…İnsan yeniliyə can atır. Ancaq bu yenilik nədir, onu necə anlayır, necə qəbul edir, – bu çox ilginc bir məsələdir. İnsan həmişə real dünyadan uzaqlaşmağa can atır, çünkü real dünya ona əzablı gəlir, çətin görünür, bəsit, adi bilinir. Bəs o, real dünyadan hansı dünyaya can atır. Bu canatma insanın gerçək yerişinə, reallığına uyğun gəlirmi?! Göyel (səmavi) dinlərdə insana cənnət vəd olunur. Yəni real dünyadan fərqli bir dünya. Cənnət dünyasında insan guya rahatlıq tapır, kef, eyş-işrət, əzabdan, əziyyətdən uzaq…
Eləcə də başqa məsələlər olsun, insan fərqli dünya axtarışındadır. Ancaq bu dünya hardadır, necədir, kim yaradacaq, kim gətirəcək, kim çağıracaq, bunun fərqinə varmaq gərəkdir. Dediyim kimi, dinlər insanlara vədlər verir. Asif Ata insana mifik vədlər vermir. O, insana əzab, əziyyət “vəd” edir. Deyir, sən dünyanı dəyişməlisən, yeni dünya bu dünyanın özünün içindədir, özündədir, qıraqda deyil. Onun üçün sən zəhmətə qatlaşmalısan, öz üzərində işləməlisən, öz davranışlarını, xarakterini dəyişməlisən. Bütövlükdə toplumun dəyişməsinə yardım eləməlisən. Yeni bir dünya yaradırsan. Yeni dünya sənin ədalət dünyan olur, həqiqət, mənəviyyat dünyan – İnsanlıq dünyan olur, münasibətlər gözəlliyi dünyanı əmələ gətirir…
Bu artıq yeni bir çağırışdır, fərqli çağırışdır. Burada mif, əsatir, nağıl yoxdur. Ancaq bütün dinlərdə, çağırışlarda əsatir, mif var, nağıl var. Eyni halda, heç kim Asif Ataya qədər insanları öz əliylə, öz içində dəyişmək yönündə addım atmayıb, dünyanı dəyişmək məqsədi güdməyib. İnsanın özünü deyil, baxışını dəyişməyə çalışıblar.
…Avropa erasından öncəki yüzilliklərdə İnsanlığın yeni aşaması başladı, dünyaya baxış dəyişdi, İnsanlıq kultçuluqdan, totemçilikdən ayrılmağın ilk addımlarını atdı. Bu dönəm Zərdüştün, Buddanın, Konfutsinin, Pifaqorun, Lao Tszının çağı idi. Onlara qədər fərqli bir dünya vardı, – fərqli münasibətlər, fərqli Allahlar, fərqli ibadətlər vardı i.a. Onların gəlişiylə böyük dəyişikliklər gəldi İnsanlığın yaşamına. Bu dəyişikliklər həyatı bütövlükdə dəyişə bildimi,- bu ayrı bir məsələ. Ancaq ciddi dəyişikliklər dönəmi idi, fərqli bir sivilizasiyanın başlanğıcı idi. Bunların hər birində fərqli vədlər vardı, daha doğrusu, fərqli dünyalar vardı, – bir az mifik, bir az əsatirvari.
Ancaq bütün bunların hamısından öncə Göy Tanrıçılıq olub. Bunların tarixi eradan öncə birinci minilliyə gedib çıxır. Göy Tanrıçılıq, bir çox qaynaqların bildirdiyinə görə, altı min ilə dayanır. Göy Tanrıçılığın özü ayrıca bir sistem idi, ayrıca bir dünya yönü, həyat yönü idi. Adını çəkdiyim şəxsiyyətlərin yaranmasında, formalaşmasında Göy Tanrıçılığın stimulverici qatqısı, köməyi olub. Bu məsələlər oradan başlayaraq gəlib çıxır Asif Ataya. Asif Ata, dediyimiz kimi, onların hamısının ülviyyətini görür, ancaq onların hamısından fərqli bir mesaj verir. Dünyanı insan özü yaratmalıdır, insan özü dəyişməlidir. İnsanın özü dəyişməklə dəyişməlidir. Bu dəyişikliklərin əsasında yaşama (həyata) yeni ölçü gəlməlidir. Xeyirxahlıq, ədalət, həqiqət mifik baxışların arxasında qalmamalıdır…
Bu, fərqli bir çağırışdır, fərqli bir mesajdır. Bunun dərinliklərinə varmaq, öyrənmək, araşdırmaq gərəkdir. Onda doğrudan da, dünyanın anlamı daha yaxşı bilinəcək, dərk olunacaq – Yeni dünya yaratmaq, yəni əslində real dünyanın özünü dəyişmək, real dünyanın özünü İnsanlaşdırmaq…
Ata Ayı, 47-ci il.





