Xəbərlər

Qutsal İnsanilik Bayramı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 15 Günəş Ayı, 47-ci ildə (mart,2025) Qutsal İnsanilik Bayramını gerçəkləşdirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq. Gələnəksəl olaraq bu bayramda da Ocaqda ölənlərimizin adını anırıq: Sabahlı, Bağban, Amaltay bizimlədir, həmişəlik.
 Hər birinizin gününüz uğurlu, amalınız işıqlı olsun. Biz Asif Atanın ölümündən sonra artıq 28-ci ildir ki, İnsanilik Bayramını gerçəkləşdiririk. Asif Ata bildiyiniz kimi bu bayramları ideya olaraq yazmışdı, ideya olaraq bizə saxlamışdı. Ancaq onun ölümündən sonrakı illərdə biz bunu gerçəkləşdirməyə başladıq. Bilmirəm düzmü elədik, sonrayamı saxlamalıydıq. Ola bilər bizim qarşımıza sual çıxar, deyə bilərlər ki, Asif Ata ideyaları yazmışdısa öz sağlığında niyə başlamırdı. Mən bilmirəm, biz bunu başlamaqda tələsdikmi, tələsmədikmi, doğrumu elədik, yanlışmı, – hər halda bu işi başladıq. Hər il də gerçəkləşdiririk, söz yox, bundan sonra da gerçəkləşdirməyə davam edəcəyik. Bu sualın bir cavabı var, ox yaydan çıxıb. Ona görə gerçəkləşdirib gerçəkləşdirməməyimiz haqqında qonunu artıq qapamışıq. Bizim bu məsələdə boynumuza düşən bu bayramın nə demək olduğunu anlamaq, anlatmaqdır. Niyə biz onu gerçəkləşdiririk, ya da Asif Ata niyə bunu yazıb, – bunun niyəsini biz deməliyik, açmalıyıq, aydınlaşdırmalıyıq. Dönə-dönə vurğu eləmişik, yenə bu bayramda bəlli epizodlara dönmək istəyirəm. Bu dünyada hər şeyi, – bütövlükdə İnsanlığın varlığını, həyatın, məzmununu oyuna çeviriblər. Yəni oyuna çevrilməyən heç nə yoxdur. Yeri gəlmişkən, qısa şəkildə bir məsələyə toxunum. Bildiyiniz kimi, yeni dünya düzənində, gedişində guya Turan yaratmaq istəyirlər. Guya bu dönəm Turançılığın dönəmidir, artıq qarşısıalınmazdır, yaranacaq. Ancaq nə yazıqlar ki, belə gözəl, böyük ideyanın özünü belə oyuna çeviriblər. Asif Ata ona görə Ocaqlaşma yolu tutdu ki, oyunun əlindən İnsanlığın ləyaqətini alsın. Harda nəyi oyuna çevirirlərsə onun qarşısına dikilsin. Nə ilə? – İdeyaları ilə. Mənə elə gəlir, Ata bunu elə düşünüb ki, dirəniş çağıdır. Kimsə bunu başlamalıdır, kimsə bunu həyata keçirməlidir. İnsanlığın oyuna çevrilməsinə yol vermək olmaz. İnsanlığı oyuna çevirdinsə hər şey urvatdan, qiymətdən düşür, məzmununu itirir. Bu gün belə bir sürəc var, belə bir oyun var, belə bir uçurum var. Sürəkli bir dağıdıcılıq var hər şeyə qarşı. Bizim ruhsal saydıqlarımız, dünyanı anlamaq istəyimiz – hər şey oyuna gətirilir. Oyuna gətirildiyinə görə başqa bir oyun yaşayırıq. Başqa bir oyun yaşadırlar. O nədir, – biri bizim bu gün qəbul etmədiyimiz din gedişləri. Nə qədər ki, bu oyun güclü olacaq dinə ehtiyac yaradacaqlar. İnsanlar boğulurlar, qutsallıq axtarırlar. Qutsallığı da başqa yerdə görə bilmirlər. Şüuraltı olaraq onun dində olduğunu düşünürlər, ona görə dinə qaçırlar. Dinə qaçdıqca daha da oyunun içinə girirlər. Ona görə də dairə qapanmır. Ona görə Ata deyirdi, bəşəriyyət din-ateizm dairəsinə düşüb, kapitalizm-sosializm dairəsinə düşüb, madiyyatçılıq-ruhaniyyatçılıq dairəsinə düşüb. Bu dairədən bəşəriyyəti qurtarmaq gərəkdir. Daha doğrusu, İnsanlığı qurtarmaq gərəkdir. Bax məsələ budur. Ata bunun məzmununu ideya şəklində verdi, yazdı, biz də onu gerçəkləşdirməyə başladıq. Biz bu bayramları törən şəklində həyata keçirməyə başladıq. Hələ ki, gücümüz buna çatır. Ayrı-ayrı vaxtlarda bayramın bütövlükdə gedişini bayrama bənzətməyə çalışmışıq, əlimizdən gələni eləmişik, hardasa nəyəsə nail olmuşuq. Ancaq yenə də əsas xəttimiz bayramın törən səviyyəsidir. Qarşıdan Novruz bayramı gəlir. Novruz bayramını, millət olaraq, özümüzün milli bayramımız sayırıq. Bu bizim minilliklərdən süzülüb gələn tək milli bayramımızdır. Başqa milli bayramımız qalmayıb. Dövlət bayramlarına, siyasi bayramlara gəlincə, onlar bayram deyil. Siyasi şeyləri bayram eləmək doğru deyil.

Novruz bayramı da oyuna gətirilib. Bir neçə il bundan öncə Novruz bayramını uluslaraarsı (beynəlxalq) bayram saydılar, uluslararası olay kimi qəbul elədilər. Mən onda bir yazı yazmışdım, uzun çağlardır, sovetlər dağılandan sonra, əllərindən gələni elədilər ki, Novruz bayramını din bayramı eləsinlər. Ancaq gördülər ki, bunu din bayramı etsələr dinin zərərinə olacaq. Niyə? – Çünkü Novruzda elə çalarlar var, deyək tonqal qalamalar, tonqalın üstündən atlanmalar, biş-düş bunların hamısı dinin məzmununa uyğun deyil. Ona görə də milli bayram elədilər, qısa ara sonra beynəlxalqlaşdırdılar. Mən onda yazmışdım ki, bunu Türkiyə də beynəlxalq bayram kimi qəbul elədi. Yaxşı Türkiyə ilə Azərbaycan biryerdə niyə beynəlxalqlaşır, niyə bunu millilikdən çıxarırsan. Bunu sadəcə Türkiyə qəbul elədi, əlavə olaraq. Azərbaycanın da var idi. Bunu millilikdən çıxarıb beynəlxalqlaşdırmağa gərək yox idi. İndi dediyim nədir, nə eləyiblər, eləyiblər, onu geri qaytara bilmərik. Ancaq Novruz bayramının özünü belə oyuna gətiriblər, millilikdən uzaqlaşdırıblar. Bəlkə də, Asif Atanın indi keçirilən İnsanilik bayramı gələcəkdə Novruzun məzmununu özündə birləşdirəcək. Milli bir bayrama çevriləcək. Nəyə görə bu sonuca varıram, – düşünürəm, Novruz bayramı milli bayramdır, ondan vaz keçmək mümkün deyil. Ancaq eyni zamanda Asif Atanın yeni dünyabaxışı xalqda qəbul olunandan sonra (söz yox, qəbul olunacaq, biz bütöv şəkildə onu görəcəyik, ya da bizdən sonrakılar görəcək, bu, məsələnin ayrı bir yanıdır), ya İnsanilik bayramı olacaq, ya Novruz. Mən elə düşünürəm ki, Novruz, məzmunundakı ülviyyətlə, qüdsiyyətlə biryerdə İnsanilik bayramının içinə hopacaq. Yəni itməyəcək, eyni zamanda bu cür oyunlaşdırılan səviyyədə də qalmayacaq. Bu gün Novruz bayramının məzmunu qalmayıb, ancaq biş-düş qalıb. Baxın, ailələrin hamısında biş-düş gedir. Ancaq ailələrin hamısından soruşsan ki, Novruz bayramının qüdsiyyəti nədədir, – heç kim buna cavab verə bilməyəcək. Çünkü xalq ondan ayrılıb, uzaqlaşıb, uzaqlaşdırılıb. Ona görə biz İnsanilik bayramını keçiririk, onun ən çox törən səviyyəsini vurğu edirik. Çünkü törən səviyyəsində bayramın hədəfləri üzə çıxır, məzmunu, həqiqətləri aydınlıq tapır. Yəqin ki, gələcəkdə ayrı-ayrı ünvanlarda,  bölgələrdə Bayramın törən səviyyəsi olacaq ki, onun məzmunu aydınlaşsın, insanlara çatdırılsın, toplum eyitimlənsin. Yəni insanlar öz insani kimliklərinin bayram olunması həqiqətinə yetə bilsinlər. Gələcəkdə bunun biçimi necə olacaq, mən bunu bilmirəm, bunun biçimini daha geniş qapsamda düşünməmişəm. Burda biş-düş olacaqmı, bədii hissə necə olacaq, deyək ki, bütövlükdə toplumda necə təşkil olunacaq, – bu işdə ayrı-ayrı uzmanların düşüncəsi gərək olacaq. Bunun hamısını biz eləməli deyilik ki. Bizim öhdəmizə düşən odur ki, bu cür məsələlərin məzmununu yaşadaq, yayaq, xalqa verək. Bizim işimiz budur. Biz də belə bir qutsal işimizi ömrə gətirmiş oluruq.
Asif Ata İnsanlığın hər yönünün oyuna gətirilməsinə qarşı ideya dirənişi yaratmaq üçün Ocaqlaşma yolu tutdu. Başımızın üstünə qaldırdığımız bayrağın adını İnsanilik bayrağı qoyub, bayramının adını İnsanilik bayramı qoyub, Ocağının adını İnsanlaşma Ocağı qoyub. Mütləqə İnam Ocağı əslində İnsanlaşma Ocağıdır. Mütləqə İnam Ocağı bütövlükdə insanın yaşamında ölçü olaraq formalaşdırılıb. Onun adı, harayı, çağırışı İnsanlaşmadır. “İnsanlaşın, İnsanlaşdırın. Bəşərin qurtuluşu İnsanlaşmaqdadır!” Hər gün biz bunu istəyirik, düşünürük, yazırıq, ortaya gətiririk, aydınlaşdırmağa çalışırıq. Asif Atanın ideyalarını yarpaq-yarpaq, vərəq-vərəq açırıq, çünkü biz İnsanlığa din demirik. Biz dindən qaçırıq. Yəni üzdə hər şeyi gör, hər şeyi qiymətləndir, nələrisə qutsal say, ancaq ömürdə, yaşamda, xalqda, ailədə onun heç bir ölçüsü olmasın. Din belə oturuşub içimizdə. Ölçüsüz. Nə var üzdədir, filankəs böyük şəxsiyyətdir, filankəs müqəddəsdir, filan yer müqəddəsdir… Bununla İnsanlıq dirilmir, dirçəlmir axı.
Baxın, bayramlar keçirirlər. Bir gün biş-düş, çal-çağır filan… İnsanlar sanki bu yeknəsək həyatdan bezibmiş kimi bir günün fərqli adlanmasına qaçırlar. Belə bayram olmaz. Dönə-dönə vurğu elədiyimiz kimi, bayramda, ötən bayramdan bu bayrama keçən il içində İnsanlığın dəyişməsində nə kimi məzmunlar yaşanması dilə gətirilməlidir, – fərdin ömründə, ləyaqətində nə kimi gəlişmələr olub, nə kimi tapıntılar olub. Yəni biz doğulub böyüdükcə özümüzü kəşf eləməliyik, özümüzün ləyaqətimizi böyütməliyik, özümüzü insan kimi dərk eləməliyik. Növbəti bayramda bunun təntənəsini yaşamalıyıq, bunu vurğu eləməliyik, bunun özətini, hesabatını verməliyik. Ömrün gözəlliyini özümüz də anlamalıyıq, onu bayram etməliyik. Ömürdə yaratdığımız, xalqda yaratdığımız, ailədə yaratdığımız gözəlliklər yoxdursa, nəyi bayram edirik?! Ona görə deyirəm, bugünkü bayramlar məzmunsuzdur. Atanın yaratdığı bayramlar birbaşa mənim dediyim məzmunla bağlıdır.
İldə dörd bayram yaradıb. İnsanilik bayramı. Görün nəyi bayram edir İnsaniliyi. Xəlqilik bayramı, Şərqilik bayramı, Bəşərilik bayramı. İndiyə qədər bəşər həyatında eşitmisinizmi kimsə İnsaniliyi, Xəlqiliyi, Şərqiliyi, Bəşəriliyi bayram eləsin?! – Belə bir şey yoxdur. Ac qalmağı bayram edirlər. Səhər açılmamış yeyir-içir, gündüz ac qalır, gecə yeyir, səhər bir də bunu edir. Periodik olaraq bir ay belə davam edir, sonunda bunu bayram edir. Məzmun yoxdur. Ya da Qurban bayramı, heyvanların boğazlanması, heyvanların soyqırımı bayramı. Ayıra bilmirsən burda məzmun nədir. Bunlar da din bayramlarıdır. Məzmun yoxdur. Qurban bayramında 5-10 nəfər yığılıb törən keçirsin, söz desin. Bayramın məzmununu izah eləsin. Nə deyəcəklər?! – Abram oğlunu Allaha qurban demişdi, onun boğazını kəsməyə apardı, Allah da qoymadı, dedi sənə gözəl bir qoç verim, get bunu kəs… Bunu izah edəcəklər, bu cəfəngiyyatı, bu nağılı, yəhudilərin əfsanəsini. Bunun mənə nə dəxli var?!
Yeri gəlmişkən sizə deyirəm, süni şəkildə bir çox başı boşlar tökülürlər, çıxırlar ortaya, sübut eləməyə çalışırlar ki, Abram türkdür, Qurban bayramı da türkündür. Abram haradan türk oldu?! Adam yəhudidir. Güc-bəla ilə sübut eləməyə çalışırlar ki, türkdür. Onun heç nəyi türk deyil. Bizə bunu sırımağa çalışırlar, Abramın gətirdiyi nəsnələri yaşatmaqdan ötrü türk kimi sırıyırlar. Özü də son dönəmlərdə, yəhudilər içimizdə bərkiyəndən sonra. Bu gün bizim xalqımızın içində ərəbdən, yəhudidən gələn nə varsa bütün onların hamısını içimizdə yaşatmaqdan ötrü, ölçümüzə çevirməkdən ötrü, imkan verməməkdən ötrü ki biz özümüzü düşünək, özümüzü dərk edək, özümüz özümüzə ölçü yaradaq, özümüz özümüzün başımızın üstündən başqalarının çətirlərini rədd edib baxaq göylərə, görək göylər nə rəngdədir. Bunların qarşısını almaq üçün bizə hər yerdən kitablar, ədəbiyyatlar yazırlar, sübut eləməyə çalışırlar ki, filankəslər türkdür, filan şey də sənindir. Mənim deyil, istəmirəm. Onlar mənə İnsanlığı anlatmır, həqiqətləri öyrətmir.
Sonra, Xristianlığın “Yeni İl” bayramı var, – yanvarın biri Yeni İl bayramı keçirirlər. Mən bununla bağlı yazmışam, bir də sizə demək istəyirəm, çünkü bayramla bağlı İnsanlığın oyuna gətirilməsi məsələsi var ortada. Oyuna çevrilməsi məsələsini elə-belə boşuna demirəm. Baxın, sovetlər vaxtı Yeni İli təntənəli keçirirdik. Yəni İsanın doğulduğu günü, İsanın mövlud gününü ilin dəyişməsi kimi qəbul edirdik. Bu nə payızdır, nə yazdır, nə qışdır, bilmirsən nədir. Qışın ortasında Yeni İl başlayır. Sovet vaxtı ateizm dönəmi idi keçirilirdi. Birdən-birə sovetlər dağılandan sonra müsəlmanlıq “dirildi”, yenidən islamı diriltməyə başladılar. Burada H.Əliyev bir jest elədi, oyun oynadı. Həm Batıya mesaj verdi, həm müsəlmanlara. Batıya mesaj verdi ki, bax, 31 dekabr sənin Yeni İlini bayram edirəm. Müsəlmanlara da mesaj verdi ki, yox, mən Yeni İli bayram eləmirəm, bu “Dünya azərbaycanlılarının Həmrəyliyi Günü” bayramıdır. Sual olunur, “Dünya azərbaycanlılarının Həmrəyliyi Günü” niyə 31 dekabra düşür?! Hələ mən demirəm ki, hansı azərbaycanlıların dediyin birliyi (həmrəyliyi) var. Belə bir oyun oynadı. Bizə özgün deyil bunlar.  Xristianlığı könüllü qəbul edən xalqların özü bilər, getsin keçirsin, onların qutsal günüdür. Onlar üçün qutlu olsun. Bunu hamıya sırımaq gərək deyil. Hər kəsin özünün əziz günü var, özünün dəyəri var, ölçüsü var. Hər kəs özündə bir xalqdır, hər kəs özündə bir dünyadır, özü içində bir şeylər yaradır. İmkan verin yaratsın görək nə yaradır, nə gətirir ortaya. Ona görə deyirəm ki, hər şeyi oyuna gətiriblər. Ancaq mən qəti deyirəm, qəti düşünürəm ki,  Asif Atanın ölçüsünü oyuna gətirə bilməyəcəklər. Çünkü Asif Ata tutalqa vermir, səbəb vermir. Onun İnamında, dünyabaxışında, bayramlarının məzmununda başqa alternativ şeylərə səbəb verilmir. Məsələ açıq qoyulur, həqiqət bütöv qoyulur, bütöv tələb olunur. Sənin həqiqətin ya bütöv olacaq, ya da olmayacaq. Ancaq oyun olmayacaq. Oyun olanda həqiqət getdi işinə. Asif Atanın hər bir ideyası, törəni ayrı-ayrılıqda özü bir dirəniş faktıdır, dirəniş olayıdır, quruculuq faktıdır, yenilik faktıdır. Boşuna demirik, biz böyük ideyaların peşindəyik. Yeni eranın başlanğıcıdır bu. Asif Atanın Yeni ili yazın birinci ayının birinci günüdür. Burada Novruz bayramının gününün özəl, astronomik anlamı var. Bunu mən başa düşürəm, qəbul edirəm. Planetar düzülüşlərə, filana görə qədim türklər ayın 21-ini ilin dəyişməsi kimi seçiblər, bunlar elmi cəhətdən əsasları olan şeylərdir. Ancaq Asif Ata deyir, yaxşı olar, il ayın başlanğıcından dəyişsin. Yəni miladla 2025-ci ildir, bizim Ocağın 47-ci ili girir. Biz Ocaq günsırası ilə götürürük. 47-ci il yazın birinci ayının birinci günündən Yeni il kimi başlayır. Dediyim kimi, Asif Atanın yaratdığı, ideya kimi verdiyi hər bir məsələnin özəl anlamı var.
 Mən burada sizə bir məsələni də xatırladım, Asif Ata İnsanilik bayramının gününü 14 Günəş Ayına yazmışdı. Xəlqilik Bayramını 12 Od Ayına yazmışdı. Nəyə görə belə seçib? – Mənə elə gəlir, ideya ağlına gəldiyi günü özəl olaraq seçib. Burada yanlış bir şey yoxdur. Sadəcə olaraq mən bunu sonralar düşündüm. Bilirsiniz, 14-ü gününü 15-i ilə əvəz elədim. Sizin icazənizlə, sizinlə biryerdə. Ayın 14-ü Babəkin edam olunduğu gündür. Bu məsələ ilə bağlı çox düşündüm. Buna iki məzmun vermək olar. Mən bununla bağlı yazmışam, çıxışlarımda demişəm. Məsələn, düşünülə bilər ki, Babək böyük şəxsiyyətdir, böyük ideya daşıyıcısıdır, Azərbaycanın milli-mənəvi dəyəridir. Onun edam olunduğu gün qoy elə İnsanlığın dirçəliş günü olsun, İnsanlığın bayram günü olsun. Belə də məna vermək olar. Ancaq bu məcaz xarakteri daşıyır. Ona görə mən istəmədim ki, belə bir faciəvi günü biz bayramlaşdıraq. Faciəvi günü bayramlaşdırmaq gərək deyil. Başqa bir şəxs olsaydı, başqa bir olay olsaydı, bunu başa düşmək olardı. Babək bizim özgürlüyümüz uğrunda savaş aparıb, özgürlüyümüzün qəhrəmanıdır, özgürlüyümüzün peyğəmbəridir. Məncə, Asif Ata bu günü bilmirdi. Hər şeyi incəliyinə qədər bilməli də deyil. Babəkin edam olunduğu ili bilirdi, yəqin günü bilmirdi. Tarixi faktlar, araşdırmalar sonradan yayılmağa başladı…
 Beləcə İnsanilik bayramımız qutlu olsun. Hər birinizi bağırma basıram, qutlayıram. Sizə gözəl bir gələcək diləyirəm, gözəl günlər diləyirəm. Heç vaxt günləriniz çətinliyə yenilməsin. Çətinlik bizim taleyimizdir. Ancaq üzücü, yorucu çətinliklər də var. Belə çətinlikləri mən sizə diləmirəm, ondan uzaq olasınız.  Bugünkü məzmun da sizə böyük bir ovqat bağışlasın.
 Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):Hər birinizi, xalqımızı, eləcə də bəşəri İnsanilik bayramı münasibətilə qutlayıram. Belə bir xoş əhvalla, belə bir xoş məqamda sizinlə birlikdə olmağımdan qürur duyuram. İnsanilik bayramı ilə bağlı düşüncələrimi bölüşmək istəyirəm.
  Amal ömrün Ali mənası olan İnsanlığa aparan yoldur. Özündəki Mütləqə qovuşmaq yoludur. Ömrün hər anında bu istəklə yaşayırsan, özünə nəzarət edir, qüsurlarla döyüşür, arınır, durulur, alnıaçıq yaşayırsan. Dil yalandan, əl haramdan çəkilir. Baxışlara məhrəmlik, əhvala səmimiyyət gəlir. Gözəlliyə, dürüstlüyə heyrətli münasibət ucalıq gətirir ömrə. Yaşamın fövqündə görürsən özünü. Borclu bilirsən özünü yetdiklərini yörəndəkilərə yetirmək üçün. Gözəllik hər anda öz cazibədarlığı ilə səni səsləyir. Yetər ki, qulaqların onu dinləməyə alışsın. Quşların nəğməsində, musiqidə, şeiriyyətdə, şimşəyin nərəsində, çayların aramsız laylasında ruhunu oxşayır. Ürək haqsızlığa dözmür, çırpınır, üsyan edir. Sevmək, sevilmək istəyir. İnsan oğlu, sən bunun üçün gəldin yaşama. Hüdudsuz imkanlarınla gəldin. Başını qaldır, göylərə bax. Günəşdən öyrən, aydan öyrən, buluddan, küləkdən öyrən. Mövcudluqdan var olmağa yüksəl. Ömür qısadır. Var olmaqla kimliyini təsdiq edə bilərsən. Bil ki getmək üçün gəlmədin yaşama. Özünü təsdiqinlə min ömrə bərabər yaşamaq əzmin, fərəhin səni göy ülviyyətinə qovuşdura bilər. Taleyinə gün kimi doğa biləcək Asif Ata Ocağını axtar tap. Gör ki, bəxtiyarlığın zirvəsinə necə getmək olar. Ocaq səsləyir, görüşünə gəlir. Ayaq saxlamaq, dinləmək istəyin olsun təki. Axtarma tarixdə, əski dünyabaxışlarda. Hətta bəşərin ən ünlü şəxslərində həqiqətin əlamətlərini görə bilərsən. Həqiqətin özünü isə Mütləqimiz, Müqəddəsimiz, Ulu peyğəmbərimiz Asif Atada – İnam Atada, onun Mütləqə İnam Ocağında görəcəksən. Ocağımız sənin əlindən tutmağa həmişə hazırdır, təki əlini uzatmağa özündə güc tapa biləsən. Toplum hay-həşirində həqiqət axtarma. Həqiqət adı ilə çeşid-çeşid yalan gəlir ortaya. Sifətsiz, simasız Nəsrullahlar peyda olur. Özünü ziyalı adı ilə qələmə verən Elşad Mirilər, Müşfiq Ötgünlər (bizdə ad çəkmək, adlandırmaq doğru deyil. Ancaq Atanın da bir sözünə istinad edirəm ki, şəri adı ilə ifşa et, inkar et və damğala. Toplum bilməlidir ki, bu şərdir, bu gün bəh-bəhlə dinlənilən, çoxlu baxış sayı, bəyənmə toplamaqla təsdiqlənən kimsələr əslində İnsanlığın başına olmazın iplər atır. Özünü də ziyalı adı ilə qələmə verir. Ona görə adını çəkməyə məcbur olmuşam) yalanı yamanlaya-yamanlaya müdafiə edirlər, həqiqəti çox ucuz satırlar. Hər an dəyişən sifətləri ilə əngəl olurlar İnsanlığa. Maddi firavanlığa dəyişirlər özlərini. Bilə-bilə mütaliələri ilə çaşdırırlar sadəlöhvləri, məzlumları. İblislik yolu tutmağa xidmət edir öyrəndikləri. Yaxşı düşün insan oğlu! Parıltılı qaranlıqla həqiqətin işığını ayırmağın yetər ki, ağlın, ürəyin işıqlansın. Mövcudluqla var olmağın fərqini biləsən. Var olduqca ömrünə yansıyan fərəhin səni hansı ucalığa yüksəldə biləcəyinin fərqində olasan. Amalı yaşadan ömrü fərəhə qərq edən də elə Amaldır. İnsanilik bayramımız qutlu olsun! Sözümü Ata sözü ilə bitirirəm. Ürəyiniz Qaranlıqları yarsın! Daxilinizdəki Mütləq sizə yar olsun! Atamız var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): İnsanilik Bayramımız qutlu olsun, sönməz olsun, əbədi olsun! Mən dünyanın mahiyyəti, mənası haqqında çox düşünürəm.  Doğrudan da, bu dünya necə qurulub, bunun məna, mahiyyət üstündə qurulması möhtəşəm bir qeyri-adilikdir. Bu bəzən məndə elə bir təəssürat yaradır ki, insan düşünə-düşünə fərəh zirvəsinə yüksələ bilər. Dünyada öz-özünə cisimlər, hadisələr şəklində mövcud olan bu dünyanın içində bu məna, mahiyyət necə olur, bu cür özü-özünə qurula bilir?!
Amalımıza gəldikdə isə görürəm, Mənaya söykənir. Nisbi üçün heç bir yer qalmır. Bu da məndə böyük bir fərəh yaradır ki, amalımız bu vaxta qədər olan ideyalar, düşüncələr içində yüksəkdə qərar tapır. Bayramlarımızın anlamında bunlar var. İnsanilik, yəni fərdin özünü idarə etməsi. Ata, Amalında bunu bu şəkildə qoyur. İnsan özündə fərdi idarəçiliyi həll etməyincə heç nə düzəlməyəcək. Buradan görürük ki, insan özünü bir insan kimi təsdiq etdikdən sonra bunun dalınca milli özünüdərk gəlir. Bunların hər biri mahiyyətdən güc tapır, mahiyyətdən süzülüb gəlir. Sonra da bəşər ləyaqəti gəlməlidir. Burada Şərqilik məsələsi də ortalığa gəlir. Şərq tarix boyu Məna axtarışında olub. Bu düşüncənin müəyyən qədər ağlın öz aspektindən yana çıxması və insanın sosial tələbatlara uyması nəticəsində dinlər şəklində o mahiyyət üzə çıxıb. Din şəklində üzə çıxması insanı heç zaman qane etməyib. Burda Şərqin müəyyən qədər axsamağı ortaya çıxıb. Qərb bütov sosial yönümlü bir yol seçməsi ilə gəlib bugünkü eybəcər duruma çıxıb. Bəşəriyyətin bu gün belə bir hala gəlib çıxması bəşəriyyətin sonunu hazırlamaq kimi bir haldır. Baxmayaraq ki, dünya bu günlərdə, elə tarix boyu da həmişə dağılan kimi görünüb. İndi də düşünəndə görürsən ki, bu qədər eybəcərliklər bu dünyanı bürüyüb, bu dünya doğrudan da, elə məhvə gedir. Ancaq yox, bu dünyanın içində Məna adında elə bir qüdrət var ki, o qüdrət gözə görünməsə də bütün bu gözə görünən nəhəng miqyaslı hadisələrin hamısının içindən çıxır, onların hamısını üstələyir. Gözə görünmədən qələbə həmişə Mənanın olur. Mən bu baxımdan inanıram ki,  Amalımızdan başqa çıxış yolu yoxdur. Bəşərin xilası Amalımızdadır. Bizim bu bayramlarımızın da bu cür ardıcıllıqla gözəl səpgidə qoyulması məndə böyük bir heyrət yaradır. Bundan da gözəlini düşünmək mümkün deyil. Bayramımız qutlu olsun!
Atamız var olsun!

Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mən hər gün insanlarla söhbətlər edirəm. Göyçayda Ocaqda olmuş insanlar var. Onları tanıyırlar. Bayaq Günev bəy dediyi kimidir. Mənə sual verirlər ki, Asif Atanın yanında olanlar belə olub. Mən də onlara izah verirəm ki, Asif Ata ideya adamıdır, dünyabaxış yaradıb. Orda insanlar dəyişə də bilər, düzələ də bilər, düzəlməyə də bilər. Bu başqa bir məsələdir. Əslində bizim bəlamız elə budur. Tarixən bu şeylərə görə bu günlərə qalmışıq. İçimizdə olan insanlar bizi sata-sata bu günlərə gəlib çıxmışıq. Ürək ağrıdıcı mənzərədir, baxırsan ki, ölkənin içində ancaq bizi satanlar çoxalır. Az düşmən varmış kimi, din bir tərəfdən, siyasət bir tərəfdən, bu tip adamlar da bir tərəfdən ölkənin gələcəyini qaranlığa çevirirlər. Bu bayramın əhəmiyyəti odur ki, biz özümüzə qayıtmalıyıq, milliləşməliyik, öz dəyərlərimizə qayıtmalıyıq. Ona görə də Asif Atanın İnamı var olsun! Bayramımız qutlu olsun!
Atamız Var olsun!

 Könül xanım: Hamınızı salamlayıram. Bu gözəl gündə, bu qutlu gündə çox gözəl bir toplanışdır. Saflaşma, arınma günüdür. Arınırıq bu bilgilərlə. İnsani bilgilərdir. Bəli Novruz bayramını biz ancaq yemək, biş-düş kimi bilirik. Ancaq Soylu bəyin dediyi kimi, bu bir arınma günüdür. Asif Ata insanlar üçün bir miras qoyub gedib. Bu miras insanlara necə çatdırılır, izləyirəm, görürəm. Hər tərəfdən fərqli mənada çatdırırlar. Ancaq sizlər sağ olun, çox gözəl şəkildə çatdırırsınız, çox gözəl ifadələr olur. Məncə bir az da miqyasımız genişlənsə çox böyük bir kütləni idarə etmək olar. Çünkü bu fikirlərə kim qulaq asarsa bunlarla razılaşır. İçi təmiz olan, duyğusu təmiz olan, ruhaniyyatı olan insanların hamısı bu bilgiləri qəbul etməlidir. Əgər insanlığı yoxdursa bu sözlərin onlara heç bir faydası da olmur. İnsanilik bayramınız qutlu olsun!

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): İnsanilik bayramımız qutlu olsun! İnsanlar həmişə həqiqət axtarışında olublar. Ancaq həqiqəti ömürdə yaşatmaq asan məsələ deyil. Həyatın qayğılarına ilişib həqiqəti unudanlar var, ya da həqiqəti həyatdan üstün bilib onu seçənlər. Necə ayırd etmək olar ki, əsil yaşamaq nədir, necədir. İnsanın özünəxas cəhətləri var. Bu cəhətlər insaniləşdikcə, ruhaniləşdikcə cəmiyyətə zidd ola bilir, qanunlara zidd ola bilir. Çünkü İnsanilik cəmiyyət qanunları ilə uymur. Cəmiyyət onun qanunları ilə yaşayan, tabe olan, onu yaşadan fərd istəyir. Müstəqil, özünə yiyə insanı sevmir. Cəmiyyət insanı elə bir madiyyat burulğanına salır, adam özünə haqq qazandıra-qazandıra bu burulğanda boğulmağa razı olur. Bunu özünün taleyi, aqibəti kimi qəbul edir. Həqiqət adamın gözünü açanda isə görürsən ki, hər şeyi yenmək olar, burulğandan da çıxmaq olar. Yetər ki, özünə inanasan. Bir dəfə verilən ömrü özümlüyünü təsdiq edərək, özünü sevərək, özünə öz gözünlə baxaraq qiymətləndirəsən. Ömrünü cəmiyyət istəyi ilə deyil, Mütləq tələbi ilə qurasan. Cəmiyyət deyir, məndən asılı ol, həyatın düzələcək. Həqiqət deyir, məndən asılı ol, özün olacaqsan. Əsil fərəh, əsil kədər nədir anlayacaqsan. Ömrün, indiyə qədər ömrünü ədalətə, həqiqətə, azadlığa verənlərin sırasında olacaq. Ruhun ruhlara qovuşacaq. Bəzən hər hansı bir durumu, olayı adam elə böyüdə bilir ki, bu olayın içində adam itər, əriyər. Ancaq həqiqətin gözüylə baxarsan, o durum, o olay əriyər, kiçik bir şey olar. Çünkü insanın inamının, idrakının, mənəviyyatının, iradəsinin qarşısında həll olmayacaq heç bir şey yoxdur. İnsanın özünə inamı artıq məsələni həll edir, durumu başqa yönə yönəldir. Ölçü İnsanilik olanda İnsanilik də uğur qazanır, həm insanın ömründə, həm də gerçəklikdə. Babək ərəb xilafətinin gerçək gücünü bilirdi, ancaq özünün üstünlüyünə inanırdı. Bu inamı onu qələbədən qələbəyə apardı. Nəsimi toplumun, dövrün basqısını, gücünü görürdü, ancaq özünə inanırdı. Ona görə də bu günə qədər yaşayır. Özün ola bilmək zamanın da, toplumun da, dövrün də, ortamın da fövqünə qalxmaqdır. Özündən öncəki, özündən sonrakı əbədi ruhlarla bir olmaqdır, əbədiyyətə qovuşmaqdır.

 Atamız var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Amalı yaşadan ömür İnsaniliyi təsdiq edir. Amal insanı özü üzərində qələbə çalmaq ucalığına yetirir. Bunun əsasında insanın baxışı dəyişilir, formalaşır. Öz üzərində qələbə ümid yaradır. Özüylə döyüşün fərəhi bu acizliyi aradan qaldırmaqla ümidi işığa çevirir. Gələcəyə aydın baxış buradan başlayır. İnsan üçün yeni dünya yaranır – öz dünyası.
Yalançı kortəbii inamla düşünmədən yaşamaq əslində ümidsiz yaşamaqdır. Adamın içində bunu etiraf edə bilməmək acizliyi var. Adamın içi qaranlığa büründükcə ən pis duyğular baş qaldırıb insana, İnsanlığa qarşı çıxış edir. Adamın dünyaya yaydığı qaranlıq özünə yağı kimi geri dönür. Başqalarından ummaq, fədakarlığı bacarmamaq Adamı fərəhdən məhrum edir. Başqalarını suçlamaq, özünü görməmək, dəyişdirməmək ümidsizlik uçurumu yaradır. Dünyanı qaranlıq saymaq, bu qaranlıqla yaşam sürdürmək ömrü heçliyə yuvarlayır. İnsanın içində mərhəməti oyuna çevirən şöhrətpərəstlik ən böyük bəlaların mənbəyinə çevrilir. İnsanın insana şübhəsi, inamsızlığı buradan başlayır. İnsanın içində yaranan, pillə-pillə qurulan Amal dünyası bütün bu eybəcərliyə qarşı dayanır. Bunun İnsanlığa yarayacağına, İnsanlığı yaşadacağına inam insanı çökməyə qoymur.
Amal, özünütəsdiq, cahillik qaranlığını aydınladan işıqdır. Bu işığı var etməli, yaşatmalı! Bayramımız qutlu olsun!
Atamız Var olsun!

Soylu Atalı: Hər biriniz var olun. Bir neçə məqama aydınlıq gətirmək istəyirəm. Həmişə mərasimlərdə, bayramlarda ifadəsi baxımından müəyyən sual doğuran məsələlərə aydınlıq gətirməyimiz doğru olar. Çünkü biz dediyimiz kimi, məktəb keçirik. Ocaq məktəbdir. Burda hər bir məzmun yerinə oturdulur, hər bir ifadə, hər bir anlayış öz məzmununa doğma olur. Məsələn deyək ki, İnamlının vurğulaması vardı. O burada nəyi gözə alır, – onu biz bilirik, doğru da qəbul edirik. Sadəcə olaraq düşüncəni ifadə edəndə ola bilər ki, bizə qıraqdan baxan, bizi izləyən ifadələrimizdə nəsə suallarla qarşılaşsın. Məsələn deyək ki, dünyanın Mütləq üstə qurulması, dünyada gedən nə qədər əyintilər varsa, onlara Mənanın qalib olması. Belə bir ifadə işlətdi. Əslində bunlar doğrudur. Ancaq ifadə baxımından qıraqdan elə görünə bilər ki, Məna mübarizə aparır, qalib olur. Əslində Məna heç nə ilə mübarizə aparmır. Bu çıxışlarınız yazıya gətirilir, saytlara qoyulur. Bunu oxuyan insanlara istəyirəm aydın olsun. Məna dediyimiz, Mütləq dediyimiz mübarizə aparmır. Sadəcə o simvollaşdırılır. Məsələn, Zərdüştdə döyüşkən Allah ideyası var. Hörmüzd Əhrimənlə döyüşür, İnsanlıq uğrunda döyüşür. İnsanın əməlinə, düşüncəsinə, sözünə Əhrimənin qonmaması, nüfuz edə bilməməsi üçün dirəniş göstərir. Belə bir simvol var. Zərdüştdə döyüşkən Allah simvolu budur. Ocaqda hələ ki belə simvolizə olunmuş bir şeylər yoxdur. Bu baxımdan deyirəm, Məna mübarizə aparmır. Əslində Mənanın qalibiyyəti, uğuru nədədir? – O daim əbədi görsənişə gəlir. O görsənişə gələrkən doğada, İnsanlığın gerçəkləşməsində qutsal olaraq görsənişə gəlir.Əslində Mənanın gözə görünməsi, gözəl bilinməsi, dərk olunması da insanlardan asılıdır. İnsanlar özündəki Mənanı (Mütləqi, yəni İnsanlığı) öz məzmununa bərabər ifadə edərsə, onu yaşadarsa, İnsanlığı gerçəkləşdirərsə, o zaman biz Mənanı qalib görə bilərik. Ancaq ayrıca dediyim kimi, Mənanın özünün alternativi, rəqibi yoxdur ki, mübarizə aparsın. Ya da Məna fiziki varlıq deyil ki, mübarizə aparsın. Bunu bu cür yadınızda saxlayın.
 Bir də bunu Günevin dediyi bir məsələ ilə əlaqələndirmək istəyirəm. Özüm anladığım kimi qeyd edirəm, deyir, doğada olan gözəllikləri, quşların nəğməsini, çayların layla çalmasını, çiçəklərin üzümüzə gülməsi filan, – bu gözəllikləri insan görür. Bu insanın içində, insanın düşüncələrində elə gözəl əks-səda doğurur ki, insan çevrəsində, dünyada gedən eybəcərliklərlə mübarizəyə atılır. Bu gözəl bir ideyadır, gözəl bir aydınlaşmadır. İnsan görür ki, onun müşahidə elədiyi gözəlliklərə qarşı eybəcərliklər axıb gəlir, onun qarşısını kəsmək istəyir. Baxın, bulağı qoruyuruq, qoymuruq bulantılı, çirkablı su gəlib bulağı yuyub aparsın, məhv etsin. Belə bir dirəniş göstəririk. Dünyada olan gözəllikləri, dünyada olan ülviyyəti biz o cür qorumağa çalışırıq. Bunun üçün mübarizə aparırıq. Əslində gözəlliklər bizim araçılığımızla mübarizə aparır, əslində gözəlliklərin uğrunda biz mübarizə aparırıq. Gözəllikləri yıxan çirkablara qarşı mübarizə aparırıq. Yəni bunu belə simvolizə etmək olar. Məna bizdə təcəlla edir, biz Mənanı (Mütləqi) tanıdıqca insanı, İnsanlığı tanıdıqca, onun gözəlliyini kəşf elədikcə, onun gözəlliyini yaşatmaq istəyirik. Gözəlliyi yaşadanda gerçəklikdə qarşımıza çıxan bütün eybəcərliklərə dirəniş göstəririk. Belə bir harmoniya yaranır. Belə bir gözəl uyum yaranır. Mübarizə odur, ­– ruhani mübarizə. Bu siyasi mübarizə deyil, dini mübarizə deyil. Məsələn, bu müsəlmanın mübarizəsi deyil ki, aman allah, niyə mənim Allahıma xor baxdı, niyə mənim dinimə xor baxdı, imamlarım haqqında artıq-əskik dedi, gedək döyüşə. Yəni İnsanlığın uğrunda döyüşlə bu döyüş eyni deyil. İnsanlığın uğrunda döyüş, dediyim kimi, harda bir ülviyyət görürsənsə onu içinə almağa çalışırsan, onu qorumağa çalışırsan. Onu eybəcərliklərdən arındırırsan.
Biz şəxslərdə necə döyüşürük, – özümüzdə gözəllikləri kəşf elədikcə, yaratdıqca, qurduqca buna dirənişimiz artır. Onda bizdən qıraqda gedən əyriliklərin əyri olduğunu, çirklinliklərin çirkin olduğunu aydın görürük, aydın dərk edirik. Ona görə bilirik o pis şeydir, onu damğalıyırıq, eybəcərlikdən üstün, gözəl, ali olanların harayını çəkirik. Ruhani mübarizə budur.
Bir də deyək ki, Günev, Nurtəkin, Göytəkin yazıdan oxudu. Ayrı-ayrı epizodik yazılarla düşündüklərini, yazılı şəkildə dilə gətirmək, bölüşmək, paylaşmaq əslində ruhaniyyat məktəbinin, İnsanlaşma məktəbinin tələbindən oluşan gedişdir. Ocaq adlı məktəb bizdən nə istəyir, – hesabat. Öyrənmək, hesabat. Biz də məktəbin tələbinə uyğun olaraq danışırıq, hesabat veririk. Atanı öyrənirik, Atadan anladıqlarımızı, düşündüklərimizi yazıya gətiririk. Bununla özümüzü yaratmış, qorumuş oluruq. Yarpaq-yarpaq, addım-addım özümüzü böyüdürük, həqiqətləri daha dərindən anlamaq üçün. Həqiqətləri daha dərindən anlamalıyıq, daha dərindən öyrənməliyik. Ömrümüzü arındırmalıyıq, qurmalıyıq ki, bu həqiqətlərə özümüzdə yer olsun, onları qoruya bilək. Həqiqətləri harada qoruyacağıq, –  ömrümüzdə, əməlimizdə. Başqa yerdə həqiqət qorunmur. Ona görə biz ömrümüzü hazırlayırıq, içimizi hazırlayırıq, varlığımızı həqiqətin gözəllikləri üçün hazırlayırıq, həqiqətin gözəllikləri ilə doldururuq. Həqiqətin gözəllikləri ilə doldurduğumuz dərəcədə adil oluruq, ədalətin nə olduğunu bilirik. Biz mərhəm oluruq, mərhəmətin nə demək olduğunu bilirik. Biz yetgin, kamil oluruq, cahilliyin, bəsitliyin nə olduğunu anlayırıq, bilirik, dərk edirik, ona qarşı dirəniş göstəririk, – həm Özümüzdə, həm də özümüzdən qıraqda. Ölçü xalqda belə oturuşur, belə yaranır, belə qurulur. Haysız, həşirsiz, bəlağətsiz, reklamsız, göstərgəsiz. İçəridə ali bir proses gedir, – İnsanlaşma prosesi. Bu proses ömürlərdən izharlara, yazıya süzülüb gəlir, gerçəkliyə, mübarizəyə süzülüb gəlir. Beləcə addım-addım ölçü yaranır. Mübarizənin yolu, yönü budur. Başqa mübarizələr də var, siyasi mübarizələr, ideoloji mübarizələr. Bunların heç birinin doğru yönünə qarşı deyilik. Ancaq biz istəyirik, mübarizə sağlam olsun. Düzdür, siyasi mübarizədə mütləq sağlam bir şeylər axtara bilməzsən. Ancaq siyasi mübarizə də ruhani ideyalara söykənərsə, doğru yön tapar. Yəni abırsız oyunlar istehsal eləməz. İdeoloji mübarizələr də onun kimi. Hədəf olmalıdır, – niyə mübarizə aparırsan, nəyin uğrunda mübarizə aparırsan. Dövləti qurtarmaq istəyirsən niyə,  qanunu xilas etmək istəyirsən niyə, nədən, necə… Bütün bunların hamısı böyük ölçüyə dayanarsa doğrula bilər, nizam tapa bilər.
Atamız Var olsun!

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsiylə bayram sona yetir.

Günəş Ayı, 47-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir