Xəbərlər

“Ata Sonevini Ziyarət Günü” Törəni

Ocaq Günsırası ilə 5 Şölə Ayı, 47-ci ildə (iyun, 2025) Asif Atanın Mütləqə İnam Ocağı “Ata Sonevini Ziyarət Günü” Törəni keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Müqəddəs günümüzə başlayırıq. Asif Atanın qutsal saydığımız sonevinin ziyarətinə gəlmişik. Bu məqsədlə hamınıza sayğılarımı bildirirəm, zəhmət çəkib gəlmisiniz.

Bu gəlişin olduqca böyük bir önəmi var. Zaman-zaman biz bunu demişik, dəyərləndirmişik, nədir önəmi. Bütün xalqların, tarix boyu, birgə yaşayış nizamı üçün ideya sistemləri olub. Bu ideya sistemi xalqın özünüqoruma sistemidir. Xalq özünün dövlətini də o ideya sistemi əsasında formalaşdırır, qoruyur. Onun əsasında dövlətin ideologiyası yaranır – Milli ideologiyası, dövlət ideologiyası. Bunlar aşağı-yuxarı bir-birinə doğma anlayışlardır. Bu xalqın şüurunda dövlətçilik nədir, millət nədir, millətin dəyəri nədir, gələcəyi nədir sorularına cavablar verilir. Buna görə tarix boyu ideologiyası olan xalqlar daha çox inkişaf xətti tutub yol keçiblər, nəinki ideologiyası olmayanlar. Bizim bir xalq olaraq, güclü dövlətlərimiz olub, bu dövlətlərin ayrı-ayrı çağlarda ideolojisi də olub, ancaq bu ideoloji ciddi özüllər üzərində möhkəmlənib yeni quruculuqlara stimul verməyib. Bizim ideolojilərimiz həmişə başqa bölgələrdən gələn ideyalar əsasında konseptuallaşıb, yazılıb, – bu, istər mənəvi, ruhani açıdan olsun, istər siyasi açıdan.
Bu gün içimizdə oturuşan ideologiya Demokratiyadır. Demokratiya öz-özlüyündə yaxşı səslənir, onun tələbləri də yaxşı səslənir, – söz azadlığı-filan. Ancaq Demokratiya çox qorxulu ideologiyadır. Nədən?! – Azərbaycanı götürək, konkret. Bizim ölkəmizdə gerilik, cəhalət günü-gündən artır. Ancaq bir dənə siyasi partiya, siyasi qurum, təşkilat-filan heç biri bu geriliyə, bu cəhalətə qarşı sinə gərmir. Çünkü deyirlər, seçkilər olanda səsləri itirməyim. Cəhalət yaşasın, təki səsləri itirməyim. Yaxşı, sən cəhalətin səsini aldın, nəyi dəyişəcəksən?! Həmin cahil zümrəni idarə eləmək üçün yenə onun dilində danışmalı olacaqsan. Onunla dil tapmalı olacaqsan, ona güzəşt eləməli olacaqsan. Bununla da xalq, elə bil ki, dövlətçilik həyatını, milli həyatını yola verir. Zaman-zaman bu yolavermələr xalqın xalq kimi formalaşmasına heç bir qatqı göstərmir.
Bugün türk dövlətləri içərisində ən çox oturuşmuş dövlət Türkiyədir. Mən son dönəmdə bir yazı yazmışdım, “Türkiyə Atatürk’ün dönəmindən sonra heç bir inkişaf yolu keçmir”. Baxın, milli inkişaf yolu keçmədi. Texnologiyaları Batıdan, ordan-burdan dənlədilər, götürdülər. Yəni, onların ardınca inkişaf elədilər dövləti baxımından, siyasi baxımından, ya da texnoloji baxımından. Ancaq milli açıdan, insani açıdan bu dövlət inkişaf eləmədi. Bu gün ona gəlib çıxdıq ki, Türkiyənin başında 99% Türklüyə yad olan etnik toplumların satılmışları dururlar. Etnik toplumların insanları yönətimdə ola bilərlər, sakıncası yoxdur. Ancaq millətin, dövlətin varlığına yad kafada olmamaq şərtilə. Onlar bu millətə, bu dövlətə yad insanlardır. Türkiyəni son 20-30 ilin içində nə günə qoydu Ərdoğan?! Bu fəlakətdir. Bu fəlakətlərdən qurtulmaq üçün uzun illər gərək olacaq. Cəhalət belə şeylərə yol açır. Üzeyir Hacıbəylinin bir hekayəsi var, yazır ki, “başqaları fil düzəldəndə biz qarışqa düzəltməyə başlayırıq”.
Biz sanki sıfır nöqtəsinə qaytarılırıq hər dönəmdə, aşama-aşama. Bəlli bir yol keçirik, yenidən sıfır nöqtəsinə qaytarılırıq. Sizif taleyi yaşayırıq biz. Ona görə milli ideologiyası olmayan xalqın taleyi həmişə qarışıq, mürəkkəb olur. Həmişə. Bizim bu ziyarətimizin anlamı odur ki, xalqın gerilikdən qurtulması üçün səbəb verdiyimizi, milli yön yaratdığımızı aydınlaşdıraq, anladaq. Biz milli-insani ideya veririk. Asif Atanın ziyarət olunmasının anlamı odur.
Elə hesab olunmasın ki, biz tərbiyəli insanlarıq, öz müəllimimizin xatirəsini yad edirik, vəfa borcumuzu ödəyirik. Bu bir etik davranış məsələsi deyil. Bu, xalq quruculuğu, ideya quruculuğu məsələsidir. Bizim işimiz millətlədir, gələcəklədir. Biz Asif Atanın ideya prinsipləri əsasında İnam xalqı yaratmağı düşünürük. Biz din xalqı olaraq, çox geriyə getmişik, çox dala getdik. İnkişaf eləyə bilmədik. Bugün də biz yenə ora qayıtmışıq, nə yazıqlar ki. Oradan bizi çıxarda biləcək güc ortada yoxdur Asif Atadan başqa. Keşkə olaydı.

Mən Türkiyənin adını elə-belə çəkmədim. Deyirəm, Türkiyə yalnız Atatürkdən yapışdı, hər şeyi Atatürkə yüklədilər. Hər şeyi Atatürkdən istədilər. Atatürk siyasi xadim idi. Atatürk sizə ideya verə bilməzdi. Atatürk’ün dərdi başından aşırdı. Dövlətçilik ənənəsi gətirdi, dövlət qurdu. Dövlətçiliyi yaşatmaq üçün bəlli milli prinsiplər də ortaya qoydu. Ancaq ulusal yöndə olan işlər lokal xarakter daşıyır. Onlar özül ideyalar deyil. Bir milləti min il qabağa daşıya biləcək ideya deyil. Onunla yanaşı İslam qaldı. İslam daşıdı səni qabağa, əslində isə geriyə. Ona görə mən düşünürəm, Türkün dövlətçilik baxımdan, siyasi baxımdan əli Atatürkün ətəyində olsun, ancaq ruhaniyyat açısından, gələcək açıdan Asif Atadan yapışmaq gərəkdir. Əgər belə olarsa, onda milli yüksəlişdən, milli gəlişmədən danışa bilərsən. Bizim çabalarımızın əsasında o durur. Bunu nə vaxt götürəcəklər, nə vaxt anlayacaqlar, nə vaxt qəbul edəcəklər, məsələyə dəxli yoxdur. 10 ilə, 50 ilə, 100 ilə olsa da yol budur. Doğru olan budur. Biz Doğruları yaşadırıq. Doğru bildiyimizi gerçəkləşdiririk. Ağıllara, qulaqlara, şüurlara doğru bildiklərimizi yerləşdirmək istəyirik. Həqiqət budur. Bu həqiqətin paralelində heç bir başqa uğurlu mübarizələri dışlamırıq. Deyirik, uzlaşmaq gərək, bəhrələnmək gərək, bu ideyaya dayanmaq gərək. O zaman sən çox konseptal bir mübarizə apara biləcəksən. Əgər elə olmasa, hər bir məsələ ancaq şüar xarakteri daşıyacaq. Lokal mübarizələr-filanların, inkişaf adına görünən tendensiyaların əsasında inkişaf da yoxdur, gəlişmə də, yalnız göstərgələrdir bunlar. Çığırtılar, bağırtılar, yalancı türkçülük, yalancı millətçilik, yalancı humanizm, hər şey yarım-yalançı. Yarım-yalançılıqla xalq olmaq olmur, uzaq getmək olumsuzdur.
Bizim bu gəlişimizlə xalqa böyük, gələcəkli mesaj ötürmə var. Asif Atanı ziyarət eləməyimiz Azərbaycan torpağını müqəddəsləşdirmək gedişləridir. Gözümüzü yad torpaqlardan yığışdırmaq deməkdir, öz yurduna bağlamaq deməkdir. Bunu anlamasan, xalq ola bilməzsən. Başqa xalqların dəyərlərini mənim yurduma daşıyıb Gələcəyimin yolunu bağlama. Bizim üçün Yadlığı müqəddəsləşdirmə. Mənim vətənim, millətim ayağa düşür. Yadlıqlar səni özünə bənzətmir, özünün kölgəsinə bənzədir. Əks-sədaya çevirir. Onu-bunu yamsılamaqla var ola bilməzsən. Bu gün belə bir Özümləşmə fürsəti düşüb ələ. Gözünü yadlıqlardan yığışdırmaq fürsəti düşüb ələ. Ruhunu, mənliyini yadlıqlardan çıxardıb öz kimliyinə, öz vətəninə bağlamaq fürsəti düşüb ələ. Bu fürsəti qaçırmaq olmaz. Bütün dönəmlərdə biz fürsətləri qaçırmışıq. Babək dönəmində, hürufilər dönəmində fürsətləri qaçıra-qaçıra gəlirik. Ona görə Birliyimiz yoxdur, xəlqi yönümüz yoxdur.
Asif Atanın üz qoyduğu bu torpaq mənim üçün bu gün qiblədir. Yön buradır. Vətən, ruhani mənada buradan başlayır. Siyasi mənada hardan başlayıb başlasın. Bunu biz dərk eləsək, qədrini bilsək, bunun mahiyyətinə ulaşa bilsək, o zaman gerçək xalqlaşma, millətləşmə prosesimiz başlayacaq. İnsanlaşma prosesimiz başlayacaq.
Mən Atamıza səclə qılıram, onun bayrağını öpürəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): İnsan elə varlıqdır ki, o anadan olanda qıraq köməklər olmasa, ayaq üstə dura bilməz. Ailənin köməyi olur, məktəbin köməyi olur, əhatə olunduğu cəmiyyətin köməyi olur… Bəlli yaş həddinə qədər insana bunların təsiri olur, inam təlqini olur. İnsan müstəqilləşib özünü dərk eləyə bilmir. Ona görə, bir xalq olaraq, bəxtimiz onda gətirdi ki, dünyanın bu gün informasiyayla boğulan bir vaxtında Asif Ata Peyğəmbərliyi bizim çağımızda ortaya çıxdı. Bu gün biz burada bu şəxsiyyətin varlığını ağırlayırıq.
İnsanı heyvandan fərqləndirən birinci əlamət onun düşüncəsidir. Bu düşüncə insanı xilas da edə bilir, zora da sala bilir. Bu asılıdır insanın öz inamından. İnam həqiqəti ifadə edirsə, insan öz ruhani mahiyyətinə çata bilər. Həqiqəti ifadə etməsə, qardaşımızın da ifadə elədiyi kimi, nisbi inamlarla geriyə enir.
Biz kapitalizmi gördük. Bir yerdə ki, kapital əsas sözü deyir, orada təbəqələşmə var, yadlıq var, rəqabət var, münaqişə var, mübaribələr, qırğınlar var. Demək ki, kapitalizm yaramadı. Sosializm də dövlət kapitalizmi oldu. Qırğınların miqdarı biraz da artdı, dairəsi daha da çoxaldı. İndi demokratiya anlayışı bir az qulağa xoş gəlir. Çünkü Azərbaycan mühitində ideyasızlıq var, hərcayilik baş alıb gedir. Üzdən baxanda Demokratiyada insan öz bacarıq və qabiliyyətini ortaya qoyur. Ancaq bu bacarıq onu kapitalist edir. Yenə durum dolanıb həmən yerə gəlir – təbəqəçilik, yadlıq-filan. Demək, demokratiyanın özü İnsanlığa yaramır.
Ona görə Asif Atanın gəlişi İnsanlıq üçün böyük imkandır. Biz onun Yolunda bu yükü yaşayırıq. İnsan milliət şəklində var olmasa, quruluşlar onun varlığını sona çatdırar. Bizim bura gəlişimiz də, əslində millətləşmə işinə gərək olan bir səfərdir.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.):Qutsal məkanların ziyarət olunmasının önəmi, müsbət etkiləri. Bax, istər fərdi ziyarətlər olur, birinin bir əzizi olur, ya daxilən vurulduğu, ya daxilən onun düşüncələrini, ömrünü bəyəndiyi bir kəsin istər sonevini, istər ona qoyulan abidəni, istər lap evində, düşüncəsində, ürəyində keçirdiyi bir əhvalla onu ziyarət edir. Məsələn, Güney Azərbaycanda yürüş edirlər Bəzz qalasına. Bəzz qalasını ziyarət edirlər. O daşı-divarı ziyarət eləmirlər. Babəkin ideyalarını, fikirlərini, düşüncələrini, sığmazlığını, necə ağır bir dönəmdə o cür cəsarətini, o cür cəngavərliyini, o cür peyğəmbərliyini ziyarət edirlər. Xürrəmidin yaratmışdı, böyük bir ideya idi. Babəkin dövləti də olub, bayrağı da olubdur. Babək adi, çarıqlı bir kəndli olmayıbdır. Çox mütəşəkkil bir şəxsiyyət olub Babək. Umduqları da, dediyim kimi, Babəkin o hünərinə aşiqliyi idi. Xalqın içində, o İran rejimində, o Molla rejimində, o dərəcədə yasaqların qarşısında yenə də ayağa qalxma var. O milləti saxlaya bilmirlər. Axırda qıraqdan ancaq müşayiət edirlər.
73-cü illərdə bir tələbə Məhəmməd Füzulinin abidəsi qarşısında izah verirdi. Heykəlin postamentində Leyliylə Məcnun da yonulmuşdu. Tələbə deyirdi, onlar Füzulinin ayaqlarına düşürdülər ki, heç olmasa qələmində onları birləşdirsin. O vaxt mən bunu gözəl düşüncə kimi qəbul eləmişdim. Ancaq Atanı tapandan sonra, mən özüm ona fikir bildirirəm: Onlar eşqi hansı zirvəyə qaldırdıqları üçün Füzuliyə minnətdarlıq edirlər. Bunu ancaq Asif Atanı tanıyan adam belə düşünər.
Sadalamaq olar, Nəsimi kimdir-filan? Yəni Azərbaycan dəyərlərinin hər biri özündə ziyarətə layiq olan məsələlərdir. Ancaq ziyarətin siyasi anlamı da var, dini anlamı da. Yüzlərlə, minlərlə insan növbədə dayanırdı, Lenin movzeleyinin qarşısında mumiyalanmış bir cəsədə baxmaqdan ötrü. Düşünə bilmirdi ki, mən burada nə edirəm? Bəzən kütləvi gətirirdilər. Ancaq 90% insanların istəyi onu görmək idi. Ancaq niyə görmək? Niyə sevirəm? – Bu sualın cavabı yoxdur. Birini də deyim. Min kilometrlərlə yol basırlar bir qara daşın ziyarətinə. Bir qara daş, göydən təsadüfən düşən bir meteor parçası. Vaxtilə epidemiyalara səbəb olub. Xəstə gəlirdi, öpürdü, gedirdi Suriyaya, oradan Türkiyəyə, o birisi gedirdi Hələbə, hara-hara. Xəstələr şəfa tapmaq üçün öpdükcə, o daşdakı mikrob keçirdi o birilərinə, böyük epidemiyalara, qırğınlara, ölümlərə səbəb olmuşdu. Sayısız-hesabsız gedənlər, heç ailəsinin çörəyini düşünmürdülər. Bu, umacaqdır. Dini ziyarətlərin arxasında umacaq var. Bax, Asif Atanın ziyarəti bu sütunlarda yazılmış Mütləqə İnam, Dünyanın Əbədi, Əzəli, Sonsuz, Kamil mahiyyətinə inam, mənasına inam. Dünya öz mahiyyətindən yaranıb. Hətta Nəsimi də bir vaxtı deyirdi, hər tazə yaranış özündən əvvəlki üzərində pərvəriş tapır. Bu rüşeym halında Nəsimidə vardı, Asif Atada zirvə səviyyəsinə çıxdı. Hər şey öz mahiyyətindən, mənasından yaranır. Hal var. Eləcə də hər bir mikroskopla görülən varlıq da özündən əvvəlkinin üzərindən yaranır. Məsələn, dünya dağılsa, yenidən dünya qurulacaq. Nə üçün? Dünyanın özündə, halında var bu. Ola bilər, katastrof ola bilər, yer başqa bir planetlə toqquşa bilər, dağılar… Ancaq dünyanın halında bu var, bu yaranıbdır. Heçdən-yoxdan yaranmayıbdır. Həmən mahiyyətdən, mənadan yaranıbdır. İndi belə ifadə edərik. Bəlkə də elə bir dövr gələcək, o mahiyyət, məna elə bir sözlə ifadə olunacaq ki, birbaşa beyinlərə, ürəklərə sirayət edəcək, yansıyacaq. Asif Atanın ikinci ideyası Kamil İnsandır. Bütün müşküllərin həlli insanın qeyri-kamilliyindən yaranır. Bütün müşküllərin əlacı insanın kamilliyindədir, insanın İnsanlaşmasındadır. Heç bir dünyabaxış da deməyib ki, İnsanlıq pis şeydir. Ancaq ortadadır. Bəndə təsəvvürlü, manqurt təsəvvürlü İnsanlaşma. Çingiz Aytmatov da bunu çox gözəl açıb-ağartdı. Tale səndən qıraqda həll olur. Sən kimsən onun işinə qarışırsan. Sənin ağlının gücü çatmır ki, səni yaradan haqqında fikir, düşüncə deyərsən ki, bu məni yaradıb, niyə yarımçıq yaradıb? Niyə mən başdan-ayağa günahkaram? Niyə müharibələr törədirəm? Niyə qanlar-qadalar dünyanı bürüyüb? Yaratdığı dünya budur, hər an başımıza uçur. Yaratdığı insan, ən gözəl əsəri olan insan bir-birinin qanına yerikləyir. Belə belə yaranışa, yaradana nə deyərlər? Deyərlər ki, sən düzgün düşünmürsən. İnsan kamilləşməlidir. Kamillik üçün isə addım atmaq lazımdır. İndi Asif Atadan yapışırıq. Buraya gəlişimiz, 100 ildən sonra bir baxdıq, bugünkü günümüzə bax, sən necə əzəmətli, möhtəşəm bir hal görə bilərsən. Heyrətdən tüklərin qabarır. Əgər özünü oradan təsəvvür edib, bugünə baxsan, hərə bir tərəfdən çətinliklə, fərəhlə, sevinclə, sürünə-sürünə də olsa gəlir. Mən özümü vurğulamıram ki, axsaya-axsaya gəlmişəm, məni buraya gətirən ürəkdir, ayaq deyil. Bu daşları (Ata sonevinin sütunlarını göstərir – N.A.) bir vaxt Soylu ilə birlikdə su tapmırdıq, daş tapmırdıq, qum tapmırdıq, hərəsini bir yerdən tapırdıq. İki nəfər, dodağımızın üstünə damcılatmağa su da yoxdur. Ancaq gəl ki, elə həvəslə işləyirdik bunu, elə gözəl işləyirdik ki. Bir də gördüm, Soylu hardasa bir traktor tapıb, hansısa kənddən su gətirib. Elə sevindim, elə atıldım göyə. Su gəldi. Qum yox idi. Köhnə bir Ocaqçı vardı, onun köməyilə qum tapdıq, yolda mən az qala oynayırdım, oxuyurdum. O qum gələndə, bu işi görə biləcəyik deyə. Hər hansı birinin görüşünə gedirsən, bunlar boşuna deyil. İsanın çarmıxından üç yüzil sonra, Konstantin tərəfindən İstanbulda qəbul olundu, Konstantinopolda qəbul olundu xristianlıq. Üç yüzil keçdi. Ruhaniyyat saatla, zamanla, beş günlə, on günlə, beş illə, on illə olmur. Ruhaniyyat illər çəkir, yüz illər çəkir. İndi də Asif Ata bütün müşküllərin əlacını verir. Hansı sahədə, hansı əyrilik varsa, sən Ataya müraciət elə, orada tapırsan əlacı. Onun əlacını tapırsan və orada münasibət bildirirsən. Bizim Asif Atanı gəlib bugün anmağımız, bax, həmən ümdə əmələ xidmət edir. O heç ki, içimiz vurğunluğu bizi dartır-gətirir. Gəlib dolanırıq burada. Ancaq əsas məsələlərdən biri də bir nəfər səni qıraqdan görür, eşidir nə söz deyirsən. Biri lağa qoyur. Ancaq yüzdən bircəciyi bilir ki, orada nələr var? O necə bir ucalıqdır? O bayaq dediyim ki, 100 ildən sonra bax bu məsələyə. Asif Ata haqqında, onun böyüklüyü haqqında, onun peyğəmbərliyi haqqında ağız dolusu nə qədər danışsan da, sona vara bilmirsən. Çünkü Asif Atanın fikri tək bir xalq üçün deyil, bir vətən üçün deyil. Asif Ata ləyaqətli bəşər yaratmaq fikri ilə qalxıb ayağa. Hər xalq öz etnik xüsusiyyətini saxlamaqla İnsanlığı, Amalı Asif Atadan öyrənməlidir. Sən belə bir işə qulluq edirsən. Bugün sənin, mənim evindən çıxması bunu bəşərə hayqırmaqdır ki, sənin yeganə baxış nöqtən, baxış məkanın Asif Atadır. Bunun üçün də təkcə Asif Ata  deməklə bitmir, onun kitabları var, Ocaqçılar var, fədakarlar var. Tutaq ki, mənə uzaq bir Laçın kəndindən birisi desin ki, Asif Atanın kitabını mən istəyirəm. Mən aparıb verməsəm, insan deyiləm. Mən bilsəm ki, orada onun buna ehtiyacı var, mən yol tapıb gedərəm. Eləcə də bütün Ocaqçılara inanıram ki, bu işi görərlər. Ocaqsevərlər var ki, daha fədakar işlər görürlər. Yasin Ocaqdan  gəlib-getmiş 180-dən çox Ocaqçıdan daha yüksək Ocaqçılıq yerinə yetirir.
Mən bir də Atamıza səcdə qılıram, bir də bayrağımızı öpürəm. Sizinlə bu gözəl gündə, bu gözəl məkanda, bu müqəddəs, bu uca məkanda birlikdə olmağımla qürur duyuram.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.):Günümüzün belə bir qonusu var: Qutsal məkanların ziyarət olunmasının önəmi və İnsanlığın gəlişməsinə təsiri. Bugün insanlar ziyarət məqsədilə müxtəlif məkanlara üz tuturlar. Bu cür məkanlar istər bizim ölkəmizdə olsun, istər ölkə dışında olsun, bu cür ziyarətlər həmişə olub. Ancaq əslində ziyarət sözünün anlamı, ziyarətin önəmi, insanlığın gəlişməsində rolu düzgün qiymətləndirilmir. Maddi cəhətdən çox böyük məbləğlər hesabına ölkə dışında olan ziyarətgahlara üz tutulub, eləcə də ölkə içində olan kiçik ziyarət yerlərinə üz tutulub. Ancaq bu ziyarətlər çox zaman hansısa bir məişət sorununun gerçəkləşməsi, yoluna qoyulması, hansısa bir niyyətin, bir məqsədin dalınca gedərək yerinə yetirilir. Ancaq burada çox vaxt niyyət ömrün dəyişməsi olmayıb. Yəni insanın ömründə bu cür ziyarət yerlərinə üz tutduqdan sonra heç bir dəyişiklik baş vermir. Bəzi bir kəsim insanlar da var ki, bu cür ziyarətgahlara üz tutmanı gerilik sayırlar və bundan imtina edirlər. Bu imtina əslində üzdə müsbət hal kimi görünür, ancaq bu imtinanı eləmək də insan ömründə hər hansı bir dəyişikliyə səbəb olmur. Çünkü insanın tapınacağı, ziyarət eləyəcəyi, inanacağı, inanıb da özünü dəyişdirəcəyi, ruhunu saflaşdıracağı, özünə ömrünü quracağı bir məkan, üz tutduğu bir məkan, bir şəxsiyyət olmalıdır ki, o şəxsiyyətə tapınaraq ömrünü zənginləşdirsin. O şəxsiyyətə tapınaraq bu gündə baş verən insanlıq sorunlarını çözə bilsin. İnsanlıq sorunlarının əlacını tapa bilsin və gələcəyə baxaraq ümidsiz olmasın. Əgər şəxsiyyətə və ya hansısa ziyarətgaha üz tutmaq İnsanın ömründə hər hansı bir dəyişiklik yaradırsa, bu gerilik sayıla bilməz. Bu, insanlığın gəlişməsinə bir qatqıdır. Ata sonevini ziyarət illərdir gerçəkləşdirilir. Mən amaldaşlarımın həm ömrünü izlədikcə, onların burada dediyi sözü izlədikcə görürəm ki, onlar bura hər dəfə mənəvi yüksəlmə hesabatı ilə gəliblər, eyni zamanda əməl hesabatı ilə gəliblər. Eyni halda, buradan yeni öhdəliklər götürərək qayıdıblar, yəni fərəhlə gəliblər bura, fərəhlə qayıdıblar. Eyni zamanda mən bir neçə ildir ziyarətdən sonra eyni duyğuları yaşayıram. Bura artıq mənim üçün də ömrü zənginləşdirən bir ünvandır, dəyərdir. Elə bir dəyərdir ki, bizi bu vətənə, bu torpağa bağlayır. Yəni Atanı oxumaq, öyrənmək, Atanın inamı əsasında özünü yetişdirmək insanda həm mənəvi oyanış yaradır, həm də ki, insana mübarizə gücü yetirir. Əslində, insan dediyimiz də budur. Düşünən, sorğulayan, özünü gəlişdirən, özünü dəyişdirən və bütün bunların əsasında İnsanlığın gəlişməsinə qatqı göstərən. Ona görə də Atanın bir çağırışı həmişə dilimizdədir: İnsanlaşın, İnsanlaşdırın. Bəşərin nicatı İnsanlaşmaqdadır.

Atamız Var olsun!

Yasin Türksoy (Ataya səcdə edib, Bayrağı öpür – N.A.):Ziyarətimiz qutlu olsun. Hara gəldiyimizi, nə üçün gəldiyimizi dərk edib gəlirik. Ola bilsin, indiki çağda, dönəmdə bu işin, Mütləqə İnam ruhaniyyatının, fəlsəfəsinin dəyəri, qədri yaxşı bilinmir. Ancaq gələcəkdə nə zamansa bilinəcəkdir. Nə zamansa bilinər deyə də biz Ocaq üçün nəsə eləmirik. Bu işin mayasında, mahiyyətində böyüklük, bütövlük olduğunu bilərək bu addımı atırıq. Özüm Ocaqçı olmasam da, Ocağın, dediyim kimi, mahiyyətində, özülündə böyüklük olduğunu dərk edirəm. Bəşər üçün, bəşəriyyət üçün, insan üçün, İnsanlıq üçün gərəkli olduğunu ağlım kəsir, duyğularım anlayır. Bəşəriyyətin nizamını da Asif Atanın İnamında görürəm.

Atamız Var olsun!

Göynur Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.):Asif Ata ümumi bəşəri dəyərlərə malik olan bir insandır. Onun hər bir sözündə böyük bir fəlsəfə var. Adicə götürək, bir insan sözünü, adicə götürək bir din sözünü, türk sözünü, bir müqəddəs sözünü, bir məhəbbət sözünü. Hər bir sözün bəlkə də on cür mənası var. Yəni o qədər zəngindir, yalnız bəşəri qiymət vermək olur. Yəni dedikləri tək bir Azərbaycana sığmır, tək bir Azərbaycançılığa sığmır, siyasətə sığmır. O qədər genişdir ki, biz birləşməliyik bu ideyanın ətrafında. Biz bu ideyanı təbliğ eləməliyik, yaşatmalıyıq, bəhrələnməliyik, gələcək nəsillərə ötürməliyik ki, gələcək nəsillərin düşüncəsi bizdən yetgin olsun. Hər bir zamana bu ideya lazım olduğu üçün bu ideyanın, fikrin daşıyıcıları onlar olacaqlar. Görəcəklər ki,bütün zamanlar üçün deyilmiş fikirlərdir.
Türkçülük ideyasında Atatürkü həmişə özümə bir örnək hesab eləmişəm. Ancaq Asif Atanın düşüncələrini öyrəndikcə, görürəm o, mənə daha doğmadır. Bir türkçü olduğum üçün sevgimə daha yaxındır. Yəni onun ideyaları Mütləqdir.
  Mən hələ də öyrənirəm, oxuyuram. Gərək bir neçə ömür yaşayaq ki, bunu bilək, öyrənək. Atamız Var olsun!

Soylu Atalı:Mən sizə, hər birinizə ərk edib deyirəm. Bilirsiniz, mən bu ideyaları geniş, həryönlü araşdıran adamam. Təkcə bu ideyaları deyil, türklüyün dəyərlərini araşdıran, mənimsəyən tək-tək adamlardanam. Gəldiyim sonuclar var. Asif Ata heç kimlə, heç nəylə paralelləşmir. Biz Asif Atanı doqmata-filana çevirmirik. Ancaq bunu əminliklə deyirəm, paralelləşmir. Çünkü Asif Atanın üzərinə götürdüyü görəvi heç kim götürməyib, götürmür. Baxın, tarixdə böyük şəxsiyyətlər olub, bunu deyirsiniz, böyük yüklərin altına giriblər. Asif Atanın götürdüyü yükün altına girməyiblər. Baxın, Asif Ataya qədər vətənimizdə, türklükdə bizə öyrədilən nə varsa, hamısının mayasında, içində yadlıq var. Hər bir anlayışın. Məsələn,“dövlət” anlayışı, – içində yadlıq var. “İnsan” anlayışı, içində yadlıq var; “Ata” anlayışı, içində yadlıq var. “Ana” anlayışı, “Mənəviyyat” anlayışı, içində yadlıq var. Bizim tanıdığımız, dilimizin söylədiyi, beynimizin öyrəşdiyi, alışdığı bütün anlayışların hamısının içərisində yadlıq var. Çünkü yadlar gətirib özünün ideyasını, düşüncəsini o anlayışların içinə qoyub bizə verib. Asif Ata o anlayışların hər birinin içindən birər-birər yadlıqları çıxardıb öyrədir öz yurduna, özündə olanı o anlayışların mayasına hopdurur, canına hopdurur, onu bizə qaytarır. Biz bizə qatqısız verilənlə özümüz oluruq, kimliyimizi tapırıq. Başa düşürsünüzmü? Kamil insane ideyasından danışırıq. Bu çağa kimi bizə öyrədilən bu anlayışın içərisində bütövlük yoxdur. Semit baxışlarında, minilliklərdən gələn fəlsəfi dünyagörüşlərdə onların özlərinin tərzi, ulusal xarakteri var. Mənim ulusuma uyğun deyil. Gərəkdir özləri üçün. Mənə uyğun deyil. Mənə uyğun olan Asif Atanın dediyidir. Ona görə onun paraleli yoxdur. Yoxsa mən heç nəyi doqmalaşdıran adam deyiləm, bunu bilirsiniz. Mən hər şeyə tənqidi yanaşmağı bacaran adamam. Ancaq, bax, bu məsələ bizim üçün elə bir dəyərdir, elə bir qiymətli xəzinədir ki, bunu öyrənməliyik, araşdırmalıyıq, dərk eləməliyik. Biz bunu dərk elədiyimizdə başlayacaq hər şeyimiz. Bizim ruhumuz özünə uyğun olanla böyüyə bilər.
Bu iki ayağımın üstündə mən dik dura bilərəm. Əsanın üstündə mən dik dura bilmərəm. Onlar mənə əsa verir, iki ayağımın üstündə dura bilmək vermir. Ona görə Asif Atanın paraleli yoxdur. Bu ziyarətin anlamı da odur. Onu öyrənirəm, onu çatdırıram dünyaya, xalqa. Bizim üçün işin qutsal yönü budur.
Mənim üçün qutsal olan həmin anlayışların hər birinin özümləşmə keyfiyyətidir, – özümləşdirən keyfiyyətidir. “Öz” məsələsidir, özünə dönmə məsələsidir qutsallıq. Bizim ziyarətimizin anlamı-açısı budur…

“Mütləq”, “Ölümlə Görüş”, “Aqibət” izharları oxundu.

Mütləq

Təbiətdə, Mənəviyyatda, Kainatın Ahəngində, Gözəllikdə, İd­rak­da, Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə, Ruhun Ülvi Xilqətində, Bəşərin Özündən Böyük Mənasında, Ürəyin Ürəyə Qovuşmaq Arzusunda, İdeala qarşısıalınmaz Meyildə, Dost­luq­da, Həyada, İsmətdə, Dünənlə Bugünün Təmasında, Özündənkeçmədə, Qeyrətdə, Müqəddəsliyin Əfsunlu  Cazibə­darlığında Əbədi, Sonsuz Mütləq yaşayır.
Mənim Allahım Odur!
Sözə sığmayan, nisbi hadisələrin daxilində yaşayan, fəqət onlardan Yüksək və Kamil olan Mütləq!
Zəkada Dahilik, Mənəviyyatda Qəhrəmanlıq, Sifətdə Ruhani Gözəlliyin İfadəsi, Hissiyyatda Sevgi, ictimai həyatda – Azadlıq!
Mövcudiyyatda  – Mütləqə qovuşmaq diləyi, Tarixdə – Xal­qın Ölməzliyi, Təbiətdə – Dağların Vüqarı, Səmanın Sehrli Ən­gin­liyi, Cəmiyyətdə – Torpağın Vətən səviyyəsinə qalxması!
Bunlar Mütləqin təzahürləridir!
Mənim Allahım Mütləqdir!
İnsan Özündənkeçmə, Fədakarlıq Yüksəkliyinə qalxır, Adili­yin­dən, Keçiciliyindən, Qorxu Duyğusundan xilas olursa, Özün­dəki Mütləqə yaxınlaşır!
Xalq sonsuz Mətanət, Əzab-Əziyyət bahasına öz bənzərsiz­liyini, Bəşəri Ləyaqətini saxlayırsa, – Özündəki Mütləqə yaxın­laşır!
Ana Övladına Məhəbbətdə Dahilik göstərirsə – Özündəki Müt­lə­qə yaxınlaşır!
Məhəbbətdə iki şəxs bir olursa, cismani qovuşma Ruhani Qovuş­maya çevrilirsə –  İnsan Özündəki Mütləqə yaxınlaşır!
Günəş Yerə, Torpağa, Canlılara, Bitkilərə öz Şəfqətini Səxa­vətlə paylayırsa – özündəki Mütləqə yaxınlaşır!
Sifətdə İnsanın Dünyaya sığmayan Mahiyyəti öz İfadəsini tapırsa, – Sifətdə Mütləq İşığı parıldayır!
Musiqinin Vəcdli, Sehrli, Sirli səsi – Mütləqin səsidir…
Şəxsiyyətin özünü yenidən yaratmaq əzmi  – Mütləqin təza­hü­rü­dür.
Peyğəmbərlərin Sözlərində, Qəhrəmanların Əməllərində Mütləq yaşayır!
Zülmə qarşı hiddətdə, eybəcərliyə qarşı Nifrətdə, Mərhəmət­də, Qüdsiyyətdə Mütləq yaşayır!
Gecə Sükutunda, Səhər Oyanmasında, Şimşək Nərəsində, Yağışda, Qarda Mütləq yaşayır!
Ruhun bədən üzərində, İnsaniliyin Heyvanilik üzərində, Müd­rik­liyin Naşılıq üzərində qələbəsində Mütləq yaşayır!
Amalın Ömrə Hakim olmasında Mütləq yaşayır!
Mənim Allahım Mütləqdir!
Mən Ona Səcdə qılıram. Onunla yaşayıram. Onun tələblərinə əməl edirəm.
Mütləq Dünyada təzahür edir, Dünyanın daxilindədir. Ancaq Dünya təkcə Mütləqdən ibarət deyil.
O, həm də şərdən, naqislikdən, çirkinlikdən, adilikdən, bəsit­lik­dən ibarətdir.
Dünya heç vaxt tam Mütləq olmur.
Mütləq Həmişə Gerçəklikdən Yüksəkdir!
Ancaq Gerçəklikdə həmişə Mütləqə can atmağa, ona yaxın­laş­mağa, onunla bir olmağa meyil var.
Dünya heç vaxt tam Mütləq olmur, ancaq Dünya həm də heç vaxt Mütləqsiz olmur.
Mütləq həmişə Dünyada özünü büruzə verir, həm də Dünya ona yaxınlaşmağa can atır.
Mənim Allahım Mütləqdir!
Mütləq İnam, Mütləq Gözəllik, Mütləq Həqiqət, Mütləq Tərəq­qi, Mütləq Ədalət, Mütləq Fədakarlıq!
Mütləq məni Qanadlandırır, Qəhrəmanlaşdırır, Dahiləşdirir, Peyğəmbərləşdirir.
Özümlə Döyüşürəm, öz üzərimdə Qələbə çalıram, Gerçək­liklə razılaşmıram, Eybəcərliklə barışmıram, daim Mütləqə doğru irəliləyirəm.
Həm Əlçatmazdır Mütləq, həm Yaxın!
Əlçatmazdır, çünki Gerçəklikdən Kamildir, Yüksəkdir.
Yaxındır, çünki özünü Gerçəklikdə büruzə verir, əməllərdə, hadisələrdə, keyfiyyətlərdə aşkara çıxır.
Həm Sonsuzdur Mütləq, həm Sonlu!
Sonsuzdur, çünki Mahiyyətini Gerçəklikdə heç vaxt tam ifadə etmir.
Sonludur, çünki Gözəl və Mənalı hadisələrdə təzahür edir!
Həm Görünəndir Mütləq, həm Görünməz!
Görünəndir – ayrı-ayrı İnsanlarda, Gözəlliklərdə, Məziyyət­lərdə, Təzahürlərdə!
Görünməzdir, çünki özü öz təzahürlərindən Artıqdır, Alidir, Böyükdür.
Bu səbəbdən də mən Mütləqi həm görürəm, həm də görmü­rəm!
Görürəm Ülviyyətlə, Qüdsiyyətlə görüşəndə, ona qovuşanda, onda itəndə!
Görmürəm, çünki Mütləq bu gördüklərimdən daha Kamil, daha Mənalı, daha Möhtəşəmdir!
Görünən Mütləq məni görünməyən Mütləqlə Ruhani qovuş­mağa hazırlayır, birincidə ikincinin nişanələrini görürəm.
Peyğəmbərlərdə, Müdriklərdə, Özündən Keçənlərdə, Təbiət­də mən Mütləqin təzahürləriylə görüşürəm, onlarla bir oluram, Qüdrətim hədsiz dərəcədə artır; ancaq mən dərk edirəm ki, bun­lar Günəşin Şüalarıdır, Günəş isə Şüaların cəmindən Artıq­dır.
Mütləq Dünyanı yaratmayıb.
Ancaq Dünyanın Ülvi Mənasını, Sığmazlığını, özündən kəna­ra çıxmaq, İdeala qovuşmaq Qüdrətini yaradıb.
Mütləqə Səcdə qılıram, üzümü Ona tuturam və deyirəm:
– Ey yerə-göyə sığmayan, tayı-bərabəri olmayan, Dünyada nə varsa, hamısına Ali Məna, Gözəllik, Ülvilik  verən – Mütləq!
Mənə kömək et!
Yanında cılızam, kiçiyəm, naqisəm, nöqsanlıyam, günahlı­yam, qəbahətliyəm!
Qolumdan qaldır, böyüt, artır, yüksəlt, təmizlə!
Müqəddəslik suyunda çimizdir, zəifliyimdən, keçiciliyim­dən, naqisliyimdən uzaqlaşım!
Necə varamsa, azam, cılızam,  səndən uzağam.
Yaxınlaşdır məni özünə.
Həmişə mənimlə ol.
Qəmimdə də, sevincimdə də, balacalığımda da, yetkinliyim­də də, cavanlığımda da, qocalığımda  da, ölüm saatımda da, ümid məqamımda da – məni tək qoyma!
Ömrüm boyu sənə xidmət edəcəyəm!
Dünyada, İnsanda, Dünəndə, Bugündə Gözəl, Mənalı, Mü­qəd­­dəs nə varsa, hamısını yığacam qəlbimə,  onlardan daha Kamil bir Ruhani Surət yaradacam Mənəviyyatımda və  ona səcdə qılacam.
Sən mənim Atamsan!
Doğmam, Ülvim, Müqəddəsim – Mütləqimsən!

Ölümlə Görüş

– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor­xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq.Gözüm, üzüm,  saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
 Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcəkKimsə dünyaya mənim gözlə­rimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpilə­cəm ömürlərə, talelərə!
Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam  ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!
  Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdu­rursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünya­ya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.
Mənə ölüm Yoxdur!

Aqibət

İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim araya­caq, arayacaqdı.

Soylu Atalı: Anma törəni ildə bir dəfə Asif Atanın sonevini ziyarət eləməkdir. Onsuz da biz Asif Atanı hər gün anırıq, çünkü Ocağını hər gün yaşadırıq. Ancaq Ata deyir: “İnsanı torpağa tapşırdılar… o, torpaqla birgə oynayacaq”. Əslində bu ideyadır bizim ziyarət elədiyimiz.

Bu, insanı tanımağın ruhani simvoludur. İnsan gəlir-gedir, tanınmır. Heç kim onu tanımır, çünkü özü-özünü tanımır. Özünü tanımayanı başqası da tanımaz. Özünü tanıyanı isə hamı tanıyar. Torpağa qoyduğun bədən, həşəratlara yem olan bir şeydir. Ancaq özünü tanıyanın özündən qalanlar var, torpaq yeyə bilmir onu. Kamillik sonsuzluğa gedir. Son olaraq “Matəm Üstə Mütləqlə Təmas” ilə mərasimimizi bitirək.

“Matəm Üstə Mütləqlə Təmas” içsəsi deyilir.

“Matəm üstə Mütləqlə Təmas”

Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.

Soylu Atalı:Bununla da qutsal günümüz, törənimiz başa çatır. Bu, bizim üçün bir tarixi quruculuq olayıdır. Hər bir ziyarətin öz mənası, xətti var. Hər dəfə “Niyə gəlmişəm?” sorusu çıxır adamın qarşısına. Kiməm mən? Bu soruları verə bilən insanın ömründə dəyişiklik baş verir. Dəyişiklik olan yerdə inkişaf var, millətləşmə var. Konservatizm olan yerdə isə ölüm, geriləmə var. Bizi elə ideyalarla yükləyiblər ki, onlar bizi konservativ saxlayır, inkişafdan saxlayır, cəhalətdə saxlayır. Bizi o cəhalətdən çıxarmağın bir yolu da budur – bu ziyarət anıdır. Ona görə ziyarətimiz qutlu olsun!

Səsdən sözə çevirdi: Nurtəkin Atalı.

Yağış Ayı, 47-ci il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir