Kainat Mənanın əbədi təzahürləridir. Kainatdakıların hər hansı biri isə əbədi deyil. Lap milyon il sonra olsa da dağılacaq. Bu artıq bizə də, bəzi fəlsəfi baxışlara da aydın olan həqiqətdir. İndi sən soruşursan ki, Məna niyə sonsuzdur, – mən bilmirəm bu suala nə cavab verim. Ona görə sonsuzdur ki, dünya var, yaşam var, kainat var. Heç nə “yox”dan yaranmır, heç nə sıfırlanmır, – sonsuzluq budur. Əgər sonlu olsaydı, hər şey çoxdan başa çatmış olmalıydı.
Artıma gəlincə, deyək ki, bir ağac yarandı, bu ağac yaranan kimi ölmür axı. Məna isə gözləmir ki, bu ağac ölsün, sonra təzahür etsin. Məna daim təzahür edir. Onun təzahürləri bu gün olacaq, sabah öləcək, Məna onu gözləmir. Yeni yaranış var. Yaranış gözləmir ki, bir ölüm baş versin, mən sonra işə keçim. Yaranış davamlıdır. Ölüm də davamlıdır. Ancaq yaranış ölümdən daha genişdir, daha qapsamlıdır. Ona görə artma var, böyümə var. Bu inkişaf deməkdir. Əgər inkişaf olmasaydı, kainat yerində sayardı, ya da başa çatardı. Yəni yaranışla ölüm bir-birinə bərabər olsaydı, kainat yerində sayardı. Ancaq yerində saymır. İnkişaf qeyri-inkişafdan üstündür. Ona görə daim artma, çoxalma baş verir. Bu elə belə də gedəcək…
Qar Ayı, 46-cı il.