Hər birinizi, xalqımızı, eləcə də bəşəri İnsanilik bayramı münasibətilə qutlayıram. Belə bir xoş əhvalla, belə bir xoş məqamda sizinlə birlikdə olmağımdan qürur duyuram. İnsanilik bayramı ilə bağlı düşüncələrimi bölüşmək istəyirəm.
Amal ömrün Ali mənası olan İnsanlığa aparan yoldur. Özündəki Mütləqə qovuşmaq yoludur. Ömrün hər anında bu istəklə yaşayırsan, özünə nəzarət edir, qüsurlarla döyüşür, arınır, durulur, alnıaçıq yaşayırsan. Dil yalandan, əl haramdan çəkilir. Baxışlara məhrəmlik, əhvala səmimiyyət gəlir. Gözəlliyə, dürüstlüyə heyrətli münasibət ucalıq gətirir ömrə. Yaşamın fövqündə görürsən özünü. Borclu bilirsən özünü yetdiklərini yörəndəkilərə yetirmək üçün. Gözəllik hər anda öz cazibədarlığı ilə səni səsləyir. Yetər ki, qulaqların onu dinləməyə alışsın. Quşların nəğməsində, musiqidə, şeiriyyətdə, şimşəyin nərəsində, çayların aramsız laylasında ruhunu oxşayır. Ürək haqsızlığa dözmür, çırpınır, üsyan edir. Sevmək, sevilmək istəyir. İnsan oğlu, sən bunun üçün gəldin yaşama. Hüdudsuz imkanlarınla gəldin. Başını qaldır, göylərə bax. Günəşdən öyrən, aydan öyrən, buluddan, küləkdən öyrən. Mövcudluqdan var olmağa yüksəl. Ömür qısadır. Var olmaqla kimliyini təsdiq edə bilərsən. Bil ki getmək üçün gəlmədin yaşama. Özünü təsdiqinlə min ömrə bərabər yaşamaq əzmin, fərəhin səni göy ülviyyətinə qovuşdura bilər. Taleyinə gün kimi doğa biləcək Asif Ata Ocağını axtar tap. Gör ki, bəxtiyarlığın zirvəsinə necə getmək olar. Ocaq səsləyir, görüşünə gəlir. Ayaq saxlamaq, dinləmək istəyin olsun təki. Axtarma tarixdə, əski dünyabaxışlarda. Hətta bəşərin ən ünlü şəxslərində həqiqətin əlamətlərini görə bilərsən. Həqiqətin özünü isə Mütləqimiz, Müqəddəsimiz, Ulu peyğəmbərimiz Asif Atada – İnam Atada, onun Mütləqə İnam Ocağında görəcəksən. Ocağımız sənin əlindən tutmağa həmişə hazırdır, təki əlini uzatmağa özündə güc tapa biləsən. Toplum hay-həşirində həqiqət axtarma. Həqiqət adı ilə çeşid-çeşid yalan gəlir ortaya. Sifətsiz, simasız Nəsrullahlar peyda olur. Özünü ziyalı adı ilə qələmə verən Elşad Mirilər, Müşfiq Ötgünlər (bizdə ad çəkmək adlandırmaq doğru deyil. Ancaq Atanın da bir sözünə istinad edirəm ki, şəri adı ilə ifşa et, inkar et və damğala. Toplum bilməlidir ki, bu şərdir, bu gün bəh-bəhlə dinlənilən, çoxlu baxış sayı, bəyənmə toplamaqla təsdiqlənən kimsələr əslində İnsanlığın başına olmazın iplər atır. Özünü də ziyalı adı ilə qələmə verir. Ona görə adını çəkməyə məcbur olmuşam) yalanı yamanlaya-yamanlaya müdafiə edirlər, həqiqəti çox ucuz satırlar. Hər an dəyişən sifətləri ilə əngəl olurlar İnsanlığa. Maddi firavanlığa dəyişirlər özlərini. Bilə-bilə mütaliələri ilə çaşdırırlar sadəlövhvləri, məzlumları. İblislik yolu tutmağa xidmət edir öyrəndikləri. Yaxşı düşün insan oğlu! Parıltılı qaranlıqla həqiqətin işığını ayırmağın yetər ki, ağlın, ürəyin işıqlansın. Mövcudluqla var olmağın fərqini biləsən. Var olduqca ömrünə yansıyan fərəhin səni hansı ucalığa yüksəldə biləcəyinin fərqində olasan. Amalı yaşadan ömrü fərəhə qərq edən də elə Amaldır. İnsanilik bayramımız qutlu olsun! Sözümü Ata sözü ilə bitirirəm. Ürəyiniz Qaranlıqları yarsın! Daxilinizdəki Mütləq sizə yar olsun! Atamız var olsun!


