Xəbərlər

Nurtəkin Atalı. Xalqın Özümləşmə gərəyi

…Hər bir xalqın özünəxas dəyərləri var. Bu dəyərlər həm xalq ruhunu yetişdirir, həm də onun fərdi və ümumi təzahürüdür. Xəlqi dəyərlər müqəddəsdir, ölməzdir. Çünkü onlar insan müqəddəsliyini, vətən müqəddəsliyini təsdiq edirlər. Məna üstə yaşayan, müqəddəsləşən insan dəyər yaradır. Özünü Mütləqdə tapan xalqda yaşayır. Xəlqi ruh – xalqın öz keçmişi, mədəniyyəti, dəyərləri, dili, tarixidir. Tarixdəki ağrıları da, uğurları da, faciəsi də onun ruhunda yaşayır. Özünü tanıyan xalqını tanıyır. Xalqını tanıyan özünü tanıyır. Xalqla insan arasında belə vəhdət var. Özünü tapan xalqını tapır. İnsan xalqda yaşayır. Ata deyir, Hegeli oxuduqca Füzuliləşirdim. Bəşərdə dahilər var, bəşərdə dəyərlər var. Ancaq hər insanın özgün olduğu xalq var, xalq ruhu var. Ata Hegelin böyüklüyünü görürdü, ancaq o böyüklük onu əzmirdi. Çünkü özgün olduğu dəyəri, böyüklüyü də görürdü, duyurdu. 10 illərlə müxtəlif ideologiyalarla, siyasi doktrinalarla insanı xalqdan ayırmağa çalışdılar. Özgə dil, özgə mədəniyyətlə əzməyə çalışdılar bizi. Sovet vaxtında Ata klublarda Füzulidən, Nəsimidən, Zərdüştdən danışırdı. Axın-axın gedirdilər. Çünkü Atanın ifadəsi ilə desək, həqiqət acı idilər. Atadan eşitdikləri düşüncələr insanları özünə, özümlüyünə qaytarırdı. Ruhlarının duymaq istədiklərini duyurdular.
İnsan insanlığa yetir, dünyaya gözəllik qatır, dünyanı işıqlandırır. İnsan müqəddəsliyə yetir, müqəddəsləşir, xalq da müqəddəsləşir. Müqəddəslik ömürlərdə qorunur, xalqda qorunur. Xalqın müqəddəsləri göründükcə, xalq da müqəddəslərinə layiq olmağa çalışır. Mənim qəhrəmanım, mənim dahim, mənim köküm, mənim tarixim, mənim keçmişim. Yəni, xalqın dəyəri mənimdir. Mən bu xalqdanam. Mən bu xalqa da layiq olmağa çalışacağım. Bir xalqın keçmişindəki yanlışlar, uğursuzluqlar, xətalar nədən doğdu? Onu da bugün hər bir fərd ciddi araşdırmalı, ittiham etmədən qiymət verməlidir. Hər bir xalqın dəyəri nə qədər baş ucalığıdırsa, onun xətası da dərsidir. Bu xətalar kamilliyə yetməməkdən, özünü xalqdan ayıranların xalq ruhuna qarşı çıxmasından yaranır.
Cəmiyyət – adamları öz qanun-qaydaları ilə yaşatmağa çalışır. Dövlətin qanun-qaydaları çox zaman adamları xalqa yadlaşdırır. Yaşamaq uğrunda mübarizədə xalqı yaşatmaq, qorumaq gələnəkləri unudulur. Müasirlik adı ilə ömrümüzə, bugünümüzə yağılıqlar girir. Bugün mənim sorunum Azərbaycanlıyam, ya Azərbaycan Türküyəm – hansının doğru olduğunu sübut etməkmi olmalıdır? Bugün mən başqa xalqın abe’sindənmi yararlanmalıyam, yoxsa öz abe’mi diriltməliyəm? Bugün mən xalqımın ruhuna yad toy-yas gələnəkləri ilə yaşamalıyam, yoxsa öz millətimizə, türkçülüyümüzə xas gələnəkləri yaşatmalıyam? Bugün mən dəyərlərimizə hücum olanda özümü təkmi görməliyəm, yoxsa o qədər güc birlik oluşdurmalıyam ki, dəyərlərə hücum etməyə cəsarət etməsinlər?! Qorunmayan hər bir şey məhvə məhkumdur. Qorunmayan hər şey yaddaşlardan da, ömürlərdən də silinər. Zatən düşmənlərimizin də istəyi budur. Bəzən adam heç bilmir, nə üçün yaşayır. Elə bilir cəmiyyət qanunları Allahdır. Xalqın gələcəyini düşünmək onun borcu deyil.
Onun içindəki yatmış duyğuları oyatmaq gərəkdir. Burada ehtiyac duyulur İnam harayna, Ata harayna. Hər şey insandan başlayır, deyir Ata. Cəmiyyət, zaman, şərait ölçüsündən uzaq, insanilik ölçüsü ilə yaşayan insan gərəkdir millətə. Özünün bütün potensialını aşkarlayan, özünü mütləq ruhani varlıq kimi təsdiq edən Mütləqilik ölçüsü gərəkdir. Xeyri şərdən, yalanı həqiqətdən ayırmaq üçün həqiqət ölçüsü gərəkdir insana. Tale, qismətdən çıxmaq, öz ömrünün yiyəsi olmaq üçün Amal gərəkdir insana. Allahın qulu deyil, cəmiyyətə yarayan vasitə deyil, zamana sıxışan adam deyil –inamı ilə, idrakı, mənəviyyatı, iradəsi ilə yaşayan insan gərəkdir. İnsan özünü yaradanda xalqa da yarayır, bəşəriyyətə də. İnsan insan kimi yaşamaq, dünyanın, həyatın mənasına varmaq, mənasını yaşatmaq, İnsanilik işığı yaymaq üçün gəlib dünyaya. Bu haqqa yetmək, qorumaq, soylara ötürmək gərəkdir.

Atamız Var olsun!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir