…Asif Ataya onun Ocağının münasibəti toplumumuzda biranlamlı qarşılanmır. “Şəxsiyyətin ilahiləşdirilməsi yolverilməzdir”, “Şəxsiyyətə pərəstiş gərəksiz sonuclara gətirib çıxarır”, “Hər kəsin öz həqiqəti var”… bu, ya buna bənzər baxışlar sərgiləməklə bir sıra iddialılar qısqanclıq göstərir, bəziləri Batıçılığın dəyərlərə qarşı yıxıcı çağrışlarına uyur, bəziləri “çağdaşlığın” “bərabərçilik” oyunlarını ölçü götürür. Bütün hallarda yanılırlar, – qutsallığı görməkdən qaçırlar, şəxsiyyətin rolunu danırlar, içimizə daşınan antiinsani gedişlərin dəyərlərimizi çıxdanc eləməsini ya görmürlər, ya da görmək istəmirlər.
Söz yox, öncə şəxsiyyəti tanımaq gərəkdir. Bizə saflığın boyasını göstərib sonra da satqınlıq eləyən, əli gizli oyunların içindən çıxan, xeyirin adından danışıb şərin yanında yer alan, oyunlarını xalq adına manevrlər kimi qiymətləndirib gözə kül üfürən tanınmışlara şəxsiyyət demək olmaz, nəinki ona uca münasibət bəsləmək. Ağaya, hökmdara, rütbəliyə, deputat mandatı gəzdirənə münasibətlə, ən yüksək ideya insanına, özündənkeçənə, bütün şüurlu həyatını insanın, xalqın mənəvi, ruhani azadlığına həsr eləmiş birinə münasibət eyni çəkidə, eyni ölçüdə ola bilməz. Nə qədər ki, biz bunları qarışdıracağıq, xalq olmaq gücümüzü itirəcəyik.
Bu gün Azərbaycanda dövlət başçısına yaltaqlanan böyük bir ordu yaranıb. Üzdə “Şəxsiyyətə pərəstiş eləmək olmaz” deyənlərin çoxu onların çoxuna sayğı göstərirlər. “44 günlük savaş” yaltaqlığı bəraətləndirmək üçün səbəb kimi qullanılır. Deməli, onların münasibəti yaltaqlıq deyilmiş, “44 günlük savaş”a göstərilən ehtiram imiş. Hətta normal düşüncəli insanlarımız bu məsələni görməzdən gəlir, simasızlığa göz yumub şəri ifşa eləməkdən yan keçirlər. Ancaq Asif Ataya ülvi münasibəti həzm eləmirlər, bunun toplumun arasında pis gələnək olduğunu düşünürlər. Mən insanlarımızı düşüncələrinə görə qaralamıram, doğrulara ayıq gözlə baxmağa çağırıram. Qoy heç kimə yersiz iddia kimi görünməsin, əsillik – Asif Atanın düşüncəsində, mənəviyyatında, xalqsevərliyində, Gələcəyə aydın baxışında, bəşərsevərliyində yaşayır. Başqa ünvanlarda ya yoxdur, ya da lokal, dağınıq xarakter daşıyır.

…Asif Atanın həyatı başqalarına ən dəyərli örnək olduğu üçün ona fərqli münasibətimiz yaranıb. Bu fərqli münasibət, düşünürəm ki, onun şəxsiyyətinə layiq olmalıdır. O, həyatın anlamına, dünyanın gözəlliklərinə aparan ən doğru yolun Öyrətmənidir (Müəllimidir). Bu yolu getdikcə, gedənlər şəxsiyyətin böyüklüyünü daha dərindən anlamağa, daha yaxından öyrənməyə başlayırlar. Ona görə onların içində Asif Ataya qarşı səcdəli münasibət yaranır. Bu münasibət kor-korana bəslənilmir, sevgidə, idrakda böyüyüb özünə yer eləyir. İnsanda ən yüksək duyğuları oyatdığına görə heyrət doğurur. Bu münasibətdən doğan qarşılıqlı bağlılıqda insanın varlığı təsdiq olunur.
Asif Ata bizə dünyanın əzəli, əbədi olduğunu öyrədir. Heç vaxt yox olmayacağımızın, əbədi varlığa qovuşacağımızın həqiqətlərini anladır.
Bu çağa kimi bizə qorxulu bir qüvvəyə səcdə qılmaq öyrədirdilər. Səcdəmiz həyrətə, sevgiyə deyil, qorxuya dayanırdı. Asif Ata bizi qorxaq düşüncələrdən ayırıb həqiqətlə bir olmağı öyrətdi.
Asif Atanın dünyasında aldanmaq, aldatmaq yoxdur. Onun öyrətdiyi, tanıtdığı yola düşmədən ona səcdəli münasibəti anlamaq olduqca çətindir.
Asif Atanın dünyasında ədaləti göylərdə axtarmaq yoxdur, insan varlığının özünü ilahi ədalət ünvanı sayılan göylərə çevirməkdir.
Asif Atanın dünyasında mənəmlik bağırtıları, mütilik zarıldamaları yoxdur, içsəl azadlıqdan doğan vüqar yetginliyi var.
Asif Atanın dünyasında özüylədöyüşmək, mənəvi saflıqla dolmaq, qutsallığı həyatın gedişinə çevirmək tələbi var.
Ona səcdəli münasibətimiz ömrümüzü zənginləşdirən, fərəhli yükümüzdən qaynaqlanır. İnsanın ömrü həyata gərəkli olan Günəş işığı kimi olanda ona bəslənilən münasibət də bənzərsiz olur. Belə ömürlər dərk olunub qəbul olunduqca dünyaya ülvi dəyişikliklərin yayılması da qaçılmaz olacaqdır.
İnsan dəyərləri tanıyanda, onların qüdsiyyətini qoruyanda, həyata mənalı dəyişikliklər gətirir…
Ata Ruhu sizə Yar olsun!
Ürəyiniz Qaranlıqları Yarsın!
01 Xəzan Ayı, 47-ci il. (oktyabr, 2025).




