Ocaq Günsırası ilə 13 Şölə Ayı, 47-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramı keçirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq. “Xəlqilik” bayramımız qutlu olsun!

Biz bu çağa qədər böyük tarixlər yaradan xalq olsaq da, daha çox at oynadan xalq olmuşuq, bunu biz boynumuza almalıyıq. Təsadüfi deyil ki, Ata öz Ocağını yaradandan sonra, “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq” dedi. Onun ardınca bu hikməti söylədi: “Dünya Türkün qolunun gücünü görüb, indi idrakının gücünü görməlidir”.
Demirəm, Türk təfəkkür xalqı, düşüncə xalqı deyil. Türkün yaratdığı böyük mədəniyyətlər var, bu mədəniyyətlər də təfəkkürün məhsuludur, boşuna yaranmır. Dünyaya böyük etkilər göstərib. Ancaq türkün ruhani idraklı yaşam nizamı, yaşam sistemi olmayıb. Ayrı-ayrı dönəmlərdə həyat sistemi, ruhaniyyat açısından, lokal xarakter daşıyıb. Dədə Qorqudun dönəmində belə bir sistem olub, ancaq o sistem çağdaş dönəmə cavab vermir. Oğuz xanın dönəmində belə bir sistem olub, Göytürklərin çağında belə bir sistem olub. Ayrı-ayrı qaydaları olub, törələri olub, ancaq elə bir səviyyədə olmayıb ki, aşama-aşama, gələcəyə addım götürdükcə, başqa mədəniyyətlər bizi sıxışdıra bilməsin. Belə səviyyədə olmayıb. Sonucda, dediyim kimi, biz o sistemləri böyüdüb, inkişaf etdirib, arxasında durmamışıq, həyatımızda qoruya bilməmişik, yad mədəniyyətlər içərimizə yeriyə bilib, bizim içimizdən onları sıxışdıra bilib, özlərini bizə sırıya bilib. Sonucda bizim həyat sistemimizi həmən qıraqdan gələn mədəniyyətlər formalaşdırıbdır. Bununla da biz öz çəkimizi, gücümüzü itirmişik. Dünyada yerimizi itirmişik. Bu məsələyə çox diqqət yetirmək gərəkdir. Dünyada xalqın yeri məsələsi. Onu nə yaradır? Bayaq mən vurğu elədim ki, biz Azərbaycandan başlayaraq, Türk Dünyasında İnam Xalqı yaratmaq istəyirik. Asif Atanın hədəfi budur. Nəyə görə biz bunu istəyirik? Bu bəndləri ona görə deyirəm ki, bizim milli özünüqoruma sistemimiz sıradan çıxarılıb. Milli özünüqoruma sistemi nədən oluşur? Xalqın özəlliklərindən, özünəxaslığından. Nə qədər səni kimə bənzətsələr də, bir qılaf var, bir maya, nüvə. O nüvə qalır. O nüvəyə girə bilmirlər. Girmək mümkün deyil. Ondan sonra o nüvəyə dayanıb toparlanmaq gərəkdir. Biz həyat tərzimizdə, düşüncəmizdə, xarakterimizdə, kimliyimizdə getdikcə daha çox özgələşmişik, özgələrə bənzəyirik. Qədim türklərin haqqında az-çox əlimizə ədəbiyyatlar keçir, oxuyuruq, düşünürük, araşdırırıq, görürük ki, onlarla bizim aramızda böyük bir uçurum var. Hələ yüz illər, min illər öncədən gedir söhbət. Onlarla bizim aramızda nə uçurumu var? Dönəm baxımından uçurum ola bilər, inkişaf baxımından uçurum ola bilər, xarakter baxımından uçurum ola bilməz. Xarakter oradan qaynayır, ruhani milli xarakter oradan gəlir axı. Ancaq gəlirmi? –Yolunu kəsiblər. Milli xarakterimizin yolunu kəsib səmtini dəyişdiriblər. İndi bizim çalışdığımız odur ki, bu xalqın milli qibləsini özümüz yaradaq. Onun xarakterini özümüz yaradaq. Necə yaradaq?! Elə-belə deməklə deyil ki, yaşasın Türk, Türk böyükdür, güclüdür. Ortaya fakt qoymaq gərəkdir. Özünüqoruma sistemi yaradıb ortaya çıxartmaq gərəkdir. O zaman xalq səbəb, tutalqa tapa bilər ki, dayansın nəyəsə, nədənsə tutsun qabağa getsin. Bizi uçurumun qənşərinə gətirib çıxarıblar. İndi bu saat bizim tutalqamız olmasa, o uçurumdan qurtula bilmirik. Getdikcə gedirik, getdikcə daha dəhşətli fəlakətlərə doğru çəkib aparırlar bizi.
Dövlət məsələsi, siyasət məsələsi, ideologiya məsələsi, bunların hamısı milli özünüqoruma sisteminin əsasında formalaşır. Onlar milli özünü qoruma üçün əlavələrdir. Milli özünüqoruma ruhani keyfiyyətlərdir. Ruhani kimlikdir. Ruhani ideyalardır. Asif Ata ona görə deyir: “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. Ruhani ideyan yoxdursa özün olaraq qalmağın olumsuzdur. Ruhani ideyalar Ruhu xilas edir. Ruhun xilas olmursa, sənin canından, cəmdəyindən türk yaratmağın bir anlamı yoxdur.
Mən bir yazı yazmışam: görəsən, biz, minildir, müsəlmanlaşan, islamlaşan xalqımızdan türk yarada biləcəyikmi?! – Çox çətin bir aşamadır, çətin bir durumdur. Sosial şəbəkələrdə görürsünüz, bir dənə milli söz deyirsən, dodağını tərpədən kimi hamısı tökülürlər üstünə. Qoymurlar səni millət olasan, özümləşəsən. Hamısı elə gəlirlər, elə tökülüşürlər, elə bil ki, bunlar o suyun qabağını kəsən əjdaha kimi yıxılıblar bizim yolumuza. İmkan vermirlər özümlüyünə doğru yol gedəsən, özümləşəsən. Buna görə deyirəm ki, Asif Atanın Ocağı məktəbdir. Burada biz formalaşmaq üçün tədbirlər, törənlər keçiririk. Asif Atanı öyrənmək üçün, Asif Atadan öyrənmək üçün, özümüzü öyrənmək üçün, dünyadan Asif Atanı öyrənmək üçün, ya da dünyanı Asif Atadan öyrənmək üçün – bütün bunların hamısı bu məktəbin tələbləri, prinsipləridir. Zaman-zaman bunu demək, demək, aşılamaq, aşılamaq gərəkdir.
Sizə bir fakt deyim. Asif Ata dedi: “Quran” dünyada ən primitiv, oxunaqsız kitabdır. Bununla belə, “Quranda Məhəmmədin harayları müqəddəsdir” sözünü də dedi. Nə idi o haraylar?! – Allah birdir, bütlər yoxdur, Allah təkdir… Bunu vurğu edirdi: birdi, birdi, birdi. Bu, beyinlərdə yer etdi, qulaqları doldurdu, bütpərəstlikdən ərəbləri qurtardı. Prinsip olaraq, onun hünəri bu idi.
Baxın, ona görə, deyirəm, bu ərəblərin qurtuluşu üçün uğur idi. Ancaq bizim üçün quyu. Asif Atanın Xəlqilik Bayramı kimi ideyaları da bizim o quyudan qurtarmağımız üçündür. Bu bayram həmin ideyanın gerçəkləşmə yönüdür. Bu ideya “Ruhani cəmiyyət” adlanır. Yəni Xəlqilik Bayramı ruhani cəmiyyətin gerçəkləşmə biçimlərindən biridir. Şəkillənmə, formalaşma, qurulma gedişidir. Ruhani cəmiyyət yeni quruluşdur, nə kapitalizm, nə sosializm. Asif Ata bütün filosofların da, Peyğəmbərlərin də içərisində tək şəxsiyyətdir ki, o, quruluşa qarşı yeni quruluş ortaya gətirir. Məhəmməd quruluşa qarşı çıxmadı, Quldarlığın, Feodalizmin qalıqları içərisində elədi, nə elədisə. Qul bazarlarına qulları da sürürdülər, hamısı qüvvədə qalırdı, ortadan qaldırmamışdı quruluşu. Ondan öncəkilər də böyük anlamda Quruluşa qarşı getmədilər.
İndi bir məsələni baxışınıza sunmaq istəyirəm. Biz deyirik, İslam olmasın. Niyə olmasın? Asif Atanın baxışlarına görə bunun olub-olmaması hansı anlam daşıyır?! Bəlkə olsun. Biz deyirik, yox, olmasın. Allaha müti olmağı aşılayır. Bəlkə bu, yaxşı şeydir. Bəlkə Allaha müti olmaq gərəkdir. Bəlkə hamı Allaha müti olsa heç kim heç kimə ağalıq eləməz, heç kim heç kimi boyunduruğa salmaz. Baxın, bəlkə məsələsi. Biz deyirik, Allaha müti olmaq gərək deyil. Biz deyirik də onu, o deyir, gərəkdir. Biz haradan bilirik, gərəkdirmi, gərək deyilmi?! Biz istəmirik, o istəyir. O zaman yaxşı, biz öz istədiyimizin dalınca gedək, o da öz istədiyinin dalınca getsin. Onda bəşəri dəyər deyə sırımayaq, heç kim heç kimə heç nəyini sırımasın. Lap bir az da qabağa, Hind fəlsəfi məktəblərinə gedib çıxaq. Onlarda ayrı-ayrı ruhani məktəblər olubdur. Yəni, onların içində hər şey var. O şey ki, bugün Batıda, Doğuda, hər yerdə fəlsəfi tendensiyalarla gündəlikdədir, Hind məktəblərində olub. Yaxşı, gəlin götürək Buddanı. Budda deyir ki, mütləq sakitliyə yetmək gərəkdir. Get otur özünlə üz-üzə, səssizliyə çəkil, guşənişin ol, meşələrin dərinliklərinə çəkil, dağların zirvəsinə çəkil, öz içinin səsini dinlə. Təbiətin sükutunu dinlə. Quşların səsini, ağacların, yarpaqların xışıltısını yox, çevrəndə olan hansısa bir səsi yox. Doğanın sükut səsini. Gör o içində sənə nə deyir? O, içində sənə deyir ki, həyəcan, rahatsızlıq gərək deyil, təmkin gərəkdir, nə bilim, filan şeylərdən rahatsız olma… Bəlkə düz deyir. Biz niyə deyirik düz demir?! – Baxın, Buddanın dönəmində millət anlayışı yox idi. Hinddə də olsa, Çində də olsa, başqa yerdə də olsa, insanların bir-birinə münasibəti problem idi, onlar insanları bu problemdən uzaqlaşdırmağın yollarını düşünürdülər. Onların önərdiyi ideyalar antiinsani deyil ki. Biz qəbul eləməyə bilərik bəzilərini, ancaq antiinsani deyil. Bəs Asif Atanın ideyası nəyə gərək idi?! Bəlkə onlardan elə birini götürüb davam eləyəydi?! Baxın, bayaq nə dedim: Asif Ata Quruluşa qarşı çıxır. Əgər quruluşa qarşı çıxıb yeni quruluş, yeni sivilizasiya təqdim eləmirsənsə, insanın düzələcəyindən söz gedə bilməz. İnsanın ağlı düzəlməyəcək. Sonra sən bir fərd olaraq özünlə məhdudlaşmırsan, nə də ailə ilə məhdudlaşmırsan. Sən bir fərd olaraq xalqsan, millətsən. Bu millətin varlığı, millətin ağrısı, dərdi, problemləri səni ona görə qayğılandırır, düşündürür ki, sən bugün varsan, sabah yoxsan, ancaq millət var — xalq əbədidir. Sən əbədi deyilsən, xalq sənin əbədiliyindir. Sən öz əbədiliyini qurmaq istəyirsən əslində. Xalqı qurmaq, öz əbədiliyini qurmaqdır.
Biz “xəlqi dəyərlər” deyirik. Xəlqi dəyərlər yerdən çıxmır, xalqın içində tək-tük oğullar, qızlar yaradır dəyərləri. Hamı yığılıb kütləvi şəkildə dəyər yaratmır ki. Xalqın içində dəyərləri yaradan insanlar xalqı təmsil eləyirlər. Xalq onlardır. Onlar niyə topluma nizam verməyə çalışırlar? – Özlərinin əbədiliyi üçün. Sabah mən olmayacağam, mənim soyum davam edir, xalqa çevrilir, xalq olur. Bir nəfər 200 ildən sonra 500 nəfər olur. Bu, xalq deməkdir. Bu xalqın içində bütün doğulanların hamısı sənin arzularına, ideallarına cavab verən olmur axı, onların çoxu sıradan bir ömür yaşayırlar, sadəcə say artırırlar. Ancaq biz seçim eləyə bilmərik ki, xalqın dəyərini yaradan, yaşadan kimlərdir. Bu xalqın içində, Asif Atanın məktəbi kimi inam yolu, yön yaradırıq ki, doğub-törəyən yüzlərin, minlərin içərisindən xalqı qoruyanları, dəyər yaradanları tanıya biləsən, tapa biləsən. Biz demirik, “hamı bir anda düzələcək.”
Ona görə Asif Ata dedi: “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. Boşuna demədi bunu. Bu gün, siz də görürsünüz, sosial şəbəkələrdə “türk”, “türklük” deyə həşir qoparanlar az deyil, ancaq baxın, min il öncə uçqunların, xarabalıqların altında qalmış dəyərlərdən yapışırlar. O dəyərlərin yaşamımızda izi-tozu yoxdur. Bir az ordan, bir az burdan quraşdırıb, uydurub ortaya çıxartmağa çalışırlar. Asif Ata xarabalıqların altından dəyər tapıb ona tapının demir, deyir, sənin babaların dəyərlər yaradıb, sən qısır deyilsən, sən də yarat! Onları öyrən, tanı, onların üzərində yüksəl – gələcək yarat, yön yarat, inkişaf elə, yol get. Sənə bir sistem verir. Kimliyini, dünyanı dərk eləməsən, sənin özünüqoruma sistemin olmayacaq. Özünü anlamayan, tanımayan, dərk eləməyən insan milli özünüqoruma sistemi yarada bilməz. Ona görə Ata çağırır: “İnsanlaşın, İnsanlaşdırın. Bəşərin qurtuluşu – İnsanlaşmaqdadır”. “Bilikləşin” demir, “İnsanlaşın” deyir. İnsanlaşmayan – dəyərə sahib çıxmaz; özünü və xalqını, keçmişini, gələcəyini bilməyən, tanımayan, dərk eləməyən İnsanlaşa bilməz – heç nəyə gərək ola bilməz. Bilgi, informasiya toplamaqla bunu etmək olmaz. Bizdən qat-qat dərin, zəngin informasiyaları olan adamlar var. Onlar ideyasızdırlar. Xalqa ideya verən – canı, ruhu, mənliyi ideyadan oluşan insanlar gərəkdir; mənəviyyatdan, ruhaniyyatdan oluşan insanlar gərəkdir. Nə ruhaniyyatı daşqalaq eləməklə qurtuluşa gedə bilərsən, nə də sadəcə keçmişə dayanmaqla. Ruhaniyyatı daşqalaq eləmək olmaz. Yəni, konkret olaraq, Asif Ata bununla həm də türksevər ateistlərə bir mesaj verir: ruhaniyyatı daşqalaq eləməklə gələcəyə gedə bilməzsən; gələcəyə sənin ayağın deyil, qəlbin, mənəviyyatın, ruhun gedir. Sənin ruhunu yaradan – ruhaniyyatdır. Onu inkar eləmək olmaz. Ona görə dedi, “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. Bu yolu bizə öyrədir. Biz də istəyirik bunu həm özümüz öyrənək, həm də xalqımıza, bəşəriyyətə öyrədək. Günümüz qutlu olsun.
Atamız Var olsun!

Günev Atalı (Ataya scədə edib, Bayrağı öpür – N.A.): Xalq ruhu ilə fərdi ruh nə zaman birləşər, nə zaman ayrılar? Əvvəlcə, xalq necə yaranır? Xalq necə formalaşır, necə oluşur? Xalq müstəqil düşüncəli fərdlərdən – özünü tanımış, özünü dərk etmiş fərdlərdən yaranır; sonra ətraf yaranır, sonra onun sözləri bəlli areala yayılır – bu başqa. Xalq bənzərsizliyi ilə xalq olur. Əgər bir xalq başqa bir xalqın tökdüklərini yığışdırırsa, onun var olması getdi qiyamətə – belə məcazi mənada deyirəm “qiyamət” sözünü. Nə yazıq ki, toplumumuz 1000 ildən artıq bir dönəmdə özgələşmiş ruhu ilə üstünə gələn bütün yadlıqları dişinə vurur, bəzən də bağrına basır – ya inkar eləyir, ya eləmir – çünkü özü yaratmır. Özünü var edən kimi o bəşəri dəyərləri ki, vardı, Dədə Qorqudluqdan, Zərdüştlükdən, saza qədər dediyimiz yeddi mənəvi dəyər əsasında yaşamı var olub ki, az-çox xalq olub meydana çıxıb. Bəşərə söz deyib və elə qolunun gücü də ruhunun gücündən olub; qılıncının gücü də ruhunun gücündən olub.
Bu xalq tarixində quldarlıq quruluşunu keçməyib; bəşəriyyətin keçdiyi yolun hamısını keçməyib. Xalqın ruhuna o qədər yadıq, insan-insanı alır-satır, əşya kimi istədiyi əzabı verir, – belə bir quruluşu keçmədi. Bu, xalqımızın böyük fitrətindən və ruhaniyyatındən xəbər verir. Ancaq nə yazıq ki, özünü qoruya bilmədi yadlıqlara bac verməyi ilə. “İslamın türklərə gəlişi” kitabından öyrəndik ki, necə basqın elədilər, necə inandırdılar ki, “sənə toxunmuram, səndən sonrakı xanlıqla döyüşürəm”, onu alandan sonra aqibəti o birisinə yaşatdılar. Aldatdılar. İnanmadı ki, belə də aldanış ola bilər. Mən bununla xalqı sığortalamıram, keçmişimizin günahlarını sığortalamıram, bu heç mənim ağlıma da gəlmir. Həmişə deyirəm ki, əgər yadlıqlara bac vermişiksə, özümüz özgələşmişiksə, suçumuz hamıdan çoxdur. Bunu gizləməyə hacət yoxdur. Ancaq məsələ budur ki, bir gün biz onu bildik. Asif Ata öz Mütləqə İnam Fəlsəfəsi ilə bu xalqın gözündən min illər boyu yığılan, min ildən artıq müddətdə sallanan pərdəni yara bildi. Təbii ki, göz qırpımında mümkün deyil ki, bütün xalqı bir istiqamətdən başqa yönə yönəldəsən. Ancaq xalqın içində bunu səsləndirən, harayını çəkən, bütün varlığı ilə buna inanan və ömrünü bu yolda qoyan varsa, deməli, o xalqın 5–10, həmin şəxsləri var və mütləq özünü toparlayıb ayağa duracağı bir günə ovcumuzun içi kimi inanırıq. İnamsız 5 addım atmaq olmaz. Sən ömür verirsən, bütün varlığınla atdığın addımın, dediyin sözün, münasibətdə olduğun ətrafın fərqindəsən. Mən nəyin peşindəyəm, nəyə xidmət edirəm? Yenə də qayıdıram, nə zaman birləşə bilər? Əgər fərd özünü tanımırsa, özünü təyin eləmirsə, özünü təsdiq edib kamilləşmirsə, xalqın bəşəri dəyərlərinə üz tutmursa, onlara rəğbətlə yanaşmırsa, onları qorumursa nə onun, nə xalqın gələcəyi yoxdur. Yadlar gəlib bir gün “demokratiya”, dünən “İslam”, indi “qloballaşma” deyir. Başqa nələr gəlir, iqtisadiyyat-filan, hamısını görürük. Kənar deyəndə cismani yox, ağlın, ruhun düşüncəsindən danışıram: bunların hamısı mənim mənliyimi əlimdən alanda, xəlqi keyfiyyətimi əlimdən alır. Xəlqi keyfiyyətimi əlimdən aldıqca, təbii ki, xalqdan uzaqlaşıram. Mən o xəlqi keyfiyyəti özümdə doğub-yaradıb, fəxr edib iftixarla, heyrətlə onun harayını çəkirəmsə, onunla yaşayıramsa, mənim işığım yörəmə düşməyə bilməz. Mən sosial şəbəkələrdə bir doğru-düzgün yaza da bilmirəm, yazım-pozum da yoxdur; ancaq yenə də təsirsiz keçmir. Məsələn, yaxşı olardı ki, bunu Ailə günündə deyim, məqamı gəldi deyim, bəlkə dediyim gərəkli oldu. Bir aya yaxın Beyləqanda – Atagündə oldum. Biz Beyləqanı Atagün adlandırırıq. Orada demək olar ki, barmaqla sayılacaq günlərim boş keçibdir. Xalqla təmasım hər gün olurdu. İki hüzur yerində oldum. Birində lap xüsusi dəvət elədilər ki, “Molla filan dəvət eləməyək, gələrsən, orada söz deyərsən.” Getdim də, oldu da. Bütün qaydalarımızı yerinə yetirdim. Ümumiləşmiş yığcam şəkildə, ancaq “Ölüm üstə Mütləqlə təması” deməzdən öncə xahiş elədim ki, bu elə bir söz-fikirdir ki, hörmətlə yanaşmaq üçün ayağa durmaq lazımdır. Hamı durdu ayağa. Mən əlimi sinəmə qoydum, bir neçəsi də əllərini sinəsinə qoydu. Hətta xırdaca bir səs eləyən olarsa, tez sakitləşdirirdilər ki, “görmürsən, nə gözəl söz danışır, qulaq as.” Bu bir-iki yerdə oldu. Ötəsi isə –məni döyən mollanın yasında. Mənə Amal bağında bir yumruq vurub yazıq özü. Artıq-əskik çox sözlər olub mənə qarşı. Biz onunla daban-dabana qarşı olmuşduq. Yenə mən onun hüzuruna getdim. Bilirdilər ki, mən orada farağat duran deyiləm. Həm də yəqin ki, belə hiss edirdim ki, tapşırılıb da ki, imkan daxilində imkan verilməsin, mən söz deyim. Ancaq mən də elə qırım elədim ki, heç etiraz eləyə bilmədilər. Mənim haqqım var burada, 70 yaşım var, uşaq deyiləm. Məclisə gəlmişəm, həm də mənim məclisimdir, mənim milli məclisim olmalı ikən başdan-başa yadlıqlar içərisindədir, mən buna etirazımı bildirirəm. Nəyim ağsaqqaldır mənim? Təpərlə qalxdım ayağa, yaxşı da 15 dəqiqəlik çıxış elədim, sonra elə rayona səs-sədası yayılmışdı, gəlib çatırdı ki, çox gözəl bəyənilibdir. Bilirsən, insanların qulaqları yeni söz eşitmək istəyir. Yenilik istəyir. O, qardaşımız vurğuladı, nüvə ki var, o səsləyir insanın içində. İçsəsdir, səsləyir o. Axtarır o. Heyrət eləyən də eləyir. Biganə yanaşan da olur. Hə, bu yaxşı dedi, yaxşı sözlərdir. Müdrik sözlərdir, müdrik danışdı. Belədir münasibət. Ancaq ümumi halda görürəm ki, xalq o qədər acdı bu sarıdan. O qədər heyrətli axtarışdadır ki, o mənə o gücü verir. Toyda da olmuşam, toyda milli dəyərlərimizi qısaca şəkildə hallandıra-hallandıra, belə bir dəyərlərə tapının arzusuyla bəy və gəlinə öz münasibətimi bildirmişəm. Əvvəl öz yörəm, yəni evladlarım, qohum-əqrəbalar, nəvələr-filanlar toplaşdılar mən danışdığım mikrofonun yanına, sonra camaat qalxdı, yaxınlaşdı. Elə bir toplum yaranmışdı ki, mən təkcə birtəhər söz alıb danışan adam, yörə tamamilə durub gəlmişdilər ora və çox gözəl idi heyrətləri. Atanın rübaisini də dedim. Ata yeni evlənənlərdə nəyi görmək istəyir? Xalqın davam eləməsi və xalq hansı dəyərləri yaşatmalıdır? Evlənənlər kimlər olmalıdır? Bunları vurğulamışam.
Söhbət etdiyim adamlara ədəbiyyat da paylamışam. Məni müalicə edən həkim çox istəyirdi, apardım ona kitab verdim. Başqa adamlara da verdim, istəyənlərə verdim. Hələ çatmadı kitab, indi gedən olanda söz vermişəm, göndərəcəm. Yayılırıq. Ən az yayan mənəm.
Xalq ruhunu necə qoruyur – xalqın dəyərlərini qorumaqla. Əgər xəlqi dəyər bəşəri deyilsə, təkcə bir xalq üçünsə, o bəsit olardı. Hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla, Amalı Asif Atadan götürməlidir, Mütləqə İnam Ocağından götürməlidir və yaşamının yönünü dəyişməlidir. Kor-kor, gör-gör – mövcud təlimlər bəşəri ayaq üstə saxlaya bilmir. Bəşərin nizamı darmadağın olub, pozulub hər yöndə. Bəşəriyyətin başa çıxanları Putin kökündədir, Putin günündədir. 60 milyard təkcə Birləşmiş Ştatlar Ukraynaya silah yardımı verir, pul verir. Nə üçün verir? İnsanın insanı qırması üçün verir. Demirəm təslim olmalı idi. Xeyr, bu nizam deyil. Bu kimin maraqlarıdır? Amerikanın Ukraynadan umduğu maraqlardır 60 milyard. 60 milyard heç bilirsiniz nə deməkdir? Bəşər yaşayar o imkanla. Bunu silahlara verib insanın başına tökməkdən kim nə qazanır? İnsanlıq bu dərəcədəmi itib gedib, bəli, bu dərəcədə itib gedib. 1 milyon yarım filan tərəfdən qırıldı, 5 milyonun sinəsinə dağ çəkildi. Neçə milyon körpə hıçqırıqda boğuldu, gəlinlər dul qaldı. İnsan bunu düşünmür. Mən heyrətdən min dəfə bu halı yaşamışam, indi də tüklərim biz-biz olur. Yəni bunu anlayan yoxdurmu? Nədir? Nə olur? Kimin, hansı xalqın öz təkcə ərazisi, öz coğrafiyası, öz torpaqları onu yedirtməyə, onu yaşatmağa qadir deyil? Hamısının hər şeyi çatır artıqlaması ilə. Filan prezidentin 85 milyard nə bilim Sastani deyilər, nə deyirlər, pulu var, nəyə lazımdır bu? Bütün nizamlar pozulubdur. İnsan, xalq fəlakətli bir aqibətdədir. Ya Mütləqə İnama üz tutub yönünü dəyişməlidir, ya da ki, öz məhvini gözünün altına almalıdır. Təbii ki, biz inanırıq ki, xalq, bəşəriyyət ağlını başına yığacaq. Üz tutacaq. Hələlik bugün 5-10-15 nəfər möhkəm tutub bütün varlığıyla ardınca gedir. Biz bilirik, ətrafdan da hiss edirik. Var, yaxşı münasibətlər var. Vaxt olubdu, bəlkə də bizim naşılığımızdan olub ki, biz təqdimatı, yanaşmanı düzgün seçmirdik. Bizə qarşı olurdu, çox qıcıqlar. İndi elə şeylər yoxdur, mən hiss eləmirəm. Harada var, harada söhbət olubsa, kimsə o qərəzdə ola bilər, bir-iki nəfər elə bilər, dinçidir, öz mövqeyindən çıxış edir və öz bildiyini müdafiə edir, heç özü də bilmir nəyi müdafiə edir. Ancaq heyrət böyükdür, Asif Atanın Mütləqə İnam Ocağına, ideyalarına. Hə, bu yayılmaqda da zahirən gözə elə görünməsə də bunu hiss edirik.
Atamız Var olsun!

Nurtəkin Atalı (Ataya scədə edib, Bayrağı öpür – N.A.): Bayramımız qutlu olsun! Hər bir xalqın özünəxas dəyərləri var. Bu dəyərlər həm xalq ruhunu yetişdirir, həm də onun fərdi və ümumi təzahürüdür. Xəlqi dəyərlər müqəddəsdir, ölməzdir. Çünkü onlar insan müqəddəsliyini, vətən müqəddəsliyini təsdiq edirlər. Məna üstə yaşayan, müqəddəsləşən insan dəyər yaradır. Özünü Mütləqdə tapan xalqda yaşayır. Xəlqi ruh – xalqın öz keçmişi, mədəniyyəti, dəyərləri, dili, tarixidir. Tarixdəki ağrıları da, uğurları da, faciəsi də onun ruhunda yaşayır. Özünü tanıyan xalqını tanıyır. Xalqını tanıyan özünü tanıyır. Xalqla insan arasında belə vəhdət var. Özünü tapan xalqını tapır. İnsan xalqda yaşayır. Ata deyir, Hegeli oxuduqca Füzuliləşirdim. Bəşərdə dahilər var, bəşərdə dəyərlər var. Ancaq hər insanın özgün olduğu xalq var, xalq ruhu var. Ata Hegelin böyüklüyünü görürdü, ancaq o böyüklük onu əzmirdi. Çünkü özgün olduğu dəyəri, böyüklüyü də görürdü, duyurdu. 10 illərlə müxtəlif ideologiyalarla, siyasi doktrinalarla insanı xalqdan ayırmağa çalışdılar. Özgə dil, özgə mədəniyyətlə əzməyə çalışdılar bizi. Sovet vaxtında Ata klublarda Füzulidən, Nəsimidən, Zərdüştdən danışırdı. Axın-axın gedirdilər. Çünkü Atanın ifadəsi ilə desək, həqiqət acı idilər. Atadan eşitdikləri düşüncələr insanları özünə, özümlüyünə qaytarırdı. Ruhlarının duymaq istədiklərini duyurdular.
İnsan insanlığa yetir, dünyaya gözəllik qatır, dünyanı işıqlandırır. İnsan müqəddəsliyə yetir, müqəddəsləşir, xalq da müqəddəsləşir. Müqəddəslik ömürlərdə qorunur, xalqda qorunur. Xalqın müqəddəsləri göründükcə, xalq da müqəddəslərinə layiq olmağa çalışır. Mənim qəhrəmanım, mənim dahim, mənim köküm, mənim tarixim, mənim keçmişim. Yəni, xalqın dəyəri mənimdir. Mən bu xalqdanam. Mən bu xalqa da layiq olmağa çalışacağım. Bir xalqın keçmişindəki yanlışlar, uğursuzluqlar, xətalar nədən doğdu? Onu da bugün hər bir fərd ciddi araşdırmalı, ittiham etmədən qiymət verməlidir. Hər bir xalqın dəyəri nə qədər baş ucalığıdırsa, onun xətası da dərsidir. Bu xətalar kamilliyə yetməməkdən, özünü xalqdan ayıranların xalq ruhuna qarşı çıxmasından yaranır.
Cəmiyyət – adamları öz qanun-qaydaları ilə yaşatmağa çalışır. Dövlətin qanun-qaydaları çox zaman adamları xalqa yadlaşdırır. Yaşamaq uğrunda mübarizədə xalqı yaşatmaq, qorumaq gələnəkləri unudulur. Müasirlik adı ilə ömrümüzə, bugünümüzə yağılıqlar girir. Bugün mənim sorunum Azərbaycanlıyam, ya Azərbaycan Türküyəm – hansının doğru olduğunu sübut etməkmi olmalıdır? Bugün mən başqa xalqın abe’sindənmi yararlanmalıyam, yoxsa öz abe’mi diriltməliyəm? Bugün mən xalqımın ruhuna yad toy-yas gələnəkləri ilə yaşamalıyam, yoxsa öz millətimizə, türkçülüyümüzə xas gələnəkləri yaşatmalıyam? Bugün mən dəyərlərimizə hücum olanda özümü təkmi görməliyəm, yoxsa o qədər güc birlik oluşdurmalıyam ki, dəyərlərə hücum etməyə cəsarət etməsinlər?! Qorunmayan hər bir şey məhvə məhkumdur. Qorunmayan hər şey yaddaşlardan da, ömürlərdən də silinər. Zatən düşmənlərimizin də istəyi budur. Bəzən adam heç bilmir, nə üçün yaşayır. Elə bilir cəmiyyət qanunları Allahdır. Xalqın gələcəyini düşünmək onun borcu deyil.
Onun içindəki yatmış duyğuları oyatmaq gərəkdir. Burada ehtiyac duyulur İnam harayına, Ata harayna. Hər şey insandan başlayır, deyir Ata. Cəmiyyət, zaman, şərait ölçüsündən uzaq, İnsanilik ölçüsü ilə yaşayan insan gərəkdir millətə. Özünün bütün potensialını aşkarlayan, özünü mütləq ruhani varlıq kimi təsdiq edən Mütləqilik ölçüsü gərəkdir. Xeyri şərdən, yalanı həqiqətdən ayırmaq üçün həqiqət ölçüsü gərəkdir insana. Tale, qismətdən çıxmaq, öz ömrünün yiyəsi olmaq üçün Amal gərəkdir insana. Allahın qulu deyil, cəmiyyətə yarayan vasitə deyil, zamana sıxışan adam deyil – inamı ilə, idrakı, mənəviyyatı, iradəsi ilə yaşayan insan gərəkdir. İnsan özünü yaradanda xalqa da yarayır, bəşəriyyətə də. İnsan insan kimi yaşamaq, dünyanın, həyatın mənasına varmaq, mənasını yaşatmaq, İnsanilik işığı yaymaq üçün gəlib dünyaya. Bu haqqa yetmək, qorumaq, soylara ötürmək gərəkdir.
Atamız Var olsun!

İnamlı Atalı (Ataya scədə edib Bayrağı öpür – N.A.): Xəlqilik Bayramı münasibətilə Ocağımızı da, xalqımızı da qutlayıram. Ocağımıza böyük uğurlar arzu edirəm. Xəlqiliyimizin özülündə böyüklük durur. Bu gün bu hal xalqımızda Asif Atanın peyğəmbərliyi iləözünü təsdiq edir. Bu çağa qədər də xalqımızın dəyərləri olub, ancaq çağımızda onlar söz kimi mövcuddurlar. Asif Ata bu dəyərləri sistem halına gətirdi,onların gərəkliyini bizə öyrətdi. Xalq dəyər yaradıcı xalqdır, bu durumlara gətirilməsi qaçılmaz olaraq onun qarşısına tələb çıxardı – Özümləşmə tələbi. Bundan sonra bu millət ola bilməzdi ki, öz Peyğəmbərini yetirməsin. Yetirdi! İndi bu millət ola bilməz ki, ortaya çıxardığı Peyğəmbərlik ruhunu öz həyat tərzinə çevirməsin.
Bu gün bəşəriyyət elə bir duruma gəlib ki, insan insandan qorxur. Çünkü insan özünü dərk eləmir. Ona görə peyğəmbərlik, İnam hadisəsi başlamalıydı, bizim xalqımızdan başladı.
Atamız Var olsun!
Vüqar bəy: Mənə söz verdiyiniz üçün, diqqət ayırdığınız üçün var olun. Bir-iki fikirlərim yarandı, mən onları fraqmentlər halında deyəcəm. Çünkü ilk dəfədir, böyük bir fasilədən sonra sizlərlə görüşürəm. Yaddaşımda yaranan fikirlərdir – istəyirəm onları sizinlə bölüşəm. Asif Ata həmişə deyərdi ki, “dünya insan görməyib, dünya insan səsi eşitməyib.” Bu milyardlar hələ insan görməyib. Bu çox böyük acı həqiqətdir. Doğrudan da, bu söz elə demək olur ki, dağı da əridə bilər, çünkü bu sözün fonunda, kölgəsində, “dağ” boyda adam da balacalanır, deyəndə ki, doğrudan da bəşər hələ insan görməyib, o, insan səsi eşitməyib.
Türk xalqlarının bəşər tarixində yerinə yetirmədikləri bir iş – türkün öz peyğəmbərini yaratmaması, öz sözünü dünyaya deməməsi. Bunu siz hamınız əlifba kimi bilirsiniz. “Mütləqə İnam Fəlsəfəsi” bu boşluğu tam doldura bildi. Xristianlığın dünyəvi bir din kimi yayılması İsanın çarmıxa çəkilməsindən 200 il sonra baş tuta bildi. Ancaq dünya hələ də heç İsa deyən əqidəyə bir addım da yaxınlaşmayıb. Özünü İslamçı sayan, öz sayı ilə fəxr edən milyard yarımlıq müsəlman da heç nə ola bilməyib. Biz bu dünyada yaşayırıq, başqa planetdən də bura baxmırıq, elə bunların arasındayıq, səviyyələrini görürük.
Özümləşmə mövzusunda söhbət gedəndə belə bir fikir yadıma düşdü: Asif Ata çıxışlarında həmişə qeyd edirdi, “fəlsəfə ilə dünyanı dəyişə bilməyəcəyik, təkcə fəlsəfə ilə işimiz alınmayacaq.” Haradansa yadıma düşdü, qeyd elədim, bilirəm ki, bunları məndən çox gözəl bilirsiniz. Siz Ocağın həm işığına qarışmısınız, həm istisinə qarışmısınız; mən Ocağı kənardan seyr edirəm. Ocaqdan uzağam. Mən indi göbələk yağışdan sonra çıxan kimi durub deyə bilmərəm, “sizin tayınızam”, aramızda fərq var.
Mütləqə İnam bayrağı altında olan adamlar əmindirlər ki, bu dünya hamının bildiyi dünya deyil, sənin (Ocağın) bildiyin dünyadır. Bu dünya hamının gördüyü dünya deyil, sənin gördüyün dünyadır. “Sən”in arxasında özümləşmiş Mütləq fəlsəfəsi var. Şəxsən mənim ən böyük uğurum budur ki, bu fəlsəfəyə dayanaraq dünyaya fərqli baxa bilmək, dünyanın fərqini dərk eləmək imkanım olub. Dünyadan artıq olmayan heçdir, çünkü dünya heçdir. Nə yazıqlar ki, bu 30 ildə mən bir dəfə görmədim ki, bir nəfər gəlib yaxınlaşsın, desin ki, siz hansı dünyadan danışırsınız? Nə üçün dünya heçdir? Nə üçün dünyadan əl çəkməyənlər hamısı heçdir? Bir dəfə olub, bir nəfər, bir cavan oğlan öz toyunda ona mən arzularımı çatdıranda hiss elədim, diqqətlə mənə qulaq asır, toydan sonra gəlib mənə dedi ki, Vüqar əmi, necə dünyada yaşayıb dünyadan artıq olmaq olur? Dedim, oğul, bu ürəksiz dünyada bir sevgi dolu ürək gəzdirməklə dünyadan artıq olmaq olur. Bu bivec dünyada vicdanla yaşamaqla insan dünyadan artıq olabilir.
Mən sevindim ki, bu yeni ailə qurmuş adamda nəsə bir parıltı yarandı, görəm bu parıltıya bu vurğun olacaqmı? Özüm də xeyli səy göstərdim, gördüm yox, dünya öz işindədir. Biz qabaq elə düşünürdük ki, hər iş üçün doğulmaq lazımdır, filosof olmaq üçün doğulmaq lazımdır, nə bilim, Filosofun fədaisi olmaq üçün, ideyalara fədailik edəmək üçün doğulmaq lazımdır, ancaq Asif Ata buna qarşı çıxırdı, deyirdi ki, xeyr, adi kütlə ilə də bizim aramızda xətlər var, bizim aramızda simlər var, o incə simləri istifadə edib xəlqiləşmək lazımdır. Özünüzü kənara çəkməyin. Xəlqlilik bizim həmişə içimizdə olub. Ata ideyaları qəlbimizdədir, onlar bizim ruhumuzdadır, onlar bizdən uzaq düşə bilməz.
Var olasınız ki, vaxt ayırıb, qulaq asdınız.

Soylu Atalı: Qardaşımız Atanın bir sözünü vurğu elədi ki, xalqla bizim aramızda bağlar, tellər var. Ocaq seçilmişlərin məsələsi deyil, Ocaq – xalqın məsələsidir. Heç kim deyə bilməz, Ocağa seçilmiş gəlir. Seçilmiş yoxdur. Seçilmək söhbəti yoxdur. Yaranmaq məsələsi var. Ata Ocağının qapısını bağlamır, təkcə seçilmişlərin üzünə açmır.
Din insana özünü düşünməyi yasaq elədi. Tanrıya asi olmaq adı altında, hətta hakimiyyətə belə, asi olmaq adı altında yasaqlarla üz-üzə qaldı insan. Gözə almayıbar ki, insan düşünən varlıqdır. Ona yasaq qoymaq olmaz. Gec, ya tez insanın təfəkkürü oyanacaq, sənə üsyan qaldıracaq. Onu susdurub tabe eləmək yox, böyüdüb ruhani tabe eləmək gərəkdir. Ona görə də insana düşüncə imkanı yaratmaq gərəkdir. Heç bir ləbbeykçi gediş, qurum, dünyagörüş İnsanlığa xeyir verməyib,bəşəriyyəti qabağa aparmayıb. Ləbbeykçiliklə olmaz, imkan ver düşünsün, sənə ağlı ilə, ləyaqəti, mənəviyyatı ilə münasibət bildirsin. O düşünsə, mənəviyyatı yaranacaq. Bizim könlümüz olmalıdır axı. Könlümüzün olması üçün onu yaratmalıyıq. Könlümüzü susturmaqla heç nəyə könül bəsləyə bilmərik. Bu baxımdan, gərək imkan verəsən, inkişaf yolu keçilə, İnsan öz üzərində işləyə, düşünə. Asif Atanın ən böyük işi insanı düşündürməkdir. İnsanı“bəli, baş üstə” deməyə çağırmır. Düşün, öyrən, oxu. Bunlar olmasa, insanın yetişməsindən, kamilləşməsindən, artıb böyüməsindən söz gedə bilməz.
Sonra ikinci bir məsələni demək istəyirəm. Azərbaycan dəyərləri ilə bağlı. Baxın, Azərbaycanın dəyərləri var, Türkün dəyərləri Azərbaycanın dəyərləridir. Məsələn, Asif Atanın yaratdığı sistem. Zərdüştdən başlayır saza qədər yeddi dəyərin adı çəkir. Azərbaycanda bu dəyərləri heç kim təbliğ eləmir. Türkçülük deyəndə hamı gedir Bozqırlara, Ötükənə, Orxon-Yenisey vadilərinə. Yovşan bitən yerlərə gedir, türkçülük deyəndə. Ağzının içində türk var, türkçülük var, onu heç kim öyrənmir, təbliğ eləmir. Niyə? Baxın, Sovetlər dağılandan sonra, 90-lardan bəri, çox davamlı şəkildə klassik Azərbaycan dəyərlərimizə qarşı hücumlar təşkil olundu. Babəkə qarşı, Nəsimiyə qarşı, hətta Koroğluya qarşı, Zərdüştə qarşı. Şah İsmayıl ruhani dəyər deyil, dövlətçilik açısından dəyərdir.(Şah İsmayıl bir ayrı qonudur). Bunlara qarşı hücumlar oldu. Bunları hibrid bir şeyə çevirməyə çalışdılar, kombinasiya elədilər İslamla, filanla. Hürufiliyi İslam təriqəti elan edirlər. Deyil! Göy Tanrıçılığın uzantısıdır. Zahirən İslam təriqəti kimi görünər. Çünkü 28 ərəb hərfinin vasitəsilə Allahın insan surətində təcəlla etməsini, ifadə olunmasını, oxunmasını dedilər. Bu zahiri bir şeydir. Taktiki bir gediş idi bunlar. Nəimi çağırış eləmişdi, Vəsiyyətnəməsində, yazırdı ki, gündə 5 rükət namaz qılın. Sizi qırıb axırınıza çıxacaqlar. Libasınızı dəyişin-filan. Yəni mənə gərəksiniz. Buna görə durub deyə bilməzsən, bu İslam təriqətidir. Dəyərlərimizin özümüzəxas olduğunu demirlər, kombinasiya edib hücumlar təşkil edirlər. İndi türkçülər də Azərbaycan dəyərlərinin adını çəkmirlər, gedib Bozqırlarda, Ötükəndə axtarırlar bütün dəyərləri. Onlar da ümumtürk dəyərləridir. Ona qarşı deyilik. Kim deyir getmə. Ancaq sən Zərdüştün, Dədə Qorqudun, Babəkin, Nəsiminin adını niyə tutmursan?! O dəyərləri ancaq Ata-Ocaq təbliğ edir. Ata demir ki, sən Nəsimiçi ol, Hürufiçi ol. Demir, Zərdüştçü ol. Gücün çatır Mütləqçi ol, Asifçi ol. Ancaq sən Mütləqçiliyə yol başlamaq üçün keçmişinə arxa çevirmə. Orada sənin dəyərlərin var, şəxsiyyətlərin var.
Bir də bir məsələni deyim. Bu gün nə qədər türklükdə, Azərbaycanda Asif Ata çox oturuşarsa, biz buna sevinərik. Ancaq Asif Atanın bu gün xalqda passiv oturuşmasına da göz yaşı tökməli deyilik. Gəlin, biz hələ mən kiməm sualına cavab axtaraq. Niyə Bəşər kimdi sualını veririk? Mən kiməm sualına cavab tapsaq, onda bəşər kimdi sualına asanlıqla cavab tapacağıq. Öncə mən özüm olum, ola biləndən sonra olduracam. Mənim olmağım Asif Atanın düşüncəsinə yiyələnməyim deməkdir, onu dərk eləməyim deməkdir. Onu xalqa çatdırmaq üçün cəsarətlənməyim deməkdir, hünərlənməyim, qeyrətlənməyim deməkdir. Onu yaratmağım, yazmağım deməkdir. Yəni mən özüm olandan sonra qarşımda problemlər qalmır. Kimsə gözəl olmaq istəmir özü bilər. Mən onu gözəl olmağa çağıracam. Bunun üçün özüm öncə gözəl olmaq, gözəl yaşamaq istəməliyəm. Asif Atanın deydiyi odur ki, sən öz mənana bərabər yaşa, insan kimi yaşa, heyvandan ayrıl. Onda sənin çağırışın iş görəcək. Yoxsa sən özün olmursan, mənə deyirsən, gəl, ol. Niyə, olum? Niyə səni eşidim?! Gərək aydınladasan, səbəb verəsən.
Bizə qədər də çağırışlar olub. Bugün də toplumumuzun içərisində çoxsaylı çağırışlar var. Söz kimi səndən yaxşı çağırarlar. Ancaq o çağırışların heç biri səni özümləşdirməz. Millət eləməz. Çünkü özün olmadan çağırışın iş görməz. Simfoniya nə qədər yaxşı olsa da, mənim laylamı muğam, saz çala bilər. Öz laylamı dinlədikcə ruhum yoğrulur. “Öz” məsələsi önəmlidir. Bu sözdən yaranan özümləşmək anlayışını yaradıb Asif Ata. Asif Atanın birinci sözü “xalqlaşdırın” deyil, “xalqlaşın”dır. Böyü ki, böyüdəsən. Ona görə deyir: Dünya nə çalır çalsın, sən öz havanı çal. Nə qədər ki dünyan yoxdur, hamını dünyana çağıra bilməzsən. Bu bizim üçün çox önəmli bir məsələdir. Xalq eşitmədi deyə gərginləşmək, tələsmək olmaz. Dünya dünən başlamayıb ki, deyəsən, sabah qurtaracaq. Öncə özünü qurmaq gərəkdir. Özündən başla xalq yaratma işinə. Asif Ata 50 iləmi qəbul olacaq, 500 iləmi, məsələ bu olmamalıdır. Atanın ləyaqətinə sahib çıxa bilsək Xalqı yaradacağıq. Asif Atanın işinə yiyələnmək isə, dediyim kimi, Öz ləyaqətimizi qura bilməyimizdən keçir…
“Xəlqilik” Şərqisi, “Xəlqilik Bayramı üstə Mütləqlə Təmas” söyləndi. Bayram quralları ilə törən sona yetdi.
Səsdən sözə çevirdi: Nurtəkin Atalı
Sərt Ayı, 47-ci il. Atakənd.



