Xəbərlər

Qutsal “Şərqilik” Bayramı

 Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 12 Ata Ayı, 47-ci ildə (sentyabr, 2025) Qutsal “Şərqilik” bayramını gerçəkləşdirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ocaqda ölənlərimizin adını anırıq – Sabahlı, Bağban, Amaltay bizimlədir.
 Biz 27 ildir Şərqilik bayramını keçiririk. Bayramların məzmununa yönəlik söz demişik, eləcə də, təbliği ilə uğraşmışıq. Öz saytlarımızın, başqa saytların aracılığı ilə, qəzetlərin aktiv olduğu çağlarda, qəzetlərdə belə bir təbliğat aparmışıq. Yəni bayramların məzmunu ilə bağlı yazıları çap eləmişik. Mənim evimdə tikilmiş qəzet topluları var, həmin yazılar, həmin məsələlər o qəzetlərdə öz əksini tapıb. Bunu niyə xatırladıram?! – Ocağın özünəxas prinsipləri var. Biz bunu hər dəfə özümüzə xatırlatmalıyıq. Ocağın prinsipləri Onun böyük ideyalarının gerçəkləşdirilmə addımları, əməlləridir. Ocaqda qurallar, gələnəklər var. Yəni Ocağın ruhsal gələnəkləri var. Bu gələnəklərin yaşadılmasını ayaqda tutmaq, toplumla Ocaq arasında, başqa sözlə, Ata ilə toplum arasında xəlqi yöndən bağlantılar yaratmaq, ədəbiyyatlarının üzünün artırılması, toplumda yayılması kimi bənzər addımları var. Hamısını burda sadalamaq istəmirəm. Bu işləri biz görməliyik.
Ocaqiçi gələnəklər – Ocağın bizim qarşımızda qoyduğu tələblərə əməl etməkdir. Bu bir ruhaniyyat yoludur, sistemidir. Biz bu gələnəklərə uymalıyıq.
Texnologiyalar inkişaf edir, texnologiyaların inkişafından doğan tələblər var. Deyirlər, insanları bu tələblərə alışdırmaq gərəkdir. Biz texnologiyalara qarşı deyilik, ancaq texnologiyaların bəzi  çalarları ilə, bəzi etkiləri ilə barışmırıq. Texnologiyalar insanı, İnsanlığı udmaq üçün inkişaf etdirilir. Bunu görürsünüz, bilirsiniz. Bunu daha geniş sadalamayacam. Xəstəliklər, insanların bir-birinə qarşı saymazlığı filan, hətta evin içində belə, insanlar o qədər telefona alüdə olurlar ki, qıraqdan biri bir söz deyəndə onu eşitmirlər. Bu mənim öz evimdə də var. Ana telefonu uşaqların qarşısına qoyur, uşağı çağırırsan səni eşitmir. Çünkü diqqəti bütünlüklə ordadır. Bunlar adi bir şey kimi görünür. Əslində bu çox böyük bir fəlakətdir. Evin içində diqqətsizlik, xalqın içində diqqətsizlik, bütövlükdə bəşər həyatında diqqətsizlik. Gərəkən şeylərə diqqət ayırmamaq, diqqəti gərəkməyən şeylərə bağlamaq. Bu İnsanlığın faciəsidir. Bunu siz bilirsiniz, ona görə geniş açmayacam. Ona görə Ocağın içində bizim qarşımıza qoyulan tələblər var – Ocağı məktəbə çevirmək. Ocağı məktəbə çevirmək üçün insanın özünün qarşısında qoyacağı tələbləri bəlirləmək, yəni hər bir Ocaqçının öz qarşısına qoyduğu tələbləri bəlirləmək gərəkdir. Biz hansı keyfiyyətlərə malik olmalıyıq, hansı üstünlüklər yaratmalıyıq ki, Ocağı məktəbə çevirə bilək. Bu sözü elə-belə deməklə deyil ki, Ocağı məktəbə çevirək. Sizin suallarınız açıq qalmasın deyə mən bir az da açıqlamalar verməli oluram. Yəni böyük mənada Ocaq məktəbdir. Ancaq fərdi qaydada nə dərəcədə biz bu məktəbin ruhani öyrətmənləriyik, söhbət ondan gedir. Bunun üzərində daim işlənilməlidir. Ona görə mən deyirəm çoxlarının önəm vermədiyi məsələləri biz ciddi vurğu edirik. Nəyə görə vurğu edirik? – Baxın, bəşər həyatında yaranan uçurumlar, boşluqlar var. Zaman-zaman buna toxunuruq. Bu gün bu uçurumların ən dərin qatına yuvarlanan xalqlardan biri bizik. Konkret olaraq Azərbaycan türkləri. Mənəvi katastroflar, ruhani boşluq, xəlqi yönsüzlük, eləcə də, əxlaqi deqredasiya, eyni halda dövlətin süquta çəkilməsi. Bizim xalq olaraq ən böyük sorunlarımız bunlardır. Bu məsələləri necə yoluna qoymaq olar? – Bir çox şeylər ən yaxşı halda informasiya yaradır, informasiyaya çevrilir. Ancaq mənəvi dəyişiklik üçün, ya da xəlqi dəyişiklik üçün heç bir əsas vermir, səbəb vermir, yön vermir. Buna görə belə məsələləri özümüz üçün gündəmdə tuturuq ki, insanları düşüncələrə çağıra bilək. İnsanları milli varoluşun öyrətmənlərinə qoşa bilək, öyrətmə oluşumuna qoşa bilək. Bu gün yurdumuzda faciəvi gedişlər var. Burada açmaq istəmirəm, çünkü bayramın qonularına aid deyil. Belə bir giriş verdim ki, baxışlarınızı elə məsələnin üzərinə çəkim ki, indi deyəcəyimiz mövzular ki var, nəyə görə bunlar ortaya gəlir, buna ayıq baxa bilək. Biz onlayn tədbir keçiririk, əgər canlı keçirsəydik əlavə bir neçə nəfər də olardı. Hər bir insanda müəyyən sorular yaranır. Biz elə məsələlərə yanaşırıq, elə məqamlara toxunuruq ki, bu məsələlər, bu məqamlar çoxluq olaraq, başqa insanları düşündürmür. Başqa insanları başqa şeylər düşündürür. Onları düşündürən başqa şeyləri onlar ulusal yön sayırlar, milli gediş sayırlar.
 Asif Ata Şərqilik bayramı yaradıb, mövzu verib. Bu mövzulara yönəlik münasibət bildiririk. Biz Şərqilik bayramında ən çox Şərqi dəyərlərin məzmununa toxunuruq, açırıq, deyirik. Mən deyirəm ki, toxunduğumuz bu mövzular sanki ancaq bizim mövzulardır. Başqa insanları düşündürmür, başqa insanlar bunları önəmsəmir. Məsələn biz deyirik, Şərqi dəyələr içərisində Zərdüştçülük adlı dəyər var. Biz nəyə görə Zərdüştçülüyün adını çəkirik, deyək ki, Avropa erasından öncə olan bir hadisənin adını çəkirik, hallandırırıq. İnsanlar da deyirlər, bu nəyə gərəkdir. Biz Zərdüştçülük dəyərinin adını ona görə çəkirik ki, Zərdüşçülükdə İnsanlığın heyvanlıqdan ayrılmasına baxış yaradılıb. Bunun üçün ruhaniyyat gərəkdir. Bunu eradan yüzillər öncə deyiblər. Biz Şərqi dəyər olaraq Buddanın adını çəkirik. Buddada da çağırış var, İnsanlığı heyvanlıqdan ayırmaq çağırışı. Görün insanlar nəyi önəmsəmirlər. Bunlar deyir ki, İnsanlığı heyvanlıqdan ayırmaq gərəkdir. Konfutsilik var, Çində yaranmış bir baxışdır, Konfutsi onun şəxsiyyətidir. Konfutsiçiliyin özündə də bənzəri çağırış var. Deyir ki, İnsanlığın yaşaması üçün dövlət siyasi, sosial addımlarında insanı nəzərə almalıdır. Min illər bundan öncə deyilib bunlar. Dövlət bunu nəzərə almalıdır, almayacaqsa, heyvanlıq İnsanlığı üstələyəcək. Bəlli səbəblərə görə biz islamı qəbul eləmirik. Ancaq Şərqi açıdan götürəndə İslamın özündə də bənzəri çağırışlar var. Onun sonucunda sufizm yarandı. Sufizm Şərqi dəyərdir. Deyir, insan Tanrı ilə əlaqələrində yekəbaşlıq etməməlidir, təkəbbürlü olmamalıdır. Onda nə baş verər, – öz növündən olanlara ayıq baxar.
 İsaçılığı götürək. İsaçılıq Şərqi dəyərlər əsasında yaranmış baxışdır. Şərqi dəyərlərin Batıya daşınması olayıdır. Şərqi dəyərlər əsasında Batıya mərhəmətçilik, xeyirxahlıq prinsipləri daşıyıb. Bunları qanuna çevirməyə çalışıb. Bunları qanuna çevirərsənsə onda İnsanlığı heyvanlıqdan ayırmış olursan. Manixeizm deyilən bir baxış var. Manixeizm Mani adlı bir şəxsiyyətin İranda yaratdığı baxışdır. Nə istəyir, nə deyir? – Deyir ki, ədalətli yaşam olmalıdır, insanlar arasında birlik, bərabərlik formalaşmalıdır. Bunu sadəcə olaraq mənim dediyim bir cümlə ilə demir. Bunu dünyabaxış səviyyəsinə qaldırır, onun harayını çəkir.
 Şərqi dəyərlərin Xürrəmilik baxışı var. Şərqi dəyərlərin çoxu Azərbaycandadır. Xürrəmilliyin məğzi nədir, – insan içindəki Tanrıdan güc almalıdır ki, şərə qalib gələ bilsin. Bu azadlığa yetmənin anlamıdır, çağırışıdır, canıdır. Ondan sonra Hürufilik baxışı olub. Hürufiliyə görə insan Tanrı xislətlidir. İnsan bunu dərk eləməlidir ki, öz növündən olanlara zülm eləməsin. Öz növündən olanlara zülm eləməklə onları heyvanat aləminə qaytarmasın. Beləcə, Şərqi ənənənin varisliyi yaranır.  Bu ənənə ən yüksək səviyyədə bütün yanlışlardan açılaraq, ayrılaraq yeni bir aşamaya keçir, davam edir. Bu Asif Atanın Ocağıdır. Asif Ata Şərqi dəyərlər deyəndə bu adını çəkdiklərimizin yaşaması, yaşadılması prinsiplərinə üz tutur. Onlardan əl çəkildi, nə baş verdi? Bir vaxtlar insanların yaşaması Şərqi dəyərlərə bağlı idi. Şərqi dəyərlər sıradan çıxarılandan sonra Batı gedişlərinin üstünlükləri yarandı. Batı gedişinin üstünlükləri bu gün bizə nə vəd edir?! – İnsan heyvana qayıdır. Bütün çalışmalar onu deyir ki, insan heyvana qayıtmalıdır. Elmin, texnologiyanın gəlişməsi insanı heyvana qaytarır. Bu boyda hüquqi bazalar yaradırlar. Nə edir, – insanı heyvana qaytarır. Hüquq məsələsi prinsipial məsələ deyil. Xalq məsələsi prinsipial məsələdir. İtin, pişiyin də hüququ var. Bu gün itin, pişiyin hüququ insanın hüququndan daha çox önəmsənilir. Biz Doğu dəyərləri içində ən ucasını, ən doğrusunu, dediyimiz kimi, türk dəyərləri içərisində görürük. Bu dəyərlərin içərisində bir də türk törəçiliyi olub. Halallıq, doğmalıq, ailəcanlılıq, ailəçilik prinsipi, mərdlik, həyanlıq, dünyaya gərəklik. Dünyaya gərək olmaq türkdə var. Türkün Tanrıçılıq baxışı – doğaya vurğunluq, doğaya yiyəlik duyğusu əslində dünyaya yiyəlik anlamı daşıyır. Biz bu gün bu adını çəkdiyim məsələləri sistemləşdiririk, Asif Atanın Ocağında yenidən dəyərləndiririk, onun təbliğatını qururuq. Onun yaşaması üçün insanların ürəyinin qapısını döyürük. Dünyanın qurtuluşu bundadır. Bizim keçirdiyimiz bayramın məzmunu budur. Dəfələrlə biz, toplumun yaşatdığı o biri bayramların məzmununa baxış sərgiləmişik. Təkrar eləmək istəmirəm. Dini bayramların, siyasi bayramların hansı birində insana İnsanlığın məzmununu öyrədirlər?! Hansı birində insanı özü ilə, öz mənası ilə üz-üzə gətirirlər?! – Heç birində. Ən gözəl milli bayram Novruz bayramıdır. Novruz bayramını belə, sıradan çıxarıblar. Novruz bayramının belə, məzmunu bəlli deyil. Biş-düşdən başqa heç nə yoxdur. Ona görə diqqət edin, Ata nəyə görə “düşündük, daşındıq Ocaqlaşma yolu tutduq” dedi, nəyə görə Ocaq prinsiplərini ortaya gətirdi?! – İnsanlığın qurtuluşu üçün. Bağırmaqla, çığırmaqla, mitinqlərlə, partiya yaratmaqla bunlar alınmır, gerçəkləşmir. Bunların yaranması, yaşaması üçün Ocaq gərəkdir, ruhaniyyat gərəkdir. Biz onun peşindəyik.
  Mən Babəkin çağırışı ilə bağlı vurğu elədim. O deyir, İnsan içindəki Tanrıya qovuşarsa, azadlığa çıxar.  Tanrı əzəli, əbədi olandır. İnsan əzəli, əbədi olandan ayrılıb. O şey ki insanı var edir, o şey ki insanı xilas edir, o şey ki insana azadlıq gətirir, onu sən dərk eləmirsən, ondan uzaqlaşırsan. Ancaq hər şey istəyirsən. Bax, hər şey istəyirsən, ədalət istəyirsən, həqiqət istəyirsən, vicdanlı davranışlar istəyirsən, normal insan kimi yaşamaq istəyirsən, xalq olmaq istəyirsən, dövlət olmaq istəyirsən, – bunları oluşduran məzmundan isə ayrılırsan, başqa işlərlə uğraşırsan. Sənin uğraşdığın məsələlər istədiyin şeyləri sıradan çıxardır. Bu gün heç bir ailə övladına bizim adını çəkdiyimiz dəyərləri öyrətmir. Hamısı pul verir, borca girir, bankdan kredit götürür, uşaqlarını müəllim yanına qoyur ki, ingilis dili öyrənsinlər, texnologiyaları, komputerləri öyrənsinlər. İstəyirlər övladları pullu yerdə işləyib çoxlu pul qazansınlar. Bu gedişdə güclü yarış var. Belə bir şeyin uğrunda yarış gedərsə sənin arzuladıqlarının heç biri baş tutmaz. Atalar boşuna demir ki, niyyətin hara, mənzilin ora. Onların niyyəti uçurumadır, elə bilirlər qurtuluşdur. Ancaq uçuruma doğrudur, mənzili də oradır. Azadlığını itirir, xəlqi keyfiyyətlərini itirir, milli kimliyini itirir, mənəvi xüsusiyyətlərini itirir, hər şeyini itirir. Belə bir itirilmə prosesində, itirilmə gedişində biz fərqli çağırışlar edirik. Biz min illər öncə bəşəriyyəti qurtarmaq istəyənlərin çağırışlarına doğma çağırışlar edirik. Nə qədər fərqli şeylər desələr də, biz bilirik bu çağırışlar qurtuluşdur. Toplumun ümumi havası deyir, bizə bu çağırışlar gərək deyil. Ancaq bizim ağlımızı oynada bilməzlər. Biz bilirik ki, gərəkdir. Biz onları dəyişmək istəyirik. Onlar bizi dəyişməməlidir, biz onları dəyişməliyik. Onlar bizim istəklərimizə bənzəməlidir, biz onların istəklərinə bənzəməməliyik.
 …Bu gün ən yaxşılar dəyərləri kombinasiya edirlər. Bununla da əsil dövlətçilik, əsil xalqçılıq yaranmır. Bu gün sosial qurumlar var, məsələn, ailə adına qurumlar. Bunlar nəyə görə yaranıb, – əsil ailəçilik yaranmasın. Bütün yaranan qurumların hamısı bizim dediyimiz dəyərlərə qarşıdır.
 Bizim işimiz bəlli addımlarla gedir, zəhmətlərimiz var, əməklərimiz var, fədakarlıqlarımız var. Bacardığımızı edirik. Ancaq bütün başqa qurumların gedişlərindən daha passivik. Çünkü əsilik, özümlük çətin yoldur. Çünkü kombinasiya deyilik, çünkü əl atında deyilik. Olsaydıq indi dünya ilə bir olmuşduq, içində də heç nə olmayacaqdı. Bizdən qıraqda ən aktiv gedişlərə baxın, görün onların xalqa, İnsanlığa nə xeyri var. Ancaq hamısının inkişafı, təbliğatı bütün dünyaya səpələnib. İçi yox, məzmunu yox.  Onların özləri üçün hər şey əladır, ancaq xalq ölür, insan ölür, bəşər ölür, millət ölür, dövlət ölür, haqq ölür, hüquq ölür. Haqq adına yaranan qurumlar var, artdıqca haqq ölür. Hüquq adına yaranan qurumlar var, artdıqca hüquq ölür. Xalqçılıq adına yaranan qurumlar inkişaf elədikcə xalq ölür. Göz qabağındadır, mən heç nəyi şişirdən, uyduran adam deyiləm. Öyrəndiyim, araşdırdığım, bir anlamlı olaraq həqiqət bildiyim düşüncələrimi həmişə sizinlə də, başqaları ilə də bölüşürəm. Ocağın içi, işi budur, qıraqdakılarınkı da o. Biz burda heç nə uydurmuruq. Heç uydurmağa nə haqqımız var, nə də gərək var. Biz çağımızda hara qədər yol gedə biləcəyik, qəbul olunacağıq, olunmayacağıq, gələcəkdə biz necə qəbul olunacağıq, olunmayacağıq, – bundan asılı olmayaraq, biz doğru bildiyimizin arxasından çəkilməməliyik. Başqa cür davranmamalıyıq. Toplumun içində dəfələrlə bizə deyiblər ki, filan şeyi belə deyin, belə edin, onda Ocaq inkişaf edəcək. Bizə dəfələrlə deyiblər ki, Asif Atanın peyğəmbərliyini qırağa qoyun, onda Ocaq inkişaf edəcək. Mən başa düşə bilmirəm, Ocağın inkişafı nədir, nə deməkdir onda?! Biz yeni xalq yaradırıq, İnam Xalqı yaratmaq istəyirik. İnam Xalqı yaratmaq üçün ona peyğəmbər gərəkdir, Ocaq gərəkdir, İnam gərəkdir. Bunu da qırağa qoysaq onda bizim işimizin adı nədir, nə ilə xalq yaradacağıq?!
 Baxın, özünü millətçi sayanlar bizi hara çağırırlar,– özül prinsiplərdən uzaqlaşmağa. Çünkü onların başlarının üstündə duran yabançı güclər, antimillilər özül prinsipləri sevmirlər, qəbul etmirlər, onların inkişafına qapı açmırlar.  Həmin dırnaqarası millətçilər də bizə deyirlər, özümlü işlərinizdən əl çəkin, görün sizi necə inkişaf etdirəcəklər. Kim etdirəcək?! Mən özüm inkişaf etmirəmsə, məni qıraqdan kimsə necə inkişaf etdirəcək?! Yəni “mən” deyəndə bizim xalqdan söhbət gedir. Nə qədər ki xalq da sənin dediyini eşitmir, onların dediklərini eşidəcək, uçuruma yuvarlanacaq.
  Ancaq biz deməkdən usanmırıq, xalq günlərin bir günü ayılacaq. Gec də olsa ayılacaq. Ayılanda biləcək ki, ona sən gərəksən, Asif Ata gərəkdir. Bütün hay-həşirlər, çığırtılar, bağırtılar ona gərək deyil. Bunlar bu xalqı öldürmək üçündür, – yoxsullaşdırmaq, özündən ayırmaq, çökdürmək üçündür. Bunun harayını çəkirik. Bax, Şərqiliyin məzmunu budur. Şərqiliyin məzmunu xalqa bağlıdır, insana bağlıdır. Şərqiliyin məzmununu bu gün Ocaqdan başqa prinsipial olaraq dilə gətirən yoxdur. Hamısı Şərqi söyür. Şərq xalqlarının bugünkü görünən üzünü mən də alqışlamıram. Biz bu gün Şərqi dəyərlərin peşindəyik. Ona görə Ata deyir: dünya hara gedir getsin, sən öz yolunla get, onda dünyanı tapacaqsan.
Bayramımız qutlu olsun.
Atamız var olsun!

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):Qədimdən Şərqdə ailəyə bağlılıq, doğaya bağlılıq, yurdçuluq, mənəvi dəyərlər önəmli yer tutub. İnsanlığı qutsal saymaq, bunun üçün ömürlər fəda etmək, bizə görə Şərqi dəyərdir. Fəlsəfədə, musiqidə, sənətdə Şərq özünün təkrarsız, bənzərsiz olduğunu sübut edib, ancaq bugünümüzdə bu keyfiyyətlər yaşamır. Qərbin müasir gedişi ilə ayaqlaşa bilmədiyini düşündüyü üzündən özünü əskik sayır. Bu da şüurlarda, düşüncələrdə, ömürlərdə dəyərləri dəyərsizləşdirib. İndiki zamanda Qərbdə yaranan bütün özünügəlişdirmə proqramlarının hamısının təməli Şərqdən gəlir. Qərbdə Şərq fəlsəfəsi təməlində yeni cərəyanlar yaranır, Şərqdə isə cəhalət, gerilik yaşanır. Qərb özünü Dünyanın mərkəzi, idarəedicisi sanmaqla Şərqi dəyərləri məhv edir. Bu gün dünyanın zənginləri Şərq ölkələrində çoxdur, ancaq mənəvi, bəşəri zənginlikdə Şərqin payı getdikcə azaldılır, gözdən salınır. Şərq insanının özü belə bu gün hansı dəyərlərinin olduğunu bilmir. Çünkü beyinlərə, gözlərə, düşüncələrə elə bir siyasətlə, texnikayla aşılanma prosesi gedir ki, Şərq özümlüyündən ayrılır. Onun üçün ayrılan yollarla gedir, ya da getmək məcburiyyətində qalır. Bu gün dünyanın qaynar nöqtələri, savaş mərkəzləri Şərqdə gedir. Minillik dəyərləri olan Şərqin taleyi ondan sonra yaradılan ölkələrin idarəçiliyinə keçir.
Baxdığım, yaşadığım hər şey İnsanlığa zidd olsa da İnsanlığa inanıram. Bu gün yaranan fəlsəfələr insanı ya özgəçiliyə aparır, ya da maddiyyata. Maddiyyatın öndə olduğu, maddiyyatla insana qiymət verilən zamanda yaşayırıq. Çətindir bilirəm. Ancaq İnam qutsallığı var. O inam qutsallığı içimdə toxunulmazdır, məni saxlayan qaladır, dayaqdır. Ataya münasibətim qutsaldır. Mütləqə İnamın Şərqi, Bəşəri dəyərləri yaşadacağına, qoruyacağına inanıram. Dəyəri yaşadan, onun qiymətini bilən Özümləşən İnsandır. Özümləşən insanın  insana, millətə, bəşərə münasibəti ədalətlidir. Bəşərin zənginliyi – millətlərin varlığı, özünəxaslığıdır deyir Ata. Şərqin, Qərbin özünəxas varlığı da Dünyaya gərəkdir. Bu gərəkliyi anladan, qoruyan, öyrədən Ocaq yolu qurtuluş yoludur.
Mən arada ayrı-ayrı ölkələrin filmlərinə baxıram. Bu yaxınlarda bir Koreya filminə baxdım. Filmdə çox az dialoq var. Daha çox susqunluq var. Filmdən sonra insan daha çox düşünür. Qərb filmləri ilə müqayisədə çox fərqlidir. Qərb filmləri çox dinamikdir. Onlardan fərqli olaraq bu cür filmləri izləyəndə baxırsan ki, hədsiz dərəcədə sadədir, dialoqlar sadədir, ancaq daha çox düşündürür. Bu yaxınlarda rəssamlığa aid bir şey oxudum. Deyilir ki, Çin rəssamlıq sənətində boşluğun özü belə məna daşıyır. Bu da düşündürücü  məsələdir. Söz yox, incəsənətdə, sənətdə Şərq sözünü deyib. Ancaq bu gün onun dəyərlərinin çox arxaik duruma gəlib gözdən salınması ağrılıdır… Ocağımız var olsun.
Atamız Var olsun!

Soylu Atalı: Film, sənət örnəkləri, incəsənət, onun içində kino sənəti də gedir, İnsanlığa gərək olmalıdır. Batının kino sənəti bütünlüklə güc nümayişidir, güclülük nümayişidir. Orda mənəviyyat nümayişi yoxdur. Baxın, qədim hind ruhaniyatı dünyaca zəngindir, dünyada öyrənilib, bütün dünya ondan bəhrələnib. Bu günkü hind kinolarına baxın, Amerika kinolarından betərdir. Bütünlüklə güc, fantaziya nümayişidir. Bir nəfər elə gedir ki, elə bil bütün yeri, göyü udmağa hazır qüvvədir. Qarşısında nə var, insan demir, heyvan demir, hamısını məhv edir. Axmaqcasına güc nümayişidir. Bununla heç nə yarada bilməzsən.

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mən də Şərqilik bayramı münasibətilə bacı-qardaşlarımı qutlayıram. Bu müqəddəs yolda hamınıza uğurlar diləyirəm. Soylu qardaşımızın hərtərəfli gözəl izharı oldu. Çox önəmli yanaşmalar gördüm onun izharında. Çox məmnun oldum. Şərq deyəndə mən onun ümumiləşdirmiş obrazını Azərbaycanın timsalında görürəm. Bu gün Azərbaycan nə gündədir, bu elə Şərqin halını hərtərəfli özündə əks etdirir. Bayaq Soylu qardaşımız dində müəyyən əlamətləri vurğuladı. Deyirlər, islam memarlıq gətirdi-filan. Mən bunların hamısını elmlə bağlayıram, heç dinə bağlamıram. Ancaq qardaşımız dedi ki, buradan sufizm doğdu. Bu yanaşma məni çox gözəl etkilədi. İslamın bir az üzünü ağardan elə sufizmdir. Yoxsa İslam insan qarşısında üzü qaradır. İnsanı qaralayır. Elə başqa dinlər də elədir. Qərbin üstünlüyü hardan yarandı, dindən imtina etdilər, dini dövlətdən ayırdılar. O hesabla da texnologiya, elm inkişaf elədi. O da elmdə,  texnologiyada inkişaf elədi, İnsanlıqda yox. İnsanlıq Qərbdə tamam çöküb. Elə Şərqdə də çöküb. Ümid Mütləqə İnam dünyabaxışınadır. Mütləqə İnam insan qurtarmaq üçün yaranıb. 
Atamız Var olsun!

Soylu Atalı: Ocağımızın bayram mövzusu da birdir, baxışı da, düşüncəsi də. Burada bizim həm doğru bildiyimiz, həm də elə doğru olan bir məsələ var ki, Ocaqçılar prinsipial məsələlərdə eyni şeyi düşünürlər. Bəzən görürsən, qıraqdakı soydaşlarımız Ocağın içində demokratiya axtarırlar. Məncə fərqinə varmırlar, yanlışa yol verirlər. Ocağın içində demokratiya nə deməkdir?! Əgər demokratiyanı Ocaqda bərabərlik kimi düşünürlərsə, hər kəsin söz haqqı, düşüncə haqqı kimi düşünürlərsə, Ocaqda bu ən yüksək səviyyədədir. Biz fərdi qaydada evimizin içində ailəmizlə bağlı fərqli şeylər düşünə bilərik. Ancaq əqidə yolunda, Atanın ideyalarına yönəlik fərqli bir şeylər düşünə bilmərik.
Bir məsələni də vurğulayım. Bizim Ocaqla bağlı çox zəngin bazamız var. Eyni halda, dedim ki, biz toplumda başqa hərəkatlardan, təşkilatlardan passiv görünürük. Ancaq heç bir qurumun, heç bir təşkilatın, hərəkatın Ocaq qədər uzağa gedən nə ideyası var, nə konsepsiyası, nə də bazası. Mən neçə gündür arxivin elektron variantı üzərində işləyirəm. Çox şeyləri sistemləşdirmişəm. Burada həm ideyaları əks etdirən kitablar var, qurumun tələblərini əks etdirən çoxsaylı toplantılar var, qurumun tələblərindən doğan yayılma gedişləri – səfərlər var, səfərlərlə bağlı düşüncələr, bilgilər, şəkillər var; həyata keçirilən toplantıların düşüncə bazası var, hamısı kitablaşdırılıb; Törənlər kitabı var, hər ilin bütün tədbirlərini özündə daşıyan “Bayramlar”“Ailə Günü” kitabları var; Ocağın istər səfərlərindən, istər iç toplantılarından zəngin fotolar, səslər, görüntülər, əlyazılar var. Ocaqçıların ayrıca qovluqları var məndə. Kitabları, yazıları, şəkilləri, düşündükləri, səsləri belə orda var. Məsələn, Bilən bir il idi Ocağa gəlmişdi, vatsapda mənə səs atmışdı ki, Soylu bəy mən düşünürdüm, Azərbaycan batıb, onu düşünən yoxdur. Nə yaxşı mən sizi tapdım, mən indi bilirəm, Azərbaycanın qurtuluşu var. Bununla mən özüm xilas oldum… Bu cür səsləri önəmli saydığıma görə arxivdə saxlayıram. Dediyim odur, arxiv zəngindir, çox dərin bazadır. Həm Ocağın keçmişə, indiyə, gələcəyə baxışlarını əks etdirən hər yöndən, fotosundan səsinə, sözünə, yazısına qədər, Ocağın dövlətə, millətə, sənətə, dünyaya, bəşəriyyətə hər şeyə münasibətini əks etdirən zəngin baza var. Ənənə var. Ocağın olanları heç kimdə yoxdur. Ocağın, xalqın içində, qarışqa yerişiylə də olsa yayılan addımları qədər heç bir qurumun, hərəkatın, təşkilatın alt qatda yerişi yoxdur.
 Nəyə görə mən bunları vurğu elədim, əgər mən deyirəmsə, bizim işimiz azdır, passivdir, bu o demək deyil, mən Ocağın işini, əməyini gözardı edirəm. Mən olanı deyirəm. Biz heç bir vaxt olandan artığı təbliğ eləməli deyilik. Olandan artığa gərək yoxdur, – şişirtməyə, göstərgəyə. Biz toplumda hal yaratmaq üçün olanımızı deməliyik. Ocaq ideya sistemidir. Bunu heç nə ilə müqayisə eləmirəm. Ancaq Ocaq dışında davranışlar, hərəkatlar, gedişlər var, onların da heç birini özül saymıram. Saymıram deyəndə xoşum gəlmədiyi üçün deyil, yoxdur deyə saymıram. Olsa sayaram, doğrunu doğru qiymətləndirməyə, yüksək qiymətləndirməyə meyilli adamam.
 Buna görə tədbirlərimizdə məzmunla bağlı dediyimiz sözlərin hamısı, bəzən az olar, oxşar olar, çox olar, ondan asılı olmayaraq, bir məktəbin nizamnaməsidir. Biz özümüz öz işimizin mahiyyətini anlasaq, dərk eləsək, onu uğurla yaşada bilsək bu bizə bəsdir. Sizi bir daha qutlayıram, hər birinizi bağrıma basıram, hər birinizə dayanıqlığınıza, sədaqətinizə  görə sevgimi sunuram.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Bayram sona yetir.

Ata Ayı, 47-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir