Xəbərlər

Qutsal “Evlad Günü” Mərasimi

Ocaq Günsırası ilə 7 Od Ayı, 47-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Evlad Günü” Mərasimini həyata keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə edərək sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Ölənlərimizin adını anırıq – Sabahlı, Bağban, Amaltay bizimlədir.

Günümüzün mahiyyətiylə bağlı söz deyəcəyik. Eyni halda “Gediş Yazısı”nda qoyulan qonulara da aydınlıq gətirməyə çalışacağıq. “Evlad Günü” məsələsi ilə bağlı hər il ya bənzəri şeylər deyirik, ya da ki, onun mahiyyətinə yönəlik yeni düşüncələrimizi, istəklərimizi dilə gətiririk. “Evlad Günü” mərasimi Ocaqda yaranan ikinci olaydır. Birinci Yeni İl mərasimi elan olunub, Ocağın başlaması. İkinci, Ocaqda Evladlıq olayının Mərasimləşməsi olub. Ondan sonra Ata ömrünün mərasimləşməsi gəlir. Beləcə mərasimlər ard-arda yaranıb.
“Evlad Günü” mərasimini Asif Ata Şölə Ayının 1-i elan edib, ancaq biz onun vaxtını dəyişdik. Bununla bağlı ötən mərasimlərimizdə demişik. İki cümlə ilə yenə xatırladım, biləsiniz. Ata öz sağlığında “Ruhani Qurum” mərasimini ortadan qaldırdı, “Evlad Günü” mərasimiylə birləşdirdi. Onu nəyə görə elədi?! – Getdikcə yeni mərasimlər yarandı. O mərasimlərdən biri “Ata Evinin Ziyarəti” mərasimi idi, biri “Ruhani İdrak Günü” idi. Mərasimlərin sayı çoxaldığına görə Ata “Ruhani Qurum” mərasimiylə “Evlad Günü” mərasimini birləşdirib Şölə Ayının 1-nə keçirdi.
İndi Ayın 1-i “Evlad Günü”, dalınca Atanın ölüm günü gəlir. Üç gün sonra, bir həftənin içində iki mərasim keçirməməyimiz üçün biz də düşündük ki, “Evlad Günü” mərasimini Atanın bir vaxtlar 7 Od Ayına təyin elədiyi “Ruhani Qurum”mərasiminin tarixinə qaytaraq.

Ocaq Atalıq-Evladlıq prinsipi ilə yaşayıb, yaşayır, yaşayacaq. Ocaqda yeni Ata olmayacaq. Bunu dəfələrlə deymişik, yazmışıq. Bunu nəyə görə bir daha xatırladıram?! Bizi oxuyurlar. Bizim tədbirlərimiz yazıya çevrilir, yazıya çevriləndən, yayımlanandan sonra oxuyurlar. Bu yaxın günlərdə mənə yenə sual verdilər, Ocağın Ruhani Başçısı kimdi-filan. Bu sual, şübhəsiz ki, bir vaxtlar “Keşlədə” yaranan oyunlardan qaynaqlanır. Mən sizə dediyimi sual verənə də dedim: Ocağın bir Atası var, həmişəlik. Ocağın Ruhani Başçısı Ocağın Atası deməkdir. Ocağın Atası onun Ruhani Başçısı deməkdir. Yəni, biz burada oyun oynamırıq. Biz burada vəzifə icad eləmirik. Biz burada addımbaşı Ocağı yaşatmaq yerinə durub, hansısa vəzifələr, planlar uydurmuruq. Ona görə də hər kəsin bilməsi gərək, Ocağın Ruhani Başçısı Asif Atadır. Asif Atadan sonra Ocağın işlərini yürüdən, yönətən də Ocağın Yükümlüsüdür. Bir də Ruhani Ailə Yükümlüləri (təmsilçiləri) olur. Qurtardı. Ocaqda vəzifələr, bu vəzifələrin insanlar arasında bölünməsi olmayacaq. Bunu mən tutuşdurma səviyyəsində demişdim: tutalım, bir cismani ailənin atası ölür. Ailənin atası öləndən sonra onun yeni atası olmur ki. Onu biz belə görmüşük: ailədə böyük qardaş olur,  ailəyə yiyəlik edir, hər kəs də ona sayğı duyur, onu eşidir. Bu ruhani qurumda da belədir. Biz də ona görə düşündük ki, Ocağın işi, gedişi nizamlı davam eləsin deyə, Ocaq Yükümlüsü adı altında bir sorumluluq olsun. Ancaq Ocaq Yükümlüsü Ocağın Ruhani Başçısı deyil. Tarixdə bağışlanmayan bir xəyanət oldu Keşlədə. Belə bir absurd iddia sunulmamalı idi toplumun baxışına, heç kimi aldatmaq gərək deyildi. Açığı mən gözləmirdim. Bu addım küyə, şöhrətə yıxılmış aşağı bir səviyyə idi. Evladlıq məsələsi ilə qane olmamaq, Ocağı dərk eləməmək deməkdir. Asif Ata ilə yaş fərqinin az olması-filan, belə söhbətlər absurd bir şeydir. “Mən Ata yaşındaykən Evladlıqla yetərləndim” – bu ruhani axtalanma faciəsidir. Ruhani Evladlığı balaca saymaq – Ocaqsızlaşmaq zəlilliyidir, – kim olursan ol.  Asif Ata deyir: “Evlad” sözü “Ata” sözündən sonra ən böyük sözdür. Bu, bəs deyilmi?! Deyir, siz bəşəriyyətin ruhani müəllimlərisiniz. Bəşəriyyətin ruhani müəllimi körpə olmur.

Hər bir dünyagörüşün anlayışları, quralları, ritualları var. Ocağın da var, Ocaqda da Atalıq, Evladlıq məsələsi var. “Ata” sözü hələ də həzm olunmur. Ona görə bizim qarşımıza belə suallar hələ çıxacaq. Ocaqçılarımız bu məsələlərlə bağlı çaşmamalıdırlar. Biz dünyaya yeni açı, yeni baxış, yeni ölçü sunuruq. Dünyada nə baş verirsə versin, hansı quruluş dəyişirsə dəyişsin, hansı düzən yaranırsa yaransın, Ocağa ehtiyac heç vaxt ortadan qalxmayacaq. Bəzən deyirlər, indi yeni texnologiyalar yaranır, yeni inkişaflar filanlar var. Bunların hamısı bir yerdə Ocaq adlı tələbi ortadan qaldırmır. Qaldıra da bilməz. Bunu biz dəfələrlə demişik də, yazmışıq da, əsaslandırmışıq da. Baxın, özünüz də görürsünüz, Mənəviyyat düzeyində heç bir dəyişiklik getmir. Asif Ata öləndən sonra, yeni-yeni, gündəlik gördüyümüz, müşahidə elədiyimiz məsələlərdən danışırdıq. Ona ağrı ilə yanaşırdıq, qiymətləndirirdik. 30 il bundan qabaq yeni başlayırdı bir çox şeylər. Küçədə əcayib geyimlər görürdük. Bizim üçün o da mövzunun bir bəndinə çevrilirdi. İnsanlar, ən çox cavanlar saç-saqqal buraxırdı. Nə bilim, pis geyimlər geyinirdi, bu da bizim bir mövzumuza, ağrımızın bir detalına çevrilirdi. Biz də bunları  dilə gətirib vurğu edirdik. Nə bilim, böyük-kiçik yeri qalmayıb, metroda, avtobusda böyüklərə yer vermirlər, özlərini belə aparırlar, elə davranırlar, narkotika belə gəldi, elə getdi. Dalınca hər şey, hər şey, həyatımızın içinə doluşdu. Bu da istər-istəməz ayrı-ayrı məqamlarda mövzularımıza girirdi. Bu gün bizim mövzularımız bu detallar deyil. Niyə deyil (bu detallar hələ bundan sonra artacaqdır)? – Bunun səbəbi var. Bunların heç birinin özü səbəb deyil. Biz də səbəbi axtarıb araşdırırıq, səbəbi döyürük. Bundan sonra da belə olacaq. Yeni-yeni nəyə görə belə idi?! – Məsələn, Sovet dönəmindən sonra qadınlar açıq geyinirdi, biz də buna etiraz eləyirdik, tıncıxırdıq, narahat olurduq. Düz eləyirdik. Onun dalınca başqa bir şey gəlirdi, küçənin ortasında davranış, həyasızlıq. Bunlar bir-bir gəldikcə biz həyəcanlanırdıq. Yəni normal insanlar, tək Ocağı demirəm. Bundan sonra bunlar televiziyalara daşındı, mətbuata daşındı, hər yerə. O vaxtlar sarı mətbuat deyirdilər, gözümüz nələr gördü. Bunların hamısı ekranlara daşındıqca biz tıncıxırdıq, ifşa edirdik, belə olmaz, elə olmaz. Yenə deyəcəyik. Ancaq indi bizim qarşımıza çıxarılıb başımızı qatan olaylarda ilişib qalmayacağıq. Bunların hamısını adiləşdirdilər, standartlaşıb sanki. Adi şeyləri sadalamaqla biz də adiləşirik. Bu günün standartları bizim yanaşma standartımız deyil. Səbəb çox dərindədir. Bu bizim barışmağımız anlamına gəlmir, səbəblə uğraşmağa köklənmişik. Üzdəki olaylar getdikcə indikindən betər olacaq.
Bəzən bizdən soruşurlar, Ocaq neçə ildi var? Heç dəxli var?! 1500 ildir din var, nəyi düzəldib?! 2000 ildir o biri din var, o nəyi düzəldib?! Siz istəyirsiniz, 5-3 yetim 5-3 ildə həyatınızı kökündən dəyişdirsin?! Hələ beş adam daxili yol getməyə başlamayıb, hələ “Ata” sözünə allergiyalı yanaşmalar var… Biz bütün hallarda öz sözümüzü deyirik, öz baxışımızı sərgiləyirik. Deyəcəyik, sərgiləyəcik.
Bizim yaşımız var, böyük dəyişiklikləri görməyəcəyik. Ona görə həvəsdən düşmək, addımı dala qoymaq olmaz. Nəyi görəcəyik, görməyəcəyik, – bu, məsələnin canı deyil. Biz doğru bildiyimiz yolda yürüyürük, doğru bildiyimizi ortaya qoyuruq, doğru bildiyimiz yolda mübarizə aparırıq. Evladlıq budur. Hamının qəbul elədiyini Evlad qəbul eləmir. Hamının standartlaşdırdığına Evlad nifrət damğası vurur.
Ata bundan ötrü bizə ölçü verdi, Ocaq Ailəsi yaratdı, Ocaq Ailəsi üçün mövzular verdi. Bu mövzular – Amallaşma, Kamilləşmə, Xalqlaşma adlanır. (Min il keçəcək, bu prinsip yenə qüvvədə qalacaq). Amallaşma – Asif Atanı dayanmadan həmişə öyrənmək. Elə bir yoldayıq ki, nəyisə öyrənib, başa çatmış saymırıq özümüzü. Daim öyrənirik. Baxın, bir məsələni baxışınıza çatdırım. Biz yazmışıq, Türkün Göy Tanrıçılığı olub. Azərbaycanın Babəki olub, Nəsimisi olub. Ancaq biz nə Tanrıçıyıq, nə Babəkçiyik, nə Nəsimiçiyik, biz Asifçiyik. Göy Tanrıçılığın dəyərini, qiymətini bilirik, veririk, sevirik. Göy Tanrıçılıqda bu günümüzlə səsləşən gözəl, gərəkən hansısa gələnəklər varsa, onu öz dünyagörüşümüzün cövhərində, mayasında yaşadırıq. Babək onun kimi, Nəsimi onun kimi. Ancaq Göy Tanrıçılıq minillər bundan qabaqda qaldı. Göy Tanrıçılıq bizimlə bir yerdə bu günə gəlmədi. Deyirəm, daim öyrənməliyik. Niyə? – Çağdaş dönəmdə insanların yaşam sürəci var, gedişlər var. Yeni gedişlərə qarşı, yeni yaşam sisteminə qarşı hər bir yöndə düşüncə oyanır. Düşüncə də yenilənir. Yəni İdeyanın çevrəsində düşüncə də yenilənir, sabaha gedir. Yenilənə-yenilənə. Günbəgün yaşadıla-yaşadıla. Ömrə çevrilə-çevrilə, tələbə çevrilə-çevrilə qabağa aparır. Ancaq adını çəkdiklərim, hamısı dayandı. Heç biri öyrənilə-öyrənilə, düşüncələrə çevrilə-çevrilə bu günümüzə gəlib çıxmayıb. Biz durub yenidən onları bərpa eləməyin üzərində niyə baş sındırmalıyıq ki?! Onların üzərində, onlardan daha kamil Yeni Dünyagörüş yaranıb. Kamil Yenilikdən yapışmaq gərəkdir. Asif Atadan tutmaq, Tanrıçılıqdan tutmaq deməkdir. Asif Atadan tutmaq, Xürrəmilikdən tutmaq deməkdir. Hürufilikdən tutmaq deməkdir. Asif Atadan tutmaq qədim Şərq dəyərlərindən tutmaq deməkdir. Asif Atadan tutmaq Qərb dəyərlərindən tutmaq deməkdir. Yəni, Asif Ata bunların hamısını içinə alır, bütün yaxşı keyfiyyətləriylə.Onların heç biri, ayrıca bizi biz eləmir. Ayrıca heç biri bizim üçün yaşam sistemi deyil. Asif Ata yaşam sistemidir. Ata yazıb: Zərdüştlüyümüzdən od götürək, filan məsələdən filan şey götürək. Belə çağırışı var.
… Atanı daim öyrənirik. Hər duyğunun özü Atanın düşüncələri ilə görüşəndə yenilənir. Yetər ki, düşüncə ilə, kitablarla təmas olsun. Təmas olsa, için yenilənər. Ataya baxışın dəyişmir, için yenilənir, daha da gəlişir. Evladlıq bu deməkdir.
İndi bir neçə söz də qıraqdakılara münasibətlə bağlı deyim. Ötənlərdə Göynur bacımızla uğurlu bir söhbətimiz oldu. Ocağa yeni gələnlərimizin ağlında hər şey birdən-birə dəyişmir. İndiyə kimi qəbul olunanlar aşama-aşama açılır, öyrənilir, öyrədilir. Məsələn, Əbülfəz Elçibəyə, deyək ki, Atatürkə, Məhəmməd Əmin Rəsulzadəyə münasibət Ocaqda necədir?! Bunların bəziləri bizim münasibət sistemimizə girir, bəziləri girmir. Əbülfəz Elçibəylə bağlı münasibətə etiraz eləmişdim. Çünkü Azərbaycanı bu duruma salan, yumşaq desək, onun yanlışları oldu. Ocaq belə məsələlərə olduqca diqqətlidir. Baxın, Nəsimi, Babək, lap elə götür Buddanı, bizim sevgimizdə yer tuturlar, dəyərdirlər. Ancaq biz onların təbliğatçısı deyilik. Biz Asif Atanın üzərindən vurğu edirik. Bizim münasibətimiz tam şəffaf, aydın olmalıdır. Hər yerdə Ocağın münasibəti bilinməlidir ki, Ocaq filan məsələyə necə baxır. Xudu Məmmədov böyük ziyalı idi, alim idi. Sayğımız var. Ancaq mən xalqa Xudu Məmmədovu öyrətmirəm, təbliğ eləmirəm. Xudu Məmmədov, misal üçün deyirəm, olsun bir başqası, uzaqbaşı onu təhlil edərəm, ancaq Xudu sevərlərin baxışına yenə Asif Atanı sunuram. Xudu Məmmədovun ziyalılığı ilə, elmi ilə xalq yarada bilmərəm, ancaq Asif Atanın sistemi ilə yaradaram. Bu gün möhtəşəm təfəkkür adamlarının kitabları oxunur. Mən də oxuyuram, bəhrələnirəm. Ancaq mən onların dalınca düşmürəm. Onlarla mən xalq yarada bilmirəm. Bu məsələni dərindən düşünmək gərəkdir.
Bəşəri müəllimlik dediyimiz elə-belə sadə bir proses deyil. Onu hər adam bacarmaz. Onu Ocaqda yetişənlər bacarar. Nə qədər elm adamları, diplomu diplomun üstə düzürlər. Ancaq onlar bizim dediyimizi deyə bilmirlər, bilməyəcəklər. Çünkü Ocağı içinə çevirən, ömrünə çevirən, yoluna çevirən, düşüncəsinə çevirən, istənilən Ocaqçının bircə pilləsi belə deyillər. Biz bunu deyirik, sözün arxasında dururuq. Bununla “mən səndən ağıllıyam” demirik. Ruhani Yük başqa şeydir deyirik…
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Bu gün Evlad Günü mərasimidir. Evladlıqla bağlı söz deməyi özümə haqq bilirəm.
Ocağa gələnə qədər mən kim idim? – Adi bir müəllim, şəraitə uyğun davranan, şəraitə uyğun düşünən bir insan. Mən yaşda və məndən 5-10 yaş kiçik, 15-10 yaş böyük insanları bədbəxt adlandırmışam. Biz kommunizm həşiri altında böyüdük. Uşaqlığımızın, yeniyetməliyimizin, gəncliyimizin, hətta qocalığımızın da bir hissəsi bu ideyanın təsiri altında keçdi. İndi bəllidir ki, maddiyyatçılığa söykənən sistem ən əskik bir sistem idi. Biz həmin sistemin qanunları ilə istəyirdik ki, nəyəsə nail olaq. Fərq yaratmaq üçün zamanın qəhrəmanlarını süni surətdə yetişdirib ortalığa çıxartmışdılar. Bizə də elə gəlirdi ki, bu sistemdə bu halın yaranması mümkündür. Məsələn, deyək ki, İvanovka kimi bir yerdə təsərrüfat yaradırlar. Əmək qəhrəmanları çıxarırdılar ortalığa, gözdən pərdə asırdılar. Əslində, o sistemin xarakterində İnsanlıq deyilən bir anlam yox idi. Ona görə vəzifədə olanlar ancaq öz güzəranını düşünürdü, oğruluq-doğruluq özünün həyat tərzini qururdu. Biz isə qanunsuzluqlar içində çabalaya-çabalaya qalırdıq. Nə etməli olduğumuzu da bilmirdik. Sistemin içində nəyə nail ola bilərik ki? Sonu görünməyən bir gediş idi. Axır ki, bəxtim gətirdi. Bir tanışımız vardı. Bəlli oldu ki, o, Asif Atanın Ocağında Özümlü adı alıb fəaliyyət göstərir. Onu dinlədim, uğurlu təsir bağışladı, məndə maraq oyatdı. Eşitdim ki, fərd nədir, millət nədir, bəşər nədir. Artıq bu yeni anlamlarla düşünməyə, özümü formalaşdırmağa çalışırdım…
Son günlər qardaşım Soylu məndən bir umacağını dilə gətirib: Ocağa qədər və Ocağa gələndən sonra olan durumumu, halımda olan dəyişiklikləri qələmə alım. Bu yöndə az-çox düşüncələrim olub, ancaq görürəm ki, çox çətinlik çəkirəm. Belə bir fikir ağlıma gəlib və 2-3 gündür o istiqamətdə düşünürəm. Həyatda Ocaq Evladı özünə yer tapa bilmir. Çünkü həyat qanunları Evladın daxili dünyasına uyğun deyil. Həyat şöhrət tələb eləyir, maddiyyat tələb eləyir, hakimiyyət tələb eləyir və bunlar da Ocaqçının daxili dünyasına oturuşa bilməz. Bu həyat Ocaqçı üçün deyil. Ancaq di gəl ki, Ocağa gələndən sonra da mən həyatdan qopa bilmirəm. Bu bir faciədir. Varlığım biolojiliyə meyil edir. Bir az təsəllim milli dəyərlərimizi anlamağa, bu dəyərlərin yaşamasına ömür ayırmağa çalışmağımdır. Bu dəyərlər ruhumu yaratmağa gərək olan bir söykənəcəkdir.
…”Gediş Yazısı”nda Bilən qardaşımıza münasibətlə bağlı qonu qoyulub. Bilənin fədakarlığı, səmimiyyəti, sadəliyi üstün bir keyfiyyətdir. Qardaşımız həm də cavandır, xoşbəxtlik bir də ondadır ki, yoldaşı ondan da üstün Amalçıdır. Bu, böyük bir tapıntıdır. Bu, hər kəsə qismət olmayan bir həyatdır. Bu ailəyə çox böyük ümidlərim var və bu ailəni, öz yaş hüduduma nəzərən deyirəm ki, Ocağın gələcəyinin təmsilçisi kimi görürəm.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Ata bəşəriyyətin mənəvi yükünü götürdü, bütün bəşəriyyətin ağır mənəvi geriliyinə qarşı çiyin verdi Ruhani Mənada. İdeyaları ilə, kitabları ilə, Ocağı ilə, təqvimi ilə, abesilə sistemli şəkildə gəldi. Ata heç əzəldən olmayan, həm də tamamilə əyilmiş mənəviyyatı dikəltmək üçün o yaranan ehtiyacdan ayağa qalxdı. Ona görə də Atalıq hadisəsi bəşəri bir hadisədir, olmayan bir hadisədir gözləri kəlləyə çıxardan. Yəni, Soylu qardaşın dediyi kimi, göz kəlləyə çıxmasa, həqiqəti görməz.
Ardınca Evladlıq hadisəsi gəlir. Ata yaradardı bunları, bir sandıq ədəbiyyatda, gələcək üçün. Çünkü heç bir dahilik öz dövründə asan qəbul edilmir, qiymətləndirilmir. Tək-tək adamlar olur, bizdəki Ocaqçılar olan kimi. Biraz irəli durub, bir addım irəli, iki addım geri qoyanlar olur, tərəddüdlər olur. Çünkü zamana sığmayan bir hadisəni, heç bir təsəvvürdə olmayan bir hadisəni qiymətləndirmək özü bir dahilikdir. Ona görə mən deyirəm ki, Evladlıq hadisəsi Atadan sonra bir dahilikdir. Böyük bir məsuliyyətdir. O məsuliyyəti dərk edəndə hansı məqam olur olsun, onun içində Atanı qoruma var. Burada nə Ocağa, nə Ataya xələl gətirə biləcək nəyəsə yol verilirsə o Evladlıq deyil. Ona görə də Evladlıq hadisəsi xüsusi hadisədir.
Bir Evlad olaraq, kim idim, kim oldum? Mən artıq buna dördüncü səfərdir ki, cavab verirəm. Bir 30 il əvvəl, sonrakı zamanlar, sonra “Atagün” kitabında vermişəm. Təzə gələnlər bir az istisna olsa da, əvvəlki Ocaqçılar bilirdi mən kiməm. Yəni, düzdür, adilərin adisi. Ancaq bu adi insanın içində zamana qarşı bir hikkə, bir hiddət yaranmışdı dərinlərdə. Hardasa çıxmalı idi. Məqamını gözləyirdi, çıxmırdı. İdealım Nəsimi idi. Bir haşiyə çıxım. Nəsiminin 600 illiyi keçirilirdi. Mən 6-cı sinifdə oxuyurdum. 14-15 yaşım vardı. Nəsiminin soyularkən “Ağrımaz” qəzəli ki var, o qəzəli mən elə bir əhvalla səsləndirirdim ki, aktyor məharəti ilə. Bunu hazırlamışdım, Nəsiminin 600 illiyində mən də söz alacam, şeir deyəcəm. Köhnə məktəb, 4-5 kəndin mərkəzləşmiş məktəbi idi, 570-dən çox şagirdi vardı. Böyük zalı vardı məktəbin. Üstəlik müəllim kollektivi. Bir nəfərdə olsun, məndən başqa Nəsiminin qəzəlinin bir beytini bilən yox idi. Gəlirdilər, kağızdan oxuyurdular, ancaq bir nəfər onun qəzəlini bilmirdi. Mənə də söz verilmədi. Bu söz verilməmədə günahkar heç kəs deyildi. Çünkü mən kim idim ki?! İnanmırdılar ki, mən elə bir qəzəli deyə bilərəm. Ona görə mənə söz vermədilər. Yəni, Nəsimiyə sevgim vardı. Mən Ocağa gələndən sonra bildim ki, öyrənməmişdim. Ancaq öz əqidəsi yolunda sona qədər gedən, bəşəriyyətə lazım olan, soyulanda belə həqqindən dönməyən bir kişi var, bunu sevməmək olmaz. Mən də elə sevirdim Nəsimini. Yəni, belə-belə halım vardı Ocaqdan əvvəlki bu hal məni gətirib Ocağa çıxardı. Təsadüflər də oldu. Bir köydən Ocağa gəldik, bunu bilirsiniz. Nəhayət, gəldim, Asif Ata ilə görüşdüm. Asif Ata, yazdığım kimi, sanki bir auditoriya qarşısındaydı, alovlanırdı, qalxırdı, otururdu. Mən də heyrətlə qulaq asırdım ona. Bütün sözləri indiyə qədər, nöqtəsinə, vergülünə yadımdadır. Necə ümid yeriydi, necə nəfəs gəlirdi ordan. Ocağa qəbul oldum, gəldim. Bundan böyük səadət, bundan böyük xoşbəxtlik olardımı?
Asif Atanın çiynini verdiyi yükün altına çiynimi verdim. Atanın əlindən tutdum, verdiyi kitablarından tutdum, ideyalarından yapışdım. Nəhayət, bu yükün altında zaman-zaman özümü hiss edirəm və dayanmadan da mübarizəmə davam edirəm.
İndiyə qədər 4-5 dəfə mənə qarşı fiziki hücumlar olubdu. Onun üçünü yola vermişəm. İkisində alınmayıbdı. Ataya qarşı xoşagəlməz, təhqiramiz söz deyilmişdi. Biri kənddə olmuşdu, biri burada. Ayın 1-də parkda söhbət elədim bir neçə adamla. Onlardan biri də heyrətləndi, Asif Atanı tanıdığını dedi, onun dahilər dahisi olduğundan danışdı mənə. Tarix müəllimidir. Mənim Asif Ata haqqında söhbətlərimə, Ocağın ideyalarına vurğunluqla yanaşdı. Hətta xahiş elədi ki, hər gün gəl bura, sohbətimizə davam eləyək. Mən də səhərisi gün ədəbiyyat  götürdüm getdim. Orda da Atanın yerlisi vardı. Qasım müəllim, Növrəstə xanım ona dərs deyibmiş. Onlar hamısı belə rəğbətli münasibət sərgilədilər. Bir hərbçi gəlib çıxdı ora. Bu, tarixçi ilə onun arasında mübahisə yarandı. Yəni, ərəbçilik bizə nə verib, söhbət məndən yaranmışdı. Vaxtaşırı da orada nətər deyərlər söhbət konusu olurdu, o müzakirə olunurdu. Birliyimizin alınmamasının səbəbi, bəlalarımızın səbəbi bizim yadlıqlara bac verməyimizdir. Bunun biri ərəbçilikdir. Bu, hərbçi də mənimlə rəğbətçi münasibətdədir. Bu kişinin söhbətinə qarşı etiraz elədi. Bunların arasında mübahisə yarandı. Xahiş elədim lazım deyil heç bir mübahisə. Oturdular ki, elə biz də sizdən bir şey öyrənərik, evimizə bir şey apararıq. Mən birinci onun müdafiə elədiyi İslam dininin təməl prinsipləri haqqında ona sual verdim. Yavaş-yavaş özün görəcəksən ki, doğrudan da bu nəymiş. Sən indi beş əllə bunu müdafiə edirsən. Bu, hiss elədi ki, bərk yerə ilişib. Mən bilirəm ki, mənim verdiyim sorulara cavab verə bilməz. Həm də mən kimisə aşağılamaq üçün, bilməməyini göstərmək üçün deyil, ortaya həmin mövzunu gətirib açmaq üçün bunları dedim. Durdu, getdi, birdən üstümə qayıtdı. Söyüş işlətdi…Onu sakitləşdirdilər, araladılar. Orda olanlar məni müdafiə etdilər. Dedim, düzdür, mənim burada heç bir günahım yoxdur. Mən burada hansısa bir dartışmanın qabağını almaq niyyətiylə sözə başladım. Asif Ataya qarşı qələt eləmək olmaz. Onlara  dedim daha mən bu tərəflərə gəlməyəcəm. Sonra başqa parka getdim, söhbətlər elədim, günsıra vizitləri bağışladım. Ümumən belə söhbətlər az olub ki, məni özümdən çıxartsın, məni narahat eləsin. Mən yeri gələndə addımı dala qoyuram, söyüş söymürəm, onun səviyyəsizliyinə enmirəm.
Hə, beləcə, Evladlığımı mən davam elətdirirəm.
Ataya səcdə – Mütləqləşmə yolu. Biz Ataya səcdə edirik. Atadakı Mütləqə səcdə edirik. Demək, Mütləqə səcdə edirik. Mütləqə səcdə edirik, onu özümüzdən yüksəkdə görürük, ona can atırıq, ona heyrət edirik, ona vuruluruq.
Bilən qardaşım haqqında deyim. Mən Biləndə gəncliyimi görürəm. Xarakter etibarilə Bilən mənim gəncliyimdir. Eyni ilə onu yaşamışam. Özümü onda, onu özümdə görürəm və onu da ilahi nemət kimi qəbul edirəm. Gələcəkdə, doğrudan da, İnamlı qardaşım vurguladığı kimi, Ocağa sahib duracaq bir qüvvə hiss edirəm onda. Ocaqda Ocağa, gələcəyə sahiblik elə-belə məsələ deyil. Dilimə gətirəndə belə, tər məni basır. Onu özündə özü yarada bilməlidir.
Atamız Var olsun!

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): “Evlad Günü” mərasimi əslində, hər birimizin günümüzdür. Ümumiyyətlə, bütün mərasimlər bayramdır, ancaq Evlad Günü bizim hər birimizin ayrıca özünəxas bir bayramıdır. Evlad Günü mərasimində, yəni 1 Şölə Ayında mən Ocağa gəlmişəm. Gələn il Ocağa gəlişimin 30 ili tamamlanır. Soylu bəyin 35 ilidir, deyir, mən 35 illikdə hesabat verəcəyəm. Mən düşünürəm ki, 30 ilimdə bunu bir bayram kimi, tədbir kimi qeyd edərəm və hesabat hazırlayaram. Hər birimizin Ocağa gəlmək hekayəmiz var. Yəni, necə gəldik, tapdıq və il-ildən, Ocaqda ömür dərinləşdikcə, yetkinləşdikcə, doğrudan da, Ata ilə görüşü, eləcə də Ocağı necə tapmağı, necə Amalçı olmağı hər birimiz hər il sanki yeni bir duyğuyla danışırıq. Çünkü Ocağı tapmaq, Atanı tapmaq, özünü tapmaqdır. Məsələn, mənim üçün tapıntı iki dəfə olub: bir Atanı tapmaq, bir də Soylu Atalını tapmaq. Hər ikisində mən özümün yaradılış yolumdan başlamışam. Atanı tapdım, Ataya heyrət elədim, yolum başlandı. Ancaq yolu necə getmək, bu artıq Soylu Atalının aracılığı ilə oldu, onun Ata ilə mənim aramda körpü salmağı ilə oldu. Ona görə də Soylu bəyə sayğılarımı sunuram. Bu 29 ili həqiqətən də xarakterizə eləmək asan bir şey deyil. Çox yol keçdim. Yəni, yolun ilk başlanğıcından bu yana ağlıma gəlməyən, içimdəki potensianı gördüm. Söz yox, mən imkanlara münasibətdə özümdən razı deyiləm. Bilirəm ki, mən daha artıq olmalıyam, ya da daha artıq ola bilərəm. Ancaq indi, bu günkü gündə hər nə varamsa, varam və bu varlığıma görə Ataya və Soylu Atalıya borcluyam. Deyirlər, insan inandığına, heyrət etdiyinə bənzəyir. Biz də özümüzü yaratdıqca Ataya bənzəyirik, ömrümüz Atanın ömrünə bənzəyir. Ömür yaratmaq, özüylədöyüş, özünü, ruhunu heykəl kimi yonmaqdır. O qədər daşlaşmış duyğular və düşüncələr yapışır ki, ömrümüzə, ruhumuza və onu özündən ayırmaq nə qədər ağrı, acı hesabına başa gəlir. Ancaq həm də sonsuz fərəh. Bacardım, yetdim, yaratdım, yol açdım. Yəni, Ocaqda var olmaq belə duyğular yaşadır.
Bu 29 ildə, əməllərə başlayanda, ilk Soylu bəyin təkidi ilə görüşə başlayanda, çox duyğularımı ötdüm. Mən dəfələrlə tədbirdə demişəm ki, mən qorxu duyğusunu xalqlaşmada ötdüm. Qısqanclıq duyğusunu, paxıllığı, ömrümdəki yalanı, başqasının yanında özünü kiçik görməyi, özümü yaratmaqla ötdüm. Ancaq bu, hələ gedilən yoldu. Özüylədöyüş Mütləq tələbləri yerinə yetirməklə, özünə tam çatmaqla, içindəki idealı yaşatmaqla ölçülür. O üzdən də qarşımda duran yolu və əməlləri də görürəm, nələr eləməliyəm, nələr olmalıdır. Nə qədər ki, həyata bac verirəm, onda Amalın ömürdə tam yerləşməsi, tam Amallaşmaq alınmır. Ona görə də Amalla yaşamaq gərək, bunu deyirəm özümə.
Səcdə – səcdə edənlə, səcdə olunan arasında tam bir birliyin oluşması deməkdir. Onu görürəm, qəbul edirəm, heyrət edirəm. Sevirəm, onda itirəm, yox olmuram, var oluram. Budur səcdə. Atanın varlığında, inamında özünü tapmaq, özünü görmək və özünü yaratmaqdır səcdə.
…Ümumiyyətlə,  hər hansı bir Evlad haqqında danışmaq həm asandı, həm də çətin. Asandı, çünkü Ocaqda elə bir mühit var ki, bizim bir-birimizə qarşı sevgimiz var, doğmalığımız var, bağlılığımız var. Biz onu ifadə eləyirik. Ancaq həm də çətindir, onu ifadə eləmək olmur. Elə insan var ki, səsi gəlmir, əməllərinin səsi gəlir. İçində duyduğu, inandığı Amalı üçün etdiyi işlərin səsi gəlir. İnandığını daha çox paylaşmaq və daha çox insanlara çatdırmaq istəyi görürəm Bilənin əməllərində. Nə vaxt müraciət etsən heç zaman, “yox” sözü ilə qarşılanmırsan, elə bir dayaq yeri, qardaş yeri yaradıb öz ömrü ilə. Ocağa, Ocaq Yükümlüsünə, Ocaqçılara inamı, sevgisi hər zaman görünür. Fədakarlığında bütövdür, sözünü əməlləri ilə deyir. Göytəkinə dayaq olmağı gərəkdir, Ocaq əməlləri onları da, Ocağı da böyüdən, işıqlandıran olaydır. Qardaşım var olsun, ömrü Ocaqda daha da əbədləşsin, daha da bütöv olsun.
Atamız Var olsun!

Göynur Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.):  Ocaq və Evlad eyni bir mənbədən, eyni bir yerdən, eyni bir məkandan gəlir. Ocaq elə bir ev, bir yurd kimi götürülür. Evlad da bu Ocaqdan çıxan, yəni bu Ocağın davamçısı, bu Ocağa layiq olan, bu Ocağın işini, əməlini davam etdirən bir insandır. Nə deyim, mən bu Ocağa gəldiyimə görə çox şadam. Bu Ocağa, Asif Ata Ocağına gəlməyimə, onu sevməyimə körpü salan Soylu bəy olub. Mən ona da öz minnətdarlığımı bildirirəm. Ancaq bir şey deyim ki, mən Evladlığı qəbul eləmişəm, siz də məni qəbul eləmisiniz Evlad kimi. Ancaq mən kiməm? Necəyəm? Nəçiyəm? Mən bir Evlad olaraq nə eləmişəm? Mən bunun hesabatını hələ verə bilmirəm. Çünkü bu körpüdən, bu Ocaqdan hələ mən işıq götürürəm. Bu körpünün bəlkə də başlanğıcındayam. Ömrüm nə qədər imkan verəcək, mən bunu yaşadacağam, davam eləyəcəm. Gələn ilin Evlad Günündə isə öz hesabatımı əminliklə, ürəklə verə bilərəm.
Ataya səcdə dedikdə elə bil ki, ömrü və həyatı bu insana həsr eləməkdir. Bu həqiqətən Mütləqləşmə yoludur. Bu elə bir yoldur, elə bir inamdır, elə bir sevgidir. Yəni, bu sevgi insanda varlığın qədər, olduğun qədər yaşayır. Səcdə bu insana olan sevgiyə, inama bərabər olur. Mən həmişə səcdə də edəcəm, bu Mütləqləşmə yolunu da gedəcəm. Ocağın hər bir nöqtəsinə qədər çalışıram təhlil edim, oxuyum. Duyduqlarımı hələ tam ifadə edə bilmirəm sözlə.
Bilən haqqında: məndə çox gözəl təəssürat yaradan bir insandır. Mədəni, ağıllı, sakit, əqidəli Ocaqçıdır. Yəni belə bir insana güvənmək olar, arxalanıb yol getmək olar. Bilənin bir xoşbəxtliyi də var ki, onlar ailəlikcə Ocaqçıdırlar. Bu hər kəsə qismət olmur. Amaldaşımıza can sağlığı, bu yolda həmişəlik uğurlar arzulayıram. Balalarınız da, o gün olsun, öz yolunuzdan getsin. Siz bir ailə simvolusunuz, bir nümunəsiniz. Göytəkinin yeri tam başqadır. Göytəkin və Nurtəkin. Biri nurdu, biri göydü, onlara da çatmaq biraz çətindir. Var olun.
Atamız Var olsun!

Ömürtay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Bu günkü qonular haqqında çox qısa demək istəyirəm. 22 yaşıma qədər həyatımı üç mərhələyə bölürəm. Birinci mərhələ 20-22 yaşlarıma kimi olan mərhələ. Son dərəcə hərcayi həyat yaşayan biri olmuşam.  Sonradan məndə kitab oxumağa maraq yaranıb və uzun müddətdə, artıq 18 ildə aralıqsız hər gün oxuyuram. 35 yaşına çatanda daxilən məna ilə bağlı dərin suallar yarandı. Məndə heç olmamışdı. Sadəcə yaşayırdım həyatda. Ancaq birdən-birə daxilimdə dünyanın varlığı, insanın varlığı ilə bağlı suallar yaranmağa başladı. Bizim varlığımızın səbəbi nədir? Bəzən buna cavablar tapırdım müəyyən müddətdən sonar görürdüm ki, həmin cavablar məni qane eləmir və bu axtarışların nəticəsində Atanı tapdım. Atanı da necə tapdım? Mən sosial şəbəkələrdə görmüşdüm Atanın haqqında. Elə sosial şəbəkə vasitəsilə Soylu bəylə tanış oldum və suallar verdim. Belə başladı. Soylu bəyin yol göstərməyilə mən Ocağa gəldim. Ocağa Evlad qəbul oldum. Çox böyük bir məsuliyyətdir həqiqətən. Özüm haqqında, indiki durumum haqqında mən bunu deyə bilərəm ki, indi hansı mərhələdəyəm? Atanın “Mütləqə İnam” kitabında insanın ömrünü mərhələlərə bölür: Məxluq, Adam, İnsan. İnsan məxluq kimi var olur. Adam kimi mövcud olur, insan kimi yenidən doğulur. Adamın xarakter cəhətlərini verir. Orada deyir ki, adam yüksək şeylərə daxilən rəğbət göstərir, ancaq iş həmin o rəğbət göstərdiyi şeylə bağlı praktiki bir məsələyə gələndə, praktik bir addım atmır, qorxub geri çəkilir, müəyyən tərəddüdləri olur. Məndə, çox təəssüf ki, bəzən ən çox xalqlaşma məsələlərində belə geri çəkilmələr çox olur. Bunu ən çox da mən nəylə izah edirəm. Ümumiyyətlə, Atanın sistemini tam dərk eləməməkdən və verilən suallara ətraflı cavab verə bilməyəcəyimdən qorxub çəkilirəm.
Mən Amal haqqında çox düşündüm, çox düşünürəm ki, Amalın mənası nədir?! – Atanın da Amal haqqında fikirləri var. Mən belə bir qənaətə gəlmişəm, Atanın prinsiplərindən çıxış edərək, Dünyada hər şey Mənadan yananır, bu dünya da Mənadan yaranıb və reallıqda mövcud olur. Reallıqda mövcud olanda insan yaranma məqsədinə çatmaq üçün, yəni ki, nə üçün yaranıb. Bu reallıqla həmin o məna arasında boşluq yaranır. Tam ifadə eləyə bilmir insan özünü reallıqda. Bu boşluğu bağlama prinsipi, məncə, Amaldır. Reallıqla, Mütləq arasında yaranan boşluğu qapatmaq missiyası Amal adlanır mənim üçün. Bu çox böyük bir prinsipdir məncə, həqiqətən. İnsanın var olmağını, nə üçün var olmağını, mənasını dərk eləmək, reallıqda olduğu səviyyədə o mənanı bağlamaq. Bu prinsip Amaldır.
Bir də Ataya səcdə– Mütləqləşmə yolu. Ata deyir ki, Ata Mütləqin ifadəçisidir, simvoludur. Onu insanlara çatdıran Mütləqləşmə yoldur. Səcdə insanı böyük qəbul etməkdir, onu üstün qəbul etməkdir…
Bilən qardaşımı da mən həqiqətən çox istəyirəm. Çox mərd oğlandır, etibarlı oğlandır. Çox gözəl də ailəsi var, bacımız da çox gözəl insandır həqiqətən. Gözəl Ocaqçı ailəsidir. İkisi də var olsunlar. Həyatda uğurlar arzulayıram hər birinə.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Qısa düşüncələrimi paylaşmaq istəyirəm. Kim idim, kim olmuşam?! – İnsan bu həyatda fiziki olaraq yaşayır, öz mövcudluğunu sürdürmək üçün çaba göstərir. Həyatda fiziki olaraq nə ilə üz-üzə qalacağı çox vaxt insanın özündən asılı olmadan baş verir. Məsələ onda deyil ki, biz insan olaraq başımıza gələn hansı hadisələrlə üz-üzə qalırıq, ya da hansı çətinliklə, hansı gözlənilməzliklə qarşılaşırıq. Məsələ ondadır ki, biz onu necə yaşayırıq?! Burada artıq idrakın gücü rol oynayır. Məsələn, müharibələrin bizdən asılı olmadığını desək də, biz özümüz də bu fəlakətin bir parçasına çevrilirik çox vaxt. Hətta insan dediyimiz varlıq onun yaradıcısına da çevrilir. İnsanın kiçik sandığı, insani münanisbətlərdə yol verdiyi əyintilər, pozuntular daha böyük anlamda faciələr yaradır. İnsan niyə pis durumdadır, – Ədalətsiz olduğu üçün. İnsan niyə kölə durumundadır, – Ədalətsiz olduğu üçün. İnsan niyə faciəni qıraqdan izləməklə yetərlənir, – İçində özünü aciz gördüyü üçün. Bütün bu məsələlərin açımı, çözümü, dərinliyi, qaranlıq yönləri özünü təhlillə aydınlaşır. Mən indi düşünə bilirəm ki, insana nə qədər üzdən yanaşmışam və bu həqiqətdir ki, mən üzdən yanaşdığım dərəcədə öz acizliyimi sübut etmişəm əslində. Bunu bir zamanlar bilməsəm, görməsəm belə. Məni düşündürən əsas məsələ nədir?! Mən insanların böyük əksəriyyətində laqeydlik görürəm, inamsızlıq görürəm və bu inamsızlığı, bu laqeydliyi həmin insanların çevrəsində olan bütün insanlara yansıtmaq çabasını görürəm. Əslində, insan şübhəsinin nümayişidir bu. Özü bunu bilsə də, bilməsə də. Bütün müqəddəs sayılan duyğuların heçə sayılması var cəmiyyətdə. Bəs sevgi, mərhəmət, vicdan, atalıq, analıq, doğmalıq, qardaşlıq. Necə ola bilər ki, insan ata olsun, ana olsun, qardaş olsun, insan olsun və bunun müqəddəsliyini anlasın, ancaq bir atanın, ananın, qardaşın, bacının acısını anlamazdan, görməzdən gəlsin. Soylu bəyin həmişə tez-tez dediyi bir deyim var, deyir ki, atasan ata ol, anasan ana ol, qardaşsan qardaş ol. Bu deyimin açımı mənim içimdə bir həqiqəti var edir. İnsan adını çəkdiyimiz bu müqəddəs duyğuları daha dərin anlamda dərk etdiyi qədər qarşısındakını anlaya bilir. Bu müqəddəs duyğuları ömründə var etdiyi qədər insana çarə ola bilir. Yəni nə demək istəyirəm? Mən öncə özüylədöyüşümdə hər şeyi özümə sanki təlqin eləyirdim. Yəni, mən Ocaqçıyam, burada mərhəmətli olmalıyam, mən Ocaqçıyam, burada ədalətli davranmalıyam, mən Ocaqçıyam, burada başqa cür davranmalıyam. Ancaq zaman keçdikcə gördüm ki, mən ədalət nədir, mərhəmət nədir, qutsal duyğuları yaşamaq nədir deyə dərinliyə vardıqca, bütün bu duyğularla davranmaq, yaşamaq artıq mənim içimin tələbinə çevrilməyə başladı. Sanki insan bunların dərinliyinə daldıqca, insanın içində kök salır və artıq bu cür davranmağa başlayır. Özüylədöyüşü dayandırmırsan, ancaq daha sərt şəkildə özünlə üz-üzə qalmalı olursan. Beləcə, mən yavaş-yavaş bunları anladıqca axından ayrıldığımı gördüm və cəmiyyətin indiki halında özümün öncəki hallarımı, durumumu, davranışımı izləməyə başladım qıraqdan. Kim idim, kim olmuşam sualına belə cavab verərdim.
Bir də bir məsələ ilə bağlı düşüncələrimi demək istəyirəm, mərasimin qonusundan çox uzaqlaşmadan. Son dönəmlər daha çox arxiv işləri ilə uğraşmışam. Öncə Soylu bəyin “Düşünməyin İnam Ölçüsü” kitabının ikinci cildini çapa hazırlamışıq. Tədbir çıxışlarından ibarət bir kitabdır və o kitabı hazırlıqdan keçirəndə çıxışların çox hissəsini demək olar ki, oxudum. Orada mənim üçün düşündürücü məqamlar çox oldu. Baxmayaraq, hələ onu tam kitab kimi əlimə alıb oxumamışam, ancaq yenə də qısa düşüncələrimi deyəcəm. Bütün indiyə qədər olan tədbir çıxışlarının hamısında çox önəmli mövzular, çox dərin mövzular, insanla bağlı çox dərin məqamlar açılır, ortalığa gətirilir və gerçəkdən də mən düşünürəm ki, insan adlı varlıq, doğrudan da, bizim sadəcə gözümüzün önündə məişətini yaşayan bir varlıq deyil. Necə ki, mən əvvəl insanla bağlı çox qısıtlı düşünürdüm. İnsan və məişət, insan və onun yaşam tərzi. Ancaq bütün bunları oxuduqca, araşdırdıqca, mən indi tamam başqa cür düşünürəm. İnsan və məişət, insanı məişətə bərabər götürmürəm düşüncələrimdə. İnsan və dünya, yəni insan və onun iç dünyası, yaratdığı, qurduğu dünya. Onun yaratdığının, qurduğunun xarici aləmə, dünyaya təsiri. Bütün bunu belə geniş qapsamda düşündükcə, içimdə öncədən yıxılan, əyilən, inamsızlaşan, heyvana enən o insan obrazı yavaş-yavaş yenilir və onun yerinə İçsəl qüdrəti ilə dünyaya söz deyə biləcək gücə malik olan, inamı ilə, idrakı ilə dünyaya söz deyə biləcək qabiliyyətinə malik olan bir varlıq dirilir sanki. Gerçəkdən bu çıxışlarla, – şəxsiyyət olmaq nədir, İnsan özünü şəxsiyyət olaraq necə yetişdirməlidir, İnsanın bu dünyadakı rolu nədir, özünü yetişdirməsinin gələcək soylara ötürdüyü nədir, – bütün bu məsələlərin hamısı aydınlaşır. Oxuduqca görürəm, nə qədər ki, biz bəzi şeyləri daha dərindən düşünə bilmirik, nə qədər ki, bəzi şeylərin dərinliyinə enməyə ya gücümüz çatmır, ya idrakımız çatmır, – bunun üçün çaba göstərmirik. Dərindən düşünə bilmiriksə, onu mücərrəd bir şey kimi qəbul eləyirik. Mücərrəd bir şey kimi qəbul elədiyimiz üçün də nələrinsə dəyişəcəyinə inana bilmirik. Ancaq bütün bu şeylərin dərinliyinə baxdıqca, gerçəkdən insanın dəyişməsinin nələrə təsir eləyəcəyini, nələrin dəyişəcəyinə uyğun qəti bir fikir yaranır ağlımızda.
Bir də Ocağın indiyə qədər olmuş tədbirlərini arxivləşdirdim. Ocağın saysız-hesabsız tədbirləri olub. Həm Ocaqçılar, həm də qonaq kimi bu tədbirə qatılanlar olub. Orada tədbir çıxışlarının, demək olar ki, çox hissəsinə nəzər salmışam. Çox çıxışlar olub, qonaq kimi qatılanların sualları çox olub. Çox önəmli məsələlər ortalığa gəlib yenə də. Ancaq bütün bunların üzərində ümumi olaraq, mənim müşahidə elədiyim – Ocaq mühitinin yaradılması və insana yanaşmanın bu mühitin formalaşmasında rolu məsələsi olub. Mən Ocağa gəlmişəm 42-ci ildə. Ocaqda istər ayrı-ayrı fərdi ünsiyyətlərdə, istər tədbirlərdə, istər Doğmalaşma söhbətlərimizdə hərcayi söhbətlər, cəmiyyətdə gedən mövzular, ya da hərcayi davranış formaları, bunların heç biri bizim söhbətimizin mövzusu olmayıb. Bir arada olanda heç birimizin davranışlarında belə bir şeylər müşahidə olunmayıb. Mən elə bilirdim ki, bu elə belə də olmalıdır, bura insanlaşma Ocağıdır, bu mühit elə belə də olmalıdır. Ancaq mən tədbir çıxışlarına nəzər saldıqca tamam başqa bir şey müşahidə elədim. Mən gördüm ki, Ocaq mühiti əslində bu formada yaradılıb. Yəni mən orada Ocaqçıların ayrı-ayrı çıxışlarını da oxudum, Ocağa qonaq qismində qatılanların suallarını, çıxışlarını da oxudum. Müşahidə elədim ki, orada istər Ocaqçıların çıxışında, istər qonaq kimi qatılanların çıxışında yanlış söyləmələr də olub, yanlış yanaşmalar da olub, yanlış verilən suallar da olub. Ocaqçıların Ocaq yolunda irəliləmələrində qırılmalar da olub, zəifləmələr də olub, hətta Ocaqdan qırağa duranlar da olub. Bütün bu çıxışların sonunda Soylu bəyin toparlayıcı çıxışları olub və bu çıxışların hər birində baş verən hər hansı bir yanlış davranışa, yanlış sözə qarşı heç bir qərəzli münasibət ortaya gəlməyib. Heç kimin yanlışı, qərəzli bir münasibətlə onun üzünə vurulmayıb. Heç kimin yol verdiyi hər hansı bir yanlış davranış şəxsən onun üzünə vurulmayıb. Eyni zamanda Ocağa qonaq qismində qatılanlardan çoxunun içərisində Ocağın mübarizəsini zəif sayanlar da olub, Ocağın mübarizəsinə inamsız yanaşanlar da olub. Bu, onların suallarında, çıxışlarında özünü büruzə verib. Bütün bunlar heç bir aqressiya olmadan, toparlayıcı çıxışların sayəsində yoluna qoyulub. Soylu bəyin çıxışları elə qurulub ki, insan öz yanlışı ilə üz-üzə qalıb, düşünüb və susub. Yəni, bunlar məsələnin görünən tərəfidir. Görünməyən tərəfi isə Soylu bəyin ciddi özüylədöyüş əməlinin nəticəsini göstərir. Yəni, anında verilən reaksiya onları öz yanlışı ilə üz-üzə qoyub susdura da bilərdi, Ocaq mühitini hərcayi bir mühitə çevirə də bilərdi. Burada bu yanaşma tərzində aqresiyanın dindirilməsi də var, aqresiyanın susdurulması da var, qərəzin susdurulması var, ədalətli yanaşma var. Bütün bunlara geniş baxış sərgiləmək təfəkkür məsələsidir ki, Şərin hansısa çalarları olaraq ortaya gətirəsən və açasan, Şərin bu yönlərinə izah verəsən, qarşındakı insanı bu yolla susdurasan. Bütün bunlar hamısı Ocaq mühitinin formalaşmasına çox ciddi təsir eləyib.
Bir də diqqətimi çəkən məsələ odur ki, məsələn, mən bayaqkı çıxışımda yetdiklərimlə bəzi məsələləri dilə gətirdim, ancaq Ocaqçılıq məndə müəyyən bir mərhələ ilə irəliləyir. Mən bəzən insanlarla qarşı-qarşıya gələndə, ya da hansısa söhbətə başlayanda mənim içimdə bir həyəcan yaranır. Nəyə görə? Çünkü həmsöhbətimin də mənə sualları olacaq, mənim içimdə inam o qədər möhkəm bir qala şəklində olmalıdır ki, mən onun verdiyi suallar qarşısında çaşmayam. Onun verdiyi suallar qarşısında içimdə hər hansı bir qırılmazlıq hiss eləməyim, onun verdiyi suallara daha inandırıcı şəkildə cavab verə bilim. Çünkü qarşıdakı insan cəmiyyətin bir nümayəndəsidir. O səninlə qarşı-qarşıya dayanır, səndə inamsızlıq görəndə, sənin çıxışında, cavabında inamsızlıq görəndə, sən artıq heç nə ilə onu insana inandıra bilməzsən. Yəni, sən heç nə ilə onun dərdinə çarə ola bilmirsən. O yıxılmaz qala deyilən bir şey var insanın içində qurulan. Bax, mənim bu çıxışlarda heyrət elədiyim odur. Nə qədər Ocağın mübarizəsinə dırnaqarası yanaşanlar sual veriblər, ancaq onlara elə bir inamla cavab verilib, onlar öz inamsızlıqları ilə baş-başa qalıblar və susublar. Bu, Ocaq mühitinin yaradılmasında müşahidə elədiklərimdir.
Ən çox Ailə Günlərindəki çıxışlara nəzər salmışam. Ailə Günlərində ayrı-ayrı əməllər, hesabatlar ortaya gəlib. Ocaqçılar hamısı atdıqları addımları sadalayıblar. Qıraq bir adam kimi sizin tədbirlərə qatıla bilərəm və siz orada mənə saysız-hesabsız əməllər sadalaya bilərsiniz. Eləcə də bu məndə maraq oyadar. Lap maraqdan üstün bir həvəs oyadar. Mən də sizə hansısa əməllərin ortaya gəlməsində yardımcı ola bilərəm, bir yerə qədər. Ancaq mən Ocaqçıların bütün əməllərində qırılmazlıq görürəm. Bu qırılmazlıq nəylə yaranıb? Bütün Ocaqçılar atdıqları addımları, əməl hesabatlarını sadalayıblar və sonunda yenə də Soylu bəy ona bir münasibət bildirib. Bu əməllərin arxasında dayanan fədarkarlığın önəmi, mahiyyəti, bütün bu çətinliklərin mahiyyəti elə bir formada açılıb ki, bu, Ocaqçıların şüurunda, eləcə də oxuduqca mənim şüurumda, fədarkarlığın İnsanlıq tarixində oynayacağı rolu aydınlaşdırılıb və şüurlara yeriyən bu Fədakarlığın mahiyyətinin açılması Ocaqçılarda qırılmazlıq yaradıb. Məsələn, Ocaqçıların hansısa əməllərində zəiflik olubsa, Soylu bəy onu elə bir şəkildə toparlayıb ki, sonrakı çıxışlarında o düzəlməyə başlayıb. Nəyə görə? Təkcə hadisələr deyil, hadisələrin mahiyyətinin açılımı onların şüurunda bu halları yaradıb və belə bir qırılmazlıq yaranıb əməllərdə.
Bir də müşahidə elədiyim başqa bir məsələ: Soylu bəy Ocağın Yükümlüsü olaraq buyruqlar verib və Ocaqçılar tərəfindən bu əməllər yerinə yetirilib. Burada birlik müşahidə edirəm. Soylu bəyin bir yazısı vardı, mən onu tapa bilmədim ki, oxuyam. Ailədə ailə başçısının, hərbidə ordu başçısının qərarları müzakirə olunmur və bu müzakirə olunmazlığın nəticəsində irəli adımlar atılır. Yəni, bütün bu uğurlu əməllər sanki hər kəsin verilən qərardan ikiəlli yapışması ilə olub. Yəni, sanki Soylu bəyin özünün deydiyi kimi, hər kəs çəkici bir nöqtəyə vurub və bütün bu saysız-hesabsız tədbirlər, Ocaq əməlləri ortaya gəlib. Mən hələ ki, tam olaraq tədbirləri oxumamışam. Bunlar qısa düşüncələrimdir. Əslində çatdırmaq istəyəcəyim çox şeylər var. Sadəcə həyəcan bəzən məni dolaşdırır. İndi mən qəti şəkildə özümə söz vermişəm. Mən tədbir kitablarına bir də qayıdacam. Əminəm ki, orada mənim müşahidə edəcəyim şeylər daha çoxdur. Soylu bəy həmişə deyir ki, zaman gələcək, indi oxunan hədislərdən, dini kitablardan daha çox bizim kitablara nəzər salacaqlar. Gerçəkdən də bu tədbir kitablarının içində elə məsələlər var ki, İnsanlıq tarixində onlar çox önəmli rol oynayacaq. Mən oxuduqca, araşdırdıqca buna əmin oldum. Yenə də daha geniş düşüncələrimi yazılı şəkildə sizə təqdim edəcəm, buna söz verirəm. Bir də nəyi demək istəyirəm. Soylu bəy deyir ki, indiki Ocaq mühiti əslində ruhani cəmiyyətin kiçik bir modelidir. Mən bir daha əmin oldum ki, ruhani cəmiyyət modeli yaradılan bu Ocaq mühiti asanlıqla başa gəlməyib, ancaq bütün bu çətinliklərə baxmayaraq, bu mühit formalaşıb və bu məndə Atanın ideyalarının gerçəkləşəcəyinə daha böyük bir inam yaradır.

Bilənlə bağlı düşüncələrimi demək istəyirəm. Biz hər hansı bir mübarizə adamına rast gələnə qədər, ya da hər hansı doğru bildiyimiz mübarizə yoluna düşənə qədər müəyyən bir mühitdə yaşayırıq, böyüyürük. Eləcə də mən, cəmiyyətin sıradan nümayəndələrinin arasında böyümüşəm. Cəmiyyətdə, doğrudur, bəzi insanların ömründə rast gəldiyim ayrı-ayrı müsbət çalarlar olub. Ancaq bütün bunların içində həmin insanlardan, çevrəmdən yalnız inamsızlıq sərgiləmələrini görmüşəm. Məsələn, düzgünlük bir yerə qədərdir, hər şeydə düzgün davranmaq olmur, düz düzdə qalır, heç kimə güvənmə, heç kimə inanma kimi şüuraltı yer edilən düşüncələrlə dolu bir mühitdə olmuşam. Heç kimin elədiyi ayrı-ayrı düzgün işlərinə, hansısa müsbət nəticələrinə özünün belə inanmadığını görmüşəm. Bilənlə rastlaşandan sonra isə mən ilk dəfə fərqli bir şeylər gördüm. Bilənin mübarizəsində, çabasında, yaşam tərzində inadla etdiyi düzgünlük, heç bir şeydə əyilməmək, qırılmamaq, bütün hallarda öz sözünü demək, – mən gördüm ki, necə müsbət yönlər ortaya çıxarır. Məsələn, o həmişə inanaraq addım atıb, həmişə düzgünlük üçün çaba göstərib. Düzdür, bu, onun həyatında çox böyük çətinliklər yaradıb. Ancaq mən gözümün önündə o düzgünlüyün bəhrəsini də görmüşəm onun həyatında. O düzgünlüyün sayəsində Bilən hər yerdə başını uca tutub, öz sözünü axıra qədər deyə bilib. Bu mənim ağlımda bir şey yaradıb ki, deməli, insanın özünü kölə durumuna düşürməsi, ya da insanın özünü ucaltması, doğrudan da, onun öz əlindədir. Düzgünlük nə qədər çətin gedilən bir yol olsa da, sonunda öz bəhrəsini verir. Yəni, Bilənin o çabaları, vətən sevgisi, heç vaxt maddiyyat, şöhrət dalınca qaçmaması – bütün bunlar hamısı məndə müsbət düşüncələr oyadır və o çabaların nəticəsidir ki, Bilən Ocağı tapdı və onun sayəsində mən Ocağa bağlandım. Bilənlə özümə, bir ailə olaraq Ocaqçılıq yolumuzda daha böyük uğurlar arzulayıram.
Atamız Var olsun!

Soylu Atalı:Deməli, Göytəkinin çıxışı ilə bağlı bir şey deyim. Bilən, bu xanımın ürəyi doludur. sən ona şərait yarat, o ürəyini boşaltsın, özünü ifadə eləsin cəmiyyətdə. Uyğun bildiyiniz yerlərdə söhbətlər aparmağa çalışın, bir yerdə, ya baxın görün, hər halda o öz düşündüklərini özündən qıraqdakılara, tədbirdən başqa, ötürməsə onun mənəvi istəklərində durğunluq yarana bilər.
Hələ mən arxivin çox az bir qismini Göytəkinə göndərmişəm. Keçənlərdə sizə deyirdim, bunları axıra qədər göndərmək istəyirəm. İstədiyim odur ki, Ocağın arxivi ünvanlaşdırılmış bir çox yerdə olsun. Bir də Göytəkinin səliqəsinə güvəndim. Hər şeyə o qədər səliqə ilə yanaşır, sistemləşdirir, edir, həm də qoruyur. Bu, məndə çox böyük ümid yaratdı ki, bizdən sonra da arxiv beləcə sistemləşdirilib qorunacaq. Göytəkin həm sistemləşdirir, həm də içinə girib oxuyur, – bu, gözəl bir şeydir. Hələ nə qədər bizim qabaqkı tədbirlərdən görüntülərimiz, çıxışlarımız var, – arxivdə çox şey var. Onları da göndərəcəm. Həm indi vaxtı olanda dinləyər, həm də onu sistemləşdirib qoruyar. Bu baxımdan Göytəkinin çıxışını Ocaq tarixinin şərhi sayıram. Ocaq tarixi yazılır. Hər bir tədbir, hər bir əməl bildiyimiz kimi qeyd olunur. Tədbirlər səsdən yazıya çevrilir. Bu özü də tarixləşmək deməkdir. Bu tarixi oxuyanlar da gələcəkdə şərh edəcəklər.

Hər bir Ocaqçının keçdiyi ağır bir Ocaqçılıq yolu var, ömrü var, onun bu Ocaq tarixində görsənişi var, hər bir əməlin, özünün arxasında duran məzmun var. Yəni, əməllər elə-elə sadəcə istəklərlə icra olunmur ki, əməllərin özünün arxasında ciddi tələblər var, çətinliklər var. Ona görə bu işlər, belə deyək, həm Ocağın qurulması deməkdir, həm də gələcəyə ötürülməsi deməkdir. Göytəkin bunları, sağ olsun ki, yazır. Məsələn, ayr-ayrı Ocaqçıların ya özləri öz əməllərinin qısaca bir səs qeydini atır, ya deyir, ya da ki, mən deyirəm. Çünkü hər birimizin işimizi, əməlimizi mən eşidirəm. Söhbətlərdə deyirsiniz, bilirəm. Mən də onu ümumiləşdirirəm, hamısını Göytəkinə səs kimi ötürürəm ki, onu Ocaq tarixində qeyd eləsin. Bu baxımdan deyirəm, bu addımların hamısı Ocaq tarixinin şərhidir. Bunları Ailə Günlərində də eləmək olar. Məsələn, Ocaqçıların işləri, əməlləri, onların yaşadıqları, Ocaqçılıq çətinlikləri, bunların hamısı yerində doğru şərh olunmalıdır.
Göytəkinin çıxışında baxışımı çəkən başqa bir məsələ, ilginc bir ifadə işlətdi. Deyir hər kəs, inamsızlığını, daha doğrusu, vecsizliyini cəmiyyətdə başqalarına yansıdır. Bu, çox gözəl müşahidədir. Hər biriniz görürsünüz. Biraz öncə Günev parkda yaşadığı olaylardan danışdı. Öncə adam isti münasibət bəsləyir, sonra onun arxasında durmur. Nəinki durmur, – biraz da aqressiv davranır. O davranışı, hətta üstünə gəlməyi elə-belə deyil. Bu, elə özünün halını həm də yanındakılara ötürməkdir. Özünün halına qoşmaq istəyir yanındakıları. Biz cəmiyyətdə də bunu görürük. Baxın, sən bir millətsevər, bir milləti düşünən adam kimi get, bir yerdə söhbət elə millətin gələcəyindən. İlk eşidəcəyiniz nə olacaq?! – (Onların içində bir inamsızlıq, vecsizlik var) əşi,  düzələn deyil. Dünya belə gəlib, belə gedir. Bu, əslində həmin o yansıtmadır. Öz içindəkini qırağa yansıdır. Qıraqda bir balaca hal yaratmaq istəyirsən, sən yaratdığın hala qarşı o öz halını yansıdır. Bu, İnsanlığın problemlərindən biridir. Çox ciddi problemdir. Ona görə belə şeylər həmişə qarşımıza çıxacaq. 
Ömürtay bayaq deyir, mən xalqlaşma məsələsində ciddi bir sorun özümdə hiss edirəm. Bunun da kökündə duran elə bu məsələdir. Məsələn, tutalım ki, biriylə söhbət edir, ancaq bundan çəkinməmək gərək, bəri başdan deyirəm, bundan çəkinməmək gərək. Ancaq sən deyirsən, birinə ürək qızdırırsan, bir söhbət edirsən, ideyadan danışırsan, o səni dinləyir. Bir başqası qıraqda sənə qarşı, sözə simpatiyası olmayan adam bunu müşahidə edir, başlayır sənə dirəniş göstərməyə. Sənin sözünə ilgi göstərənə yansıdır özünün içindəki inamsızlığı, xaraktersizliyi. Hər yerdə bu var. Hər addımda rastlaşırıq biz buna. Bizim millət olaraq ən böyük fəlakətlərimizdən biri budur. Asif Ata millət haqqında deyirdi, bu boyda dəyər yaradır, iş görür, ancaq özünü sevmir, özünə inanmır. Bu, millətin ən böyük fəlakəti odur. Ona görə bizim səbrimiz qayadan ötə olmalıdır. Bu cür özünə qarşı olan, özünə güvənməyən, inanmayan bir millətdən gerçəkdən sistemli yaşayan, ölçülü, ruhaniyyatlı olan, inamlı olan bir xalq yaratmaq məsələsidir bizim işimiz. Elə-belə həvəslə yarada bilmərik, susmaqla yarada bilmərik, oturub gözləməklə də yarada bilmərik. Bu işin üstünə yeriməliyik. Sən suallara cavab verə bilməyə bilərəm deyirsən. Bilirsən, mən sizə bir şey deyim, suallara cavab asanlaşa bilər. Məni doğru anlayarsınız. Yaşantılardan, ömürdən danışılan hamısı sualların cavabıdır. Sualların cavabı odur. Yox, biz əgər sadəcə olaraq, Atanı yaddaşımıza götürüb toplumun qarşısına çıxırıqsa, onda çətinliklərimiz çoxalır. Bilirsiniz, bu yolun tələblərini, ən adi səviyyədə görünsə belə, biz həyat tərzimizə çevirməliyik, həyatımıza oturmalıdır. Bax, mənə kimsə elə bir sual verər, mən onu yaddaşımdan cavablandıra bilərəm. Ancaq halımda, əməllərimdə, davranışımda elə otuşduraram ki, elə mənim cavabım birbaşa həyatımda olanın özü olar. Bir də, istənilən adamın sualına cavab verirsən, o adam səni ola bilər tanısın, ola bilər tanımasın. Tanımayan adam, belə deyək, bir az götür-qoy eləyir. Tanıyan adam sənin verdiyin cavaba baxır, o cavabda belə bir şey axtarır, görəsən özü bu dediklərini yaşayırmı?! Yəni “mollanın dediyini de, elədiyini eləmə” məsələsi. Deyir, bu dediklərini özü niyə eləmir görəsən?! İçində o hal yaranır. Ona görə səni qəbul eləmir sanki. Xüsusi bir şey eləmir, sadəcə səni qəbul eləmir. Bu açıdan yanaşanda Ocağın cavabından daha qüdrətli cavab yoxdur. Çünkü Ocağın tələbindən daha böyük tələb yoxdur. Çünkü Ocağın verdiyi yaşam sistemindən daha ötəsi yoxdur. Bu baxımdan, mən belə deyərdim ki, çətinliklər var, çətinliklərdən çəkinməmək gərəkdir. Alışana qədər başın daşdan daşa dəyir, yıxılırsan, durursan, qohum bir söz deyir, qardaş bir söz deyir, dayı bir söz deyir, hərə bir söz, adamın başı şişir.
Nurtəkinin bir gözəl sözü oldu, bu sözlərlə demədi, ancaq mən elə anladığım kimi demək istəyirəm. Ocaqçının sarsıntısı adama qəribə gəlir. Ocaqçı özü də istəmir ki, sarsılsın. Ancaq bilir ki, sarsılmasan böyüməyəcəksən. Sarsılmaq o deməkdir ki, hamı bir şey deyir, sən başqa bir şey. Sən başqa bir şey deyəndə əlinə dəyənək alıb demirsən, sevginlə deyirsən, səbrinlə deyirsən, hərəkətinlə deyirsən, hünərinlə deyirsən. Ancaq yenə də dirənişlə qarşılaşırsan evdə, işdə, orda, burda. Bütün bunların hamısı keçici bir çətinlik yaradır. Bu çətinlikdən qorxub addımı dala qoydunsa, Ocaq sənin içində yeriməyəcək. Ancaq elə ki addım atırsan, birini atırsan, ikisini atırsan, yavaş-yavaş, birini indi deyirsən, birini sonra deyirsən, çevrəndəkilərə… Mənim anam zabitəli, aqressiv, hökmlü  bir qadın idi. O xarakterdə anam Ocağa münasibətində də sərt idi. Atanın özü ilə görüşdü, qarşısına keçib dedi, sən bizim oğlumuzu əlimizdən almısan. Ata ona qəti cavab verdi, o, təkcə sənin oğlun deyil, həm də xalqın oğludur. Mənim anam onu anlamaq iqtidarında deyildi, necə yəni mənim oğlum, sənin oğlun, xalqın oğlu… Mən Ocağa görə, Ataya görə, bunların hamısına dirəniş göstərdim, ancaq onları da qırağa atmadım. Hamısına yiyə durdum. Onlar bunu gördülər zaman-zaman. Bu yiyəliyi Ocaq mənə öyrədib. Əgər Ocaq olmasaydı, mən anamla anamın özü kimi davranardım. Çıxıb gedərdim, tamam ayrı bir həyat yaşayardım. Ancaq anam gördü ki, mən onlara sahib çıxdım. O cür Ocağa aqressiv yanaşan anam axırda başladı mənə Soylu deməyə, öz qoyduğu addan imtina elədi. Əgər gerçəkdən biz bir əqidə yolu gediriksə, bilməliyik, bəlli bir aşamada çətinliklər yaşamalıyıq, bu çətinlikləri aşmalıyıq. Biz qohumlarımızın, atamızın, anamızın, qardaşımızın, bacımızın düşüncəsini, toplumun içindəki yerini dar eləyirik. Onlar ona hazır deyillər. Nurtəkinin anasına qohumları gəlib deyirdilər, sənin qızın gedib vəhhabilərə qoşulub, sənin evinə niyə KQB gəlməlidir. Ancaq anası, nə qədər rahatsız olsa da, Nurtəkinin arxasından qaçmadı. Sonra qohumların çoxu Nurtəkinə baxışını dəyişdi. Öncə elə bilirlər, biz vəhşiyik, normal adamlar deyilik. Bizim haqqımızda belə söz-söhbətlər dolaşırdı. Yəni bilərəkdən, bilməyərəkdən bulandırırlar. Sonra inadları qırılır, geri çəkilirlər. Çünkü bizi tanıdıqca bizə dirəniş göstərməkdən utanırlar. Bunları gözünün altına almalısan. Yoxsa, gizlənməklə mümkün deyil. Gizlənməklə günlərin bir günü məcbur seçim eləyəcəksən. Ya hamı, ailə, məişət, ya da Ocaq. Seçim eləmək zorunda qalırsan. O zamanda iradən güclü olmasa, mənliyin güclü olmasa, Ocağı deyil, o tərəfi seçəcəksən. Bunların hamısı düşündürücü məsələlərdir. Dünya necə düzələcək, – belə. Nədən başlayırsan, – özündən. Sən özünü yaratdıqca, özün düzəldikcə, əmin olursan ki, dünyanı dəyişə bilərsən. Öz həyatını dəyişməklə başlayırsan hər şeyi. Öz kimliyini dəyişməklə. Bunlar olduqca önəmli məsələlərdi.
Bir də sənin çıxışında mənim üçün önəmli bir məsələ oldu. Ağıllı müşahidələrin, görümlərin var. Məsələn, deyək ki, həqiqət, məna, onun gerçəklikdə oturuşması. Bunun arasında bir boşluq var. Yaxşı müşahidədir. Mən sənin ortaya atdığın bu məsələni dərinləşdirəcəm, genişləndirəcəm, işləyəcəm üzərində. Deməli, məna ila onun oluşumunun gerçəkləşməsi arasında  boşluq var. Bu boşluğu nə doldura bilər?! – Asif Ataya qədər olanların hamısı o boşluğu doldurmaq üçün yaranıblar. Bu gün o boşluğu Ocaq doldurur. Ata deyir, dünyada, həyatda… hərcayiliyə meyil var, Ocaq ona nifrətdən yaranır, Ocaq sevgidən yaranır i.a. “Ocaq məramı”nda Ata gözəl izhar eləyir, oxumusunuz. Ocaq həmən boşluğu Amallaşma, Kamilləşmə, Xalqlaşma ilə doldurur. Yəni, özü olmaqla, özü qurulmaqla doldurur. Özü olmaq, özü qurulmaq – həyatı dəyişmək deməkdir, cəmiyyəti dəyişmək deməkdir, dünyanı dəyişmək deməkdir. Dünyanı dəyişmək ideyası tarixi şəxsiyyətlərin hamısında olub. Hamısı ona inanıb. İnanmalarında da haqsız olmayıblar. İndi Asif Ata gəlib ki, mən dünyanı dəyişəcəm. Nə ilə? Məsələ barmaq sayda adamlarla dünyanı dəyişmək istəyinin necə görünməsi deyil. Arximed deyirdi, mənə bir dayaq nöqtəsi göstər, Yer kürəsini qaldırım. Asif Ata Dünyanı dəyişmək üçün dayaq nöqtəsi verir, İdeya verir, ölçü verir, yol verir. Bunlar elə-belə məsələ deyil. Hərə bir hava çalır, heç nə eşidilmir, çığır-bağır, aləm qarışır bir-birinə, burada müharibə, orada filan şey, Rusiya elə getdi, Ukrayna belə getdi, İran elə, bu biri belə, toplumun qonuları budur. Bütün olaylar bütün bəşəriyyəti beləcə burulğanın içində fırlayır, heç kim öz yerini görə bilmir. Niyə yaşadıqlarının fərqinə varmırlar. Asif Ata o burulğanın içindən, insanları çıxardıb özünə bənzədir. Dünyanı onunla dəyişir. Buna adam necə yetir, – öz içinə inanmaqla. Addım atır, qurulur. Qurulmaq, həm də qurmaq deməkdir. Sən öz içini yaratdıqca, məni də yaradırsan. Mənə örnək verirsən, mənə sevgi verirsən, inanc verirsən, özgüvən aşılayırsan.
Bütün qanlı-qadalı dünyanın içərisində, tozun-tozanağın, dumanın içərisində gözəl, aydın bir sistem var – hər şeyə ayıq baxan, hər şeyi doğru qiymətləndirən, doğru görən, doğru yaşayan bir sistem. Bu sistem Asif Atanın İnamıdır. Dünyada nə qədər istəyirsən vahimə yarat, bu sistemi durdura bilməyəcəksən…
Başqa sözünüz yoxdursa, mərasimi başa çatdıraq. Bu gün hər kəsin çıxışı, söhbətlər qurucu sohbətlər oldu. Bu ona işarədir ki, dünya nə hava çalırsa çalsın, Ocaq öz havasını çalır, çalmalıdır. Öz işimizdən, yolumuzdan heç bir vaxt sapmayacağıq, qırağa durmayacağıq. Bu bizim işimizin bir parçasıdır. Ona görə ürəyiniz var olsun, ağlınız daha da kəsərli olsun, Ocağımız daha da gur yansın. Məcazla desək, Ocaq o vaxt yanır ki, ona odun atırsan. O vaxt yanır ki, ona qatqı göstərirsən. Öz başına buraxarsan, sönər. Evlad həm də Ocağın yanma, yaşama, varolma enerjisidir. Bu enerjini biz həm Ocaqdan alarıq, həm də Ocağa veririk. Ocaqla Evladın belə bir vəhdəti var. Evlad Günümüz qutlu olsun.

… Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə Ocaqçılara sundu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Mərasim sona yetdi.

Səsdən yazıya çevirdi: Nurtəkin Atalı

Qar Ayı, 47-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir