Ocaq Günsırası ilə 1 Günəş Ayı, 47-ci ildə (mart, 2025) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Yeni İl” törəni keçirdi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Gəlin telefonlarımızı səssiz edək. Atanın sağlığında törənlər keçirəndə bu cür telefonlar yox idi. Ancaq hər cür qırağaçıxmalar Atanın diqqətinə dəyirdi. Mən düşünürəm ki, Ataya görə Ocaqda heç nə sadəcə yola veriləcək, icra ediləcək qural deyil. Atanın istəyi o idi ki, törənlərdə hər şey insanın içinə otursun, onunla yaşasın. Məsələn,“Rica” deyiləndə bütün varlığınla onun içində olmalısan, yaşamalısan. Atanın istəyi o idi ki, dediyi hər bir sözü diqqətlə izləyək. Ömür qısadır, biz heç nəyi yola verə bilmərik, heç nəyi ötürə bilmərik. Bizim ildə bir neçə dəfə mərasimlərimiz olur, bu mərasimlərdə nizama alışmalıyıq. Ona görə də öncədən hər şey gərək hazır olsun.

Atanın sağlığında Törənlərin təşkilati işlərinə mən baxırdım. Hər şey mərasimə kimi hazır olurdu. Mərasim başladı, artıq bizim üçün məktəb başladı. Bunu mən sizə bilgi üçün deyirəm, biləsiniz. Ocağın ləyaqətini yaşadan əsas məsələ – nizamdır, dəqiqlikdir. Biz özümüzü buna sadəcə zorlamalı deyilik, bu içimizdə oturuşmalıdır. Ata bizdən onun dediklərinə qarşı diqqət istəyirdi. Yeri gələrdi, hansısa məqamda gözəl bir yumor işlədərdi. Çünkü hamımız gərgin Atanı dinləyirdik. İndikilər deyərlər, burada demokratiya yoxdur, filan. Ocağın nizamı var, demokratiya oyunu yoxdur. Biz o cür davam edirik, o cür köklənirik. Ocağın içində elə hal yaratmağa çalışırıq…
Mərasimlərin qaydalarından biri Ocağa Evlad qəbuludur. Ocaqçıların əməllərini, işini Atanın təqdir eləməsidir. Bunlarla başlayırdı, sonra törənin ümumi məzmunu yönündə mərasim davam edirdi, hər kəs düşüncələrini deyirdi. İndi biz mərasimə Evlad qəbulu ilə başlayaq. Çoxları üçün gözlənilməzdir, çünkü bu birdən-birə bu gün alındı. Qəbul törənini başlamaq üçün bir neçə söz demək istəyirəm. Ocağa Evlad qəbulu nə deməkdir? Asif Atanın özünə qədər, Ocağa qədər İnsanlığın yaşamında bənzəri törələr, qurallar ayrı-ayrı biçimlərdə olub. Ümumi bənzərlik olub. Ancaq məzmunca fərqlidir, çünkü ideyalar, prinsiplər fərqlidir. Ocağa Evlad qəbulu o deyən şeydir ki, toplumumuzun, xalqımızın içindən Ata insanları öz Ocağına çağırır, ona ad verir, özünün (Atanın) ruhsal hərəkatını davam eləməsini istəyir. Atanın hərəkatı davam etməlidir. Biz nə istəyirik? – Azərbaycanı zaman-zaman elə duruma gətirib çıxarıblar ki, Azərbaycanın dəyəri, qiyməti bilinmir. Bu gün Azərbaycanı ən çox sevən adamlardan gedib soruşun, Azərbaycan sizin üçün nə deməkdir? İnanın sizi qane edə biləcək cavab almayacaqsınız. Birincisi, bilmirlər, ikinci, Azərbaycan gerçəkdən dəyərdən salınıb, param-parça olub. Həm də Azərbaycanın kimliyini gərəkən yöndə heç kim nə araşdırmır, nə öyrənmir, nə də o cür qəbul eləmir. Fərqli yönləri düşünürlər, qəbul edirlər. Dəfələrlə dinləmisiniz, Azərbaycan neft ölkəsidir, zəngin ölkədir, doqquz iqlimi var, sərvətləri belə getdi. Bunun sənə nə dəxli var, təbiətindir də bu. Axı bu zəngin coğrafiyada haqq deyə bir şey var. Ona görə həmişə söhbətlərimin başında mən vurğu eləmişəm ki, Ata Moskvada olanda Azərbaycanı öyrənmək qərarına gəlib ki, onun haqqında yetkin biliyi olsun. Sonra o qərara gəlib ki, Azərbaycan haqqında bilik azdır, Azərbaycan haqqında inam yaratmaq gərəkdir. Çünkü Asif Ata dünyanı öyrənəndən sonra görüb ki, onun xalqının heç yerdə nə adı var, nə kimliyi. Azərbaycan buna layiqdirmi, deyilmi? Bunu da bilmək gərəkdir. Layiq olub-olmadığını öyrənəndən sonra bilərsən. Əgər layiqdirsə, qiymətləndirib topluma çatdırmaq gərəkdir. Toplumu öyrətmək, topluma öyrətmənlik etmək gərəkdir. Əgər layiq deyilsə, yarat, layiq səviyyəyə çatdır. Bəşər xalqlarının biri kimi dəyərli olsun. Bu açıdan Ata çabalar göstəribdir. Azərbaycan haqqında həm bilik, həm də dəyər yaratmağa, formalaşdırmağa çalışıb. Ona görə Azərbaycanı ruhani baxımdan öyrənib. Ata Azərbaycanımız-Azərbaycanlığımız sistemi yaradıb, orada Azərbaycanın mahiyyətini vurğu edir. Deyir, Azərbaycan Zərdüşt deməkdir, Zərdüştlüyü açır. Azərbaycan Dədə Qorqudluq deməkdir. Nə deməkdir Dədə Qorqudluq, onu açır. Azərbaycan Babəklik deməkdir. Azərbaycan Hürufilik deməkdir, Nəsimilik deməkdir, Muğamlıq deməkdir, Füzulilik deməkdir, Sazlıq deməkdir. Bunların hamısını birər-birər açır, mən onu təkrar açmayacam, siz bilirsiniz. Demək istədiyim nədir, Azərbaycanın müəyyənliyini yaradıb qiymətini verir. Atanın, qədimlik əsasında yaratdığı Azərbaycan obrazı bir sistem kimi ortaya qoyuldu. Bu çağa kimi olmayıb. Bu gün yaşamda bir ölçü kimi, bu dəyərlərin heç bir etkisi yoxdur. O dəyərlərin heç biri xalqın həyatında yaşamır. Hamısı sanki arxaikləşib, köhnəlib, qoyulub bir qırağa. Onu xalqın həyatına gətirmək gərəkdir. Necə gətirim xalqın həyatına, necə qaytarım? Xalqın həyatına qaytarmalısan ki, xalq var olsun. Onun bu günü yoxdur, gələcəyi olmalıdır. Gələcəyi necə olmalıdır? – Adlarını çəkdiyim dəyərləri, qədimliyi birləşdirən, ucaldan yeni bir sistem oluşdurmaq gərəkdir. O sistemin içinə almaq gərəkdir. O sistem Asif Atanın “Mütləqə İnam”ıdır. Mütləqə İnam yaratdı, bütün o dəyərləri, keyfiyyətləri içinə aldı, onu xalqına öyrətməyə başladı. Ona görə deyirdi, Azərbaycan haqqında bilik yaratmaq azdır, Azərbaycan haqqında inam yaratmaq gərəkdir.
Bugünkü Azərbaycanda xalq elə fərqli durumdadır ki, onların yönünə görə bir kəsiminə Amerikanın xalqı demək olar, çünkü Amerikasevərliyi kəskin özümləşməyə qarşıdır. Bir kəsiminə Rus xalqı demək olar, yəni rusvari yaşayır, – dili, danışığı, etikası, mədəniyyəti hamısı rusvaridir. Bir kəsiminə Ərəb xalqı, fars xalqı demək olar. Türk xalqı deyə bilərikmi barmaq sayda adamlara?! – Çətindir. Çünkü onlar çox passivdirlər, milli açıdan yetkin deyillər. Bununla belə, Asif Ata deyir, həmən o türksevər, xalqsevər insanları arayın, axtarın, tapın, onları gətirin Atanın məktəbinə. Onlar bu məktəbi keçərək xalqı böyütsünlər. Ona görə dedi, düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Gərək yetkin şəxsiyyətlər yaradaq. Birinci, biz özümüz Azərbaycanı öyrənməliyik. Azərbaycan haqqında nələrsə bilirik. Bu azdır. Azərbaycanın içində adını çəkdiyimiz “izm”lər, filanlar var. Yəni Amerikasayaq, russayaq, ərəbsayaq i.a. Bunların hamısı öz baxışında, mövqeyində möhkəm görünür. Bizim millətsevərlər düşünürlər ki, bunların cəbhəsini yarmaq mümkün deyil. İnanın, heç biri möhkəm deyil. Əgər xalqın içində millətləşmə, özünüdərk prosesi başlayarsa, inanın, onların hamısı əqidəsindən dönəcək. Gərəksiz, mənasız əqidəsindən dönəcək, necə ki, kommunistlər döndü. Necə ki, ondan öncəkilər döndü. Dönəcəklər, heç biri dayanıqlı deyil. Çünkü heç birinin içində daşıdıqları o düşüncə özümlü deyil. Özününkü deyil. Özünün olmayan onlara dayaq olmaz. İnsanlaşma, millətləşmə sürəci insanlarımızın ağlında yetkinləşərsə, onların hamısı öz mənfur baxışlarında sarsılacaqlar. Saylarının çox olmağına baxmayın. Bundan ötrü Asif Atanın məktəbində yetkinləşmək gərəkdir. Özünü dərk gərəkdir, xalqını tanımaq gərəkdir. Onun gələcəyini özü üçün aydınlaşdırmaq, Gələcək hədəflər uğrunda ruhsal mübarizə aparmaq gərəkdir. Başqa mübarizəni mən sizə önərmirəm. Mənəvi mübarizə, milli mübarizə. Bu mübarizəni aparmaq üçün Asif Ata Ocaq yaratdı. Bizi Ocağına çağırdı. İnsanlar Asif Atanın Ocağına önəm verdilər, ancaq onun Ocağında addımlamağı bacarmadılar. Çoxluq bacarmadı. Çətindir. Bu yolu yerimək üçün, birinci növbədə, özün olmalısan. Yoxuşa qalxmaq üçün dizində güc olmalıdır. Yoxuş qalxacaqsan, dağlar aşacaqsan, zirvələr keçəcəksən. Asif Atanın arxasınca getmək üçün “özüylədöyüş yolu” keçməlisən, içini qurmalısan, sənə əngəl olan bütün balacalıqları, naqislikləri öldürməlisən. Bu iş sorumluluqdan başlayır, dəqiqlikdən keçir. Ata deyirdi, dəqiqliyi almanların inhisarında görməyin, türklər onlardan dəqiq olub. Qaytarın, bərpa edin.
Ocaq belə bir məktəbdir. Bu məktəbi keçmək – yaxşı mənada soyuqqanlılıq tələb edir. Biz əslində istiqanlıyıq, ruh adamlarıyıq, ancaq hərəkatda, hərəkətdə soyuqqanlı olmaq, səbirli olmaq gərəkdir, çünkü bu xəmir çox su aparandır. Usanmamaq, yorulmamaq gərəkdir. Bu gün evinin içindəkini belə anlada bilmirsən. Çünkü min ildir sənin xalqın özgələşə-özgələşə gəlib bura çıxıb, özümləşməyib. Beş ilin, on ilin içində onu özümləşdirə bilməzsən. Buna zaman gərəkdir, iradə gərəkdir ortaya qoyasan. İnad gərəkdir. Gərək xalqın içində başqalarını təmsil edənlərdən, başqalarının alətinə çevrilənlərdən çəkinməyəsən, nə də onlarla cırmaqlaşmayasan. Bizim işimiz cırmaqlaşmaq, söyüşmək, dalaşmaq deyil. Ağlımızın məntiqi var, sözümüzün, ürəyimizin gücü var. Bu güclə meydana çıxırıq, xalqımızın mahiyyətini sevə-sevə, özündən ayrılmış xalqı özümlüyünə çağırırıq. Bu belə bir qutsal yoldur. Belə bir yolda yürümək hər kəs üçün ucalıqdır. Bu yol ağgünlülük yoludur.
Biz Ocağa gələndə demişik, “ömrüm sənindir Ata, götür onu istədiyin kimi sərf elə”. Asif Ata indi yoxdur, deyərsən ömrümü kimə verim?! Atanın yolu var, ideyası var, prinsipləri var, davam edir. Yəni biz ömrümüzü Asif Atanın qurtuluş yoluna veririk. Burda Asif Ata özü üçün heç nə demir. Gəl mənim bacamdan qarı təmizlə demir. O deyir, sənin xalqının meydanı o qədər boş qalıb ki, hər kəs gəlib öz eşşəyini çapır. Meydanın yiyəsi özün ol. Onda görəcəksən, qarşında bütün özgəliklər geri çəkilir.
İndi mən bu qısa girişdən sonra istəyirəm bacımızı dinləyək. O özünün Ataya üztutmasını (ricasını)yazıb, Bayrağımızın qarşısında onu oxusun.

Göynur Atalı: Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə!
Ocağa gəlmək istəyim
Ataya olan böyük sevgim. Bu sevgidə ümumbəşəri hisslərimi, milliliyimi, türkçülüyümü, İnsanlığın, Mütləqliyin, ruhaniliyin, bütövlüyün fəlsəfəsini görürəm.
Müqəddəs Ata qarşısında and içirəm ki:
Mütləqə İnam uğrunda,
Kamil İnsan uğrunda,
Ruhani cəmiyyət uğrunda,
Xəlqi birlik uğrunda,
Özümlü Şərq uğrunda,
Ləyaqətli Bəşər uğrunda son nəfəsimə qədər ruhani mübarizə aparacağam!
Ömrüm sənindir, Ata! Onu al, istədiyin kimi sərf elə.
Ocağımızın odu sönməzdir.
Atamız Var olsun!
1Günəş Ayı, 47-ci il.
(Sonra Göynur Atalı Bayraq andını içdi).
Soylu Atalı: Mən bir neçə söz sizin Ocağa gəlişinizlə bağlı deyim. Sizin Ocağa gəlişinizin, Asif Ataya Evlad olmağınızın yönü, yöntəmi belədir ki, hər bir Ocağa gələn Evlad Atadan yeni ad alır. Bu, Dədə Qorquddan başlayan qurallardır. Söz yox, fərqlər var. Dədə Qorqudluqda qəhrəmanlar döyüşdən sonra, igidlik göstərib ad alırdılar. Bizdə isə ruhani mübarizəyə başlayan adam ömrünün, düşüncəsinin, varlığının yönünü dəyişir. Tamam milli-insani yön alır. Öz cismani həyatını ona yüksəldir. Amalına, məqsədinə çevirir. Bu Amalla yaşayır. Amalda kimliyini ifadə edən ad alır, soyad alır. Ad, soyad ruhanidir. Bu ad, soyad onun milli-ruhani kimliyini bəlirləyir. Dövlətdə, iş yerlərinizdə bizim pasportlarımız var. Pasportlarda bizim ata-anamızın qoyduğu ad var. Biz dövlətdə, həyatda, mövcudiyyətdə həmin pasportla dolanırıq. Ancaq Ocaqda, – ruhani hərəkatımızda nişanə ilə davranırıq. Bu bizim simgəmizdir (rəmzimizdir). Bizim kimliyimizi ifadə edən ruhsal bəlgədir (sənəddir).
İndi sizin adınızın mənasını oxumaq istəyirəm.
Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə!
Ruhsal bəlgə
Asif Ata Evladı Göynura!
Ürəyin işıqlıdır. Ocaqda böyütmək gərək.
İdrakın işıqlıdır. Ocaqda bərkitmək gərək.
Ocağı öyrən, insanın qurtuluşuna işıq sal.
Amalımıza amaldaş ol. Yolumuzdan uğur götür.
Hərəkatımıza uğur qat.
Göy nurlu tale yarat özünə!
Göynur adını sənə halal edirik. Adına layiq ol!
Ata ruhu sənə yar olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
1 Günəş Ayı, 47-ci il. Atakənd.
Bu çağdan başlayaraq siz bizim üçün Göynursunuz. Siz bizim üçün artıq Ata Evladısınız. Siz bizim üçün bizdən birisiniz.
…Ocaqda iyerarxiya yoxdur, təbəqə yoxdur. Bu böyükdür, bu kiçikdir, bu qabaqcıldır, bu artıqdır, bu əskikdir, – belə bir məsələ yoxdur. Hər kəs öz ömrüylə, öz ləyaqətiylə öz üstünlüyünü yaradır. Hər kəs öz davranışı ilə, öz mübarizəsi ilə. Ayrıca kiməsə Ocaqda üstünlük verilmir. Mən Ocağın Yükümlüsüyəm. Söz yox, Atanı təmsil eləyirəm. Ocağa qarşı zərərli gedişlərə yasaq qoyuram, qiymətləndirirəm, yönətirəm. Ancaq bu ayrıca bir üstünlük demək deyil. Ocaq Yükümlüsü Ocağın daha çox sorumluluğunu daşıyan, Ocağın işlərini yönətən birinə deyə bilərik. Ancaq bu Ocaq Yükümlüsü Asif Atanın Evladlarından istənilən biri ola bilər. Ona görə də bu ayrıca bir status deyil. Biz onu Asif Atanın ölümündən sonra yaratdıq ki, Ocağı yönətək. Ocaq Ailələri olub, olur. Ocaq Ailələrində bir təmsilçi var. Ata ona Ailə təmsilçisi deyirdi. Üç nəfər, beş nəfər Ailəçilərdən biri Ailəni təmsil edir. Atanı Ailədə təmsil edir, Ailəni Atanın qarşısında təmsil edir. İndi ümumOcaq Yükümlüsü var. ÜmumOcaq Yükümlüsü də Ocağın qarşısında Atanı təmsil edir, Atanın mənəvi-ruhani qarşısında da Ocağı təmsil edir. Atanın hökmlərini qoruyur, Ocağın qaydalarını qoruyur. Ocaqda olan adam əgər Ocağa uyğun yaşamazsa, zidd yaşayarsa-filan onu Ocaqdan hökmlə uzaqlaşdırmaq səlahiyyəti var. Belə bir səlahiyyət tanıyırıq. Ocağa Evlad götürmək səlahiyyəti var. Bu isə Evladlıq olayından ayrı bir şey deyil. Ocaqda Asif Ata var, onun Evladları var, Ocaqda kamilləşməyə can atan, kamilləşən Ocaq Evladı var.
Bir neçə söz də Ocağın işi, əməlləri ilə bağlı demək istəyirəm. Ata həmişə yazırdı. Bu gələnəyi saxlamağımız gərəkdir. Ata bəlgə yazırdı (ruhani sənəd), onu bizə verirdi. Onun mənə yazdıqlarını evimdə, arxivimdə saxlayıram. Bu bəlgələr yazılı da olar, şifahi də demək olar. İndi mən şifahi deyirəm. Ocaq əməllərimiz var, Ocaq işlərimiz var. Ocaq işlərinin görülməsi Ocağın yaşaması deməkdir. Ocağı yaşadan məsələlər deməkdir. Mən Ocağı yaşadan əməlləri Atanın qarşısında təqdir edirəm. Buna görə Nurtəkinin Ocaqgüzarlığını, fədakarlığını təqdir edirəm. Ata qarşısında üzün ağ olsun!
Günevin xalqlaşma əməlini təqdir edirəm! Ata qarşısında başın həmişə uca olsun.
Bilənin Ocağa maddi fədakarlığını təqdir edirəm! Ləyaqəti həmişə Ata qarşısında ucadır, uca olsun.
Göytəkinin misilsiz fədakarlıqları var, təqdir edirəm! Başın uca olsun!
Eləcə də İnamlı qardaşımızın son dönəmlərdə xalqlaşma əməllərini təqdir edirəm.
Yasinin əməllərini təqdir edirəm. Ocağın xalqlaşma işindəki maddi fədakarlıqlarını.

Nurtəkin Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – N.A.):
46-cı ilin əməl hesabatı
4 Günəş Ayı, Soylu Atalı əslən Borçalıdan olan şəxslərlə görüşmüş, həm milli, həm mənəvi, həm də analitik yöndə çoxçeşidli söhbətlər etmiş, sonda onlara Ocaq ədəbiyyatı bağışlamışdır.
Soylu Atalı Ocaqla maraqlanan Məmməd bəylə görüşmüş, Ata, Ocaq haqqqında söhbətdən sonra ona Ocaq ədəbiyyatı bağışlamışdır.
Çiçək Ayında Soylu Atalı Üzeyir bəylə, başqa 4 adamla görüşmüş, onlarla Ocaqyönlü söhbət aparmış, onlara ədəbiyyat bağışlamışdır.
22 Çiçək Ayında Soylu Atalı işlədiyi müəssisədə gənclərlə söhbət etmiş, sualları cavablamışdır.
24 Çiçək Ayında Soylu Atalı Sumqayıtda bir neçə adamla söhbət etmiş, onlara Ocaq ədəbiyyatı vermişdir.
Günev Atalı İşıq Ayında Qobustanın Xilimli kəndinə, uzaq qohumunun yas mərasiminə getmiş, orada bir qrup adamla, bu günlə, xalqın durumu ilə, qurtuluş yolu ilə bağlı, Ata İnamı haqqında söhbətlər etmiş, adamları maraqlandıran soruları cavablandırmışdır.
31 İşıq Ayında Soylu Atalı Günev Atalı ilə birlikdə Ağstafaya Ata sonevini təmir etməyə getmiş, orada ayrı-ayrı adamlarla görüşüb söhbətləşmişlər. Qazaxın yerli radiosuna Ata İnamı ilə bağlı Soylu Atalı müsahibə vermişdir.
Şölə Ayında Ağstafada Ata Sonevinin ziyarəti mərasimi keçirilmişdir.
6-11 Şölə Ayı, Soylu Atalı Borçalıya səfər etmiş, Tiflisdə, Marneulidə, bir sıra başqa yerlərdə görüşlər keçirmişdir. Axundovun ev muzeyində olmuş, Gürcüstan Təhsil Nazirliyində Təhsil eksperti ilə görüş keçirmişdir. Təhsil, ümummilli məsələlər qonusu üzərindən ətraflı söhbət aparmışdır.
Orada Soylu Atalı “Qarapapaq türkləri” jurnalının redaktoru ilə görüş keçirmişdir.
Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbərliyi ilə görüşüb söhbətləşmişdir.
20 Şölə Ayı, Soylu Atalı Özbəkistanda yaşayan bir sinif yoldaşı ilə Bakıda görüşmüş, Ocaqyönlü söhbətlər etmiş, ona Ocaq ədəbiyyatı bağışlamışdır.
15 Od Ayı, Soylu, Günev, İnamlı Atalılar, Yasin Türksoy Bilənin atasının ölümü ilə bağlı Göyçaya səfər etmiş, orada Anım törəni keçirmişlər.
24 Od Ayı, Bilən Atalı Türkiyədən bir xanımla Ocaqyönlü söhbət edib ona Ocaq ədəbiyyatı bağışlamışdır.
Od Ayında Günev Atalı Şamaxının Avaxıl kəndinə dincəlməyə getmişdir. Durumdan yararlanaraq orada ayrı-ayrı adamlarla söhbət etmişdir. Bir məktəb direktorunun evinə getmiş, onunla tanış olmuşdur. Onların ailəsi ilə Ocaqyönlü söhbətlər etmiş, Ocaq ədəbiyyatı bağışlamışdır.
Şeyx Sultan Ömər Avaxıllının tikilməkdə olan türbəsinin işçiləri ilə görüş xarakterli söhbət etmişdir. Seçkiqabağı olduğundan həmin direktorun atası (keçmişdə müəllim işləyibmiş) Səid müəllim Günev bəyi məktəbə dəvət eləyib, orda adamlarla xalqın bugünü, dəyərləri yönündə söhbətlər etmişdir. Bəzi adamlara Ocaq ədəbiyyatları da bağışlamışdır.
Qürub Ayında Günev Atalının Lənkərandan olan bir adamla Ocaqyönlü söhbəti olmuşdur.
20 Xəzan Ayında İnamlı Atalının qardaşının ölümü ilə bağlı Soylu, Günev, Nurtəkin Atalılar Lənkəran bölgəsinə getmişlər. Yas məclisində Soylu Atalı Ocaqyönlü söz demişdir. Ocaq quralından bir parçanı yerinə yetirmişlər.
Xəzan Ayında Nurtəkin Atalı Gənc Türk yazarlar birliyinin tədbirində olmuş, bəzi adamlarla danışmış, onlara buraxılış, günsıra vermişdir.
Xəzan Ayında Günev Atalı çoxdankı tanışları (mədəniyyət işçiləri olan) Tahir, Zöhrəli bəylərlə Amal haqqında söhbət etmiş, ədəbiyyat bağışlamışdır.
28 Xəzan Ayında Günev Atalı Atagün Elinə səfər etmiş, İnam Evinin əldən qalan işlərini görmüş, bəzi adamlarla görüşmüşdür.
Yağış Ayında Günev Atalının kitabı çap olunmuşdur.
29 Yağış Ayında Soylu Atalı Cavid adlı bir öyrənci ilə görüşüb söhbətləşmişdir.
Yağış Ayında Nurtəkin Atalı Bakıxanov Gənclər Mərkəzinin tədbirində olmuş, bəzi gənclərə buraxılış, günsıra vermişdir.
6 Yağış Ayında Nurtəkin Atalı Yasin Türksoyla Şirvan bölgəsində olmuş, kitabxanada işçilərlə söhbət etmişlər. Muzeydə, folklor evində söhbətlər etmiş, Ocaq ədəbiyyatı vermişlər.
Yağış Ayında Nurtəkin Atalı Göyçaya getmişdir. Orada Amaldaşları Bilənlə, Göytəkinlə birlikdə söhbətlər etmiş, Bilənin təşkilatçılığı ilə Göytəkinlə birlikdə Mingəçevirdə Kitab Evində olmuş, oranın işçiləri ilə söhbət etmiş, Muzeydə olmuşlar. Ağdaş Gənclər evində işçilərlə görüşmüş, onlara Ocaq ədəbiyyatı vermişlər.
Axşam Bilənin tanış olduğu bir ailə onların evinə gəlmiş, Atayla, Ocaqla bağlı söhbət etmişlər.
Sərt Ayında Günev Atalı toy məclislərinə dəvət olunmuş, Ocaq üslubunda xeyir-dua vermişdir. Onun milli yöndə, dəyərlərimizə söykənərək özünü qurmaq, ailə məzmunu haqqında sözü heyrətlə dinlənilibdir.
25 Sərt Ayında Günev Atalı Atagünə yas törəninə getmiş, yaxın yörəsində olanlarla söhbət etmişdir. Oradan bir neçə adamla İnam Evini ziyarət etməyə getmişlər. Onlar ilk dəfə belə bir məbədin olduğunu biliblər. Günev Atalı onlarla söhbət etmiş, sorularını cavablandırmışdır.
14 Sərt Ayı, Soylu Atalı iş yerində bir qrup gənclə Ocaqyönlü söhbət etmişdir.
19 Sərt Ayında Soylu Atalı, İnamlı, Nurtəkin Atalılar Ocaqla maraqlanan Cavid adlı bir gənclə Ata, Ocaq haqqında söhbət etmişlər.
Soylu Atalı yaxın qohumunun yas mərasimində çoxsaylı adamlarla Ocaqyönlü söhbət etmişdir.
3 Sərt Ayında Nurtəkin Atalı Yasin Türksoyla birlikdə Hacıqabul bölgəsinə getmişlər. O biri səfərlərdən fərqli olaraq daha çox insanlarla görüşmüş, ədəbiyyat vermişlər. Kitabxanada işçilərlə söhbət etmiş, Muzeydə, Gənclər Mərkəzində, Mədəniyyət Mərkəzində, musiqi məktəbində olmuş, söhbətlər etmiş, ədəbiyyatlar vermişlər.
Sərt Ayında Nurtəkin Atalı Elmlər akademiyasında bir adamla söhbət edib, həm ona, həm də yanındakı işçilərə Ocaq ədəbiyyatı bağışlamışdır.
Nurtəkin Atalı Yasin Türksoyla birlikdə gənclərə buraxılış, günsıra bağışlamış, Ocaq soraqları vermişlər.
19 Qar Ayı, Günev Atalının kitabının təqdimat törəni keçirilmişdir. Törəndə Ocaqçılarla yanaşı Ocaqdostları da olmuşlar. Günev Atalının ömür yolu, aqibəti yönündə düşüncələrini sərgiləmişlər.
29 Qar Ayı, Bilən Atalının Yardımlıda, yaxın qohumlarının evində Ocaqyönlü söhbətləri olmuşdur.
21 Köçəri Ayında Soylu Atalı Mingəçevirdə bir neçə adamla Ocaqyönlü söhbətlər etmiş, Göyçayda Biləngildə iki yurddaşımızla söhbəti davam etmişdir.
Soylu Atalının iş yerində təcrübə keçməyə gəlmiş gənclərlə dəfələrlə söhbətləri olmuşdur. Eləcə də sosial şəbəkədən maraqlanan insanlarla da bəzən qrup, bəzən də tək-tək olaraq üz-üzə görüşmüş, Ocaqyönlü söhbətlər etmiş, onlara ədəbiyyat bağışlamışdır.
İnternet tv-lərdə Soylu Atalının istər Azərbaycan, istərsə də Borçalı ilə bağlı müsahibələri yayınlanmışdır.
İnamlı Atalı istər yas yerlərində, istərsə də ayrı-ayrı yerlərdə imkan olduqca Amal sorağı yaymışdır.
Bilən iş yerində daim Ocaq soraqları yayır, ədəbiyyat bağışlayır, Soylu Atalının orda görüşləri üçün zəmin hazırlayır.
Göytəkin Atalının daim söhbət etdiyi rəfiqələri var ki, hər zaman onlarla düşüncələrini bölüşür. Göytəkinin həm tədbirlərin kitablaşdırılmasında, həm Soylu bəyin ayrı-ayrı söhbətlərinin yazıya çevrilib yayılmasında böyük əməyi vardır. İstər Atanın, İstərsə də Soylu Atalının sosial şəbəkə üzərindən yazılarının yayılmasında ciddi şəkildə əmək qoyur. Ocaq tarixini ardıcıl yazır.
46-cı ilin Törənlər kitabının başa gəlməsində Soylu, Nurtəkin, Göytəkin Atalıların əməyi vardır.
Yeni Günsıra Bilənin maddi yatırımı ilə başa gəlmişdir.
Eləcə də Yasin Türksoyun Ocaq yayıcılığı, maddi cəhətdən bir şox şeylərdə dəstək olması təqdirəlayiqdir…
İndi törənin tələbinə yönəlik bir neçə söz deyim.
Bu ildə uğurlarım: Ən böyük istəyim özümə, özümlüyümə yetməkdir. Ocaqla bağlı arzularımın bitməməsi, məni əməldən əmələ aparan istəyimin, sevgimin artmasıdır.
Bu il özümlə üz-üzə durmaq imkanım oldu. Uzun zamandır qayğılarımın yönü daha çox həyata yönəlmişdi. Vaxtım, düşüncəm bunlarla məşğul idi. Bəzən hiss eləmədən də yadlaşa bildim ruhani qayğılara. Yadlaşdıqca da çətin olur yenidən addımlamaq, yenidən nələrsə başlamaq. Səfərlərim oldu, özümü qıraqdan görmə fürsətim oldu. Mən bilirəm mənə nəyin fərəh verdiyini, ancaq bunları yenidən yaşamaq mənə bir daha kim olduğumu xatırlatdı, sorumluluğumu xatırlatdı. İnsana fərəh verən nə varsa, ruhani anlamda, təbii ki, o qanaddır. Qanadı olanın yeri göydədir – kim olduğunu, nə üçün yaşadığını, ömrünün anlamını, gərəkliliyini, mənayla bir olduğunu xatırladandır. Uğur özünün yetdiyindir, mənayla bir olduğun məqamdır, bu gündən daha yüksək məqama aparan addımlardır. Uğur mənəm.
İnsanın ömrü nəyəsə bağlı olur. Kimisi həyata, maddiyyata, kimisi ideyaya. Bizim xoşbəxtliyimiz odur ki, ömrümüz yola bağlandıqca həm də bir-birimizin ömrünə bağlanır. Nə qədər Amallaşırsan, o qədər Ocaqlaşırsan, doğmalaşırsan Ocaqçılara. Ömrü yaratmaqla ömürlərin birliyi artır, doğmalığı yaranır. Nə yaxşı ki, varsınız, nə yaxşı ki, varam Ocaqda.
Daha irəliyə addımlamaq üçün özüm üzərində ciddi şəkildə işləməliyəm. Ən birinci öhdəliyim budur.
İkinci öhdəliyim sosial şəbəkələr üzərində fəaliyyətimi artırmaq.
Soylu Atalı ilə videolar çəkilişi edib paylaşmaq da əsas istəyimdir.
Atanın, Soylu bəyin bəzi yazılarını film kimi hazırlamaq.
Ocağın soraqlarını daha çox yaymaq üçün səfərlər etmək.
Ömür kitabımı yazmaq.
Atamız Var olsun!

Günev Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – N.A.): 47-ci ilin ilk günü, Yeni ilim, yeniləşən günün düşüncəsi ilə qəbul edirəm. Hər birinizi Yeni İl münasibətilə qutlayıram, xalqımızı, bəşəri qutlayıram. Bir də Göynür bacımızı qutlayıram. Uğurlarımızın biri də bu oldu. Çox sevindim. Adam sözünə söykək olanda, ən adicə məqamda belə, o insanın içinə elə bir təpər gətirir ki, qarşısında əngəl tanımır artıq. Bu açıdan bacımızın Ocağa gəlişi, ömrünə yiyə çıxması çox sevindirir. İnsan ömrünə yiyə çıxanda ömrünü istədiyi kimi yaşayır, qeyri-adilik var burda. Ömrünün təsdiq yoludur bu gün bacımızın. İmkanları açılır.
Bilən qardaşımız Göytəkinlə 300 km yol gəliblər bu qarlı-qiyamatlı havada. Bu kiməsə adi görünə bilər. Ancaq bu əsərdir, şedevrdir. Adi bir toya gəlməyib. Bu gəlişlər, bu toplanmalar Ocağın sehrini yaradır.
Mən əməl hesabatı hazırlamışdım. Nurtəkin hesabatda dedi hamısını. Təkrarlamaq istəmirəm. Sadəcə bir məqamı vurğulamaq istəyirəm. Avaxıl kəndindəki cəhdim mənim üçün yeni aşamalara səsləyən bir məqamdır. 47-ci ilimizə o üslubdan yanaşmaq istəyirəm. Görməzə-bilməzə, heç bir tanıdığım olmadan bir kəndə, bölgəyə getmək, darvazanı döymək. Bilirsiniz, o necə fərəhli məqam idi. Heç vaxt elə eləməmişdim mən. Gəlmişəm söz deməyə. Həm təəccüblə baxdılar, həm də şiddətli bir maraq vardı. Bu adam heç nədən ötrü gəlməyib, söz deməyə gəlib. Bu söz, görəsən nə sözdür. Yeni ilimizdə bu cür uzaq bölgəyə gedib tanımadığım kimsələrin qapısını döymək istəyirəm. Özümü buna kökləyirəm. Bir daha yeni ilimizi qutlayıram.
Özümü görmək məsələsi. Mən toplumla təmasda olduqca, televiziyalarda böyük elm adamı sayılanları gördükcə özümü daha yaxşı görürəm. Onları dinlədikcə özümü daha yaxşı görürəm. Öz məsləyində bəlkə məndən qat-qat üstündürlər, dünyanı öyrəniblər. Ancaq Dünyada məsələlər var, insansan sən axı. Sən bir millətin nümayəndəsisən, özünü başbilən sayırsan. Ancaq heç ayaqbilən də deyilsən. Özümü görürəm ki, mən hardayam, bunlar hardadır. Elə məsələlər var ki, sözə də ehtiyac yoxdur. Ocağın məni hara yüksəltdiyini görürəm.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – N.A.): Artıq bir neçə ildir ki, il dəyişəndə mən hesabat verirəm. Bu hesabatda mənim yetdiklərim də yer alır. Eyni zamanda hər il hansısa çatışmazlıqların olduğunu da vurğulayıram. Onları aradan qaldırmaq öhdəliyi götürürəm. Hər dəfə il başlayandan sonuna qədər, mən bunları təhlil edəndən sonra, özümdə insana münasibətimin nə dərəcədə dəyişməyinin fərqinə varıram. Mənim il içində qazandıqlarım, yetdiklərim, dərk etdiklərim eyni olmadığı kimi qeyd etdiyim çatışmazlıqlar da eynisi deyil. Mən lap başlanğıcda İnsanlaşmaq, kamilləşmək deyəndə çox bəsit yanaşırdım. Kamilləşmək, yəni şöhrətpərəstlikdən uzaq olmaq, insaflı, mərhəmətli olmaq… Ancaq indi görürəm ki, adını çəkə bildiyim bir neçə mənfi duyğunun sanki yüzlərlə şaxəsi var, qolu var. Hər dəfə mən özümü təhlil elədikcə onları bir-bir aşkarlayıram və onları aşkarlamağım baş verən yanlışın səbəbi olaraq doğrunu ortaya çıxarır. Hər dəfə bunları ayrı-ayrı yöndə özümdə gördükcə sanki içimdə hər şey bir-birinə qarışır. Onu da toparlayana, özümə etriaf edənə, aradan qaldırana qədər sanki içimdə bir xaos yaranır. Sonradan hər şey sakitləşməyə başlayır. İçimdə gedən bu mücadilə mənim insana münasibətimdə olan müsbət irəliləyişi də ortaya qoyur. Mən həmişə insanlardan umurdum, asanlıqla acıqlanırdım. Uzaqlaşırdım insanlardan. İnsanları, etdikləri hansısa bir yanlışa bərabər götürürdüm. Mənim içimdə yaranan acıq imkan vermirdi ki, onda gördüyüm hansısa yanlış cəhətinin qarşısına onun yaxşı bir cəhətini çıxarım. Belə bir tələskənlik vardı içimdə. O yaxşını ötüb keçirdim, üzə çıxara bilmirdim. Ancaq özümü təhlil elədikcə, qarışıqlıqları aydınlaşdırdıqca, insana daha səbirli, daha təmkinli yanaşa bilirəm, daha dərindən yanaşa bilirəm. İçimdəki acığı, gərginliyi qırağa qoyaraq, onun yaxşı cəhətlərini önə çəkib elə baxmağa çalışıram. İnsanı ona bərabər götürməyə çalışıram. Bu mənim içimdən belə bir gərginliyin artıq yox olduğunu göstərir. Ancaq yenə də mənim insan sevgimə nələrinsə kölgə saldığını görürəm. İnsanın tutduğu bir yol var, söhbət inanc məsələsindən gedir. Əgər yol aydın və işıqlı deyilsə, ağır bir yükə çevrilir, insanın çiyninə çökür. Mənim Ocaqdan öncəki illərim elə olurdu, mən nə qədər çalışdımsa, irəlilədikcə yol yükə çevrilirdi. Ancaq yol aydın və işıqlıdırsa, insan mərkəzdə dayanırsa, insanlaşma, kamilləşmə əsas ölçü götürülürsə, bu gündən o tərəfə bu yolun yükə və ya fərəhə çevrilməyi artıq mənim özümdən asılıdır. Nə qədər ki, mən yetdiklərimi, qazandıqlarımı, düşüncələrimi müşahidə edirəm, bu mənim üçün fərəh yaradır. Nə qədər ki, çatışmazlıqları görürəm, bu mənim üçün yükə çevrilir. Ancaq bu yük məni bədbinliyə, ümidsizliyə aparmır, öncəki illərdə olduğu kimi. Sadəcə mən ildən-ilə keçdikcə aşkarladığım dəyişən çatışmazlıqları aradan qaldırmaq üçün öhdəlik götürürəm, bunu bir sorumluluq olaraq üzərimə alıram, yenəcəyimə də inanıram. Mən öncədən insan haqqında belə düşünə bilmirdim. Atanın deyimlərini özüm üçün aydınlaşdırdıqca, görürəm ki, insan, doğrudan da, şəraitdən və mühitdən üstündür. Doğrudan da, insan hansı mühitdə olursa olsun, ən ağır həyat şərtlərindən, ən ağır həyat zərbələrindən sonra belə içində yaşamaq gücü tapır. İçində insan kimi yaşamaq, insanlığını ifadə eləmək gücü tapır, ona can atır. Mən əvvəllər belə şeyləri oxuyanda bunların kitabda yazılan bir söz olduğunu düşünərdim, ancaq özümlə müqayisə aparanda, özümlə bağlı düşünəndə bunların artıq nəzəri olmadığını görürəm. Doğrudan mənim içimdə bir fərəh yaranır ki, budur insan. İçində bütün eybcərliyə meydan oxuya bilən bir gücü, qüdrəti daşıyan bir varlıqdır. Ona görə yenə növbəti ilimizə özümdəki çatışmazlıqlarla bağlı öhdəlik götürürəm, bu, birinci öhdəlik olsun.
Əməllə bağlı öhdəliklərə gəlincə yarımçıq işlər var, yazılar var, onlar bitəndən sonra, ya da onlarla bərabər olsun, fərqi yoxdur, videoların işlənməsi, paylanması işini başlamaq istəyirəm. Çünkü bu daha çox maraq doğurur.
Mümkün qədər sosial şəbəkədə aktivliyi artırmaq üzərində düşünürəm. Qalan planlarım da var. Bilmirəm il içində çatarmı, çatmazmı? Hər halda çalışacam.
Atamız Var olsun!
Könül xanım: Mənim sözüm yoxdur. Sizlərə çatmaq istəyirəm.
Soylu Atalı: Mən sizə bir söz deyim. Mən Ocağa gələndə Asif Atanı anlamırdım. Ancaq fədakarlığım vardı. Özümü oda-közə vurmalarım vardı, göylə əlləşirdim. Mən Atanı onun ölümündən sonra dərk eləməyə başladım Ata bizə deyirdi ki, Ocağa gəldiyiniz andan öyrəndiyiniz qədər öyrətməyə başlayın. Yəni qarşınıza çıxan, gərək bildiyiniz adamlarla söhbət aparmaq gərəkdir. Yəni Atanı öyrəndiyin qədər öyrətmək. Bir də Ocaqda daim yetkinləşmək.
Bizim hər birimiz Ocağa 5-10% anlamımızla gəlmişik. Ocaqda öyrənmişik, bərkimişik, böyümüşük. Yol keçmişik. Keçməkdə davam edirik. Mənəvi işimiz dayana bilməz.Onun xalqda oturuşması işimiz daimidir. Ata bizdən onu öyrənməyimizi istəyir. Atanı öyrənməliyik ki, xalqa öyrətmənlik edə bilək. Harda imkan düşdü xalqlaşma işi aparaq. Həm də özümüzün üzərində iş aparaq. Atanın bizim qarşımızda üç tələbi var, deyir: Amallaşın, Atanı, Ocağı öyrənin, ideyalarımızı öyrənin. Kamilləşin, yəni öz üzərinizdə işləyin. Özüylədöyüş yolu keçin, hər cür balacalığı, bəsitliyi, kiçikliyi içinizdən çıxarın. Onları əməlsiz qoyun. Onlarla uğraşmayın. Onları qoyun qırağa.
Üçüncü, Atanın Amalını, ideyalarını, harda imkan düşdü, xalqa çatdırın. Amallaşma, Kamilləşmə, Xalqlaşma. Bizdən istədiyi budur. Bizim mübarizəmiz budur. Bizim yarağımız – Söz, ideya.
Bizim ayrı yarağımız olmayıb, bundan sonra da olmayacaq. Biz siyasətçi deyilik. Siyasi mübarizə peşində olan insanlar deyilik. Başlanğıcda Ata milli dövlət qurmaq, hakimiyyətə gəlmək istəyirdi. Sonra gördü, xalqımız elə gündədir ki, bu xalqın durumu ilə belə şeylər olumsuzdur. Ona görə dedi, “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. Yəni o mübarizəsinin yönünü bəlirlədi. Bizdən qıraqda Atadan bəhrələnib başqa hərəkatlar yaradarlar, siyasi hərəkatlar mübarizə apararlar, aparsınlar. Biz onlara ideya baxımından kömək edərik. Edirik də. Sözümüzlə, işimizlə. Kimlərin ehtiyacı var. Ancaq biz o işi özümüz görməyəcəyik. Bizim işimiz daha ağırdır. Bizim işimiz insanı dəyişməkdir. Xalqı daxildən dəyişməkdir. Bu işi görmək üçün də bizim hər birimiz Ocaqda yol keçirik. Asif Ata məktəbi keçirik. Biz həm öyrənciyik, həm öyrətmənik. Həm öyrənirik, həm öyrədirik. Bizim öyrənməyimiz də, öyrətməyimiz də ömrümüzün axırına qədər başa çatmayacaq. Çünkü məna sonsuzdur. Xalqın gələcəyinə verdiyimiz dəyər də sonsuzdur. İnsanlıq sonsuzdur. Ona görə bu əbədi bir prosesdir. Biz də ədədlikdən zövq alırıq, fərəh alırıq. Daim ucalıqlara yol getməkdən fərəh alırıq. Onda biz yaşayırıq. Onda biz öz insani varlığımızı dərk edirik ki, biz niyə varıq. Biz heç bir vaxt insanlara üstdən aşağı baxmaq deyə bir eybəcərliyi öz ömrümüzə yaxın qoymuruq. Biz böyüyük, o birilər balacadır. Bu iddialarla nə insan olmaq olmaz, nə xalq olmaq olmaz. O iddialar bizə yadlaşmasa, onda biz Ocaq da ola bilmərik. O cür cılızlıqları, balacalıqları ömrümüzdən qırağa qoyuruq. Biz insana mahiyyətinin açısından baxırıq. Hər bir insan özündə İnsanlıq adlanan məna, məzmun daşıyır. O öz mənasından ayrılıbdır, ayrıldığına görə biz ona acıqlanmırıq, ağlayırıq. Onu çağırırıq. Biz niyə deyirik Məhəmməd bizim insanımızı söydü, öldürdü, yalvarmadı. Dinini gətirib zorla verdi. Bizim başımızın üstündə Allah adlı Demokratiya qılıncı asdı. Ona görə biz Məhəmmədlə xalq ola bilmədik, var ola bilmədik. İndi biz Asif Atayla xalq olmaq istəyirik. Asif Atanın ideyalarıyla, baxışlarıyla İnam xalqı olmaq istəyirik. Biz din xalqı olmaq istəmirik. İnamımızda yalanın olmasını istəmirik. Ona görə belə bir mübarizə aparırıq. Burda da insanlar arasında fərq qoymuruq. Tutalım yolda biri gələr, çiyniylə məni yıxar. Qalxıb ona acıqlanaram ki, özünü adam kimi apar. Ancaq əqidə yolunda, xalqlaşma yolunda biz xalqın heç bir fərdinə bu yolda, bu çağırışda acıqlana bilmərik. Bunda böyük təmkin gərəkdir, böyük düşüncə gərəkdir. Bu proses uzun illərə dayanan bir prosesdir. Bu prosesi səbrlə aparmalıyıq ki, xalq olaq. Xalqımızı yaradaq. Çünkü bizim xalq olmağımız çox zaman tələb edəcək. Biz xalq imkanlarımızı itirmişik. Bizi çox basqı altına alıblar. Çox dağıdıblar. Çox asılı duruma salıblar. Elə bir duruma salıblar ki, hətta xalq olmağın, insan olmağın yollarını unudulub. Asif Ata o yolları, qapıları açır bizə. Biz ona görə onun peşindəyik.
Bu gün bütün mübarizələrin hamısı insandan aşağıdadır. İnsandan qıraqda gedir. Heç bir mübarizə insanla, millətlə bağlı getmir. Öz şəxsi iddialarıyla gedir, ancaq xalq uğrunda görünür. Ata sağlığında deyirdi, oğul, mən bu üzdə olanların hamısını dişimə vurdum, təəssüf ki, hamısı lax çıxdı. Bunu siz də görürsünüz. Hamısı bazburutlu, nəhəng görünür, akademik, professor, filan, ancaq yaxına gedən kimi görürsən sönük, qaranlıq bir şeydir. Mən özüm bu sonuca varmışam, yazmışam bunu. Biz Asif Atanın yolunu akademiklərlə, alimlərlə, o cür diplomlularla apara bilmərik. Sadə, ürəyi böyük, düşüncəsi işıqlı insanlarla apara bilərik. Onlarla qura bilərik. Günevin ali təhsili yoxdur, ancaq mən onların heç birini Günevin heç yarısı da saymaram. Buna da mənimdir, mənim deyil prinsipi ilə yanaşmıram. Gerçək, bildiyim həqiqətləri deyirəm. Günev mənim gözümün qabağındadır. Günev aran Qarabağ sahəsində hansı işləri aparıb, necə ona basqılar olub. Necə bu basqıları sevgiylə dəf edib, necə onları özünə döndərib. Bunları biz bilirik. Ağlayıb, çağırıb, sevib, döşündən vurublar, bağrına basıb onları, körpəsi kimi. Ata deyirdi, xalq sizin körpələrinizdir. O sizin üzünüzü cıracaq, ancaq siz onu böyütməlisiniz. Necə ki, biz öz balalarımıza dözüb böyüdürük. Xalqı böyütmək üçün Ocağa elə öyrətmənlər gərəkdir, titul üçün, diplom üçün yaşayanlar, şöhrət zirvələrini fəth edənlər deyil. Onlar xalqa yaddır. Bunu istəyirəm biləsiniz. Düşüncənizi də bunun üstündə kökləyəsiniz.
Törən hədiyyələri kimi 46-cı ilin Tədbirlər kitabı, 47-ci ilin Günsırası sunuldu.
Tədbir şəkillərindən ibarət fotoalbomları Göytəkin Ocaqçılara bağışladı.







“Ata Ruhunu Ürəyimdə aparıram!”, “Atamız Var olsun!” səcdəsiylə Törən sona yetdi.
Səsdən sözə çevirdi: Nurtəkin Atalı.
Ata Ayı, 47-ci il. Atakənd. (sentyabr, 2025. Bakı).





