Xəbərlər

Günev Atalının Ocaq ömrünün 35 ili

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 19 Qar Ayı 46-cı ildə (yanvar,2025) Günev Atalının “Atagün” kitabının tanıtım törənini keçirdi. OcaqYükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı:

Bu gün bizim üçün özəl bir gün sayılır. Gün təkcə kitabın tanıtımı deyil, həm də bir ömrün hesabatı günüdür. İnsanlarımız yubiley toplantıları keçirirlər. Orda haqqında söz açdıqları adamla bağlı olduqca üzdəvar (zahiri) məsələlər deyirlər. Araşdırırsan ki, bunlar niyə adi şeylər deyirlər, bəlkə deyə bilmirlər. Ancaq baxırsan, deməyə söz yoxdur. İnsan ömrü gərək böyük sözə uyğun olsun ki, sən onu sözlə ifadə edə, dilə gətirə biləsən. Ona görə insanın necə yaşaması olduqca önəmlidir. O hansı bir ömrü yaradıb göstərir, hansı bir ömrü yaradıb ki, onu toplumun qarşısında suna bilir, – ömürdə nə var?! – Əgər ömürdə ciddi əsaslı bir şey yoxdursa, boşuna toplantı eləməyin anlamı yoxdur. Ən azından ömürdə boşluq varsa, onu yalançı şöhrətə bağlamağa çalışmaq cılızlıqdır, aşağı səviyyədir. Biz belə şeyləri çox görürük, vaxtaşırı oxuyuruq, qarşımıza hər yerdə çıxır. Ancaq bu, pis mənada bir gələnəkdir. Elə şeylər var, biz onun qarşısını ala bilmərik, almaq istəsək belə bunun qarşısının alınması doğal bir prosesdir. Xalqın içində ciddi bir etik nizam yoxdur, ona görə belə şeylər ortaya çıxır. Xalqın içində ciddi bir ölçü olarsa, belə şeylər oyatmaz, həqiqətləri də kölgədə buraxmaz. Ölçü olmayanda balacalıq böyüklüyü kölgədə buraxır. Böyüklüyü deməyə göstərməyə gücləri olmur. Ona görə balacalığı qabardırlar, böyüklük qalır bir qıraqda. Balacalıq böyüklüyün yerinə oturdulur.
Aşağı-yuxarı 5 il bundan öncə,Nəsiminin 650 illiyində, Nəsimi ili elan etdilər. Sonra biz araşdırdıq, axtardıq ki, görək Nəsimi ilə bağlı kim nə deyir?! O qədər bəsit, bayağı şeylər dedilər ki, Nəsimi öldü. Biz də Nəsimi ilə bağlı toplantı keçirdik, söz dedik. Çalışdıq ki, Nəsimini olduğu pillələrdə göstərə bilək.
Böyük şəxsiyyətlərimizin ləyaqətini xalq öyrənməsə, öz ömrünə, düşüncəsinə, özünün həyat tərzinə daşımasa onda xalq böyüməyəcək. Burada mən böyük insanlardan danışıram, böyük insanların ləyaqətini daşımalısan. Böyük insanlar görünəcək, ya görünməyəcək, bununla böyük insanların ləyaqətindən yarpaq düşmür. Xalq özü balaca qalır. Xalqın özünün balaca qalmasının başlıca nədəni böyüklüyü görə, ölçüyə gətirə bilməməkdir. Söz yox əngəllər var, istər siyasi arenada istərsə də ideoloji arenada, istərsə də xalqlararası münasibətlər baxımından güclü maneələr var. Bir şeyi sizə xatırlatmaq istəyirəm, sovetlərin dağılmasından sonrakı dönəmdə Asif Ata görüş keçirirdi. Görüşdə ona hansısa yöndə sual vermişdilər, dedi ki, Dağüstü parkda Kirovun heykəli var. Onu oradan götürmək gərəkdir. Söz yox, götürəcəkdilər, ancaq onun yerinə Babəkin heykəlini dikmək gərəkdir. Bakıya gələn bilsin ki, kimin yurduna gəlir. Yəni Babəkin yurduna gəlir. Babəkin yurduna gələn bilərdi ki, Azərbaycan Kirovun ayaqları altında tapdalanan bir ölkə deyil, Babəki verən bir xalqdır.
Bu söhbətə nəyə görə belə bir giriş etdim, – bu gün bizim amaldaşımızın – qardaşımız Günevin 70 yaşı tamam olur. Məsələ onun fiziki yaşının gündəmə gətirilməsi deyil. Onun özünün də, bizim də buna gərəyimiz yoxdur. Ancaq bu 70 yaş gələksəl insan ömrünün sadə bir göstəricisi deyil, fərqli bir ömrün gerçək ucalığının bilinməsidir. Həm də Günevin Ocağa gəlişinin 35 ilidir. 35 il bundan öncə o Asif Atanı tapıb. Elə 35 yaşında cavan bir adam olanda tapıb. Günevlə mənim tanışlığım, münasibətim də aşağı-yuxarı 34 ilə dayanır. Məndən bir il öncə Ocağa gəlib. Gələn il də mənim Ocağa gəlişimin 35 ili tamam olur. Gələn il söz yox, mən özüm ömür hesabatı verəcəm, – kiməm, nə baş verdi, nə yaşadım, nə yarada bildim, nə edə bildim, hansı çətinliklərim oldu, harda büdrədim, harda yıxıldım – belə bir hesabat verəcəm. Bu bir ömür hesabatıdır.
 Mənim tanıdığım, bildiyim Günevin ömründə ilk çağlardan bir arılıq, duruluq olub. Hələ Ocaqçılıq pillələrinə qalxmadığı bir dönəmdə bu arılıq, duruluq vardı. Məkr bilməzdi, arada hansısa münasibətlərin əyilməsi-filan olanda buna boy verməzdi, qarışmazdı. Bu ilkin bir məsələdir, adi bir şey kimi görünür. İlkindir, ancaq niyə bunu deyirəm, çünkü bu ilk pillədir. Bu adam həmin pillələrin üstünə ayaq qoyub qalxacaq. Əgər insanın ömründə, davranışında fəlakətli bir xəyanət varsa, özünüifadə ləyaqəti yoxdursa, ondan sonrakı dönəmləri haqqında da müsbət bir şeylər söyləmək çətindir. Arılıq, duruluq aradan qalxa da bilər. Biz Mütləqə İnam Ocağıyıq. Biz bilirik, inanırıq insan ömrü dəyişə bilər. Bayaq vurğu elədim, ayrı-ayrı insanlar haqqında sənədli film hazırlayırlar. Bu yaxşı adam idi, yaxşı müəllim idi, yaxşı pedaqoq idi, insanların qeydinə qalırdı, onunla dostluq edirdi, bununla dostluq edirdi, uşaqla da dost idi… kimi şeylər deyirlər, danışırlar. Bilirsinizmi nəyə görə belə-belə şeylər danışırlar?! Bəzən də deyirlər ki, bu uşaqlığından belə olub, uşaqlığından belə olubsa deməli, bunun davamı da belə olacaq. Bu elə deyil, mənim uşaqlığım adi olub, neyləyim, əllərimi yanıma salıb ölümümü gözləyim?! Belə yanaşma alın yazısına işarədir, yəni insanın ömrünün dəyişməsi yalandır. Əslində isə insanın ömrü dəyişə bilir. Bunu dühalar, tarixi şəxsiyyətlər sübut edib. Tutaq ki, Nəsimi haqqında danışanda deyirlər ki, bu uşaqlıqda da belə idi, elə idi. Axı niyə hökmən uşaqlıqda da belə olmalı idi?! Niyə, böyüyəndə dəyişilə bilməzmi?!
  Aşıq Kamandar türk dünyasında səsiylə, avazıyla tanınmış bir aşıqdır. Onun səsini, avazını çox sevirəm. Baxın, adam müsahibə verir, deyir ki, axşam idi, suyun qırağına endim (traktorçuya su götürürmüş), güclü işıq əmələ gəldi, biri gəlib mənə vergi verdi… Belə şeylərdən utanmaq gərəkdir. Sənin uşaqlığın bəsit də ola bilər, istedadın görünməyə də bilər, sən bunu sonradan da üzə çıxara bilərsən. Qorxurlar, çünkü alın yazısı deyilən uydurma bir şey var. Orda yazılıb ki, bunun uşaqlığı belədirsə, elə belə də olacaq. Bu, fəlakətdir, İnsanlığın çöküşünə aparır. Millətin millət kimi formalaşmasına əngəl olur. Ona görə deyirəm, adamın çətinliyi var, dəyişməklə bağlı. İlk vaxtlar əgər bunun ömründə gerçəkdən arılıq, duruluq varsa o ilk pillədir. O pillənin üstündə o qalxa biləcək, ya da ölüb yenidən dirilməlidir. Əgər bunlar yoxdursa, onun ömründə ancaq cılızlıq hökm veribsə, o, ölüb yenidən dirilməlidir, ömrünün də yönünü tamam dəyişməlidir. Bu da kütləvi hal deyil,  asan olmur. Asif Ata Ocaq yaradıb, Ocağına çağırdığı insanlara bunu önərir. Deyir, sənin dünənin məni ilgiləndirmir, dünən sən cılız olmusan, balaca olmusan, şıltaq olmusan, özün bilərsən. Ocağa gələndən sonra sənin ömründə yeni aşama başlayır. Sən bu gündən özünü Ocağın tələblərinə uyğun yetişdirməlisən, yaratmalısan. Yaradacaqsansa Ocaq olacaqsan. Ona görə bu gün Asif Atanın Ocağında insanlar barmaq saydadır. Çünkü gələnlər Ola bilmirlər. Çoxları ola da bilməyəcəklər. Çətindir, say artırmaqla deyil ki. Ata deyirdi, mənə yüz insan verin, bütün bəşəriyyətin yönünü dəyişim. Yüz nəfər quru say istəmirdi, kamil şəxsiyyət istəyirdi. Mənim Ocağımda yüz kamil şəxsiyyət yetişsin, dünyanı kökündən dəyişim. O, sivilizasiyanı dəyişmək istəyiylə yaradıb Ocağını. Bu xalqa, mən də bir filosofam deyə çağırış etmir. Sivilizasiyanı dəyişmək deyir. Mən dəfələrlə bununla bağlı yazmışam, demişəm, hansı filosof sivilizasiyanı dəyişməyə girişib, ya da hansı peyğəmbər sivilizasiyanı dəyişib?! – Heç biri. İsa quldarlığın içində İsa idi, Məhəmməd quldarlığın son aşaması, feodalizmin başlanğıcı içində peyğəmbər idi. Baxın, onun savaşlardan qənimət olaraq daşıdığı uşaqlar var idi, qul bazarında satılırdılar. O sivilizasiyanı dəyişsəydi, buna getməməli idi. Özünü gedib asmalı idi. Uşaqları qul bazarına sürümək olmaz. Qadınların zinət əşyalarını qənimət olaraq toplamaq olmaz. Özünü asmalı idi, asmadı. Gücü çatmadı, ancaq bəşəriyyətə sırıdılar, bu gün də sırıyırlar, davam edirlər. Buna görə də bəşəriyyətin, İnsanlığın boyu balacadır. Çünkü onun boynunda oturdurlar hərcayiliyi, eybəcərliyi, balacalığı. Onun boyu qalxmır, böyümür. Düşürmək gərəkdir boynundan. Səməd Vurğunla bağlı yazı yazmışdım, Səmədləri xalqın boynundan düşürməsən, xalqın boyu görünməyəcək.
 Yetər, bəsdir, hardasa dayanmaq gərəkdir. Asif Ata “dayan” sözünü deməyə gəlib. Bəsdir, sivilizasiya dəyişməlidir. Yeni sivilizasiya başlayıb – İnsanlaşma sivilizasiyası. Bunları, yenə də deyirəm, mən bir iş kimi vurğu edirəm, söz kimi yox, çünkü Günev bu işə qulluq edən bir şəxsiyyətdir. Bu adam Ocağa gəldiyi gündən axtarışlarda olub, çətinliyi, asanlığı, yıxılması, durması, yanlışlığı, doğrusu, hamısı ilə bu adam ömründə yol keçib. Hara gəlib çıxıb?! – Asif Atanın Ocağını yaşatmaq üçün evinin içinə belə ağrı verib. Bu aqibətlə yaşayan adam elə olur, onun ağrıları hər yandan olur.


  Asif Atanın Ocağının adına bağ salıb, Ata onu Amal Bağı adlandırıb, Ocağın 12-ci ilində. Ocağın 47-ci ili gəlir. 35 il bundan qabaq Ocağa gəldi. Amal Bağı elan elədi, ancaq özü dərinliklərinə qədər bilmirdi ki, Amal nədir. Amalın içinə girdikcə çətinliklər yaşadı. Bu çətinliklərin içində xalqın ləyaqətinə, ruhaniyyatına, özünüifadə, özünü qoruma sisteminə gərək olan bir məbəd tikdi. Onu sizə deyim ki, Asif Ata özünün dünyagörüş ilə xalqın özünüqoruma sistemidir. Bunu bilməyimiz gərəkdir. Xalqın özünüqoruma sistemi siyasətdən olmur, hərbdən, ordudan olmur. Ruhaniyyatdan olur. Xalqın ruhaniyyatı yoxdursa, istəyirsən ona bir milyon ordu yarat. O ordu nə üçün döyüşəcək, hansı əməlləri yerinə yetirəcək?! Onu yönləndirən xalqın mənəvi yoludur, yönüdür, durumudur, ruhani ölçüsüdür. Neçə adam taparsınız ki, dövlətin indiki gedişindən, durumundan razı olsun. Ordusu da var, Qarabağı da azad edib. Ordunu Qarabağdan istənilən vaxt dala çəkər, istənilən vaxt da ermənini yenidən orda oturdarlar.
Asif Ata xalqın ruhani özünüqoruma sistemini yaradıb. Toplumun içərisində bəlli söhbətlər olur, bəzən Ataya yönəlik, bəzən Ataya qarşı. Deyirlər, Asif Atanın dediyi filan şeyi tarixdə filankəs də deyib, filankəsdə də var, Hegeldə də Mütləq var. Guya biz bilmirik kimdə nə var. Bunu ləyaqəti olan adam deməz. Xalqın içində ləyaqəti olan ziyalı bunu deməz. Budda var, yunan filosofları var, tarixdə başqa dünyagörüşlər var. Olsun, heç kimin yaxşı cəhətini danımırıq. Bunları bir sıra adamlar oxuyur, xalq olmaq üçün yox,özünü bilikli göstərmək üçün. Sənin öyrəndiklərinin bu xalqa bir damcı xeyri varmı, – yoxdur. Bu boyda kitablar oxuyursunuz, oxuduğunuz kitablar nəyə qulluq edir?! Xalqın ləyaqətini ortaya qoy görüm. Sən özünü məndən savadlı, bilikli göstərməyə çalışırsan. Debata çıxırsan ki, toplum görsün ki, bu o birindən savadlıdır, biliklidir. Yarış gedir, yaradıcılıq yoxdur, quruculuq yoxdur, rəqabət var. Tarixi şəxsiyyətlərin yaxşı-yaman nəyi varsa var, biz də ondan bəhrələnirik, bəhrələnməliyik. Heç kim özündən öncəkilərdən bəhrələnmədən özünü həryönlü təsdiq edə bilməz. Yüz il, min il bundan sonrakılar Asif Atadan, ondan öncəkilərdən bəhrələnməyəcəklərsə, özlərini təsdiq edə bilməyəcəklər. Bəşəriyyətin keçdiyi böyük bir yol var, bəşəriyyətin ortaya gətirdiyi gərəkli bilik sistemi var, bilim yönü var. Bundan bəhrələnmək gərəkdir. Ancaq sən o biliklə bəhrələnib nə edirsən, özünü qurursan, özünü ifadə edirsən. Düşüncələrini, milli kimliyini şəxsiyyətini yaradırsan. Sadəcə yamsılamırsan, sadəcə özündən öncəkiləri tutuquşu kimi ifadə eləmirsən, onların hamısını ömründə, xalqında, millətində yaradıcılığa, quruculuğa çevirirsən. Çevirməyəcəksənsə sənin bəhrələnməyinin bir anlamı yoxdur. Kim harda nə yaradıbsa yaradıb, özü bilər. Ancaq onların hansı birinin dalınca getsən millət olmursan. Min ildir onlar var, min ildir sən onları oxuyursan, öyrənirsən. Millət kimi olmusanmı, – olmamısan. Səni millət eləyən onlar deyil, dəyərlərindir. Səni millət kimi formalaşdıran sənin içindən çıxıb sistem yaradan, yön yaradan, ölçü yaradandır. Qırqdakıların heç biri mənim içimdə ölçü yaratmayıb. Ölçünü sənin şəxsiyyətin yaradır. Buna tapın. Millət olmaq istəyirsənsə içindən çıxanı gör, tanı. Danqıltı salma, ləyaqətin olsun, xalq kimi formalaşmağın gərəkdir.
 Bütün bu məsələlər Ocaq şüurunda öz aydınlığına yetir. İndi biz bu şüura yetən Günev Atalını sunuruq.Günev bu şüurun uğrunda mübarizə aparır. Biz Günevin bioqrafiyasını yazmışıq, demişik. Burada da qısaca desək, yerinə düşər. Günev Beyləqanda doğulub, yoxsul bir ailədə çətin bir dönəm yaşayıb. Dişiylə, dırnağıyla yaşamını sürüb. Sevib, ailə qurmaq istəyib, ancaq bu çətinliklərinə görə ona əngəl olublar. Ancaq onların sevgisi bitkin olub, ona görə ailə qura biliblər. İkisi də ailənin qarşısına çıxan bütün çətinliklərin öhdəsindən gəlib dünyaya üç övlad gətiriblər, onları böyüdüblər. Hər üçünün tərbiyəsinə, qanacağına söz ola bilməz. Günev uşaq bağçasında müəlliməlik eləyən bir şəxs deyildi, səhərdən axşama qədər onların tərbiyəsi ilə uğraşsın. Onun buna vaxtı, imkanı yox idi. Ancaq bu evdə yaranan bir ortam olub. Uşaqlar onun ömrünün yaratdığı bu ortamda böyüyüblər. Onların hansı birini söylətsən toplumdan üstün bir şeylər görərsən…
 Dediyim kimi, Günev, illər sonra, saldığı Amal Bağında bir məbəd tikdi. Bu məbədin anlamı nədir?! Kəndin bir qırağında salınmış bağdakı bu məbədi, bu gün çox adam bilmir, görmür. Orda hər gün hansısa rituallar, qurallar da yerinə yetirilmir. Arada ora açılır, söhbətlər aparılır. Ancaq o ünvan min il bundan sonra bəşəriyyətə söz deyə biləcək bir ünvandır. Türkün ilk ruhaniyyat evidir, onu az-çox, arxitektura baxımından, öz istəklərimizə, düşüncəmizə uyğun qurmuşuq. Ola bilər, gələcəkdə təkmilləşmələr olsun. O ünvan axıra kimi Asif Atanın istəklərinə, tələblərinə cavab verən ilk ünvandır. Asif Atanın Baxışı sabah təkcə türk dünyasında deyil, bəşəriyyətdə oturuşacaq, ölçüyə çevriləcək. O zaman min il özündən öncəki bir tarix gələcəyə dərs deyəcək. O ünvanla bağlı bizim düşüncələrimiz, axtarışlarımız, söhbətlərimiz sabah sevimli millətimizin içində söyləmlərə (hədislərə) çevriləcək. Xalqın içində, yasında, vayında, orda-burda ərəb dünyagörüşünü söyləmə çevirirlər. Sabah xalqın içində ərəbin böyükləri yerinə sənin öz xalqının böyükləri öyüləcək. Sabah o söyləmlərdə imam Hüseynin yox, Günevin adı çəkiləcək. Çünkü o bunu haqq edir, o, özünü yaradıb. Özünü o ünvanı yaratmaq üçün yaradıb, özünü xalqa sırımaq üçün yaratmayıb. O çağlarda Beyləqanda Ocaq Ailəsi olub. O Ailəni Günev təmsil edib, sonra alınmayıb. Alınması üçün gərək Ocaq Ailəsindəkilərin düşüncəsi, mənliyi qurula. Ocağın qapısını açan kimi adam şəxsiyyət olmur. Ocaqda yol getmək gərəkdir.
  Ağa bəy Asif Atanı öyrənən, sevən bir qardaşımızdır. Jurnalistdir, istedadlı bir qələm adamıdır. Son dönəmlər Atanın kitablarını məndən alıb oxumağa başlayıb. Onun haqqında nələrsə yazıb ortaya çıxartmağa çalışır. Özünü Asif Atanın davamçılarından sayır. Söz yox, özünü Asif Atanın davamçılarından biri saymaq suç deyil, bununla qürur duymaq olar. Ancaq bizim öz prinsiplərimiz var. Bir var Ocaqçı, bir də var İnamçı. Biz yazmışıq, Ocaqçının ixtiyarı Ocaqda olur, İnamçının ixtiyarı özündə. Ancaq İnamçı yeri gələndə Ocağı təbliğ edir, Ocağın təəssübünü çəkir, arxasında durur, sözünü deyir. İnamçılıq baxımından özünü Atanın davamında görmək uğurdur. Bunu alqışlamaq olar, buna əngəl olmaq olmaz. Nəyə görə mən bunları vurğu edirəm,  Asif Atanın arxasına düşmək, onu sevmək, onu qəbul eləmək asan deyil.  Nəyə görə asan deyil, – indiki dönəmdə çox vaxt hamı hər şeyi kütləyə hesablayır. Hamı kütləyə qarşı hesablamır nəyisə. Kütləyə qarşı hesabladığına, yeri gələndə kütləyə qarşı addım atdığına görə Asif Atanın arxasınca düşmək çətindir. Çünkü hamı axına düşüb, kütləyə qoşulub üzü uçuruma, enişə (tənəzzülə) gedir. Ancaq kimlərsə onun içindən çıxıb bu axının səmtini dəyişməyə çalışır. Kütlənin etirazı filan bir yana, o üzü axına qarşı fiziki baxımdan da çətindir. Obrazlı desək, hesab elə üstünə sel gəlir, sən onun qarşısında dirənirsən. Ona görə asan deyil. Kimlərsə o gücü, o ləyaqəti özündə görürsə onun özü xalqın içində artıq bəlli bir dönüşün formalaşdığını göstərir. Ona görə deyirəm, bu çətinlikləri bilən, anlayan adam Asif Atanın dalınca düşməz. Günev o qədər dirəniş göstərib. Günevə, məbədi orada tikdiyinə görə, yumruq da atıblar, üstünə gəliblər, həşir salıblar. Ailə var, uşaq var. Ancaq bir şeyi də mən burda epizodik vurğu edim ki, Günevin orada sağlam bir dirəniş göstərməsi özünün həqiqətinə görədir. Ancaq onun arxası da olub, əgər Günevin xanımı toplumun ab-havasına qoşulsaydı, Günevə qarşı dursaydı Günevin işi daha çətin olardı. Ya gərək ailəni dağıdaydı, tək qalaydı, ya da Beyləqandan başını götürüb çıxmalı idi. Başqa yerdə mübarizəsini davam etməli idi. Nəsimi burdan Hələbə, ordan bura, burdan ora gedən kimi. Baxın, Asif Atanın ölümündə onlar qohum-qardaşa dirəniş göstərmiş adamlardır. Asif Atanı Beyləqanda torpağa qoyduq. Qohum-qonşu, bütün kənd ayağa qalxdı. Orda söz yox, İranın molla sistemi də bu işin arxasında dururdu. Hamısı ayağa qalxmışdı ki, o bağda adam qəbirə qoymaq olmaz,  ora qəbirstanlıq deyil. Günev dedi, mən evimin döşəməsini söküb Asif Atanı burda göməcəm. Hamı susdu. Xanımı da onun o sözünün arxasında dayandı.
  Sonrakı dönəmlərdə Günevin anasına yas törəni keçirdik. Günev çöldə idi, içəridə dirəniş göstərən onun xanımı oldu. Nəyə görə mən bunları sizə qısa cümlələrlə epizodik vurğu edirəm, vaxtınızı çox da almaq istəmirəm. Bunların hər biri sabah araşdırılmalı, öyrənilməli məsələlərdir. İnsan xarakteridir, insan xassəsidir. Sübut edirsən. Bununla sübut edirsən ki, alın yazısı boş şeydir, insan ömrü dəyişə bilər. Bununla sübut edirsən ki, gərəkərsə insan özünü bütövlükdə topluma qarşı qoya bilər, toplumun yönünü dəyişə bilər. Bu addımlar, bu yaşantılar hamısı onun sübutudur. Ona görə deyirəm, bu bir ömür hesabatıdır. Birinə yubiley keçirirlər: yaxşı ailəsi var, oğul-uşağı var, 20 kitabın yazarıdır, filan yerin laureatıdır, filan titulu var, şöhrəti var, elmlər doktorudur filandır deyirlər… Günev bu deyil.
 Onun mənə nə dəxli var, sən elmlər doktorusan, nəsən. Tutaq ki, əlli kitabın var, sənin kitabın mənə nə deyir?! Ancaq bir də var, xalqın yolunda gerçək bir ömüryolu keçəsən, ömrünü əzabın, iztirabın altına qoyasan, bu ömrü bəsləməyəsən, qurban hazırlayasan. Bax, xalqın qurulması, obrazlı desək, belə ləyaqətli qurbanların üzərində gəlişir. Şəhidlik təkcə gedib düşmən gülləsinə turş gəlmək deyil, xalqın yolunda ağrıyla, acıyla, əzablar yaşayıb onun dəyərlərinin yıxılmasına dirəniş göstərməkdir. Bu ruhani bir şəhidlikdir. 35 illik Ocaq ömründə qardaşımız bu dediklərimizdən qat-qat geniş çapda yaşayan bir adamdır. Mən sizə sözümü yığcam, ümumiləşdirilmiş şəkildə deyirəm. Ancaq bunların hər birinin arxasında Günevin həm böyük çətinlikləri var, həm də qurulan ləyaqəti var. Mən onun ləyaqətini alqışlayıram, onu sunmağa özümü borclu bilirəm. Təkcə burada olan 5-10 adama deyil, topluma sunmağı özümə borc bilirəm. Mən Günevin ömründən bəhrələnmişəm, öyrənmişəm. Ona görə də mənim özüm üçün onun ömrünün özəl bir anlamı var. Qardaşımızı həm Ocağa gəlişinin 35 ilinə görə, həm də yaşadığı 70 illik bir tarixə görə qutlayıram. Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür G.A.): Öncə hər birinizə var olun deyirəm. Gəlişiniz mənim üçün şərəfdir. Hər kəs öz vaxtını ayırır, heç bir umacağı olmadan belə bir ünvana gəlir. Bu ünvanda ciddi söz var, insan var, düşüncə var, dərd var. Çox böyük qürur hissi keçirirəm, sizin bu gün mənim evimdə belə bir düşüncənin başına toplaşmağınızdan dolayı. Mənim cismani yaşım 70 olur. Həmişə özümüzə deyirik, cismani yaşımız önəmli deyil, ruhani yaşımız önəmlidir, Ocağı tapıb ona dayandığımız illər önəmlidir. Çünkü biz özümüzü ruhani yolun insanları sayırıq. Mən də bu yola inanıb mübarizəyə qoşulmuşam. Nəyə inanıram?! – İnanıram ki, bu dünyanı İnsanlıq xilas edir. İnanıram ki, bu ideyanı Asif Ata bitgin yaradıb. Asif Atadan öncə bu Yola çağırışlar bizi qane etməyib. Doğrudur, Asif Atadan öncəkilər olmasaydı dünya daha pis olardı. Ancaq bəşəriyyətin həyatı yenilənməlidir. Adi bir ağac quruyanda yıxılır, ayaqda durmur, təbiət daim yenilənir.
 Bu gün biz Asif Atanın əlindən tutub, ideyalarından bəhrələnib qabağa getməliyik. Onun kitabları bizə yeni bəşər nizamı yaratmaq yollarını öyrədir.
  Mən Asif Atanın davamçısıyam. Yəni Asif Atanın getdiyi yolu gedirəm, Asif Atanın dərdi mənim dərdimdir. Asif Atanın tapdığı əlacın arxasında özümü hiss edirəm. Bu boyda yükün arxasında duran ən balaca insan belə, doğrudan da, özü öz gözündə göylərə ucalır, özü ilə qürur duyur, bəxtiyar olur.
Bu yaşıma qədər mən heç bir dəfə də olsun, nəsə bir ad günü keçirməmişəm. Belə bir fikirdə heç vaxt olmamışam. Müəyyən vaxtlarda bugünkü kimi bir məclis istəmişəm, ona da ortam yarada bilmədiyimə görə, o düşüncədən əl çəkmişəm. Bu gün yaşım 70 olduğuna görə, üstəlik Asif Atanı tapmağımın 35 illiyi olduğuna görə, yeni çapdan çıxan “Atagün” kitabıma görə toplaşmışıq.
Mənim üç övladım var. Hər biri mənim üçün əzizdir. Ancaq  üç ruhani övladım da var. Onun birincisi qardaşımızın vurğuladığı kimi İnam Evi məsələsidir. Hər kəs öz işinin çətinliyini vurğulayır, ən adi usta belə işinin çətinliyindən danışır. Ancaq bir də var ki, bütün bəşəriyyətin əyriliklərinə qarşı köklənib sinə verəsən. Təvazökarlıqdan uzaq olmasın, 8 milyardlıq dünyadır, 300 milyonu keçmiş türk etnosu var. Bu türk etnosunun ruhani mənada başını uzatmağa bir koması belə yoxdur. Özgələrə tapınır, kilsələrə tapınır, məscidlərə tapınır, başqa ideyalarla yüklənib. Ancaq özünün ideyalarına uyğun bir yer yoxdur ki, ürəklə bu mənimdir deyə bilsin. Biz buna iddia edib irəli duran insanlarıq.
  İkincisi “İnamlı İllərimin harayı” kitabımdır. Asif Atanın ideyalarını özüməxas biçimdə şərh eləmişəm. İnam, kamil insan, bunu əzbərləyib deməklə deyil. Bunun arxasında söz var, ömür var. Bu kitabımda mərasimlərdəki çıxışlarım, müəyyən hadisələrə, müəyyən məsələlərə yönəlik düşüncələrim yer alıb.
 Bu gün sunduğumuz “Atagün” kitabı Atanın Günevi deməkdir. Orda gənclik illərimin düşüncələri var. Sonra cəmiyyətlə görüşmək. Cəmiyyət nə idi, nə gündə idi, onu mən gəncliyimdə gördüm… Sonra əsgərlik illərim. Orda da elə dəhşətlər görmüşəm ki. Onu da orada yazmışam. Sonra da ailə qurmuşam. Hamısı mənim üçün elə çətin olub ki. Çünkü yovuşmaz adam idim. Heç kəs məni heç özünə tay da bilmirdi, nəinki mənə yaxşı yanaşsın. Bir bəxtim onda gətirib ki, Elana məni anlayıb. Kasıb olmağına kasıb idim, elə yaxşı geyinmirdim, elə bir boy-buxunum da yox idi. Ancaq gəl ki, o mənim ürəyimi görə bilmişdi. Ona görə bizim münasibətimiz alınmışdı. Üstümüzə tökülənlər oldu. Gözəl göyçək qız idi. İstəyərdilər yaxşı, imkanlı yerə verələr.  Bu aşamanı da keçdik. Sonra Amalı, Asif Atanı tapmağım. Nəsimi Nəimiyə rast gələnə qədər Əliyə mərsiyələr yazan bir adam idi. Nəimiyə rast gəlməsəydi, o Nəsimi olmayacaqdı. Ona görə söz düşəndə deyirəm, özümü Asif Ata Ocağını tapmağıma görə ən xoşbəxt adam hesab edirəm. Baxmayaraq ki, başım olmazın əzablar çəkdi. Atanın görüşlərini Beyləqanda keçirdik. Nə qədər adama qarşı çıxarlar, nə qədər münasibətlərin əyilməsi olar, inzibati idarələrdə olmaq olar?! Ata öləndə öz qaydalarımızla torpağa qoymağımız, İranyönlülərin bizə qarşı birləşməsi. Müəyyən səbəblərdən özünü Ocaqçı sayanların da əyri işləri oldu. Bu olmamalı idi. Elə etmək olardı ki, bunlar olmasın. Ancaq belə götürəndə tarixdə hansı iş yağ kimi gedibdi?! Çahargah muğamımız Maye ilə başlayır. Dünyanın dərdini dərdinə çevirə bilən insan Bəstə-nigarda yol gedir, qarşısına sədd çıxır – izhar (hasar). Onu aşan “Mənsuriyyə”yə qalxır. Bunu Mənsur Həllaca həsr edib sufilər. İlahi haraydır, yer göyə qovuşur. Mənsuriyyədə insan necə böyüyüb Allaha qovuşur. İnsanın ömrü yaranır.

(Tədbirin bu hissəsində Yaqub Məmmədovun ifasında “Mənsuriyyə” muğamı dinlənilir, sonra Günev Atalı sözünə davam edir. – G.A.)

 İnsan dünyanın dərdini öz dərinə çevirir. Əgər dərdinə çeviribsə mütləq əlac axtaracaq. Çünkü dərd varsa əlac axtarmalısan. İnsan kədərdən güc alır. Dünyanın mayasıdır kədər. Kədərlənməyən kamilləşə bilməz, yola çıxa bilməz. Yola çıxdınsa mütləq maneə var. Ocaqçılar hamısı maneələrlə rastlaşıb ancaq hər bir maneə bizi bərkidib. Molla Nəsrəddin jurnalını başlayanda ordan-burdan qaragüruh tökülüşüb. Mirzə Cəlil deyib, deməli, biz nəsə iş görə bilirik.
  Ata öləndə də sanki yer göyə qovuşurdu. İki gün orda bütün kütlə ilə elə səmimi, elə yaxşı qarşı-qarşıya durduq ki. Yola gəlirdi kütlə. Atanın cismani qohumları – həyat yoldaşı, oğlu, qardaşı, başqa qohumları gəldi. Ondan sonra iş pozuldu. Atanın qəbrini Ağstafaya köçürdük. Orda ata-anasının uyuduğu sonevlikdə torpağa qoyduq. Bütün bu işləri Soylunun tapşırığı ilə mən idarə edirdim.
  Atanın dəfnindən 2-3 gün sonra Örənqalada bir mərasim keçirdik. Dəvət etdiklərim də vardı, eşidənlər də gəlmişdi. Tam ruhani mənada mərasim keçirdik, Habil Əliyevin “Zəminxarə”si ilə başladıq. Mərasim tam başa çatdı, sualları cavablandırdıq. Sonda “Mənsuriyyə” ilə qurtardıq. O işlər, o sözlər uzun müddət dillərdə gəzdi. Söz yox, qeyri-adillik anlaşılmaz ola bilər, ancaq maraqsız ola bilməz. Bunun özü bir yenilikdir. Sonrakı illər İnam Evinin Təməltökmə mərasimini keçirdik. Kənd camaatından hardasa 20 nəfərin qatqısı ilə bu törəni keçirdik. Bu işlər artıq hazırlanmışdı, yetişmişdi. Belə bir yerdə mən məscidi rədd edirəm, burda belə bir İnam Evi tikirəm iddiası yaranmışdı.
  Son olaraq onu deyim, Ocaqda müəyyən hadisələr baş vermişdi. Bunu çoxları bölünmüşlük kimi başa düşür. Niyə Asif Atanın Kamilləşmə Ocağında belə bir işlər baş verir deyə düşünürdülər. Əvvəla heç bir dünyabaxış yarananda belə düşüncələr, belə hallar ondan yan keçməyib. İnsanlar hamısı birdən-birə eyni şeyi demir ki. Müxtəlif düşüncəli adamlar var, müxtəlif düşüncələr deyirlər.
  Əslində kitabda da dönə-dönə vurğulamışam ki, mən son baş verən hadisələrdə anladım ki, Ocaq bölünməyib, Ocaq arınıb, təmizlənib. Ocaqda özümüz də deyirdik, beş il bundan sonra beş nəfər də ola bilərik. Bu gözlənilən bir şeydir, bu da oldu. Buna da hazır idik. Hər şey yaxşı sonluqla qurtardı. Burda qardaşım Soylu Atalının başçılığı ilə yerə-göyə sığmayan, bəşər tarixində görünməyən işlər görüldü. Mən hətta bu sözü də işlətmişəm ki, mənim üçün Asif Atadan sonra mayakım, ölçüm Soylu Atalıdır. Mən “Atagün” kitabını yazanda öz Ocaqçılığımı, həyatımı, müəyyən bir səviyyəyə yetəndən sonra onu həyata, cəmiyyətə verməyimi,  çalışmalarımı, çarpışmamı yazmışam. Bu Ocağa gələnlər üçündür. Çünkü Ocağa gələn bilməlidir hara gəlir.
Atamız Var olsun!

Soylu Atalı: İki məsələyə münasibətimi bildirmək istəyirəm. Nəsimi adi biri olmayıb, Nəimini tapana qədər sufi olub, onun güclü sufi şeirləri var. Özü də az yaşı vardı, 21-22 yaşı olub. Uşaqlığı haqqında bilmirik. Onun yaradıcılığa başlayandan sonrakı dönəmi bəllidir. Qeyri-adi yaradıcılığı olubdur.
İkinci məsələ: Doğum günü ilə bağlı deyirik. Bizi oxuyan adamlar fərqli düşünürlər. Doğum günü keçirmək olar, ancaq kimə – körpə uşaqlara. Bayram edirsən onun gəlişini, sənə atalıq haqqı verib, analıq haqqı verib, dünyaya gəlib. Onun gəlişiylə sən ata oldun, ana oldun, bunu bayram edirsən, bunu bayram etmək olar. Ancaq gəlib çıxırsan 50 yaşa, 50 yaşda da bir şey yaşamamısan, durub bayram edirsən, onu başa düşmək olmur. Çünkü nə olursa, bəzək olur.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Atanın sağlığında mərasimlərdə görürdüm Günev qardaşı. Bölgələrdə olan Ocaqçılarla burda olanlar bir-biri ilə ciddi təmasda ola bilmirdilər. Mərasimlərdə bir neçə dəfə olmaqla hər bir Ocaqçının halını, əhvalını bilmək olurdu. Günev qardaş haqqında eşitmişdim, Atanın Məcnunu deyilib ona. Heyrətli danışığı vardı. O danışanda istəmirdim bitirsin çıxışını. Doymazlıq vardı danışığında. Həmişə Ataya heyrətli baxışlarını müşahidə edərdim. Ancaq onu daha yaxından Ata öləndə tanıdım. Gənc idim, bərkə-boşa düşməmişdim, Ata ideyalarını deyib qarşılaşdığım, söz-sözə gəldiyim adamlar olmuşdu, ancaq o günlərdəki kimi ağır durumda olmamışdım. Bir tərəfdən Atanın ölümü, itkinin böyüklüyünü anlayırdım, bir tərəfdən də onun dəfni ilə bağlı kənddəki qarşılaşmalar, sözləşmələr, Günev qardaşın bunlara qarşı durması. Bəzən elə an olur, anlayırsan ki, mənim ömrüm bu insanla bağlıdır. Bəzən olaylar bağlayır ömürləri, bəzən ideya bağlayır. Ocaqda durum belədir – Ataya nə qədər bağlı olursan, Ocağa nə qədər bağlı olursan, nə qədər özünü yarada, yetkinləşdirə bilirsən, o qədər bir-birimizə bağlanırıq. Bu bizim dayağımız, zəminimiz olur. Dəfn günündə əslində yeni bir aşamanın başladığını da bilmirdim. Sadəcə kədərimi yaşayırdım. Mərasim, andiçmələr, sonrakı söhbətlər, kənddəki söz-söhbət. Bunlar həyatımda ayrıca aşama oldu. Dəfndən sonra Günev qardaşın həyətində oturmuşduq. Kənddən kimsə gəlib oturdu, dedi, deyirlər bu adam Allahsızdır. Günev qardaş sakit dinlədi. Orda deyəsən Elana bacının atası idi, dedi, bizim kəndə gələn suyu kəsiblər, onlarmı daha çox Allahsızdır, yoxsa bu insanlar. Başqa nələrsə də dedi. Ancaq mən o söhbətdə də, sonrakı söhbətlərdə də Günev qardaşın kənddə yaratdığı halı, inamı, sevgini gördüm. Ona qarşı duranlara başqaları cavab verirdilər. Günev qardaşın orda dağ kimi təmkinli, sabit, inamlı duruşunu gördüm, daha çox sevdim. Daha çox gözümdə böyüdü. Orda bəzi Ocaqçılar qayıdıb Bakıya gələndə Günev onlara “məni ruhani komandan qoyub Soylu, siz məni dinləməlisiniz” sözünü də necə ağrıyla dediyini xatırlayıram. Ona hücum çəkdilər, bəziləri qoyub getdi, ancaq o öz vəzifəsini sona qədər yerinə yetirdi. Atanın ölümündən sonra da çox yol getdik. Soylu Atalı bizi toparlayıb Ocağı davam etdirdi. Biz birlikdə Atadan sonra Ocağı bu günə qədər yaşada bildik.
İnam Məbədi, düşünürəm, həm Günev qardaşın ömründə, həm Ocağın tarixində əbədi bir olaydır. Bu məbədin ideyasından, layihəsindən tutmuş gerçək indiki duruma gətirilməsi gözümüzün qarşısında baş verdi. Hardan yarandı bu məbəd? Ömrün var olmasından, ruhsal aqibətin gerçəkləşməsindən. Ömür var, ruhani ömür. Kitabda da məbədin tikintisi haqqında yazılıb. Ancaq bütün olayları birlikdə yaşamışıq və sonuc – Məbəd yaranıb.
Atanın Fərhad haqqında bir sözü var: “Fərhad qayanı qolu ilə yox, ürəyi ilə yarırdı”. Baxmayaraq ki, Günev qardaşın maddi gəliri yox idi, heç nədən, sadəcə istəkdən, əməldən Məbədin yaranması böyük bir olaydır. Nəinki Ocaq tarixində, ümumən tarixdə yaşayacaq olay.
Ruhani ömrün əməlləri də ruhanilik kimi işıq saçır, yaddaşlarda qalır, tarixdə qalır. Belə ömürlər insanda ümid, inam yaradır. Davamlılıq, bağlılıq, sədaqət, aşiqlik, doğmalıq örnəyi olur. Ömürdə ideya var olanda çətinlik də çətinlik kimi görünmür, aşa biləcəyin, aşmalı olduğun, insanı dəyişdirən, yetkinləşdirən aşama kimi görünür. Günev qardaşın ömrü yazdığı bu kitabdan qat-qat artıqdır. Sığa bilməz bir kitaba. Ömür davam edir, əməllər də davam edir, fərəh də davam edir. İnanıram ki, uğurlarımız, birlikdə əməllərimiz davam edəcək.
Günev qardaşın ömür yolunda ona dəstək olan, Ocaq söhbətlərində fəal iştirak edən, birlikdə ruhsal səfərlərə çıxdığı, birgə əməllər yetirdiyi Elana bacımızın da əməyini qeyd etmək istəyirəm. Ailə dəstəyi qardaşımızın gücünü daha da artırıb, ona xüsusi bir ahəng qatıb. Bu birlikdəliyiniz uzun, davamlı olsun.  Hər zaman xoş soraqlar eşidəcəyimizə əminəm.
Atamız Var olsun!

Elana: (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Hər birinizi görməyimə çox şadam. Hər zaman siz gələsiniz. Bu gün Günevin 70-i keçdiyi bir günüdür. Şirinli, acılı, ancaq mən gözəl ömür deyərdim, gözəl bir ömür yaşayırıq. Bu ömür münasibətilə Günevi təbrik edirəm, özü söz verib, 40 il də yaşayacaq. Yeni çap olunmuş kitabı münasibətilə də təbrik edirəm. Mən o kitabı 2 saata oxudum. O kitabın olaylarını bərabər yaşamışıq. Çətin, ağır günlər çox olubdur. Ancaq qısa gəldi. Bir şey də var ki, Günev o çətinlikləri elə şirin yazıb ki, mən düşündüm, nə yaxşı bu çətinlikləri yaşamışıq. Günevin çox gözəl ürəyi var. Deyirlər üz ürəyin aynasıdır. Üz onda çox ruhani, gözəl olur. Günevin çox ruhani üzü var idi. O halı, üzü sanki mən nə vaxtsa görmüşdüm. Ona görə vuruldum ona. Ocağımız var olsun!

İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Bu gün doğrudan da, gözəl gündür. Qardaşımızın başına toplaşmışıq. Günev mənim üçün Məcnundur. O, Ocağa da, insana da, millətə də vurğunluqda Məcnunluq səviyyəsini ötüb. Məcnun Leylidə qeyri-münasib tərəflər gördü, dedi “get, sən o Leyli deyilsən”. Ancaq Günevdə o “get, get” sözünə yer qalmadı. O elə bir Ocağın başına toplaşdı ki, o Ocaq üçün “get, get” halına yer qalmamışdı.
Onun kitabını mən də birnəfəsə oxudum. Sonra ikinci dəfə çox yavaş-yavaş oxudum. O kitabın çox nəfis bir dili var. Günev təhsil məsələsi deyir həmişə. Təhsil balaca məsələdir. Cəmiyyətin gözünə görünən də o təhsildir. Günevin ancaq orta məktəb təhsili var, dediyinə görə onu da yaxşı oxumayıb. Ancaq onun burda izharı, Soylu qardaşımızın izharı ürəyimizi elə riqqətə gətirir ki, bacımızın dediyi kimi, adam daim dinləmək istəyir. İstəyir ki, qurtarmasın.|
İnsan narahat varlıqdır. Özünü tapmağa çətinlik çəkir. Toplumun yönü maddiyyata doğrudur. Həyatını başqa variantlarla, başqa vasitələrlə, zorakılıqla kompensasiya etmək istəyir, orda da öz yerini tapa bilmir. O qədər bu cür gediş dalana dirənir, başı kəsilir, daşqalaq olunur, ancaq sonra gələnə yenə ibrət olmur. Sonra gələn yenə bu yolu gedir.
Bu kitabda məni heyran edən nə idi? Olaylar aydın izah edilir, düşüncə aydın. Bayaq qardaşımız muğamdan danışır, necə gözəl izahını verdi. Mən ali təhsilli adamam, sənin dediyinin onda birini deyə bilmirəm. Çünkü o vurğunluq içindədir. O vurğunluq sənin içindən gəlir. O vurğunluq, o yaşam tərzi olmasa, insan danışa bilməz. Mənim niyə bəzən dilim topuq çalır? Çünkü tam onu yaşaya bilməmişəm. Tam o gedişləri gedə bilməmişəm.
Kitabda olayların necə cərəyan etməsi çox gözəl, ardıcıl ifadə olunub. Həyat iki hissədən ibarətdir. O da dünyanın faciəsidir. Bu dünya necə qurulub, bu dünya nədir? Bu dünyada gerçək həyat var, bir də məna var. İnsan gerçək həyatda tam özünü tapa bilmir. Çünkü insan elə qurulub ki, onun içində ruhaniyyata tələbatlar var. İnsan cismani varlıq kimi yeyir, içir, yatır, onun ölümü var, xəstəliyi var, ağrısı var, acısı var, bədən baxımından deyirəm. Ancaq bütün bunlarla yanaşı insan dostluğa ehtiyac duyur, sevgiyə, məhəbbətə ehtiyac duyur, qayğıya, sayğıya ehtiyac duyur, öz tərəfindən icra olunanda da özünü xoşbəxt bilir. Bəşəriyyətin ən güclü tapıntısı, bu keyfiyyətlərin ortaya çıxardığı ailə münasibətləridir. Günev qardaş, sənin bəxtin gətirib, sən bu gözəl xanımla ürək bağlılığı ilə bir-birinizə rast gəlmisiniz, bu elə sənin bəxtin olub. Kaş bütün ailələr sənin ailən kimi bəxtə sahib olaydı. İnsanın ruhani yöndə pillə-pillə böyüməyi var, o pillə-pillə böyüməyi sənin kitabında yazılan ömür yaşantılarında gördüm. Kitabda uşaqlıq illərinin təsviri var ki, insanların bir-birinə münasibəti, böyüklərin bir-birini qana bələməsi, körpələrin, qadınların həyatında hansı travmaları yaratması, uşaqların da o yolu getməsi, hətta bir uşağın o biri məhəllədən davasız keçə bilməməsi var. O ömür ki var, sən yaşamısan, mənə elə gəlir, mənim ömrümü təsvir eləmisən. Çünkü Azərbaycan mühiti bütöv bu gündədir. Bu gündən biz necə xilas olarıq? – İnsan, sonra gəlir ailəçilik. Ailə bəşərin heyvandan ayrılmasının ən ilkin tapıntısıdır. Müstəqillik, azadlıq, o gözəllik, heyvandan, sürüdən ayırılmaq, bunlar hamısı ailəçiliyin tapıntısı ilə bəşərdə oturuşub. Bu millət necə ailə ola bilər? Ailədə kişi var, qadın var, uşaq var, onların bir-birinə bağlılığı var, məhəbbəti var. Ailədə həmin o keyfiyyətləri insanların birləşməsində üzə çıxartmaq, yaşatmaq, böyütmək və bu cür ailələrin sayını artıra-artıra gəlib millət səviyyəsinə çatmaq. Sənin o kitabında mən o halı tam gördüm. Kitabda sənin böyüməyin, artmağın görünür.
Bizim dəyərlərin içinə girəndə millətimizdəki böyüklüyü görürəm. Türk millətinin dəyərləri ki var, Zərdüştdən başlayır, Dədə Qorqud, Babəklik, muğam, saz – bizim milli dəyərlərimiz. Bu dəyərləri düşünürsən, deyirsən hanı onlar bu gün? Ancaq Ocaq sübut edir ki, bu gün də var içimizdə. Həmin o 44 günlük müharibədə millətin necə toparlanması kökündən gəlir. Elə ailələr olub əlində heç nəyi yoxdur, ancaq əlinə keçəni əsgərə göndərməsi ilə özünü xoşbəxt hesab edib. Bununla millətin orda necə toparlanması, birliyi yarandı.
Soylu qardaşımız bizim üçün böyük bir örnəkdir, gözümüz onu görür. Ondan sonra mənim gözüm Günevi görür. Günev də ləyaqətli bir ömür yaşayıb, onun ömrü də mənim üçün bir örnəkdir.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Bir insanı və onun ömrünü formalaşdıran nədir? İnsanın həyatında belə bir dönəm olur, həyata müstəqil addımlarını atanda elə bilir ki, gözəl dünya yaratmaq, gözəllikləri yaratmaq onun əlindədir. İstənilən soruna qarşı dayana biləcək bir güc hiss edir içində. Ancaq bu yaşantılar, düşüncələr, bu güc qısa zamanda artıq sarsılmağa başlayır. Çünkü insan irəlilədikcə həyatın gerçəkliyi ilə üz-üzə dayanır. İçindəki o gücü yaşadacaq dayaq nöqtəsi tapa bilmir. İnsanın gücü zəiflədikcə dayağı özündən qıraqda axtarır. Hansısa yarı inanıb yarı inanmadığı qıraq qüvvəyə sığınmaq burdan başlayır.
Bir dəfə bizim müəllimimiz söhbət edəndə dedi ki, yaşlı nənəmlə tez-tez söhbət edərdik. Hər dəfə o mənə deyərdi ki, həyatı yaşamaq olduqca çətindir. Deyir, mən bu cümlənin mənasını anlamırdım. Onda mən gənclik duyğularının yaratdığı etki ilə bu sözə qarşı çıxırdım, içimdə hətta ona qarşı acıq yaranırdı. Nə üçün inadla hər kəs həyatın çətin olduğunu sübut etməyə çalışır. Ancaq həyatımın sonrakı dönəmində mənim içimdəki güc zəiflədi, nəyin nə qədər çətin olduğunu anlamağa başladım. Həyat doğrudan da çox çətindir. Müəllimim həyatın çətinliyini bu olayla anlatmağa çalışdıqca eynən mənim içimdə də o acıq duyğuları yaranmışdı. Axı niyə yaşamaq çətindir?! Mən də müəyyən dönəmdən sonra içimdə yaranan acığın cavabını tapa bildim. O vaxt tapa bildim ki, mənim içimdə inamsızlıq uçurumu başladı. İçimdə duyduğum, yenilməz güc İnsanlığın saysız sorunları ilə üz-üzə qaldıqca zəifləməyə, sarsılmağa başladı. Bu uçurumu yaradan, ən çox da eyni inancı daşıdığım insanların ədalətsiz ömürləri oldu. Mən o dönəmdə heç bir dayaq nöqtəsi tapa bilmədim. Həyatda dayaq nöqtəsini tapa bilməyəndə həyat insanı daha çox özünə doğru çəkir. Buradan yavaş-yavaş başlayır mənfəətpərəstlik, şöhrət, hər şey əldə etmək çabası və bu kimi başqa cəhətlər. Başlayırsan yavaş-yavaş hər kəsdən biri olmağa. Ancaq insanda örnək ömürlərin yaratdığı etki bütövlükdə cəmiyyətin pozuntularına qarşı dayana bilir. Tək-tək ömürlərdən söhbət gedir. O örnək ki, səni cəmiyyətin pozuntularından ayırıb doğru yönə çəkə bilir. Mən düşünürəm ki, Günev bəyin ömrü də o ömürlərdən biridir. O, özünün örnək ömrü ilə mənim inamımda təməl rolunu oynadı. Onun ömrü məndə Yolun doğruluğuna inam yaratdı.
Keçən dəfə tədbirdən çıxandan sonra Bilən mən və Günev bəy söhbət edə-edə piyada gəzdik. Mən yanımızdan ötüb keçən insanlara baxanda çoxunun üzündə kədərli, aqressiv, bezmiş, yorğun ifadə görürdüm.Ancaq Günev bəyə tərəf baxanda, onunla söhbət edəndə işığa baxmış kimi olurdum. Yəni onun üzündə elə bir fərəh ifadəsi var idi, mən düşündüm ki, bu günə qədər yaşadığı ömrün, usanmazlığının qələbəsidir bu fərəh ifadəsi. Onda mən ruhaniyyatın önəmini, ömür yaratmağın, qurmağın nə demək olduğunu anladım. Mən “Atagün” kitabını oxuduqca onun qarşılaşdığı hər çətinliklə usanmadan mübarizə aparması örnəyimə çevrilir. Kitabınız, ömrünüz qutlu olsun.
Atamız Var olsun!

Sevda Amanova: Mənim üç ilə yaxındır Ocaq ilə bağlılığım var. Bu bağlılığa görə mənə örnək olan, dəstək olan, körpü yaradan insan Soylu bəydir. Mən ona minnətdaram. Eyni zamanda üç dəfə Günev bəyin evində olmuşam. Məndə çox gözəl bir təəssürat yaradıb. Onun səmimiliyi, ondakı doğmalıq, onun üzündə nuranilik, onun əməllərində, həyatında ruhanilik – mən bütün bu gözəllikləri Günev bəydə gördüm. Eyni zamanda onun gözəl xanımının sözlərindən təsirləndim, duyğulandım. Günev bəy, siz çox xoşbəxt insansınız həqiqətən. Çünki hər bir güclü kişinin arxasında zəif yox, zərif bir qadın durur. Eyni zamanda onun silahdaşı, əqidədaşı, ömür yoldaşı, həyat yoldaşı – bu titullar hər adamın yerinə yetirə bilmədiyi titullardır. Siz xoşbəxtsiniz ki, belə gözəl bir xanımla birlikdə ömür yaşamısınız. 70 il az ömür deyil. Adam var 70-80 il yaşıyır, ömrü bir günə dəymir. Ancaq insan var ki, ömrü ömrə yetmir. Kitabınız davamlı olsun, ömrünüz qutlu olsun. Ailəniz qutlu olsun. Sağlamlıq, xoşbəxtlik, uzun ömür, səadət, gözəl, mənalı xoş həyat arzulayıram.

Könül Yüzbaşıoğlu: 80-ci illərdə televiziyalarda proqramlar gedirdi. Orda Asif Atanın apardığı verilişlər olurdu. O vaxtlar həyatımızın qarışıq vaxtı idi. 80-ci illərdə Asif Atanı mən izləyirdim, ancaq birdən onu itirdim. Sonra onu görmədim, heç bir əlaqəm olmadı. O vaxt bəlkə internet olsaydı, axtarardıq. Ancaq öz problemlərimə başım qarışdı, onu unutdum. Sonra təsadüfən Elnur bəy mənə dedi ki, siz Soylu bəyi tanıyırsınızmı, yox dedim. Sonra Asif Atanı dedi, dedim mən onu tanıyırdım. Bu gün bura gələndə Günev bəyin üzündə Asif Atadan nur gördüm. O, öz nurunu bizim hamımıza verib. Sizlərin üzündə onun nuru var, bu göz önündədir. Günev bəyə, xanımına can sağlığı diləyirəm. Davamlı olsun hər şey. Düşünürəm, bizim bağlılığımız davam edəcək. Çünki həyatın son nöqtəsi qoyulmuş bir yerdəyik hamımız. Düzgün qəbul edək, cəmiyyət pozulub, mənəviyyat pozulub. Bu nöqtə qoyulub. Bu nöqtəni sizlərlə davam etməliyik. Özümüzə ürəyim ağrıyır, gənclərimizə ürəyim ağrıyır. Onlara yardım etmək üçün bu nöqtədən başlamaq gərəkdir. Bura bizim yardım nöqtəmizdir. Bir də qutlayıram, təşəkkür edirəm.

Ağa bəy: Təşəkkür edirəm, var olun.Təşəkkür edirəm ki, Soylu bəy, məni belə bir tədbirə dəvət etmisiniz. Asif Atayla bağlı düşüncələrim nədir, hisslərim nədir, necə yanaşıram, bu haqda fikirlərinizi səsləndirdiniz. Mənə yüksək dəyər verdiyinizə görə də təşəkkür edirəm.
Biz əslində planlaşdırmışdıq o vaxtı Beyləqana getməyi. Nəzərdə tutmuşdum səfər edim. İnam məbədi ilə tanış olum. Sadəcə işlər elə alındı, qarışıqlıq oldu, gedə bilmədim. Ancaq çox istəyərdim. Bizim tanışlığımız o vaxta təsadüf etməli idi.Biz keçən dəfəki tədbirdə Günev bəylə tanış olduq. Bu gün ikinci dəfədir Günev bəyi görürəm, ünsiyyətimiz olur. Ürəkdən təbrik edirəm.
Ümumiyyətlə insanın bir yolu getməyi çox çətindir, təbii ki, böyük çətinliklər ortaya çıxır, çoxlu maneələr qarşıya çıxır. Hər adam bu yolu gedə bilmir. Maddi çətinliklər olur, başqa çətinliklər olur, mənəvi çətinliklər olur. Çox insan var ki, hansısa yolu getmək istəyir, ancaq yarı yolda qalır. Hansı insanlar ki, yolu sona qədər gediblər, onların böyük əksəriyyəti tarixdə qalan insanlardır. Nəsimi, başqası, – biz onlar haqqında oxuyuruq, öyrənirik.Onların həyat təcrübələrindən, yol getmək nədir, onu öyrənirik. Burda danışılanlardan belə başa düşdüm ki, Günev bəy də bu yolu gedən adamdır. İnandığı həqiqətlərin arxasınca usanmadan, daim olaraq gedən adamdır. Bu çox vacib məsələdir. Mən şadam ki, bu gün bu cür insanların əhatəsində belə məsələləri müzakirə edirik. Günev bəyin ad gününü təbrik edirəm, yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edirəm. O kitabı oxuyub həm Soylu bəyə, həm də sizə öz fikirlərimi bildirəcəm. Sağ olun, var olun, heç zaman usanmayasınız.

Soylu Atalı: İstəyirəm qısaca bir neçə söz deyim. Bu kitabları mən dava ilə yazdırmışam. Ocaqçıların gözəl ürəkləri var. Hətta bəzən elə gözəl düşüncələri olur ki, biz gözəl düşüncələri həmişə ideya adamlarından, filosoflardan gözləmişik, görmüşük. Ancaq Ocağın özü elə bir məktəbdir ki, bu məktəbə üz tutmaq üçün heç də gedib tarixdə böyük filosof axtarmağa gərək qalmır. Yetər ki, Ocaqçıların özləri içdən, ürəkdən yanaşsınlar. Ocaqçılarımız bir az o yöndən təvazökardırlar. Təvazökarlıq nə qədər yaxşı, bəyənilən bir keyfiyyət olsa da, quruculuq baxımından addım atmaq gərəkdir. Mən bacarmaram-filan, bacarmazsan, onda Atanın yanında nə işin var? Asif Atanın Ocaqçıda görmək istədiyi üç keyfiyyət var: natiqlik, yazarlıq, təşkilatçılıq. Niyə istəyir bu keyfiyyətləri? – Çünkü o, bir qurum yaradıb. Ona görə yaradıb ki, ideyaları yerisin xalqın içinə. Bu qurumun yaşaması, qabağa getməsi gərəkdir. Qurum ideyalarını xalqda oturuşdurmalıdır. Qurumda insanlar təmsil olunur, bu insanlar Asif Atanın ideyalarını həyata keçirmək üçün öz üzərlərində ciddi işləməlidirlər. Ciddi işləmək nəyə gətirib çıxarır – Atanın ideyalarını, düşüncələrini sərbəst ifadə eləməyə. Xalqa sərbəst çatdıra bilmək, özü də sevgi ilə çatdıra bilmək. Davayla-şavayla yox, söyüşlə yox. Çığır-bağırla yox, düşüncə ilə, təfəkkürlə xalqın içində oturuşdurmaq gərəkdir. Hara tələsirik? Bu gün xalq bütövlükdə Asif Atanı qəbul eləmir. Yaxşı edir qəbul etmir. Niyə qəbul etsin? Bir örnək göstər, qəbul etsin. Örnəyi harda göstərəcəksən şəxsiyyətində. Örnək göstər ki, Asif Ata bu şəxsiyyəti yaradıb. Sənin ömrün əslində Asif Atanın ideyasından daha çox rol oynayır. Fəaliyyət rol oynayır, düşüncə rol oynayır. Çünkü ideyanı hər kəs anlamır. Hər adam qarşısındakını görə bilmir. Onun düşüncəsi, davranışı hamısı göz qabağında olmalıdır. Ona görə Ocaqçı bu keyfiyyətləri özündə yaradır, yaratmalıdır. Natiqlik təkcə bərli-bəzəkli danışmağa demirlər. Bayaq söhbətimin başında dedim, balaca adamları böyüdürlər, böyüklük kölgədə qalır. Şöhrət verirlər ona. Niyə? Çünkü səni bu duruma salana balacaları böyük göstərmək gərəkdir. Toplum özünə bərabər balacaların dalınca getsin, balaca qalsın. Ona görə deyirəm, söz məsələsi böyük məsələdir. Şair Akif Səmədlə bağlı yazı yazmışdım. Yazıda epiqraf kimi vermişdim –“Söz Tanrıdan aşağıdır. Ancaq Tanrını da tanıdan sözdür”. Mütləqi söz tanıdır. İnsanı söz tanıdır. Kitab-filan sözdür, insanın ləyaqətini söz tanıdır. Gələcəyi söz tanıdır. Yerin-göyün mənasını, anlamını, sirrini söz izhar edir. Ona görə sözü o anlamda bilmək, tanımaq gərəkdir. Mənanı düzgün görə bilməkdir, göstərə bilmək, İnsanı düzgün görə bilmək, göstərə bilmək.
İkinci yazarlıq məsələsi. Sənin nə qədər gözəl ürəyin varsa, gözəl işlər görürsənsə, öz çağında sənin ömrün bəlli şeylər göstərir, göstərəcək. Ancaq sən təkcə çağın üçün deyilsən ki. Sən həm də sabah üçünsən. Sən həm də sabahla ünsiyyətdəsən. Sabahla təmasdasan. Sabahkına söz deyirsən. Sabahkına söz demək üçün səndən yazı qalmalıdır. Səni də izhar etsin, sənin getdiyin yolu da, sənin tapındığın dəyərləri də.
Üçüncü – təşkilatçılıq. Atanın düşüncəsini, ideyasını xalqın içində yaymaq. Yaymaq üçün hansı doğru üslublar varsa, onlara yiyələnmək, onları gerçəkləşdirmək. Doğru üslubla Atanı təbliğ edə bilərsən. Ancaq təbliğ etmək azdır. Təbliği edən kimdir?! Ata hansı çiyinlərdə, ürəklərdə xalqın görüşünə gedir?! Asif Ata bu gün fiziki olaraq yoxdur. Ancaq xalqın görüşünə gedir. Sən elə bir ömür daşıyıcısı olmalısan ki, Asif Atanı ömrünə götürə biləsən. Təşkilatçılıq məsələsi buna görə önəmlidir.
Yazarlıq bu cəhətlərdən biridir, onun da ortaya çıxardığı kitab olur. Biz kitab həvəskarı deyilik. Mən Ocaqçılara deyirəm kitab yazın. Ona görə yox ki, toplumda bizi öysünlər filankəsin kitabı var. İndi nə qədər kitab çıxır. Kitabların hamısı rəflərdə qalıb. Bizə gərək olan kitabları axtarırıq. Biz  kitabxanalara gedəndə yüzlərlə, minlərlə gərəksiz kitablar görürük. O baxımdan kitab həvəsində olmaqla iş bitmir. Gərək olan kitabı yazmalısan. Kitabın söz deyə bilmirsə, heç ona başlamaq gərək deyil. Söz deməlidir, – böyük ideyalara, ideallara bağlı söz.

Günev bəyin kitabına gəldikdə, birinci kitabı bir neçə il qabaq çap olunub. Kitabda onun izharları, çıxışları toplanıb. Onun çıxışlarında, hamınızın vurğu elədiyi kimi, hal var idi. Onun kitablarını oxuyacaqsınız, sadə insanlar üçün bir başqa məzmun daşıyır, ancaq düşüncə, təfəkkür adamları üçün başqa məna daşıya bilər. Düşüncə, təfəkkür adamları üçün mesaj vermək istəyidir bu kitab. Bu kitabda kitabçılıq baxımından bir çox zəifliklər görə bilərlər. Ancaq əsas məsələ nədir? Bir ömürdə bir ideyanın necə böyük eşqlə, həvəslə yaşaması. Bu kitabda həmin hal var. Böyük məzmundan daha çox hal var. Məzmunu daşıyan, ifadə edən hal var. Vəcd halı var. O şeyi ki, biz insanlarda az görürük. Bizə bu məsələ ən çox qıraqdan gəlir. Avropanın çağdaş dönəmdə də aktiv gəlişdiyi güclü rassionalizm, bu rassionalizmin içində dəhşətli bir soyuqluq var. Ağlın soyuqluğu var. Ağıl o vaxt iş görür ki, duyğulu olur, vəcdli olur. Ancaq bizə nə aşılayırlar?! – Emosional olmaq olmaz. Emosional olmağın özəlliyi var axı. Bir var emosional olmaq, nə danışdığının fərqinə varmamaq, düşüncə baxımından. Nə gəldi səpələyəsən, yəni düşüncənin emosionallığı. Bir də var jestlərin emosionallığı. Bəzən adam elə danışır ki, əl, qol, qıç hərəsi bir yana qaçır. Niyə? – Çünkü içəridən yanğı gəlir. Bu içəridən gəlir. Alova deyə bilməzsən ki, sakit ol. O açıdan deyirəm, əlin-ayağın, jestin özünün emosionallığı daxili vəcddən qaynaqlanır. Emosionallıq, vəcdli əhvallar yazıda görünür. Vəcddi, vəhydi, ehtizazdı, onlar yazıda görünür. Bu kitabda da həmin hallar görünür. İkincisi, bu kitab bir ömrə bağlı Ocaq tarixidir. Söz yox, Atanın dönəmi, ölümündən sonrakı çağlar genişdir. Ancaq Ocaqla bağlı, Ocaq tarixi ilə bağlı yol almaq, yön almaq baxımından kitabın böyük önəmi var. Ocaqda hazırladığımız kitabların hər birinin böyük önəmi var. Mən bilirəm Ocağı doğru nə ifadə edir.
Mən Azərbaycanın 51 rayonunda olmuşam, görüşlər keçirmişəm. İyirmi yeddi rayonunda bir neçə dəfə olmuşam. Orta, ali məktəblərdə, mədəniyyət evlərində görüşlər keçirmişəm. Görüş keçirəndə həmişə məndən soruşurdular ki, özünüz haqqında danışın. Mən özüm haqqında heç nə danışmamışam, indi də bilmirəm, özüm haqqında nə deyim. Mən sadəcə bir şeyi bilirəm, nə deyirəmsə, onun içindəyəm. Ona görə mənim dediyimin içində gör, axtar məni. Mən filan yerin laureatı, akademik deyiləm. Prezident təqaüdçüsü-filan deyiləm. Özü ilə bağlı insanları yormağa gərək yoxdur. Özü ilə bağlı filan titullar, ayıbdır belə şeylər. Bunun kimə nə dəxli var. Xalqa dəxli olmayan şeylərlə insanları yormaq olmaz.

Sizin hər birinizə sayglarımı bildirirəm, zəhmət çəkdiniz, bizimlə birlikdə oldunuz. Qardaşımızın günü, ömrü qutlu olsun.

Qar Ayı, 46-cı il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir