Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 13 Yağış Ayı, 47-ci ildə (noyabr, 2025) Qutsal “İnam Evi Günü” törənini gerçəkləşdirdi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ocaqda ölənlərimizin adını anırıq: – Sabahlı, Bağban, Amaltay bizimlədir.

Qutsal Gün’ümüzə başlayırıq. Biz “İnam Evi Günü”nü Asif Atanın ölümündən sonra yaratmışıq. Əslində, Atanın istəyiylə ayın 13-ü başqa bir tədbir yaratmalıydıq. Yanılmıramsa “Ruhani İdrak Günü” mərasimini nəzərdə tutmuşdu. İş elə gətirdi ki, onu Çiçək Ayında həyata keçirməli olduq. Nəyə görə? – 28 Aprel günü Ocağın “Yas Mərasimi” var idi, Milli Hökumətin devrilməsi ilə bağlı mərasim idi. Uzun illər Ata onu keçirdi, – yanılmıramsa, Ocağın 14-cü ilinə qədər. Sonra Ata o mərasimi ləğv elədi. Ruhani bəlgəni mənim yanımda yazmışdı. Ata dedi, yasdan çıxmaq gərəkdir. Ocaq varsa yas qurtardı. Belə bir düşüncə işlətdi.
Mən Atanın ölümündən sonra bununla bağlı çox düşündüm ki, niyə Ata bu mərasimi başlamışdı. Bəlkə də şərti olaraq keçirirdi. Əgər Milli hökümətin devrilməsini Ocaqda yas mərasimi kimi keçirəcəyiksə, Atanın “Azərbaycanımız – Azərbaycanlığımız” sistemində kədərlərimiz deyə başqalarının da adı çəkilir. Babəkin qətli-filan. Məntiqlə gərək onların hamısına Ocaqda Yas mərasimləri keçirək. Ata o “kədərlərimiz”i mərasim kimi nəzərdə tutmamışdı. Ancaq Yas mərasimi var idi. Onu ləğv edəndən sonra, həmin ayın 25-inə, mənim önərimlə “Ruhani İdrak Günü” mərasimini başladıq. “Ruhani İdrak Günü”nü bölgələrdə olan Ocaqçılara görə elədik. Biz, Bakıda olanlar, çağaşırı Atayla ünsiyyətdə ola bilirdik, görüşür, suallarımızı verirdik. Ancaq bölgələrdə olanlar mərasimdən mərasimə gəlirdilər. Mərasimlərin də məzmunu fərqlidir, qatılıb çıxıb gedirdilər. Gərək qalardılar Bakıda, gedib Atayla görüşəydilər. İşləri var deyə alınmırdı. Mən Ataya bu haqda dedim, Ocaqçıların ayrıca sualları yaranır. Mərasim günü bu sualları Ataya vermək olmur. Ata dedi, onda ayrıca bir mərasim keçirək, vaxtını düşün. Mən də dedim, Yas mərasimini ləğv eləyiriksə, elə Çiçək Ayına salaq. Beləcə “Ruhani İdrak Günü” mərasimi yarandı. İndi Yağış Ayının 13-ü boş qaldığına görə biz “İnam Evi Günü” törənini bu günə saldıq. “İnam Evi Günü”nü ilk dəfə biz Keşlədə təşkil elədik. Olayları bilirsiniz, ora bizim üçün İnam Evi adını, önəmini itirdi. Ancaq mərasimi ortadan qaldırmadıq. Bu günə kimi də keçiririk. Bir də, xatırlayırsınızsa Qürub Ayının 1-i “Ziyarətgah bayramı” törəni keçirirdik. O da mənim önərimlə yaranmışdı. Atanın, Ata Evinin ziyarəti. Ata öləndən sonra söz-söhbət yarandı ki, bu mərasim ləğv olunsun. Atanın evi də əlimizdən çıxdı. Mən də Ocaqçılarla ciddi söhbətlər elədim. Dedim Ata daşdan, divardan ibarət deyil. Atanın evi əlimizdən çıxıb, ancaq mərasimin məzmunu var. Atanın ziyarətini məzmunca yaşatmalıyıq. Onu da “İnam Evi Günü” ilə birləşdirdik. Eyni məzmunundadır, qərara gəldik ki, bunları birləşdirək, bir yerdə keçirək. Bunu mərasimin tarixi faktı kimi dedim ki, biləsiniz.
Ocaq mərasimlərinə qıraq adamların qatılması istisnadır. Çox az hallarda Ata qıraq adama, tək-tək adama 2-3 dəfə icazə verib. Onun biri, mənim xahişimlə, Qabil adlı bir qardaş idi, yaxşı şəkillər çəkirdi. Atanın yaxşı şəkilləri əlimizdə yox idi, Mərasimdə çəkilən yaxşı şəkilləri əlimizdə qalsın deyə, Ata icazə verdi. Sonra bir kameraçı vardı, onun qatılmasını xahiş etdik, icazə verdi. Ancaq bütövlükdə Ocaq mərasimlərinə qıraq adamların qatılmasına Ata icazə vermirdi.
“İnam Evi Günü”Atanın ölümündən sonra yaranıb. Bunu ümumi Ocaq mərasimlərindən fərqli düşündük. İnam Evini məktəbə çevirmək gərəkdir. Ona görə qıraq adamları da çağırırıq. Yəni maraqlananlar gəlsinlər, qatılsınlar. Ancaq daha çox “İnam Evi Günü”ndə rəğbətçiləri çağırmağı düşündük. Niyə, çünkü təsadüfi adamların gəlib fərqli ovqatlar yaratmasını istəmirik. Bizə etiraz eləmək olar, ancaq mərasim günü yox. Xəbəri olan adamlar olsun ki, onlar daha da bilgilənsinlər. Təsadüfi adamları öncədən görüşüb buna hazırlamaq gərəkdir, sonra bu cür tədbirlərə dəvət eləmək gərəkdir. Belə düşündük. Ancaq belə tədbirə Ocaqdan qıraq adamlarında qatılması gərəkdir. Bundan sonrakılara yəqin ki, kimlərisə çağıracağıq. Bu gün hələ ilk dəfədir ki, bu evdə tədbir keçiririk (Qobuda yeni alınmış İnam Evində).
İnam Evinin önəmi ilə bağlı bir məsələyə toxunmaq istəyirəm. Biz Beyləqanda İnam Evinin açılışını keçirəndə demişik, vurğu eləmişik, İnam Evinin önəmi nə deməkdir. Yenə bir neçə söz demək istəyirəm. İstənilən bir hərəkatın, bir qurumun özünün ünvanı olmalıdır. İctimai-siyasi qurumlar ofis deyirlər. Biz məbəd deyirik. Ocaq Evi, Ruhaniyyat Evi, İnam Evi də deyirik. Bu adların hər birini işlədə bilərik. Adı başlıca olaraq İnam Evidir. Qəbul elədiyimiz anlayış İnam Evidir. Dedim ki, hər bir qurumun özünün bir ünvanı olmalıdır. Bu ünvan həm bizim özümüz üçün, həm bizi izləyənlər üçün milli mənəviyyat məktəbidir. Bəşəri də deyə bilərik. Milli varsa, bəşəri də deməkdir. Biz dünya xalqlarının yaradıb ortaya gətirdikləri böyük dəyərləri tanıyırıq, bilirik, onları öyrənirik, bəhrələnirik, fərdi olaraq biliklənirik. Ancaq biz biliklə xalq ola bilmirik, ruhaniyyatla xalq ola bilirik. Bu ruhaniyyatı isə biz qıraqdan öyrənə bilmərik. Mən yazmışam, – biz Məhəmmədlə, ya Məhəmməddən öncəkilərlə xalq ola bilmərik. Peyğəmbər olduqlarını qəbul edə bilərik, ancaq onlarla xalq ola bilmərik. Çünkü onların heç biri bizim xalqımızın mənəvi, milli kimliyini bilmir. Bizim xalqımızın dəyərlərini tanımır, bizim xalqımızın dəyərləri ilə iç-içə yaşamır. O bizim xalqımızın dəyərləri ilə iç-içə yaşamırsa, onu duymursa, bizə nə öyrədəcək, nədən dərs deyəcək. O mənim ruhani müəllimim ola bilməz axı. Mənim ruhani müəllimim o kəs ola bilər ki, mənim dəyərlərimi həm bilsin, həm də içdən yaşasın, ömründə yaşatsın. O adam mənə ruhaniyyat dərsi deyə bilər, mənəviyyat müəllimliyi edə bilər. Bu da bizim öz içimizdən çıxan Asif Atadır. Ona görə biz Asif Ata peyğəmbərliyi ilə millət ola bilərik, xalq ola bilərik.
Millətləşmə prosesi ilə bağlı bir məsələni də sizə deyim. Bu olduqca önəmli bir məsələdir. Millət sözünün, millət anlayışının yaranmasını kapitalizmin yaranması dönəminə bağlayırlar. Millət anlayışından söhbət gedir, məzmunundan. Yəni bu sözü kapitalizm ortaya çıxarıb. Ancaq nəyin səbəb olmasından asılı olmayaraq, nəyi nəyin ortaya çıxarmasından asılı olmayaraq, sonralar çox anlayışlar məzmunca dəyişildi. Millət anlayışı da məzmunca dəyişib, mənəvi, ruhani xarakter alıb. Söz siyasi xarakterdən çıxıb. Millət anlayışı təkcə siyasi motivləri, xalqın siyasi varlığını, siyasi həyatını ifadə eləmir. “Millət” sözünü kapitalizm ortaya çıxartdığı üçün Millətləşmə prosesinin özünü də siyasi motivlərə bağlamağa çalışırlar. Bu, özünü doğrultmur. Siyasət əsasən dövlətlə bağlı bir məsələdir, – dövlətçilik gələnəkləri ilə bağlı. Dövlət milləti həm idarə edir, həm də dış basqılardan qoruyur. Hansı milləti qoruyur, – bax, o anlayışla yüklü olan toplumu. Millətləşmə məsələsi bizim qəbul elədiyimiz, anladığımız yöndə özünün milli, mənəvi kimliyini yaratma, ortaya çıxarma məzmunu daşıyır. Millətləşirəm, yəni milli kimliyimi təsdiq edirəm, mənəvi kimliyimi təsdiq edirəm, mənəvi dəyərlər əsasında birgəyaşayış ölçüsü yaradıram. Millətləşmə budur. Dövlətləşməni siyasi motivlərə bağlaya bilərsən. Millətləşmə isə siyasi proses deyil. Millətləşmə, Dövlətləşmə bir-birinə bağlı məsələlərdir, ancaq məzmun o deyil. Ona görə Ruhaniyyat Evi (Məbəd) bir növ bizim həm də millətləşməyimizi sağlayan, millətləşməyimizi əmələ gətirən ünvandır.
Bizdən qıraqda heç kim millətləşmə prosesi aparmır. Düşünün ki, heç aparmayacaq da. Siyasi partiyaların fəaliyyətlərini hamınız izləyirsiniz. Siyasi partiyaların fəaliyyətlərində millətləşmə yoxdur. Bunların içində gedən proses hakimiyyətə gəlməyi hədəf götürür. Onlar düşünürlər ki, hakimiyyətə gələndən sonra millətləşmə olar. Bizə də çox vaxt bunu deyirlər. O gün elə Beyləqandan olan Təvəkkül bəy mənə səs atıb deyir ki, biz hakimiyyətə gələndən sonra sizin qarşınızda yaşıl işıq yanacaq.Tərsinə, siz hakimiyyətə gəlsəniz daha böyük əngələ çevriləcəksiniz. Bunun fərqində deyillər. Hansı əngəllərdir, mən onu izah edə bilərəm. Güney Azərbaycanlı Mahmudəli Çöhrəqanlı Bakıda olanda onunla 2-3 dəfə görüşdüm. Bir dəfə də Ocaqçılardan bir neçəsi ilə birgə görüşə getdik. O da bizə deyirdi ki, biz dəyişiklik edək, birləşək, ondan sonra sizin üçün qapı açılacaq. Xalq özü dinlə sizin aranızda seçim edəcək, onumu qəbul edək, bunumu. Söz yox, onların hamısı diplomatik dillə danışırlar, guya nə onu hürküdür, nə də səni. Axı seçim edəcək nə deməkdir?! Dini qəbul edəcəksə, dində qalacaqsa özümləşmə nə deməkdir?! Söhbət millətləşmədən gedir. Dinlə sən millətləşə bilmirsən. Bir sözlə, millətləşmənin yönü Asif Ataya bağlıdır. Kim harda nə izah edir etsin, Millətləşmə Asif Ata ilə başlaya bilər, oturuşar.
Ancaq biz Asif Atanın ünvanına məktəb deyirik, sən özünü dəyişməsən heç nəyi dəyişə bilməyəcəksən, heç nə yarada bilməyəcəksən. Heç bir fərddə, heç bir partiya mənsubunun içində hər hansı iş getmir. Hakimiyyətə gələndən sonra nə ilə düzəldəcəksən onu?! Sənin xarakterin yoxdur, satqınsan, sürüşkənsən, hətta sən qurbansan. Sıradan adamlar heç bilmirlər nəyin uğrunda mübarizə aparırlar, kim gələcək hakimiyyətə. Bundan başqa səni yönətənlər, başında duranlar buyruqdadırlar. İstənilən partiyanın içində hər bir qıraq, dış güclərin, Azərbaycan xəfiyyəsindən tutmuş dış dövlətlərə qədər, hər kəsin kadrı var. Yalandan sən sabit görünürsən, çünkü sən hələ hakimiyyətə gəlməmisən. Sabit görünsən də, xalqda heç kim sənin dalınca gəlməyəcək. Millətləşmə prosesi o deməkdir ki, həmin toplumla sənin aranda mənəvi vəhdət yaransın. Yəni sənə inansın, səni şəxsiyyəti saysın. Səni simasız sayır, səninlə onun birliyi yaranarmı?! Sənə satqın, simasız, xəyanətkar deyir. Hansı bir siyasi partiya mənsubuna xalq o epitetləri vurmayıb? – Hamısına vurub. Ona görə deyirəm millətləşmə prosesi ruhani prosesdir. Bu da birbaşa Ocağın işidir. Millətləşmə nədən başlayır?! – Atanın birinci xətti millətləşmə deyil, İnsanlaşmadır. İnsanlaşma, Millətləşmə (Türkləşmə), Şərqləşmə, Bəşərləşmə – Atanın ruhani hədəf xətti belədir. İnsanlaşma siyasi partiyalar üçün nə deməkdir? – Hər bir aparıcı adamın özündə mənəvi dəyişikliklər getməlidir. Etibar yaratması, inam yaratması, əxlaq yaratması, xarakter sabitliyi yaratması gərəkdir. Bunlar gündə min yalan danışır, deyirlər siyasət işlədirəm.Yalançılıqla yaşayır, deyir siyasət belə olur. Yalan onun həyat tərzinə çevrilir. Ona görə deyirəm, bizim məktəbin xətti İnsanlaşma ilə başlayır. Ruhaniyatın bütün tələblərini ömrümüzə gətirməliyik. Ocaq insanın özündən başlayan yoldur, qıraqdan başlayan yol deyil. Bütün siyasi partiyaların hamısı qıraqdan başlayan yoldur. Hamısının nizamnaməsinə, proqramına baxsanız, görəcəksiniz, qıraqdan başlayır. Biz evimizi ruhani məktəbə çeviririk. Hər bir sözümüz Ocaq məzmunu daşıyır. Mən arada türkiyəlilərlə söhbət edirəm, onlara deyirəm, millətləşmə üçün Atatürkdən deyil, Asif Atadan tutmaq gərəkdir. Millətləşmə sadəcə bir anlayış deyil, siyasətin işi deyil. Atatürk dövlət yaratdı, siyasi xadim idi, hər şey onun işi deyil. Hətta onun yaratdığı dövlətdə belə, siyasətin, ideologiyanın, texnologiyanın, yaşam ölçüsünün hamısı qırağa bağlıdır. Mədəniyyət milli olmalıdır, dil, kültür milli olmalıdır deməklə millətləşmə prosesi getmir. Bunun üçün ruhani ideyan olmalıdır. Əgər ortada bu ideya yoxdursa, ya da var, ona heç kim əməl etmirsə, dövlətin ona əməl eləmək kimi bir tələbi yoxdursa, nə desən boş şeydir. Ölçü olmalıdır. Sən özündə şəxsiyyət yaratmalısan. Bu yoxdursa sənin yönətimini qəbul etməyin, sənə oy verməyin önəmi qalmır.
…İnam Evinin hədəfi İnsanlaşma, Millətləşmə, Şərqləşmə, Bəşərləşmədir. Söz yox, İnam Evinin hədəfini öz fərdi əməllərimizdə, davranışlarımızda, düşüncələrimizdə, yaşamımızda gerçəkləşdiririk. İnam Evinin məktəb olması belə bir anlam daşıyır. Bu məktəbin həm öyrətmənləri, həm də öyrənciləriyik. Həm öyrənirik, həm də öyrədirik. Atanın dediyi kimi öyrəndikcə öyrədirik. Bu xətt inkişaf edə-edə də gedir. O vaxt, Ata bizə deyirdi ki, siz bəşəriyyətin ruhani müəllimlərisiniz, ancaq bu səviyyənizlə yox. O səviyyəyə yetmək gərəkdir. Bunun üçün“özüylədöyüş” ideyası verib, sənə məktəb yaradıb. Özünü ötməklə bəşəriyyətin ruhani müəllimi ola bilərsən.
İnam Evi Günümüz qutlu olsun.
Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): İnam Evi ilə bağlı düşüncələrimi bölüşmək istəyirəm. Xalqımız 7-ci əsrdən, ərəb istilasından bu günə qədər itirə-itirə gəlib. İtirib və uzun müddət bununla barışıb. Yadlıqlarla barışmaq yeni yadlıqların gəlişi ilə sonuclanıb. Biri getməmiş o biri gəlib. İndinin özündə toplumumuz özünü yadlıqlara tapınmadan təsəvvür edə bilmir. Özümləşmək toplumumuz üçün son dərəcə əlçatmaz olub. Deyirsən, izah edirsən, bəyənir. Ancaq bunu mümkünsüz sayır. Burada, Qobu kəndində dörd məscid saymışıq. Yurdumuzda yüzlərlə məscid, kilsə, sinaqoq var. Siyasi yöndən, özgəliyi, yadlığı təmsil edən evlər var. Dövlət qurumundan tutmuş adi şeylərə qədər yadlaşma üzərindədir.Biz gücümüzü toplayıb Atagün elində dörd divar qaldırıb məbəd yaratdıq. Toplum, hakimiyyət qarışıq töküldülər onun üstünə. Nə eləmədilər?! Daşları bir-bir yenidən yaşadığımız evin ünvanına daşıdıq. Sonra yenidən cəhdlər. Necə olur, bu millətə qıraqdan hər şey olar, özümlüyümüzü təmsil edən bu dörd divar olmaz. Niyə özümüzünkünü özümüzə qadağan edirik, nədi bizə mane olan?! – Bunu cəhalət deyir, ətalət deyir, manqurtlaşma deyir…
Soylu Atalı: Nə qədər ki, onu tikməmişdin, elə ömrü boyu deyəcəkdilər ki, bu mümkün deyil. Mümkün deyil dedikləri artıq ortadadır.
Günev Atalı: Artıq yavaş-yavaş alışdılar. Qutsal ünvanlar kimi tanınan yerlərə münasibət heç vaxt birmənalı olmayıb. Buna da münasibət fərqli oldu. Ancaq bir həqiqət var ki, heç vaxt həmin ünvana həqarətlə yanaşılmayıb. Min illərdən keçib gəlmiş məbəd qalıqları var. Bir meşədə, bir dağın döşündə, uçub tökülüb. Ancaq yenə də insanlar onlara məbəd kimi baxırlar. Bu hal insanların içində var. O vaxt Ata deyirdi, nə qədər aşınsa da insanın içində müqəddəsliyə meyil var…
Qonuda yazılıb:“qutsal ünvanlar insanın mənəvi dünyasını necə etkiləyir?”. İnsan adi yerlərdə, cəmiyyətin içində başqa əhvalda olur. Məbədlərdə isə yüksək əhvalda olur. Adi bir insan da olsa, içində buna ehtiyac var. Gedib orada dərindən nəfəs ala bilir.
Biz bu ünvanı Ocaqlaşdırırıq, burada dünyaya meydan oxumaq var, – onun daşıyıcılarından biri sənsən. Bura uça-uça gəlirsən, yeni əhvalla gəlirsən. Bilirsən hara gəlirsən, hansı ucalığa, hansı gözəlliyə, hansı əhvala gəlirsən, – doğmalarınla bölüşməyə gəlirsən. Bura illərlə içimizdə arzuladığımız ünvandır. Bu qutsal ünvan dünyanı bataqlıqdan çıxarmaq üçün yaranıb. Sən də bu əhvalla dolursan. Atamız Var olsun!
Soylu Atalı: İzah elədiyim bir məsələyə yenidən qayıtmaq istəyirəm. Demokratiya ilə Ocaq olmaz. Demokratiyanın məntiqi ilə yanaşanda Asif Ata diktator kimi görünür. Ata özü ilə bağlı üçüncü şəxs haqqında danışan kimi danışırdı. Bizim ağlımızda özünün ruhani öyrətmən obrazını yaradırdı. Dediyim kimi, demokratiya ilə ruhaniyyat tutmur, müqəddəslik alınmır. Hərə bir hava çalır, hərə bir cür davranır. Ata o cür hərcayi davranışların qarşısını almaq üçün ruhaniyyatın qaydalarını, prinsiplərini bizə öyrətdi. Bir dəfə İçərişəhərdə tədbir keçirirdik, bir qadın qatılmışdı, tədbirə çox mane olurdu. İmkan vermirdi danışam. Söz vermədən yerindən danışırdı. Mən ona təpki göstərdim. Onda siyasi qurumlarda fəaliyyət göstərən dostumuz Elçin bəy, etiraz olaraq, durub getdi. Sonradan demişdi, inanmazdım, Ocaqda da diktatura var. Məncə, bu hal Ocağı tam anlamamaqdan irəli gəlirdi. Axı, siz Ocağı nəyə çevirməyə çalışırsınız?! Siz hamınız Ocaqdan öyrənməyə gəlmisiniz. Ocağı öyrətməyə gəlməli deyilsiniz. Hərə bir hava çalsa Ocaq əmələ gəlməz. Ocağın içində yaradıcı, qurucu təşəbbüslə çıxış eləmək olar, dağıdıcı təşəbbüslə çıxış etmək olmaz. Ona görə deyirəm, demokratiya ilə Ocaq olmaz. Demokratiyanın planında, proqramında Ocaq yoxdur. Demokratiyada anarxiya var. O da bir söz deyəcək, bu da bir söz deyəcək… Ocaqda söz demək asan məsələ deyil. Hər kəsə söz veririk, ancaq demokratik tələblərlə yox. Sözün var, söz deyə bilərsən, ancaq buranı bazara çevirə bilməzsən. Burdakılar bütünlüklə milli, mənəvi yöndən köklənmiş insanlardır. Mənəviyyat qurucularına ağıl verə bilməzsən. Bu məsələləri həmişə qıraqdakı adamlarla söhbət edəndə anlatmaq gərəkdir. Azərbaycan toplumunda çoxlarına hələ çatmır ki, Asif Ata nə istəyir. Xalq yaratmaq sadə, asan bir proses deyil. Xalqın yaradıcılarını eşitmək gərəkdir. Atanın dediyinin məntiqi odur ki, xalqın yaradıcıları şəxsiyyətdir, mənəviyyat adamlarıdır. Onlar kamil ləyaqətlə yaşayırlar. Partiya rəhbərləri kimi satqın, xəyanətkar deyillər. Onları eşitmək gərəkdir. Eşitmirsənsə, xalq ola bilməyəcəksən. Bu məsələlər bizim gəldiyimiz, keçdiyimiz, öyrəndiyimiz yollardır. Bir sözlə, Ocaq demokratiya ünvanı deyil.

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):Bugünkü gün bizim üçün ən gözəl günlərdən biridir. Bu gün münasibətilə Ocaq bacı-qardaşlarımı qutlayıram. Bu işdə, bu evin ortaya gəlməsində əvvəldən axıra qədər kimin zərrə qədər də əməyi varsa çox sağ olsun. Çox təşəkkür edirəm. Başlıca şərtlərdən biridir ki, bu gün onu yerinə yetirilmiş hesab edirəm. Müqəddəslikdən, kamillikdən danışanda gedib dinlərə çıxırlar. Dindəki inam umacaqlı inamdır. Hansı məbədə gedirsən əl açıb yalvarır, məişətindən ötrü, sağlamlığından ötrü nəsə istəyir. Heç birində mənəviyyat istəyi, mənəviyyat tələbi yoxdur. Ona görə də dinlə bağlı olan əqidələri inam saymaq olmaz. Sadəcə topluma yeriyib, kütləvi şəkil alıb. Camaat sanki bir-birindən çəkinir. Əslində daxilində bəlkə də ona inam yoxdur. Ancaq umacaq var.
İndi deyirlər ki, ideya zamanı deyil. İdeyaya bağlılıq insanın xislətindən gələn bir şeydir, insanın xisləti ilə bağlı bir məsələdir. İdeyasız insan hərcayidir. Ona görə qan-qada azalmır. Ocağın ünvanında bu fəlakətlərdən çıxmaq olar.
Bir daha hamınızı qutlayıram.
Atamız Var olsun!

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): İnam Evi Günü`müz qutlu olsun!
Elə inanc var ki, o inanc yaranandan öz bölgəsindən, ölkəsindən qırağa çıxmır. Bir də dünyada yarandıqdan sonra istər zorla, istərsə də könüllü yayılan inanclar var ki, biz də, ölkə, yurd olaraq bu yayılmaların, zorluqların gətirdiyi dəyişimlərlə yaşamışıq. Bu dəyişimlərlə özümüzü, ruhumuzu özgələşdirə-özgələşdirə bu günlərə gəlmişik. Siyasi, iqtisadi durumlarla iç-içə, yaşamaq uğrunda mübarizə apara-apara insan özünə tamamilə yadlaşdı. Ata deyirdi – yaşamaq yaşamağın məqsədi ola bilməz. Özündən qıraqdakı qüvvəyə arzularını, düşüncələrini həsr etməyə dəyməz. Özündən qıraqdakı qüvvələrə tabe olmaq, özünü qurban vermək – yox olmağa təndir. Yaşamaq – Var olmaqdır. Var olmağın sirri qıraqda deyil, siyasi-iqtisadi qanunlarda deyil, – Özüylədöyüşdədir. İnsanı özü yaratmalıdır, qıraqdakı qüvvələr, qanunlar deyil. Mənəvi dünya öz içindən başlanan işığın Mənaya qovuşmasıdır. Öz içindən başlanan yolun Mənayla birləşməsindədir. İnam ruhunu yarada-yarada, içində təsdiq oluna-oluna qurulur. Özümlük olaraq, özün olaraq. İdrakla, Mənəviyyatla, İradəylə birləşir. Xeyiri, Ədaləti, Həqiqəti İnsan öncə öz içində yaradır, ona inanır. Öz içindən başlanan işıq ətrafına işıq salır. Həyatla, toplumla, dinlə barışmayan, Mütləq tələbə yüksələn insanın ömrü yol olur. İnam Evi öz içindən işıqlananların məkanıdır. Xeyir yolu, Həqiqət yolu salanların, yolçuların ünvanıdır. Bu ünvan ömürdən, ömürlərdən başlayır, ömürlərlə də davam edəcək. Öz ömrünə yiyə olanlar, ömrünü quranlar, xalqla bir olanlar hər zaman bu ünvanın işığını, istisini yaradacaq.
İnam Evi sadəcə bir ünvan deyil, ruhsal təsdiqdir. Əbədiyyət uğrunda fəda olanların yaşadığı, dəyərlərin qorunduğu, İnsanlığın sevildiyi, sabahın qurulduğu mənəvi dünyadır. Bu dünyanı qurmaq, qorumaq, yaşatmaq qutsal bocumuzdur.
Bir də bu ünvanla bağlı bir şey demək istəyirəm. Ocaq türk abesi yarananda, bu abe ilə yazanda içimizdə doğmalıq hissi yaranırdı ki, öz əlifbamızla yazırıq, öz dədə-babalarımızın yaratdığı əlifbadan istifadə edirik. Bu gün İnam Evinə gəlib burda mərasim keçirmək mənim içimdə bir başqa doğma duyğular yaradır. Ayağımın altında torpaq var deyə o dərəcədə özümü güvəndə, doğma yerdə hiss edirəm. Bu, doğrudan da, bizə məxsusdur. Bütün varlığımla bunu hiss edirəm. Ona görə də Ocağımız yaşasın.
Atamız Var olsun!

Göynur Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):İlk öncə İnam Evi haqqında düşüncəmi demək istəyirəm. Mənə çox güclü təsir bağışladı, – həm özümüzün olmağı, həm hamımızın bir yerdə olmağımız. Burda rahat oluruq, sərbəst oluruq, istədiyimiz fikirləri bölüşə bilirik, qıraq təsirlər olmur, insan başının üstündə maneə görmür. Ona görə ürəkdən deyirəm, İnam Evi Günümüz qutlu olsun. Mənim başqa qutsal ünvanım yoxdur. Qutsal ünvan mən buranı sayıram. İnsanlarımız başqa ünvanları müqəddəsləşdirirlər, ora tapınırlar. Bu isə özgələşməyə gətirib çıxarır. Mənim üçün öz ruhumun ünvanı – əqidəm, fikrim, ideyam müqəddəsdir. Bizim bu Ocaq mühitimiz ruhumun dincəldiyi, ruhumun qurulduğu müqəddəs yerdir. Hər dəfə burada nəsə öyrənirəm, məktəb keçirəm. İnsan hər yaşda öyrənir. Bu üç il ərzində mən çox şeyi burda öyrəndim, çox gözəl bir məktəb keçdim. Ocağın bir Evladı oldum, buna görə ürəyimdə sevinc, qürur hissi var.
Mən də, Evimizi araya gətirən, burda zəhməti olan hər kəsə sağ ol deyirəm. Soylu bəyi ayrıca qeyd edirəm, onun çox böyük hünəri, zəhməti var. Mənim də Ocaqla bağlanmağımın körpüsü odur. Elə bir körpüdür, elə bağlanmışam, məni burdan ölüm ayırar. Hər birinizə çox minnətdaram.
Atamız Var olsun!

Soylu Atalı: İndi bir neçə sonlandırıcı söz deyim. Atanın dönəmində Ocaq daha çox Ailələrdən oluşurdu. İndi hələ ki, Ocaq Ailəsi birdir. Çünkü bizim sayımız o qədər çox deyil. Ancaq biz Ailə Günü keçirəcəyik. Hansısa ideyaların ləğv olunmasından söz gedə bilməz. Yəni səbəb nə olursa olsun, Atanın “Ocaq Ailəsi” ideyası ortadan qalxa bilməz. Sayımız yenidən artacaq, Ailələr yenidən bərpa olunacaq. Ona görə biz “Ocaq Ailəsi” ideyasına bağlı toplantıları daim gerçəkləşdirəcəyik. Ailə Günü ayrıca bir məktəbdir. Burada Ocaqçıların hər birinin aylıq Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatları olur. Bunu hər bir Ocaqçı Ailə Günündə etməlidir. Bu toplantı ayda bir dəfə keçirilir, – sən nə yaşamısan, nə düşünmüsən, nə öyrənmisən, onların hesabatını verməlisən. Mərasimlərdə isə Ailə hesabatı, özüylədöyüş hesabatı verilmir… Bu baxımdan biz Ocağa Evlad gətirmək haqqında düşünməliyik. Əlimizdən gələni etməliyik ki, Ocaq Ailələr şəklində fəaliyyətini genişləndirsin.
Ailə ən azı üç Ocaqçıdan olur. 7-8 Ocaqçı da olar. Say artarsa, Ailədən Ailə yaranmalıdır. Çox sayda ailəçinin hesabatına gün bəs eləməz.
Ailə xalqın içindən Ocağa Evlad gətirməlidir, yeni Ailə yaratmalıdır, öz içindən Ailə Yükümlüsü hazırlamalıdır…
Bir də tədbirlərin keçirilməsi ilə bağlı demək istəyirəm. Mərasimlər, bayramlar istisnasız olaraq, burda olur. Ola bilər ki, hansısa bir Ailə Günü tutaq ki, mənim həyətimdə olsun, ya Nurtəkingildə olsun. Ancaq mərasimlər, bayramlar istisnasız burada keçiriləcək. Bura dəvətlər haqqında düşünməliyik. Tədbirlərə insanları dəvət etmək gərəkdir. Dəvət etdiyiniz insanların buraya gəlməsinə dəvət edənin özü sorumluluq daşıyır. Bu işləri ayaqda tutmaqla uğurları artırmaq olar. Ocağın tədbirinə gələn adamlara Ocağın prinsiplərini, ideyalarını, işini anlatmalıyıq. İnsanların şüuruna yeriməlidir, bu düşüncələr evlərə getməlidir. Hər kəs bu, ya başqa şəkildə bu cür yüklərin altına girməlidir. Atanın dönəmində ruhani təşkilatçılıq vardı. Ruhani təşkilatçı hamının gəlişinə qədər hər şeyi hazırlayırdı. 14-cü ildən Atanın ölümünə qədər Ocağın Ruhani təşkilatçısı mən oldum. Bunu vəzifə kimi düşünmək olmaz. Ocaqda vəzifə (lər) yoxdur. Yük var, sorumluluq var, daşımalısan. İndi İnam Evi`nin Odqoruyanı tədbirlərin ruhani təşkilatçısı olmalıdır. Söz yox, ümumOcaq açısından ruhani təşkilatçı da yetişməlidir.
Bir daha İnam Evi Günü`müz qutlu olsun!
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə törən sona yetir.
Yağış Ayı, 47-ci il.


